SERGEY JİTOMİRSKİNİN “SİRAKUZLU ALİM” TARİXİ ROMANI YAYINLANIB
Bu günlərdə tanınmış rus yazıçısı Sergey Jitomirskinin tarixi mövzuda yazdığı “Sirakuzlu alim” romanı nəşr olunub. Qədim yunan mütəfəkkiri Arximedin həyat yolundan bəhs edən romanı Azərbaycan türkcəsinə yazıçı VAQİF SULTANLI çevririb.
Qeyd edək ki, “Srakuzlu alim” romanı Azərbaycan oxucularına ilk dəfə ötən əsrin səksəninci illərinin sonlarında təqdim edilib. “Kritika” yayın evinin illər sonar romanı təkrar nəşr etməsi əsərin mövzu-problem baxımından aktuallığından qaynaqlanır.
Əsərlərini daha çox sənədli-bioqrafik və elmi-fantastik üslubda yazmış Sergey Jitomirskinin (1929-2004) “Yaradılmış maşınlar” (1977), “Monqolustan və Tibet tədqiqatçısı P.K.Kozlov” (1989), “Lənətlənmiş Atlantida” (1992), “Qədim astronomiya və orfizm”, “Epikur” (2001), “Romul və Rem” (2003), “Misir hökmdarı” (2005) kimi roman və povestləri geniş oxucu kütləsinin marağını çəkmiş, ədəbi tənqid tərəfindən yüksək dəyərləndirilmiş və müxtəlif dillərə çevrilmişdir.
Sergey Jitomirskinin ilk dəfə 1982-ci ilə yayınlanan “Sirakuzlu alim” tarixi romanı onun yaradıcılığında önəmli yerlərdən birini tutur. Arximedin həyat yoluna işıq tutan əsər sadə, çəkici bir dillə yazılmış, alimin riyasiyyat və fizika sahəsində qazandığı elmi uğurlar bədii səpkidə canlandırılmışdır. Romanın mühüm özəlliklərindən biri burada yalnız baş qəhrəman kimi seçilmiş Arximedin həyat yolunun deyil, bütövlükdə antik dönəmin əfsanə örtüyünə bürünmüş tarixi mənzərəsinin yaradılmasıdır.
“Ulduz” dəbiyyat dərgisi iyun sayında oxucularının görüşünə yeni təqdimatda gəlib.
Dərginin üz qabığı, mündəricatından tutmuş son səhifəsinə qədər dizaynında dəyişiklik olunub. “Ulduz”un yeni dizaynı Türkiyədə hazırlanıb, növbəti saylar da eyni qaydada tərtib ediləcək.
Bundan əlavə, jurnalın səhifə sayı da artırılır. Əvvəl 88 səhifə çap olunduğu halda, bundan sonra 96 səhifəli olacaq.
İyun sayı isə xüsusi olaraq 104 səhifə hazırlanıb. Eyni zamanda, jurnalın ölçüsündə də dəyişiklik edilib.
“Ulduz” jurnalının baş redaktoru, Əməkdar jurnalist, şair Qulu Ağsəs bildirib ki, daha bir yeni təşəbbüsün reallaşması gözlənilir. Belə ki, Ankarada çap olunan “Gənc ürəklər” dərgisinin baş redaktoru Muhterem Şahinlə Qulu Ağsəsin əldə etdiyi razılığa əsasən, “Ulduz”un növbəti xüsusi buraxılışı “Gənc ürəklər” dərgisində, “Gənc ürəklər” dərgisinin növbəti sayı isə “Ulduz”da oxuculara təqdim olunacaq.
“Ulduz”un iyun sayında maraqlı bədii mətnlər yer alıb.
Dərgi Tural Cəfərlinin “Özüylə söhbəti… və şeirləri” ilə açılır.
Sərdar Aminin “Rəsul nəsə demək istəyir”, Təvəkkül Boysunarın “Araz axır qıyqacı”, Ayişə Nəbinin “Relsə bağlanan çoban”, Nazilə Gültacın “İki limon”, “Murad futbola baxırdı”, “Stabilizator”, Mətanət Ulu Şirvanlının “Dikbaş”, İlqar İsmayılzadənin “İtmiş pul” hekayələri, Aydan Abdullayevanın “Darıxan yazı” essesi dərgidə işıq üzü görüb.
Bir müddət əvvəl dünyasını dəyişmiş gənc yazıçı Murad Muradovun “Kərimin ördəkləri” hekayəsi də ruhuna ehtiram əlaməti olaraq bu buraxılışda dərc olunub.
“Ulduz” jurnalı və Azərbaycan Yazıçılar Birliyinin Ədəbiyyat fondunun təşkilatçılığı ilə Vaqif Səmədoğlunun 85 illik yubileyinə həsr olunmuş 35 yaşa qədər gənclər arasında keçirilən şeir müsabiqəsinin qalibləri – Cavid Qasımov, Allahşükür Ağa, Rəşad Nağı Mustafa, Eminquey Akif, El Roman, Seyyidəli Sübhinin şeirləri iyun sayında çap olunub. Eyni zamanda, Hafiz Hacıxalıl, Aysel Nəsirzadə, Rəsmiyyə Sabir, İnqilab İsaq, Ədalət Salmanın şeirləri “Şer vaxtı”nda oxuculara təqdim olunub.
“Tərcümə saatı”nda Xatirə Nurgülün tərcüməsində Sergey Dovlatovun “Ariel” hekayəsi dərc edilib.
Yazıçı-publisist Nadir Yalçın tanınmış şair Baba Vəziroğlu ilə müsahibəsi də jurnalın iyun sayında yer alıb.
Jurnalda İlham Abbasovun “Nobel” üzrə ədəbiyyat mükafatları laureatlarından Andre Jidin həyat və yaradıcılığından bəhs edən “Cuhud” soyadlı fransız yazıçısı” adlı məqaləsi dərc olunub.
“Gənc yazarlar üçün ustad dərsləri”nin növbəti mövzusu “Xorxe Borxesin “Dörd dövrəsi” barədə olub. Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasının dosenti Məti Osmanoğlu sözügedən esseni şərh edib.
İyunun “Tribuna”sında filologiya elmləri doktoru Vaqif Yusiflidir. “Yeni ədəbi nəsil” başlıqlı yazısında o, ümumi mənzərəyə nəzər salıb, iki mininci illərin ən gənc nümayəndələrindən bəhs edib.
“Dərgidə kitab”da İlhamə Nasirin qələm nümunələri işıq üzü görüb.
“Dərgidə sərgi”də isə Sumqayıt şəhəri 11 nömrəli tam orta məktəbin 5-ci sinif şagirdi Fəridə Cəfərovanın rəsmləri əksini tapıb.
YAZARLAR cameəsi adından Əli bəy AZƏRİni doğum günü münasibətilə təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun, Əli bəy! Siz bir əldə qılınc, bir əldə qələm vətənə yorulmadan xidmət edən çox nadir ziyalılarımızdan birisiniz! Allah Sizi qorusun! Var olun! Belə də davam edin. Zaman təkcə gözəl həkim deyil, eyni zamanda adil hakımdir! Bunu unutmayın! Sizə misilsiz xidmətləriniz müqabilində bütün əhli-qələm adından sonsuz təşəkkürlərimizi bildirirəm! Hörmətlə: Zaur USTAC P.S. : Ayrıca “Yazarlar” jurnalının İyul -2024 N:07 (43) sayında Sizə özəl təbrikimiz var (PDF): yazarlar-43
Kamalə Aydın qızı Abiyeva 13 iyul 1954-cü ildə Astara rayonunda ziyalı ailədə anadan olub. Onun valideynləri müəllim idi.
Bir müddət sonra Kamalə xanımın ailəsi Bakıya köçüb. O, Bakıda 52 saylı şəhər orta məktəbində oxuyub. Abiyeva 1971-1975-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fizika fakültəsində təhsil alıb.
Kəmalə Abiyeva əmək fəaliyyətinə Abşeron rayonundakı Müşviq kənd orta məktəbində müəllim kimi işləməklə başlayıb. 1980-ci ildən isə o, Bakının Yasamal rayonundakı 31 saylı orta məktəbdə çalışıb.
Şairə bədii yaradıcılığa tələbəlik dövründən başlayıb. Abiyevanın ilk mətbuat şeiri oxuduğu institutun “Müəllim” qəzetində çap olunub. Daha sonra onun şeirləri “Bakı”, “Azərbaycan gəncləri“ qəzetlərində, həmçinin “Azərbaycan”, “Ulduz” jurnallarında və almanaxlarda dərc edilib. Onun “Yağış yağır bu şəhərə” və “Bu dünyanı nağıl bilək” şeirlər toplusu kütləvi tirajla buraxılıb.
1980-ci illərdə bəstəkar Oqtay Kazımi Kamalə Abiyevanın şeirlərindən birinə mahnı yazıb.
1999-cu ildə Kəmalə Abiyeva “Məktəb illəri” mahnısının şeirini yazıb. Həmin zaman Əməkdar incəsənət xadimi Aygun Səmədzadə tərəfindən bu şeir tamamlanıb və ona mahnı bəstələnib .
Kamalə Abiyeva 2003-cü ildə keçirilən “Nəğmələrin nəğməsi” müsabiqəsinin qalibi olub.
Naxçıvan Dövlət Universitetinin Hüquq fənləri kafedrasının baş müəllimi Yunis Xəlilovu YAZARLAR cameəsi adından təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun, YUNİS müəllim!
9 iyul yazıçı-publisist, geoloq, böyük yazıçımız Süleyman Rəhimovun oğlu Şamo Rəhimovun doğum günüdür. Xatırlayaq. Ruhu şad olsun.
O, 1931-ci ilin aprelində Xalq yazıçısı Süleyman Rəhimovun ailəsində anadan olmuşdu. Ömrü çox qısa olub – cəmi 34 il! Arzuları içində vulkan kimi püskürsə də, ömrü şeh kimi qısa oldu…
Flora XƏLİLZADƏ, Əməkdar jurnalist:
Orta məktəbdə oxuduğu illərdə şeirə maraq göstərər, ara-sıra ürəyindən keçənləri misraların dili ilə qələmə alardı. Amma atası sevimli oğlunun ədəbiyyat sahəsinə gəlməsini istəmirdi. Süleyman Rəhimov Şamonun fizika-riyaziyyat kimi dəqiq elmlərdə böyük qabiliyyəti olduğunu hiss etdiyindən, təbliğatını həmişə bu istiqamətə yönəldirdi. Şamo atasını eşitdi, amma ilhamına da biganə qalmadı. Hələ məktəbli vaxtlarından şeirlər yazan Şamo Rəhimov gəncliyində də bu sevimli vərdişini davam etdirib. Təqribən 2.000 misradan çox şeir yazmışdı. Bəzən də şeirlərini Kəskin təxəllüsü ilə qələmə alırmış. İndi ondan yadigar qalan şeir dəftərçələrini və vəfatından bir neçə il sonra çap edilmiş “Ayrılıq” adlı kitabını vərəqlədikcə, məni ən çox heyrətləndirən məktəbli gəncin ölüm barəsindəki düşüncələridir: “Ayrılıq nə vaxtdandır oxuyur nəğməsini”. “…Zamanın əsən küləyi ömür çəmənimi tapdayıb biçir” söyləyən xiffətli Şamonun 24 yaşında yazdığı şeirdən bir parçaya diqqət edək:
İstərəm qəlbimə səs verə-verə, Dilim öz halını desin bəşərə. Halım elə səda salsın hər yerə, Nəhrlər, dalğalar, sellər ağlasın, Tufanlar, ormanlar, göllər ağlasın!!.
Həyat eşqli, yaşamaq arzulu bir gəncin şeirlərindəki ölüm hökmünün addımları nədən belə tez görünüb, məni xeyli düşündürdü. Bu dərəcədə hər şeyi əvvəlcədən duymaq hansı hissin təsiridir? Şamonun şeirlərində həm də sevən bir gəncin duyğuları da dil açır, amma bütün sonluqlarda əbədi ayrılığın rüzgarı əsməkdədir:
Yer fırlanır, günəş batır, dayanmadan külək əsir, Kainatı dərk etməyə insan oğlu hey tələsir. Karvan gəlir, karvan gedir, təbiət şən, zaman yorğun, Əlvidalıq yeli əsir, insan isə ömrə vurğun.
Onun erkən yaşlarında yazdığı şeirlərdə zamanın, quruluşun gerçək sifəti də görünür. Çox güman ki, bu da ailə mühitindən, atasının söhbətlərindən, ətrafda olan müzakirələrdən yaranırmış. Cəmi 14 yaşında yazdığı misralara fikir verin: Xalqın mərd oğulları zindanlarda çürüyür, Ölüm vəhşi qurd kimi insanlığa yüyürür.
Məşhur alimlərin səhv etdiklərini aşkarladı Şamo Rəhimov orta məktəbi qızıl medalla bitirdikdən sonra Moskvada M.V. Lomonosov adına Dövlət Universitetinin fizika fakültəsində təhsil alıb. Sonra SSRİ Elmlər Akademiyasının Fizika İnstitutunun seysmologiya üzrə aspiranturasına daxil olub. 1958-ci ildə dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi alıb Onun haqqında çox mükəmməl bir məqalənin müəllifi olan profesdor Qulu Xəlilov yazırdı: “Hələ ali məktəbdə ikən öz parlaq istedadı və cəsarətli mühakimələri ilə fərqlənən Şamonu akademik Otto Yulyeviç Şmidt və professor Yevgeni Fyodoroviç Savaranski kimi görkəmli alimlər yüksək qiymətləndirmiş və xəbərdarlıq etmişlər ki, Qafqaz oğlu, böyük bir döyüşə atılırsan”.
Yer quruluşunun və qabığının öyrənilməsi sahəsində tədqiqatlar aparmaq üçün böyük ingilis fiziki Reley tərəfindən kəşf edilmiş metod uzun illər (80 ildən çox) əsas götürülürdü. Şamo Rəhimovun seysmologiya sahəsinə gətirdiyi yeniliklər nəticəsində isə bir çox məşhur alimlərin səhv etdikləri də aşkarlandı. Gənc seysmoloqun şöhrəti təkcə Qafqaza, Rusiyaya deyil, bütün dünyaya yayıldı. Şamo Rəhimov seysmologiyaya yeni anlayış- “qlobal dalğalar anlayışı” gətirmişdi. Bu qlobal dalğalar bu gün də bütün dünyanaın seysmik stansiyalarında qeyd edilir. Azərbaycan aliminin elmi kəşfi dünya alimlərinin diqqətini çəkirdi. Hətta onu Amerikaya da dəvət etmişdilər. Sovet hakimiyyətinin qadağaları nəticəsində Şamo Rəhimov okeanın o tayında keçirilən konfransa buraxılmadı… Doğrudur, Şamo Rəhimovun əsərləri xarici ölkələrdə çap olunurdu, məşhur alimlər tərəfindən yüksək qiymətləndirilirdi. Amerikalı professor Elvari Filin Şamoya yazırdı: ” Çox təəsüf ki, Sizin dili bilmirəm, Lakin mütləq öyrənəcəyəm. İstəyirəm Sizə doğma dilinizdə təşəkkür edəm. Tədqiqatlarınız gözəl nəticə vermişdir. Bundan sonra Yer qabığının quruluşunu daha asanlıqla öyrənmək olar.”
“AZƏRBAYCANIN SEYSMİK ULDUZU” Azərbaycan seysmoloji elminin banilərindən sayılan Şamo Rəhimovun bu istiqamətdəki axtarışları, tapıntıları barəsində dünya mətbuatında maraqlı məqalələr də dərc edilirdi. Hind mətbuatında Şamo Rəhimovu “Azərbaycanın seysmik ulduzu” adlandırırdılar. Onun 40-dan artıq elmi əsərinin şöhrəti sərhədləri çoxdan aşıb və müxtəlif dillərə tərcümə edilərək bu gün də qiymətli kəşf kimi istifadə olunur. Onun seysmologiya elmindəki kəşfləri ildırım sürətilə bütün dünyanı dolaşdı . Azərbaycanlı alimin kəşfindən sonra bir sıra xarici ölkə alimləri də istifadə etdikləri metodlara tənqidi yanaşmağa başladılar. Uzun illər bütün dünya tərəfindən qəbul olunmuş, ötən əsrin ortalarına qədər də tətbiq edilmiş və Amerika alimi M. Yunq tərəfindən irəli sürülmüş faza sürətlərinin təyinetmə metodundakı yanlışlıqları elmi dəlillərlə əsaslandıran Şamo Rəhimova ABŞ prezidentinin elmi katibi , professor Fyodr Press tərəfindən dəvətlər, məktublar gələrdi. Hətta öz kitablarını da Şamoya hədiyyə göndərərdi. Bundan başqa, seysmologiya ilə bağlı çap etdikləri bülletenləri də Azərbaycana – Şamo Rəhimova göndərərdi. Şamonun ölümündən sonra da bu ənənənə 11 il davam etmişdir. Amerikada elmi problemləri öyrənən cəmiyyətin orqanı “Nauka” jurnalının naşiri Filip Eybelsonun məktubundan: ” Əziz həmkar! Bizim jurnalımız… elmin və texnikanın, həmçinin elmi cəmiyyətlərin qarşılıqlı əlaqə və problemlərinin müzakirəsi üçün Beynəlxalq forum rolu oynayır. Sizi bu cəmiyyətin üzvü olmağa və bizim elmi səylərimizə kömək etməyə ürəkdən dəvət edirik. Əgər siz bizim jurnalın səhifələrində dünyanın bir sıra, eləcə də Amerika alimlərilə elmi əlaqə saxlasaydınız, çox şad olardıq.” Arxivində dünyanın bir çox ölkələrindən gəlmiş belə məktublar çoxdur.
“Şamo Rəhimov respublikanın geniş seysmostatistika məlumatına əsaslanaraq, Yer qabığını öyrənmək üçün yeni metod hazırlayıb tətbiq etmişdir. Yeni metod zəlzələnin əhatə etdiyi sahədə zəlzələ gücünün dəyişilməsi qanunauyğunluqlarını öyrənmək əsasında Yer qabığındakı yarıqları və eyni tipli sahələri ayırmağa imkan verir. Müəllif geologiyanın bir çox məsələlərini də tədqiq etmiş, yeni söz demişdir. O, qeyri-adi güclü zəlzələlərin nəticələrinə görə, ərazilərin seysmik mikrorayonlaşdırılması metodunu irəli sürmüşdür. Bu seysmik mikrorayonlaşdırma metodu seysmologiyada indi mövcud olan bütün metodlardan daha səmərəli və daha sərfəlidir. ” ( “Kommunist” qəzeti,21 iyul 1966).
Ermənilərin xisləti heç xoşuma gəlmədi Yer qatının xüsusiyyətlərini öyrənmək üçün Şamo Rəhimov Qafqazın bütün yaşayış sahələrində tədqiqatlar aparardı . Belə elmi araşdırmaların növbəti ünvanı İrəvan şəhəri olub. Oradan qayıtdıqdan sonra hansı elmi nəticəyə gəlib? Bu barədə elmi bülletenlərdə rəylər var. Diqqətimi çəkən Şamonun dəftərçəsinə yazdığı qeydləri oldu: “Ermənilərin xisləti heç xoşuma gəlmədi. Onlar əhalidən pul toplamaqla məşğuldurlar. Silahlanırlar. Ürəklərindən Dağlıq Qarabağ keçir. “Bizimdir” deyirlər…” Şamo Rəhimov tərəfindən bu xəbərdarlıq diqqət edin, görün nə vaxt -1960-cı ildə qələmə alınıb. Təəssüf ki, amansız əcəlin qara caynaqları Şamonun başının üstünü çox tez aldı. Neçə-neçə arzusu yarımçıq qaldı. Şamo ailə də qurmamışdı. Cəmi 34 il yaşadı. Bütün ömrünü elmə həsr edən bu istedadlı alim neçə kəşfini, yaradacaqlarını özü ilə apardı. Şamodan sonra nələr baş verdi?. Qardaşı adının əvvəlinə onun ismini yazaraq doğmasını bu şəkildə yaşatmağa çalışdı: Şamo Arif. Cild-cild romanların müəllifi Şamo Arif. Atası Süleyman Rəhimov ömrünün sonuna kimi “Şamo” epopeyasının üzərində işlədi. Yoxluğu onu tanıyanları yandırıb-yaxdı. Toy üstündə olan oğlunu itirən Aşıq Şəmşir görün Dədə Süleymana nə yazırdı:
Yanmalıdır yaralıya yaralı Ürəyim alışdı ürəyin kimi. Uzaq olsun qalanların canından, Dirəyim çəkildi dirəyin kimi.
“Biləyim sınıbdır biləyin kimi” deyən Şəmşirin şərikləri çox olub. Məmməd Rahim, Ramiz Heydər, Feyruz Məmmədov kimi şairlər məhz öz sarsıntılarını şeirlə dilə gətiriblər. Şamo Rəhimov Azərbaycanın seysmorayonlaşdırılmasının xəritəsini yaradan əsas müəlliflərdəndir. Şamo Rəhimov seysmologiyaya yeni anlayış “qlobal dalğalar” gətirməklə, bunun əsasında Yer quruluşunun bütünlüklə öyrənilməsinin son dərəcədə səmərəli üsulunu kəşf etmişdir. Mütəxəssislər dəfələrlə qeyd və etiraf edirlər ki, gənc Azərbaycan aliminin bu elmi kəşfi daha dəqiq və sabit elmi nəticələr çıxarmağa imkan yaratmış, Yer kürəsinin quruluşunu daha dərindən öyrənilməsi işinə təkan vermişdir. Onun gördüyü məhsuldar və faydalı işlər müasir seysmologiya elminin inkişafına səbəb olmuşdur. 2 aprel Şamo Rəhimovun doğum günüdür. Heykəltəraş Ömər Eldarovun böyük ustalıqla yaratdığı qəbirüstü abidə elə canlı və mükəmməldir ki…Bir qədər diqqətlə baxdıqda, sanki Şamonun öz səsini eşidirsən: Qəlblərdə sönməyən xatirə qoydum İndi xumar-xumar rahat uyuyum.