GÖZÜN AYDIN OLSUN, VƏTƏN! Gözün aydın olsun, Vətən! Başından duman çəkildi. Sinəndə yaralar bitən Yerində güllər əkildi. * * * Gözün aydın olsun, Vətən! Nəsəyanlar indi yaddı. Şəhid olan, səndən itən, On minlərin ruhu şaddı. * * * Bu torpağa yad olanlar, Sənə yamaq, ad olanlar, Yuxu kimi yox oldular. Yüz illərlə canımıza, Zəhər qatan ox oldular. * * * Gözün aydın olsun, Vətən! Dağlarının gözü gülür. Otuz ildir bu torpağın Qoxusuna həsrət qalan, Sorağını gendən alan İnsanların üzü gülür. * * * Sevin, Vətən, pis nəfisdən, Üz qaraldan pasdan, hisdən, Təmizləndin, pak oldun sən. Yaraların sağalacaq, Ağrıların çəkiləcək, Yaddaşından silə bilsən. * * * Gözün aydın olsun, Vətən! Göylərin göyə oxşayır. Çoxdu köməyinə yetən, Ruh halın bəyə oxşayır.
PAYIZ DUYĞULARIM Payız vaxtı bu dağ, dərə, Xəzan olur neçə kərə. Allah çəkən bu mənzərə, Göz oxşayır, şəhanədi. * * * Yazılanı düz anlamaq, Dərk eləyib tez anlamaq, Bir baxışdan söz anlamaq, Kamilliyə nişanədi. * * * Dərd yaranıb çəkmək üçün, Cana azar əkmək üçün. Göz yaşını tökmək üçün, Yəqin dərd də bəhanədi. * * * Qismətinə haram qatan, Ömrü boyu yalan satan, Tanrısına təpik atan, Vallah, billah divanədi. * * * Dərviş ömrü seçənlərin, Dərddən paltar biçənlərin, Acı şərab içənlərin, Murad, yeri meyhanədi.
QOCALIQ GƏLİR Gah başın ağrıyar, gah da ki dişin, Gözlərin doldusa, qocalıq gəlir. Bu gün görmədiyin yarımçıq işin Sabaha qaldısa, qocalıq gəlir. * * * Otuzdan sonrakı omrü yarı böl, Bax ordan başlayır ağrı, acı bil. Yaddaş ki, korşaldı, hərdən çaşdı dil, Bənizin soldusa, qocalıq gəlir. * * * Dərdinə dərman ol, tanışın, yadın, Çalış çirklənməsin həyatda adın. Gözündə işığın, canında odun, Biri azaldısa, qocalıq gəlir. * * * Ürəyin tövşüyər, əriyər yağı, Aşa bilməyəndə dərəni, dağı. Qurbanı olduğum qaradan ağı, Saçına saldısa, qocalıq gəlir. * * * Ay Murad, rahat ol, qocalma təki, Seçə bilirsən ki, sən tükdən tükü. Bir cavan yanaşıb çəkdiyin yükü, Əlindən aldısa, qocalıq gəlir.
QƏZƏL Baxıram ki, vərdiş olub canımızda karlığımız, Yaxşı sözü eşitmərik, yaman yatıb varlığımız. * * * Pul ödəyib dərs alarıq, oxumarıq, hey gəzərik, Bu Vətənə, bu dövlətə sıfırdı yararlığımız. * * * Məsləhəti eşitmərik, imkan verməz qürurumuz, El içində utandırar, xar edər idbarlığımız. * * * Hacılıq ki, şərəf olub el içində,ay əzizim, Yalan üstə qurulubdu inan ki, dindarlığımız. * * * Tamah bizi məhv eləyir, gözü doymur insanların, Yaddan çıxır, unudulur dar qəbirdə darlığımız. * * * İnsanları aldadırıq, ay Murad eynək taxırıq, Özümüzü şax tuturuq, heç bilinməz korluğumuz.
KEÇİR Niyyətin pak olsa, qəlbin ağrımaz, Çəkdiyin dərd-azar ürəkdən keçir. İnsanın qaməti niyə əyilsin? Çünki əzabların kürəkdən keçir. * * * Dolğunluq dövründən öncə dərilən, Əksər günahları Tanrıdır silən. Qiyamət günündə sənə verilən, Nə qədər sual var gərəkdən keçir. * * * Murad dinməsə də hər şeyi görür, Gündəlik özünə hesabat verir. İnsanlar əyilir min dona girir, Ən ağır imtahan çörəkdən keçir.
İNCƏYƏ SARI Artıq yollarımın sonu görünür, İçimdən yol gedir, İncəyə sarı. Əhvalım çovğuna, qara bürünür, İçimdən yol gedir, İncəyə sarı. * * * Dünyanın ləzzəti gözümdən düşür, Niyyətim od olur, içimdə bişir. Xəyalım hər gecə daş-kəsək eşir, İçimdən yol gedir, İncəyə sarı. * * * Bu gözəl dünyadan uzaqlaşıram, Gah təpə enirəm, gah dağ aşıram. Qaranlıq yollarda azıb çaşıram, İçimdən yol gedir, İncəyə sarı. * * * Bir yandan bu isti canımı alır, Nəfəsim təntiyir, taqətdən salır. Nə qədər yol gəldim, izlərim qalır, İçimdən yol gedir, İncəyə sarı. * * * Fikir məni boğur, həyanım olmur, Hay- həşir salıram, duyanım olmur, Daha günahımı sayanım olmur, İçimdən yol gedir, İncəyə sarı. * * * Dərdi çox yenmişəm, yenə yenəcəm, Yüz alov yandırıb, sonra sönəcəm. Harda doğulmuşam, ora dönəcəm, İçimdən yol gedir, İncəyə sarı.
YETMƏZ Dərd birdimi əlac edək, Cana yığdı, hara gedək?! Arzular çox, ömür gödək, Ha çabala, zaman yetməz. * * * Ləkə düşər bəyaz ağa, Yüz qoruq qoy, yüz qadağa. Bu dünyanı qavramağa Baş sındırma, güman yetməz. * * * Şirin dadın çoxdur adı, Damağından getməz dadı. Tanrı alışdıran odu, Söndürməyə ümman yetməz. * * * Tələsirsən danlamağa, Nə uşağam, nə də çağa. Yarəb, məni anlamağa, Yaxşı çatmaz, yaman yetməz. * * * Bir nəzər sal, bax boyuma, Yaraşığam öz soyuma. Ay Murad, mənim hoyuma, Ürəyimə daman yetməz.
OLMUR Çəkdiyin dərd saçlarında dən olur, Alın yazın qismətinlə tən olur. Payız gəlir, duman olur, çən olur, Yağış yağır, söykənməyə dağ olmur. * * * Gen gəzirsən kələk oğlu kələkdən, Sınayırsan, keçirirsən ələkdən, Yanılırsan, dad umursan fələkdən, Gülənmirsən, kefin hər an çağ olmur. * * * Baş açmadım bu müəmma, bu sirdən, Payın palçıq olur dağılır birdən. Neyləyəsən, ay sağ olmuş ki, hərdən, Taleyin kəm olur, bəxtin ağ olmur. * * * Kim deyir dərd-azar tək səni seçir, Ay Murad, insanlar yüz dərdlə köçür. Nə olsun könlündən oynamaq keçir, Yaş qoymur, bəzən də canın sağ olmur.
ALLAH BİLƏN MƏSLƏHƏTDİ (İsmixan Yusubova müraciətlə) Bu dünya onun işidi, Gərdiş onun gərdişidi. Ömrü yazan o kişidi, Allah bilən məsləhətdi. * * * Nəkarəyik özbaşına, Təpik vuraq yad daşına. Xəyal qurma boş-boşuna, Allah bilən məsləhətdi. * * * Böyükləri yad eləyək, Ruhlarını şad eləyək. Biz kimik ki, ad eləyək, Allah bilən məsləhətdi. * * * O nəsildə bir dənəsən, Sən alimsən, dürdanəsən. Taleyinə şükr elə sən, Allah bilən məsləhətdi. * * * Saxlayırsan hörmətini, Öz sözünü-söhbətini. Yaşayırsan qismətini, Allah bilən məsləhətdi. * * * Əlimizdən heç nə gəlmir, Qismətini kimsə bilmir. Dünən gülən, sabah gülmür, Allah bilən məsləhətdi. * * * Bəd şeyləri dərd eləmə, Nə istəmə, nə diləmə. Bir tənliksən sən ölümə, Allah bilən məsləhətdi.
DÜŞÜNDÜKLƏRİM Bəzən seyr edirəm, heç nə yazmıram, Zehnim təzələnsin, durulsun barı. Ömür yollarında, şükür, azmıram, Gedirəm yol alıb Tanrıya sarı. * * * Nələrdən keçmişəm, nələr görmüşəm, Yadıma düşdükcə, dondurur məni. Həyatda sevinc də, qəm də dərmişəm, Etdiyim günahlar yandırır məni. * * * Tövbə son əlacdı, başqa yolum yox, Bütün günahlarım Ona əyandı. Yadıma salmağa indi halım yox, Unutdum, Tanrı da bağışlayandı. * * * Günahsız bəndələr mələklər olur, Oturur çiynində hey günah sayır. Olur ki, Allah da ağlını alır, Oğulsan doğrunu yalandan ayır! * * * Dünyaya gəlmədim öz istəyimlə, Doğuldum, kimisə günahkar bilim?! Mən öz əməyimlə, mən öz səyimlə, Çalışdım həyatda bir yerə gəlim. * * * Nə qədər düzəm mən, bir Allah bilir, Fikrimi dəyişən insan deyiləm. İl ötür, yaş ötür, axirət gəlir, Sanmıram, bu yaşda sınam, əyiləm.
VƏTƏNDİ Bu torpaq hamıya Vətəndi, qardaş, Hamı bu torpaqdan qüvvət, güc alır. Bu ömür nə vaxtsa bitəndi, qardaş, Bəs niyə kasıblar vaxtsız qocalır?! * * * Dünyanın dərd-səri bunamı qalıb?! İlahi, kasıbın Allahı yoxmu?! Dərd elə boğub ki gözləri dolub, Göz yaşı quruyub, damcı yaş axmır. * * * Ruzini harına, çörəyi toxa, Dərdi toxum bilib əkənə verdin. Nə əkir cücərmir, çıxardır yoxa, Əzabı göz yaşı tökənə verdin. * * * Vətən dara düşür, dərdini çəkir, Özünə qəsd edir, canına qıyır. Özüylə bərabər dördünü çəkir, Nə işdən soyuyur, nə qorxu duyur. * * * Bir oğul böyütdü min bir əzabla, Düşündü nə vaxtsa nəvə görəcək. Bir oğlu varıydı, oğulsan tabla, Onu da Vətənə qurban verəcək. * * * Ay Allah kasıba az zülüm eylə, Vətənin dərdini alır kasıblar. İlahi, bəndənə düzünü söylə, Nədən üzüyola olur kasıblar?!
DÜŞÜNCƏLƏRİM Təmənna güdmədim gördüyüm işdən, Savabdır, bir şey ki əlimdən gəlir. Əl çəkə bilmədim mən bu vərdişdən, Neyləyək, düzünü Yaradan bilir. * * * İnsanın içini bir kimsə bilməz, Hər kəsə qapalı, sirli otaqdır. Həyatda mollalıq əlimdən gəlməz, Çünki əməllərim çataq-çataqdır. * * * Ayıra bildinsə, xeyiri şərdən, Şükr elə Allaha, səndə nəsə var. Fikirləş, bir düşün, ağılla hərdən, Niyə insanlıqdan çıxır adamlar?! * * * Günahsız doğulur əvvəl bəndələr, Sonradan kiminsə çırağı sönür. Ağıllı insana dünya gen gələr, Cahilin, fərsizin kələfi dönür. * * * Bu dünya fırlanır, ağılla düşün, Ağlına gəlməyən başına gələr. Yaxşılıq eləyib gördüyün işin, Sonu nə olacaq, bir Allah bilər. * * * Düz dolan, ey insan, aldatdıqların, Dolanıb arxanca səni gəzməsin. Yüz ağrı, işgəncə yaşatdıqların, Səni izləməsin, səni üzməsin.
DÜNYA Ay dərd çəkən, bir ayılsan, can gedir, Qismətdimi?! Tanrı sənə yar olsun! Dərd çəkməyən nə bilir ki, dərd nədir, Anlamayan dərdə düşsün, xar olsun! * * * Acıdımı, şirindimi, bilmirsən, Dərddən ayıl, özünə gəl, ayazı. Söylə, nədən heç danışıb gülmürsən, Dərdi bölmək yüngüllükdü, ən azı. * * * Əlimizdən nə gəlir ki, ay insan, Bircə təsəlliyə gücümüz çatır. Artıq dərd-azara öyrəşmiş cansan, Sənə ağıl vermək ancaq baş qatır. * * * Bu dünyanın əvvəli bu, sonu bu, Hara qaçaq, hara gedək bilmirik. Altın torpaq, üstün səma, yanın su, Yağ içində yaşamağa gəlmirik. * * * Beş-on illik ömür düşür bizlərə, Baş açılmır, dərd qoymur ki, güləsən. İynə batsın xain, yaman gözlərə, Hardan dəyir, onu necə biləsən?! * * * Murad dərdə yaxınıydı, bilərdi, Yeri, yurdu, xarabası haradı. Ağ olsaydı bəlkə xoşa gələrdi, Ay dilbilməz, dərdin rəngi qaradı.
AĞRIN ALIM Bir başa sal, qoy anlayaq, danış bizə, ağrın alım, Hardan gəldin şeiriyyata, uydun sözə, ağrın alım. * * * Bax dərd olar, seçilməzsən, yazdıqların itər, batar, Bu yol yaman çətin yoldu, girmə gözə, ağrın alım. * * * Çoxdu səni istəməyən, nankor, naqis, kor adamlar, İnsan hər cür çətinliyə gərək dözə, ağrın alım. * * * Yazan gərək aqil ola, gördüyünü dərk eləyə, Bu dünyanı bir dolanıb, azca gəzə, ağrın alım. * * * Əvvəl bir bax, seyr elə sən, doğru olsun dediklərin, Dediyini quru demə, bir az bəzə, ağrın alım. * * * Tanrı bizi bu dünyada dara salır, çox sınayır, Bəndə gərək nə usana, nə də bezə, ağrın alım. * * * Bu SÖZ ki var, çox köhnədi, çox işlənib, sən ayıq ol, Elə fikir söylə ki sən, olsun təzə, ağrın alım. * * * Murad, sən də çox öyünmə, azdı hələ bildiklərin, Şair odu hər gedişi yaxşı çözə, ağrın alım.
ZAMAN Zaman ömrün qənimi, Köhnə sözdü. Yenimi?! Mən dəyişdim yönümü, Yol aldım günbatana. * * * Ömür gödək, vaxtım dar, Ağ gün inan baş qatar, Gör nə qədər borcum var, Hər dadıma çatana. * * * Minnət olar, borc alma, Məni hörmətdən salma. Canım, qəti bənd olma, Şərəfini satana. * * * Tamahın cibi dolmur, Gül açır, gülü solmur, Tanrı da kömək olmur, Ömrü boyu yatana. * * * Dinmədimsə, hey yandım, Özümə günah sandım. Söz deməyə utandım, Dərdimə dərd qatana. * * * Gərək qəlbin düz olsun, Söz deməyə üz olsun. Murad niyə boz olsun, Hörmətini tutana?!
BİLMİRƏM Bəlkə də, fikrimi düz deyənmirəm, Safdı, sağlamdımı canı, bilmirəm. Nə danım, olur ki, mən bəyənmirəm, Ruhumun bəzəyi hanı, bilmirəm?! * * * Hər kəsin fikrinə hörmət edirəm, İzi bilinməyən yoldu gedirəm. Sonu nə olacaq, onu güdürəm, Əvvəli aydındı, sonu, bilmirəm. * * * Nə yazdım canına istilik keçmir, Sanki buz bağlayıb, gözüm su içmir. Bezdim isitməkdən ruhuna köçmür, Görən açılarmı donu, bilmirəm?! * * * Murad pərvanədi duyan kəslərə, Ona hörmət edib sayan kəslərə. Mənim sözlərimi yayan kəslərə, Borcum nə olacaq, onu bilmirəm?!
BƏIKƏ DƏ… Sına qismətini, həmişə sına, Tanrının səbrini yoxlamaq üçün. Nə bəxtdən gileylən, nə Onu qına, Nəyə sahibsənsə, onunla keçin. * * * Çalış ki, özünü sevindirəsən, Gördüyün hər işdən ləzzət alasan. Tər töküb zəhmətlə ömür sürəsən, Halal davranasan, halal qalasan. * * * Dünyanın növrağı gözündən düşə, Şeytan aldatmaya, ağlın çox ola. Evində bir qismət qaynaya, bişə, Gözün axtarmaya, nəfsin tox ola. * * * Möhtac olmayasan tanışa, yada, Nə olsa dərdini özün çəkəsən. Pislik etməyəsən kimsəyə, ya da Yaxşılıq toxumu səpib əkəsən. * * * Ağlını almaya Allah əlindən, Bütün sınaqlardan quru keçəsən. Övlad inciməyə acı dilindən, Gecənin birində sakit köçəsən.
QƏZƏL Arif olub söz deyəsən, yanında ustadın ola, Sözdən xalı toxuyasan, yaddaşlarda adın ola. * * * Elə şirin danışasan, hər kəlməndən gül qoxuya, Sözdən şərbət düzəldəsən, ağızlarda dadın ola. * * * Zəhmət çəkib böyüdəsən, arzuların puç olmaya, Baxıb hər an sevinəsən, ağıllı övladın ola. * * * Yeriyəndə şax gəzəsən, qızarmaya heç vaxt üzün, Gendən baxıb gülməyələr, saf kökün, əcdadın ola. * * * Nə papağı yerə düşə, nə də insan pərt olmaya, Hər kişinin arxasında söz anlayan qadın ola. * * * Murad hələ çox cavansan, Yaradana yalvar hər gün Ağlın səni xar etməyə, pozulmayan yadın ola. *yad- yaddaş mənasında işlənir.
GECİKMİŞ ETİRAF Bu ömür azalmış, keçilmiş yoldu, Gəncliyə bənd oldum, aldandım əbəs. Dünyaya gəlişim xəbərsiz oldu, Qəfil gedişimi kim biləcək bəs?! * * * Gənc oldum, yüyürdüm, qanım qaynadı, İnan, qocalığı heç düşünmədim. Od oldum, gözümdə şimşək oynadı, O tərs inadımdan heç vaxt dönmədim. * * * Ağlıma gəlməzdi, sozalar ömür, Yalançı gülüşlər pərt edər məni. Hər gün işlənməsə, paslanar dəmir, Çürüyər, məhv olar, yox olar yəni. * * * Qocalmış ömür də dəmirə bənzər, Gün vurar, qaraldar, yandırar hər an. Bir yandan soldurar acı qəm, kədər, Bir yandan pozular əhvalım inan. * * * Naşükür deyiləm öz qismətimdən, Ay dostlar, bu mənim öz həyatımdır. Səhv başa düşməyin şikayətimdən, Özümün özümə hesabatımdır.
YATIR Güvənmə üzünə hər gülən kəsə, Bilməzsən, içində nə güman yatır. Uçunma duyduğun biqəfil səsə, Xain ürəklərdə ah-aman yatır. * * * İlahi rəngləri çox gözəl seçir, Ayırmır, hamıya ağ kəfən biçir. Ömrünü dağların qoynunda keçir, Dağların başında çən, duman yatır. * * * Bu yalan dünyada yeriyir insan, Döyülür, ağlayır, kiriyir insan. Torpağa qarışır, çürüyür insan, Yanaşı həm yaxşı, həm yaman yatır. * * * Hər məzar şahiddi, yatan başlara, Şəkildən boylanan lal baxışlara, Baxıram sakitcə qara daşlara, Hər daşın üstündə bir zaman yatır. * * * Muradı sən naşı bilmə, əzizim, Saxla yaddaşında, silmə, əzizim. Ağıldan kəmlərə gülmə, əzizim, Neyləsin, ağlında sar-saman yatır.
İNCƏ DƏRƏSİ. Bir ulu diyar var Azərbaycanda, Bir görən istəyər, qayıtsın bir də. Hər kəsin yeri var, ürəkdə, canda, Doğmadı, əzizdi, yad da bu yerdə. * * * Dərdlərə dərmandı quru havası, Bu sakit məkanda ağrımaz canın. Şeirdi, qoşmadı dərdə dəvası, Ürəyi doludu burda insanın. * * * Ləhcəsi doğmadı, şirindi mənə, Bu dili həmişə laylam sanmışam. Nə qədər uzaqda yaşasam yenə, Harada eşitsəm, duyğulanmışam. * * * Bu dilbər guşənin əvəzi yoxdur, İnsanı məst edər quşların səsi. Yaxından, uzaqdan mehmanı çoxdur, Hər kəsi cəlb edər görmək həvəsi. * * * Sığınıb dağların qoynuna çoxdan, Elə bil aləmdən uzaqlaşıbdı. Bu üç kənd qohumdu, qonşudu haqdan, Sanki bir-biriylə qucaqlaşıbdı. * * * Üç kəndin cəmidi, İncə dərəsi, Kəmərli, Qaymaqlı, Astanbəylidir. Adıyla öyünən eldi hərəsi, Məclisi, yığnağı səsli-küylüdür. * * * İncə dərəsidir, bu yurdun adı, Mən də doğulmuşam, burda, oxucu. Peşiman eyləməz tanışı, yadı, Oxu, ziyarət et, baxma göz ucu. * * * Söz demək istədim onun adına, Ağlımdan o qədər fikirlər keçdi. Nə bir zəhmət çəkib, yandım oduna, Nə də bir doyunca suyundan içdim. * * * Ancaq ömrü boyu borc bildim yenə, Ruhumla, canımla yurda bağlıyam. Qorxuram, yapışmaz, yaraşmaz sənə, Çünki, mən də bu torpağın oğluyam. I Tarixin qədimdi, torpağın ulu, Ruhumun canısan, İncə dərəsi. Qazağın sifəti, imzası, qolu, Adısan, sanısan, İncə dərəsi. * * * Nə qədər gözəldi, incədi adın, Cəmi üç kənd olub, qolun-qanadın. Görüşünə gələn tanışın, yadın, Dərdə dərmanısan, İncə dərəsi. * * * Zəhmətiylə təmiz, halal çalışan, Sevincindən ruha gələn, alışan, Qiyasbəylilərin ruhu dolaşan, O yurdun xanısan, İncə dərəsi. * * * Köksündə izi var, neçə illərin, Həmişə şen olsun, görüm ellərin. Biz gəldi-gedərik, sən nəsillərin, Qaynayan qanısan, İncə dərəsi. II Qismətə, taleyə çox inanmışam, Nə gəlib başıma ,qismət, demişəm. Olub ki, on mini qəpik sanmışam, Olub da, quruca çörək yemişəm. * * * Ümiddən əlimi üzmədim heç vaxt, Nə də ki, Tanrıya asi olmadım. İnandım, yazılı bu tale, bu baxt, Məni utandırmaz. Darda qalmadım. * * * Çünki inanmışam Allaha hər an, Bu inam, bəlkə də ruhumdan gəlib. Tanrı, aramızda cavabsız qalan, Nə qədər günah var ,sonlayıb, silib. * * * Bəxtim gəl-gəl deyib, önümdə durub, Gözümü mən bu torpaqda açmışam. Bu torpaq önümdə sədd, divar qurub, Yaramaz işlərdən hər an * * *qaçmışam. * * * Bu yerdə gəzmədim şenlik, abadlıq, Məni dilləndirən havadı, sudu. Quşların səsində ruhi rahatlıq, İnsanı cəlb edən gözəllik budu. III Bu eldə elmiylə dünyalar gəzən, Tanrıya tapınan bir bəndə yatır. O, elə bir övliyya, elə alimdir, Həm mənim ruhumda, həm səndə yatır. * * * Türbəsi dayaqdı bu el-obaya, Onu ziyarətə milyonlar axar. Mübarək ruhuyla yetişər hoya, Hamıya doğmadı, bir gözlə baxar. * * * Məkanı kiçikdi, söhbəti böyük, Adına sınanmış insanlar gələr. Ziyarət eyləsən, nə çaş, nə döyük, Səni qucaqlayar, doğması bilər. * * * Bu yurdda ağıllı insanlar olub, Öz sözü, səsiylə bir elə misal. O elə bir nəsil ki, yenə də qalıb, Həm özü şəxsiyyət, həm ləhcəsi bal. * * * Nə yaxşı könlünə yaxın yerdədi, İlahi, gözündən uzaq olmasın! Bu elə tay olan elin hardadı?! Saxla pənahında, darda qalmasın! * * * İnsanı bağlıdı obaya, elə, Canıyla, qanıyla yurda dayaqdı. Bu dünya durduqca, qalacaq hələ, Bu dərə, həmişə sərvaxt, oyaqdı. IV Nə gözəl mənzərədi, Ruhumu alıb gedir. Bəlkə buna görədi, Əhvalım göylərdədir. * * * Yaradandan bəndəyə, Lütf olan gözəllikdi. Ruhum dil açır deyə, Yarəb, dünya mənlikdi. * * * Ətrafımda quş səsi, Burnumda gül qoxusu. Cəzb eləyir hər kəsi, Cuşa gəlir çoxusu. * * * Bura cənnətin özü, Laylam oxunan yerdi. Azərbaycanın gözü, Mənə səcdəgah, pirdi. * * * Bütün dərdi-sərimi, Burda unutmaq olur. Könlüm məzar yerimi, Sonumda burda bulur. * * * Bura, arxam, güvənim, Mənim qibləgahımdır. Yaşadığım dünənim, Bu günüm, sabahımdır. * * * Yurdumun torpağına, Daşına qurban olum! Gələcəm ayağına, İncə dərəm, son yolum! V Vətənimin sonunda, Həmişə yaz donunda. Mənim ruhum, ürəyim, Canım, İncə dərəsi! * * * Məkkəmsən, Mədinəmsən, Döğma yurdum, binəmsən. Məzar yerim, son qibləm, Yönüm, İncə dərəsi! * * * Çox gəzmişəm, hər yeri, Səndən ayrı sərsəri. Başqa yerə qaynamır, Qanım, İncə dərəsi! * * * Cənnət olsa yan-yörəm, İstəmərəm, mən görəm. Ancaq səndə xoş keçər, Anım, İncə dərəsi! * * * Bezdim insan köçündən, Milyonların içindən, Seçilməz mənim adım- Sanım, İncə dərəsi! * * * Dan yeri söküləndə, Yollarım büküləndə, Çatacaqmı axırım, Sonum, İncə dərəsi?!
ARŞIN (Mənim öz arşınım var.) Quyu qazma başqasına, Yıxılarsan, qəbrin olar! Tələs, qonşunun yasına, Həmin gündən sənin də var! * * * Qorxaq olma, ürəkli ol! Cəsarətdir işin canı. El-obaya gərəkli ol, Keçmişini yaxşı tanı! * * * Böyüyünə hörmət eylə, Üzmə onu, qoy sevinsin! Gördüyünü doğru söylə, Qoy həqiqət səni yensin! * * * Yaddan çıxart, yaxın getmə, Şükür söylə, hər olana. Uzaq dolan, hörmət etmə, Səni hörmətdən salana. * * * Yanma hörmət qoyduğuna, Səndən gələn səxavətdi. İnan, Fələk saydığına, Sən saydığın boş söhbətdi. * * * Üz-göz olma ağılsızla, El içində xar olarsan. Nə ahmır tök, nə də sızla, Öz ağlınla yar olarsan. * * * Anlamaza qəti dinmə, Tərs anlayar, qanar səni. Səviyyəndən heç vaxt enmə, Rəqib zəif sanar səni. * * * Yazdıqlarım ağlımdakı, Beynimdəki fikirlərdi. Bölüşürəm oxuyanla, Qəbul etsən, bu qədərdi. * * * Öz arşınım var həmişə, Bazarda qiymət endirər. Sən can yandır hər an işə, Uca Tanrı sevindirər.
UYMA XƏYALLARA! Xəyallarım yenə pərvaz eylədi, Dolandı göyləri, söndü, qayıtdı. Qovdu gümanları geri teylədi, Peşiman, pəjmürdə, döndü, qayıtdı. * * * Sönən arzularım daha alışmaz, Yüz dəfə qızışdır, yüz ocaq yandır. Köhnə gümanlarım daha çalışmaz, Nə özünü aldat, nə məni qandır. * * * Dolaşır beynimdə bomboş xəyallar, İnanın, bu günlük, dünənlik deyil. Məni yaman yorur bağlı suallar, Cavabı indi də, heç mənlik deyil. * * * Hər kəsi incidər, ağrıdar hər an, Vaxtında, ağılla görmədiklərin. Sənə qismət olmaz bostanda qalan, İş görüb, tər töküb dərmədiklərin. * * * Heç vaxt aldatmadım, özüm özümü, Boyumdan yuxarı addım atmadım. Mənə Tanrı verən səbri, dözümü, Özümə xərclədim, heç vaxt satmadım. * * * Xəyalla yaşamaq vərdişim yoxdu, Reallıq nədisə, ona gəlirəm. Yanan arzularım beynimdə çoxdu, Hamısı qismətdi, bunu bilirəm. * * * Nə xəyal dolandır, nə fikir eylə, Yüz fikir bir borcu ödəmir, vallah! Dərdini dərd bilən bir kəsə söylə, Çarəsi tapılar, böyükdür Allah!
QƏZƏL Nələr çəkdik, nələr gördük, biz, bu yaşa gəlincə, Gözümüzlə od götürdük, ömür başa gəlincə. * * * İnsanlardan kənarlaşdıq, dərdimizlə cüt olduq, Gizlənməyə yer gəzərsən, dərdin qoşa gəlincə. * * * Gözəlliklər bir bəladır, canın alar, öldürməz, Gözəl olan ruh oxşayar, hilal qaşa gəlincə. * * * Ruhum tamam sakit olar, bil, şeytana uymaram, Məni məndən alan olmaz, ürək cuşa gəlincə. * * * Əriyərəm, tər tökərəm, ruhum məni boğanda, Necə darda qan ağlayar, düyü aşa gəlincə. * * * Sən yazmağa gec başladın, səhv elədin, ay Murad, Canın çıxar yox olarsan, sözün xoşa gəlincə.
ÖZƏL DUYĞULARIM Şeir yazmaq vərdişdimi? Bilmirəm, Ya da ruha qidadımı, sudumu? Düşünürəm, bir qərara gəlmirəm, Görən, ruhun oyanışı budumu?! * * * Necə olur o təb, o ruh- möcüzə, Dilləndirir, dilə gəlir misralar. İçdən gələn duyğulardır, tər, təzə, Bir ürəkdən, o birinə yol salar. * * * Mən o ruhda, biləmmirəm sirdimi, Ürəyimdən tikan çıxar bir anlıq. Unudaram həmin zaman dərdimi, Yada düşməz nə bir pislik, yamanlıq. * * * Şeir yazmaq yatan ruhu oyadar, Ürəyinə təpər verər, güc verər. Şair olan eşq şərbətin tez dadar, Tez yetişər, eşq gülünü tez dərər. * * * Azad ruhum cilalanar, parlayar, Saf düşünər, qorxmaz heç vaxt qınaqdan. Yazan ürək nə usanar, nə doyar, Ləzzət alar bu qələmdən, varaqdan.
A DÜNYA Hərif oldum başımı, Yaman qatdın, a dünya! Topa qoydun daşımı, Çox aldatdın, a dünya! * * * Məndən olsa gəlməzdim, Burda qalıb ölməzdim, Dar ayaqda, bilməzdim, Məni satdın, a dünya! * * * Nə qeydimə qalmadın, Nə bir kömək olmadın. Niyə başa salmadın?! Gec oyatdın, a dünya! * * * Gah soyuqda dondurdun, Gah istidə yandırdın. Məni yaman qandırdın, Oda atdın, a dünya! * * * Allah aldı çaramı, Göynətmədi haramı?! Qaysaqlanan yaramı, Off, qanatdın, a dünya! * * * Korun bəxti yatanda, Dayaq oldun batanda. Sıra mənə çatanda, Niyə yatdın, a dünya! * * * Oda düşdün, qaynadın, Başlar yedin, doymadın. Çirkin oyun oynadın, Çirkə batdın, a dünya! * * * İşi saldın düyünə, Murad getdi küyünə. Arzuna, istəyinə, Deyən çatdın, a dünya!
VARMI?! Məni məndən alan gözəl, De, dərdindən ölən varmı?! Cavan ömrü talan gözəl, Dərdlərini bölən varmı?! * * * Artıq ömür oldu yarı, Dərd sağalmır, ha da sarı, Bir yada sal, indi barı Göz yaşını silən varmı?! * * * Bir baxışla oda yaxan, Şimşək kimi alov çaxan, Ey üzümə tərs-tərs baxan, Bir üzünə gülən varmı?! * * * Murad səni çox özləyib, Yaddaşında əzizləyib, Hər gün səhər yol gözləyib, Sənə qarşı gələn varmı?!
MƏNİM BİLDİKLƏRİM. Dünyanı yaxşılıq xilas edəcək, Pislikdən uzaq dur, şeytana uyma! Yaranan bilir ki, bir gün gedəcək, Yaxşılıq etməkdən usanma, doyma! * * * Yaxşılıq ağılda, yaddaşda qalmaz, Təkcə Allah görər, amma ki, itməz. Yamanlıq öldürməz, canını almaz, Ancaq can ağrıdar, ağlından getməz. * * * Gündəlik incitsən, ağrıyar hər can, Bezikər, tablamaz, yanından qaçar. Yamanlıq etməkdən yorulsa insan, Yaramaz əməllər gül-çiçək açar. * * * Dünən gördüyündən dərs götür, anla, Ağılsız insanı yellər oynadır. Nə qədər səhv etsən, özünü danla, Bu dünya naşıya gülən dünyadır. * * * İlahi görk edər, qəti ötürməz, Etdiyin pisliyin bədəli səndə. Əzizim, pisliyi Tanrı götürməz, Ölməmiş, sağıykən ödəyər bəndə. * * * Yaxşılıq gəlmirsə əlindən, dayan, Çəkil, dur qıraqda, yamanlıq etmə! Ayıl röyalardan, yuxudan oyan, Doğru ol, dürüst ol, sən küyə getmə!
YALAN DÜNYA. Dönüb boylanıram geriyə hərdən, Doğru nəyim varsa, aşikardadır. Heç nə anlamıram bu bağlı sirdən, Dünən gördüklərim bu gün hardadır?! * * * Xəyallar geriyə boylanar hər an, Dünənin ləzzəti yadından çıxmaz. Nədənsə, dilbilməz, ağılsız insan, Xəyalla yaşayar, irəli baxmaz. * * * Günlər tez dəyişir, ötür fəsillər, Dəyişən tablodan gözün yorulmur. Yalan danışmaqdan bezikmir dillər, Yalan nəfəs alır, ağlı durulmur. * * * Beləcə doğruya addım atılmır, Nədəndir? Nə üçün? Səbəbi çoxdur. Bu yalan dünyada doğru satılmır, Nə də ki, doğrunun bazarı yoxdur. * * * Həyatdı, dünyadı, yola veririk, Hər gün aldanırıq, ömrümüz gedir. Doymuruq, nə qədər yalan dəririk, Yalan, canımızda doğrunu didir. * * * Dünyanın mayası yalanla olub, Bax buna görədir, aldadır bizi. Baxıram işimiz Allaha qalıb, Doğru da sağaltmır heç dərdimizi.
HAQQ YOLU Tükdən asılıyıq ,sən demə hər an, Ruhumuz göylərdə, cismimiz yerdə. Ay pulla özünü bəxtəvər sanan, O tük üzüldüsə, qapanar pərdə. * * * Bax onda kiməsə nə əlin çatar, Nə də ki, səsinə səs verən olar. Gözlərin yumular, qulağın batar, Dildə, ağızlarda adın hallanar. * * * Bu köhnə mərəkə, köhnə mənzərə, Nə doğma inciyər, nə yad inciyər. Burda növbə yoxdu, sərbəstdi hərə, Gələr köynəyini əyninə geyər. * * * Heç kəs son mənzili seçmir, bəyənmir, Döşənmir, bəzənmir gəbə, xalıyla. Etiraz eyləyib bir söz deyənmir, Çünki yol üstədi cansız halıyla. * * * Bu bir haqq yoludu, gedirik biz də, Dədəmiz, babamız gedib bu yolu. Bir azca təlaş var ürəyimizdə, Baxma, tanış deyil nə sağı, solu. * * * Dünyanın sonu var, sən də bir düşün, Ağlınla çək- çevir, haqq-hesab eylə. Boyundan yuxarı tullanma, kişi, Canın yerdədisə, əlləşmə göylə.
ALDANDIN. Bu daşlı, kəsəkli ömür yolunda, Özünü çox bilmiş sandın, aldandın. Nə olsun qüvvət var, biləyində, qolunda, Çox eşitdin ki, az qandın, aldandın. * * * Başından yel əsdi, oyananmadın, On arif dərs keçdi, susdun, qanmadın. Tamahın güc gəldi, dayananmadın, Sən ki, qul haqqını dandın, aldandın. * * * Ay Murad, göz yetir, bir diqqət ayır, Hörmət et, üz göstər, kim səni sayır, Nanəcib insanla nə çöl, nə bayır, Qapıdan çıxdınsa, yandın, aldandın.
QƏZƏL Bu dünyada minnətini götürmərəm heç kəsin, Düşməniyəm öz nəfsimin,bir duz-çörəkdir bəsim. * * * Allah verən bir ömürdür, saylı ayı, günü var, Boy-buxuna aldanmayın, nə üstündə çox əsin. * * * Nanəcibin üz-gözündən şər süzülər, şər damar, Nə onunla söhbət edin, nə onunla şərt kəsin. * * * Qədərində pulun olsun, möhtac olma kimsəyə, Sonu heç vaxt yaxşı olmur, çox istəyin, həvəsin. * * * Sakit yerdə baş aparar, baş ağrıdar, incidər, Yiyəsinə nə xeyri var, xırıldayan gur səsin?! * * * Ey cavanlar, qulaq asın , siz, Muradın sozünə, Çarəsizə yardım edin, əl tutmağa tələsin!
ACI REALLIQ Ömrü yaşamağın yüz cür yolu var, O qədər seçimi olur bizlərin. Ömür bitər, bir quruca ad qalar, Bir də ki, arxanda ayaq izlərin. * * * Yaşarıq günbəgün arzular üçün, Yaşamaq həvəsi artar ki, ölməz. Sonu görünməyən bu sonsuz köçün, Sirrini bir kimsə anlaya bilməz. * * * Ömür əmanətdi, bizlərə, baxın, Qədrini bilmərik müftə mal kimi. Hər bir yaranışın sonu var axı, Fərqinə varmarıq boş xəyal kimi. * * * Yüz dərdə dözərik, bir an bezmərik, Nə əzab bilərik, nə də ki, ağrı. Heç zaman rahatlıq, dinclik gəzmərik, Qaçarıq sabahkı ümidə doğru. * * * Yelə verib bu ömürü qaçarıq, Neçə təpə, neçə bələn aşarıq. Dönüb ağ buluda göyə uçarıq, Tarix olub yaddaşlarda yaşarıq. * * * Bir də ayılarıq tükəndi ömür, Geriyə dönməyə gücümüz çatmaz. Əksin daş üstündə, nə səs, nə səmir, Qurtardı!!! Bir kimsə başını qatmaz!
YIXILANA GÜLMƏ, QARDAŞ! Zaman ömrə bir qənimdi, Sızıldayan öz tənimdi, Kəsmə, zalım, bədənimdi. Can ağrıdar gözdəki yaş, Yıxılana gülmə, qardaş! * * * Dərd mənimdi, dərman səndə, Bir yaxın gəl, durma gendə. Dar ayaqda neylər bəndə?! Ya kömək ol, ya uzaqlaş, Yıxılana gülmə, qardaş! * * * Sarsılana tez həyan ol, Dərdi anla, bir duyan ol, Ya insan ol, ya o yan ol. Salma məni belə çaş-baş, Yıxılana gülmə, qardaş! * * * Heç vaxt uyma yalan sözə, Çox şey gördüm gəzə-gəzə. Kasıblığı vurma üzə, Nə səhv elə, nə də ki, çaş, Yıxılana gülmə, qardaş! * * * Tərs yozular sözün deyə Cavab vermə hər kəlməyə. Xeyli vaxtdı bilməm niyə Harda aş var, sən orda baş?! Yıxılana gülmə, qardaş! * * * Bir nəzər sal dörd yanına, Ziyan gələr ad-sanına. Yazığın gəlmir canına?! Özünə gəl yavaş-yavaş, Yıxılana gülmə, qardaş! * * * Mənim sözüm hamıyadı, Sağaldandı, mumiyadı. Nə İvana, Tomayadı, Türkdü türkə dayaq, sirdaş, Yıxılana gülmə, qardaş!
ÜRƏYİMİ. Gah istidən, gah soyuqdan Gözləyirəm ürəyimi. Söz anlamır,bax, bayaqdan Bizləyirəm ürəyimi. * * * Çox istəyir məni sıxsın, Məhvərindən qopsun, çıxsın, Ha çalışır tamam yıxsın, İzləyirəm ürəyimi. * * * Olur ki, cana doyuram, Əllərimlə hey oyuram, Sözə baxmır, şumlayıram, Düzləyirəm ürəyimi. * * * Başa salıb qandırıram, Soyuqladıb dondururam, Oda salıb yandırıram, Közləyirəm ürəyimi. * * * Dərdə düşür, karıxıram, Ağrıyıram, qarıxıram, Dalaşanda darıxıram, Özləyirəm ürəyimi. * * * Bax, dilimə o, tam verir, Bədənimə o, qan verir, Söz ruhuma o, can verir, Gizləyirəm ürəyimi.
DEMƏYİN Heç kimə, ay yetim, deməyin dostlar, Hamımız insanıq, kimsə baş deyil. Bu sözdə təənə var, daha nələr var, Açıb ağartmaq da mənə xoş deyil. * * * Qismətdən, yazıdan qaçan olmayıb, Bu dünya yazılı kitaba bənzər. Bağlanmış bir bəxti açan olmayıb, Hər kəs öz bəxtini soraqlar, gəzər. * * * Kimsəyə yetimdir, söyləyib durma, Onun da hifz edən Allahı vardır. Gəl ürək sındırma, gəl könül qırma, Düşünmə ki, ona bu dünya dardır. * * * Heç kəsin taleyi əlində deyil, Kimsəyə lağ edib, sındırma onu. Çalış bu kəlməni yaddaşından sil, Çünki könül qırmaq dünyanın sonu. * * * Bu söz yoxa çıxsa dildən, ağızdan, Hər kəs öz adıyla öyünər məncə. Bu adın əsiri oğuldan, qızdan, Dünya xeyir görər hər şeydən öncə.
BELƏDİR İnsan robot deyil ki, Həmişə düz işləsin. Sadə məntiq deyir ki, Səhvi olur hər kəsin. * * * Bu səhvlərin içində İtib-batan çox olar. Hamısı bir biçimdə, Olmur, çaşan yox olar. * * * Çalışırıq hamıda Qüsur tapaq, səhv tutaq. Ağzımızda tamı da Az qalır ki, unudaq. * * * Bu dünyanın gərdişi Bizi maraqlandırmaz. Bir insanın səhv işi Qəti bizi yandırmaz. * * * Acımasa xəmiri, Küt gedəcək kündələr. Yola verər ömürü, Saf, əlacsız bəndələr. * * * Ağıllı baş seçilər, Düz əməli, işiylə. Yaşandıqca kiçilər Dərd, ağıllı kişiylə. * * * Bu dünya hamı üçün Gör-götür dünyasıdı. Baxın, yaşayın, keçin, Həyat ömrün yasıdı.
ŞEİR (Bir şeir kitabını oxuduqdan sonra…1982ci il.) Şeirə meyl eləyin, şeir oxuyun, Sevinclə, kədərlə dost olmaq üçün. Şeirə meyl eləyin, şeir oxuyun, Şeir dünyasından zövq almaq üçün. * * * Mənimçün şeirdir, hər açılan gül, Mənimçün şeirdir, oxuyan bülbül. Mənimçün şeirdir, o şehli çəmən, Şeirdir mənimçün o ağ yasəmən. * * * Mənimçün şeirdir, gördüyüm gözəl, Şeirdir mənimçün tökülən xəzəl. Mənimçün şeirdir, payızın sonu, Yazda göz oxşayan nərgizin donu. * * * Şeirdir həyatım, şeirdir canım, Şeirsiz keçməyir vaxtım, zamanım. Deyirəm a dostlar, şeir oxuyun, Duyun, duyğulanın, çələng toxuyun. * * * Şeirdir mənimçün var da, dövlət də Şeirdir sevinc də, qəm də, nifrət də. Şeirdir həmişə, hər an, hər zaman Mənimçün edilən quru hörmət də.