Etiket arxivi: RAMİZ İSMAYIL

RAMİZ İSMAYILIN ŞEİRLƏRİ

Ramiz İSMAYIL – şair.

AY BUDAQ TƏHMƏZ
Nə yaxşı tapışdıq, tanıdım səni,
Gördüm uca dağsan, ay Budaq Təhməz!
Bir budaq olmuşdun bir kök üstündə,
İndi min budaqsan, ay Budaq Təhməz!
* * *
Saçın ağarsa da ruhun cavandı,
Şəkərli, şərbətli dilin rəvandı.
Şair var – şeiri quru, yavandı,
Sən balsan, qaymaqsan, ay Budaq Təhməz!
* * *
Yazmaqdan doymursan obadan, eldən,
Dəftərin, qələmin düşməsin əldən.
Şərdən, iftiradan, fitnədən-feldən,
Böhtandan uzaqsan, ay Budaq Təhməz!
* * *
Ürəyin tərtəmiz, salamın şirin,
Hər sözün, söhbətin, kəlamın şirin.
Eşqin coşan dərya, ilhamın dərin,
Şeirdə mayaqsan, ay Budaq Təhməz!
* * *
Şeirlər pətəkdən süzülüb gəlir,
Misra-misra, bənd-bənd düzülüb gəlir.
Qayalar içindən sızılıb gəlir,
Çeşməsən, bulaqsan, ay Budaq Təhməz!
* * *
Dünya xali deyil, indi inandım,
O kiçik hücrəni ziyarət sandım.
Ramizəm, sən oldun inancım, andım,
Məbədsən, ocaqsan, ay Budaq Təhməz!
* * *
…Bir kökün üstündə bir budaq idin,
İndi min budaqsan, ay Budaq Təhməz!
Ustad şair Budaq Təhməzə ehtiramla:
Ramiz İsmayıl (Gədəbəyli)
Xırdalan şəhəri, 10 mart 2022

BU DÜNYANIN KÖÇÜ
(Yenə dünya?!)
Bu dünyanın köçhaköçü qurtarmır,
Qəflə qatır ora-bura daşıyır.
Boz dəvələr uzun-uzun yolların
“Damarını qıra-qıra” daşıyır.
* * *
Köç yolunda eniş-yoxuş çox çıxır,
Düz biyaban, dərə-təpə, dağ çıxır.
Bahar gəlir, torpaq qızır, buğ çıxır,
Günəş nuru səmalara daşıyır.
* * *
Yerlə, göylə baş-başadı bu dünya,
Müəmmadı, tamaşadı bu dünya.
Milyon-milyon sirr yaşadır bu dünya,
Milyon ildi suallara daşıyır.
* * *
Çox göstərib qüdrətini, gücünü,
Kim yuyacaq bu dünyanın “suç”unu?
Gədiklərə Xan Kərəmin köçünü,
Məcnunları səhralara daşıyır.
* * *
Ramiz, kim ki, el dərdini duymamış,
Bir kimsəyə xətir-hörmət qoymamış,
Tamah əhli gen dünyadan doymamış,
Əcəl onu dar məzara daşıyır.
21.11.2019, Xırdalan ş.

ÇIXIR
Taleyin hökmüdür, hər an qarşına,
Tanrının alnına yazdığı çıxır.
Birinin yoluna güllük-çiçəklik,
Birinin yoluna buz dağı çıxır.
* * *
Acı qismətdimi, bəd iqbaldımı,
Yüz müşkül cavablı bir sualdımı,
Şirin arzudumu, xam xəyaldımı?
Ümid bəslədiyin göz dağı çıxır.
* * *
Məcnunu səhraya eşqi apardı,
Dərdi düzüm-düzüm, qatar-qatardı.
Kərəm külə döndü – canı qurtardı,
Ramiz yana-yana cızdağı çıxır.
10.12.2019, Xırdalan ş.

QINAMA, QOCA
Bircə damcı ümid varsa sabaha,
Səcdə qılıb, dua elə Allaha.
Ahıl qoca, gileylənmə gəl daha,
Yaşda günah yoxdu, yaşı qınama!
* * *
Köks ötürüb cavanlığı gəzmə heç,
Taleyindən, iqbalından küsmə heç.
Qar yağmamış bürmələnib əsmə heç,
Qışda günah yoxdu, qışı qınama.
* * *
Tərlan gözlər öz nurunu itirib,
Huş azalıb, şüurunu itirib.
Şahanəlik qürurunu itirib,
Başda günah yoxdu, başı qınama!
* * *
Qocalığın dəmyə yerdən tumu var,
Arat olub suvarılmış şumu var.
Mərməri var, sementi var, qumu var,
Daşda günah yoxdu, daşı qınama!
* * *
Çıraq tutan olmayacaq gorunda,
İlişərsən cəhənnəmin torunda.
Ramiz, yansan bir qurunun qorunda,
Yaşda günah yoxdu, yaşı qınama!
15.05.2019, Xırdalan ş.

İKİ DÜNYA
Bu dünyanın üzü qara,
O dünyanın özü qara.
Biri ömrümüzü yeyir,
Biri özümüzü yeyir.
20.02.2020, Xırdalan ş.

NƏ FƏRQİ VAR?
Ömür ötür, zaman keçir,
Zaman vermir aman, keçir.
Yaxşı keçir, yaman keçir,
Yaşdan ötrü nə fərqi var?
* * *
Ürək parça-parçadırsa,
Qan sızılır – yaradırsa,
Saç ağdırsa, qaradırsa,
Başdan ötrü nə fərqi var?
* * *
Daş qayadan qopsa əgər,
Xiffətini zirvə çəkər.
Ya saray tik, ya da çəpər,
Daşdan ötrü nə fərqi var?
* * *
Süz düyünü dəm almağa,
Ramiz, “bığın batmaz” yağa.
Nökər yedi, ya da ağa,
Aşdan ötrü nə fərqi var?
22.04.2019, Xırdalan ş.

DOSTLARIN
Sayı yaman çoxalıb,
“Günəbaxan” dostların.
Dedi-qodu gəzdirib,
Qara yaxan dostların.
* * *
Üzü göndü – aşdanmış,
Qəlbi qara daşdanmış.
Ağlı daşıb – daşdanmış,
Başdan çıxan dostların.
* * *
Ramiz, giley nə lazım?
Ağlına dua yazım.
Qəbrini dərin qazın,
Evlər yıxan dostların.
14.05.2018, Xırdalan ş.

ÜŞÜDÜR MƏNİ
Cavanlığa əlim yetməz,
Bu çağım üşüdür məni.
Dərd sinəmdə lövbər salıb,
Qucağım üşüdür məni.
* * *
Çaşıb qaldım, nə gizləyim,
Kimi sevim, əzizləyim.
Ölüvaydan nə gözləyim?
Qoçağım üşüdür məni.
* * *
Quşa dönüb uçdu ömür,
Əvvəl-axır puçdu ömür.
Tüstülənib yandı kömür,
Ocağım üşüdür məni.
* * *
Ramizin qayğısı çoxdur,
Ölümdən qorxusu yoxdur.
Yaxınım buzdan soyuqdur
Uzağım üşüdür məni.
30.10.2018, Xırdalan ş.

BİRİ
Biri var idi, biri yox… (nağıl)
Biri-
var idi, biri yox idi,
Həyat şirin yuxudu,
Yuxu görən çox idi,
Yuxu qəfil dağıldı –
Bu da belə nağıldı.
* * *
Biri –
dedi: – bağrım təşnədi,
Göy gurladı, kişnədi,
Göydən alma düşmədi,
Yerə yağış yağırdı –
Bu da belə nağıldı.
* * *
Biri –
Qaldı külü – bəllidi,
Soldu gülü – bəllidi,
Düzü, çölü bəllidi,
Dedilər kəmağıldı –
Bu da belə nağıldı.
* * *
Biri –
Sevdi – döndü gülüncə
“Gözlədi yar gəlincə”.
Yar gəlmədi ölüncə,
Gözünə qan sağıldı –
Bu da belə nağıldı.
* * *
Biri –
Çəkir könül əzabı,
Tutub Tanrı qəzəbi,
Ramiz, olma əsəbi,
Dərdin dağdan ağırdı –
Bu da belə nağıldı.
10.01.2020, Xırdalan ş.

BU SEVDANIN ADI NƏ?
Sən incisən, mən sədəf,
Sən atəşsən, mən hədəf.
Mən təsadüf, sən səbəb,
Zərurətsən, zərurət.
* * *
Çəmən xalça, xalı sən,
Yaşılı sən, alı sən.
Təzə beçə balısan,
Təravətsən, təravət.
* * *
Şərbətimsən, şəhdimsən,
Arzum, kamım, əhdimsən.
Taleyimsən, bəxtimsən,
Şərafətsən, şərafət.
* * *
Mən yaş odun, quru sən,
Ocaq mənəm, qoru sən.
Bu ocağı qorusan,
“Qiyamətsən, qiyamət!”
* * *
Şəbnəm sənsən, şeh mənəm,
Tər çiçəksən, meh mənəm.
Girov mənəm, beh mənəm,
Mərhəmətsən, mərhəmət.
* * *
Bu sevdanın adı nə?
Yanğısı nə, odu nə?
Gözəl sənin adın nə?
Məhəbbətsən, məhəbbət?!
* * *
Ramiz Fərhad, Şirin sən,
Ömrüm qədər şirinsən.
Qibləgahım, pirimsən –
Ziyarətsən, ziyarət!
15.04.2020, Xırdalan ş.

Müəllif: Ramiz İSMAYIL

RAMİZ İSMAYILIN YAZILARI

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Əbdürrəhim bəy Haqverdiyev – 150

“Tərəfsiz ədəbiyyat tarixdir” layihəsi

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

POEZİYA… – RAMİZ İSMAYIL

Ramiz İSMAYIL – şair.

ƏLLİ İLDİ
Könlüm viran, qəlbim talan,
Yar, gəzirəm əlli ildi.
Xəstə düşən dərman gəzər,
Qar gəzirəm əlli ildi.
* * *
Bu sevdanın adı nədi,
Duzu, tamı, dadı nədi?
Ocaqdırsa, odu nədi?
Qor gəzirəm əlli ildi.
* * *
O yolları yordu gözüm,
Yollarda nə gördü gözüm?
Nuru gedib, tordu gözüm,
Kor gəzirəm əlli ildi.
* * *
Bu həsrətin yaşı qara,
Ürəyimin başı yara.
Kəfən geyib yaşayıram,
Gor gəzirəm əlli ildi.
* * *
O gözəldə gözüm qaldı,
O tilsimdi, o xəyaldı.
Mən Ramizəm, dilim laldı,
Kar gəzirəm əlli ildi.

SEÇİM DEDİM…
Bu dünyada yaman da var,
Yamandan pay uman da var,
Yaxşıya göz yuman da var,
Yaxşıları yamanlardan –
Seçim dedim, – seçəmmədim.
* * *
Bir gözəlin butasıydım,
Əllərindən tutasıydım.
Vüsalına çatasıydım,
Səadətin şərbətini –
İçim dedim, – içəmmədim.
* * *
Sevincimdən əzabım çox,
Sualım var, cavabım yox.
Günahım az, savabım çox,
Suçum varsa, bağışlayım –
Keçim dedim, – keçəmmədim.
* * *
Ramiz, söylə möhürbəndi,
Yolumuz qıl körpüdəndi.
Həyat zəmi, ömür dəndi,
Fələk göyə sovurmamış –
Biçim dedim, – biçəmmədim.

QOÇ OLMAZ
Qoç olmaz yetim quzudan,
Qoç oğlundan qoç törəyər.
Bar gözləmə çürük qozdan,
Törəsə də puç törəyər.
* * *
Min illərdir belə olub,
Mərd meydanda bəlli olub.
Dəli oğlu dəli olub,
Gicbəsərdən gic törəyər.
* * *
Görmüşük başdan – binadan,
Çörək qədri bilməz nadan.
Zatı qırıqdan, zinadan
Bic doğular, bic törəyər.
* * *
Ramiz, sızlat sarı simi,
Söz sındırar hər tilsimi.
Halal olsan arı kimi
Bir bəsləsən üç törəyər.

HƏSRƏTİMİN
Ürəyimdə doğma yurdu –
Yuvası var həsrətimin.
Yalvarıram uçub getmir,
Vəfası var həsrətimin.
* * *
Qəlbimdə qəm gözəlləşib,
Gözümdə nəm gözəlləşib.
Saçımda dən gözəlləşib,
Şəfası var həsrətimin.
* * *
Hər çətinə, bərkə dözdük,
Bərkə-boşa birgə dözdük.
Nə qəribə görkə dözdük,
Cəfası var həsrətimin.
* * *
Ömürlük dost, sirdaş olduq,
Yaman bağrıbadaş olduq.
Ramiz, daha qardaş olduq,
Səfası var həsrətimin.

GİLEYLİ
Həyat qəribədir – kimi dindirsən,
Göydən narazıdı, yerdən gileyli.
Allahın ən mömin bəndələri də,
Hərdən asi olur, hərdən gileyli.
* * *
Adam var xisləti, məsləki sirdir,
Adam var yaxşılıq, yamanlıq birdir.
Adam var ümidi “ocaq”dır, pirdir,
Adam var seyiddən, pirdən gileyli.
* * *
Adam var, can atır, “daş-başa” – çatır,
Adam var, əlləri boz daşa çatır.
Adam var, cütləyib şeş qoşa atır,
Yek atıb uduzan zərdən gileyli.
* * *
Ramiz, çoxdu hələ səni duymayan,
Nifrətdən, qeybətdən gözü doymayan.
Bir-birinə xətir-hörmət qoymayan,
Ər arvaddan, arvad ərdən gileyli.

MƏNİ
Belə yaşamağa yaşamaq desəm,
Il ağlar, ay ağlar, gün ağlar məni.
Baş aça bilmirəm sirri-xudadan,
Tutub batmadığım günahlar məni.
* * *
Baş götürüb hara köçüm, görəsən,
Nə imiş təqsirim, suçum, görəsən?
Harda tükənəcək gücüm, görəsən,
Nə vaxt tərk edəcək qınaqlar məni?!
* * *
Üzümə gülənlər mələk deyilmiş,
Ağım kəfən imiş, bələk deyilmiş.
Əsən tufan imiş, külək deyilmiş,
Şeytan qucaqlayar, cin ağlar məni.
* * *
Hara getdim, nadan çıxdı qarşıma,
Gülə-gülə zəhər qatdı aşıma.
“Ağlıma gəlməyən gəldi başıma”,
Yaram sim bağlayar, sim ağlar məni.
* * *
Duyğusuz insana könül bağladım,
Yol gözlədim, ədəb-ərkan saxladım.
Anadan olanda özüm ağladım,
Öləndə bilmirəm kim ağlar məni.
* * *
Sevincim, kədərim qoşadır daha,
Yönüm qar-boranlı qışadır daha.
Ramizəm, bir ümid yaşadır daha,
Bəlkə bir əhli-dil soraqlar məni.

BU QIZIN
Darağı, güzgüsü düşmür əlindən,
Gözündən od-alov çıxır bu qızın.
Sinəsi köynəyə sığışmır daha,
Köynək sinəsini sıxır bu qızın.
* * *
Gözəli darağa “bağlayan” nədir,
Güzgü qabağında saxlayan nədir,
Qəlbində kükrəyən, çağlayan nədir?
Baxışı yandırıb yaxır bu qızın.
* * *
Yaşılı soyunur, alı geyinir,
Qardaş “qəzəblənir”, nənə deyinir.
Ata qürur duyur, ana sevinir,
Naz-qəmzəsi “evlər yıxır” bu qızın.
* * *
Bir-birinə aman vermir elçilər,
“Hə” alınar, şirin çayı içilər.
Bir gün nişan olar, parça biçilər,
Toyu olar əvvəl-axır bu qızın.

GEDƏCƏK
Ömrümün karvanı yol üstündədi,
Illəri yan-yana düzüb gedəcək.
Qarlı zirvələrdən, şoran çöllərdən,
Bulanıq sulardan üzüb gedəcək.
* * *
Qabağına eniş-yoxuş çıxacaq,
Xoşuna gəlməyən çox iş çıxacaq.
Könül bulandıran baxış çıxacaq,
Yersiz tənələrə dözüb gedəcək.
* * *
Arzusu, diləyi qalıb yarıda,
Sınıb bərkiməmiş qanadları da.
Gününə bax, – günü keçmiş qarı da,
Ağız əyib, dodaq büzüb gedəcək.
* * *
Karvan gedəsidi, kimsə əyləməz,
Geriyə döndərməz, yoldan eyləməz.
Bir mələk gələcək, dinməz-söyləməz,
Əcəl şərbətini süzüb gedəcək.
* * *
Ramiz kirpiyində od götürəndə,
Gəzdiyi cığırlar ot bitirəndə,
Çayını, suyunu yad gətirəndə,
Bəxtindən inciyib küsüb gedəcək,
Həyatdan əlini üzüb gedəcək.
Müəllif: Ramiz İSMAYIL

RAMİZ İSMAYILIN YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru