
Bizim ədəbiyyat adamları nə zaman müsahibələrdə, verilişlərdə ədəbiyyat, ədəbi proseslər barədə danışacaq, görəsən? Bezmişəm daha – girib ədəbiyyat haqqında yox, yazıçının problemləri, həyatı, kişi-qadın məsələləri, mentalitet, dəyərlər barədə oxumaqdan. Ədəbiyyat barədə verilən suallara da cavabları çox primitiv qalır. Təsəvvür et: o qədər sual soruşursan, arada da ədəbiyyat barədə həmişə verilən suallar. Təkrarlanan cavablar, təkrarlanan əsərlər, təkrarlanan tənqidlər.
Psixoanalitik ədəbiyyatda deyilir ki, yazıçı oxucunun mütaliə prosesi barədə çox danışmamalıdır. Oxucu ilə əsər arasındakı rabitəni demirəm, o başqa məsələdir; mütaliə isə fərdi prosesdir. Bizim yazıçılar oxucuların işlərinə də şiddətlə qarışırlar. Sonra müsahibədə yazıçıdan soruşanda ki, “ən sevdiyiniz yazıçı kimdir?”, Hüqo deyir.
Axundov olsaydı, bu mühitdən bezərdi; gərək öz cığırından başqa, yeni bir cığır da açardı. Görəsən bilirdi ki, öz cığırı da təqlidçiliyin zirvəsində olacaq? Ya da bilmirdi ki, “Nəsr və nəzm haqqında” məqaləsində Füzuli haqqında tənqid yazarkən gələcəkdəki vəziyyət dəyişməyəcək? ədəbiyyatda, ədəbi tənqiddə bizdən danışılanda niyə bu qədər təqlidçilik var?
Məsələ ondadır ki, Azərbaycan yazıçısı nə zaman bu blokadadan çıxacaq? Dünyadakı ədəbi proseslərə də qiymət verməyə çalışacaq, müqayisəli ədəbiyyatdan istifadə edəcək və s.
İndi bir-iki ad çəkəcəksiniz, bilirəm. Bir-iki nəfərlə olmur. Həmin o bir-iki nəfər də elmi dərəcələri ədəbiyyatşünaslıq üzərindədir deyə özlərini inkişaf etdirirlər. Mən ümumi inkişafdan danışıram.
Nə bilim, nəyi qınayım? Kimi qınayım? Niyə qınayım?
Yazıçıları qınasam, ayrı dərddir. Vicdanım sızıldayır onları qınayanda. Normal qonorar almırlar, ayrıca ikinci işləri olur. Ədəbi mühit üçün addım atılacaq qurumlar yoxdur. Nəşriyyatlarla yazıçılar arasında münasibətlər o qədər də inkişaf etməyib. Özlərini neçə yerə paralasınlar? Ədəbi tənqid, ədəbiyyatşünaslıq, yazı sənəti, ictimai-siyasi polemikalar və s.
Bəs onları başa düşdük, bu bayağı layihələr haqqında nə deyək? Onlara necə haqq qazandıraq? “Qadından yazıçı çıxmaz”, “kişi dominant olmalıdır”, “indiki gənclər tənbəldir” və s. Bunları da qəbul edirik və bu səfər sözü AYB-nin mətbuat katibinə yox, gənclərə veririk.
Ədəbiyyatımızda hazırda çox uğurlu gənc qələm sahibləri var. Həqiqətən, onları qiymətləndirmək lazımdır, amma müəyyən idealları, ya da üsyankar ruhları yoxdur. Ola bilər ki, o vaxt idealları olanlar müəyyən vaxtdan sonra yollarını dəyişdilər. Amma yollarını dəyişməyin səbəbi sistem dəyişmir deyə olmadı; gücləri ona çatdı deyə oldu.
Hazırda onların fəaliyyətlərinin üsyankar olması çox da tələb edilmir, çünki vaxtında üsyankar olublar. İndi Həmid Herisçi AYB-yə üzv olanda da, Anara şeir yazanda da adama çox təsir etmir. Çünki onun müharibəsi bitdi. Onun haqqında feysbukda həmkarları bir yazı ilə tənqid etdi, proses bitdi.
Düzdür, könül istərdi ki, insan idealları yolunda davam etsin. Amma yaxşısı ilə, pisi ilə budur – uzatmaq lazım deyil.
Qısası, gücün çatana qədər idealların uğrunda mübarizə aparmalısan.
Sonda sözü sizə verirəm.
Qayıdıb bircə yazmayın ki, sən nə edirsən?
Tribunada: AZİZA
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında