Etiket arxivi: MAHİRƏ NAĞIQIZI

Professor Mahirə Hüseynovanın Şamaxıda tələbələrlə görüşü olub

Professor Mahirə Hüseynovanın Şamaxıda tələbələrlə görüşü olub

Şamaxı Rayon İcra Hakimiyyəti, ADPU və universitetin Şamaxı filialının, eləcə də Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Şamaxı Rayon Mədəniyyət Mərkəzində filologiya elmləri doktoru, professor, ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, tanınmış şairə Mahirə Nağıqızının Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının tələbələri ilə görüşü keçirilib.

Tədbir həm görüş, həm də ədəbi-bədii məzmunlu yaradıcılıq gecəsi formatında təşkil olunub.

Tədbirdə Milli Məclisin deputatları, ADPU-nun və Şamaxı filialının professor-müəllim heyəti, tələbələr, məzunlar,mədəniyyət işçiləri və rayonun ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, ADPU Şamaxı filialının direktoru, dosent Tünzalə Yusifova və Milli Məclisin deputatı Hikmət Babaoğlu Azərbaycanın, o cümlədən Şamaxının poeziya mühitindən, ədəbiyyatın cəmiyyətin inkişafında rolundan, şairə Mahirə Nağıqızının Azərbaycan ədəbiyyatına, elm və təhsilin inkişafına verdiyi dəyərli töhfələrdən, ziyalı mövqeyindən və gənclərin mənəvi dünyasının formalaşmasındakı xidmətlərindən danışıblar.

Tədbirdə Əməkdar artistlər Elnur Zeynalov, Elnarə Abdullayeva, Güllü Muradova, “Cahan” muğam qrupu və “Eşq” ansamblı şairənin şeirlərinə bəstələnmiş mahnıları ifa ediblər.

ADPU Şamaxı filialının tələbələri Mahirə Nağıqızının şeirlərini səsləndirib. Müəllif tələbələrin çoxsaylı suallarlarını cavablandırıb.
Görüşün sonunda Mahirə Nağıqızı tələbələrə təhsil və yaradıcılıq fəaliyyətlərində uğurlar arzulayaraq, gənclərin mənəvi-estetik tərbiyəsində ədəbiyyatın və müəllim əməyinin rolundan danışıb.

Mənbə: Rəfail Tağızadə (Şamaxı),

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

NDU-da prof.Mahirə Nağı qızı Hüseynovanın 65 illik yubileyi ilə bağlı möhtəşəm tədbir keçirilib

NDU-da prof.Mahirə Nağı qızı Hüseynovanın 65 illik yubileyi ilə bağlı möhtəşəm tədbir keçirilib

NDU-da tanınan alim-şair, professor, ictimai xadim, təhsil təşkilatçısı Mahirə Nağı qızı Hüseynovanın 65 illik yubileyi münasibəti ilə tədbir keçiriləcək

20 oktyabr 2025-ci il saat 11:00-da Naxçıvan Dövlət Universitetinin (NDU) İncəsənət fakültəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU-nun) beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, tanınan şairə, ictimai xadim, təhsil təşkilatçısı, Qərbi Azərbaycan İcmasının üzvü, professor Mahirə Nağı qızı Hüseynovanın 65 illik yubileyi münasibəti ilə onun elmi, bədii, ictimai yaradıcılığını əks etdirən möhtəşəm tədbir keçirilib.


Çox hörmətli, alicənab, Azərbaycaanımızın dəyərlərinə dərin hörmət bəsləyən Elbrus Isayevin bu gözəl təşəbbüsü, Azərbaycanın Tomris qeyrətli, Qərbi Azərbaycan nisgilli, dəyər sahibi, elm və təhsil təşkilatçısı, Həsən Mirzə kökənli, saz, söz, təhsil adamı, əvəzolunmaz xanım şairəsi Mahirə Nağı qızı Hüseynovanın yubiley tədbirinin NDU-da keçirilməsi örnək hadisədir. Gənclərimizə dəyərlərimizin, söz adamlarımızın, dövlètimiz, xalqımız, təhsilimizdə əməyi olan insanların tanıdılması, qiymətləndirilməsi baxımından əhəmiyyətli və yaddaqalan hadisədir.
ADPU ziyalıları adından Sizə minnətdarıq, dəyərli Elbrus müəllim.
Keçirdiyiniz hər bir tədbirinizlə, fəaliyyətinizlə nümunə insansınız! Var olasınız!

Prof.Mahirə Hüseynova: Ən vacib amillərdən biri deportasiyaya məruz qalmış həmvətənlərimizin kompakt yaşadığı ərazilərdə tədqiqatların aparılmasıdır

Prof.Mahirə Hüseynova: Ən vacib amillərdən biri deportasiyaya məruz qalmış həmvətənlərimizin kompakt yaşadığı ərazilərdə tədqiqatların aparılmasıdır

“Qərbi Azərbaycana qayıdış prosesinin ən vacib amillərdən biri deportasiyaya məruz qalmış həmvətənlərimizin kompakt yaşadığı ərazilərdə tədqiqatların aparılmasıdır.”

Bu fikirləri Oktyabrın 15-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “Qərbi azərbaycanlıların yurd həsrəti: Salyana deportasiya” layihəsi çərçivəsində hazırlanmış tədqiqatçı-hüquqşünas Səməd Vəkilovun “Qərbi Azərbaycandan Deportasiyanın tarixi və hüquqi aspektləri: Salyana köçürülmə (1948–1953)” adlı kitabının təqdimatı mərasimində kitabın baş məsləhətçisi, Azərbaycan Respublikasının Milli Məclisi yanında Toponimiya Komissiyasının üzvü, ADPU-nin prorektoru, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, Keşkənd icmasının rəhbəri, professor Mahirə Hüseynova bildirib.

Professor Mahirə Hüseynova qeyd etdi ki, Qərbi Azərbaycana qayıdış prosesinin ən vacib amillərindən biri deportasiyaya məruz qalmış həmvətənlərimizin kompakt yaşadığı ərazilərdə tədqiqatların aparılmasıdır. Bu istiqamətdə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə tədqiqatçı-hüquqşünas Səməd Vəkilovun 3-cü kitabıdır o, bundan əvvəl Qərbi Azərbaycandan Bərdəyə və Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonuna deportasiya edilmiş qərbi azərbaycanlılarla bağlı uğurlu tədqiqat apararaq kitab şəkilində çap etdirib.

Professor M.Hüseynova bu layihələrin davamlı olması və bu cür tədqiqat əsərlərinin xarici dillərdə çap edilməsinin də vacibliyini vurğulayıb.

Qeyd edək ki, “Qərbi azərbaycanlıların yurd həsrəti: Salyana deportasiya” layihəsi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Müvəkkil Hüquq Mərkəzi” İctimai Birliyi tərəfindən icra olunur.

ADPU-nin Filologiya Fakültəsi

Mənim Çəkmələrim – Mahirə NAĞIQIZI

MƏNİM ÇƏKMƏLƏRİM

(hekayə)

Mənim adım Süsənbərdir – Süsənbər Mahiyyəddinqızı. 

Elə yazı adamı təsəvvür edərsinizmi, cəmi-cümlətanı bircə hekayəyə görə özünə təxəllüs götürmüş olsun? Əlbəttə, “təxəllüs” sözü özümlə bağlı məqamda həddindən artıq təmtəraqlı, bir az da qeyri-təvazökar səslənə bilər. Bu, sadəcə olaraq əlacsızlıqdan baş verdi, çünki başıma gələn o qorxunc, ancaq nağıllarda oxuya və yaxud eşidə biləcəyiniz hadisəni dördüncü onillikdir yaşamağın nə demək olduğunu çəkənlər bilər. O elə anlar idi ki, indi də yadıma düşəndə vahimələnirəm. Əsl yazıçılar kimi cəlbedici, ədəbi dilin bütün mümkün imkanlarından bəhrələnərək yazmaq istədiyim o hadisəni üstündən 2-3 ay keçəndən sonra unutmaq istədim. Hiss edirdim ki, bu yüklə çox uzağa getmək, sadəcə, mümkün deyil və onda başa düşdüm ki, yox, yazmağım mütləq lazımdır. Azından ona görə bu qənaətə gəldim ki, hekayəmi, bəlkə də böyüklər oxuyar və öz balalarının naminə oxşar hadisələrin baş verməsinin qarşısını alarlar. Beləcə, 7-8 yaşım olanda yaddaşıma yazılan, qəlbimdə və sümüklərimdə giziltisi ilə qalan o anların tarixçəsinə indi, az qala, 50 yaşımı haqlayanda qayıdıram. Fikirləşirəm ki, yazdıqlarım nə qədər istədiyim kimi alınmasa da, qəlbimdə gəzdirməyimdən faydalı olar. 

Söhbətimə başlamazdan əvvəl 40 ilə yaxındır ki, üzünü görmədiyim, ancaq yuxularımda gəzdiyim, yadımda qalan kəndimizi təqdim etmək istərdim: Kətanköynək cəvizi ilə nəinki mahalımızda, həmçinin ondan çox-çox uzaqlarda məşhur olan, rayon mərkəzindən bir az aralı, Arpaçayına birləşən Axtaçayın sahilindəki Axta kəndini görənlər onu cənnətməkan adlandırırdılar. Sözün açığı, o zamanlar bu sözün özündə ifadə etdiyi mənanı elə də qavramırdım və indi, aradan 40 ilə yaxın müddət keçdiyi vaxt mənə yazıçı olmağı öyrətməsə də, kəndimizin həqiqətən, cənnətməkan olduğunu təsdiq edə bilib.

Böyüyüb universiteti qurtarandan sonra öyrənəcəyəm ki, kəndimizin adı burada binə salan ilk sakinlərindən, padar türk tayfasından olan axta etnonimindən yaranıb. Cəviz ağacları, cəvizi ilə yanaşı, min bir dərdin dərmanı kimi tanınan Axta balının vətəni kəndimizdə ovaxtacan eşitməyə macal tapmadığım, sonradan öyrəndiyim tarixçə deyir ki, bu cənnətməkanda insanlarımız uzaq-uzaq ellərdən gələn insanlar yerləşənəcən rahat yaşayıblar. O adamların gəlib məskunlaşmasından illər sonra ilk olaraq kəndlərin adlarını dəyişiblər. 1918-ci ilin yayında isə buradan əsrlərdən bəri yaşayan insanları çıxarmaq fikrinə düşüblər. Qafqazda erməni dövləti yaratmaq istəyən bu adamlar nəyə görəsə hesab ediblər ki, bəhrəli torpaqlardan çıxmaq fikrini ağıllarına gətirməyən bu insanları ucdantutma öldürməklə məsələni birdəfəlik həll etmək mümkündür. Bunun üçün də gələcək Ermənistan dövlətinin yaradıcıları təpədən-dırnağadək silahlandırılan və nə edəcəkləri ilə bağlı təlimatlandırılan adamlardan ibarət bölüklər yaradıblarmış. Həmin bölüklərdən birinin kəndə hücumu zamanı ələ keçirilən kənd sakinləri öldürülüb, yayına bilənlər isə yüz məşəqqətlə Naxçıvana, hətta İrana keçərək Güney Azərbaycanın Arazqırağı mahallarına sığına biliblər. 

Bunlar barədə sonralar eşidəcəyəm.

İndi isə 1988-ci ilin noyabr ayıdır. 

Kəndimizin sakinləri, o cümlədən, bizim ailə də artıq bir ilə yaxındır ki, səksəkə içindədir. İl təzə başlayandan, həmişə olduğu kimi, qonum-qonşuların uzun qış gecələrində bizim evimizə yığışdıqları vaxtdan bəri etdikləri söhbətlərdən hansısa narahatlığın yaşandığını, hətta mən də hiss edirdim. Düzdür, keçirdiyim o narahatlıqla bağlı nə atamdan, nə də anamdan heç nə soruşmaq istəmirdim, amma eşitdiklərimdən anlayırdım ki, İrəvanda yaşayan ermənilər Sovet Azərbaycanının ərazilərini Sovet Ermənistanına qatmaq istəyirlər. Üstəlik, onlar Ermənistanda yaşayan azərbaycanlıları buralardan çıxartmaq üçün çalışırlar. Kəndimizin adamları isə yaşadıqları yerləri buraxıb harasa köçmək fikrində deyil. Belə olanda, onlar saqqal buraxan şəxslərdən ibarət silahlı dəstələr yaradıb, adına da “fədai bölükləri” deyirlər. Həmin bölüklər vəzifələrinin icrasına hardasa, tək-tük azərbaycanlı gördükdə onları döyməklə başlayıblar. Belə hadisələrdən biri bizim kəndli Əliş dayının başına gəlib. Günlərin bir günü hansı işləsə bağlı rayon mərkəzinə gedən kəndlimizin saqqallı ermənilər tərəfindən ölümcül hala salındığı xəbərini atamdan eşitdik. Anama məsələnin necə baş verdiyini danışan atam əmin idi ki, “bu kəndlimizin anası namaz üstündə imiş” və əgər həmin vaxt kəndimiz istiqamətində gedən avtobus gözləyən qonşumuzu qonşu kənddən olan, oradan keçən yük maşınının banındakı azərbaycanlılar görməsəymiş, Əliş dayının “kitabı bağlanasıymış”. Maşının banındakı adamlar 7-8 nəfərin bir yerə toplaşdığını uzaqdan görür, adamların yanından keçəndə onlardan biri “Ə… bu ki axtalı Əlişdir, ermənilər onu döyürlər”, – deyir. Kabinəni döyəcləyirlər. Handan-hana sürücü maşını saxlayır və yerə düşən adamlar topaya yaxınlaşanda Əlişi torpağın üstündə qan içində görürlər. Ya adamların çoxluğundan, ya da maşının banında kərənti və yabalar düzüldüyündən saqqallılar oranı tərk edir. Beləcə, adamlar az qala o dünyalıq olacaq Əliş dayını yarımcan vəziyyətdə kəndə çatdıra bilirlər. 

İndi isə noyabr ayının 8-dir. Atamqarışıq kəndin bütün kişiləri hücum oluna biləcək yerlərdə “saqqallılar”ın qarşısını kəsmək, heç olmasa, xəstə və qocaların, qadın və uşaqların təhlükəsiz yerə çatmasına qədər qalacaqlar.

İçində anam, qardaşım və mən olmaqla, axtalılar payi-piyada meşəyə sarı üz tutub gedirik. Yol uzandıqca uzanır, qurtarmaq bilmir ki… Uzaqdan səs-küy, güllə səslərini aydın eşidirik. Anamın əlimdən tutan əlinin titrəməsindən hiss edirəm ki, qorxulu nələrsə ola bilər. Təkcə səslər yox, elə böyür-başımızdan keçən güllələr az qala qulağımızın dibində vıyıldayır. Ömrümdə ilk dəfə ölüm haqqında fikirləşirəm. Addımlarımı anamın ayaq səslərinin ritminə uyğunlaşdırmağa nə qədər can atsam da, bunu bacarmayacağımın xofu indidən məni basır.

Dərələyəzin qışı yenicə başlayırdı. 

Əslində bizim yerlərin payızı soyuq olur. Payız deyəndə ki, artıq o, qışın bütün əlamətləri ilə keçən ayın sonlarından buralarda yerbəyer olub. Düzdür, nənəmin dediyinə görə, qışın çatmasna hələ 50 günə yaxın vaxt var, amma yola çıxan adamların dizə qədər qalxan qarın içində olması, qabaqda gedən, ovçu intuisiyası ilə cığırı tutub yeriyən Allahverdi babanın atdığı addımlarının yaratdığı xırçıltı səsləri başqa şey deyir. Anamdan qabaqda zarıncı səslə bizi bu günə salan ermənilərə qarğış edən Gülsüm nənənin səsi indi də qulaqlarımdadır. O, bu şaxtalı havada kəndə girib bizi sakit, isti ocaqların başından, doğma evlərdən perik salanları, qana susayanları “Allaha tapşırırdı”. Gülsüm nənənin bu “tapşırığı” sanki mənə bir az yüngüllük gətirdi. Mən bilirəm ki, Allah babam o cür insanları sevmir. Son bir neçə gün idi ki, kənd camaatı rahatlıq bilmir, paltarlı-filanlı yerlərinə uzanır, gözləri qapıda, pəncərədə qalır və beləcə də yuxuya gedirdi. Bu gün də elə olmalı idi. Həyət-bacada axşamın qarı elə bil qaranlığı bir az da vahiməli etmişdi. Baxmayaraq, hava mülayim idi, amma o vahiməni duyurdum. 

“Allahın insanlara yazığı gəlsin” – sözlərini sanki qəfildən eşitdim və anamın bu sözlərindən sonra kömür sobasının yanında, onun üçün düzəldilmiş taxtda yatan qardaşıma tərəf baxdım. Birdən-birə anamın niyə belə dediyi mənə çatmadı, dönüb ona baxanda əl-ayaq başımın üstündə, əlində bir az əvvəl bişirdiyi xəşil dolusu qab dayandığını gördüm. İndi başa düşdüm ki, məni yedizdirmək istəyir. Dolu qaşığı dodaqlarıma tərəf tutaraq halsızcasına mənə x səslənirdi: 

– Ye, ay bala, hamısını ye! Bax, Süsənbər, qabında xəşil qalmasın ha! 

Bunları dedikcə tələsik qabları yuyub səliqə ilə yerinə yığmağa çalışan anam, nədənsə, tez-tez qapıya baxırdı və mən bu baxışlardakı narahatlığı sezirdim. Birdən-birə atamı yanımızda görmək istədim. O, neçə gün idi ki, kənd kişiləri ilə yolun üstündə düzəldilmiş daldalanacaqda, kəndlilərimizdən təşkil olunan könüllülərin arasında idi və neçə gün idi onu görmürdük. Şər qarışan vaxtı kimsə atamın ismarıcını bizə çatdırmaq üçün evimizə gəldi. Onun astaca, bir az da ehtiyatla anama dediklərini indi də sözbəsöz xatırlayıram: Kəndin camaatı ilə getsinlər, mən sonra gəlib onları taparam. 

Qonşu dedi və getdi. Anam tələsik yol hazırlığına başladı, sanki çoxdan bu məqamı gözləyirdi. O, təlaşla isti paltarlarımızı evin ortasına atır və həyəcanla “Tez ol, geyin. Getməliyik. Çıxaq, Süsənbər, çıxaq!” -deyirdi. 

Mən hər gün dərsdən gələndə silib pərdənin dalında gözlətdiyim çəkmələrimi götürmək üçün ayağa durdum. Bunu o qədər cəld etdim ki, anamın məni süzdüyünü görüb bir az pörtdüm, amma yaxşı ki, bir söz demədi. Atam çəkmələrimi təzə almışdı və təzəlikdən əlavə, elə gözəl idi ki, geyinəndə istəyirdim hamı görsün, hələ ürəyimdən onların sual verməsini də gözləyirdim:

– Ay Süsənbər, nə gözəl çəkmələrdir, kim alıb? Haradan alıb? Anama deyim, mənə də alsınlar. 

Mən bu sualları eşitmirdim, amma nə fərqi var ki, eşitmək istədiyim sualı verdilər, ya yox? Onsuz da onların oğrun-oğrun baxışlarını duyub da görməyin bir ayrı zövqünü yaşayırdım. Elə bilirdim ki, dünya mənimdir və ürəyimdə atama sonsuz minnətdarlığımı bildirirdim. Əslində çəkmələrin alındığı yeri istəmirdim ki, kimsə bilsin. Bilmirəm, bu bir anın içində bunları haradan yadıma saldım? Halbuki həmin dəqiqələrdə sanki qorxulu yuxu görürdüm. Birdən, sanki qəfil anamın əlimdən tutub məni özünə çəkməsi ilə həmin yuxudan ayıltdı, ona tərəf baxanda məndən balaca qardaşımı kürəyinə şəllənmiş gördüm. Anamın sanki vəziyyətin ciddiliyini mənə çatdırmaq üçün səsini ucaldaraq “Süsənbər, tez ol, bala!”- deməsi ilə yola düzəldik. İndi xatırlayıram ki, diqqətcil və səliqəli, bir az da vasvası sayıla biləcək anam evdən çıxarkən dəmir divarları qıpqırmızı qızarmış kömür sobasını belə söndürmədi. Onsuz da örtülü pəncərələrin bağlanıb-bağlanmadığını adəti üzrə, həmişə etdiyi kimi, əlləri ilə yoxladı, onların qarşısındakı dibçəklərə su verdi və əlimdən tutaraq evdən çıxdı. 

Bunun neçə vaxtdan bəri hamımızın – dədəmin, babamın, atamın və mənim doğulduğum kənddən – Axtadan əbədilik ayrılmaq məqamı olduğu onda ağlıma gəlmirdi. Gördüyüm isə o idi ki, evimizi tərk edir, evimizdən baş götürüb harasa, məchulluğa tərəf üz tuturduq. Bununla belə, mən tez-tez əyilib çəkmələrimə baxmağa da vaxt tapırdım. Oğrun-oğrun baxdığım məqamlarda sanki bir daha əmin olmaq istəyirdim ki, bəzəkli çəkmələrim ayağımdadır. Bunlar üzü dağlara doğru uzanan Hava meşəsinə tərəf getdiyimiz vaxtlarda baş verirdi. Getdikcə hərəkətin çətinləşdiyini onunla hiss edirdim ki, qar artıq çəkmələrimin boğazından içəri dolur, ayaqlarımı üşüdürdü. Anam tələsdiyindən sanki üşüyən əllərimdən tutub məni sürüyürdü, qardaşımsa anamın kürəyində isti yer tapmışdı, yatırdı. Azca aralandığımız kəndimizdən isə artıq atışma səsləri gəlirdi. Güllə səsinə diksinən anam ayaqlarını yeyinlətdi. Əyilib çəkmələrimə baxır və hətta sevinirdim ki, çəkmələrim olmasaydı ayaqlarım donardı. Bunun yaratdığı yüngüllükdən az da olsa təskinlik tapdım.

Yolboyu o suala da cavab axtarırdım ki, biz niyə birdən-birə isti və rahat ev-eşiyimizi qoyub meşəliyə tərəf yol gedirik? Tutaq ki, bu soyuq havada meşəyə çatdıq və orada necə olacaqdıq? Bəs niyə meşəyə? Anam özü həmişə mənə demirdimi ki, meşədə çoxlu çöl heyvanları olur və onların heç də hamısı, nənəm demiş, “quzu balası deyil”? Bəs onlardan bəziləri, şəklini kitablardan gördyüm, hətta şəkillərdəki gözlərindən üşəndiyim canavarlar qabağımıza çıxsa, nə ola bilər? Sonra onu fikirləşirəm ki, görünür, onlardan daha təhlükəli olanlarla rastlaşmaq riskindən uzaqlaşmaq üçün gedirik. Qəfildən yorulduğumu hiss edirəm və bütün gücümü toplayıram ki, əlimdən tutmuş anam yorğunluğumu hiss etməsin. Bilirəm, o bunu hiss etsə, məni qucağına götürəcək, bunu isə istəmirəm. Onu da hiss etməyə başladım ki, bir az əvvəl çəkmələrimin boğazından içəri düşən qar əriyir və anidən, bilmirəm, bu hardan ağlıma gəldi ki, o bir tərəfə, təkcə, çəkmələrimə bir şey olmasın. Əyilib bir də çəkmələrimə baxdım, elə bu zaman nəyinsə vıyıltı ilə yanımdan ötdüyünü hiss etdim. Sanki donmuşdum və donum açıldı, özüm də bilmədən ayaqlarımı sürətlə atmağa başladım. Bunu anam da hiss etmişdi, ya nə idi, o da böyük təlaşla addımlarını yeyinlətdi və özümü anamın belə yerişinə heç cür uyğunlaşdıra bilmirdim. Bir az sonra o məni də sanki sürüyürdü. Qışqırtı, bağırtı ətrafı bürümüşdü. Hamı qaçır və artıq demək olar ki, çatdığımız meşədə daldalanacaq axtarırdı. Birdən ayağımın biri yerə dəydi, sanki ayağım yapışıb qalacaqdı. Əyilib gecənin qaranlığında çəkmələrimə tərəf baxdım və dəhşət məni bürüdü: çəkməmin sağ tayı yox idi. Anam əlimdən nə qədər möhkəm yapışıb məni irəli çəkməsinə baxmayaraq, geriyə qanrıldım və bizdən bir az aralıda, qarın içindəki çəkməmin tayını gördüm. Qayıdıb çəkməmi götürmək üçün anama yalvardım. Anam mənə acıqlandı: “Tez ol, arxamızca ata-ata gəlirlər, Süsənbər, döz. Bir azca döz”, – deyərək qədəmlərini bir az da sürətlə atdı. Qar yağmağa başlamışdı. Yenə döndüm, çəkməmin bir tayı qarın içində görünməz olurdu və gözlərimin qaraldığını hiss edirdim. Üzü üstə qarın içinə necə yıxıldığımı bilmədim və daha heç nədən xəbərim olmadı. 

Ayılanda anamın qucağında idim. Qardaşım da ayılıb ağlamağa başlamışdı. Nədənsə mənə elə gəldi ki, o da mənim çəkməmin bir tayı üçün ağlayır və qəfil olaraq onun bundan necə xəbər tutduğuna heyrətləndim. Sonra nəyin necə olacağı artıq mənimçün maraqlı deyildi, çəkməmin bir tayını qarın içində itirmişdim. Daha olacaqlar məni narahat etmirdimi, ya nə idi, artıq bu barədə düşünə bilmirdim. 

Mən ayılanda alatoran idi, qarşıdakı adamı güclə sezirdim və alatoranlığın yaratdığı hər şey vahiməyə çevrilmişdi. Biz atıla-düşə, Qasım dayının maşınına bənzəyən, hamı kimi mənim də “Kamaz” dediyim maşının banına yerləşmişdik. Buz kimi dəmirin ayaqlarımı keyləşdirdiyini hiss edirdim. Baş verənlərin fonunda ah-nalənin göyə ucalmasısa, özümə gələndən hiss etdiyim vahiməni daha da artırırdı. Uşaqlar ağlayıb analarına qısılır, anaları isə onları sakitləşdirməyə çalışırdı və bunlar o qədər qorxuyaradan mənzərə idi ki, gözlərimi qapatmaqla baş verənlərin yuxu olduğuna özümü inandırmağa çalışırdım. Bu da alınmırdı və gözlərimdən gilələnən yaşın yanağıma süzüldüyünü, orada buz bağladığını duyur, lakin əlimi yanağıma tərəf uzatmağasa ürəyim gəlmirdi. Nəhayət, bizi aparan maşının sürətini artırdığını, anamın üzü kəndimizə tərəf səssizcə ağladığını, dodaqlarının tərpəndiyini hiss edirdim. Buna baxmayaraq, elə bil, bir az əvvəlki vahimə ayazımışdı. Bunu, banda özünə yer etmiş adamların – qocalar və yaşlı nənələrin bu maşını bizi xilas üçün göndərənlərə, xüsusən, Ələsgər əmi adlı bir nəfərə dua etdiklərindən başa düşmək olurdu. Onda bilmirdim kimdən söhbət gedir, sonralar öyrənəcəyəm ki, maşının bizi apardığı Naxçıvanda “avtobaza” adlanan bir təşkilat var və onun müdiri Ələsgər Nağıyevdən söhbət gedirmiş. Onu da eşidəcəyəm ki, ancaq bizim kəndin deyil, Dərələyəz mahalının əksər sakinlərinin xilası üçün o, əlindən gələni edib, camaatı qurtarmaq üçün yük maşınlarını belə ora göndərib. 

Nə qədər yol getdiyimizi xatırlamıram. Yadıma düşən odur ki, məni Bəyaz nənə qucağına almışdı, anamsa qardaşımı bağrına basıb ağlayırdı. Yol uzanır və mənə elə gəlirdi ki, o, bitməyəcək. Beləcə neçə saat keçdiyini, nə qədər yol gəldiyimizi unutmuşam. Xatırladığım odur ki, biz səhərə yaxın Naxçıvanın Kolanı kəndinə gəlib çatdıq. Burada da hər yer dizə qədər qar və buz idi, ancaq ehtiyatkarlığım sanki yox olmuşdu. Mən azca da olsa, ümidləndim və sivrilib Bəyaz nənənin qucağından düşdüm, anama sığınmaq istədim. Anamın diqqətinin mən tərəfdə olmadığını hiss etdim. O, qucağındakı qardaşımı bağrına sıxıb, məlul-məlul ona baxırdı. Birdən anamın dodaqlarının titrədiyini, əllərini qardaşımın yanaqlarında gəzdirdiyini gördüm. Anamın narahat olduğu açıq-aşkar görünürdü. Qəfildən diksinən kimi oldu və həyəcanla, sanki öz-özünə danışırmış kimi, “Bunun hərarəti var, od tutub yanır ki…!”- deməyini eşitdim. Bəyaz nənə ona toxtaqlıq verdi:

– Haray-həşir salma, soyuq olub, keçəcək.

Bunları deyən Bəyaz nənə qardaşımı onun əllərindən aldı, sifətini yanaqlarına tutdu, az sonra anama qaytardı:

– Hə, istiliyi var, amma artıq çatmışıq, görək, hara yerləşirik, həkim çağırarıq, bala, – dedi.

Anam sanki deyiləni eşitmir, dayandığı yerdəcə qardaşımı sinəsinə sıxaraq hərəkətsiz durmuşdu. Sonra biləcəyəm ki, o, harasa yerləşənə qədər gözləmək fikrindən uzaqdır. Kimsə dilləndi:

– Burada inanmıram ki, uşaq həkimi tapmaq asan ola, Naxçıvana aparmaq lazımdır.

Anam Bəyaz nənəni səslədi, məndən muğayat olmağı tapşırdı, uşaq qucağında yola tərəf üz tutdu. Onu da sonralar öyrənəcəyəm ki, onunla olan bir neçə kənd sakini ilə məsləhətləşən anam onlarla birlikdə kəndimizə geri qayıtmaq qərarına gəlir.

Gəldiyimiz yollarda keçirdiyim həyəcan-qorxudan və anamın tələsik yola çıxmağından sonra sanki nə baş verdiyini anlamırdım. Bu arada 6-7 nəfər gəldi, bizim müvəqqəti olaraq xəstəxanaya yerləşəcəyimizi bildirərək bələdçiliyimizi etdilər. Xəstəxananın uzun və soyuq dəhlizi, insanların vurnuxmağı yeni həyatın astanasına düşdüyümüzü deyirdi. Üzümü əllərimlə örtüb ağlayır, heç kəsi görmək istəmir, anamı çağırırdım: “Anaaa! Ay ana! Gəl, ana, evimizi istəyirəm, səni, atamı istəyirəm!”

Hər gün ağlayır, atamı və anamı görmək istəyirdim. Beləcə bir neçə gün keçdi. Kolanı kəndindən Məsmə adlı bir qadın qaldığımız yerə – Sovet Azərbaycanının ilk qaçqınlarına qab-qacaq, pal-paltar gətirmişdi. Onu yaxşı xatırlayıram ki, həmin qabların içində bir qrafin vardı və görən kimi cazibəsinə düşdüyümü hiss etdim. Üstündəki naxışları yağan qar dənələri kimi, elə bil, qabın üzərində donub qalmışdı və saatlarla ona tamaşa etsəm də, baxmaqdan doymurdum. Bu qəribə naxışlar mənə nəyisə xatırladırdı, amma nəyi, onu anlaya bilmirdim. O gün möhkəm xəstələndim. Zarıya-zarıya anamı çağırırdım və bütün bədənim sızıldayırdı. Bu sızıltının içində belə, ürəyimdə anamı qınayıram. Məni kimlərəsə tapşırıb getməsi ilə barışa bilmirəm. Həyətdə səs-küy qopdu və mən qeyri-ixtiyari pəncərənin qabağına gəldim. Qar yağırdı, qadınlar topa-topa durub nəyisə müzakirə edirdilər. Bayıra çıxmaq istədim və bunun üçün sevimli qrafinimi də götürdüm. Ürəyim sanki yanırdı. Gələndə həmin qrafinlə bir buz kimi su gətirmək ağlımdan keçdi, “bəlkə, ürəyimin yanğısını söndürər”, – deyə fikirləşdim. Həyətə çıxanda yerin başdan-başa buz bağladığını gördüm, evlərin damından sırsıralar sallanırdı. Könülsüz-könülsüz bulağa tərəf gedirdim. Bulağa tərəf addım atdıqca gözlərim ürəyimdə qınadığım anamı axtarırdı. Bu vaxt, təsəvvür edirsinizmi, kürəyi mənə tərəf dayanmış qadını gördüm. Yox, yanılmıram o, anam idi. “Anaaaaa!”- deyib üstünə qaçdım. O qədər həyəcanlı idim ki, qrafinin əlimdən yerə düşməsini hiss etməmişəm. Gözümə anamdan başqa heç kim və heç nə görünmürdü. Özümü anamın qucağına necə atdığımı isə nə onda, nə də illər sonra xatırlaya bilmirəm, lakin anamın sifətindəki həzin təbəssümü açıq-aydın görürəm. Ağlamaqdan şişmiş gözlərini gözümə dikən anamın bənizinin solduğunun da fərqində oluram, amma bunlar mənim anama sarılmağıma mane olmur.

Məsmə xalanın səsinə diksinirəm. O, az qala uşaqlar kimi ağlayırdı: “Bu mənə nənəmdən qalmışdı”, – deyir. Pis oluram, utandığımdan bu xeyirxah qadının üzünə də baxa bilmirəm. Başımı aşağı əymişəm, bədənimin necə titrədiyini hiss edir, bir kəlmə danışa bilməsəm də, Məsmə xalanın səsi hələ qulaqlarımdan getmir: “Neynədin, ay bala!?”

Qrafin əlimdən yerə düşən tərəfə baxıram, o çilik-çilik olub. Bilmirəm, nə deyim, amma nəsə demək lazım olduğu açıq-aydın görünür. Birtəhər özümü ələ alır, onun üzünə baxa bilməsəm də, aram səslə üzrxahlıq edirəm:

– Məsmə xala, məni bağışla, vallah, bilmədim.

– Axı o yadigar idi. Süsənbər, mən səni çox istəyirəm, amma, ay bala, ehtiyatlı ol da. 

Söz tapa bilmirəm, hıçqıra-hıçqıra ağlayıram. Məsmə xala hikkəsindənmi, yainki özü də bilmədən səsini ucaltdığındanmı, mənə yaxınlaşmır. Anam isə danışmır, bir az da suçlular kimi peşman-peşman ona və mənə baxır.

Qardaşımın artıq həyatda olmadığını o gün bildim. 

Ürək bəzən öz tutumunu itirir, sanki böyüyür, böyüdükcə onun yüklənməyini duyursan. İndi düşünürəm ki, mənim ürəyim, görəsən, nə boydadır? 

Universiteti bitirəndən sonra işə düzəldim, mənə elə gəlirdi ki, olub-keçənlər vaxt adladıqca duman kimi çəkilib gedəcək. Vaxt keçdikcə bunun elə olmadığını, əksinə, daha dərindən oturuşduğunu hiss edirdim. Evimizi gecəykən tərk etməyimizi, sobanın pul kimi qızaran dəmir divarlarını, çəkmələrimi silib, qurulayıb saxladığım yerdən götürməyimi, geyinib evdən çıxdığımızı, çəkməmin itən tayını, qrafini əlimdən yerə saldığımı, anamsız yaşadığım günlərin sıxıntısını və çox şeyləri unuda bilmədiyimi, heç zaman unutmayacağımı o vaxtdan dərk etdim. Bunu dərk etmək qəmli ovqat yaradır və bütün ömrün boyu bu ovqatla yaşayırsan.

Günlərin birində həmin qrafinin, demək olar ki, oxşarını axtardım, tapdım və aldım, anamla birlikdə Kolanıya getdim. Yollar, təpə və düzənlər min rəngə çalırdı. Üzümü anama çevirdim, soruşacaqdım ki, ana, bax, bu çiçəklər Axtada – həyətimizdəki çiçəklərə bənzəmirmi? Amma anam dolmuşdu, kipriklərinin ucundan göz yaşları sallanır, qopub sinəsinə düşməyə məqam axtarırdı.

Onda başa düşdüm ki, təkcə mən deyiləm ürəyin böyüməyini hiss edən, itirdikləri üçün qəmlənən və darıxan. Anama baxdım və susdum, gedəcəyimiz yerə qədər nə o dindi, nə də mən.

Məsmə xalanı görmək, onun könlünü almaq, hədiyyəsini vermək ürəyimə az da olsa, rahatlıq gətirəcəkdi. Bu da olmadı. Üstəlik, o, nəinki qrafini götürmədi, hələ məndən ürəkdən incidi. Elə incik-incik də dilləndi:

– Ay bala, mən bu qrafini yadigar olduğu üçün əzizləyirdim. Səndən bunu götürə bilmərəm. 

08.06.2024

Novxanı

Müəllif: Mahirə NAĞIQIZI

MAHİRƏ NAĞIQIZININ DİGƏR YAZILARI

Poeziya zəfərin təntənəsi kimi

Poeziya zəfərin təntənəsi kimi

Tariximizi vərəqlədikdə görürük ki, Azərbaycan qadınları xalqın tərəqqisində həmişə fəal rol oynayıblar. Onlar gözəllikləri, nəcib əməlləri, ağıl və zəkaları ilə təkcə nümunəvi ailə kultu yaratmayıblar, igid oğullar, qızlar tərbiyələndirməklə yanaşı, milli mənəviyyatın, sosial əxlaqın formalaşması və sağlam, uzaqgörən idarəçilik işinə də öz töhfələrini vermişlər. Öz fədakar əməyi, fəal ictimai mövqeyi, filologiyamızda orijinal yeri olan belə qadınlardan biri də filologiya elmləri doktoru, professor, Əməkdar müəllim, şair Mahirə Nağı qızı Hüseynovadır.

Professor Mahirə Nağıqızı neçə illərdir ADPU-nun Filologiya fakültəsinə rəhbərlik edir. Onun fakültəyə dekan təyin olunmasından sonra fakültədə tədrisin keyfiyyəti xeyli yüksəlib. Vətənə, xalqa, millətə, dövlətçiliyə, milli soykökə bağlılıq onun fəaliyyətinin, ədəbi yaradıcılığının hər səhifəsində təcəssüm olunur. İstər publisistikası, istər nəsri, istərsə də poeziyası xalq, torpaq, vətən sevgisi ilə yoğrulub. O, ilk dəfə olaraq Qərbi Azərbaycanın Dərələyəz mahalının aşıq və el şairlərinin yaradıcılığının dil və üslub xüsusiyyətlərini araşdırmış, elmi-ədəbi nəticələr əldə etmişdir.

Mahirə xanım orta məktəbdə oxuduğu illərdən şeir yazıb. Xüsusən də onun bədii yaradıcılığı ali məktəbdə oxuduğu illərdən ardıcıl şəkil alıb və respublikanın müxtəlif mətbuatında dərc edilib, ayrı-ayrı nəşriyyatlarda 20-yə yaxın şeir kitabı çap olunub. Bunlardan “Mənim anam”, “Su at dalımca, ana”, “Ana sevgisindən doğan nəğmələr”, “Yaşadacaq anam məni”, “Ana kəndim Xalxalım”, “Ömrün çıraqdır sənin”, “Sözün hikməti”, “Analı dünyam”, “Haqqa çağıran səs”, “Bayatılar”, “Bayatılar və üç şeir”, “Ruhuna beşiksə, tanı, Vətəndir” və s. kitab və topluları göstərə bilərik.

“Ruhuna beşiksə, tanı, Vətəndir” kitabı hələlik onun sonuncu şeir toplusudur və buna seçilmiş əsərlər də demək olar. “Ruhuna beşiksə, tanı, Vətəndir” şeirlər kitabı Mahirə xanımın poetik düşüncə sistemi barədə dolğun təsəvvür yarada bilir.

Ümumilikdə, Mahirə Nağıqızının şeir yaradıcılığına nəzər saldıqda aydın görünür ki, onun lirik qəhrəmanı zamanın, günümüzün, hisslərimizin ən ağır və dərdli məzmununu özündə əks etdirir. Şairənin “lirik “Mən”i qəlbinin hökmü ilə nəfəs alır, düşünür, sevinir. Düşüncələr daha çox hər an pünhan qalmış sirləri açmağa hazırdır. Burada sevginin tərənnümündən çox, insanın iç dünyasının iztirabları önə çıxır. Bu da təsadüfi deyil, bütün bunlar mənən iztirab və əzab çəkmiş insanın artıq gizli saxlaya bilmədiyi duyğularının sözdə poetikləşən müxtəlif çalarlarıdır:

 O da dağ, bu da dağ, ayrı-ayrıdı,

Çayını aparan dərəsi birdi.

Yalında gözləyə, yan-yörəsində

Yüz ovçu dayana, bərəsi birdi.

Kimdi ox olanı, kimdi yay çəkir,

Kimdi qazan asan, kimdi pay çəkir?

Neçə min ildir ki, ərlər hay çəkir,

Dərdləri cürbəcür, nərəsi birdi.

 Mahirə xanıma bu istedad professor, böyük dilçi alim, ictimai xadim, folklorşünas Həsən Mirzədən və anası, el ağbirçəyi, sinəsi bayatılarla dolu olan Nazlı anadan keçib.

Mahirə Nağıqızı həm də nəğməkar şairdir. Bəstəkarların onun sözlərinə bəstələdiyi onlarca mahnı müğənni və xanəndələrimiz tərəfindən sevilə-sevilə oxunur. Eləcə də çağdaş aşıqlarımız Mahirə xanımın qoşmalarına repertuarlarında mühüm yer verirlər. Əməkdar artist, xanəndə Elnur Zeynalov Mahirə Nağıqızının sözlərinə ürəyəyatan mahnılar bəstələyib. Onların birini də sevilən gənc xanəndə-müğənni Almaxanım Əhmədli şövqlə oxuyur. “Sən olaydın” adlanan nəğmə tamaşaçılar tərəfindən rəğbətlə, məhəbbətlə qarşılanır.

Şairin çoxşaxəli yaradıcılığında Vətənin bütün gözəllikləri Azərbaycanın ekvivalenti anlamını ifadə edən müqəddəs bir məkan kimi simvollaşdırılır. Onun vətən sevgisi bitib-tükənməyən, sonsuzluğa qədər davam edən ən ali, ülvi hisslərin məcmusuna çevrilir:

 Bitər sərhədlərin bu yer üzündə,

Qəlbimdə sərhədin nədən bitmədi?

Gəlmisən, üzürsən eşq dənizində,

Sənə məhəbbətim, Vətən, bitmədi.

 Erməni vandallarının əsrlərdir Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti, otuz il düşmən əsirliyində qalan doğma Qarabağımızın talan edilməsi, yağı tapdağı altında inləməsi şairdə acı təəssüf hissi doğurur, lakin insana ümidsizlik təlqin etmir. Şair vətəni, ana yurdu və onun timsalında xalqımızı, vətən övladlarını məğrurluğa, əyilməzliyə səsləyir:

 Qan axan yarana gözüm yaşını

Dərman əvəziydi, səpələdim mən.

Bu da bir sınaqdı, əymə başını,

Sınıq əhvalına dözə bilmərəm.

Mahirə Nağıqızının “Sən döyüşə hazır ol” şeiri Azərbaycan xalqını bir ideya ətrafında birləşməyə, düşmənlərə qarşı eyni mövqedən çıxış etməyə istiqamətləndirən səfərbərlik çağırışıdır. Şeirdə Azərbaycan əsgərinin qəhrəmanlığına, məğlubedilməzliyinə böyük ümidlər bəsləyən, onun gücünə, qüdrətinə güvənən xalqımızın məğrur və təəssübkeş ziyalısının qəlbində əbədi və əzəli torpaqlarımızın azad olunacağına dərin inamı ifadə olunmuşdur:

 Azərbaycan əsgəri, yolun Şuşaya gedər,

O yürüşün naminə son döyüşə hazır ol!

İntizarda Laçındı, Zəngilandı, Kəlbəcər,

Pir görüşün naminə, son döyüşə hazır ol!

Sən vətənin gücüsən, vətənin əsgər oğlu,

Vətən haya çağırmaz, haraylamaz hər oğlu.

Qızlar gül-çiçəyiylə süslər müzəffər oğlu,

O gəlişin naminə, son döyüşə hazır ol!

 44 günlük Qarabağ savaşında hər bir Azərbaycan əsgərinin devizinə çevrilən bu misralar bizi qələbədən-qələbəyə apardı. Azərbaycan xalqı və onun mübariz, cəsur oğulları zülm və istibdada, erməni vandalizminə son qoydu. Həmçinin bu müqəddəs arzu bütövlükdə Azərbaycan xalqının istəyi kimi reallaşdı, Ali Baş Komandan İlham Əliyevin və yenilməz ordumuzun qəhrəmanlığı sayəsində 2020-ci ilin 10 Noyabrında tarixi torpaqlarımız, əzəli Qarabağımız mənfur düşmənlərin caynağından qoparıldı. Bu tarixi qələbə bütün həmvətənlərimiz kimi, Mahirə Nağıqızının da hədsiz sevincinə səbəb oldu və onu yeni-yeni vətənpərvərlik mövzusunda əsərlər yazmağa ruhlandırdı.

Ana məhəbbətinin böyüklüyü, müqəddəsliyi də Mahirə Nağıqızı yaradıcılığının əsas leytmotivinə çevrilən mövzulardandır. Bütün çətinliklərə sinə gərərək min bir əziyyətlə övlad böyüdən, qayğıkeş, mərhəmətli, cəfakeş ana obrazı ümumiləşmiş Azərbaycan qadınlarının simvolu təsiri bağışlayır:

 Sənə açılan gün sənin deyildi,

Bizlə bölüşübsən lap əvvəlindən.

Necə saxlayırdın, möcüzə idi,

Yorğun gözlərində təbəssümü sən.

O gözün nuruyla dünya göründü,

Oradan başladı yolumuz bizim.

Həmin təbəssümdür bəlkə də indi,

Ən böyük sərvəti hər birimizin.

Şeirin hər misrasında ana nəvazişinin istisində qızınan övlad qəlbinin hərarətini, üzündə o müqəddəs varlığın çöhrəsindən nur alan təbəssümünü və böyük həyat eşqini, qurub-yaratmaq əzmini, gələcəyə inam hissini görmək mümkündür.

Bir millətin varlığı, kimliyi, keçdiyi şərəfli tarixi yolu digər mənəvi dəyərlərlə yanaşı, həm də onun ana dilinin saflığında, duruluğunda və çoxçalarlığında ehtiva olunur. Mahirə Nağıqızının yaradıcılığında ana dilinə həsr etdiyi poetik nümunələr də xüsusi yer tutur. “Orxonlardan üzü bəri yazın qalıb, // Altaylardan Balkanlara izin qalıb” – deyən şair Azərbaycan dilinin minilliklər boyu çox çətinliklərdən keçərək cilalanıb günümüzə gəlib çatmasını, xalqımızın zəfər salnaməsinin bu dildə yazılmasını böyük qürur hissilə xatırladır:

 Bu dünyanın yaşı qədər tarixin var,

Sonu qədər, başı qədər tarixin var,

Ha baş vursam bitməz qatı, ana dilim,

Dədəm-babam amanatı, ana dilim.

Mahirə Nağıqızının zəngin söz palitrasında onun təbiətin, cəmiyyətin və idrakın ümumi inkişaf qanunauyğunluqlarının poetik anlamını, dərin fəlsəfi fikir yükünü daşıyan şeirləri diqqəti cəlb edir. Yaradılışdan bugünədək bəşər övladının keçdiyi ömür yolunun mahiyyətini açan, sirlərlə dolu kainatın möcüzələrinə işıq salan bu poeziya nümunələri şairin öz oxucusu ilə ixtilatı təsiri bağışlayır və insanı dünyanı dərk etməyə, onun var- dövlətinə, şan-şöhrətinə uymamağa, həyatın enişli-yoxuşlu yollarında büdrəməməyə, ağıla və idraka arxalanmağa bir çağırış nidasıdır.

Şair “Yol gələr, yol gedər mənzilə çatmaz, // Yollarda başlayar, bitər bu dünya” kimi fəlsəfi deyimlərdə ucu-bucağı görünməyən qoca dünyanın paradoksallıqlarını yüksək sənətkarlıqla açıb göstərir:

 Ümiddən düşməyən dilək yaratdı,

O, Allah yaratdı, mələk yaratdı.

Ev qurdu, bağ saldı – gerçək yaratdı,

Özünü gəzənin duyğusu – dünya.

Nə salam verəndir, nə salam alan,

Ovqatı ötəri, vüsalı yalan.

Mahirə, söylə ki, bizlərə qalan,

Bir addı, onun da suçlusu dünya.

 Mahirə Nağıqızının polifonik yaradıcılığında onun geniş dünyagörüşünü, həyata və cəmiyyətə baxışını, fəlsəfi fikir yükünü özündə əks etdirən “Rənglərin simfoniyası” şeirinin xüsusi yeri var. Şair min illərin dərin mifik yaddaşına söykənərək yeddi rəngin hər birinin spesifik xüsusiyyətini, çalarlarını simvollaşdıraraq onların əsl mahiyyətini açmağa müvəffəq olur:

Ağappaq dünyamdır ruhuma güzgü,

Əminlik – deyəndə, yada Ağ gələr.

Qırmızı rəngində istəklə sevgi,

Gücün, iradənlə yaşamaq gələr.

Yaşıl – düzgünlüyün, cəhü-cəlalın,

İradə, dözümün özüdür ancaq.

Göy rənglə birləşsə ağıl-kamalın,

Səni yüksəklərə o qaldıracaq.

    Mahirə Nağıqızının çəhrayı rəngi təmiz məhəbbətin, boz rəngi ilahi qüvvətin, qara rəngi bəşəriyyətin pisliyə açdığı dava-dalaşın, sarı rəngi dirçəlişin, zəfər və qələbənin rəmzi kimi simvollaşdırması onun öz sələfləri olan Səməd Mənsurdan, Rəsul Rzadan fərqli bir yanaşma sərgilədiyini göstərən maraqlı məqamlardır.

Görkəmli alim, pedaqoq, istedadlı şair, Əməkdar müəllim Mahirə Nağıqızı 30 ildən artıqdır ki, böyük yaradıcılıq yolu keçərək ədəbi fəaliyyətinin kamillik zirvəsinə yüksəlmişdir. Azərbaycan elminin, zəngin və çoxəsrlik ədəbiyyatımızın inkişafına dəyərli töhfələr verən Mahirə Nağıqızına yeni-yeni yaradıcılıq uğurları və müvəffəqiyyətlər arzulayırıq!

Müəlliflər:

Vüqar ƏHMƏD,

Gülbəniz BABAYEVA,

İlkin mənbə: Ədəbiyyat qəzeti.- 2022.- 12 fevral. S. 19.

MAHİRƏ NAĞIQIZININ YAZILARI

Mahirə Nağıqızının söz dünyasına bir baxış

Mahirə Nağıqızının söz dünyasına bir baxış

Mahirə Nağıqızı Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektorudur, Prezident təqaüdçüsüdür. Filologiya elmləri sahəsində səriştəli tədqiqatçıdır. Fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Həsən Mirzəyevin yaradıcılığında filologiya məsələləri” mövzusunda (2012); elmlər doktoru elmi dərəcə almaq üçün isə “XIX-XX əsr Qərbi Azərbaycan aşıq və el şairlərinin yaradıcılığının dil və üslub xüsusiyyətləri (Dərələyəz mahalı üzrə)” mövzularında (2017) dissertasiyalar müdafiə edib. Mahirə Nağıqızı tanınmış alim olmaqla yanaşı istedadlı şairdir,  Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Gözəl şeirləri vardır.  Qələmindən neçə-neçə şeir kitabı çıxmışdır. Diqqət yetirək: “Mənim anam” (2006), “Su at dalımca, ana” (2006), “Ana sevgisindən doğan nəğmələr” (2008), “Yaşadacaq anam məni” (2009), “Ana kəndim Xalxalım” (2010), “Ömrün çıraqdır sənin” (2010), Sözün hikməti” (2012), “Analı dünyam” (2015), “Haqqa çağıran səs” (2015), “Dilimiz – varlığımızdır” (2021), “Salam Olsun (vətənpərvərlik şeirləri)” (2021) və s.

Azərbaycan bəstəkarları tərəfindən Mahirə xanımın sözlərinə 30-dan artıq mahnı bəstələnib, aşıqların ifasında 70 mahnı səslənib.  Bəzi mahnıları diqqətə çatdıraq: Sevinc Mansurovanın bəstəsində “Azərbaycan” və “Layla çal, yatım ana; “Ata Heydər, oğul İlham”, Arif Səlimovun bəstəsində “Ay ana”,  “Ana”, “Balam”; Tahir Mahiroğlunun bəstəsində “Ata”; Tahir Əkbərin bəstəsində “Qısqanıram və s.

Mahirə Nağıqızının şeirləri mövzu müxtəlifliyi, mövzu rəngarəngliyi, məzmun dolğunluğu baxımından diqqəti cəlb edir. İlk növbədə, qeyd etməliyik ki, o, vətənpərvər şairdir. Əsərlərində milli ruhun təbliği, milli özünüdərkə xidmət özünəməxsus yer tutur. Vətən sevgisini, onun bütövlüyünü, toxunulmazlığını, müstəqilliyini, azadlığını dönə-dönə vurğulayaraq doğma yurdu vəsf edir. Torpaqlarımızın işğal altında olduğundan yana-yana danışır, lakin inanır ki, gec-tez tutulmuş ərazilərimizə sahib olacağıq. Erməni faşist işğalçılarına qarşı sonsuz nifrətlə mübarizəmizdən, müharibəmizdən söz açır, erməni ordusunu 44 gün ərzində darmadağın etməyimizi, zabit və əsgərlərimizin fədakarlığını, şəhidlərimizin, qazilərimizin böyük hünərini parlaq boyalarla işıqlandırır. “Salam olsun” şeirini yada salaq:

Rəzil oldu bizi qüvvə saymayanlar,

Qanda batdı qan içməkdən doymayanlar.

Bu milləti yıxılmağa qoymayanlar,

Dünyada hər anınıza salam olsun!

Bu tarixi qələbədə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin  rolu xüsusi vurğulanır, Vətən müharibəsində ölkəmizə dəstək duran Rəcəb Tayyib Ərdoğan böyük məhəbbətlə vəsf edilir: 

Adı qalar zaman-zaman Sər doğanın,

İzi qalmaz hər olanın, hər doğanın.

İlham, sənin, Rəcəb Təyyub Ərdoğanın,

Həmişə var canınıza salam olsun!

Əldə silah, fədakarlıqla, hünərlə döyüşənlər, Vətənin azadlığı, ərazi bütövlüyü,  müstəqilliyi uğrunda müharibə meydanında həlak olanlar da unudulmur:

Şəhidlərim, haqqınız var çiynimizdə,

Kəfən geydik, qalacaqdır əynimizdə,

Çıxmayacaq, yaşayacaq eynimizdə,

Tökülən al qanınıza salam olsun!

Azərbaycanımız yüz illər, min illər ərzində Vətənimizin müstəqilliyi, azadlığı uğrunda yüz minlərlə oğlunu, qızını itirib.  İkinci Dünya müharibəsində cəbhəyə 600 mindən çox azərbaycanlı yola düşüb, onların yarısı geri qayıtmayıb, həlak olub. Birinci və ikinci Qarabağ müharibələrində nə qədər şəhid vermişik. Bir də 20 Yanvar şəhidləri vardır. SSRİ rəhbərliyi öz vətəndaşlarının üzərinə tanklar yeridib, dinc sakinləri avtomat güllələrinə tuş edib. Mahirə xanımın “Şəhidlər”  şeiri  sovet ordusunun xalqımıza tutduğu divanı yada salır: 

Doğulub düşmənə daş atmaq üçün,

Ürəyi qorxudan boşaltmaq üçün.

Ölərlər vətəni yaşatmaq üçün,

Hər qəlbdə bir qala tikər şəhidlər.

Vətən  Mahirə xanımın ən çox sevdiyi və yüksək dəyər verdiyi mövzulardandır. Əslində burada bir qəribəlik də yoxdur. Bütün şairlər, ilk növbədə, ana adlandırdığımız Vətəni tərənnüm  edən şeir yazıb. Biz hamımız Vətəni, doğma diyarı  sevirik. Bunu hərəmiz fərqli şəkildə mənalandırırıq. Birimiz şeirlərilə, digəri nəsr əsəri ilə, başqası memarlıq işi ilə, kimisi onun müdafiəsinə atılmaqla, qeyriləri Azərbaycanı dünya miqyasında tanıtmaqla. Mahirə Nağıqızı da həm özünün Vətənə məhəbbəti, həm də  “Qar havası var” və başqa şeirləri ilə öz mövqeyini bildirir. Diqqət yetirək:

Haraya getsəm də, Vətən, ay Vətən,

Könlümdə ruhunun var, havası var.

Ayrılıqdı bilməm, xiffətdi – bilməm,

Sənsiz hər tərəfdə qar havası var.

Köksündə dondurmaz ayazı qışın

İstisi bəsimdi bircə qarışın.

Qürbətdə küləyin, yağan yağışın,

Səsində bir ahu-zar havası var.

Mahirə xanım – anadır. Ananın insan həyatında nə demək olduğunu çox gözəl bilir və  ailədə analıq vəzifələrini  uğurla, yüksək səviyyədə yerinə yetirir. Şeirlərinin bir çoxunu analara, xüsusən özünün dünyalar qədər bağlandığı   sevimli anasına həsr edib.

Mahirə xanım 2020-ci ildə işıq üzü görmüş “Onun daş nağılı” kitabına ana ilə bağlı üç şeir daxil edib. Qəribə burasındadır ki, hər üç şeirini “Anama” adlandırıb. Əslində burada qəribəlik də yoxdur. Bu şeirlər şairin anaya, anasına böyük, dərin məhəbbətinin timsalı kimi meydana gəlib.

Şairin Anaya həsr etdiyi şeirlər arasında “Saçların balladası” şeiri səmimiliyi, təbiiliyi ilə diqqəti cəlb edir. Mahirə xanım ana qayğısının, ana nəvazişinin, ana sevgisinin hamımıza tanış olan aşağıdakı notları ilə bir daha bizi tanış edir:

Hər dəfə başımı dizinin üstə –

Çəkərdi, saçımı oxşardı anam.

Bir onu, bir də ki, qulac saçıma

Dəyən nəfəsini unudammıram.

“Anama” adlanan digər şeirdə  ana nikbin əhvali-ruhiyyədədir. Həmişə belə olub, onu heç kim bu həyatdan gileyli görməyib:

Bir nəfər görmədi, səni bir nəfər,

Həyatdan gileyli, bəxtdən narazı.

Analar zəhmətə qatlaşan olurlar.  Evin bütün ağırlıqları onların üzərinə düşür. Evdə görüləsi iş-güc çoxdur. Şeirin qəhrəmanı da hər şeyi  çatdırır. Buna səhər ertə yuxudan oyanmaq, işə başlamaqla, özü də kiminsə şirin yuxusuna haram qatmamaqla nail olur:

Yadımdan çıxmaz ki, hər səhər erkən,

Elə gəzinərdin evdə yavaşdan.

Nə cür çatdırırdın, deyə bilmərəm,

O boyda işləri durub o başdan…

Şair çox düşünüb-daşınır, dağı Arana, Aranı dağa aparır. Fəqət dünyada anadan qiymətli heç nə tapa bilmir. Bunu yəqin etdikdən sonra qələmə sarılır:

Ay ana, bilirəm bu kainatda,

Qiymətli nə varsa oyun-oyuncaq

Hər şeyin qiyməti olur həyatda,

Sənin qiymətini tapmadım ancaq.

Mahirə xanım şeirlərinin birində ananın   fikir çəkdiyini,   narahat olduğunu, hətta  göz yaşı tökdüyünü görüb   qayğılanır. Bu, onu varından yox edir. Anaya təsəlli verməyə, onun dərdini, kədərini yüngülləşdirməyə çalışır:

Yenə qəlbim göynətməsin qəlbini,

Ağ saçını suya sərib ağlama.

Kim böləcək bölünməyən dərdini,

Fəqan çəkib qərib-qərib ağlama.

İstəyir ki, ana özünü ələ alsın, qayğılanmasın, göz yaşı tökməsin.  Axı göz yaşı təsəlli ola bilər, dərdi, kədəri bir azca, azacıq yüngülləşdirə bilər, fəqət “bölünməyən dərdini heç kim bölə bilməyəcək”  (“Kim böləcək bölünməyən dərdini”). Əbədi heç nə olmur, gələn – gedir, dolan – boşalır,  olan – olmur. Hər şey də, şeirdə deyildiyi kimi, “gəldi-gedərdir”. Diqqət yetirək:

Ah eləmə, ahu-zarın hədərdi,

Bu dünyada hər şey gəldi-gedərdi,

Göz yaşımnan göyətmişəm bu dərdi,

Təsəlli ver, durub-durub ağlama.

Mahirə Nağıqızının qadına, anaya xüsusi dəyər verməsi  təbiidir. Professor T.Novruzovun aşağıdakı fikrini mən də təsdiqləyirəm: “Mahirə Nağıqızının poeziyasının baş obrazı ANAdır”.

Mahirə xanımın bədii yaradıcılığının bir istiqamətini də  Azərbaycanımızın adlı-sanlı insanlarına, məşhur elm adamlarına ünvanlanmış şeirləri təşkil edir. Bu baxımdan professor Həsən Mirzəyevə həsr etdiyi şeir səciyyəvidir:

El oğluydu, el adamı, – dedilər,

Tək qoymayıb bir adamı, – dedilər.

Ata, qardaş, əmi, dayı, – dedilər,

Dağda, düzdə Həsən Mirzə yaşayır.

Şeirdən göründüyü kimi, Həsən Mirzəyev təkcə adlı-sanlı alim, millət vəkili olmaqla öz fəaliyyətini məhdudlaşdırmayıb, el oğlu, el adamı olub, camaatın xeyrinə, şərinə yarayıb. Belələri həyatda həqiqi şəxsiyyət statusu alırlar.

Məhəbbət əbədi ehtiyacdır. Nazim Hikmətin dediyi kimi, “İnsanın ən böyük kəşfi məhəbbətdir”.  Elə şair tapılmaz ki, eşq, sevgi, məhəbbətə aid şeirləri olmasın. Hətta bəzi məşhurlar məhəbbət şeirləri ilə yaradıcılığa başlamışlar. Bu mənada Mahirə xanımın şeirlərini arayıb-axtardım, görüm ki, onun məhəbbətə aid hansı şeiri var. Tapdım. Yalnız birini – “Sənsiz” şeirini diqqət mərkəzinə gətirmək istəyirəm. Onun da bir bəndini: 

Bu səhra dünyamın yuxularının,

Hər gecə gəzdiyi ormanı sənsən.

Yaralı qəlbimin, xəstə canımın,

Yeganə davası, dərmanı sənsən.

Eşq ilə dikələn dərd – sarayıymış,

Başqa cür deyilən hay- harayıymış.

Sənsiz yaşadığım gün – haramıymış,

Ömrümün-günümün hər anı sənsən.

Mahirə xanımdan ötrü məhəbbət  ümiddir,  imandır,  inam və nəhayət,  həyatdır. Eşqə mübtəla olan şəxs əxlaqını saflaşdırır, mənəviyyatını zənginləşdirir,   pak, kindən-küdurətdən azad olar.

“Sənsiz” şeirindən göründüyü kimi, şair eşqi “yaralı qəlbin, xəstə canın davası-dərmanı” adlandırır. Aşiqi “ömrümün-günümün hər anı” hesab edir. Uğurlu bənzətmələrdir.

Mahirə xanımın şeirləri arasında bir şeiri (“Köhnədi”) xüsusilə məni valeh etdi. Mənalandırma son dərəcə gözəldir. Yalnız iki bəndini nümunə gətirirəm:

Zaman gedər, zaman gələr,

Dünyanın çarxı köhnədi.

Buluddan yağış ələnər,

Aparan arxı köhnədi.

Danış, dərdin mənə gəlsin,

Təki sənin üzün gülsün.

Taxda çıxan hardan bilsin,

Çıxdığı taxtı köhnədi.

Münasibət bildirək:  Yağış yağır. Hamının ürəyincədir ki, yağış olsun, əkin-biçin suvarıla bilsin. Suyu arx aparır, arx isə köhnədir, yağış suyunu ünvana  çatdıra bilmir  (“Buluddan yağış ələnər, Aparan arxı köhnədi”).

Qeyd etdiyimiz kimi, Mahirə Nağıqızının bədii yaradıcılığı əhatəlidir. Biz bu yaradıcılıqdan bəzi nümunələri diqqət mərkəzinə gətirə bildik. Təbii ki, bütün şeirlərinin üzərində dayanmaq mümkünsüzdür.

Bu yazını bitirərək bir daha vurğulayırıq: Mahirə Nağıqızı çağdaş poeziyamızın sayılıb-seçilən nümayəndələrindəndir!  Qoy bundan sonra da belə olsun!

Mahirə xanımın şeirləri sevilə-sevilə oxunur! Şair sevilirsə, demək, o, əbədilik qazanıb.

Əbədilik qazanan şairlər var olsunlar!!!  Mahirə xanıma uğurlar diləyirik!

Müəllif: AKİF ABBASOV,

Azərbaycan Respublikasının Təhsil İnstitutun elmi katibi,

pedaqogika elmləri doktoru, professor, Əməkdar müəllim.

Şairə Mahirə Nağıqızının bədii söz ustalığı

Şairə Mahirə Nağıqızının bədii söz ustalığı

Müasir ədəbi prosesdə özünün bədii sənətkarlığı ilə tanınan istedadlı şairlərdən olan Mahirə Nağıqızı – Hüseynovanın yaradıcılığı da bədii dil baxımından olduqca zəngin və mükəmməldir. Ana dilinin bütün imkanlarından ustalıqla istifadə edən istedadlı şairə şeirlərilə mükəmməl bədii dil ortaya qoymuşdur. Onun yaradıcılığı mövzu-mündəricə etibarilə zəngin olduğu kimi, bədii dil və sənətkarlıq baxımından da mükəmməl və nümunəvidir. Vaxtilə ədəbiyyatşünaslığın böyük bilicisi və qüdrətli yazar Mir Cəlal yazırdı ki, “bədii dil bədii əsərlərdə həyatı, varlığı şairanə bir şəkildə əksetdirmə vasitəsidir”. Ustad Mirzə İbrahimov da deyirdi ki, “bədii dil … bədii əsərin taleyini həll edir”.

İstedadlı, təbli bir şairə kimi özünü tanıdan şairə bu günə dəqər xeyli sayda kitablar bəxş etmişdir. Geniş oxucu kütləsi tərəfindən sevilərək rəğbətlə qarşılanan Mahirə Nağıqızı bir şairə kimi qiymətli əsərlərinə görə “Qızıl qələm” və digər mükafatlara layiq görülmüşdür.

Müasir ədəbi prosesdə öz qələmi və imzası ilə tanınımış Mahirə Nağıqızının yaradıcılığı özünəməxsus bədii ifadə imkanları ilə zəngin və sənətkarlıq örnəyidir. Mövzu-mündəricə etibarilə yaradıcılığı zənginliyə malik olan şairənin müşahidə qabiliyyəti ilə ifadə imkanlarının məharəti və zənginliyi bir-birini tamamlayaraq çox ecazkar, bədii sənətkarlıq baxımından heyrətamiz bir yaradıcılıq nümunəsi ortaya çıxarmışdır. Şairə M.Nağıqızı dilçi alim olmaqla ana dilimizin üslubi imkanlarına bütün dərinliyi ilə bələd olduğu kimi, öz yaradıcılığı ilə də onun üslubi zənginliyinin təcrübi örnəyini ortaya qoymağa müvəffəq ola bilmişdir. Bu baxımdan M.Nağıqızının yaradıcılığında olduqca məzmunlu və özünəməxsus məcazlar nümunəsi, üslubi fiqurlar örnəyinə rast gəlmək mümkündür. Şairə hiss və duyğularını, lirik obrazını dilin mükəmməl poetik sistemi ilə təqdim edərək yaddaqalan, diqqətçəkici və orijinal məcazlar və poetik fiqurlar istifadə etmişdir. Şairənin yaradıcılığı üçün müqəddəs ANA obrazını bədii cəhətdən təsirli və yaddaqalan təqdim etmək üçün istifadə etdiyi üslubi fiqurlar, mübaliğə və məcazların məharətli öz çəkiciliyi ilə fərqlənmiş və nümunəyə çevrilmişdir:

Xəbərim olmayıb süd əmməyimdən,

Bəlkə döşləri də daşıymış onun?!

Əlini başıma çəkdiyi gündən,

Duydum əllərinin daş olduğunu.

Şairə ana məhəbbətindən, ana nəvazişindən məharətlə söz açır. Elə məhəbbət ki, bəzən daş kimi ağır, nəvazişi daş kimi möhkəm. Şairə çox məharətlə daş parçalayan, qayalar qıran, palçıq qarışdırıb kərpic qaldıran bir ana əlinin daş ağırlığında gizlənən ana nəvazişini ən sadə dil konstruksiyaları ilə canlı-canlı, təsirli ifadə etməyə qabil olmuşdur. Anasının sədaqətini, evinə, ocağına bağlılığını məhz bu daşlara dözən tabında-tavanında taparaq əks etdirib. Bununla da təkcə bir ananın deyil, milyonlarla azərbaycanlı anası – qadınının obrazını, heysiyyət və həssasiyyətini, sədaqət və qeyrətini, məhəbbət və nəvazişini ümumiləşdirərək obrazlaşdırıb.

Mahirə Hüseynovanın şeir dilində ana dilimizin qanadlı sözlər xəzinəsindən məharətlə istifadə edilmişdir. Onun yaradıcılığında ana dilimizin məna müxtəliflikləri ifadə etmə qüdrətinə bələdçilik və istifadə məharəti də özünü təzahür etdirir. Onun yaradıcılığında iki ANAya dərin məhəbbət və qırılmaz bağlılıq var: bir bizi dünyaya bəxş edən Ana, bir də Vətən:

Bitər sərhədlərin bu yer üzündə,

Qəlbimdə sərhədin nədən bitmədi?

Gəmisən, üzürsən eşq dənizimdə,

Sənə məhəbbətim, Vətən, bitmədi.

Vətənə məhəbbətin min-min sözdə ifadə tapdığı eyniyyətin orijinal, bənzərsiz bir nümunəsi qarşımızda dayanıb. Vətən siyasi cəhətdən konkret sərhədlərlə yer tapır, lakin bir vətəndaş, insan qəlbində Vətən və ona məhəbbət sonsuz, hüdudsüz, sərhədsizdir. Şairə böyük sənətkarlıq məharətilə obrazlı ifadələrini ən orijinal, özünəməxsus ifadə tapıntıları ilə, söz oyunları ilə əks etdirməyə müvəffəq olub. Burada da şairə bir tərəfdən misralar arasında üslubi fiqur olaraq bədii təzaddan istifadə etmiş (bitər-bitmədi), bədii təzadın qarşılaşdırma yolu ilə nəzər diqqəti cəlb etmə məharətini göstərmiş, həm də bədii təzadın ifadəlilik imkanları daxilində vətənə məhəbbətin hüdudsuzluğunu təqdim etməyə nail olmuşdur. Eləcə də “Arzuları göyərməyən kəslərin, Torpaq üstdə sinədaşı göyərər” misrasında şairə məharətlə “göyərməyən – göyərər” bədii təzadını yaratmaqla fikrin olduqca dərin və rəngin bir ifadəsini ortaya qoymuşdur. Ümumiyyətlə, istedadlı şairə öz yaradıcılığında bir sıra orijinal bədii sual, təzad, təkrir, mübaliğə, litota və b. kimi üslubi fiqurlardan istifadə etmişdir:

Təzad:

Yazılanı bu dünyada olmaz pozan;

Allahdan aşağı, bəndədən uca

Adını bir nəfər ucadan çəkir;

Allahın adından danışan insan

Allahın evini daşa tuturdu;

Onların sağlığı döyüşən əsgər,

Məzarı -Vətənin istehkamıdır və s.

Şairə məcazların çox maraqlı, həm də orijinal nümunələrini ərsəyə gətirməklə şeriyyətinə min bir rəng, canına can, ruhuna ruh qatmışdır. Şairə obrazı mükəmməl və təsirli yaratmaq üçün yaddaqalan mübaliğə və litotlardan istifadə etmiş, mükəmməl nümunələrini ortaya qoymağa müvəffəq olmuşdur. “Canımı verərəm səndən ötəri, Ruhum sağlığından xatircəm olsun” bədii misrasında da şairə mübaliğənin imkanlarından yararlanmaqla aşiqdəki məhəbbətin qırılmazlığı və fədakarlığının özünəməxsus təbiri və ifadəsini, məxsusi olaraq əzəmət, qüdrət və dəruniliyini təcəssüm etdirmişdir. Şairənin yaradıcılığında rast gəldiyimiz aşağıdakı mübaliğə və litota nümunələri də onun poetik ustalığını aydın nümayiş etdirən bədii faktlardandır:

Mübaliğə:

Ərən oğulları bir yolu seçdi

Tutub dırnağıyla sal qayaları;

Dərə keçib, dağ aşaram,

Düz-dünyanı dolaşaram;

Bir güllə gücünə sakit olanlar,

Bir addım səsinə diksinə bilər;

Litota:

Hansı dərddi dağdan ağır,

Qısılıbsan qönçə-qönçə və s.

“Bir güllə gücünə sakit olanlar, Bir addım səsinə diksinə bilər” misrasını əziz şəhidlərimizin qəhrəmanlığına hörmətlə yazan M.Nağıqızı “sakit olmaq” feilini “ölmək” feilinin evfemistik qarşılığı olaraq istifadə etmiş, “bir güllə səsinə susanlar” ifadəsində kiçiltmə (litota), “bir addım səsinə diksinə bilər” misrasında isə həm də təzad olaraq şişirtmə (mübaliğə) yaratmışdır.

Mahirə Nağıqızının yaradıcılığında çox maraqlı epitet örnəkləri var. Şairə qüvvətli fikir və təəssürat oyatmaq üçün epitetlərin bədii yaradıcılıqdakı rolundan məharətlə istifadə etmiş, orijinal örnəklərini yaradaraq bədii dilimizin zənginləşməsinə xidmət göstərmişdir:

O əsir dağların, gen dərələrin

Qərinə dərdinə qalanıb gəlib;

Dinər saza həsrət dağlar;

Bu ümid yeridir, ay lövbər adam! və s.

M.Nağıqızı yaradıcılığında ən çox diqqət çəkən məcazlardan biri metafordur. Əlbəttə, burada bədii yaradıcılıq üçün əhəmiyyətli olan ümumişlək məcazlardan istifadə etmək deyil, ağlagəlməz, qeyri-adi müqayisə predmetləri tapmaqla yalnız müəllifə xas məcazlar yaratmaq qüdrətidir ki, ədəbiyyatşünaslıqda məhz bu, sənətkarlıq olaraq dəyərləndirilir. M.Nağıqızının da bədii yaradıcılığında məhz onun özünə xas olan çoxsaylı nümunələr müşahidə etmək mümkündür ki, bunlar şairənin sənətkarlıq məharəti olaraq təzahür tapır:

Nə nazlanır Xarıbülbül,

Görüb ömrə yarı bülbül;

Get, gözləyir Laçın səni, Şuşam səni;

Torpağın bağrında yatar şəhidlər;

Burdan yavaş gedin, astadan keçin,

Qəbirlər titrəyər, daş dinə bilər və s.

Şairə M.Nağıqızının fikrin obrazlı və təsirli təqdimi üçün istifadə etdiyi təşbehlər də maraq doğurur. M.Nağıqızının yaratdığı bu kimi təşbeh nümunələri fikrə dərin obrazlılıq və bədii təsir bəxş etmişdir:

Hər biri dikəldi, durdu dağ kimi,

Düşmən qabağına verdilər sinə.

Gecənin bağrından bir mizraq kimi

Onlar sancıldılar düşmən köksünə;

Yunus kimi məzar-məzar

Torpaq ennəm, demədimmi? və s.

Ədəbiyyatşünaslıqda bədii, məntiqi sual olaraq adlandırılan üslubi fiqurlar da bədii yaradıcılıq hadisəsi üçün olduqca əhəmiyyətlidir. Müəllif bədii sual vasitəsilə oxucunu daha çox düşündürməyə və onu fikri istiqamətləndirməyə yön verir. M.Nağıqızının da yaradıcılığı üçün xarakterik olan üslubi fiqurlardan biri bədii sualdır:

Kimə qəzəblisən, payız yağışı?;

Nələrə şəhadət etdi bu şəhər,

Qəlbində nə qədər yaraları var?! və s.

Təkrirlər də həm fikrin dərin, qüvvətli anlaşılması, düşüncənin toplanması və vurğulanması, həm də estetik cəhətdən mükəmməl ifadəsi üçün mühüm əhəmiyyətə malikdir. Təkririn növləri kimi çıxış edən anafora və epiforalardan uğurla istifadə edən sənətkar məna dərinliyi ilə bərabər, məqsəd və xüsusi vurğu kəsb edən fikirləri təkrirlər vasitəsilə ifadə etməyə üstünlük vermişdir. M.Nağıqızının şeirlərində təkrirlər məna dərinliyi və fikrin ekspressivliyi üçün uğurla istifadə edilmişdir:

“Azərbaycan bağrım” deyən,

“Ağrısıdır ağrım” deyən,

“Qardaş” deyən, “Yavrum” deyən,

Yollarına salam olsun!;

Gücün sənin – bu dünyada olan haqqın,

Göz dağımdır düşmanımda qalan haqqım.

Yağı versin: o can haqqım, bu qan haqqım,

Haqq sənindir, öz haqqını almağa get və s.

Ümumiyyətlə, şairə Mahirə Nağıqızı şeriyyət dilinə çox məsuliyyətlə yanaşaraq ana dilinin bütün imkanlarından məharətlə faydalanmış, çox zəngin söz tərkibi nümayiş etdirmiş, orijinal bədii məcazlar ortaya qoymuşdur. Onun yaradıcılığında Vətən sevgisi və el, torpaq, yurd məhəbbəti başlıca yer tutur. Mahirə xanımın yaradıcılığı yurd sevgisi ilə qaynayıb qovuşur. Şairə bu məhəbbəti təkcə mövzu-tematika ilə deyil, həm də ana yurdun doğma, şirin dili ilə, onun şəhdi-şəkəri, imkanlarından uğurla, məharətlə istifadə ilə nümayiş etdirir. Şairə çox təsiredici və orijinal cinaslar yaradır, təzadlar ortaya qoyur, bədii təkrirlər işlətməklə şeriyyətini əlvanlaşdırır, gözəlləşdirir və məna, hikmət verir. “Nazlı, nazlı”, “Niyə?”, “Əllərin”, “Qəlbində bir yuvam olsa”, “Gözəl”, “Həmən yol” və digər şeirlərində, sözün əsl mənasında, ustalıqla qurulmuş söz oyunu və məharətli dil istifadəsini görmək mümkündür. Həm də ayrıca bir bədii məziyyət burasındadır ki, istedadlı müəllif təkcə estetik cəhətdən gözəl, mükəmməl söz rənginliyi yaratmır, həm də mənaca dərin, hikmətli, yüksək obrazlılığa malik fikirlər ifadə etməyə müvəffəq olur. Elə buna görədir ki, şairənin yaradıcılığı, üslubu, dili, eləcə də bədii-estetik cəhətdən mükəmməl əsərləri bir çox bəstəkarların da diqqətini cəlb etmiş, əsərlərinə nə qədər gözəl mahnılar bəstələnmişdir. “Azərbaycana”, “Azərbaycan”, “Ata Heydər, oğul İlham”, “Vətən”, “Layla çal, yatım, ana” (bəstəkarı S.Mansurova), “Ana”, “Ay ana”, “Dolanım”, “Balam” və başqaları bu gün də sevilə-sevilə dinlənən ən gözəl mahnılarımızdandır.

Qeyd etdiyimiz kimi, Mahirə Nağıqızı həm də o şairələrdəndir ki, Azərbaycan dilinin imkanlarına həm elmi, həm də praktik cəhətdən vaqif olan və poetik cəhətdən Azərbaycan dilinin qrammatikasını əks etdirən ustad sənətkarlardandır. Şairənin “Bitmiş fikrin nağılı”, “İşarələrin dili”, “Nitq hissələri”, “Lovğalanmaz əvəzlik”, “Söz cümləyə dönəndə” kimi şeirlərində məhz ana dilimizin qrammatikası və durğu işarələrinə aid qaydalar poetik şəkildə ifadə və izah edilmişdir. Şairə yeri gəldikcə xalq deyim və ifadələrindən də ustalıqla improvizə edərək istifadə etmiş, yüksək poetik duyuma malik nümunələr ortaya qoymuşdur. “Düşdüyüm yerdə ağıram”, “Gəzən ayağa daş dəyər”, “Ata kürkü deyil, övlad geyinə”, “Niyyət hara, mənzil ora” və b. kimi çoxsaylı nümunələrlə şairə xalq təfəkkürünün ifadə ustalığına istinad edərək fikirlərin obrazlı, canlı və daha təsirli bədii əksi üçün məharətlə faydalanmışdır. Beləliklə, Mahirə Hüseynova-Nağıqızı sözün ucalığına doğru yol gedən söz adamıdır. Özünün də dediyi kimi, “Mahirə gəlmədi becə dünyaya, Söz ilə yol gedər uca dünyaya”.

Ramiz QASIMOV,

AMEA Naxçıvan Bölməsinin əməkdaşı,

filologiya üzrə fəlsəfə doktoru, dosent

“Mahirə Nağıqızının bədii yaradıcılığı” adlı kitab çap olunub

Yeni nəşr:
“Mahirə Nağıqızının bədii yaradıcılığı” adlı kitab çap olunub.
Müəllifi Şakir Albalıyev olan kitabda şair-publisist, professor Mahirə Nağıqızının bədii yaradıcılığı əhatəli şəkildə təhlil edilib.

Kitabın redaktoru Nizami Cəfərov, rəyçiləri isə Muxtar İmanov və Seyfəddin Rzasoydur.
Üç fəsildən ibarət olan kitabın I fəsli ana, vətən müqəddəsliyi və vətənpərvərlik duyğularının tərənnümü, II fəsli poeziyada təbiət mövzusu, dünya, həyat və insan haqqında fəlsəfi-poetik düşüncələr, III fəslində isə pedaqoji-didaktik səciyyəli şeirlər, xalq həyatını əks etdirən hekayələr təhlilə cəlb olunub.

Tanınan şair Mahirə Nağıqızının bədii irsini ədəbi baxımdan çeşidləyən müəllif onun həm də müəllim, pedaqoq və dəyərli bir alim kimi portretini yaratmışdır.
İnanırıq ki, Mahirə Nağıqızının zəngin yaradıcılığı ilə bağlı yazılan bu kitab da diqqət oxucular tərəfindən maraqla qarşılanacaq.

ADPU-nin Filologiya Fakültəsi

Prof.Mahirə Hüseynova və dos.Könül Həsənova Özbəkistanda respublika konfransında kştirak ediblər

Prof.Mahirə Hüseynova və dos.Könül Həsənova Özbəkistanda respublika konfransında kştirak ediblər

ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynova və Filologiya fakültəsinin dekanı dosent Könük Həsənova Özbəkustanın Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin təşkil etdiyi “Özbəkistan-Azərbaycan ədəbi ələqaləri və həmkarlıq ittifaqları” mövzusunda respublika elmi konfransında iştirak ediblər.

Konfransın moderatoru Daşkənd Dövlət Şərqşünaslıq Universiteti Türkşünaslıq Tədqiqatları Mərkəzinin direktoru professor Cumali Şabanov tədbiri açıq elan edərək açılış nitqi üçün sözü universitetin rektoru professor Gülçöhrə Rixsiyevaya verib.
Rektor çıxışında iki ölkənin ədəbiyyatında ortaq motivlərin, milli kimlik və mədəni dəyərlərin araşdırılmasının vacibliyindən danışaraq bu sahədə birgə tədqiqatların vacibliyini vurğulayıb. Belə konfransların keçirilməsinin əhəmiyyətindən və vacibliyindən bəhs edib.

Konfransda çıxış edən professor Mahirə Hüseynova Azərbaycan və Özbəkistan arasında elmi və mədəni əlaqələrin qədim tarixə malik olduğunu, bu əməkdaşlığın müasir dövrdə daha da gücləndirilməsini, ADPU ilə Daşkənd Dövlət Şərqşünaslıq Universiteti arasında birgə layihələrin, elmi tədqiqatların və tələbə mübadilələrinin həyata keçirilməsinin hər iki tərəf üçün faydalı olacağını qeyd edib.

ADPU-nin Filologiya Fakültəsi

ADPU-nun “MEH” ədəbi dərnəyinin yeni rəhbəri Firuz Yusibov təyin olunub

ADPU-nun “MEH” ədəbi dərnəyinin yeni rəhbəri Firuz Yusibov təyin olunub

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Filologiya fakültəsinin nəzdində fəaliyyət göstərən “MEH” ədəbi dərnəyinin yeni rəhbəri Firuz Yusibovdur.

Firuz Yusibov 2005-ci ildə Gədəbəy rayonun anadan olub. 2023-cü ildə orta təhsilini başa vuraraq, ADPU-nun Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasına qəbul olub. Hazırda III tədris ili tələbəsidir.

Tələbəlik dövrünün ilk günlərindən gənclərin inkişafına yönəlmiş müxtəlif təlim və proqramlarda fəal iştirak edib. “MEH” ədəbi dərnəyinin təşkil etdiyi layihə və tədbirlərdə fəallığı ilə fərqlənib. O, bir çox layihə və tədbirlərdə aktiv iştirak edib, fəaliyyəti sertifikat, fəxri fərman və təşəkkürnamələrlə dəyərləndirilib.

O, 2 Fevral-Azərbaycan Gənclər Günü münasibətilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən aktivliyinə görə təltif edilib, özəl təhsil müəssisələri tərəfindən təşkil edilən təlimçilər üçün təlim proqramını uğurla tamamlayıb.

COP29 çərçivəsində aktiv könüllülük fəaliyyəti göstərib.

Qeyd edək ki, “MEH” ədəbi dərnəyinin yaradıcısı prof. Mahirə Nağıqızı (Hüseynova)dır.

ADPU-nin Filologiya Fakültəsi