Kateqoriya arxivləri: QAZAXLI ŞAİRLƏR

ZAUR USTAC – KOROĞLU

KOROĞLU
(Ədəbiyyatımızın Koroğlusu İslam Sadığa)
Qalxanı kitabdır, qılıncı qələm,
Koroğlu özüdür, bığı yerində!
Şad gün elçisidir, uzaqdı ələm,
Koroğlu özüdür, bığı yerində

Basdığı paşalar söz oğrusudur,
Mehtəri ocaqdan köz oğrusudur,
Türfə gözəlləri göz oğrusudur,
Koroğlu özüdür, bığı yerində!

Sübhü daglardadır, şamı aranda,
Təntiməz, tövşüməz qarda, boranda,
Adı həmən addır İran, Turanda,
Koroğlu özüdür, bığı yerində!

Düzdür ilqarına, düzdür əhdinə,
Çatar arzusuna, baxmaz cəhdinə,
Ustac bu şeirlə çıxıb mədhinə,
Koroğlu özüdür, bığı yerində!
29.01.2024 – Bakı.

Müəllif: Zaur USTAC


Aşıq Qurban: -“Pərdəli gəzməyən nəzərə gələr.”

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Yarını gözləyir hər gün Lütfiyar…

   ZAUR  USTAC

Çağdaş Azərbaycan ədəbiyyatının tanınmış simalarından  biri olan Zaur USTAC 1975-ci ildə Bakı şəhərində andan olub. Ali təhsillidir. Qarabağ müharibəsinin  iştirakçısı, ehtiyatda olan zabitdir. Bədii-publisistik kitabların, metodiki-tədris vəsaitlərinin və balacalar üçün (ingilis dilindən) tərcümələrin müəllifidir. Milli ruhda qələmə alınıb hər iki qrafika ilə (müasir və əski əlifba ilə Ana dilimizdə) çap olunmuş kitabları Bütöv Azərbaycan coğrafiyasında yayımlanır. Xüsusi ilə kiçik yaşlı məktəblilər üçün ana dilimizdə olan öyrədici (Ana dili və Hesab) şeirlərdən ibarət kitabları geniş oxucu kütləsinə tanış olmaqla bərabər məktəb və liseylərin məktəbəhazırlıq qruplarında tədris vəsaiti kimi tətbiq (2019-2020-ci təris ilindən etibarən) olunur..

Zaur USTAC 1988-ci ildən fasiləsiz olaraq dövri mətbuatda dərc olunur, 40-dan artıq kitabın müəllifidir. 2007-ci ildən özünün təsis etdiyi “Yazarlar” jurnalı,  2010-cu ildən isə YAZARLAR.AZ  saytı idarəçiliyindədir.

Zaur Ustacın əsərlərinin  2011-ci ildən etibarən internet vasitəsi ilə bir neçə stabil və  təhlükəsiz portalda  pulsuz  yayımlanmasının nəticəsi olaraq bu gün o internet üzərindən  ən çox oxunan yazarlarımızdan biri, bəlkə də birincisidir.

Zaur USTAC  yaradıcılığı  Ana  dilimizdə  oxuyub, anlamağı  bacaran dünyanın harasında yaşamasından asılı olmayaraq, internetə çıxışı olan hər bir şəxs üçün əlçatandır.

BAYRAQ, BİZİM BAYRAĞIMIZ!!!

(Arazın o tayında bayrağımız dalğalanıb)

Üstündən yüz Araz axsın,
Torpaq, bizim torpağımız!!!
Güney, Quzey fərq eləməz,
Oylaq, bizim oylağımız!!!
* * *
Axışı lal, susur Araz,
Mil, Muğanı yorur ayaz,
Kərkükdən ucalır avaz,
Oymaq, bizim oymağımız!!!
* * *
Göyçə dustaq, Urmu ağlar,
Yaşmaq düşər, börü ağlar,
Qaşqayda bir hürü ağlar,
Papaq, bizim papağımız!!!
* * *
Dörd bir yanın qarabağlı,
Dəmir qapı çoxdan bağlı,
Bir ağacıq qol, budaqlı,
Yarpaq, bizim yarpağımız!!!
* * *
Ustac boşa deməz əlbət;
-“Sərhədinə elə diqqət”,
Bu kəlamda var bir hikmət,
Sancaq bizim sancağımız!!!

ARAZ
Halına acıdım lap əzəl gündən,
Bu qədər qınanır bilmirəm nədən,
Arazı heç zaman qınamadım mən,
Hər iki tərəfə məhrəmdir Araz!
Yaralı torpağa məlhəmdir Araz!
* * *
Sarıyıb Yurdumun şırım yarasın,
Açmayıb, bağlayıb qardaş arasın,
İndi mən qınayım bunun harasın?
Hər iki tərəfə məhrəmdir Araz!
Yaralı torpağa məlhəmdir Araz!
* * *
Çəkib acıları, yığıb suyuna,
Sakitdir, bələddir hamı huyuna,
O da qurban gedib fitnə, oyuna,
Hər iki tərəfə məhrəmdir Araz!
Yaralı torpağa məlhəmdir Araz!
* * *
Xudafərin qucaqlayan qoludur,
Keçidləri salam deyən əlidir,
Bayatılar pöhrələyən dilidir,
Hər iki tərəfə məhrəmdir Araz!
Yaralı torpağa məlhəmdir Araz!
* * *
O tayda çifayda deyir Şəhriyar,
Bu tayda dardadır indi Bəxtiyar,
Yarını gözləyir hər gün Lütfiyar,
Hər iki tərəfə məhrəmdir Araz!
Yaralı torpağa məlhəmdir Araz!

NADANLIQ

Urmu axan göz yaşımdı,

Yanağımda duz olubdu…

Urmu, Urmu söyləməkdən

Bağrım başı köz olubdu…

* * *
Şümürə lənət deyənlər
Susuz qoyubdu dindaşın…
İnsan insana qənimdi,
Günahı nə dağın, daşın?
* * *
Savalanı dərd qocaltdı,
Murov soyuqdan üşüyür…
Araz sükütun pozmayır,
Kür əlçatana döşüyür…
* * *
Dəmir Qapım pas atıbdı,
Neçə körpüdən keçmirik…
Kərkük, Mosul unudulub,
Bağdada iraq demirik…
* * *
Nəsimi nəşi Hələbdə,
Füzuli hərəmdə qalıb…
Babəkin ruhu sərgərdan,
Bəzz qalasın duman alıb…
* * *
Suyumu daşla boğurlar,
Daşımı suyla yuyurlar…
Xudafərin, Urmu incik,
Bizləri bizsiz qoyurlar…
* * *
Şah babam yol ortasında,
Koroğlu göylərdə gəzir…
Bizi, bizdən ayrı salan
Nadanlıq ruhumu əzir…

MƏN ZƏFƏRƏ TƏŞNƏYƏM
Qutlu zəfər sancağım,
Sancılmağa yer gəzir!
Alınası öcüm çox,
Bu gün ruhumu əzir!
* * *
Dərbəndi, Borçalını
Unuduruq həmişə…
Kərkük, Mosul bağrı qan,
Boyun əyib gərdişə…
* * *
Yudumun dörd bir yanın
Hürr görmək istəyirəm!
Şanlı zəfər tuğuma
Zər hörmək istəyirəm!
* * *
İrəvan peşkəş olub
Beş sətirlik kağızla…
Zəngəzuru naxələf
Verib quru ağızla…
* * *
Bədnam Araz illərdir
Olub qargış yiyəsi…
Top doğrayan qılıncın
O taydadır tiyəsi…
* * *
İstəyirəm bu bayraq
Dalğalansın Təbrizdə!
Urmuda üzsün balıq,
Sanki üzür dənizdə…
* * *
Xoyda, Mərənddə bir gün,
Olum qonaq üzü ağ.
Ərdəbilə, Tehrana
Qurulmasın ta duzaq…
* * *
Qarsdan, Ağrıdan baxım,
Qaşqayadək görünsün!
Qapıcıqdan, Qırxqıza
Ağ dumanlar sürünsün!
* * *
Bu arzular həyata
Keçməsə, mən heç nəyəm!
Neynim, mayam belədir,
Mən zəfərə təşnəyəm!!!

BU GÜZ
Zəfər libasında sevinc göz yaşı,
Hər iki sahildə dayanıb ərlər!
Ayrılıq atəşi elə qarsıyıb,
İçərək qurudar Arazı nərlər!
* * *
Göylərdən boylanır Tomris anamız,
Əlində qan dolu o məşhur tuluq!
Xain yağıların bağrı yenə qan,
Canı əsməcədə, işləri şuluq…
* * *
Uşaqdan böyüyə hamı əmindir,
Tarix səhnəsində yetişib zaman!
Bu dəfə biryolluq bitəcək söhbət,
Nə güzəşt olacaq, nə də ki, aman!
* * *
İllərdir həsrətdən gözləri nəmli,
Mamırlı daşların gülür hər üzü!
Neçə qərinədir qalmışdı çılpaq,
Yamyaşıl çayırla gəlib bu güzü!
* * *
Al donun geyinir Günəş hər səhər,
Səmamız masmavi, göy üzü təmiz!
Duman da yox olub, itib buludlar,
Gözün aydın olsun, sevin, a Təbriz!

USTACAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!


DAĞLAR
(Dağlara xitabən üçüncü şeiri)
Tarix səhnəsində yetişdi zaman,
Başlanmış bu çağın mübarək, dağlar!
Hələ nə zəfərlər gözləyir bizi,
Qutlanmış novrağın mübarək, dağlar!

* * *
Dövranın gərdişi döndü, dəyişdi,
Davadan doğulan ərlər yetişdi,
Didilmiş yaralar tutdu, bitişdi,
Üç rəngli duvağın mübarək, dağlar!

* * *
Nə vaxtdır yol-iriz bağlı qalmışdı,
Qoynunda yağılar məskən salmışdı,
Canımı sağalmaz bir dərd almışdı,
Sayalı qonağın mübarək, dağlar!

* * *
Xətai qırmadı könül bağını,
Nadir unutmadı hicran dağını,
İlhamın silahı əzdi yağını,
Dəmirdən yumruğun mübarək, dağlar!

* * *
Qurtuldu yağıdan zənburun, balın,
Bir başqa görünür yamacın, yalın,
Zirvəndən boylanır şanlı hilalın,
Müqəddəs sancağın mübarək, dağlar!

* * *
Haqqa nisbət tutub ulu Ələsgər,
Andırıb, tanıdıb, bilib pərisgar,
Hər səngər məbəddi, pirdi hər əsgər,
Şuşa tək ocağın mübarək, dağlar!


* * *
Ay Ustac, min şükür arzuna yetdin,
“Dədə”n gedən yolu, sən də qət etdin,
Dolandın dünyanı yurdunda bitdin,
Doqquzu zər tuğun mübarək, dağlar!


ÜÇ QARDAŞ
(Azərbaycan, Türkiyə, Pakistan qardaşlığına)

Bir qardaş sağında, biri solunda,
Təpəri dizində, gücü qolunda,
Qardaşlıq məşəli yanır yolunda,
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!
* * *
Xətai amalı bu gün oyaqdır,
Nadirin əməli bu gün dayaqdır,
İlhamın təməli bu gün mayakdır!
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!
* * *
Zamanla yaşadıq xeyli qeylü-qal,
Görməsin bir daha bu birlik zaval,
Dağlara biryolluq qayıdır Hilal,
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!

TUNCAYA

(Tuncayın timsalında !!!)

Tanrı tutub, ağ torpaqdan mayanı,
Gündoğandan Günbatana sənindi!
Nişan verib, yeddi günlük Ayını
Əksi düşən tüm torpaqlar sənindi
* * *
Xəzəri ortaya düz qoyub nişan,
Boynuna dolanan Hilal sənindi!
Ən uca zirvələr, ən dərin göllər
Ormanlar, dəryalar, düzlər sənindi!
* * *
Tanrının payıdı, lütf edib sənə,
Tanrıya sarsılmaz inam sənindi!
Ataya, Anaya, qocaya hörmət
Sirdaşa sədaqət, güvən sənindi!
* * *
Zamanla hökm etdin tüm yer üzünə
Hakimiyyət sənin, höküm sənindi!
Aman istəyəni kəsmədin heç vaxt,
Ən böyük ədalət, güzəşt sənindi!
* * *
Unutma ki, lap binədən belədi,
Mərhəmətli, yuxa ürək sənindi!
Xilas etdi, bağışladı ənamlar,
Yamana yaxşılıq, ancaq sənindi!
* * *
Döyüşdə, düşməni alnından vuran,
Süngüsü əlində ərlər sənindi!
Savaşda, uçağı kəməndlə tutan,
Qüvvəsi qolunda nərlər sənindi!
* * *
Dəli-dolu Türk oğullar cahana
Bəxş etdiyi şərəfli ad sənindi!
Adı gəlsə, yeri-göyü titrədən
Qorxu bilməz, şanlı əsgər sənindi!
* * *
Çöldə simgə etdin Qurdu sancağa,
Kəhər Atın ən yaxşısı sənindi!
Ay-yıldızı nişan tikdin Bayrağa,
Zəkalar, dühalar tümü sənindi!
* * *
Tutduğun yol tək Tanrının yoludu,
Aydın zəka, tər düşüncə sənindi!
Çoxu deyir, tay dünyanın sonudu,
Fəqət bilməz, yeni dünya sənindi!!!

ANA DİLİM
Bu şipşirin Ana dilim,
Həm də qutlu sancağımdır!
Min illərdir Ata Yurdun
Sərhədini bəlirləyir…
Ta Şumerdən üzü bəri,
Dədəm Qorqud öyüd verib,
Şah İsmayıl fərman yazıb,
Qoç Koroğlu nərə çəkib…
Ulu Babəkin fəryadı,
Füzulinin ah-naləsi,
Nəsimin şah nidası,
Bu dildədir!!!
Bu dil, Tomrisin dilidir;
Layla deyib,
Hökm verib…
Min illərdir Ata Yurdun
Sərhədinin keşiyində
Əsgər kimi durub, bu dil!!!
Ana dilim həm əsgərdir,
Həm də sərhəd!!!
Toxunulmaz bir tabudur!!!
19.02.2023. Bakı.

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI



Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

AZƏRBAYCAN YAZARLARI

Hazırda yaradıcılıqla məşğul olan yazıçıların təxmini
S İ Y A H I S I

XAÇMAZ – QUSAR –
QUBA – Qvami Məhəbbətoğlu, Murad Muradov
ŞABRAN – SİYƏZƏN – XIZI –
SUMQAYIT – Varis, Akşin Xəyal, Rəna Təbəssüm
SUMQAYIT, ABŞERON, BAKI, ŞİRVAN – burda yaşayanları öz bölgələ-ri ilə qeyd edirəm.
SALYAN – Naibə Yusif
NEFTÇALA – Eluca Atalı, Səhər Əhməd, Xuraman Zakirqızı
BİLƏSUVAR –
CƏLİLABAD – Meyxoş Abdullah, Əzizağa Elsevər, Camal Zeynaloğlu,
Ziya Alar, Sülhiyyə Musaqızı
MASALLI – Nurəddin Ədiloğlu, Damət Salmanoğlu (daha çox şair
kimi tanınır), Əli Rzazadə (daha çox şair kimi tanınır)
YARDIMLI – Aslan Quliyev
LƏNKƏRAN – Qafar Cəfərli, Hafiz Mirzə, Səyavuş Süleymanlı, Eldar
Tahirov, Salman Məmmədoğlu, Eldar İlqaroğlu, Gülər Eldarqızı
LERİK – Etibar Muradxanlı, Elbrus Kəlbiyev
ASTARA – İlham İlhami, Kamran Nazirli
ŞİRVAN – HACIQABUL –
SABİRABAD – Rəqibə Qəvvas, Azər Qismət
SAATLI –
İMİŞLİ – Səyyad Aran
BEYLƏQAN – Mübariz Örən
FÜZULİ – Elçin Əfəndiyev, Seyran Səxavət (bir vaxtlar şair kimi tanı-nıb), Almaz Ərgünəş
CƏBRAYIL – Elçin Hüseynbəyli, Əlisahib Əroğul, Ataqam, Fazil Gü-ney, Nəriman Mahmud, Qorxmaz Abdulla, Əlibala Zalov
ZƏNGİLAN – İmamverdi İsmayılov (daha çox Millət Vəkili kimi tanı-nır), Azad Qaradərəli, Alı Rəhimoğlu, Ayaz İmranoğlu (daha çox şair kimi
tanınıb), Teyfur Çələbi (daha çox şair kimi tanınıb), Vahid Məhərrəmov
(hərbi jurnalist kimi tanınır), Tarverdi Abbasov, Eynulla Mütəllimov, Əli
bəy Azəri
QUBADLI – Rəşid Bərgüşadlı, Dostəli Nərimanoğlu, Hacı Nərimanoğ-lu, Şəfaqət Cavanşirzadə
LAÇIN – Fəxri Uğurlu, Şərif Ağayar, Təranə Vahid
Bayraq hekayələr toplusu
246
KƏLBƏCƏR – ŞUŞA –
AĞDAM – Aqil Abbas, Mustafa Çəmənli, Eyvaz Zeynalov, Nizami Ko-lanılı, Zaur Ustac, Sultan Mərzili
AĞCABƏDİ – Yaşar Süleymanlı, Eldar Qarqarçay
ZƏRDAB – KÜRDƏMİR –
GÖYÇAY – Anar, Pərviz Yəhyalı, Ülviyyə Tahir, Əfşan Yusifqızı (daha
çox şair kimi tanınır)
AĞSU –
AĞDAŞ – Xeyrəddin Qoca
UCAR – YEVLAX – BƏRDƏ – TƏRTƏR – NAFTALAN –
GORANBOY –
GƏNCƏ – Nüşabə Əsəd Məmmədli, Şəfa Vəli,
GÖYGÖL – Tofiq Əmrahov
SAMUX – DAŞKƏSƏN – ŞƏMKİR –
GƏDƏBƏY – Süleyman Abdulla (daha çox şair kimi tanınır), Qalib
Şəfahət, Pərvanə Bayramqızı, Ramiz İsmayıl (daha çox şair kimi tanınıb),
Xaliq Azadi (daha çox şair kimi tanınıb), Sabir Hüseynov, Hüseyn Məm-mədov, Zəka Vilayətoğlu
QAZAX – Natəvan Dəmirçioğlu
TOVUZ – AĞSTAFA –
ŞAMAXI – Elxan Elatlı, Yaşar Bünyad, Şiringül Musayeva
İSMAYILLI – Məmməd Mirzə, Hacıməmməd Məmmədov, Əvəz Küs-gün, Ülviyyə Niyazqızı, Zarina Əliyeva, Turac Hilal (daha çox şair kimi
tanınıb)
QƏBƏLƏ –
OĞUZ – Cəlil, Cavanşir, Vüsal Oğuz (daha çox şair kimi tanınır), Na-rıngül Nadir
ŞƏKİ – Ələsgər Davudoğlu, Vüqar Əmrah
QAX – ZAQATALA –
BALAKƏN – Vaqif Osmanov, Aygün Sadiq (daha çox şair kimi tanınıb)
MİNGƏÇEVİR – Svetlana Sultan Məcid, Zahid Qasımlı
NAXÇIVAN – Əlabbas Bağırov, Sadıq Qarayev, Aləm Kəngərli, Arif
Ağalar, Akif İmanlı, Hüseyn Əsgərov, Asif Kəngərli, Səfər Alışarlı, Güllü
Məmmədova, Həcər Paşayeva, Arzu Kazımqızı Nehrəmli, Mətanət Duyğu-lu (daha çox şair kimi tanınıb)
BAKI – Çingiz Abdullayev, İlqar Fəhmi, Nəriman Əbdülrəhmanlı, Ma-hir Qabiloğlu, Fərhad Əsgərov, Təranə Məmməd, Nazilə Gültac, Aysel Əli-zadə, Sevinc Nuriqızı, Gülnaz Abdullayeva, Kənan Hacı, Həmid Piriyev,
Ağasəf İmran, Elvin Rizvangil, Nemət Mətin, Nazlı Çələbi, İlahə İmanova.

Mənbə: Bayraq hekayələr toplusu

AZƏRBAYCAN YAZIÇILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


ZAUR USTACIN YAZILARI

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

MURAD MƏMMƏDOVUN KİTABI

VAQİF SULTANLININ YAZILARI

MURAD MƏMMƏDOVUN YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Murad Məmmədov: – Bilməzsən, içində nə güman yatır.

GECİKMİŞ ETİRAF
Bu ömür azalmış, keçilmiş yoldu,
Gəncliyə bənd oldum, aldandım əbəs.
Dünyaya gəlişim xəbərsiz oldu,
Qəfil gedişimi kim biləcək bəs?!
* * *
Gənc oldum, yüyürdüm, qanım qaynadı,
İnan, qocalığı heç düşünmədim.
Od oldum, gözümdə şimşək oynadı,
O tərs inadımdan heç vaxt dönmədim.
* * *
Ağlıma gəlməzdi, sozalar ömür,
Yalançı gülüşlər pərt edər məni.
Hər gün işlənməsə, paslanar dəmir,
Çürüyər, məhv olar, yox olar yəni.
* * *
Qocalmış ömür də dəmirə bənzər,
Gün vurar, qaraldar, yandırar hər an.
Bir yandan soldurar acı qəm, kədər,
Bir yandan pozular əhvalım inan.
* * *
Naşükür deyiləm öz qismətimdən,
Ay dostlar, bu mənim öz həyatımdır.
Səhv başa düşməyin şikayətimdən,
Özümün özümə hesabatımdır.

YATIR
Güvənmə üzünə hər gülən kəsə,
Bilməzsən, içində nə güman yatır.
Uçunma duyduğun biqəfil səsə,
Xain ürəklərdə ah-aman yatır.
* * *
İlahi rəngləri çox gözəl seçir,
Ayırmır, hamıya ağ kəfən biçir.
Ömrünü dağların qoynunda keçir,
Dağların başında çən, duman yatır.
* * *
Bu yalan dünyada yeriyir insan,
Döyülür, ağlayır, kiriyir insan.
Torpağa qarışır, çürüyür insan,
Yanaşı həm yaxşı, həm yaman yatır.
* * *
Hər məzar şahiddi, yatan başlara,
Şəkildən boylanan lal baxışlara,
Baxıram sakitcə qara daşlara,
Hər daşın üstündə bir zaman yatır.
* * *
Muradı sən naşı bilmə, əzizim,
Saxla yaddaşında, silmə, əzizim.
Ağıldan kəmlərə gülmə, əzizim,
Neyləsin, ağlında sar-saman yatır.

İNCƏ DƏRƏSİ.
Bir ulu diyar var Azərbaycanda,
Bir görən istəyər, qayıtsın bir də.
Hər kəsin yeri var, ürəkdə, canda,
Doğmadı, əzizdi, yad da bu yerdə.
* * *
Dərdlərə dərmandı quru havası,
Bu sakit məkanda ağrımaz canın.
Şeirdi, qoşmadı dərdə dəvası,
Ürəyi doludu burda insanın.
* * *
Ləhcəsi doğmadı, şirindi mənə,
Bu dili həmişə laylam sanmışam.
Nə qədər uzaqda yaşasam yenə,
Harada eşitsəm, duyğulanmışam.
* * *
Bu dilbər guşənin əvəzi yoxdur,
İnsanı məst edər quşların səsi.
Yaxından, uzaqdan mehmanı çoxdur,
Hər kəsi cəlb edər görmək həvəsi.
* * *
Sığınıb dağların qoynuna çoxdan,
Elə bil aləmdən uzaqlaşıbdı.
Bu üç kənd qohumdu, qonşudu haqdan,
Sanki bir-biriylə qucaqlaşıbdı.
* * *
Üç kəndin cəmidi, İncə dərəsi,
Kəmərli, Qaymaqlı, Astanbəylidir.
Adıyla öyünən eldi hərəsi,
Məclisi, yığnağı səsli-küylüdür.
* * *
İncə dərəsidir, bu yurdun adı,
Mən də doğulmuşam, burda, oxucu.
Peşiman eyləməz tanışı, yadı,
Oxu, ziyarət et, baxma göz ucu.
* * *
Söz demək istədim onun adına,
Ağlımdan o qədər fikirlər keçdi.
Nə bir zəhmət çəkib, yandım oduna,
Nə də bir doyunca suyundan içdim.
* * *
Ancaq ömrü boyu borc bildim yenə,
Ruhumla, canımla yurda bağlıyam.
Qorxuram, yapışmaz, yaraşmaz sənə,
Çünki, mən də bu torpağın oğluyam.
I
Tarixin qədimdi, torpağın ulu,
Ruhumun canısan, İncə dərəsi.
Qazağın sifəti, imzası, qolu,
Adısan, sanısan, İncə dərəsi.
* * *
Nə qədər gözəldi, incədi adın,
Cəmi üç kənd olub, qolun-qanadın.
Görüşünə gələn tanışın, yadın,
Dərdə dərmanısan, İncə dərəsi.
* * *
Zəhmətiylə təmiz, halal çalışan,
Sevincindən ruha gələn, alışan,
Qiyasbəylilərin ruhu dolaşan,
O yurdun xanısan, İncə dərəsi.
* * *
Köksündə izi var, neçə illərin,
Həmişə şen olsun, görüm ellərin.
Biz gəldi-gedərik, sən nəsillərin,
Qaynayan qanısan, İncə dərəsi.
II
Qismətə, taleyə çox inanmışam,
Nə gəlib başıma ,qismət, demişəm.
Olub ki, on mini qəpik sanmışam,
Olub da, quruca çörək yemişəm.
* * *
Ümiddən əlimi üzmədim heç vaxt,
Nə də ki, Tanrıya asi olmadım.
İnandım, yazılı bu tale, bu baxt,
Məni utandırmaz. Darda qalmadım.
* * *
Çünki inanmışam Allaha hər an,
Bu inam, bəlkə də ruhumdan gəlib.
Tanrı, aramızda cavabsız qalan,
Nə qədər günah var ,sonlayıb, silib.
* * *
Bəxtim gəl-gəl deyib, önümdə durub,
Gözümü mən bu torpaqda açmışam.
Bu torpaq önümdə sədd, divar qurub,
Yaramaz işlərdən hər an * * *qaçmışam.
* * *
Bu yerdə gəzmədim şenlik, abadlıq,
Məni dilləndirən havadı, sudu.
Quşların səsində ruhi rahatlıq,
İnsanı cəlb edən gözəllik budu.
III
Bu eldə elmiylə dünyalar gəzən,
Tanrıya tapınan bir bəndə yatır.
O, elə bir övliyya, elə alimdir,
Həm mənim ruhumda, həm səndə yatır.
* * *
Türbəsi dayaqdı bu el-obaya,
Onu ziyarətə milyonlar axar.
Mübarək ruhuyla yetişər hoya,
Hamıya doğmadı, bir gözlə baxar.
* * *
Məkanı kiçikdi, söhbəti böyük,
Adına sınanmış insanlar gələr.
Ziyarət eyləsən, nə çaş, nə döyük,
Səni qucaqlayar, doğması bilər.
* * *
Bu yurdda ağıllı insanlar olub,
Öz sözü, səsiylə bir elə misal.
O elə bir nəsil ki, yenə də qalıb,
Həm özü şəxsiyyət, həm ləhcəsi bal.
* * *
Nə yaxşı könlünə yaxın yerdədi,
İlahi, gözündən uzaq olmasın!
Bu elə tay olan elin hardadı?!
Saxla pənahında, darda qalmasın!
* * *
İnsanı bağlıdı obaya, elə,
Canıyla, qanıyla yurda dayaqdı.
Bu dünya durduqca, qalacaq hələ,
Bu dərə, həmişə sərvaxt, oyaqdı.
IV
Nə gözəl mənzərədi,
Ruhumu alıb gedir.
Bəlkə buna görədi,
Əhvalım göylərdədir.
* * *
Yaradandan bəndəyə,
Lütf olan gözəllikdi.
Ruhum dil açır deyə,
Yarəb, dünya mənlikdi.
* * *
Ətrafımda quş səsi,
Burnumda gül qoxusu.
Cəzb eləyir hər kəsi,
Cuşa gəlir çoxusu.
* * *
Bura cənnətin özü,
Laylam oxunan yerdi.
Azərbaycanın gözü,
Mənə səcdəgah, pirdi.
* * *
Bütün dərdi-sərimi,
Burda unutmaq olur.
Könlüm məzar yerimi,
Sonumda burda bulur.
* * *
Bura, arxam, güvənim,
Mənim qibləgahımdır.
Yaşadığım dünənim,
Bu günüm, sabahımdır.
* * *
Yurdumun torpağına,
Daşına qurban olum!
Gələcəm ayağına,
İncə dərəm, son yolum!
V
Vətənimin sonunda,
Həmişə yaz donunda.
Mənim ruhum, ürəyim,
Canım, İncə dərəsi!
* * *
Məkkəmsən, Mədinəmsən,
Döğma yurdum, binəmsən.
Məzar yerim, son qibləm,
Yönüm, İncə dərəsi!
* * *
Çox gəzmişəm, hər yeri,
Səndən ayrı sərsəri.
Başqa yerə qaynamır,
Qanım, İncə dərəsi!
* * *
Cənnət olsa yan-yörəm,
İstəmərəm, mən görəm.
Ancaq səndə xoş keçər,
Anım, İncə dərəsi!
* * *
Bezdim insan köçündən,
Milyonların içindən,
Seçilməz mənim adım-
Sanım, İncə dərəsi!
* * *
Dan yeri söküləndə,
Yollarım büküləndə,
Çatacaqmı axırım,
Sonum, İncə dərəsi?!

ARŞIN
(Mənim öz arşınım var.)
Quyu qazma başqasına,
Yıxılarsan, qəbrin olar!
Tələs, qonşunun yasına,
Həmin gündən sənin də var!
* * *
Qorxaq olma, ürəkli ol!
Cəsarətdir işin canı.
El-obaya gərəkli ol,
Keçmişini yaxşı tanı!
* * *
Böyüyünə hörmət eylə,
Üzmə onu, qoy sevinsin!
Gördüyünü doğru söylə,
Qoy həqiqət səni yensin!
* * *
Yaddan çıxart, yaxın getmə,
Şükür söylə, hər olana.
Uzaq dolan, hörmət etmə,
Səni hörmətdən salana.
* * *
Yanma hörmət qoyduğuna,
Səndən gələn səxavətdi.
İnan, Fələk saydığına,
Sən saydığın boş söhbətdi.
* * *
Üz-göz olma ağılsızla,
El içində xar olarsan.
Nə ahmır tök, nə də sızla,
Öz ağlınla yar olarsan.
* * *
Anlamaza qəti dinmə,
Tərs anlayar, qanar səni.
Səviyyəndən heç vaxt enmə,
Rəqib zəif sanar səni.
* * *
Yazdıqlarım ağlımdakı,
Beynimdəki fikirlərdi.
Bölüşürəm oxuyanla,
Qəbul etsən, bu qədərdi.
* * *
Öz arşınım var həmişə,
Bazarda qiymət endirər.
Sən can yandır hər an işə,
Uca Tanrı sevindirər.

UYMA XƏYALLARA!
Xəyallarım yenə pərvaz eylədi,
Dolandı göyləri, söndü, qayıtdı.
Qovdu gümanları geri teylədi,
Peşiman, pəjmürdə, döndü, qayıtdı.
* * *
Sönən arzularım daha alışmaz,
Yüz dəfə qızışdır, yüz ocaq yandır.
Köhnə gümanlarım daha çalışmaz,
Nə özünü aldat, nə məni qandır.
* * *
Dolaşır beynimdə bomboş xəyallar,
İnanın, bu günlük, dünənlik deyil.
Məni yaman yorur bağlı suallar,
Cavabı indi də, heç mənlik deyil.
* * *
Hər kəsi incidər, ağrıdar hər an,
Vaxtında, ağılla görmədiklərin.
Sənə qismət olmaz bostanda qalan,
İş görüb, tər töküb dərmədiklərin.
* * *
Heç vaxt aldatmadım, özüm özümü,
Boyumdan yuxarı addım atmadım.
Mənə Tanrı verən səbri, dözümü,
Özümə xərclədim, heç vaxt satmadım.
* * *
Xəyalla yaşamaq vərdişim yoxdu,
Reallıq nədisə, ona gəlirəm.
Yanan arzularım beynimdə çoxdu,
Hamısı qismətdi, bunu bilirəm.
* * *
Nə xəyal dolandır, nə fikir eylə,
Yüz fikir bir borcu ödəmir, vallah!
Dərdini dərd bilən bir kəsə söylə,
Çarəsi tapılar, böyükdür Allah!

QƏZƏL
Nələr çəkdik, nələr gördük, biz, bu yaşa gəlincə,
Gözümüzlə od götürdük, ömür başa gəlincə.
* * *
İnsanlardan kənarlaşdıq, dərdimizlə cüt olduq,
Gizlənməyə yer gəzərsən, dərdin qoşa gəlincə.
* * *
Gözəlliklər bir bəladır, canın alar, öldürməz,
Gözəl olan ruh oxşayar, hilal qaşa gəlincə.
* * *
Ruhum tamam sakit olar, bil, şeytana uymaram,
Məni məndən alan olmaz, ürək cuşa gəlincə.
* * *
Əriyərəm, tər tökərəm, ruhum məni boğanda,
Necə darda qan ağlayar, düyü aşa gəlincə.
* * *
Sən yazmağa gec başladın, səhv elədin, ay Murad,
Canın çıxar yox olarsan, sözün xoşa gəlincə.

ÖZƏL DUYĞULARIM
Şeir yazmaq vərdişdimi? Bilmirəm,
Ya da ruha qidadımı, sudumu?
Düşünürəm, bir qərara gəlmirəm,
Görən, ruhun oyanışı budumu?!
* * *
Necə olur o təb, o ruh- möcüzə,
Dilləndirir, dilə gəlir misralar.
İçdən gələn duyğulardır, tər, təzə,
Bir ürəkdən, o birinə yol salar.
* * *
Mən o ruhda, biləmmirəm sirdimi,
Ürəyimdən tikan çıxar bir anlıq.
Unudaram həmin zaman dərdimi,
Yada düşməz nə bir pislik, yamanlıq.
* * *
Şeir yazmaq yatan ruhu oyadar,
Ürəyinə təpər verər, güc verər.
Şair olan eşq şərbətin tez dadar,
Tez yetişər, eşq gülünü tez dərər.
* * *
Azad ruhum cilalanar, parlayar,
Saf düşünər, qorxmaz heç vaxt qınaqdan.
Yazan ürək nə usanar, nə doyar,
Ləzzət alar bu qələmdən, varaqdan.

A DÜNYA
Hərif oldum başımı,
Yaman qatdın, a dünya!
Topa qoydun daşımı,
Çox aldatdın, a dünya!
* * *
Məndən olsa gəlməzdim,
Burda qalıb ölməzdim,
Dar ayaqda, bilməzdim,
Məni satdın, a dünya!
* * *
Nə qeydimə qalmadın,
Nə bir kömək olmadın.
Niyə başa salmadın?!
Gec oyatdın, a dünya!
* * *
Gah soyuqda dondurdun,
Gah istidə yandırdın.
Məni yaman qandırdın,
Oda atdın, a dünya!
* * *
Allah aldı çaramı,
Göynətmədi haramı?!
Qaysaqlanan yaramı,
Off, qanatdın, a dünya!
* * *
Korun bəxti yatanda,
Dayaq oldun batanda.
Sıra mənə çatanda,
Niyə yatdın, a dünya!
* * *
Oda düşdün, qaynadın,
Başlar yedin, doymadın.
Çirkin oyun oynadın,
Çirkə batdın, a dünya!
* * *
İşi saldın düyünə,
Murad getdi küyünə.
Arzuna, istəyinə,
Deyən çatdın, a dünya!

VARMI?!
Məni məndən alan gözəl,
De, dərdindən ölən varmı?!
Cavan ömrü talan gözəl,
Dərdlərini bölən varmı?!
* * *
Artıq ömür oldu yarı,
Dərd sağalmır, ha da sarı,
Bir yada sal, indi barı
Göz yaşını silən varmı?!
* * *
Bir baxışla oda yaxan,
Şimşək kimi alov çaxan,
Ey üzümə tərs-tərs baxan,
Bir üzünə gülən varmı?!
* * *
Murad səni çox özləyib,
Yaddaşında əzizləyib,
Hər gün səhər yol gözləyib,
Sənə qarşı gələn varmı?!

MƏNİM BİLDİKLƏRİM.
Dünyanı yaxşılıq xilas edəcək,
Pislikdən uzaq dur, şeytana uyma!
Yaranan bilir ki, bir gün gedəcək,
Yaxşılıq etməkdən usanma, doyma!
* * *
Yaxşılıq ağılda, yaddaşda qalmaz,
Təkcə Allah görər, amma ki, itməz.
Yamanlıq öldürməz, canını almaz,
Ancaq can ağrıdar, ağlından getməz.
* * *
Gündəlik incitsən, ağrıyar hər can,
Bezikər, tablamaz, yanından qaçar.
Yamanlıq etməkdən yorulsa insan,
Yaramaz əməllər gül-çiçək açar.
* * *
Dünən gördüyündən dərs götür, anla,
Ağılsız insanı yellər oynadır.
Nə qədər səhv etsən, özünü danla,
Bu dünya naşıya gülən dünyadır.
* * *
İlahi görk edər, qəti ötürməz,
Etdiyin pisliyin bədəli səndə.
Əzizim, pisliyi Tanrı götürməz,
Ölməmiş, sağıykən ödəyər bəndə.
* * *
Yaxşılıq gəlmirsə əlindən, dayan,
Çəkil, dur qıraqda, yamanlıq etmə!
Ayıl röyalardan, yuxudan oyan,
Doğru ol, dürüst ol, sən küyə getmə!

YALAN DÜNYA.
Dönüb boylanıram geriyə hərdən,
Doğru nəyim varsa, aşikardadır.
Heç nə anlamıram bu bağlı sirdən,
Dünən gördüklərim bu gün hardadır?!
* * *
Xəyallar geriyə boylanar hər an,
Dünənin ləzzəti yadından çıxmaz.
Nədənsə, dilbilməz, ağılsız insan,
Xəyalla yaşayar, irəli baxmaz.
* * *
Günlər tez dəyişir, ötür fəsillər,
Dəyişən tablodan gözün yorulmur.
Yalan danışmaqdan bezikmir dillər,
Yalan nəfəs alır, ağlı durulmur.
* * *
Beləcə doğruya addım atılmır,
Nədəndir? Nə üçün? Səbəbi çoxdur.
Bu yalan dünyada doğru satılmır,
Nə də ki, doğrunun bazarı yoxdur.
* * *
Həyatdı, dünyadı, yola veririk,
Hər gün aldanırıq, ömrümüz gedir.
Doymuruq, nə qədər yalan dəririk,
Yalan, canımızda doğrunu didir.
* * *
Dünyanın mayası yalanla olub,
Bax buna görədir, aldadır bizi.
Baxıram işimiz Allaha qalıb,
Doğru da sağaltmır heç dərdimizi.

HAQQ YOLU
Tükdən asılıyıq ,sən demə hər an,
Ruhumuz göylərdə, cismimiz yerdə.
Ay pulla özünü bəxtəvər sanan,
O tük üzüldüsə, qapanar pərdə.
* * *
Bax onda kiməsə nə əlin çatar,
Nə də ki, səsinə səs verən olar.
Gözlərin yumular, qulağın batar,
Dildə, ağızlarda adın hallanar.
* * *
Bu köhnə mərəkə, köhnə mənzərə,
Nə doğma inciyər, nə yad inciyər.
Burda növbə yoxdu, sərbəstdi hərə,
Gələr köynəyini əyninə geyər.
* * *
Heç kəs son mənzili seçmir, bəyənmir,
Döşənmir, bəzənmir gəbə, xalıyla.
Etiraz eyləyib bir söz deyənmir,
Çünki yol üstədi cansız halıyla.
* * *
Bu bir haqq yoludu, gedirik biz də,
Dədəmiz, babamız gedib bu yolu.
Bir azca təlaş var ürəyimizdə,
Baxma, tanış deyil nə sağı, solu.
* * *
Dünyanın sonu var, sən də bir düşün,
Ağlınla çək- çevir, haqq-hesab eylə.
Boyundan yuxarı tullanma, kişi,
Canın yerdədisə, əlləşmə göylə.

ALDANDIN.
Bu daşlı, kəsəkli ömür yolunda,
Özünü çox bilmiş sandın, aldandın.
Nə olsun qüvvət var, biləyində, qolunda,
Çox eşitdin ki, az qandın, aldandın.
* * *
Başından yel əsdi, oyananmadın,
On arif dərs keçdi, susdun, qanmadın.
Tamahın güc gəldi, dayananmadın,
Sən ki, qul haqqını dandın, aldandın.
* * *
Ay Murad, göz yetir, bir diqqət ayır,
Hörmət et, üz göstər, kim səni sayır,
Nanəcib insanla nə çöl, nə bayır,
Qapıdan çıxdınsa, yandın, aldandın.

QƏZƏL
Bu dünyada minnətini götürmərəm heç kəsin,
Düşməniyəm öz nəfsimin,bir duz-çörəkdir bəsim.
* * *
Allah verən bir ömürdür, saylı ayı, günü var,
Boy-buxuna aldanmayın, nə üstündə çox əsin.
* * *
Nanəcibin üz-gözündən şər süzülər, şər damar,
Nə onunla söhbət edin, nə onunla şərt kəsin.
* * *
Qədərində pulun olsun, möhtac olma kimsəyə,
Sonu heç vaxt yaxşı olmur, çox istəyin, həvəsin.
* * *
Sakit yerdə baş aparar, baş ağrıdar, incidər,
Yiyəsinə nə xeyri var, xırıldayan gur səsin?!
* * *
Ey cavanlar, qulaq asın , siz, Muradın sozünə,
Çarəsizə yardım edin, əl tutmağa tələsin!

ACI REALLIQ
Ömrü yaşamağın yüz cür yolu var,
O qədər seçimi olur bizlərin.
Ömür bitər, bir quruca ad qalar,
Bir də ki, arxanda ayaq izlərin.
* * *
Yaşarıq günbəgün arzular üçün,
Yaşamaq həvəsi artar ki, ölməz.
Sonu görünməyən bu sonsuz köçün,
Sirrini bir kimsə anlaya bilməz.
* * *
Ömür əmanətdi, bizlərə, baxın,
Qədrini bilmərik müftə mal kimi.
Hər bir yaranışın sonu var axı,
Fərqinə varmarıq boş xəyal kimi.
* * *
Yüz dərdə dözərik, bir an bezmərik,
Nə əzab bilərik, nə də ki, ağrı.
Heç zaman rahatlıq, dinclik gəzmərik,
Qaçarıq sabahkı ümidə doğru.
* * *
Yelə verib bu ömürü qaçarıq,
Neçə təpə, neçə bələn aşarıq.
Dönüb ağ buluda göyə uçarıq,
Tarix olub yaddaşlarda yaşarıq.
* * *
Bir də ayılarıq tükəndi ömür,
Geriyə dönməyə gücümüz çatmaz.
Əksin daş üstündə, nə səs, nə səmir,
Qurtardı!!! Bir kimsə başını qatmaz!

YIXILANA GÜLMƏ, QARDAŞ!
Zaman ömrə bir qənimdi,
Sızıldayan öz tənimdi,
Kəsmə, zalım, bədənimdi.
Can ağrıdar gözdəki yaş,
Yıxılana gülmə, qardaş!
* * *
Dərd mənimdi, dərman səndə,
Bir yaxın gəl, durma gendə.
Dar ayaqda neylər bəndə?!
Ya kömək ol, ya uzaqlaş,
Yıxılana gülmə, qardaş!
* * *
Sarsılana tez həyan ol,
Dərdi anla, bir duyan ol,
Ya insan ol, ya o yan ol.
Salma məni belə çaş-baş,
Yıxılana gülmə, qardaş!
* * *
Heç vaxt uyma yalan sözə,
Çox şey gördüm gəzə-gəzə.
Kasıblığı vurma üzə,
Nə səhv elə, nə də ki, çaş,
Yıxılana gülmə, qardaş!
* * *
Tərs yozular sözün deyə
Cavab vermə hər kəlməyə.
Xeyli vaxtdı bilməm niyə
Harda aş var, sən orda baş?!
Yıxılana gülmə, qardaş!
* * *
Bir nəzər sal dörd yanına,
Ziyan gələr ad-sanına.
Yazığın gəlmir canına?!
Özünə gəl yavaş-yavaş,
Yıxılana gülmə, qardaş!
* * *
Mənim sözüm hamıyadı,
Sağaldandı, mumiyadı.
Nə İvana, Tomayadı,
Türkdü türkə dayaq, sirdaş,
Yıxılana gülmə, qardaş!

ÜRƏYİMİ.
Gah istidən, gah soyuqdan
Gözləyirəm ürəyimi.
Söz anlamır,bax, bayaqdan
Bizləyirəm ürəyimi.
* * *
Çox istəyir məni sıxsın,
Məhvərindən qopsun, çıxsın,
Ha çalışır tamam yıxsın,
İzləyirəm ürəyimi.
* * *
Olur ki, cana doyuram,
Əllərimlə hey oyuram,
Sözə baxmır, şumlayıram,
Düzləyirəm ürəyimi.
* * *
Başa salıb qandırıram,
Soyuqladıb dondururam,
Oda salıb yandırıram,
Közləyirəm ürəyimi.
* * *
Dərdə düşür, karıxıram,
Ağrıyıram, qarıxıram,
Dalaşanda darıxıram,
Özləyirəm ürəyimi.
* * *
Bax, dilimə o, tam verir,
Bədənimə o, qan verir,
Söz ruhuma o, can verir,
Gizləyirəm ürəyimi.

Müəllif: Murad MƏMMƏDOV

MURAD MƏMMƏDOVUN YAZILARI

MURAD MƏMMƏDOVUN KİTABI


“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Zaur Ustac: – Şuşatək ocağın mübarək, dağlar!

   ZAUR  USTAC

Çağdaş Azərbaycan ədəbiyyatının tanınmış simalarından  biri olan Zaur USTAC 1975-ci ildə Bakı şəhərində andan olub. Ali təhsillidir. Qarabağ müharibəsinin  iştirakçısı, ehtiyatda olan zabitdir. Bədii-publisistik kitabların, metodiki-tədris vəsaitlərinin və balacalar üçün (ingilis dilindən) tərcümələrin müəllifidir. Milli ruhda qələmə alınıb hər iki qrafika ilə (müasir və əski əlifba ilə Ana dilimizdə) çap olunmuş kitabları Bütöv Azərbaycan coğrafiyasında yayımlanır. Xüsusi ilə kiçik yaşlı məktəblilər üçün ana dilimizdə olan öyrədici (Ana dili və Hesab) şeirlərdən ibarət kitabları geniş oxucu kütləsinə tanış olmaqla bərabər məktəb və liseylərin məktəbəhazırlıq qruplarında tədris vəsaiti kimi tətbiq (2019-2020-ci təris ilindən etibarən) olunur..

Zaur USTAC 1988-ci ildən fasiləsiz olaraq dövri mətbuatda dərc olunur, 40-dan artıq kitabın müəllifidir. 2007-ci ildən özünün təsis etdiyi “Yazarlar” jurnalı,  2010-cu ildən isə YAZARLAR.AZ  saytı idarəçiliyindədir.

Zaur Ustacın əsərlərinin  2011-ci ildən etibarən internet vasitəsi ilə bir neçə stabil və  təhlükəsiz portalda  pulsuz  yayımlanmasının nəticəsi olaraq bu gün o internet üzərindən  ən çox oxunan yazarlarımızdan biri, bəlkə də birincisidir.

Zaur USTAC  yaradıcılığı  Ana  dilimizdə  oxuyub, anlamağı  bacaran dünyanın harasında yaşamasından asılı olmayaraq, internetə çıxışı olan hər bir şəxs üçün əlçatandır.

VAQİF POEZİYA GÜNLƏRİ

SEVİN, A TƏBRİZ!
Zəfər libasında sevinc göz yaşı,
Hər iki sahildə dayanıb ərlər!
Ayrılıq atəşi elə qarsıyıb,
İçərək qurudar Arazı nərlər!
* * *
Göylərdən boylanır Tomris anamız,
Əlində qan dolu o məşhur tuluq!
Xain yağıların bağrı yenə qan,
Canı əsməcədə, işləri şuluq…
* * *
Uşaqdan böyüyə hamı əmindir,
Tarix səhnəsində yetişib zaman!
Bu dəfə biryolluq bitəcək söhbət,
Nə güzəşt olacaq, nə də ki, aman!
* * *
İllərdir həsrətdən gözləri nəmli,
Mamırlı daşların gülür hər üzü!
Neçə qərinədir qalmışdı çılpaq,
Yamyaşıl çayırla gəlib bu güzü!
* * *
Al donun geyinir Günəş hər səhər,
Səmamız masmavi, göy üzü təmiz!
Duman da yox olub, itib buludlar,
Gözün aydın olsun, sevin, a Təbriz!

USTACAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!


DAĞLAR
(Dağlara xitabən üçüncü şeiri)
Tarix səhnəsində yetişdi zaman,
Başlanmış bu çağın mübarək, dağlar!
Hələ nə zəfərlər gözləyir bizi,
Qutlanmış novrağın mübarək, dağlar!

* * *
Dövranın gərdişi döndü, dəyişdi,
Davadan doğulan ərlər yetişdi,
Didilmiş yaralar tutdu, bitişdi,
Üç rəngli duvağın mübarək, dağlar!

* * *
Nə vaxtdır yol-iriz bağlı qalmışdı,
Qoynunda yağılar məskən salmışdı,
Canımı sağalmaz bir dərd almışdı,
Sayalı qonağın mübarək, dağlar!

* * *
Xətai qırmadı könül bağını,
Nadir unutmadı hicran dağını,
İlhamın silahı əzdi yağını,
Dəmirdən yumruğun mübarək, dağlar!

* * *
Qurtuldu yağıdan zənburun, balın,
Bir başqa görünür yamacın, yalın,
Zirvəndən boylanır şanlı hilalın,
Müqəddəs sancağın mübarək, dağlar!

* * *
Haqqa nisbət tutub ulu Ələsgər,
Andırıb, tanıdıb, bilib pərisgar,
Hər səngər məbəddi, pirdi hər əsgər,
Şuşatək ocağın mübarək, dağlar!


* * *
Ay Ustac, min şükür arzuna yetdin,
“Dədə”n gedən yolu, sən də qət etdin,
Dolandın dünyanı yurdunda bitdin,
Doqquzu zər tuğun mübarək, dağlar!

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI

VAQİF POEZİYA GÜNLƏRİ 2023

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Qazaxda analar şair doğurlar!

İLHAM QAZAXLI ÜMUMBƏŞƏRİ ŞAİRDİR
Salam olsun, çox dəyərli oxucum. Uca Yaradana dünyadakı kəlmələrin sayı qədər şükürlər olsun ki, yenidən sizlərlə görüşmək nəsibimiz oldu.
Qəzənfər, sözündən təzə söz doğur,
Şərdən yalan doğur, haqdan düz doğur.
Hər yerdə analar oğlan, qız doğur,
Qazaxda analar şair doğurlar!

Qəzənfər Məsimoğlundan gətirdiyim bu gözəl misralarla söhbətimizə giriş vermək istəyirəm. Bəli, Əliağa Şıxlinskini, Səməd Vurğunu dünyaya bəxş edən şıxlılar, şahsevənlər, ustaclılar, aşıqlılar yurdu Qazax elində müasirimiz olan İlham Qazaxlı kimi daha bir mükəmməl şəxsiyyət, ümumbəşəri şair, “haqq aşığı” doğulub, boya-başa çatmışdır. Azərbaycanın ali təhsil ocaqlarından birində dəqiq elmlər üzrə təhsil alsa da insanlığa sözlə xidmət etməyi qarşısına məqsəd qoymuş və hal-hazırda bu vəzifənin öhdəsindən layiqincə gəlməkdədir.
Bu məsələyə bir neçə yazımda və yeri gəldikcə müxtəlif tədbirlədə baş tutan söhbətlərimdə toxunmuşam. Burada da Vahid Əzizin adını çəkməklə bir daha xatırlatmaq istəyirəm ki, dəqiq elmlər sahəsində təhsil almış şəxslərin ədəbi fəaliyyəti həmişə orijinallığı ilə seçilir. İlham Qazaxlı da belə xüsusi istedad sahiblərindən biridir.
Qələmlə və ya qələmsiz yazmasından asılı olmayaraq istənilən məsələyə ədalətli və obyektiv mövqeyi ilə seçilən dəyərli söz adamı Rəşad Məcidin şairin 50 illik yubileyi ilə bağlı Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” adlı zalında keçirilən tədbir zamanı dediyi: “İlham Qazaxlı şəxsiyyəti və yaradıcılığı bir-birini tamamlayan şairdir…” – fikri üzərindən söhbətimi davam etdirərək bildirmək istəyirəm ki, doğulduğu aydan tutmuş, böyüyüb boya-başa çatdığı elə qədər həyatındakı bütün mövcud amillər məhz bu cür bitkin, kamil şəxsiyyət, cəmiyyət üçün faydalı insan yetişdirməli idi. Böyük əminliklə vurğulamaq istəyirəm ki, İlham Qazaxlının başqa yolu olmayıb. İlham Qazaxlı, ya da İlham Qazaxlı! O istənilən bir sahədə məşğul olsaydı eyni uğuru yenə təkrarlayacaqdı. Şair haqqında belə ümumi sözlərlə qısa məlumat verdikdən sonra onun real həyat və fəaliyyəti haqqında kiçik bir arayış təqdim etməyə ehtiyac duydum.
QISA ARAYIŞ: İlham Qazaxlı 13 may 1973-cü ildə Qazax rayonun Dağ Kəsəmən kəndində anadan olub. İlk təhsilini doğma kəndində aldıqdan sonra 1995-ci ildə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və İnformatika fakültəsini bitirib. Şeirləri müxtəlif mətbu orqanlarda müntəzəm olaraq dərc olunur. AYB və AJB üzvü olan şairin ədəbi yaradıcılıq fəaliyyəti “Qızıl Qələm” və “Ziyadar” kimi nüfuzlu mükafatlarla qiymətləndirilib. Əlinə qələm aldığı ilk günlərdən etibarən bu günədək fasiləsiz və stabil fəaliyyət göstərən İlham Qazaxlı 50 illik yubileyi ərəfəsində “Zəfər sevinci” adlı növbəti kitabı ilə oxucularını sevindirib.
Söhbətimizin bu yerində Qəzənfər Məsimoğlunun – “Hər yerdə analar oğlan, qız doğur, Qazaxda analar şair doğurlar!” – misralarını təkrarən misal gətirərək qeyd etmək istəyirəm ki, Qazax kimi sazın, sözün xüsusi çəkisi, qədir-qiyməti olan eldə mən şairəm demək, hələ üstəlik “Qazaxlı” təxəllüsü götürmək özü bir şücaət, böyük məsuliyyət deməkdir. Mənim üçün ümumbəşəri şair olan İlham Qazaxlı bəlkə də yaradıcılığının ilk illərində “Qazax” adına söykənərək, – “dünyaya mən də varam, mən şairlər yurdu Qazaxdanam” – demək istəyirdisə, artıq çoxdan öz sözü ilə doğma Qazağını dünyaya tanıdır.


Şeirlərinin birində (İlham Qazaxlı. “Zəfər sevinci”. Bakı, “Elm və təhsil”, 2023, 304 səh.  s.191.) :
Dayansın hücumu şərin bəşərə,
Kökündən yamanlıq, pislik laxlasın!
Çəkməsin insanı iblis məhşərə,
Zalımın zülmündən Allah saxlasın!

– deyən şair sözün əsl mənasında böyük amallar uğrunda çarpışdığını bir daha gözlər önünə sərir. Düz 50 il əvvəl Qazağın bəlkə də insanlar üçün ucqar, Ulu Tanrıya isə bir basamak daha yaxın olan Dağ Kəsəmən kəndində pərvəriş tapmış bir fidanın bu gün filizlənərək “min budaq” olması, dünyaya sözünü çatdırması, bir elin hüdudlarını aşaraq, cahana ününü yetirməsi, ümumbəşəri ideyalar carçısına çevrilməsi təqdirəlayiq haldır.


Yaxud başqa bir şeirdə (İlham Qazaxlı. “Zəfər sevinci”. Bakı, “Elm və təhsil”, 2023, 304 səh.  s.107.) :
Suriya! Ey, köksü yanan məmləkət!
Çəkilmir üstündən bir an fəlakət.
Hər doğan sabahın qaranlıq saçır,
Müqəddəs amallar səndən gen qaçır. …

Bu misralar qeyri-ixtiyari böyük Səməd Vurğunun “Zəncinin arzuları” əsərini yadıma saldı. Özü param-parça olmuş bir məmləkətin sakini olan , bütün gəncliyini Qarbağ kimi dərd-bəla ilə mücadiləyə həsr etmiş şairin ümumbəşəri mövqeyi məhz belə olmalıdır.
Bu qəbildən olan misalları sadalamaqla yazını daha da uzatmaq olardı. Ancaq “arifə bir işarə bəs eylər” misalına istinad edərək, sizi yormaq istəmirəm. Sonda onu qeyd etmək istəyirəm ki, mənsub olduğu ədəbi nəslin nümayəndələri arasında İlham Qazaxlı bütün məziyyətləri ilə seçilən qələm adamıdır. O sözün əsl mənasında bütün xırdalıqları fövqündə dayanan haqq aşığı (sazı olmasa da), ümumbəşəri şairdir. Bütün uğurlarından dolayı onu təbrik edir, yeni-yeni yaradıcılıq nailiyyətləri arzulayıram. Uğurlarınız bol olsun, İlham Qazaxlı! Yolunuz açıq olsun…
Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkürümü bildirir, Uca Yaradandan hamınıza uzun ömür, cansağlığı, ailə səadəti arzu edirəm. Yeni-yeni görüşlərədək. Var olasınız. Uğurlarınız bol olsun.
03.06.2023. Bakı.

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

ZAUR USTACIN YAZILARI

TƏRANƏ MƏMMƏDİN YAZILARI


MÜSABİQƏ ELAN OLUNDU 

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

> > > > MÜTLƏQ OXUYUNN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

QAZAXDA ANALAR ŞAİR DOĞURLAR. QƏZƏNFƏR MƏSİMOĞLU

QAZAXDA ANALAR ŞAİR DOĞURLAR
Pöhrələr cücərib torpaq altından
Ətrini aləmə yayır, doğurlar.
Bülbüllər öz doğma balalarının
Ömrünü güllərə qıyır, doğurlar.
* * *
Demirəm malınla, pulunla yarı,
Dünyada qalacaq dünyanın varı.
Qəhrəman yaranan qəhrəmanları,
Lazımsız alaqlar çayır doğurlar.
* * *
Qəzənfər, sözündən təzə söz doğur,
Şərdən yalan doğur, haqdan düz doğur.
Hər yerdə analar oğlan, qız doğur,
Qazaxda analar şair doğurlar!


Müəllif: Qəzənfər MƏSİMOĞLU

QƏZƏNFƏR MƏSİMOĞLUNUN YAZILARI

İLHAM QAZAXLININ YAZILARI

ADİL CƏFAKEŞİN YAZILARI


SEVİL GÜL NURUN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

> > > > MÜTLƏQ OXUYUNN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Murad Məmmədov. Sən ruhumun işığısan… – Yeni şeirlər.

KİMİ
Bu dünyada şah olasan, bəxtin gülə ,sevinəsən,
Naümid olmayasan, əlacsız avarə kimi.
* * *
Qoyalar hökm edəsən,o sağlıq ola canında,
Ğözəl imkanın ola, küllü- ixtiyarə kimi.
* * *
Acı nədi unudasan, yaxınına qoymayasan,
Sirin söz eşidəsən, dərdlərinə çarə kimi.
* * *
Dərd gələndə yar olasan, inciməyə qoymayasan,
Aşıb-daşa qövr eləyə, ürəyində yarə kimi.
* * *
Dörd tərəfin qohum ola, kənar nədi bilməyəsən,
Sevəsən, seviləsən yaxın ciyərparə kimi.
* * *
Murad, sən də sadə dolan,qəti qoyma adına,
Ləkə düşə kirlənəsən, ağ üstündə qarə kimi.

YAZDIQLARIM
Baxıb od tuturam yazdıqlarıma,
Yadda qalacammı, anlayammıram?
Bəzən qaralayıb pozduqlarıma,
Gülürəm, özümü danlayammıram.
* * *
Kimdisə, məni də çıxartdı yoldan,
Bu sakit ömrümə vəlvələ düşdü.
Bəzən bezikirəm bu qeylü-qaldan,
İlahi, arxa dur, gör bu nə işdi.
* * *
Bacara bilmirəm özüm-özümlə,
Nə dala çəkilib boş duranmıram.
Tək-tənha qalanda gecə sözümlə,
Qalıram ortada çaş, duranmıram.
* * *
Bəzən qar-sazaqlı, soyuq bir qışam,
Sanki kimsə mənim qanımı içir.
Elə bil gecələr daş daşımışam,
Hər sözün ağrısı canımdan keçir.
* * *
Nə mala hərisəm, nə vara acam,
Söz yükü çəkirəm, sözdən halıyam.
Bilmirəm yazdığım nəylə qalacam,
Bir onu bilirəm sözün quluyam.

YAZ
Ay mənim ruhuma sığal çəkən yaz,
Niyə gecikmisən, bilmirəm niyə?
Tərslikdən canım da üşüyür bir az,
Ruhum ki, isinmir, qızışmır deyə.
* * *
Mən sənə vurğunam, sənə deyəsən,
Nəfəsini duysam, ruhum oynayır.
İlahi, elə bil dirilirəm mən,
Hər bahar gələndə qanım qaynayır.
* * *
Elə bil yox olur ağrı-acım da,
Gül açır könlümdə bənövşə, nərgiz.
Nə pislik, yamanlıq qalmaz yadımda,
Nə də üzülmərəm bunlardan hərgiz.
* * *
Bir qarlı, şaxtalı gündə doğuldum,
Mən qışı sevmədim, yaza vuruldum.
Günəşdən güc aldım, odla yoğruldum,
Mayam işıq oldu, axdım duruldum.
* * *
Nə yaman gecikdin, bu il nə yaman,
Gəl gözlər danışsın, dillər dayansın.
Tamam yoxa çıxsın çiskin, çən, duman,
Gül gülü çağırsın, ruhum oyansın.

QARDAŞ
(Avdı Qoşqara)
Deyirəm, dünyanın halal insanı,
Tək təmiz adamı sənsən, a qardaş.
Anlayıb bilənə əzizi, canı,
Qanmaza dumansan, çənsən, a qardaş.
* * *
Dumduru su kimi təmizdir adın,
Ağrımaz başını dərdə salmadın.
Halaldan doğuldun, halal yaşadın,
Haramdan uzaqsan, gensən, a qardaş.
* * *
Görəndə bar verir arzun, muradın,
Sevincdən uçmağa olmaz qanadın.
Böyründə, başında qohumun, yadın,
Sevincinə yarı, tənsən, a qardaş.
* * *
Üzündən bəllidir səmimiyyətin,
Baxıram hər kəsə xoşdur niyyətin.
Nə özün dəyişdin, nə xasiyyətin,
Bir azca dəyişsən, dönsən, a qardaş.
* * *
Səni mən hər yerdə misal gətirdim,
İzlədim, çox şeyi səndən götürdüm.
Yaxşı nə bildimsə ruha ötürdüm,
Ruhumda bar verən dənsən, a qardaş.

YAXINSAN
(Həzi Həsənliyə)
Ruhuma yaxınsan doğmalar qədər,
Bilmirəm bu yanğı haradan keçib?
Nə sənin Kəmərli ağlından gedər,
Nə Murad Faxralı suyundan içib.
* * *
Allahın işindən baş açanmarıq,
Biz adi bəndəyik, əmrə müntəzir.
Ay Həzi, qismətdən heç qaçanmarıq,
O, bizi axtarır, soruşur, gəzir.
* * *
Bir 9 may günü biz tanış olduq,
Sevindik pul tapan uşaqlar kimi.
Yüz dərdi adladıq, bax, yaşa dolduq,
Ağardı saçımız dümağ qar kimi.
* * *
Bəlkə də o fikrə, ağla düşməzdik,
Ümid də, Qorxmaz da bilir ən azı.
Onlar olmasaydı, biz görüşməzdik,
Bu da bir qismətdi, bu da bir yazı.
* * *
Həyatın pozulmaz qanunları var,
Ondan asılıyıq, tabeyik biz də.
Sən, mən icraçıyıq, ağadı onlar,
Onlara bağlıdı taleyimiz də.
* * *
Ay Həzi, darıxma, üzülmə bir də,
İncə dərəsinə səfər edərik.
Yaxşıca dincəlib o gözəl yerdə,
Doğma Faxralıya birgə gedərik.

NƏFS
İnsanı pis tamah, pis nəfs öldürər,
Bu yola düşdünsə, axırın yoxdur.
Bəzən sevindirər, bəzən güldürər,
Bəzən də bağrına sancılan oxdur.
* * *
Yağlı bir kəndirdir boynunda sənin,
Gah səni incidər, gah darıxdırar.
Nə qədər yığsan da doymaz gödənin,
Qoymaz dincəlməyə, hey qarıxdırar.
* * *
Kənardan eybəcər görünə bilər,
Amma ki, bu sənin ağlına gəlməz.
Baxarsan, başına min bəla gələr,
Nə olsun, ətrafda bir kimsə bilməz.
* * *
O, elə bir duyğudur, elə bir hissdir,
Uydunsa qaynayır, azalmır, itmir.
O, səni harama səsləyən səsdir,
Şeytana bağlıdır, başından getmir.
* * *
Nəfsinə hakim ol, ey bəni-insan,
Onun girdabında boğulma, ölmə!
Bax, nəfsin önündə əyilsən, sınsan,
Zəifsən, heç kimi günahkar bilmə!

KİMƏ NƏ?!
Arzu bitməz, ömür az,
Ölən ruhlar durulmaz.
Mənim kefim sazdan saz,
Ya da pisəm, kimə nə?!
* * *
Dünya böyük, naşı çox,
Ağlı kəmi, çaşı çox.
Dərdim köhnə, yaşı çox,
Ona bəsəm, kimə nə?!
* * *
Ruhum, ənbər qoxuyar,
Sözdən çiçək toxuyar,
Könlüm, sənsiz oxuyar,
Zil, ya pəsəm, kimə nə?!
* * *
Kasıb evdə doğulan,
Bulaq kimi soğulan,
Öz içində boğulan
Sakit kəsəm, kimə nə?!
* * *
Utanıb, sonda gələn,
Hər an yerini bilən,
Tutaq ki, çoxdan ölən,
Batan səsəm, kimə nə?!
* * *
Günah işə mən yadam,
Cəhd eyləmə, ay adam!
Öcəm, tərsəm, inadam,
Ya da nəhsəm, kimə nə?!
* * *
Öz içimdə azıram,
Hər gün nəsə yazıram.
Canım, qəbir qazıram,
Son nəfəsəm, kimə nə?!

YAĞIŞ
Yağışı sevirəm, islanmağı yox,
Sanki göz yaşıdı səbri daşanın.
Gurultudan, tappıltıdan daha çox,
Səsinə heyranam, bu tamaşanın.
* * *
Durub pəncərənin önündə bir an,
Baxıb seyr edərəm bu mənzərəni.
Yerin göylə bu təması hər zaman,
Xeyli düşündürər, cəlb edər məni.
* * *
Damlalar yagışın daş-qaşlarıdır,
İlahi, çox şükür cah- cəlalına.
Yağış da Tanrının göz yaşlarıdır,
Ağlayar həmişə yerin halına.
* * *
Bu yağış Allahın bir möcüzəsi,
Yağmasa, bu dünya saralar, solar.
Bəzən bezikdirər, yorar hər kəsi,
Ancaq suya həsrət canlar həzz alar.
* * *
Nə qədər yağsa da, görünməz gözə,
Dünyanı su basmaz, dünya sağ qalar.
Yağış da, dolu da, qar da möcüzə,
Vaxtında yağmasa dünya məhv olar.

ADAMLAR
Ey Allaha yaxın olan, əqli kamil sağ adamlar,
Qoymayın insanlıq ölə, qəlbi böyük, dağ adamlar.
* * *
Kömək olun, dayaq olun, sipər olun xurafata,
Bu torpağa yiyə duran, arxa, sütun, tağ adamlar.
* * *
Bir görmədim bəhsə girə, kömək ola kasıblara,
Ömrü boyu dalda qaldı, girəvədə ağ adamlar.
* * *
Baxıram ki, milçək kimi yaman artıb, lap çoxalıb,
Xeyrə, şərə yaramazlar, el içində lağ adamlar.
* * *
Bu Vətəni qoruyun siz, üzü gülsün Muradın da,
Ey yurduna bağlı olan, bir-birinə bağ adamlar.

AY ÜRƏYİM
Bənzəməzsən, heç kimə sən,
Yer üzündə, ay ürəyim.
Can evimdə bir dənəsən,
Əvəzin yox, mən nə deyim?
* * *
Sənlə nəfəs alıram mən,
Sənə baglı bir ürəyəm.
Sən olmasan, həmin gündən,
De görüm, nəyə gərəyəm.
* * *
Sən ruhumun işığısan,
Sönsən əgər, ruhum sönər.
Ömrümün yaraşığısan,
Solsan, canım buza dönər.
* * *
Tanrı sevən cüt bəndəyik,
Qovuşmuşuq yaşamağa.
Axır ki, bir bədəndəyik,
Daha nə qoruq, nə qadağa.
* * *
Tanrı bizə bir can verdi,
Dərdimizi bilə-bilə.
Salamladıq neçə dərdi,
Yola saldıq gülə-gülə.
* * *
Sanma, ömür əbədidir,
Daimidir bizdən ötrü.
Nə gedirsə, bizdən gedir,
İncimə hər sözdən ötrü.
* * *
Dünya, sirli bir müəmma,
Gözünü yum, bircə andır.
Yaşa, dolan, çalış, amma,
Sevmə onu, bir yalandır.
* * *
Nə yaşasaq, mükafatdır,
Üç il, beş il, ona kimi.
Bizə qalan təmiz addır,
Qorumuşuq sona kimi.
* * *
Məyus olma, heç vaxt, gülüm,
Nəvələrdir qalan sənə.
Nə ayrılıq, nə də ölüm,
Qaçılmazdır, inan mənə.

ÇƏKİR
İnsanı dərd boğur, qarışır başı,
Darda gah sıxıntı, gah ölüm çəkir.
Üzümü yandırır gözümün yaşı,
Gör, yazıq gözlərim nə zülüm çəkir.
* * *
Əlimi uzatsam, göylərə çatan,
Elə bir yerdəyəm, işvə, naz satan,
Gözəllər önümdə, əlimdə kətan,
Nə ruhum oynayır, nə əlim çəkir.
* * *
Allah pis tamahı nəfsindən asıb,
Ömrə qul olmuşam, özümü qısıb.
Duyuram, içimi tor, qurum basıb,
Nə içim isinir, nə çölüm çəkir.
* * *
Ay Murad, karvanın, köçün yoldadı,
Görəcək günlərin hələ daldadı,
Dilimin ucundan başım qaldadı,
Bu dərdi nə ağlım, nə dilim çəkir.

DEYƏN
Deyən soyuqlamışam,
Üşüdürəm səhərdən.
Sanki dinməz, sal daşam,
Düşdüm deyən təhərdən.
* * *
Ağrılarım başqadı,
Hamı bilir nədi bu.
Qara günlər başladı,
Limon, şirə, bir də su.
* * *
İştahım yoxa çıxıb,
Hamı bürünüb yasa.
Allah üzümə baxıb,
Şirə var heç olmasa.
* * *
Gur yağışın bazıyam,
Sel, su axır canımdan.
O qədər çox razıyam,
Hoya yetən xanımdan.
* * *
Neçə ildir dərdimi,
Çəkir ömür yoldaşım.
Mən bilmirəm sirdimi?!
Şükür, ağrımır başım.
* * *
Həkim deyil, ay canım,
Bir sadə müəllimdi.
Vallah, billah, nə danım,
Mənim vuran əlimdi.
* * *
Sizcə kimə borcluyam,
Tanrıya, ya xanıma?!
Bəlkə Tanrı qoruyub
Calayıb can canıma.

MƏHƏBBƏT
Kim deyir, ağlamaq, göz yaşı tökməkdir, məhəbbət.
Əzizim, can evində sevda əkməkdir, məhəbbət.
* * *
Sevda ki var, ağılla, ruhla idarə olunur,
Demirəm, ağlın alıb, sağ ruhu sökməkdir,məhəbbət.
* * *
Tələsməyib, min sehr ilə, ovsunla qəlb ovlayıb,
Bənna kimi kərpic-kərpic can tikməkdir, məhəbbət.
* * *
Həya, abır olmasa, qiyməti olmaz sevdanın,
Nə bilim, bəlkə də, abırı bükməkdir, məhəbbət.
* * *
Ay Murad, can verib, can aldığın şux baxışlının,
Tək nazını yox, həm qəhrini çəkməkdir, məhəbbət.

İNCİMƏRƏM
Səhvlərimi deyən olsa,
Tez silərəm, incimərəm.
Lap malımı yeyən olsa,
Tən bölərəm, incimərəm.
* * *
Söz verdimsə, mən sözümə,
Qul olaram, de üzümə.
Yalan çıxsam, mən özümə,
Ar bilərəm, incimərəm.
* * *
Düz işimi hey əyənə,
Arxamca nələr deyənə,
Mənə ölüm diləyənə,
Can dilərəm, incimərəm.
* * *
Üzünə maska geyənə,
Tam qaraya ağ deyənə,
Məni başa düşməyənə,
Off!!! Gülərəm, incimərəm.
* * *
Heç ərinmə, son halında,
Cəfa çəksən, yar yolunda.
Rahatca sənin qolunda,
Bax, ölərəm, incimərəm.
* * *
Murada can vermisən,can,
Sənlə nəfəs alır hər an.
Əzizim, dərdinə dərman
San, gələrəm, incimərəm.

DÜŞÜNCƏLƏR
Yuz fikir dolaşır beynimdə indi,
Azıram, yol tapıb çıxa bilmirəm.
Elə bir zamandı, elə bir gündü,
Dönüb dünənimə baxa bilmirəm.
* * *
O qədər qarışıq vaxta çatmışıq,
Dərd-azar içində çabalayırıq.
Ömür quş tək uçdu, sanki yatmışıq,
İndi ayılmışıq, ay, gün sayırıq.
* * *
Nə vaxta acıdıq, nə də ömürə,
Bir giley-güzara varmı vəsilə?
Düşünə bilməzdik, qurd tək gəmirə,
Zaman ömrümüzə qənim kəsilə.
* * *
Nə qədər səhvlərin günahı bizdə,
Niyəsə, tənbəllik canımızdadır.
Çox şey arzularıq fikirdə, sözdə,
Əməldən yayınmaq qanımızdadır.
* * *
Bu da bir həyatdır, səhvi, düzüylə,
Öyündük hər zaman öz pulumuzla.
O qədər səhv etdik yadın sözüylə,
Ərindik getməyə öz yolumuzla.
* * *
Bir dəfə gəlirik həyata yalnız,
Səhvləri düzəltmək imkanımız yox.
Tanrı qarşısında qalanda yalqız,
Bax, aciz oluruq onda daha çox.

RUHLARLA SÖHBƏT
İlk dəfə deyil ki, ayaq basıram,
Yenə üz tuturam məzarıstana.
İlk dəfə deyil ki, qulaq asıram,
Ruhlarla aramda olan dastana.
* * *
Yuxuda görərəm, uzaqdan baxar,
Mənə yaxın olan, simsar olanlar.
Ayılsam, elə bil yadımdan çıxar,
Gecə əhvalımı xəbər alanlar.
* * *
Deyirlər, ruhlar da izləyər səni,
Bəzən çevrilərlər dayaqlarına.
Elə hey qoruyar, gözləyər səni,
İstəməz daş dəysin ayaqlarına.
* * *
Ruhlar yol ölçərlər, gedib, gələrlər,
Göylərdən asılmış körpü salarlar.
Burda nə baş versə, orda bilərlər,
Çünki mələklərdən xəbər alarlar.
* * *
Bu fani dünyada ömrümüz qısa,
Bizim ruhlara da yer verər göylər.
Oğlumuz, qızımız gəlib nə vaxtsa,
Yəqin bizləri də anar, yad eylər.
* * *
Ruhum sakitdirmi, bilmirəm vallah,
Niyəsə rahatdır, məni incitmir.
Ruhumla yaxınam, dostam, ay Allah,
Hələ ki, yaşamaq həvəsim bitmir.

ÖLÜM YOLU
Ayılırıq hər səhər,
Yol tutub yeriyirik.
Dərdimizi bir təhər,
Unudub, kiriyirik.
* * *
Səhv eləsək ,bu yolda,
Bu yolu qısaldarıq.
Başımız qeylü-qalda,
Səhvlə həmişə varıq.
* * *
Baş qarışır gülməyə,
Həyasız bir bəndəyik.
Göz yaşını silməyə,
Əl yetmir, nə gündəyik?!
* * *
Hamı gedir bu yolu,
Sərt yoxuşu, enişi.
Nə sağı var, nə solu,
Nə də geri dönüşü.
* * *
Gedirik, gülə-gülə,
Arzu bitməz, kam çoxdur.
Nə arzula, nə dilə,
Bu yolun sonu yoxdur.
* * *
Ölüm yoludur, bu yol
Otunu biçəcəksən!!!
Şah ol, kim olursan ol!
Bu yoldan keçəcəksən!!!

Müəllif: Murad MƏMMƏDOV

MURAD MƏMMƏDOVUN YAZILARI


“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

> > > > MÜTLƏQ OXUYUNN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru