AY BUDAQ TƏHMƏZ Nə yaxşı tapışdıq, tanıdım səni, Gördüm uca dağsan, ay Budaq Təhməz! Bir budaq olmuşdun bir kök üstündə, İndi min budaqsan, ay Budaq Təhməz!
Saçın ağarsa da ruhun cavandı, Şəkərli, şərbətli dilin rəvandı. Şair var – şeiri quru, yavandı, Sən balsan, qaymaqsan, ay Budaq Təhməz!
Şair Ramiz İsmayılın “Ömür dastanının qıfılbəndləri” adlı kitabı çap olunub. Vaxtilə “Mingəçevir işıqları” və “Oqni Minqeçaura” qəzetlərinin, Mingəçevir yerli radio verlişləri redaksiyasının fəal ictimai müxbiri olan R.İsmayıl şeir yaradıcılığı ilə yanaşı nəsrdə də bir çox ədəbi nümunələr yaradıb. “Payızda xatırla məni” adlanan ilk kitabı 2000-ci ildə işıq üzü görüb. “Gözü yolda qalan var” sənədli povesti birinci Qarabağ müharibəsi dövründə Xramorddakı Qriqorian kilsəsində bir həftəyə yaxın erməni “boevikləri” ilə təkbaşına vuruşan Natiq Səlim oğlu Qasımovun döyüş yolu və həyatından bəhs edir. “Ömür dastanının qıfılbəndləri” kitabı isə şair-publisist, Məmməd Araz mükafatı laureatı, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü Budaq Təhməz haqqındadır. “Şair ürəyi”, “Mən vətənin oğluyam”, “Vətən dərdi”, “Çətin dövran əzə məni”, “Ötən günlərim” və digər kitabların müəllifi B.Təhməzin Türkiyə və İran mətbuatında da şeirləri çap olunmuşdur.
R.İsmayıl şair dostunun həyat yolunu, yaradıcılığını, dostluqlarının ilk tarixini, ədəbi söhbət və müzakirələrini oxuculara geniş şəkildə çatdırır. Kitabda hər ikisinin qıfılbəndləri ilə yanaşı B.Təhməzin ayrı-ayrı vaxtlarda qələmə aldığı deyişmələr və ömrünün müəyyən məqamlarını əks etdirən fotoları da yer alıb. Şairin səksən beş illik yubileyi münasibətilə yazılan, “İmza” Nəşrlər evində ərsəyə gətirilmiş kitabın ön söz müəllifi yazıçı, “Xəzan” jurnalının redaktoru Əli bəy Azəridir.
Şair Ramiz İsmayılın “Ömür dastanının qıfılbəndləri” adlı kitabı çap olunub. Vaxtilə “Mingəçevir işıqları” və “Oqni Minqeçaura” qəzetlərinin, Mingəçevir yerli radio verlişləri redaksiyasının fəal ictimai müxbiri olan R.İsmayıl şeir yaradıcılığı ilə yanaşı nəsrdə də bir çox ədəbi nümunələr yaradıb. “Payızda xatırla məni” adlanan ilk kitabı 2000-ci ildə işıq üzü görüb. “Gözü yolda qalan var” sənədli povesti birinci Qarabağ müharibəsi dövründə Xramorddakı Qriqorian kilsəsində bir həftəyə yaxın erməni “boevikləri” ilə təkbaşına vuruşan Natiq Səlim oğlu Qasımovun döyüş yolu və həyatından bəhs edir. “Ömür dastanının qıfılbəndləri” kitabı isə şair-publisist, Məmməd Araz mükafatı laureatı, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü Budaq Təhməz haqqındadır. “Şair ürəyi”, “Mən vətənin oğluyam”, “Vətən dərdi”, “Çətin dövran əzə məni”, “Ötən günlərim” və digər kitabların müəllifi B.Təhməzin Türkiyə və İran mətbuatında da şeirləri çap olunmuşdur. R.İsmayıl şair dostunun həyat yolunu, yaradıcılığını, dostluqlarının ilk tarixini, ədəbi söhbət və müzakirələrini oxuculara geniş şəkildə çatdırır. Kitabda hər ikisinin qıfılbəndləri ilə yanaşı B.Təhməzin ayrı-ayrı vaxtlarda qələmə aldığı deyişmələr və ömrünün müəyyən məqamlarını əks etdirən fotoları da yer alıb. Şairin səksən beş illik yubileyi münasibətilə yazılan, “İmza” Nəşrlər evində ərsəyə gətirilmiş kitabın ön söz müəllifi yazıçı, “Xəzan” jurnalının redaktoru Əli bəy Azəridir.
Mətnin adı demək istədiyimi tam ifadə edə bilmədi. Uzun başlıq yazı üçün uğursuz olduğundan sözə qənaət etməyə (bu, əslində, oxuyanları qəzəbləndirməmək ehtiyatıdır) məcbur oldum. Uzun mətləbləri bir cümləyə sığışdırmaq sənətkarlıq tələb etsə də, bəzən sənətkarda da (özümü demirəm) alınmır. Ona görə alınmır ki, dolanbac yollar olduğu kimi, bir-birindən keçən fikirlər də var. Gərək incə-incə, dənə-dənə, kəlmə-kəlmə açasan.
Poeziyaya sevgimi dönə-dönə bu mövzuda yazmaqla, bir-birindən gözəl şeirlər paylaşmaqla, əzbər söyləyənləri maraqla dinləməklə izhar etmişəm. Onu da demişəm ki, yaxşı şeir yazammasam da, yaxşı şeirlər oxuyuram. Şeir üstündə xətri əziz insanlarla incikliyim də olub. Hərəsilə bir səbəbdən. Əslində, deyəsən, mən onların qəlblərini qırmışam. Şair çoxdur, şeir az. Mən də azı sevirəm. Şairlər inciyirlər: mənim şeirimi paylaşmırsan. Şeir özü isə bu barədə susur. Danışmayan şeiri loqopedə aparmaq olmur axı. Elə şeir paylaşıram, oxucular mənə inanıb növbətisini özü axtarıb tapsın.
Ramiz İsmayılın şeir kitabını oxumağa başlayanda dua etdim: İlahi, ruhumu oxşayacaq şeir tapıb zövq ala bilim. Onun şeirlərindən yazmağı yadıma salanda Allaha əməlli-başlı yalvar-yaxar elədim: Allah, qurban olum kitabda haqqında yazmağa bir-iki şeir olsun, başqa heç nə istəmirəm. Soruşa bilərsiniz, vacibdirmi bu əziyyətlə şeirdən yazmaq? İndi qulaq asın, cavab verim. Haqqında yazdıqlarınızın hansı qəşəng yazır? Bəziləriniz resenziyaları xətir-hörmətdən başqa pul ilə də yazırsınız. Müəllif də var, həyasızlığına salıb yazdırır. Bu səbəblərdən uzaq olan mətni niyə də yazmayasan? Öz abrına qısılıb heç kəsi narahat etməyən səssiz şairdən yazmağa dəyər.
Hekayələri ilə çoxdan tanış idim. Hətta oxuyub sayta da yerləşdirmişdim. (Çoxu elə bilir saytda şalışıram. Bunun xobbi olduğunu bilməyənlər tez-tez yazı göndərib: “sayta yerləşdir” deyə əmr edirlər) Şeir kitabını isə imzalayıb sinif yoldaşına gətirmişdi. Atama kitab verəcəkdim? Hədiyyə kitab olanda balamdan başqa heç kəsə vermirəm. Atam özü kitabdır, övladı kitablaşdırmaq lazımdır. Ona görə də R. İsmayılın kitabını öz evimə gətirdim. Səhifəni vərəqləyəndə gözüm ürəkdən tikan çıxaran şeirə sataşdı. Bütöv yazmayacam. Qarışıq zamandır, milli ayrıkeçkinlik kimi səslənər, amma reallığı əks etdirir.
Ərəb gəldi, ərəb olduq dağımızda, daşımızda qərib olduq…
Laqeyd qala bilmədiyim digər şeir populyar mövzudadır. O da bir çox şairlər kimi vədəsiz sevgidən gileylənir. Şair qəbahətini bilir, özünü məzəmmət edir, amma sevir. Bunu bədii boya vurmadan etiraf edir:
Sevən vaxtım keçib daha Bilə-bilə sevəcəyəm. Səadəti lüğətimdən Silə-silə sevəcəyəm.
Yuxa könül, qoca ürək Ramiz, kimə, nəyə gərək? Şama dönüb əriyərək Belə, belə sevəcəyəm.
Məhz buna görə şair: “Taleyimiz bir sükansız gəmidir” deməkdə haqlıdır.
Sevdiyinə sevgisini “sabahın xeyir”lə bildirmək istəyəndə, qız arif olduğundanmı, yoxsa boşuna ümid vermək istəmədiyindənmi: “sevmirəm xeyr” deyə yüyrək cavab verir. Maraqlı “elçilik”dir.
Dərdi bezdirən şairin dərddən başqa həmdəmi yoxdur.
Dünya kirkirədir iki daşı var, Bir dayaq daşıdı, bir əl daşıdı. Ömrümüzü yarma kimi üyütdü Bir əl qamarladı, bir əl daşıdı.
Ramiz İsmayılın yubileyidir. Ömrü “üyütdüyünü” zənn edir, amma özü boyda bir dünya olan Fərəhlə oynayanda sevincindən: “Hələ bunlar harasıdır?” deyə şadlanır. Biz də: “görməli, yaşamalı günlər qarşıdadır, Ramiz müəllim, yaşayın, hələ bunlar nədir ki” deyirik. Yox, yazıram. Yazıram ki, yubiley təbriki olsun.
Mən, İsmayılov Ramiz Məmməd oğlu fevral 1948 ci ildə Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində anandan olub.
Atam, Məmmədov Məməd İsmayıl oğlu 1925 ci ildə Gədəbəy rayounun Kiçik Qaramurad kəndində anadan olub. Ali təhsili müəllim idi. 2013- cü ildə vəfat etmişdir.
Anam, Məmmədova Zəhra Məhər qızı 1930 cu ildə Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində anadan olub, uzun müddət kolxozda işləyib. Hazırda təqaüdçüdür.
Özüm 1954 – cü ildə Kiçik Qaramurad kənd orta məktəbində I sinifə daxil olub 1965 ci ildə XI sinfi bitirmişəm. 1966 – cı ildə Azərbaycan Kənd Təsərrüfatı İnustutuna qəbul olub 1972 ci ildə oranı bitirmişəm. 1973 –74 cü illərdə Sovet ordusu sıralarında hərbi xidmətdə olmuşam.
1969- cu ildən Mingəçevir şəhərində yaşayıram. Yol-maşınları, Təcrübü-Eksprimental zavodlarında … və su elektrik stansiyalarında müxtəlif vəzifələrdə işləmişəm. 2010 – cu ildən əmək pensiyasına çıxmışam. Ailə vəziyyətimlə əlaqədər olaraq hal-hazırda Xırdalan şəhərində məskunlaşmışam. İki övladım və dörd nəvəm var.
Nəşr olunan kitablar haqqında qısa məlumat (qəzet və jurnallar birlikdə)
Payızda xatırla məni (şeirlər)
Gözü yolda var. Bu povest Qarabağ döyüşlərində igidliklə vuruşmuş, yeddi yeddi gecə Qriqorian kilsəsində erməilərə tək başına döüşmüş Natiq Səlim oğlu Qasımov haqqındadır. Natiq Qasımov təslim olması üçün ermənilər 22 nəfər Xocalı sakinini əsirlikdən azad etmişdilər. (sənədli povest)
RAMİZ İSMAYIL Ramiz Məmməd oğlu İsmayılov 1 fevral 1948-ci ildə Gədəbəy rayonu, Kiçik Qaramurad kəndində anadan olub. Hazırda Xırdalan şəhərində yaşayır.
VİCDAN SANCISI
Ön hissəsi vitrin şüşələrindən yığılmış üç mərtəbəli binanın qabağında maşını saxlatdırıb şüşəsinə qara plyonka çəkilmiş qapını açıb yerə düşdü. Maraqla bu yaraşıqlı binaya baxıb heyrətini gizlədə bilmədi. “Əclaf düz deyirmiş, çox gözəl binadır. Proyektini kim veribsə fantaziyası çox güclüdür. Yaxşı da maya qoymuş olar”. Eynəyini çıxardıb yavaş addımlarla binaya tərəf gəldi. İri hərflərlə “V. İ. M Medikal Senter” yazılmış lövhəyə baxdı. Lövhə “qacan hərflərlə” işıqlandırılmışdı. Qapıya yaxınlaşanda qapı özü açıldı. İçəri girməmiş sürücüyə işarə elədi: yəni maşını bir sakit yerdə saxla, axtardığımız yer buradır. Foyedə adam çox idi, növbəyə yazılırdılar. Maskasını taxıb şüşəli arakəsmə arxasında oturmuş cavan qızlardan birinin pəncərəsinə yaxınlaşdı: -Xanım, dünəndən “onlayn” vasitəsilə növbə tutmuşam. Həm də məni Loğman Təbib göndərib. Qız Loğman Təbibin adını eşidən kimi ayağa qalxdı: -Xoş gəlmisiniz. Nə qulluğunuz? -Saat 11 tamamda həkimin qəbulunda olmalıyam. Əlavə nəsə bit şey lazım olacaq, yoxsa… gedim doxdurun yanına. -Siz düz saat 11 tamamda həkimin otağında olacaqsınız. Bir dəqiqə o yan-bu yan ola bilməz. Xatırladıram ki, hər pasiyent üçün səkkiz dəqiqə vaxt ayrılıb. Düz vaxtında otağa daxil olun. -Çox sağ olun, xanım. -Siz sağ olun. Onun qəbula düşməyinə düz on iki dəqiqə qalırdı. Maşına qayıtmağa ehtiyac yox idi. İkinci mərtəbəyə qalxıb onu qəbul edəcək həkimin qapısına yaxınlaşdı. Səliqəli hərflərlə yazılmışdı: uzman doktor, vicdanoloq İnsaf Mürvətli. Qəbul saatları: 9:00-dan 18:00-a qədər. İstirahət günləri və fasilə barədə məlumat yox idi. Dəhlizə göz gəzdirdi. Hər oturacaqdan sonrakına “oturmaq olmaz” yazılmışdı. Bu xəbərdarlığa baxmayaraq oturanlar var idi. Divarda iri hərflərlə “məsafə saxla” yazılmış və pandemini əks etdirən plakatlar asılmışdı. O, əlində növbəni bildirən qəbzə baxaraq “on beşinci kimdir” deyə soruşdu. -Mənəm, – həkimin qapısının lap yanında oturmuş bir nəfər orta yaşlı, başı dazlaşmış, şişman bir kişi dilləndi. – Siz yəqin məndən sonrasınız. – Ayağa qalxıb yerini ona göstərdi. – Buyurun, əyləşin. Tələsirsinizsə, növbəmizi dəyişə bilərik. Səhv etmirəmsə… O, yer göstərən adama təşəkkür edib sözünü tamamlamağa qoymadı. Guya təvazökarlıq edirdi. “Oturmaq olmaz” yazılan stolda oturub qarşısındakı şişmana diqqətlə baxdı. Sakit səslə soruşdu: -Ağlın nə kəsir bu doxdurdan? Məni bura bir mötəbər adam göndərib. Deyir bura analoqu olmayan tibb mərkəzidir. Şişman adam sanki söhbət üçün darıxırmış, maskasını çənəsinə salıb azacıq ona tərəf əyildi. -Mən sizi tanıyıram, – deyib yaltaqcasına gülümsədi. – ona görə də açıq deyirəm, tam əminliklə həkimə inana bilərsiniz. Şişman yenə nəsə demək istəyirdi. Bu vaxt həkimin otağının qapısı açıldı. Eynəyi başının ortasında, sinəsi yarıya qədər açıq, boğazında qəribə “tatu” olan, şalvarının dizləri bir neçə yerdən it parçalamış kimi cırıq görünən cavan qız nəzakətlə: -On beşinci buyursun! – dedi. Şişman tez ikiqat əyilərək: – müəllim, buyurun, keçin, – dedi. *** …Həkimin yaxşıdan-yaxşı “abstanovkası” olan otağına göz gəzdirdi. Onun əvvəlki xəstəyə nisbətən özünü lovğa və təkəbbürlü aparması həkimin nəzərindən yayınmadı. “Xəstə” dilucu özünü təqdim etdi: mən Vəkil Daimiyəm. Həmkarım Loğman Təbibin tövsiyyəsi ilə gəlmişəm. -Xoş gəlmisiniz. – Həkim təkəbbürün mənasını anladı. – Loğman bəy bir nəfəri göndərəcəyini demişdi. Adınız nəsə məni çaşdırdı. Bu, sizin əsl ad-familiyanızdır, yoxsa … -Xeyir, bu mənim təxəllüsümdür. -Siz şairsiniz? -Həm də şairəm, nasirəm, dramaturqam. Loğmanla danışmışıq, sizinlə bərabər qəbulda iştirak edib bu xeyirxah işinizdən material toplayıb geniş məqalə yazacağam. -Həm də… -Bəli, həm də otuz ildi millət vəkiliyəm. Ona görə də deputat dostlarım hörmət əlaməti olaraq “Vəkil Daimi” təxəllüsü veriblər. Şairliyim yerində. Lazım gəlsə, kosmik tədqiqatlardan danışa bilərəm. Lazım gəlsə, atom nəzəriyyəsindən mühazirə oxuyaram, ailə-məişət məsələlərindən samballı mülahizələrimlə hamını mat qoyaram, sonsuzluqla mübarizə yollarını dünyanın ən məşhur ginekoloqlarına izah edə bilərəm. Pandemiya ilə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatına tövsiyyələr verərəm. Tak şto, doxdur, mən otuz ildə elə-belə, qara qaşıma, gözümə görə millət vəkili olmamışam. Boş yerə mənə “Vəkil Daimi” demirlər. Televiziya kanallarında gündə ən azı eyni vaxtda dörd-beş verilişdə məni göstərirlər. Özü də canlı, həm də müxtəlif mövzularda. -Yəni millət qarşısında xidmətləriniz böyükdür. -Böyükdür yox, lap çox böyükdür! Sayım? -Zəhmət olmasa… -Bakının dörd ən yaxşı yerində səkkiz dənə iki mərtəbəli şadlıq sarayı tikdirmişəm. Hər nəvəmin adına birini. Üç rayona avtobus marşrutu açmışam. Böyük bir taksi şirkətim var. Bunların hamısı xalqın xidmətindədir. -Bütün bu xidmətlər yəqin ödənişsizdir. Vəkil Daimi əlini-əlinə vurub şaqqanaq çəkdi: -Kefin olsun, ay həkim! A kişi indiki zəmanədə adamın halal arvadı ərinə pulsuz… – Vəkil Daimi kənardan ona diqqətlə qulaq asan gənc xanıma görə deyəcəyi sözü dəyişdi. – xidmət eləmir. Elə sizin xidmət. Bütün özəl klinikalarda olmuşam. Sizdəki xidmət haqqı heç yerdə yoxdur. Sizdə qəbul, ödəniş iki üç-qat yüksəkdir. Səbəb nədir? -Səbəb odur ki, bizdə xidmət superdi. Maşın parklama, yumşaq stullar, ayaqyolu, koridorda nəfəs almaq, hamısı xidmət haqqına daxildir. Yaxşı, heç demirsiniz sizin şikayətiniz nədəndir. -Mənim vicdanım ağrıyır. -Bu məlumdur, ayrı xəstəliyiniz olsa başqa yerə gedərdiniz. Vicdanınızı ağrıdan nədir? -Qısa deyəcəm. Otuz ildə nəvələrimin hamısının nəvəsinə də gün-güzəran üçün şərait yaratmışam. Xeyli fasilədən sonra Avstraliyada yaşıyan qızımın nəvəsi dünyaya gəlib. İndi mənim vicdanım qəbul eləməz ki, məndən ona bir miras qalmasın. Çox fikirləşdim, axırda belə qərara gəldim ki, ona heç olmasa on-on beş hektar torpaq sahəsi alım. İçində bir arxitekturalı məscid tikdirim. Sonra fikirləşdim: baş molla başı buna imkan verməz. Yəni, ona bata bilmərəm. Belə qərara gəldim ki, torpaq alım, içində mürdəşirxana tikdirim, qəbir daşları üçün sex açım. Özün bilirsən də qəbir daşları get-gedə bahalanır. Bütün bunları təzə nəvəmin adına sənədləşdirim. Həm xalqa xidmət olar, həm də dolanışıq. -Bütün bunların vicdana nə dəxli var? -Ay doxdur, bunları eləməsəm, mənim vicdanım sakit ola bilərmi? Gəlişimin də səbəbi odur ki, vicdanım sakitləşdirmək üçün mənə dərman yazasınız, yerin deşiyindən də olsa taparam. -Yerin deşiyi lazım deyıl. Düşün birinci mərtəbəyə, bizim aptekdə “Vicdanavin” adlı dərman var. Öz istehsalımızdır. Cəmisi iki yüz manatdır. Bir ay hər gün qəbul edin. Sonra yenə gələrsiniz. -Nə bahadı, doxdur, bu qiymətə dərman olar? -Vicdan ağrısı elə belə dərmanla müalicə olunmur, hörmətli millət vəkili. Bu dərman şəxsən Loğman Təbibin kəşf elədiyi dərmandır. – Həkim saatına baxdı. Vəkil Daimi onun fikrini başa düşdü. Növbəti xəstə gəlməli idi. Bu şışman olmalıydı. *** Şişman içəri girib əyilə-əyilə həkimə salam verdi. Həkimin göstərdiyi stulda əyləşəndə də elə görünürdü ki, stula da qıymır: stul əziyyət çəkər. Həkim diqqətlə ona baxdı: -Siz elə bil mənim yanımda olmusunuz. -Olmuşam, doxdur, ikinci dəfədir gəlirəm. -Nə oldu, müalicənin xeyri dəymədi? -Mən atama görə gəlmişəm. -Necə yəni atama görə, başa düşmədim. -Doxdur, mənim atam sovet dövründə “abaxeyis” işləyirdi. O vaxtlar bilirsiz də-ə, zambağlar yaxşı pul qazanırdılar. Amma ilişəndə də qazandıqları burunlarından gəlirdi. Üç qəpikdən ötrü tutub ya “qoduxluğa” salırdılar, ya da gönünə qədər soyurdular. Atam məni həmişə ayrı-ayrı mağazalara alver eləməyə göndərirdi. Mağazada məni uşaq bilib beş-üç qəpik aldadırdılar. Atam mağazanın çölündə məni gözləyirdi. Mən qapıdan çıxmamış saxlayırdı və… qalanı məlum məsələ idi. Zambaq… Həkim onun sözünü kəsdi: -Zavmaq. -Hə, zavmaq da işini bilirdi. Ya əlli-ayaqlı getməli idi, ya da atam deyən məbləği verməli idi. Beləliklə… qazanırdıq. Dəfələrlə qulağım eşidə-eşidə atamın dalınca deyirdilər: vicdanın itin olsun. -Bu söhbətin sənin xəstəliyinə nə dəxli var? Sənin vaxtın gedir. Dərdini de. – Həkim səbirsizliklə dilləndi. -Həkim, elə dərdim budur. Atam rəhmətə gedib. Hər gecə yuxuma girir. Deyir, a bala, məni bu gorda da rahat yatmağa qoymurlar. Hey deyirlər oğlun sənə rəhmət oxutdurur. O qədər vicdanını itirmisən ki, mənim kimi “vicdanı itin olmuş” adama indi rəhmət oxutdurursan? -Dayan görüm, sən nə işlə məşğulsan? -İş verən adam kimi tanıyırlar məni. -Pis iş görmürsən ki, adamları işlə təmin edirsən, çörək qazanırlar. Bunun nəyi pisdir ki?! -Bu iş siz düşünən iş deyil, doxdur. Elə iş görürəm ki, mənim də arxamca “vicdansız köpəkoğlu vicdansız” deyirlər. İndi soruşmaq istəyirəm: bu vicdan nə olan şeydir? Siz onu necə müalicə edirsiniz? Vapşe onun müalicəsi varmı? Həkim saatına baxdı. -Sizin vaxtınız qurtardı. Ayrı vaxt gələrsiniz. Növbəti xəstənin haqqına girməyin. Şişman ayağa qalxar-qalxmaz həkim xanım qapını açıb məlahətli səslə: -Növbəti xəstə zəhmət olmasa, buyursun, – dedi. *** Vicdanoluqun növbəti xəstəsi özünü millət vəkili kimi yekəxana aparmasa da sadəlik də hiss olunmurdu. O, otağa girib əyləşən kimi İnsaf Mürvətli onun üzünə baxdı: yəni eşidirəm. -Mən super marketlər şirkətinin prezidentiyəm. Bura vicdanımın səsinə qulaq asıb gəlmişəm. -Əcəb eləmisiniz. Bura gələnin heç biri bağırsaqlarının səsinə qulaq asıb gəlmir, – həkim özü də hiss etmədən kobud şəkildə dedi, – eşidirəm sizi, buyurun! -İşçilərimdən biri mənə dedi ki, şef, yaxşı ucuz ət yeri eləmişəm. Dedim murdar olmuş heyvan ətidir? Dedi, yox əşi, at ətidi, eşşək ətidi. Rayonda kəsib itə, pişiyə yedizdirirlər. Vicdanım sancdı. Atın, eşşəyin dalında böyümüş adamam. Atdan düşüb eşşəyə, eşşəkdən düşüb ata, ayıb olmasın elə də minmişik, belə də, Tem bolye, at-eşşək də deputat seçildiyim, doğulduğum rayonun ərazisindən idi. At, eşşək mənim üçün əziz heyvanlardır. Elə Özbək, Qazax qazrdaşlarımız da bu heyvanlara hörmətlə yanaşırlar. Atın, eşşəyin kəsilib itə, pişiyə yedizdirilməsi vicdanımı göynətdi. O cür nəcib, illərlə insanlara xidmət eləyən məxluqların belə urvatsız olmasına vicdanım dözmədi. Beş tona yaxın ət idi, gətizdirib verdim qəssablarımıza. Mal əti əvəzinə camaata ucuz qiymətə satdılar. Hər dəfə atın, eşşəyin qabırğasına balta dəydikcə elə bilirdim mənim cəmdəyimə dəyir. Bir təsəllim o oldu ət itə, pişiyə yem olmadı. Həyəcanım son həddə çatmışdı. Ət satılıb qurtarandan sonra vicdanım bir az sakitləşdi. İndi hər ehtimala qarşı profilaktik tədbir üçün yanınıza gəlmişəm. -Bax buna deyərəm vicdan. Vicdanoloq bir az kövrəlmiş, bir az da məmnun halda dedi: -Gedin birinci mərtəbəyə, aptekçiyə mənim adımdan deyin sizə “Vicdanavın” versin. Duyğulu insan belə olar. Həkim ayağa qalxıb rəğbətlə xəstəni qucaqladı, əl tutuşub ayrıldılar. Xəstələrin qəbulu davam edirdi. Növbəti xəstə vəkil idi. Hüquqşunas vəkil. Qırx il vəkillik etdiyini, lakin bir dənə də məhkəmə işini uda bilmədiyini etiraf etdi. Əzrayılla əlləşdiyini, o dünyada qır qazanında yandırılacağını qorxa-qorxa vicdanoloqa danışıb kövrəldi: bilirəm ki, günahımı heç nə ilə yuya bilməyəcəm. Ona görə gəlmişəm ki, vicdanımın, qismən də olsa, təmizlənməsinə köməyiniz dəyə bilərmi? Həkim onu da “Vicdanavin” almağa göndərdi. Növbəti xəstə nə təhər həyacanlanmışdısa vəzifəsini, iş yerini, adını da düz-əməlli deyə bilmədi. Dili dolaşa-dolaşa “mən pensionnu fonddan gəlmişəm” dedi. O, həkimin sualını gözləmədən ləhliyə-ləhliyə dərdini danışmağa başladı: -Doxdur, bütün umidim sizədir. Səkkiz-doqquz milyon əhalinin ahı-nifi məni tutmamış bir əlac eyləyin. -Ay kişi, bir de görüm nə olub? Dərhal ağlaşma qurursan. -Doxdur, mən pensiya idarəsində işləyirəm. Göstəriş aldım ki, pensiyaları artırmaq üçün sənədləri hazırlayım. Necə sevindiyimi özün təsəvvür elə. İşin gedişatında məlum oldu ki, bir milyon üç yüz min pensiyaçının pensiyasını orta hesabla iyirmi-iyirmi beş faiz artırmaq olar. Şöbənin müdirinə hesabatı göstərdim. Dedi lap yaxşı. Yaxın üç-dörd ay ərzində tam dəqiqləşdirib xalqımızı sevindirərik. Başağrısı olmasın, doxdur, televiziyadan xəbər tutdular. Təsəvvür elə də camaatın sevincini. Sən demə, qardaş, bu xəbərə qara camaatdan çox işbazlar sevinirmiş. Dərhal qiymətlər qalxmağa başladı. Köhnə malları da, təzə malları da gündən-günə artırılmış qiymətə satdılar. Altı aydan sonra pensiyalar vur-tut heç dörd faiz də artırılmadı. Bir milyon qara camaatın pensiyasının bu artımı səkkiz-doqquz milyonun “civinə vurdu”. Bu milyonun ahı-nifi məni tutacaq-tutmuyacaq, bilmirəm, amma vicdan əzabı məni öldürəcək. Bu az imiş kimi min manatdan yuxarı pensiya alanlara pensiyanın on faizi qədər yardım təyin elədilər. Bu az qala qara camaatın aldığı pensiyanın ümümi məbləği qədərdir. İndi doxdur, vicdan ağrısı öldürür məni. Bir əlac elə, yalvarıram. Vicdanoloq müşkül vəziyyətə düşdüyünü anladı. Xeyli fikirləşəndən sonra çarəsiz halda dedi: -Səninki, Allaha qalıb. “Xəstə” iki əliylə başını tutmağı ilə stuldan tirtap yerə yıxılmağı bir oldu. Mühafizə işçilərini çağırıb onu ayıltmaq üçün başqa otağa apardılar. Növbəti “xəstə” elə bil saatı-dəqiqəni gözləyirmiş, “nemes” dəqiqliyi ilə səkkizinci dəqiqənin tamamında vicdanoloqun otağına girdi. Salam verib əyləşdi. Həkim bayaqki xəstənin halından nigaran qalsa da özünü ələ alıb sakitləşdi. Hər halda həkim idi, soyuqqanlı, təmkinli olmaq vacib şərtdir. -Buyurun, eşidirəm sizi, – deyib xəstənin üzünə baxdı. -Həkim, mən “Abşeron” tikinti şirkətinin rəhbəriyəm. Bütün Abşeron ərazisində müasir “novostroyka”ları bizim şirkət inşa edir. Saysız-hesabsız binalarımız, saysız-hesabsız da müştərilərimiz var. “İpoteka” krediti ilə evlər tikib, Beynəxalq Bank vasitəsi ilə mənzillər satırıq. İyirmi il müddətinə ödənişlə. Nə gizlədim, elə mənzil vardı dörd-beş dəfə satmışıq. Krediti ödəyə bilməyənləri iki ay gözləyirik. Ödüyə bilməsələr sorğusuz-sualsız evdən çıxardırıq. Səksən-doxsan min ödəyən sakinlərin də elə olub evlərini əllərindən almışıq. Qısası, həm ev tikirik, həm ev yıxırıq. Ən mötəbər instansiyalara da şikayət etsələr, xeyri yoxdur. Üzümüzə itin sözünü deyirlər, peysərə veririk. Abrımızı (olmayan) ətəyimizə bükürlər, qarğış eləyirlər, qızara-qızara gözümüzü döyürük. O qədər qarğış elədilər ki, xəstəlik tapmışam. Bəla burasıdır ki, əlacını tapa bilmirəm. Ürək həkimi mədə-bağırsaq həkiminə göndərir. Mədə-bağırsaq həkimi pulunu alır, böyrək həkiminə göndərir. Böyrək həkimi qara ciyərimi yoxlatdırmağı məsləhət görür. Hamısı da özün bilirsən də, elə-belə başa gələn şey deyil. (Xəstə barmaqlarını bir-birinə sürtdü). Dərdimə əlac yox idi ki, yox idi. Bu yaxınlarda təsadüfən dərdimi tapdım. Səksən min manatdan cox kredit ödəmiş bir nəfər axırıncı iki ayı ödüyə bilmədi. Göz açmağa qoymadıq, evdən çıxartdıq. Onlar ev əşyalarını maşına yığanda ordan keçirdim, iki yeddi-səkkiz yaşlı qız uşağı məni görəndə yaxınlaşıb bir az üzümə baxdılar. İkisi də birdən dedilər: “Heç vicdanınız ağrıdımı?” Qəfil elə bil yuxudan ayıldım. Aha, bəlkə mənim vicdanım ağrıyır? İndi sizdən soruşuram; ola bilərmi mənim vicdanım ağrısın? Həkim diqqətlə qulaq asırdı. Bir qədər fikirləşib “xəstə”nin üzünə baxdı: -Narahat olmayın. Sizin vicdanınız ağrımır. İnsanın orqanizmində olmayan şey ağrımaz. – dedi: “Xəstə” narazı halda dilləndi: -Sizin sözünüzdən belə çıxır ki, mənim vicdanım yoxdur. -Mən demədim, özünüz dediniz. Növbəti vicdanı ağrıyan xəstə otağa girəndə şirkət rəhbəri otaqdan çıxmağa məcbur oldu. Hələ növbədə “vicdan xəstəsi” cox idi. Keçmiş icra başçıları, bələdiyyə sədrləri, ikinci (hətta birinci) Qarabağ müharibəsi dövründə rüşvət olan hərbi komissarlar, ölmüş xəstələrin yaxın adamlarını aldadıb pul alan həkimlər, keçmiş polis rəisləri, “uçaskovu “lar məktəb direktorları, işiq, qaz, su təsərrüfatı işçiləri kimlər… kimlər. *** …Vəkil Daimi vicdanoloqun yanından çıxıb bu yaraşıqlı binaya bir də qibtə hissi ilə baxıb fikirləşdi: -Nə təhər olub mənim ağlıma düşməyib belə bir tibb mərkəzi açmaq. Loğman Təbib məndən beş il sonra millət vəkili seçilib, amma gör necə ağıllı işlər görüb. O, birbaşa Loğman Təbibin yanına getməyi qərara aldı. “Gedim həm təşəkkür edim, həm də bir az söhbətləşək”. *** …Loğman Təbiblə şəstlə salamlaşıb həmişə çay içdikləri “cay evi” nə getdilər. Bu obyekt də Loğman Təbibin idi. Sakit, xudmani bir otaqda oturdular. -Hə-ə, qardaş, sağlığına qismət, çox gözəl tibbi mərkəz yaratmısan. Zövqünə heyran oldum. Əcaib də ad qoymusan: “V. İ. M. Medikal senter”. Bu nə deməkdir? Loğman Təbib gülümsədi: -Elə bilirsən təkcə sən şairsən? V – Vicdan, İ – İnsaf, M – Mürvət deməkdir. -A-a, başa düşdüm, doxdurun adına “aformut” eləmisən. -Yox əşşi. Doxdurun adı deyil. Heç doxdurum da doxdur deyil. Bilmirəm baytarlıq kursunumu, zootexnik kursunumu qurtarıb. -Dayan görüm, bəs məni o mal doxdurunun yanına niyə göndərmisən? -Reklam üçün, desinlər filankəs də orada müalicə olunur. -Sənin reklamın xatirinə beş yüz manatım getdi. -Qaytaracam, qorxma -Nə əcəb belə bir mərkəz ağlına düşüb? -Bilirsən, kolleqa, bizim camaatın bir xüsusiyyəti var. Nə olur, olsun, xarici olsun. Burda öz həkimlərimizi qoyub üz tuturlar İrana, Turana. Görməzə-bilməzə əllərinə keçən həkimlərə pul paylayırlar. Əziyyətləri də daha demə. Vicdanım qəbul eləmədi. Dedim bu pullar niyə əcnəbililərə qismət olsun. Elə də elədim: gördüyün o tibb mərkəzi vicdanımın məhsuludu. -Halaldı. Biz bu millətə hələ çox vəkillik eləməliyik. Amma bilmirəm bu millət qədrimizi biləcəkmi? Vəkil Daimi mürəbbəli çay içməyə başladı. Loğman Təbib də armudu stəkana çay süzüb bir qurtum içdi. -Kolleqa, heç demədin “vicdanoloq”un yanından nə təəssüratla qayıtdın? -Qardaş, mən çox şeyi açıb ona demədim. Sözün düzü Qarabağda işğaldan azad olunmuş ərazidən torpaq sahəsi almaq istəyirəm. Gələcəkdə turizm mərkəzi yaratmaq fikrim var idi. Özün bilirsən da bilmək olmaz, bir də gördün ruslar erməniləri qaytardı basdı oralara. Yaxşısı budur Abşeronda torpaq alım. Nə qədər ki, sağam, bir mərasim evi tikdirim, qəbir daşı düzəldən usta tapım, ömürlük çörək var. -Qarabağda torpaq sahəsi almaq ağıllı fikirdi. Amma bir məsələ var: 44 günlük müharibədə bizim bu ölkəyə qırx dörd qəpiklik xeyrimiz dəymədi. Uşaqlarımızın hamısı xaricdə yaşayırlar. Arvad da gah oğlunun, gah qızlarının yanında olur. Bir ay Türkiyədə, üç ay Niderlandda, iki ay Almanyada, heç üzünü də görmürəm. -Zato “göyərçin”lə romantik həyat yaşayırsan. Təbib Loğman güldü -O da qudurub. Deyir “turac” yüz əlli minlik maşında gəzir, mənim haram ondan əskikdi ki, yetmiş minlik maşında gəzim. Dedim sən öl evi də əlindən alaram, maşını da, qalarsan mələyə-mələyə. Dedi səni şantaj eləyərəm, üzünə duraram, nə bilim nə… -Yaxşı deyiblər: zəhərdə şəfa olmaz, qəhbədə vəfa. -Hə, dedim səni küllü-küf edərəm, izin-tozun bilinməz. İndi köpü alınıb, yalvarır. Amma qələt eləyir o, iç üzünü göstərdi. Qardaş, o cəhənnəm olsun. Sözümün canına qulaq as. Qarabağda qohum-əqrabandan vuruşan var, yox! Heç mənim də yoxdur. Nə üzlə indi Qarabağda torpaq almaq istəyirik? Bircə əlacı var. Qarabağda vuruşan bir yetim, kasıb uşaq tapıb onun adına almaq. Bəlkə o da bəlkə belə mümkün olar. Biz Qarabağdan torpaq umuruq. Buna vicdan yol verərmi? Vəkil Daimi yenə “bu məndən ağıllı yol tapıb” deyə fikirləşdi. -Cəhd elə də, qardaş, Allahın işidir, bəlkə alındı. -Allah bu sovet hökümətini dağıdanların atasına rəhmət eləsin. Sovet dövründə biz belə cəh-cəlal qura bilərdik. – Loğman Təbib söhbəti dəyişdi. – Amma bir şey pis oldu: Bu Rusiya-Ukraniya müharibəsi başımıza oyun açmasa yaxşıdır. -Vaxtında tədbir görməmisən? -Görmüşəm, xarici banklardakı pullarımın böyük bir hissəsinə bir neçə mülk almışam. Qalan hissəsi də uşaqlarla arvadın adındadır. Bir az arxayınam. Mənim də sərvətim uşaqların və nəvələrin adınadır. Həm də Avstraliya bir az etibarlı yerdir. -Allaha pənah, – deyib ayağa qalxdılar. Loğman Təbib Səhiyyə Nazirliyinə, Vəkil Daimi isə telekanallara gedəcəyini deyib ayrılanda Vəkil Daimi dedi: -Sən vicdanın, mənim beş yüzümü qaytar ha! -Vicdanım haqqı, qaytaracam!
Bu gün (19.06.2022- Bakı şəhəri) ən yaxın çevrəsinin əhatəsində tanınmış şair Budaq Təhməzə “Ziyadar” Mükafatı təqdim edilib. Bir daha təbriklər, Budaq müəllim!
Əbülfəz Əhməd kimdir? Ədəbi aləmdə o qədər də tanınmayan, nə Yazıçılar birliyinin, nə Jurnalistlər birliyinin üzvü olmayan, nə “Qızıl qələm” mükafatı, nə Məmməd Araz mükafatı, nə Rəsul Rza beynəlxalq mükafatı, nə Media mükafatı, nə beynəlxalq Andersen mükafatı, nə Nobel mükafatı almayan, lakin şeirləri olan bir şairdir. Özü də elə şairdir ki, ədəbiyyatımızın, poeziyamızın cəfasını və təəssübünü çəkməkdən yorulmur, usanmır. O mətbuatda, sosial şəbəkələrdə bar-bar bağıran, klassiklərə ləkə yaxan, palçıq atan cavan “şairciklərə” “yazar”lara ədəbi yaradıcılığın nə olduğunu sübut eləməyi bacaran şairdir. Əbülfəz kimi şairlər cavan yaşlarında mətbuata yol tapa bilmədilər. Bu yolda necə getməyin “yollarını” bilirdilər. Amma bu “relsə” düşə bilmədilər. Ona görə də tanınmaq, məşhurlaşmaq imkanları olmadı. Ədəbi orqanlarda lövbər salmış istedadsız qələm sahibləri “ştamplanmış, bədii cəhətdən zəifdir” cavabları ilə yüzlərlə istedadlı gənclərin yolunda istehkam oldular. Əbülfəz Əhməd də belələrindən idi. O, abırlı-həyalı, yerini tanıyan, özünə, sözünə qiymət qoyan adamdır. Heç vaxt redaksiyalarda qapıdan qovulub, bacadan girmədi. Özü üçün yazdı, yaratdı – himayədar axtarmaq ağlına belə gəlmirdi. Bu günə qədər də yazılarının çap olunması, kitablarının nəşr edilməsi üçün heç kimə ağız açmayıb. Əbülfəz Əhməd necə şairdir? Bu suala cavab verməzdən əvvəl deyim ki, Əbülfəz Əhməd bu günə qədər bir dəfə də olsun “mən şairəm” deməyib. O sadəcə olaraq qəlbinin səsinə qulaq asıb, arzu və istəklərinin, qanından, canından qopan duyğuları şeir dili ilə bəyan eləməyə çalışıb. Həm də bunu dizini yerə qoyub, qələmini və könlünü zorlayıb ağ vərəqlərə köçürməyib. Poeziya süfrəsinə təbii və halal məhsulunu qoyub. Ədəbi aləmdə o, sısqa həm də saf bulaqdır (elə başa düşürəm ki, bu bənzətmə onun xətrinə dəyməyəcək). Gah dumduru, göz yaşı kimi gələ bilər, gah bulanıq şəkildə. Dediklərimizi təsdiq üçün bir neçə şeirinə diqqət yetirək: İlk əlimə keçən bir şeiri “Kərəmə” adlanır.
“Bu Əsli qızların əsil xisləti, Döndü xəyanətə, a Kərəm indi. Hardasa babalar çəkən ləzzətin, Oturub altını çəkirəm indi.
…Bir tərsa qızının oduna düşüb Gəzdin obaları, gəzdin birbəbir. Indi obalara pıçha-pıç düşüb – Ellər süd puludur, dalbadal gedir.
Hansı məşhur şairin şeirindən zəifdir.
…Düymə açılmadı… cəhənnəmə ki, Yüz gözəl önündə baş əyməzdimi?
Bundan artıq Əbülfəz Əhməd nə deməliydi.
Əslilərin, Haykanuşların qucağından başladı torpaqlarımızın haylara “axını”.
Bu, Əbülfəzin dili ilə desək – tərsa gözəllərin bizə yaşatdıqları! Bəs öz gözəllərimiz şairi necə “incidir”
“Söz ki, verdin, olasan həmdərd gözəlim, Həm fərəh verdin bizə, həm dərd gözəlim. Naz eylə dedik, anla ki, məna məcazi, Sən də qoysana nazına sərhəd gözəlim!
Bu rübainin nəyi çatmır?
Əbülfəz Əhmədin şeirlərinin birinə yazdığı epiqraf bir çox şairlərinin qalaq-qalaq kitabına dəyər. Atasına həsr elədiyi şeirlərinin birində Əbülfəz belə yazır:
“Anamız yanına köç edəndən bəri başdaşı şəklində atamın üzünə təbəssüm qonub”. Budur, şair duyğusu, budur şeirin bədii, fəlsəfi yükü, budur tapıntı. Şeir deyil, amma şeir qədər bədii yükü var.
Əbülfəzin şeirlərində mövzu müxtəlifliyi, rəngarəngliyi diqqəti cəlb edir. Sevgi-məhəbbət, vətənə həsr olunmuş, təbiət mənzərələrindən bəhs edən onlarla şeiri var Əbülfəzin. Dünya haqqında hansı qələm sahibi şeir yazmayıb? Əbülfəz də yazıb:
Nizamına iradım yox, Çox sirrini aradım, çox, Fələk qarı- Əbülfəz qorx Tutar sənə toy dünyada!
“Fələyin adama toy tutmağını” şair belə təsvir edir.
Dediyim kimi Əbülfəzin şeirləri gah “durulur”, gah “bulanır”. Bəzən az sözlə çox incə mətləbləri çatdıra bilir. Məsələn:
Yetim uşaqlar kimidir
Ahıl yaşlarında Tənha yaşayan kişilər… Qulluğunda xanımı, qızı, Gəlini dayanan tay tuşlarını görəndə “kiçilər”
Daha bir konkret misal:
Heyifim gəlir Iki qadın tanışımın Birinə, O birinin də – ərinə.
Başqa bir yazısında sərrast ifadəyə fikir verin:
Sənə kar eləmir mənsizliyin. Mən də dadını yaxşı bilirəm Səninlə sənsizliyin.
Bu qısa və yığcam şeirlər mənalı və düşündürücüdür həm də kifayət qədərdir. Amma Əbülfəzin elə şeirləri var ki, uzun və darıxdırıcıdır. Bir fikri çatdırmaq üçün “dolama yollarla” getmək oxucudan çox bəlkə müəllifin özünü yorur.
Əbülfəzin şeirləri haqqında mən uzun-uzadı yazmaq istəmirəm, nə də təhlil edib, tənqidi fikirlər söyləyib “Amerika açmaq” fikrim yoxdur. Çox güman ki, heç ədəbi tənqid də ola bilsin Əbülfəzin bu kitabını görmədi. Görsə də “öz şairlərini” tərifləməkdən vaxtları olmayacaq ki, Əbülfəz Əhməd adlı şairə qiymət versinlər. Heç Əbülfəzin buna ehtiyacı da yoxdur. Tənqidçilərdən də ummur, küsmür, incimir. Heç annotasiyada “geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur” da yazılmayacaq. Çünki adlı-sanlı xalq şairlərinin, xalq yazıçılarının kitabları cəmi-cümlətanı beş yüz nüsxə çap olunursa hansı “geniş oxucu kütləsindən” danışmaq olar.
Əbülfəz Əhməd bu kitabında çap olunan şeirlərində də öz sadə, zəhmətkeş, səmimi bir insan olduğunu yaxın dostlarına, qohum-əqrəbasına, tanışlarına izhar eləmək üçün qələmə pənah gətirmişdir. Şair hər bir oxucusuna dərin minnətdarlıq hissi ilə “hələlik” deyir. Mən də Əbülfəzi yaxından tanıyan bir adam kimi ona yeni kitabının həzzini dadmağı arzulayıram və yeni-yeni kitablarını gözləyirəm.
AY BUDAQ TƏHMƏZ Nə yaxşı tapışdıq, tanıdım səni, Gördüm uca dağsan, ay Budaq Təhməz! Bir budaq olmuşdun bir kök üstündə, İndi min budaqsan, ay Budaq Təhməz! * * * Saçın ağarsa da ruhun cavandı, Şəkərli, şərbətli dilin rəvandı. Şair var – şeiri quru, yavandı, Sən balsan, qaymaqsan, ay Budaq Təhməz! * * * Yazmaqdan doymursan obadan, eldən, Dəftərin, qələmin düşməsin əldən. Şərdən, iftiradan, fitnədən-feldən, Böhtandan uzaqsan, ay Budaq Təhməz! * * * Ürəyin tərtəmiz, salamın şirin, Hər sözün, söhbətin, kəlamın şirin. Eşqin coşan dərya, ilhamın dərin, Şeirdə mayaqsan, ay Budaq Təhməz! * * * Şeirlər pətəkdən süzülüb gəlir, Misra-misra, bənd-bənd düzülüb gəlir. Qayalar içindən sızılıb gəlir, Çeşməsən, bulaqsan, ay Budaq Təhməz! * * * Dünya xali deyil, indi inandım, O kiçik hücrəni ziyarət sandım. Ramizəm, sən oldun inancım, andım, Məbədsən, ocaqsan, ay Budaq Təhməz! * * * …Bir kökün üstündə bir budaq idin, İndi min budaqsan, ay Budaq Təhməz! Ustad şair Budaq Təhməzə ehtiramla: Ramiz İsmayıl (Gədəbəyli) Xırdalan şəhəri, 10 mart 2022
BU DÜNYANIN KÖÇÜ (Yenə dünya?!) Bu dünyanın köçhaköçü qurtarmır, Qəflə qatır ora-bura daşıyır. Boz dəvələr uzun-uzun yolların “Damarını qıra-qıra” daşıyır. * * * Köç yolunda eniş-yoxuş çox çıxır, Düz biyaban, dərə-təpə, dağ çıxır. Bahar gəlir, torpaq qızır, buğ çıxır, Günəş nuru səmalara daşıyır. * * * Yerlə, göylə baş-başadı bu dünya, Müəmmadı, tamaşadı bu dünya. Milyon-milyon sirr yaşadır bu dünya, Milyon ildi suallara daşıyır. * * * Çox göstərib qüdrətini, gücünü, Kim yuyacaq bu dünyanın “suç”unu? Gədiklərə Xan Kərəmin köçünü, Məcnunları səhralara daşıyır. * * * Ramiz, kim ki, el dərdini duymamış, Bir kimsəyə xətir-hörmət qoymamış, Tamah əhli gen dünyadan doymamış, Əcəl onu dar məzara daşıyır. 21.11.2019, Xırdalan ş.
ÇIXIR Taleyin hökmüdür, hər an qarşına, Tanrının alnına yazdığı çıxır. Birinin yoluna güllük-çiçəklik, Birinin yoluna buz dağı çıxır. * * * Acı qismətdimi, bəd iqbaldımı, Yüz müşkül cavablı bir sualdımı, Şirin arzudumu, xam xəyaldımı? Ümid bəslədiyin göz dağı çıxır. * * * Məcnunu səhraya eşqi apardı, Dərdi düzüm-düzüm, qatar-qatardı. Kərəm külə döndü – canı qurtardı, Ramiz yana-yana cızdağı çıxır. 10.12.2019, Xırdalan ş.
QINAMA, QOCA Bircə damcı ümid varsa sabaha, Səcdə qılıb, dua elə Allaha. Ahıl qoca, gileylənmə gəl daha, Yaşda günah yoxdu, yaşı qınama! * * * Köks ötürüb cavanlığı gəzmə heç, Taleyindən, iqbalından küsmə heç. Qar yağmamış bürmələnib əsmə heç, Qışda günah yoxdu, qışı qınama. * * * Tərlan gözlər öz nurunu itirib, Huş azalıb, şüurunu itirib. Şahanəlik qürurunu itirib, Başda günah yoxdu, başı qınama! * * * Qocalığın dəmyə yerdən tumu var, Arat olub suvarılmış şumu var. Mərməri var, sementi var, qumu var, Daşda günah yoxdu, daşı qınama! * * * Çıraq tutan olmayacaq gorunda, İlişərsən cəhənnəmin torunda. Ramiz, yansan bir qurunun qorunda, Yaşda günah yoxdu, yaşı qınama! 15.05.2019, Xırdalan ş.
İKİ DÜNYA Bu dünyanın üzü qara, O dünyanın özü qara. Biri ömrümüzü yeyir, Biri özümüzü yeyir. 20.02.2020, Xırdalan ş.
NƏ FƏRQİ VAR? Ömür ötür, zaman keçir, Zaman vermir aman, keçir. Yaxşı keçir, yaman keçir, Yaşdan ötrü nə fərqi var? * * * Ürək parça-parçadırsa, Qan sızılır – yaradırsa, Saç ağdırsa, qaradırsa, Başdan ötrü nə fərqi var? * * * Daş qayadan qopsa əgər, Xiffətini zirvə çəkər. Ya saray tik, ya da çəpər, Daşdan ötrü nə fərqi var? * * * Süz düyünü dəm almağa, Ramiz, “bığın batmaz” yağa. Nökər yedi, ya da ağa, Aşdan ötrü nə fərqi var? 22.04.2019, Xırdalan ş.
DOSTLARIN Sayı yaman çoxalıb, “Günəbaxan” dostların. Dedi-qodu gəzdirib, Qara yaxan dostların. * * * Üzü göndü – aşdanmış, Qəlbi qara daşdanmış. Ağlı daşıb – daşdanmış, Başdan çıxan dostların. * * * Ramiz, giley nə lazım? Ağlına dua yazım. Qəbrini dərin qazın, Evlər yıxan dostların. 14.05.2018, Xırdalan ş.
BİRİ Biri var idi, biri yox… (nağıl) Biri- var idi, biri yox idi, Həyat şirin yuxudu, Yuxu görən çox idi, Yuxu qəfil dağıldı – Bu da belə nağıldı. * * * Biri – dedi: – bağrım təşnədi, Göy gurladı, kişnədi, Göydən alma düşmədi, Yerə yağış yağırdı – Bu da belə nağıldı. * * * Biri – Qaldı külü – bəllidi, Soldu gülü – bəllidi, Düzü, çölü bəllidi, Dedilər kəmağıldı – Bu da belə nağıldı. * * * Biri – Sevdi – döndü gülüncə “Gözlədi yar gəlincə”. Yar gəlmədi ölüncə, Gözünə qan sağıldı – Bu da belə nağıldı. * * * Biri – Çəkir könül əzabı, Tutub Tanrı qəzəbi, Ramiz, olma əsəbi, Dərdin dağdan ağırdı – Bu da belə nağıldı. 10.01.2020, Xırdalan ş.
BUSEVDANIN ADI NƏ? Sən incisən, mən sədəf, Sən atəşsən, mən hədəf. Mən təsadüf, sən səbəb, Zərurətsən, zərurət. * * * Çəmən xalça, xalı sən, Yaşılı sən, alı sən. Təzə beçə balısan, Təravətsən, təravət. * * * Şərbətimsən, şəhdimsən, Arzum, kamım, əhdimsən. Taleyimsən, bəxtimsən, Şərafətsən, şərafət. * * * Mən yaş odun, quru sən, Ocaq mənəm, qoru sən. Bu ocağı qorusan, “Qiyamətsən, qiyamət!” * * * Şəbnəm sənsən, şeh mənəm, Tər çiçəksən, meh mənəm. Girov mənəm, beh mənəm, Mərhəmətsən, mərhəmət. * * * Bu sevdanın adı nə? Yanğısı nə, odu nə? Gözəl sənin adın nə? Məhəbbətsən, məhəbbət?! * * * Ramiz Fərhad, Şirin sən, Ömrüm qədər şirinsən. Qibləgahım, pirimsən – Ziyarətsən, ziyarət! 15.04.2020, Xırdalan ş.