ƏLLİ İLDİ
Könlüm viran, qəlbim talan,
Yar, gəzirəm əlli ildi.
Xəstə düşən dərman gəzər,
Qar gəzirəm əlli ildi.
* * *
Bu sevdanın adı nədi,
Duzu, tamı, dadı nədi?
Ocaqdırsa, odu nədi?
Qor gəzirəm əlli ildi.
* * *
O yolları yordu gözüm,
Yollarda nə gördü gözüm?
Nuru gedib, tordu gözüm,
Kor gəzirəm əlli ildi.
* * *
Bu həsrətin yaşı qara,
Ürəyimin başı yara.
Kəfən geyib yaşayıram,
Gor gəzirəm əlli ildi.
* * *
O gözəldə gözüm qaldı,
O tilsimdi, o xəyaldı.
Mən Ramizəm, dilim laldı,
Kar gəzirəm əlli ildi.
SEÇİM DEDİM…
Bu dünyada yaman da var,
Yamandan pay uman da var,
Yaxşıya göz yuman da var,
Yaxşıları yamanlardan –
Seçim dedim, – seçəmmədim.
* * *
Bir gözəlin butasıydım,
Əllərindən tutasıydım.
Vüsalına çatasıydım,
Səadətin şərbətini –
İçim dedim, – içəmmədim.
* * *
Sevincimdən əzabım çox,
Sualım var, cavabım yox.
Günahım az, savabım çox,
Suçum varsa, bağışlayım –
Keçim dedim, – keçəmmədim.
* * *
Ramiz, söylə möhürbəndi,
Yolumuz qıl körpüdəndi.
Həyat zəmi, ömür dəndi,
Fələk göyə sovurmamış –
Biçim dedim, – biçəmmədim.
QOÇ OLMAZ
Qoç olmaz yetim quzudan,
Qoç oğlundan qoç törəyər.
Bar gözləmə çürük qozdan,
Törəsə də puç törəyər.
* * *
Min illərdir belə olub,
Mərd meydanda bəlli olub.
Dəli oğlu dəli olub,
Gicbəsərdən gic törəyər.
* * *
Görmüşük başdan – binadan,
Çörək qədri bilməz nadan.
Zatı qırıqdan, zinadan
Bic doğular, bic törəyər.
* * *
Ramiz, sızlat sarı simi,
Söz sındırar hər tilsimi.
Halal olsan arı kimi
Bir bəsləsən üç törəyər.
HƏSRƏTİMİN
Ürəyimdə doğma yurdu –
Yuvası var həsrətimin.
Yalvarıram uçub getmir,
Vəfası var həsrətimin.
* * *
Qəlbimdə qəm gözəlləşib,
Gözümdə nəm gözəlləşib.
Saçımda dən gözəlləşib,
Şəfası var həsrətimin.
* * *
Hər çətinə, bərkə dözdük,
Bərkə-boşa birgə dözdük.
Nə qəribə görkə dözdük,
Cəfası var həsrətimin.
* * *
Ömürlük dost, sirdaş olduq,
Yaman bağrıbadaş olduq.
Ramiz, daha qardaş olduq,
Səfası var həsrətimin.
GİLEYLİ
Həyat qəribədir – kimi dindirsən,
Göydən narazıdı, yerdən gileyli.
Allahın ən mömin bəndələri də,
Hərdən asi olur, hərdən gileyli.
* * *
Adam var xisləti, məsləki sirdir,
Adam var yaxşılıq, yamanlıq birdir.
Adam var ümidi “ocaq”dır, pirdir,
Adam var seyiddən, pirdən gileyli.
* * *
Adam var, can atır, “daş-başa” – çatır,
Adam var, əlləri boz daşa çatır.
Adam var, cütləyib şeş qoşa atır,
Yek atıb uduzan zərdən gileyli.
* * *
Ramiz, çoxdu hələ səni duymayan,
Nifrətdən, qeybətdən gözü doymayan.
Bir-birinə xətir-hörmət qoymayan,
Ər arvaddan, arvad ərdən gileyli.
MƏNİ
Belə yaşamağa yaşamaq desəm,
Il ağlar, ay ağlar, gün ağlar məni.
Baş aça bilmirəm sirri-xudadan,
Tutub batmadığım günahlar məni.
* * *
Baş götürüb hara köçüm, görəsən,
Nə imiş təqsirim, suçum, görəsən?
Harda tükənəcək gücüm, görəsən,
Nə vaxt tərk edəcək qınaqlar məni?!
* * *
Üzümə gülənlər mələk deyilmiş,
Ağım kəfən imiş, bələk deyilmiş.
Əsən tufan imiş, külək deyilmiş,
Şeytan qucaqlayar, cin ağlar məni.
* * *
Hara getdim, nadan çıxdı qarşıma,
Gülə-gülə zəhər qatdı aşıma.
“Ağlıma gəlməyən gəldi başıma”,
Yaram sim bağlayar, sim ağlar məni.
* * *
Duyğusuz insana könül bağladım,
Yol gözlədim, ədəb-ərkan saxladım.
Anadan olanda özüm ağladım,
Öləndə bilmirəm kim ağlar məni.
* * *
Sevincim, kədərim qoşadır daha,
Yönüm qar-boranlı qışadır daha.
Ramizəm, bir ümid yaşadır daha,
Bəlkə bir əhli-dil soraqlar məni.
BU QIZIN
Darağı, güzgüsü düşmür əlindən,
Gözündən od-alov çıxır bu qızın.
Sinəsi köynəyə sığışmır daha,
Köynək sinəsini sıxır bu qızın.
* * *
Gözəli darağa “bağlayan” nədir,
Güzgü qabağında saxlayan nədir,
Qəlbində kükrəyən, çağlayan nədir?
Baxışı yandırıb yaxır bu qızın.
* * *
Yaşılı soyunur, alı geyinir,
Qardaş “qəzəblənir”, nənə deyinir.
Ata qürur duyur, ana sevinir,
Naz-qəmzəsi “evlər yıxır” bu qızın.
* * *
Bir-birinə aman vermir elçilər,
“Hə” alınar, şirin çayı içilər.
Bir gün nişan olar, parça biçilər,
Toyu olar əvvəl-axır bu qızın.
GEDƏCƏK
Ömrümün karvanı yol üstündədi,
Illəri yan-yana düzüb gedəcək.
Qarlı zirvələrdən, şoran çöllərdən,
Bulanıq sulardan üzüb gedəcək.
* * *
Qabağına eniş-yoxuş çıxacaq,
Xoşuna gəlməyən çox iş çıxacaq.
Könül bulandıran baxış çıxacaq,
Yersiz tənələrə dözüb gedəcək.
* * *
Arzusu, diləyi qalıb yarıda,
Sınıb bərkiməmiş qanadları da.
Gününə bax, – günü keçmiş qarı da,
Ağız əyib, dodaq büzüb gedəcək.
* * *
Karvan gedəsidi, kimsə əyləməz,
Geriyə döndərməz, yoldan eyləməz.
Bir mələk gələcək, dinməz-söyləməz,
Əcəl şərbətini süzüb gedəcək.
* * *
Ramiz kirpiyində od götürəndə,
Gəzdiyi cığırlar ot bitirəndə,
Çayını, suyunu yad gətirəndə,
Bəxtindən inciyib küsüb gedəcək,
Həyatdan əlini üzüb gedəcək.
Müəllif: Ramiz İSMAYIL
YAZARLAR.AZ
===============================================
<<<<<< WWW.USTAC.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru