Aziza – Yol

Yol

Ən bəzəkli süfrələrdə oturdun,
yaxınların söhbətini dinlədin,
zarafatlarına gülərək
borclarını qaytardın.

Hamının içində olan,
amma səni lənətləyən hiss
sənə mesaj yazdı —
və sən qalxdın.

Elə bildilər
evi sevirsən.
Halbuki
sən evə aparan
yolu sevirsən.

Ayaqlarını sürüyə-sürüyə
gecənin səkilərinə qarışdın,
işıqların altında
öz kölgənlə yarışdın.
Qulağına yol yoldaşını taxdın —
bu gün ən yaxın dostun
bu günü görməyən idi.
Onu son səsdə dinləməyə başladın.

Düşüncələrə batdın,
arzularını küçələrə səpdin,
şirin xəyalları
səssiz-səssiz çeynədin.
Hər addımda
bir xatirə,
bir ehtimal,
bir qaçmaq istəyi.

Evə yaxınlaşanda
dostunu söndürdün.
Bugünkü bölüm bitdi.
Filmin davamını
sabahkı gecəyə saxladın.

Mən

Bu gün
tanrı mələklərə
məzuniyyət vermişdi.
Sol çiynimdə
İblisin Lilithdən olan
böyük oğlu
qışqıraraq pıçıldayırdı.
Sol cibimdə isə
ortancıl oğlu
əllərini qatlayıb
taleyimlə oynayırdı.

Bu gün
atdığım addımları
onlar seçirdi —
harada dayanım,
harada tapılım,
harada səni xatırlayım.

Bu gün
gözlərimdə onların
kölgəsi var idi.
Qarşımda isə
sən dayanmışdın —
mələksiz bir gündə
məni xilas etməyə gələn
yeganə möcüzə kimi.

Mən
iblisin övladları ilə
yol gedərkən,
sən yenə də
möcüzələrə inanırdın.

İndi

Bədəninin incəliyinə baxıb
Qısqanırdım arxamda oturan
18 yaşlarında qadını.
Tökülmüş bədənimə baxıb
Söndürürdüm içimdəki alovu.

Parlaq dodaqlarına baxıb
Qısqanırdım qarşımda oturan
20 yaşlarında qadını.
Qurumuş dodaqlarıma baxıb
Söyürdüm mənə qoyulan bəxtsiz adımı.

İri döşlərinə baxıb
Qısqanırdım yanımda oturan
30 yaşlarında qadını.
Sallanmış sinəmə baxıb
Unudurdum qadınlığın ilk on qaydasını.

İsti gülüşlərinə baxıb
Qısqanırdım 40 yaşlarında ərli qadını.
Qırışmış xatirələrimə baxıb
Axtarırdım məndən gedən mənli adamı.

Bütün yaşlarım düzülüb sırayla:
18, 20, 30, 40 yaşlı qadınlar –
Hamısı mən olmuşam bir zaman.

İndi saçları ağarmış qadın – hazırkı yaşım.
Susuram,
Və hər qadınla barışaraq
Özümü qucaqlayıram.

Müəllif: AZİZA

AZİZANIN DİGƏR YAZILARI


DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir