
Əvvəli burada: >>> GÜL ƏTİRLİ KİTAB – GİRİŞ
GÜL ƏTİRLİ KİTAB
(Qəndabın “Ətirli güllər”i haqqında)
İKİNCİ YAZI – BAYATILAR
Salam olsun, çox dəyərli oxucum! Söhbətimizi qaldığımız yerdən davam edirik.
Azərbaycan xalq poeziyasının ən qədim və ən təsirli janrlarından biri olan bayatı, zamanın sınağından keçərək bu günə qədər gəlib çıxmış mənəvi xəzinədir. Bayatı – dörd misraya sığan bir ömür, bir nisgil, bir ümid, bir dua, bəzən də bir fəryaddır. Qəndab xanımın gül ətirli bu kitabında yer alan bayatılar “Anamın bayatıları” sərlövhəsilə təqdim olunur. Bu bayatıların içərisində ən çox diqqətimi cəlb edən 13-cü səhifədə ən aşağıdakı bayatı oldu:
Araz, Araz, xan Araz,
Soltan Araz, xan Araz
Ayırmısan elləri
Eyləmisən qan Araz!
bu bayatını bir neçə variantda eşitmişəm. Xüsusilə cənublu qardaş və bacılarımızın dilində son iki misranın fərqli olduğu variantlar mövcuddur. Mən isə bu bayatını aşağıda təqdim etdiyim variantda xatırlayıram:
Araz, Araz, qan Araz,
Sultan Araz, xan Araz,
Otun, suyun qurusun
Mənim kimi yan Araz!
yeri gələndə bütün tədbirlərdə səsləndirdiyim, haqqında yazdığım bu bayatı mənim əzbərimdə qalan ilk nəzm nümunəsidir. Gözümü açandan gün ərzində ən azı 10-15 dəfə nənəmin (ana nənəm Ağgül – Ağdam rayonu, Yusifcanlı kəndi – Əfkərli) ağzından eşitdiyim bu bayatını hələ oxumağa başlamazdan çox əvvəl şifahi əzbərləmişdim. Nəzərə alsaq ki, 5 yaşımda Yaman əmim mənə əlifbanı öyrətmişdi və artıq sərbəst oxuya bilirdim, deməli bu bayatını 5 yaşımdan əvvəl əzbərləmişdim. Bütün sözlər eyni qalsa da, nənəm hərdən birinci misranın sonunda da “xan Araz” deyərdi, ancaq əksərən təqdim etdiyim kimi söyləyirdi. Bir də “Mənim kimi yan Araz!”ı sonda dəfələrlə təkrar edərdi. Nənəmin bu məqam üçün tutarlı səbəbləri çox idi. Ancaq onu ən çox yandıran gün ərzində dəfələrlə: “can ay bala”, “can ay balalarım”, – deyə xatırladığı müharibə (1941-45) vaxtı aclıq və xəstəlikdən tələf olmuş təxminən 5-11 yaş arası dörd qızının vaxtsız ölümü idi.
HAŞİYƏ
Kimisi mənim kimi nənəsinin adı ilə, kimi də Qəndab xanım kimi anasının adı ilə xatırladığı bu bayatılar məhz xalq yaddaşının içindən doğan, ana laylası kimi könül oxşayan, eyni zamanda taleyin ağır yükünü daşıyan poetik nümunələrdir.
Qəndab xanımın yaradıcılığında bayatı, sadəcə folklor forması deyil, həyatın özüdür. Onun bayatılarında ana taleyi, ayrılıq ağrısı, Vətən nisgili, övlad həsrəti, zamanın amansızlığı və qadın qəlbinin səssiz fəryadı iç-içə keçir. “Anamın bayatıları” başlığı altında təqdim olunan nümunələr bunu açıq-aydın göstərir. Burada saz, aşıq, dağ, yol, gül, fal, şərbət kimi obrazlar sırf poetik bəzək deyil – bunlar xalqın minillik düşüncə sisteminin simvollarıdır.
“Əlində sazın nədi,
Tutmusan sazın nədi?” – misralarında saz təkcə musiqi aləti deyil, sözün, taleyin, dərdin ifadə vasitəsidir. Qəndab üçün saz həm yol yoldaşı, həm sirdaş, həm də həyatın ağır yükünü daşıyan bir rəmzdir. Aşıq obrazı isə xalqın vicdanı, sözün keşiyində duran mənəvi keşikçidir.
Qəndab xanımın bayatılarında qadın baxışı xüsusi yer tutur. Bu baxış nə pafosludur, nə də süni romantikdir. Bu baxış həyatın içindən gəlir. “Baladan ayrı düşmək”, “günlərin, ayların keçməməsi”, “gül balam qala yalqız” kimi ifadələr ana qəlbinin ən dərin qatlarından qopan səssiz fəryaddır. Bu bayatılarda ağrı qışqırmır, sadəcə danışır – sakit, təmkinli, amma sarsıdıcı bir dillə.
Qarabağ, Araz, ayrılıq mövzuları Qəndab xanımın bayatı dünyasında xüsusi poetik yük daşıyır. “Araz, Araz, xan Araz, / Ayırmısan elləri” misraları təkcə coğrafi ayrılığı deyil, tarixi ədalətsizliyi, parçalanmış taleləri ifadə edir. Araz burada çay olmaqdan çıxır, milli yaddaşın qanayan yarasına çevrilir. Qəndab bu ağrını hay-küylə deyil, bayatı sakitliyi ilə təqdim edir və məhz bu sakitlik oxucunu daha dərindən sarsıdır.
Qəndab xanımın bayatıları həm də bir dövrün sosial portretidir. “Aşıq yamanca döyül, / Halım yamanca döyül” deyən şairə, zamanla barışmayan, amma ümidini də itirməyən xalqın səsini çatdırır. Burada nə ümidsizlik var, nə də saxta nikbinlik. Burada həyatın olduğu kimi qəbulu və ona sözlə dirəniş var.
Ümumi götürəndə isə, Qəndab xanımın bayatıları Azərbaycan xalq poeziyasının şah damarına bağlıdır. Bu bayatılar oxunmur, yaşanır; öyrədilmir, ötürülür; yazılmır, danışılır. Onlar ana laylası kimi qulaqda qalır, Vətən nisgili kimi ürəkdə sızlayır. Qəndab bu bayatılarla təkcə söz demir, xalq yaddaşını qoruyur, ana dilinin kövrəkliyini və gücünü eyni anda nümayiş etdirir.
Bu bayatı dünyası bir daha sübut edir ki, böyük poeziya üçün bəzən bir kitab yox, dörd misra kifayətdir.
İstər tərtibatçı qismində, istərsə də, müəllif olaraq Qəndab xanımın seçib təqdim etdiyi bayatı nümunələri milyon illik söz yaddaşımızın qorunması və təbliği baxımından ən zərif, ən duyğusal, ən ibrətamiz nümunələr kimi təqdirə layiqdir. Bayatıları “Anamın bayatıları” adı altında təqdim etməsi isə, kitab boyu janrından asılı olmayaraq bütün əsərlərində qırmızı xətt kimi keçən “Ana obrazı”nı yaşatmaq və təbliğ etmək baxımından əhəmiyyətlidir. “Ana” adı, “Ana” obrazı, anaya-anasına bağlılıq (1963 – bir fərd kimi) Qəndab xanımın bütün həyat və fəaliyyətində hiss olunur:
Aman fələy, dad fələy,
Olma səni şad fələy.
İçirdiyin şərbətdən
Bir özün də dad fələy.
Yeri gəlmişkən bu bayatını olduğu kimi dəfələrlə nənəmdən eşitmişəm. Qəndab xanımın seçib bu kitabına daxil etdiyi bayatilar hamısı mənə çox doğma gəldi. Böyük əksəriyyətini kiçik söz dəyişikliklərilə lap körpəlikdən çox eşitmişəm.
İnanıram ki, Qəndab xanımın təqdim etdiyi bu bayatılar və gələcəkdə tanış olacağımız digər əsərləri milli kimliyimizi xatırlatmaq baxımından çox faydalıdır.
Ümumiyyətlə oturuşmuş ailə institutumuzun, milli-mənəvi dəyərlərimizin qorunması yolunda çağırışlar və təbliği Qəndab xanımın həm alim, həm də şair kimi bütün fəaliyyətində əsas missiya kimi görünür.
Növbəti yazımızda Qəndab xanımın sirli-sehirli şeir dünyasına səyahət edəcəyik. Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Hələlik.
Ardı burada: >>> GÜL ƏTİRLİ KİTAB – ŞEİRLƏR
Müəllif: Zaur USTAC
AYB və AJB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir.
Oxuyun >> Gözündə tük var