Etiket arxivi: Şəhriyar Heydər

Bu qaranlıq gecələrə bağışla

Olan oldu, keçən keçdi, sən məni,


Olanlara, keçənlərə bağışla,


Öz bətnində sirrimizi gizlədən,

Bu qaranlıq gecələrə bağışla

Xarabanı tərk etməyən bayquşa,
Bu quşdan yan ötən müqəddəs daşa,
Lap elə bu unudulmuş əyyaşa,

Vətən olan küçələrə bağışla

Biz dərdlərdən düşdük, çölün düzünə,
Gəl, tüpürək ayrılığın üzünə,
Bu soyuqda yem gəzərkən özünə


Şaxta vurmuş sərçələrə bağışla.

****

Sənsizliyin çiləsinə düşəndə
Bildim, gəldi yaz ömrümə qış mənim
Gələcəyin yoldan asılı qaldı,
Qurumadı gözlərimdə yaş mənim.

Yastığımda aradım tellərini
Dodağımla daradım tellərini
Gedib gömdüm qoynumda əllərimi,
Əllərindən qoyduğun gün boş mənim

Günəş deyil, başın üstə dayanan,
Gördüyün o əksimdir göydə yanan.
Göz yaşımdır, ahımla buxarlanan ,
Qəfil səni haqlayan yağış mənim.

Şəhriyar Heydərin şeirləri


Mən bir ev gördüm,
Ağzına kimi yiyəsizliklə dolu
Tab gətirə bilməmişdi,
Uçmuşdu bir tərəfi,
Baş götürüb qaçmışdı
Bir tərəfi.
Mən bir ağac gördüm,
Aşmışdı qollu budaqlı,
Kölgəsinin üstünə,
Özüylə birgə öldürmüşdü
Onu da.
Mən yağış gördüm, yağmırdı
Yeri yuyub çevirmək istəyirdi Göyüzünə
Tapdalandığını görüb.
Mən torpaq gördüm, təmizləyirdi
Dişlərinin dibini, yediyi adamların sümüklərilə
Mən uşaq gördüm,
Bədəni atasızlıqdan dəlmə deşik,
Mən bir qadın gördüm,
Kədər çiçəkləmişdi, dibçək ürəyində
Mən bir kişi gördüm,
Min ilin ölüsü idi,
Özünü diriliyə vurmuşdu.

***

Gözlərim tavandan
Baxır mənə
Çürüyəcək döşəməm
……
Əllərim gözlərimi ovudur:
Ağlama,
Mən də sənin günündəyəm.
…..
Başıma nə gəlmədi ki?
Gəlişindən başqa.
…..
Qollarımız bir cüt qanaddır,
Ancaq uçmaq üçün yox,
Qucmaq üçün.
…..
Yadıma düşdün,
Qarışdırdın fikirlərimi,
Yenə nə axtarırsan
Orda?.
…..
Əcəb gəzməli havadır,
Gedim gəzim səni.
….
Külək nə dedi belə
O yarpağa,
Atdı özünü ağacdan

***

Bir ağaca söykənib, tamaşa edirəm, Günəşin qürubuna,
Birazdan göylər qara geyinəcək,
Onun yoxluğuna.
Bir ağaca söykənib, gedirəm qocalığa, bu əsadan tuta-tuta.
Zaman o qədər sürətlidir ki, ləngiyirəm arzulara çatmağa.
Bir ağaca söykənib tamaşa edirəm başı dumanlı
bu qoca dağ kimi, dünyaya.
Bir az əvvəl göy qurşağını da qaldırıb başı üzərinə, üzürdü səma okeanında.
İndisə yelkəni enmiş gəmidir
Üzərinə atılan bombalardan dəlmə deşik,
Batmaq üzrədir
İçində səkkiz milyard ekipaj üzvü ilə….
Bir ağaca söykənib, baxıram Tanrıya,
Bu gəminin
Kapitanı gözü ilə….

Müəllif: ŞƏHRİYAR HEYDƏR

ŞƏHRİYAR HEYDƏRİN YAZILARI

Təqdim etdi: Təranə DƏMİR

AYB – nin və AJB -nin üzvü.

TƏRANƏ DƏMİRİN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru