
Əvvəli burada: >>> GÜL ƏTİRLİ KİTAB – ESSELƏR
GÜL ƏTİRLİ KİTAB
(Qəndabın “Ətirli güllər”i haqqında)
YEDDİNCİ YAZI – HEKAYƏLƏR
Salam olsun, çox dəyərli oxucum! Söhbətimiz qaldığımız yerdən davam edir.
Azərbaycan nəsrində elə mətnlər var ki, onlar hadisə danışmaqdan daha çox yaddaşı oyadır, oxucunu süjetin arxasınca yox, ruhun dərinliklərinə aparır. Qəndab xanımın “Ətirli güllər” kitabında yer alan hekayələri məhz belə mətnlərdəndir. Bu əsərlər zahirən sadə bir xatirə təsiri bağışlasa da, mahiyyət etibarilə ana obrazının, uşaqlıq dünyasının, evin, ailənin, ümumən Yer kürəsinin, dünyamızın, kənd həyatının və torpaqla bağlı mənəvi kodların poetik nəsrlə ifadəsidir.
“Qaymaq gülu” hekayəsi (səh. 101-102)
Ədəbiyyatımızda ana mövzusu həmişə müqəddəs, toxunulmaz və dərin emosional çalarlarla təqdim olunub. Lakin bu mövzunu klişelərdən, sadə nostaljidən xilas edib fəlsəfi-psixoloji qatlara daşımaq hər yazara nəsib olmur. Tanınmış alim-şair Qəndab xanımın “Qaymaq gülü” hekayəsi məhz bu baxımdan diqqət çəkir: əsər ana ilə övlad arasındakı bioloji bağlılığı deyil, ruhi ayrılmanın və yetkinləşmənin ağrılı mərhələsini təsvir edir.
Müəllif uşaqlıq dövrü ilə bağlı həyətlərində çox gəzişmələr etsə də, Qəndab xanımının “Ətirli güllər” kitabında toplanmış janrından asılı olmayaraq, bütün digər mətnlərin böyük əksəriyyətində olduğu kimi “Qaymaq gülü” hekayəsinin də, əsasında Ana obrazı durur. Hekayənin süjetini ana-balanın gündəlik həyatda munadibəti, canlı dialoqu real kənd həyatının günəş rənginə bürünmüş adi bir günü təşkil edir. qaymaq gülü (qaymaq çiçəyi) burada sadəcə vasitədir. Tam əminliklə qeyd edirəm ki, qaymaq çiçəyi əvəzinə burada sarı toyuq cucələri və ya ala-bula qaz balaları olsa da, yenə mahiyyət dəyişməyəcəkdi. Ümumiyyətlə Qəndab xanımın təkcə bu kitabında deyil, bütün bədii yaradıcılığı boyu Ana kultu, Ana obrazı, qırmızı xətt kimi keçir. Ana Azərbaycan ailəsinin sütunu kimi təqdim olunur. Onun yoxluğu, itkisi çox ağırdır. Praktiki olaraq faciə kimi, dözülməz ağrı kimi təqdim olunur.
Hekayənin girişində müəllif oxucunu öz daxili yaradıcılıq tarixçəsinə aparır. “Mən hey yazardım…” cümləsi təkcə fərdi etiraf deyil, yaradıcılığın fitri, təbii bir ehtiyac kimi təqdimatıdır. Qəndab xanım üçün yazmaq öyrədilən yox, yaşanan haldır. Təbiət – ağaclar, çiçəklər, göylər, quşlar – bu yaradıcılığın ilk ilham mənbəyidir. Bu baxımdan “Qaymaq gülü” həm də müəllifin poetik yaddaşının başlanğıc nöqtələrindən biridir.
Hekayənin mərkəzində dayanan “qaymaq gülü” obrazı çoxqatlı semantikaya malikdir. O, sadəcə bir çiçək deyil:
-Torpağın süd ətridir – yəni ana torpağın bətnindən gələn saflıq;
-Ananın gül qoxusudur – analıq mərhəmətinin simvolu;
-Aylı gecələrin şirin yuxusudur – uşaqlıq xatirələrinin rahatlığı;
-Toxunmağa qıyılmayan sevgidir – müqəddəslik anlayışı.
Müəllifin “Sizi elə sevdim ki, qoxlamağa qıymıram” misrası sevginin ən ali mərhələsini ifadə edir: sahib olmaq istəməyən, qoruyan sevgi. Bu sevgi həm çiçəyə, həm anaya, həm də keçmişə ünvanlanır.
Kicik həcmli bir hekayədə ümumi mətnin təxminən 1/3-həcmində nəzmə yer verməsi Qəndab xanımın folklora, milli-mənəvi dəyərlərimizə bağlılığının bariz nümunəsidir. Bu xalqımızın genetik yaddaşında möhkəmlənmiş dastançılıq ənənəsi ilə bağlı olan məsələdir.
Qəndab xanımın yaradıcılığında ana obrazı təsadüfi deyil və “Qaymaq gülu” bu mövzunun ən səmimi təcəssümlərindən biridir. Hekayədə ananın səsi, ananın yoxluğu, ananın gündəlik həyatdakı adi, lakin müqəddəs varlığı xüsusi həssaslıqla təqdim olunur. “Şeşim, ay şeşim…” çağırışı artıq fiziki eşidilmək üçün deyil, xatirənin içində yaşamaq üçündür.
Ana burada həm real şəxsdir, həm də milli-mənəvi dəyərin daşıyıcısıdır. Onun kənd həyatındakı sadə mövcudluğu əslində bütöv bir mədəniyyətin yaşaması deməkdir.
“Qaymaq gülü” hekayəsinin dili son dərəcə təbii, axıcı və poetikdir. Qəndab xanım elmi-publisistik düşüncə tərzinə malik olmasına baxmayaraq, bu hekayədə nəsri şeirə yaxınlaşdıran bir üslub nümayiş etdirir. Mətnin içində yer alan şeir parçası hekayənin emosional yükünü artırır, nəsrlə poeziya arasında sərhədi aradan qaldırır.
Bu üslub oxucunu mətnə kənardan baxan müşahidəçi yox, xatirənin iştirakçısına çevirir.
“Qaymaq gülü” hekayəsi Qəndab xanım yaradıcılığında xatirə-nəsrin parlaq nümunəsi kimi dəyərləndirilə bilər. Bu əsər nə böyük hadisələrdən, nə dramatik qarşıdurmalardan bəhs edir. Onun gücü sadəlikdə, səmimilikdə və milli ruhun incə detallarında gizlidir.
Bu hekayəni oxuyarkən oxucu anlayır ki, bəzən bir çiçək bütöv bir ömrü, bir ana isə bütün bir dünyanı ifadə edə bilər. “Qaymaq gülü” məhz belə bir dünyadır – ana qoxulu, torpaq dadlı, xatirə işıqlı bir dünya.
Hekayədə diqqətçəkən əsas məqamlardan biri də “ana” sözünün müxtəlif adlarla – “Şeşim, ay şeşim…” çağırışı – əvəzlənməsidir. Bu məqam Qəndab xanımın digər mətnlərində də var. Məsələn, “Süd qoxulu dünyam” essesində belə bir məqam var. Böyük bacılar “mama” deyə çağırdığı halda, müəllif obrazı hər gün anaya başqa adlar verir. Bu, sadəcə uşaqlıq şıltaqlığı deyil. Bu, dilin doğmalıq yaratmaq gücünün nümayişidir.
Ən təsirli məqam isə budur: ana ilk dəfə eşitdiyi bu adların mənasını bilməsə də, səsdən, intonasiyadan, ruhdan onu çağıranın öz övladı olduğunu dərhal anlayır. Bu, Qəndab xanımın ana-övlad münasibətini instinktiv, ilahi bir bağ kimi təqdim etməsinin bariz nümunəsidir.
“Qaymaq gülü” hekayəsi Qəndab xanımın nəsr yaradıcılığında həm xatirə ədəbiyyatının, həm də psixoloji-fəlsəfi nəsrin uğurlu nümunəsidir. Bu əsər ana mövzusunu sentimental çərçivədən çıxararaq onu insan yetişməsinin əsas mərhələsi kimi təqdim edir. Hekayə oxucunu ağlatmır – düşündürür; kövrəltmir – oyadır.
Bu baxımdan “Qaymaq gülü” təkcə bir hekayə deyil, ana südü qədər təmiz, ayrılıq qədər acı, söz qədər əbədi bir ədəbi hadisədir.
“Evcik” hekayəsi (səh. 115-121)
Müasir Azərbaycan nəsrində uşaq dünyasının poetik-estetik həqiqətlərini incə psixoloji çalarlarla təqdim edən müəlliflər sırasında tanınmış ədəbiyyatşünas alim-şair Qəndab xanımın xüsusi yeri vardır. Onun “Evcik” hekayəsi ilk baxışda sadə, hətta məişət səviyyəsində görünən bir süjet üzərində qurulsa da, dərin qatlarda uşaqlıq xəyallarının, sosial mühitin və insan taleyinin mürəkkəb mənzərəsini yaradan sanballı bədii nümunədir.
“Evcik” anlayışı hekayədə təkcə balaca tikili, uşaqların qurduğu oyun məkanı deyil. Bu söz, əslində, uşağın özünə aid etdiyi ilk “mülk”, ilk “azad dünya” obrazıdır. Qəndab xanım evciyi uşaq psixologiyasının rəmzi kimi təqdim edir: burada uşaq özünü böyük dünyanın qaydalarından kənarda, azad və müstəqil hiss edir. Bu baxımdan “Evcik” uşaqlığın təmizliyi, saf arzuları və məsum xəyalları ilə assosiasiya olunur.
Hekayədə təsvir olunan məkan – evlərin arası, geniş düzənlik, yay aylarının səs-küylü, rəngarəng ab-havası – yalnız fon rolunu oynamır. Bu məkan uşaqların daxili aləmi ilə birgə nəfəs alır. Qızların toppuz-topplam arasındakı evciyi sanki balaca bir həyat modelidir: burada qaydalar var, münasibətlər var, hətta gizli “ictimai nizam” mövcuddur. Müəllif bu məkanı elə təsvir edir ki, oxucu uşaqların dünyasına kənardan baxmır, onun bir hissəsinə çevrilir.
Qəndab xanımın ədəbiyyatşünas kimi peşəkarlığı hekayənin psixoloji dərinliyində açıq-aydın hiss olunur. O, uşaqların davranışlarını romantikləşdirmir, eyni zamanda onları şablonlaşdırmır. Uşaq düşüncəsindəki saflıqla yanaşı, böyüklər dünyasından gələn təsirləri də incəliklə göstərir. Evciyin “müvəqqəti” olması, bir gün dağılması ehtimalı, uşaqlıq xəyallarının kövrəkliyinə işarədir.
“Evcik” hekayəsi yalnız nostalji duyğular doğurmur. Onun altında güclü sosial mesaj gizlənir. Uşaqların qurduğu bu balaca dünya, əslində, böyüklərin qura bilmədiyi harmoniyanın simvoludur. Müəllif oxucunu düşünməyə vadar edir: nə üçün saf münasibətlər yalnız oyunlarda mümkündür? Nə üçün böyüdükcə insan bu sadəliyi itirir?
Bu suallar hekayəyə publisistik yük verir. Qəndab xanım sənətkar mövqeyindən çıxış edərək cəmiyyətə güzgü tutur, amma bunu didaktik dillə yox, poetik və müşahidəçi üslubla edir.
Hekayənin dili sadə, axıcı və canlıdır. Xalq danışıq elementləri, uşaq təfəkkürünə uyğun ifadələr mətni süni bədii yüklərdən uzaqlaşdırır. Bu sadəlik, əslində, müəllifin ustalığının göstəricisidir. Çünki oxucu sadəliyin arxasında dərin mənalar hiss edir. “Qızlar evcik-evcik oynamağı çox sevərdilər. Onlar …. ev tikərdilər.” və “Oğlanlar heç vaxt evcik qurmazdılar, …” hekayədən təqdim etdiyim bu cümlələr əsas mahiyyəti açıb göstərir. Ailənin, evin, ocağın sahibi, quranı qadın olduğunu təbliğ edir ki, bu düşüncə və inam bizm söy-kokümüzlə bağlı, min illərin ötəsindən boylanan inancımızdır. Folklorda da uyğun nümunələrə rast gəlirik. Bu məzmunda atalar sözlərimiz də var.
Qəndab xanımın “Evcik” hekayəsi Azərbaycan uşaq nəsrinin və ümumən müasir bədii düşüncənin dəyərli nümunələrindən biridir. Bu hekayə uşaqlığın unudulan səslərini, itirilmiş xəyallarını oxucuya yenidən xatırladır. “Evcik” həm bir uşaqlıq xatirəsi, həm də insan ömrünün kövrək bir mərhələsinə ucaldılmış bədii abidədir.
Bu baxımdan “Evcik” təkcə uşaqlar üçün deyil, böyüklər üçün də yazılmış hekayədir – çünki hər böyük insanın daxilində bir vaxtlar evcik quran bir uşaq yaşayır. Hekayədə təqdim olunan “Evcik” obrazı uşaqların hər gün yenisini qurub oyun oynadığı evciklərin, ailələrin yaşadığı evlərin özündə ehtiva etdiyi mənanın ötəsində bir anlam ifadə edir. Dərin düşünən oxucu Yer kürəsini xatırlayır.
“Evcik” hekayəsinin başlanğıcında oxucu uşaqlıq dünyasının sadə, lakin dərin fəlsəfəsini görür. Torpağın üstündə ağ daşlarla çəkilən xətlər, uşaqların “klas-klas” oynadığı evciklər – bunlar yalnız oyun deyil, gələcək həyatın ilk sınaqlarıdır. Qəndab xanım bu səhnələri nostalji xatirə kimi yox, insan ruhunun ilkin sığınacağı kimi təqdim edir. Müəllif göstərir ki, uşaq evcikləri dağılsa belə, onların yaratdığı mənəvi iz insanın yaddaşında silinmir.
Bu evciklərdə “dünya sonsuz, həyat əbədi” kimi hiss olunur. Lakin zaman keçdikcə həmin sadə dünya mürəkkəb həyat reallığı ilə əvəzlənir. Müəllifin dili ilə desək, insan böyüdükcə evciklər dağılır, amma onların həsrəti qalır. Bu həsrət hekayənin əsas ideya yükünü daşıyır.
Hekayənin mərkəzində dayanan qadın obrazı Qəndab xanımın nəsrində tez-tez rast gəlinən dərin psixoloji qatlara malikdir. O, zahirən sakit, gündəlik həyatın içində yaşayan bir insandır. Lakin daxili dünyası xatirələr, düşüncələr və susqun nisgillərlə doludur. Qadının gözlərini yumması, yuxuya dalması belə rahatlıq gətirmir; çünki yaddaş onu keçmişə aparır.
Müəllif bu obraz vasitəsilə qadın taleyinin klassik, amma həmişə aktual bir cizgisini göstərir: ana olmaq, övlad böyütmək, onları həyata yola salmaq və sonda ayrılıqla barışmağa məcbur qalmaq. Burada ana məhəbbəti patetik deyil, sakit və kövrək boyalarla verilir.
“Evcik” hekayəsində övladlar yalnız ailə üzvləri deyil, zamanın dəyişən simasının göstəriciləridir. Vüsalın, Şöhrətin və digər adların çəkilməsi ailə bağlarının genişliyini göstərir. Onların biri-birindən, ata evindən uzaqda yaşaması müasir dünyanın reallığıdır. Telefonla əlaqə, kamera vasitəsilə evin üzərinə tutulmuş baxışlar – bunlar fiziki məsafəni azaltsa da, mənəvi boşluğu tam doldura bilmir.
Xüsusilə Alagöz obrazı hekayədə simvolik məna daşıyır. Onun başqa ölkədə yaşaması, evlənib İngiltərəyə köçməsi, italyan dili ilə ata evinə gəlməsi – bütün bunlar qloballaşan dünyanın milli-mənəvi dəyərlərlə toqquşmasını ifadə edir. Qadının gözlərinin uzaq bir nöqtəyə dikilməsi məhz bu ayrılığın, bu geri dönməzliyin bədii işarəsidir.
Qəndab xanımın hekayə dili sadə, lakin son dərəcə obrazlıdır. Təsvirlərdə təbiət detallarına – duman, günəş şüaları, yarpaqlar üzərindəki toz qatına xüsusi diqqət yetirilir. Bu detallar insan ruhunun vəziyyəti ilə vəhdətdə təqdim olunur. Hər bir məkan təsviri psixoloji vəziyyətin davamı kimi çıxış edir.
Müəllifin alim kimliyi mətnin dərin qatlarında hiss olunur: hər cümlə ölçülüb-biçilmiş, hər fikir fəlsəfi alt qatla zəngindir. Şair təxəyyülü isə hekayəyə lirizm, axıcılıq və duyğusal zənginlik qatır.
“Evcik” hekayəsi sadə bir həyat lövhəsi deyil, insan ömrünün mənəvi xəritəsidir. Bu xəritədə uşaqlıq evcikləri ilə gerçək evlər, sevinc ilə həsrət, yaxınlıq ilə uzaqlıq bir-birinə qarışır. Qəndab xanım oxucunu yüksək səslə danışmağa deyil, sakitcə düşünməyə, öz xatirələrinin evciklərinə baş çəkməyə çağırır.
Bu hekayə göstərir ki, insan həyatda neçə evdə yaşasa da, ruhunun əsl evi yaddaşıdır. “Evcik” isə həmin yaddaşın incə, kövrək və unudulmaz bədii ifadəsidir.
“Vağzal” hekayəsi (səh. 124-125)
Nəsrimizdə məkan anlayışı təkcə fiziki məhdudiyyət deyil, çox zaman fəlsəfi mənalar daşıyan, insanın daxili aləmini açan simvolik məkana çevrilir. Tanınmış alim-şair Qəndab xanımın “Vağzal” hekayəsi məhz bu baxımdan diqqətəlayiqdir. Əsər zahirən sadə bir məkandan — dəmir yolu vağzalından bəhs etsə də, əslində insan həyatının, zamanın, ayrılığın və yadlaşmanın dərin mənəvi qatlarını oxucuya açır.
Vağzal — Qəndab xanımın qələmində yalnız qatarların dayandığı yer deyil. O, insanların harasa getdiyi, haradansa gəldiyi, bəzən dayandığı, bəzən də dayanmağa macal tapmadan ötüb keçdiyi bir həyat kəsişməsidir. Müəllif vağzalı “bəlkə də bilinən şəbəkələrin ən sadəsi” kimi təqdim etsə də, bu sadəliyin altında mürəkkəb talelər, ziddiyyətli hisslər və sarsıdıcı səssizlik gizlənir.
Hekayədə diqqəti cəlb edən əsas cəhətlərdən biri insanların axını fonunda fərdin tənha qalmasıdır. Bir-birinə əks istiqamətdə yeriyən adamlar — tələsən, harasa çatmağa çalışan, gözləyən insanlar — hamısı bir nöqtədə toplaşsa da, heç kim heç kəsi görmür. Müəllif bu mənzərə ilə müasir insanın ən böyük faciəsini — kütlə içində təkliyi ustalıqla ifadə edir. “Varlığını heç kəs fərq etmir” cümləsi hekayənin ruhunu müəyyənləşdirən əsas ideya xəttinə çevrilir.
Qəndab xanım vağzalın səs palitrasını da xüsusi incəliklə işləyir. İnsanların danışıq səsləri, qatarların hərəkət gurultusu, qəfil mikrofon anonsu — bütün bunlar bir-birinə qarışaraq qəribə bir uğultu yaradır. Bu uğultu həyatın öz səsidir: bəzən qulaqbatırıcı, bəzən kəsici, bəzən isə insanın düşüncələrini yarıda qoyan bir axın. Ancaq bütün bu səs-küyün içində əsas qəhrəmanın eşitdiyi “Vağzal” melodiyası yalnız ona məxsusdur. Bu detal əsərin poetik qatını gücləndirir və fərdi duyumun kollektiv səs-küydə necə itib getdiyini simvolizə edir.
Hekayənin davamında ağ libaslı, telli-duvaqlı gəlin obrazı ilə qarşılaşırıq. Bu obraz həm həyatın başlanğıcı, həm də bitməz dövranı simvolizə edir. Gəlinin birdən dayanıb illərlə yaşadığı evə, həyət-bacaya nəzər salması — keçmişlə bu gün arasında ani bir körpüdür. Ardınca ağ kəfənli tabutun görünməsi isə həyat və ölümün eyni məkanda, eyni anda mövcudluğunu göstərir. Qəndab xanım bu qarşıdurmanı pafossuz, sakit, lakin sarsıdıcı təsir gücü ilə təqdim edir.
Əsərin publisistik dəyəri ondadır ki, müəllif konkret bir hekayə danışmaqla kifayətlənmir, oxucunu düşünməyə vadar edir. Vağzal burada həm cəmiyyətin, həm də insan şüurunun güzgüsünə çevrilir. Kimlərsə həyatın içindən sürətlə keçib gedir, kimlərsə bir anlıq dayanıb geriyə baxır, amma çox vaxt bu baxışları görən olmur. İnsanlar eyni məkanda olsa da, fərqli dünyalarda yaşayırlar.
Qəndab xanımın “Vağzal” hekayəsi dil baxımından da seçilir. Sadə, aydın, lakin dərin məna yüklü cümlələr oxucunu yormur, əksinə, onu mətnin içinə çəkir. Alim dəqiqliyi ilə şair həssaslığının vəhdəti bu hekayədə aydın hiss olunur. Məhz bu vəhdət əsəri adi bir nəsr nümunəsindən çıxarıb, fəlsəfi-publisistik düşüncə mətninə çevirir.
Ümumilikdə “Vağzal” hekayəsi Qəndab xanımın yaradıcılığında insan taleyinə, zamanın amansız axınına və müasir həyatın ruhsuz ritminə yazılmış səssiz, lakin təsirli bir elegiyadır. Bu əsər oxucunu təkcə oxumağa deyil, dayanmağa, baxmağa və düşünməyə çağırır. Bəlkə də hekayənin əsas mesajı elə budur: həyat vağzalında hər kəs tələsir, amma insan özünü və başqasını görməyə bir an ayırmasa, ən vacib qatarı — insanlığını qaçıra bilər!
Növbəti yazımız sonuncu – yekun bölümü olacaq. Bu bölmədə Qəndab xanımın yaradıcılığına ümumi bir nəzər salacaq və mənəvi-psixoloji əhəmiyyətindən söhbət açacağıq. Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Hələlik.
Ardı burada: >>> GÜL ƏTİRLİ KİTAB – YEKUN
Müəllif: Zaur USTAC
AYB və AJB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir.
Oxuyun >> Gözündə tük var