Etiket arxivi: Vahid İbayev

Məhəmməd Əli Cinnah və Bəgüm Zəfər Əli Qızılbaş

Fotoda: Məhəmməd Əli Cinnah və Bəgüm Zəfər Əli Qızılbaş (sağda)

Kəşmir Qızılbaşları – bir fotonun tarixçəsi: Pakistanın qurucusu Qaidi-əzəm Məhəmməd Əli Cinnahın Azərbaycan əsilli Kəşmirli Ağa Qızılbaş ailəsini ziyarəti. Şrinaqar, Cammu və Kəşmir 1944-cü il

Cammu və Kəşmirli Ağa Qızılbaş ailəsinə mənsub olan hüquqşünas Ağa Faysal Əli Qızılbaşla söhbətimiz zamanı Məhəmməd Əli Cinnahın onların ailəsinə etdiyi tarixi ziyarət və həmin səfərlə bağlı foto haqqında az bilinən, ancaq son dərəcə maraqlı faktlar öyrəndim. Bu məlumatları sizlərlə də paylaşmaq istəyirəm.

İlk növbədə bu dəyərli tarixi məlumatları mənimlə bölüşdüyü üçün Ağa Qızılbaş ailəsinə, xüsusilə əziz dostum Ağa Faysal Əli Qızılbaşa təşəkkür edirəm. Eləcə də, fotonun orijinal nüsxəsini təqdim etdiyi üçün Pakistanın qədim və məşhur “Bhattis Photography” şirkətinə minnətdarlığımı bildirirəm. Sözügedən foto, bu tanınmış fotoşirkətin təsisçisi mərhum Buxş Bhatti tərəfindən çəkilmişdir. Fotonun orijinal nüsxəsi “Bhattis Photography&Cinematography” şirkəti, xüsusilə Şahrux Bhatti və Şahzeb Bhatti Cənabları tərəfindən əldə edilmişdir. Hər birinə xüsusi təşəkkürlərimi bildirirəm.

Əvvəlcə fotodakı şəxslərin kim olduqlarını qeyd edim; onların kim olduqları rəqəmlərlə göstərilib;

  1. Xan Bahadur Ağa Seyid Hüseyn Takur – o, Kəşmirin daxili işlər və hüquq naziri olmuşdur. Ana babası Ağa Məhəmməd Baqir Qızılbaş Cammu və Kəşmir Maharacasının Baş həkimi olub. Xan Bahadur, Seyid Ağa Əhməd və Bəgüm Zəfər Əlinin atası olmuşdur.
  2. Ağa Əşrəf Əli Qızılbaş – fəlsəfə elmləri doktoru, Cammu və Kəşmirin təhsil komissarı olmuş, həmçinin bir sıra nüfuzlu vəzifələrdə çalışmışdır. O, Kəşmirdə təhsil inkişafında öncül şəxslərdən sayılır. Hindistanın ilk müsəlman prezidenti Zakir Hüseyn öncə Ağa Əşrəf Əli Qızılbaşın müəllimi, sonra isə dostu olmuşdur. Zakir Hüseynin dəstəyi ilə Ağa Əşrəf Əli Qızılbaş Hindistanın Camiəyi-Milləyi-İslamiyyə Universitetində müəllim kimi fəaliyyət göstərməyə başlamışdır.
  3. Seyid Ağa Əhməd – Hindistanın böyük dövlət xadimidir. BMT-də Hindistanın daimi nümayəndəliyinin üzvlərindən biri olmuşdur. Qızılbaş ailəsinin kürəkəni olmuş, həmçinin qızı da Qızılbaş ailəsinin gəlini idi. Özü də, yarı Qızılbaş mənşəli idi.
  4. Ağa Şövkət Əli Qızılbaş – Pakistanın böyük dövlət xadimi, Cammu və Kəşmir Konfransının Baş Katibi (1946-1948), Pakistan Mərkəzi Dövlət Xidməti və prezidentin informasiya katibi kimi məsul vəzifələrdə çalışmışdır. O, Məhəmməd Əli Cinnahın yaxın dostu və ən önəmli siyasi tərəfdarı idi. Əli Cinnah Kəşmir bölgəsində Pakistan ideologiyasını yaymaq və təşkilatlanma işlərini ona həvalə etmişdi. O, Kəşmirdə Cinnah siyasətinin təbliğində mühüm rol oynamışdır.
    Britaniya Hindistanının bölünməsindən sonra Ağa Şövkət Əli Qızılbaş Cammu və Kəşmirin hindli hakimi tərəfindən həbs edildi. 1947-ci ildə onun azadlığa çıxmasına BMT vasitəçilik etdi. O, Hindistan və Pakistan arasında baş tutan siyasi məhbus mübadiləsinin bir hissəsi olaraq sərbəst buraxıldı. Ağa Şövkət Əli Qızılbaş Gilgitdə Pakistan müsəlman qüvvələri tərəfindən əsir götürülmüş hindli qubernator, Briqada-generalı Gansara Sinq ilə dəyişdirildi. 27 yaşlı bir gənc və Cinnahın dostu Ağa Şövkət Əli Qızılbaş, bir ordu generalı ilə bərabər tutulurdu. Bu mübadilə təkcə diplomatik deyil, həm də simvolik bir hadisə idi, bir tərəfdə işğalçı rejimin siması olan bir general, digər tərəfdə isə yeni dövrün simvoluna çevrilən, milli azadlıq və əzmkarlıq rəmzi olan Ağa Şövkət Əli Qızılbaş adlı bir gənc.
    Bu hadisə, gənc Qızılbaşın sadəcə bir məhbus olmadığını, həm də siyasi və ideoloji savaşın mərkəzində duran bir şəxsiyyət olduğunu göstərdi. Məhəmməd Əli Cinnahın vəfatından sonra Ağa Şövkət Əli Qızılbaş Pakistan Mərkəzi Dövlət Xidmətinə qoşuldu və müxtəlif diplomatik missiyalarda, o cümlədən Londonda diplomatik vəzifələrdə çalışmışdır. O, həmçinin “Sovet Orta Asiyasının Müasirləşdirilməsi, 1964” əsərinin müəllifi idi. Bu əsər beynəlxalq səviyyədə tanınmış və regional məsələlərin dərin təhlili ilə fərqlənmişdir. 1979-cu ildə Çin rejiminin dünyaya açılmağa başlaması, yəni “Qırmızı Pərdənin qaldırılması” hadisəsi qlobal siyasətdə mühüm dönüş nöqtəsi kimi qiymətləndirilir. Bu tarixi mərhələdə Çin bir sıra nüfuzlu beynəlxalq mütəxəssisləri dəvət edərək qarşıda duran siyasi və iqtisadi dəyişikliklərin mümkün nəticələrini öyrənmək istəyirdi. Bu dəvəti alanlardan biri də pakistanlı diplomat Ağa Şövkət Əli Qızılbaş idi. Çin məhz onu Pekinə dəvət edərək ölkənin gələcək inkişaf kursu barədə fikirlərini dinlədi. Ağa Şövkət Əlinin bu prosesdə iştirakı onu sadəcə bir diplomat deyil, həm də tarix boyu böyük dəyişikliklərin arxasında dayanan fikir adamlarından birinə çevirdi.
    O, təqaüdə çıxdıqdan sonra da Pakistan dövlət başçıları arasında böyük hörmətə sahib idi, hətta məşhur prezident General Pərviz Müşərrəf Kəşmir məsələləri ilə bağlı Ağa Şövkət Əli Qızılbaşdan məsləhətlər alırdı.
  5. Bəgüm Zəfər Əli Qızılbaş- Ağa Əşrəf Əli Qızılbaş və Ağa Şövkət Əli Qızılbaşın anası idi. Özü də, yarı Qızılbaş mənşəli idi. Bəgüm Cammu və Kəşmirin ilk qadın məktəb müfəttişi olub. O, maarif islahatları və qadınların tədris prosesinə cəlb edilməsi sahəsində qabaqcıl fəaliyyət göstərən, Kəşmirdə müasir qadın təhsili sisteminin əsasını qoyanlardan biridir.
  6. Ağa Firdovs Əli Qızılbaş – təhsildar, yerli inzibati orqanlarda vergi və torpaq işlərinə nəzarət edən məmur olmuşdur.
  7. Məssərət xanım – Lahorun köklü Mian ailəsindən olub Ağa Şövkət Əli Qızılbaşın həyat yoldaşı.
  8. Məhəmməd Əli Cinnah – Pakistanın qurucusu.
  9. Fatimə Cinnah – Əli Cinnahın bacısı və Pakistanın dövlət xadimi.
    Fotodakı digər şəxslər isə Qızılbaş ailəsinin qohumları, Lahorun köklü Mian ailəsinin nümayəndələridir.

İndi isə Məhəmməd Əli Cinnah ilə Ağa Qızılbaş ailəsi arasında keçirilən görüşün xülasəsini təqdim edirəm:
1944-cü ildə Qaidi-Əzam Məhəmməd Əli Cinnah və bacısı Fatimə Cinnahın Ağa Qızılbaş ailəsinə səfəri həm şəxsi, həm də siyasi xarakter daşıyırdı. Bu səfərin məqsədi Ağa Şövkət Əlinin Lahorun Bağbanpura şəhərindən olan köklü Mian ailəsinə mənsub Məssərət xanımla evliliyi münasibətilə Ağa Qızılbaş ailəsini təbrik etmək idi. Beləcə, bu tarixi görüş Hindistan yarımadasında sürətlə dəyişən siyasi şərait fonunda Kəşmirin gələcəyi barədə fərdi müzakirə aparmaq məqsədi daşıyırdı.
Əli Cinnah təbriklərlə çıxış edərək, bu evliliyi “iki tarixi ailə arasında qurulan bir bağ” adlandırdı. Xan Bahadır Ağa Seyid Hüseyn Tahkur, ailənin rəhbəri Sərdar Ağa Şirəli Qızılbaş və digər üzvləri ilə birlikdə Cinnahın şərəfinə qarşılama mərasimi təşkil edərək onun ziyarətindən dolayı minnətdarlıq duyduqlarını ifadə etdilər. Fatimə Cinnah Qızılbaş ailəsinin evində qorunub saxlanılan Kəşmir irsini və zərifliyini təriflədi. Cinnahlara əvvəlcə zəfəranlı Kəşmir qəhvəsi və yerli kəşmiri şirniyyatlar təqdim olundu.
Cinnah söhbəti siyasi mövzuya yönəltdi və Kəşmirin verəcəyi qərarın ümummüsəlman mübarizəsi baxımından əhəmiyyətini vurğuladı. O, açıq şəkildə soruşdu: “Kəşmirli şiələr nə istəyir?”
Keçmiş Cəzaçəkmə müəssisələri rəisi və Kral Komissiyasında şiə icmasını təmsil etmiş üzv olan Ağa Sher Ali Qızılbaş ehtiyatla və təvazökarlıqla cavab verdi ki, Ağa Qızılbaş ailəsi hər nə qədər nüfuz sahibi olsa da, siyasi təmsilçilik iddiasında deyil. Onlar bütün şiə icması adından qərar verə bilməzlər.
Cinnah bu fikirləri anlayışla qarşıladı, lakin hörmətli ailələrin verdiyi müdrik tövsiyələrin əhəmiyyətini önə çəkdi.
Qızılbaş ailəsinin qohumlarından biri və ailə üzvü Xan Bahadır Ağa Seyid Hüseyn Thakur söhbətə qoşularaq qeyd etdi ki: “Yarımada qaynamaqdadır. Britaniyalılar təkcə geri çəkilmirlər, həm də öz miraslarını xaos içində yenidən formalaşdırırlar. Müsəlmanlar sadəcə reaksion mövqe tutmamalıdır; onlar hazırlıqlı, təhsilli və məzhəblərindən asılı olmayaraq birləşmiş olmalıdırlar. Kəşmirlilər, xüsusilə də şiə icması, özlərini təcrid olunmuş halda saxlaya bilməz. Dehlidən və Lahordan əsən küləklər ( siyasi dəyişikliklər), tezliklə Dal gölünün sularını da dalğalandıracaq. Mən bunu bir zadəgan kimi deyil, realist kimi deyirəm. Müsəlman gələcəyi, istər bir konfederasiya daxilində, istərsə də müstəqil bir dövlət şəklində, mənəvi aydınlıq, siyasi birlik və təhsilli liderlik tələb edir. Əks halda, biz başqalarının tarixində sadəcə bir haşiyə xatırlanacağıq.”
Cinnah, Ağa Qızılbaş ailəsini siyasi təmsilçilikdən daha çox, sosial və ictimai rəhbərlik etməyə, xüsusilə şiə müsəlmanlarının qorunması və inkişafı sahəsində fəal olmağa çağırdı.
Bu məqamda Fatimə Cinnah qadınların təhsili və cəmiyyətə qatılması məsələsini qaldırdı:
“Təhsil bu gələcəyin təməli olmalıdır. Xüsusilə qızların təhsili çox vacibdir. Xüsusilə də qızlar üçün. Əgər Müsəlman Liqası bütün müsəlmanlara, bütün təbəqələrdən olanlara xidmət etməlidirsə, onda Kəşmir bölgəsinin, xüsusilə qadınların da səsini eşitdirməlidir.”
Ağa Şövkət Əli Qızılbaşın qaynanası Bəgüm Nizaməddin bu fikirləri təsdiqlədi və qeyd etdi ki;
“Məssərət bu gün gəlin oldu, amma dünən tələbə idi. Biz Kəşmir və Pakistan müsəlman qadınlarının heç vaxt səssiz qalmamasını təmin etməliyik.”
Bu zaman Bəgüm Zəfər Əli Qızılbaş, öz sahəsində öncül olaraq, vacib fikirlərini bildirdi;
“Qadınlar olaraq biz uzun yol keçmişik. Mən təkcə imtahan verib keçən yeganə qız idim. Təhsil mənə güc verdi, xidmət isə mənə ləyaqət qazandırdı. Gələcək Kəşmir qadınlarını unutmamalıdır. Kəşmir qadınları da xidmət etməyə hazırdırlar, yalnız hicab arxasında deyil, həm də məktəblərdə, sinif otaqlarında. Azadlıq itaətsizlik demək deyil, azadlıq töhfə vermək deməkdir.”
Onun sözləri hamını təsirləndirdi və xüsusilə Fatimə Cinnah tərəfindən yüksək qiymətləndirildi. Fatimə Cinnah belə cavab verdi:
“Sözləriniz ilhamvericidir, Bəgüm xanım. Yeni Kəşmirin ruhunu məhz sizin kimi qadınlar formalaşdıracaq.”
Məhəmməd Əli Cinnah görüşü yekunlaşdıraraq qeyd etdi ki;
“Mən Lahorda və Dehlidə sizin qonaqpərvərliyinizdən və müdrikliyinizdən danışacağam. Qoy dünya bilsin ki, Şrinaqarın Qızılbaşları hələ də ləyaqət və zəka yoluna xidmət edirlər.”
Çöldə çoxsaylı jurnalistlər və mətbuat nümayəndələri Qızılbaş malikanəsinin yaxınlığında dayanmış, qapalı qapılar arxasında keçirilən görüşdən xəbər almağı səbirsizliklə gözləyirdilər.
Ertəsi səhər urdu dilində nəşr olunan “Roznama İnqilab” qəzetində başlıq belə idi:
“Cinnah Şrinaqarda Ağa ailəsi ilə görüşdü – Kəşmirin gələcəyi gündəmdə”.

Qızılbaşların Cammu və Kəşmirə ilk köçü Əfqan hökmdarının Qızılbaş rəisi və Qarabağ Cavanşirlərindən olan Əmir Aslan xan Cavanşir Qızılbaşı Kəşmir valisi təyin etməsindən sonra başladı. Bu barədə Hindistanın İngilis Baş Surveyorunun köməkçisi George Passman Tate də qeyd edir ki; Əfqan hökmdarı, Əmir Aslan Xan Cavanşir Qızılbaşı Kəşmir qubernatoru təyin etdi və bu Qızılbaş sərkərdəsi də, əmisi Məhəmməd xanı özünə naib yəni vəkil təyin etdi. Əmir Aslan Cavanşir Qızılbaş Cammu və Kəşmirin paytaxtı Şrinaqarda Amira Kadal körpüsünü, əzəmətli və gözəlliyi ilə seçilən Şirqari sarayını inşa etdirməsi ilə məşhurdur. Xüsusilə ondan böyük hörmətlə bəhs edirlər. Britaniyalı dövlət xadimi George Forster, Əmir Aslan xan haqqında qeyd edir ki; “Elə bir qayıqçı və ya onun xanımı yoxdur ki, bu Xan haqqında heyranlıqla danışmasın və keçmişdəki firavan həyatlarını ona aid etməsin”. Britaniya Hindistanın böyük dövlət xadimi olan Walter Roper Lawrence Kəşmirlə bağlı əsərində, ondan bəhs edərkən qeyd edir ki, “Kəşmirin Əfqan hakimiyyətində dövründə Əmir Aslan xan Cavanşir Qızılbaş bəlkə də, ən yaxşı Əfqan hakimlərindən biri idi, çünki digər Əfqan hakimləri qəddarlıqları ilə xatırlanır.” Müasir dövrdə də, Kəşmir xalqı arasında böyük hörmətlə anılır. Azərbaycanlı səyyah Hacı Zeynalabdin Şirvani də Səyahət Bağları əsərində Əmir Aslan xan Cavanşirdən böyük ehtiramla bəhs edərək, səxavətli bir insan olduğunu qeyd edir. Cammu və Kəşmirli Qızılbaş ailəsinin əcdadı isə Qəndəharlı Qızılbaş başçısı Sərdar Ağa Rəhim Qızılbaş olub və o, 1797-ci ildə Qəndəhardan Kəşmirə gəlmişdir. Kəşmirin naibi yəni vəkili Məhəmməd xan Cavanşir, Sərdar Ağa Rəhim Qızılbaşın bacısı Cahan Banu Bəgümlə evlənmiş və sonrada Sərdar Ağa Rəhim Qızılbaş 1800-ci ildə daimi olaraq Kəşmirə böyük sərvətlə gələrək məskunlaşdı. Şrinaqar şəhərində Xanegah-i-Suxtada (Nava Kadal) Jehlum çayının sahilində üç mərtəbəli nəhəng bir İqamətgah tikdi və bu ev “Qəsri-Qızılbaş” adlandırılırdı.
Sərdar Ağa Rəhim Qızılbaşın atası Nadir Şahın Sipah-saları və Qəndəhar mənsabdarı olmuş Sərdar Bahadur Ağa Əmir Əli Əfşar Qızılbaş idi. Ailənin digər üzvləri Nadir Şahın ölümünə qədər Azərbaycanda hakim vəzifələrdə olublar. Sərdar Ağa Rəhim Qızılbaş isə Əfqan hökmdarı Əhməd şah Dürraninin Şah Qvardiyasında Leytinant idi.
Tarixən ailənin üzvləri həm Əfqanıstanın həm Pakistanın, həm, Hindistanın, həm də Kəşmirin böyük dövlət xadimləri arasında olub, ailənin üzvləri Cammu və Kəşmir knyazlığında böyük nüfuzlu vəzifələr, xüsusilə nazir, dövlət həkimi və təhsil sahəsində yüksək vəzifələr tutaraq yalnız siyasi idarəçilikdə deyil, həm də ictimai rifah, elm və maarifin inkişafında dərin iz buraxıblar.
Bu Qızılbaş ailəsinin tarixi haqqında daha geniş məlumatlar əldə etmək istəyənlər, ailənin rəsmi internet portalı ‘the agha family of srinagar kashmir’ ünvanına daxil olaraq, Kəşmirin, Pakistanın və Hindistanın ictimai-siyasi və elmi həyatında iz qoymuş bu Qızılbaş ailəsinin maraqlı bioqrafiyaları ilə tanış ola bilərlər.
Ailənin üzvü və dostum Ağa Faysal Əli Qızılbaş artıq 5 ilə yaxındır “Asiya Qızılbaşları: Əfqanıstan, Pakistan və Hindistan” adlı kitab üzərində böyük həvəs və zəhmətlə çalışır. Bu əsərin Qızılbaşların tarixi yaddaşına yeni nəfəs verəcəyinə ürəkdən inanıram. Ağa Faysalın əsas məqsədi Nadir Şah Əfşarın ani ölümündən sonra Azərbaycan əsilli Qızılbaş icmalarının siyasi, sosial və mədəni taleyini, önəmli şəxsiyyətlərini və onların imperiyaların süqutundan sonrakı həyatlarını tarixə qazandırmaqdır. Bu kitab yalnız Qızılbaşların tarixi keçmişinə işıq tutmaqla kifayətlənmir, eyni zamanda yeni arxiv materialları və tədqiqat faktları əsasında, müasir Əfqanıstan, Pakistan və Hindistan ictimaiyyətində Qızılbaş kimliyinin mövcudluğunu, bu kimliyin yaşamaq uğrunda mübarizəsini gün işığına çıxarmağa iddialıdır. Müəllif həmçinin Qızılbaşların bu ölkələrdə mədəni, dini və intellektual sahələrdəki təsirini araşdıraraq, onların bugünkü cəmiyyətlərdə necə dirçəlməkdə olduğunu göstərməyi hədəfləyir. Düşünürük ki, bu dəyərli və zəngin məzmunlu əsərin Azərbaycan dilinə tərcüməsi, onu Azərbaycan oxucusuna təqdim etmək, yalnız elmi töhfə deyil, həm də milli-mənəvi borcdur. Bu əsər vasitəsilə vətəndaşlarımız uzaq diyarlarda yaşayan soydaş və etnik qruplarımızın tarix boyu necə mütərəqqi, nüfuzlu və ali mədəniyyət daşıyıcıları olduğunu daha yaxından tanıyacaqlar.
Günümüzdə də, Qızılbaşlar Pakistan və Hindistanın siyasi və ictimai həyatında mühüm rol oynamaqda davam edirlər. Bu nümunələr, Qızılbaşların yalnız keçmişdə deyil, müasir Pakistan və Hindistan cəmiyyətində də dərin iz buraxdıqlarını açıq şəkildə göstərir və həmçinin Azərbaycan-Pakistan dostluğuna yeni nəfəs, ortaq kimlik duyğusu və strateji əməkdaşlıq üçün möhkəm təməl yaradır. Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı sabiq səfiri (hal-hazırda İranda səfir) Əli bəy Əlizadə verdiyi bir müsahibəsində qeyd edirdi ki;
“Pakistan və Azərbaycan xalqını böyük oxşarlıqlar, tellər bağlayır, Bakının mərkəzində Multan karvansarayının olması, Pakistanda Qızılbaşlar, Əfşarlar və Ordubadilər sülaləsinin olması bizim xalqımızın yaxınlığını tarix boyu göstərir.”

Uzaq ellərdə yaşayan Etnik varlığımızı unutmayaq, çünki onlar bizi unutmadılar, əksinə, bəzən bizi bizdən daha yaxşı tanıdılar.

Müəllif: Vahid İbayev

Qızılbaş Qlobal İrsi Təşkilatının əməkdaşı, araşdırmaçı

Vahid İbayevin digər yazıları

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Vahid İbayev – “Bir fotonun tarixçəsi” (PDF)

Araşdırmaçı-yazar Vahid İbayevin məqaləsi –
“Bir fotonun tarixçəsi”

Müəllif:  Vahid İbayev,

Qızılbaş Qlobal İrsi Təşkilatının əməkdaşı, araşdırmaçı

Digər yazıları: >>> Milli Kimlik

ARAZ ŞƏHRİLİNİN YAZILARI

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Vahid İbayev – “Pakistanın Azərbaycan əsilli Baş naziri” – PDF

Araşdırmaçı-yazar Vahid İbayevin məqaləsi:
“Pakistanın Azərbaycan əsilli Baş naziri”

Müəllif:  Vahid İbayev,

Qızılbaş Qlobal İrsi Təşkilatının əməkdaşı, araşdırmaçı

Digər yazıları: >>> Milli Kimlik

ARAZ ŞƏHRİLİNİN YAZILARI

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Əfqanıstanın ilk milli qəzetinin təsisçisi- Mirzə Abdal Əli Qızılbaş

Əfqanıstanın ilk milli qəzetinin təsisçisi- Mirzə Abdal Əli Qızılbaş

Tarixə diqqət yetirsək, Azərbaycan icması olan Qızılbaşlar, həm Əfqanıstan dövlətinin qurulmasında, həm də sosial, iqtisadi və media inkişafında ən önəmli rol oynamışlar. Tarixi baxımdan, Əfqanıstan və Azərbaycan dövlətləri arasında əlaqələr həmişə sıx və yüksək səviyyədə olmuşdur. Qızılbaşların Əfqanıstanın siyasi və sosial inkişafında önəmli rolu olduğu dövrlərdə, hər iki ölkə bir-birini siyasi müstəvidə dəstəkləyərək, tarixi əlaqələrini möhkəmləndirmişdir.

Əfqanıstanın ilk milli qəzeti – “Şəms əl-Nəhar”

“Şəms əl-Nəhar” (Günorta günəşi) 1873-cü ildən 1878-ci ilə qədər farsca fəaliyyət göstərmiş Əfqanıstanın ilk dövri Qəzeti idi. Bu qəzet, Əfqanıstan hökmdarı Əmir Şirəli xan dövründə nəşr olunurdu. Ölkənin ən erkən qəzeti kimi tanınan bu qəzet Əfqanıstan media tarixinin rəsmi başlanğıcı hesab olunur. Qəzetin təsisçisi, baş redaktoru Qızılbaş Mirzə Abdal Əli idi.

Corc Vaşinqton Universitetinin Kolumbiya İncəsənət və Elmlər Kollecinin fəlsəfə doktoru, professor Elham Baxtari “Şəms əl-Nəhar” qəzeti barəsində belə qeyd edir;
“Nəşrlərin kolofonlarında ən çox rast gəlinən adlardan biri Mirza Abdal Əlidir. O, “Şəms əl-Nəhar” qəzetinin hər nömrəsində redaktor (mühtəmim) kimi qeyd olunur və ehtimal ki, baş yazılarının müəllifi də o idi. Abdal Əli adı onun Şiə mənşəli olduğunu göstərir. Həm Dost Məhəmməd xan, həm də Şirəli xan Kabildəki Şiə Qızılbaş əhalisindən bir çox katibə etibar edirdilər və Mirza Əbdal Əli də bu (Qızılbaş) icmanın üzvü idi.”
Diqqət yetirsəniz, qəzetin birinci buraxılışında Qızılbaşların məşhur gerbi “Şiri-xurşid/Aslan və Günəş” də, təsvir olunmuşdur.

“Şəms əl-Nəhar” 1878-ci ildə İkinci İngilis-Əfqan müharibəsinin başlamasından və Əmir Şirəli xanın ölümündən sonra nəşrini dayandırdı.
Daha dəqiqliklə İngilis işğalçıları Şəms əl-Nahar qəzetini dayandırmaq üçün Əfqanıstan hakimiyyətinə təzyiqlər göstərdilər və bununla da mətbuatı faktiki olaraq susdurdular. 20-ci əsrin əvvəlinə qədər heç bir əhəmiyyətli nəşr meydana çıxmadı və ‘Şəms əl-Nəhar’ Əfqanıstan jurnalistikası sahəsində, qısa ömrünə baxmayaraq, aparıcı bir təşəbbüs oldu.

Böyük Britaniya və Şimali İrlandiya Kral Asiya Cəmiyyətinin üzvü Jonathan L. Lee Qızılbaşların diplomatik təsirinin Pəştunlardan daha güclü olmasını belə təsvir edir;
“Dürrani (Əfqan-Pəştun) başçılarının əksəriyyəti oxuyub yaza bilmədiyi və savadsız olduqları üçün Qızılbaşlar demək olar ki, bütün dövlət işlərinə nəzarət edirdilər.”

Əfqanıstan tarixi üzrə mütəxəssis digər alimlər Qızılbaşların Əfqan dövlətində diplomatik gücünü belə təsvir edirlər;
“Qızılbaş icması, dövlət və şəxsi ticarət fəaliyyətlərinin mətn və yazılı tərəflərində iştirak edən yerli Əfqan tərəflər arasında ən nüfuzlusu sayılır. Bu kontekstlərdə savadlılıq gücünə sahib olmaq, Əfqanıstandakı şiə Qızılbaşları, şiə Həzaralardan fərqləndirən əsas amillərdən biridir.
Təxminən iki nəsil əvvəl, 1830-cu illərdə, müstəmləkə idarəçiləri (İngilislər) Kabil Qızılbaşlarının nüfuzuna böyük maraq göstərmişdilər. Onlar Qızılbaşları ayrıca bir yaşayış məhəlləsi olan Çindavulda (müstəqilliyə sahib) bir icma kimi təsvir edirdilər. Bu məhəllənin “ayrı polisi və ədalət məhkəmələri” mövcud idi və ən önəmlisi, Kabilin “bütün yerli və xarici yazışmalarını” onlar idarə edirdi ki, bu da onların təsirinin hər istiqamətə yayılmasına səbəb olurdu. Xüsusilə Charles Masson Qızılbaşları Kabil şəhərində “ən güclü və nüfuzlu orqan” kimi təsvir edirdi. 19-cu əsrdə Kabil Qızılbaşları yüksəlməkdə olan dövlət katibləri sinfi daxilində nüfuzlu mövqelərini daha da inkişaf etdirib möhkəmləndilər və bu səbəbdən də dövlətin bürokratik elitasının getdikcə daha mühüm bir hissəsinə çevrildilər. 20-ci əsrin əvvəllərində dövlət bürokratiyasında və formalaşmaqda olan ictimai ziyalılar arasında Qızılbaşların nüfuzu o dərəcədə artmışdı ki, Kabilin Qızılbaş məhəlləsi Çindavul yerli əhali arasında “Əfqanıstanın Oksfordu” kimi tanınmağa başlamışdı.”

İstinadlar;
Jonathan L. Lee, “Afghanistan: A History from 1260 to the Present”
Elham Baxtari “Mirrors for Ulama: Kabul at the Crossroads of Eastern and Western Islamic Reformism.”
Shah Mahmoud Hanifi, “Connecting Histories in Afghanistan: Market Relations and State Formation on a Colonial Frontier” kitabı və “Making Space for Shi’ism in Afghanistan’s Public Sphere and State Structure” məqaləsi.
Solaiman M. Fazel, “Ethnohıstory Of The Qızılbash In Kabul: Mıgratıon, State, and A Shı’a Mınorıty”
Christine Noelle, “State and tribe in nineteenth-century afghanistan: the reign of amir dost muhammad khan (1826-1863)”

Müəllif:  Vahid İbayev,

Qızılbaş Qlobal İrsi Təşkilatının əməkdaşı, araşdırmaçı

Digər yazıları: >>> Milli Kimlik

ARAZ ŞƏHRİLİNİN YAZILARI

MİLLİ KİMLİK ARAŞDIRMALARI QRUPU

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Pakistanın Azərbaycan əsilli ilk Baş naziri – Xan Bahadur Mirzə Mümtaz Həsən Qızılbaş

Pakistanın Azərbaycan əsilli ilk Baş naziri – Xan Bahadur Mirzə Mümtaz Həsən Qızılbaş

Qardaş Pakistan dövlətinin qurulmasında, eləcə də onun siyasi-hərbi idarəçiliyinin formalaşmasında, ictimai institutlarının inkişafında və mədəni həyatının çiçəklənməsində Azərbaycan əsilli Qızılbaş icmasının müstəsna rolu olmuşdur. Belə ki, Pakistan idarəçiliyində iki Qızılbaş Nazir fəaliyyət göstərmişdir; Xan Bahadur Mirzə Mümtaz Həsən Qızılbaş (1897–1960) və Nəvvab Müzəffər Əli xan Qızılbaş (1908–1982). Mirzə Mümtaz Həsən Qızılbaş 1897-ci ildə Britaniya Hindistanının Uttar Pradeş əyalətinin Aqra şəhərində nüfuzlu Gülabxana Qızılbaş ailəsində dünyaya gəlmişdir. Gülabxana Qızılbaş ailəsi Şamlı tayfasına mənsub idi və şəcərədəki məlumatlara əsasən, ailənin əcdadı Herat bəylərbəyi, Böyük Şah Abbasın lələsi və Şah Təhmasibin kürəkəni olmuş Əliqulu xan Şamlıdır. Əliqulu xan Şamlının özbəklər tərəfindən öldürülməsindən bir müddət sonra Səfəvi sarayında baş verən siyasi çəkişmələr və saray çevrilişləri onun ailəsini Böyük Moğol Hindistanına köçə məcbur etdi. Ailə XVII əsrin sonlarında Moğol Hindistanın Multan şəhərinə köçdü. XVIII əsrin əvvəllərində nəslin iki nümayəndəsi Böyük Moğol imperiyasının keçmiş paytaxtı olan Əkbərabada, indiki adıyla Aqra şəhərinə köçərək orada məşhur Gülabxana və Katra Hacı Həsən adlı ailə ocaqlarını qurdular. Britaniya Hindistanının bölünməsindən sonra ailə üzvləri Hindistandan Pakistanın Sind əyalətinin Kəraçi və Xayrpur Mirs şəhərlərinə köçdülər. Xan Bahadur Mirzə Mümtaz Həsən Qızılbaş ali təhsilini Müsəlman-İngilis Şərq Kolleci və Allahabad Universitetində almışdır. Ali təhsilini başa vurduqdan sonra əyalət dövlət qulluğuna qəbul olunaraq birləşmiş əyalətlərdə bir sıra inzibati vəzifələrdə çalışmışdır. Uttar Pradeş əyalət hökuməti onu Hindistanın ali qanunverici orqanlarından biri olan Dövlət Şurasına öz nümayəndəsi kimi göndərmişdir. Burada Mümtaz Həsən Qızılbaş kənd təsərrüfatı islahatları və iqtisadi inkişafla bağlı proqramlar hazırlamış və onların həyata keçirilməsinə nail olmuşdur.
1938–1944-cü illər arasında o, Dehli Bələdiyyə Komitəsinin katibi vəzifəsində çalışmış
və bu sahədə uğurlu fəaliyyəti ilə böyük nüfuz
qazanmışdır. Onun xidmətlərini yüksək qiymətləndirən Britaniya Hindistanı hökuməti
Mümtaz Həsən Qızılbaşı Hindistan Dövlət Xidmətində (ICS) ən yüksək vəzifəyə təyin edərək “Xan Bahadur” fəxri adı ilə təltif etmiş və Əfqanıstanın paytaxtı Kabil şəhərinə ticarət attaşesi vəzifəsinə təyin etmişdir. Bu vəzifə həmin dövrdə mühüm diplomatik post hesab olunurdu.
O, Pakistan qurulduqdan sonra bir müddət Əfqanıstandakı Pakistan səfirliyində müvəqqəti işlər vəkili vəzifəsini icra etdi. Daha sonra Qaidi-əzam Məhəmməd Əli Cinnahın göstərişi ilə Xayrpur knyazlığına göndərildi. Bu qərar Xayrpur knyazlığının keçmiş naibi Mir Hacı Əta Hüseyn xan Talpur və Əbdül Hüseyn Cəfərinin Qaidi-əzamdan təcrübəli bir idarəçinin təyinatı ilə bağlı xahişi əsasında verilmişdi. Məhz bu səbəbdən Mirzə Mümtaz Həsən Qızılbaş Pakistanın Xayrpur knyazlığının Baş naziri təyin edildi və bu vəzifəni 1947-ci ildən 1955-ci ilədək icra etdi. Onun Xayrpurdakı fəaliyyəti knyazlığın inkişafı və müasirləşməsi baxımından mühüm mərhələ təşkil etmişdir. Baş nazir olduğu dövrdə Xayrpur knyazlığı tarixində mühüm islahatlar həyata keçirildi: Xayrpur Tekstil Fabrikinin təməli qoyuldu, yüzlərlə yeni məktəb və təhsil müəssisəsi açıldı. O, knyazlıq büdcəsinin təxminən 22%-ni təhsilə ayırmış, məktəbdə pulsuz təhsil sistemini tətbiq etmişdir. Bu dövrdə 6-12 yaş arası uşaqlar üçün məcburi təhsil haqqında qanun qəbul edildi ki, bu da maarifləndirmə sahəsində dönüş nöqtəsi oldu və bölgədə savadlılıq səviyyəsinin sürətlə artmasına şərait yaratdı. Baş nazir Mümtaz Qızılbaş təhsilə böyük önəm verirdi. Onun təşəbbüsü ilə yaradılan, öz adını daşıyan və hazırda da Pakistanda fəaliyyət göstərən ali təhsil müəssisəsi Hökumət Mümtaz Kolleci qısa zamanda Sind bölgəsinin ən nüfuzlu təhsil ocaqlarından birinə çevrildi. Kollecin təsisindən sonra o dövrün tanınmış alim və ədəbiyyat xadimlərini, əsasən, Şərqi Pakistandan (indiki Banqladeşdən) kollecə müəllim kimi gətirdi. Onlardan üçü fəlsəfə doktoru idi. Mümtaz
Həsən Qızılbaş kollecin nəzdində qardaşı kimi
sevdiyi dostunun adını daşıyan geniş və müasir Polkovnik Şah yataqxanasını təsis etdi. Bu yataqxana xüsusilə ucqar bölgələrdən gələn tələbələrin yerləşdirilməsi və onların əsas ehtiyaclarının qarşılanması baxımından mühüm rol oynayırdı. Hazırda burada Pakistan–Türkiyə məktəbi və kolleci fəaliyyət göstərir.
Baş nazir Mirzə Mümtaz Həsən Qızılbaş
knyazlığın 17 yaşlı hökmdarı Əli Murad xan II Talpur ilə birlikdə Xayrpurun iqtisadi və sənaye inkişafına töhfə vermək məqsədilə İngiltərə və Almaniyaya səfər etmiş, Asiyanın ən böyük
tekstil fabriklərindən biri hesab olunan Xayrpur Tekstil Fabriki üçün texnoloji avadanlıqlar əldə etmişdir. Onlar Xayrpurdakı qadın sənaye-peşə məktəbinə rəhbərlik etməsi üçün məktəbə alman qadın mütəxəssis təyin etdilər. Yaradılan ilk sənaye zonası bölgədə ciddi iqtisadi inkişaf
və sosial rifah doğurdu. Sonra Xayrpur Tekstil
Fabriki özəl sektora satıldı və Baş nazir Mirzə
Mümtaz Həsən Qızılbaş bu satışın həyata keçirilməsi barədə belə qeyd edib: “Tekstil fabriki artıq dövlətin onu qurmaqda nəzərdə tutduğu məqsədə xidmət etmişdir: o, iqtisadi və sənaye inkişafı üçün bir növ ilkin hərəkətverici qüvvə rolunu oynamalı idi”.
1947-ci ildə, demək olar ki, heç bir sənayesi
olmayan Pakistandakı bir knyazlıq üçün bu, böyük irəliləyiş idi: 1955-ci ilə qədər daha iki özəl tekstil fabriki fəaliyyətə başlamış, 1954-cü ildə tütün qurutma fabriki yaradılmış, 1955-ci ilə qədər sabun və yağ fabriki işə düşmüşdü. Xayrpur knyazlığı 1947–1955-ci illər arasında iqtisadi inkişaf və sosial rifah sahəsində Pakistanın qabaqcıl bölgələrindən biri oldu. İqtisadi baxımdan Xayrpur qısa müddətdə böyük uğurlar əldə etmişdir. 1948–1955-ci illər arasında knyazlığın illik gəlirləri təxminən 5,7 milyondan 16,9 milyon Pakistan rupisinə qədər artmışdır. Adambaşına düşən büdcə gəliri isə 53 Pakistan rupisi idi ki, bu da o dövrdə ölkənin digər bölgələri ilə müqayisədə yüksək göstərici sayılırdı. Hökumət təhsilə, yolların tikintisinə və sənaye sahəsinə böyük vəsait ayırmışdır. 1951-ci ildə yaradılan tekstil zavodu qısa zamanda mənfəət gətirərək regionun sənayeləşməsinə təkan verdi. Bütün bu tədbirlər Xayrpur knyazlığını dövrünün ən inkişaf etmiş və mütərəqqi idarəetmə modellərindən birinə çevirdi.
Mirzə Mümtaz Həsən Qızılbaş 1949-cu ilin dekabrında Xayrpur knyazlığını Pakistanın Təsis Məclisində təmsil etmək üçün seçilmiş və ölkənin konstitusiyasının hazırlanması prosesində fəal iştirak etmişdir. Qaidi-əzam Məhəmməd Əli Cinnah arzulayırdı ki, knyazlıqlar Pakistana birləşsin, “Vahid Vəhdət” (One Unit) sistemi yaradılsın və xalqa bərabər hüquqlar, təhsil, ədalət və rifah imkanları təqdim olunsun. Mirzə Mümtaz Həsən Qızılbaş Qaidi-əzamın bu ideyalarını gerçəkləşdirdi və Xayrpur knyazlığını nümunəvi bir dövlətə çevirməkdə mühüm rol oynadı. Xayrpur knyazlığının 1955-ci ildə Pakistana birləşdirilməsi də məhz Mirzə Mümtaz Həsən Qızılbaşın səyləri ilə baş tutmuşdur. 1956-cı ilin may ayında Qərbi Pakistanın siyasi həyatında mühüm hadisə baş verdi. 1955-ci ildə “Vahid Vəhdət” adlı inzibati islahat nəticəsində birləşdirilmiş Qərbi Pakistan əyalətində ilk məclis iclası 1956-cı il mayın 19-da keçirildi. Bu iclasın əsas məqsədi ölkədə fəaliyyət göstərən iki əsas siyasi qrupun – Müsəlman Liqası və Respublika Partiyasının qüvvələr nisbətini müəyyənləşdirmək idi. Məhz bu iclas ərəfəsində mərkəzi hökumət maraqlı bir addım atdı. Tanınmış dövlət xadimi və keçmiş Xayrpur knyazlığının Baş naziri Mümtaz Həsən Qızılbaş həmin məclisin müvəqqəti sədri vəzifəsinə təyin edildi. Bu həm onun siyasi nüfuzunun, həm də təcrübəsinin göstəricisi idi. O həmçinin 1956–1958-ci illərdə Qərbi Pakistan Nazirlər Kabinetində qida və kənd təsərrüfatı naziri kimi fəaliyyət göstərmişdir. Xan Bahadur Mirzə Mümtaz Həsən Qızılbaş 4 aprel 1964-cü ildə həcc ziyarəti zamanı ürəktutmadan vəfat etmiş, Mədinədə, Bəqi qəbiristanlığında dəfn olunmuşdur.
Pakistanın Xayrpur Mirs rayonunda Mirzə
Mümtaz Həsən Qızılbaşın xatirəsinə ehtiram
əlaməti olaraq bir neçə əsas yer onun adı ilə
adlandırılmışdır. Bunlara “Hökumət Mümtaz Kolleci”, “Mümtaz Meydanı” və “Mümtaz Meydan küçəsi”, “Mümtaz Staff Colony”, yəni dövlət məmurları və müəllimlər üçün salınmış yaşayış məhəlləsi daxildir. Mümtaz Kolleci özünün təsisçisi olduğu ali təhsil müəssisəsi idi. Bu adlar onun Xayrpurun inkişafı və xüsusilə təhsil sahəsində göstərdiyi mühüm xidmətlərə verilən yüksək qiymətin və dərin ehtiramın bariz nümunəsidir. Bu gün də Qızılbaşlar Pakistanın siyasi və ictimai həyatında önəmli rol oynamaqda davam edirlər.
Bu nümunələr Qızılbaşların yalnız keçmişdə deyil, müasir Əfqanıstan, Pakistan və
Hindistan cəmiyyətlərində də dərin iz buraxdıqlarını açıq şəkildə göstərir və Azərbaycan–Pakistan dostluğuna yeni nəfəs qatır, ortaq kimlik duyğusu və strateji əməkdaşlıq üçün möhkəm təməl yaradır. Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı sabiq səfiri Əli bəy Əlizadə verdiyi bir müsahibədə belə qeyd edirdi: “Pakistan və Azərbaycan xalqını böyük oxşarlıqlar, tellər bağlayır. Bakının mərkəzində Multan karvansarayının olması, Pakistanda Qızılbaşlar, Əfşarlar və Ordubadilər sülaləsinin olması bizim xalqımızın yaxınlığını tarix boyu göstərir”.
Həmçinin Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev qeyd edir ki;
“Pakistanda Qızılbaşların sayı və rolu daha böyükdür. Qızılbaşlar bu ölkəyə Prezident, Nazirlər, Generallar, Səfir, Hakimlər bəxş etmişdir. Bu gündə Pakistan ordusunda xidmət edən Qızılbaş Generallar və yüksək rütbəli zabitlər vardır.”
Xan Bahadur Mirzə Mümtaz Həsən Qızılbaşın ailə üzvləri, xüsusilə qardaşı nəvəsi Mirzə Əsəd Həsən bəy və onun oğlu “Google” şirkətinin qlobal texnologiya direktoru və startap investoru Mirzə Sami bəy Qızılbaş Qlobal İrsi Təşkilatının üzvləri sırasındadırlar. Sami Qızılbaş təşkilatın idarə heyətinin üzvüdür. Bu iki şəxs 2023-cü ildə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və Qızılbaş Qlobal İrsi Təşkilatının əməkdaşlığı nəticəsində Bakıda
keçirilən I Beynəlxalq Qızılbaş Konfransında
da iştirak etdilər və Sami Qızılbaş konfrans
zamanı çıxışında qeyd etdi: “Azərbaycanı
ata-baba yurdum hesab etdiyim üçün özümü
xoşbəxt sayıram və ümid edirəm ki, Azərbaycan gələcəkdə də Qızılbaşları birləşdirmək, bir araya gətirmək üçün səylərini davam etdirəcək”. Təşkilat və ailə üzvlərinin Bakı ilə yanaşı, Qarabağın mirvarisi olan Şuşa şəhərinə səfərləri təşkil olundu; burada onlara əcdadlarının tarixi torpaqları yaxından tanıdıldı. Səfəvilərin, Qızılbaş imperiyasının süqutundan əsrlər keçməsinə baxmayaraq, onun mədəni mirası hələ də Əfqanıstan, Pakistan və Hindistanda yaşayır və qorunur.
Qızılbaş Qlobal İrsi Təşkilatının məqsədi
Azərbaycan əsilli Qızılbaş icmasının kimlik ruhunu yenidən canlandırmaq, onun inkişafına
töhfə vermək, həmçinin bu icmanın BMT və
UNESCO tərəfindən dünya irsini qoruyan Azərbaycan əsilli icma təşkilatı kimi tanınmasına nail olmaqdır.

Soldan 2-ci Xayrpur knyazlığının hökmdarı Əli Murad xan II. Talpur və 3-cü (eynəkli) Baş nazir Mirzə Mümtaz Həsən Qızılbaş İngiltərə, Mançester

Sağdan 1-ci Baş nazir Mirzə Mümtaz Həsən Qızılbaş

Baş nazir Mirzə Mümtaz Həsən Qızılbaş büdcə çıxışını edir.

Xayrpur knyazlığının hökmdarı Əli Murad xan II. Talpur və Baş nazir Mirzə Mümtaz Həsən Qızılbaş (eynəkli)

Müəllif:  Vahid İbayev,

Qızılbaş Qlobal İrsi Təşkilatının əməkdaşı, araşdırmaçı

Digər yazıları: >>> Milli Kimlik

ARAZ ŞƏHRİLİNİN YAZILARI

MİLLİ KİMLİK ARAŞDIRMALARI QRUPU

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Müəllif; Vahid İbayev Qızılbaş Qlobal İrsi Təşkilatının əməkdaşı, Araşdırmaçı

Qızılbaş nişanlı gerb olan İsveçli zadəgan ailəsi

Niyə İsveç kralı öz məmurunu Qızılbaş nişanlı gerb ilə təltif etdi? – inanılmaz tarixi fakt!

17-ci əsrdə Qızılbaş dövləti dünyanın ən böyük ipək istehsalçılarından biri idi. Lakin Osmanlı ilə münasibətlər Səfəvilərin ticarət yollarını bağlayırdı və buna görə də o dövrdə Baltik dənizinin böyük gücü olan İsveç qərara gəldi ki, Səfəvi ipəyini birbaşa öz limanlarına gətirsin.

Bunun üçün İsveç, Qızılbaş dövlətinə elçi olaraq polkovnik-leytenant Ludviq Fabritiusu təyin etdi.

O, aylarla səyahətdən sonra paytaxt İsfahana çatdı. Orada Səfəvi Şahı Süleymanın hüzurunda Avropaya yeni ticarət yolunu, İsveçə aid Narva (indiki Estoniya) limanı vasitəsilə sınamağa razı saldı. Bir neçə il sonra Səfəvi nümayəndələri Stokholma gəldi, bu Səfəvilərin İsveçə ilk rəsmi səfəri idi.

5 il müddətində İsveçin Səfəvi dövlətindəki səfirliyi dönəmində Fabritius, ticarət sahəsində böyük müqavilələr imzalayaraq İsveç və Səfəvi əlaqələrini yüksək səviyyəyə çatdırdı.

O, həmçinin Səfəvi hökmdarı və Qızılbaşlar arasında böyük nüfuza sahib oldu. Fabritius Səfəvi və Qızılbaş mədəniyyətini və geyim tərzini xüsusilə Qızılbaş türbanını mənimsəyərək oraya uğurla adaptasiya oldu.

İsveç kralı Lüdviq Fabritiusun bu uğurlu nailiyyətindən o qədər məmnun oldu ki, 1687-ci ildə onu “Cəngavər” fəxri titulu ilə təltif edərək, Fabritius ailəsini “Adliga ätten Fabritius nr. 1120” adıyla İsveç aristokrat reyestrinə daxil etdi.

İsveç kralı Ludviq Fabritiusa ailəsinin gerbinə Qızılbaş dövlətinin “Aslan və Günəş” simvolunu və Qızılbaş papağının nişanını daxil etməyə icazə verdi. Fabritius ailəsinin Qızılbaş gerbi İsveçin “Riddarhuset” (Zadəganlar evi) arxivində saxlanılır.

© Qızılbaş Qlobal İrsi Təşkilatının sosial media moderatoru Vahid İbayev

Mənbə: Milli Kimlik

ARAZ ŞƏHRİLİNİN YAZILARI

MİLLİ KİMLİK ARAŞDIRMALARI QRUPU

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Əfqanıstanın Qızılbaş icması üzvündən gözəl əl işi

Əfqanıstanın Qızılbaş icması üzvündən gözəl əl işi

Kabildə fəaliyyət göstərən Əfşar Ulduzu Tədris Mərkəzinin Azərbaycan bölməsi şagirdi (solda) Həyatullah Əfşar Azərbaycan bayrağının təsvir olunduğu gözəl bir xalça toxuyub.
Əməyi incəsənətə çevirən soydaşımıza təşəkkürlər.

Qeyd edək ki, 2004-cü ildə qəbul edilmiş Əfqanıstan Konstitusiyasında Qızılbaşlar ölkədə ayrıca bir Xalq kimi tanınır və bu etnik birlik daxilində ‘Əfşar’, ‘Bayat’, ‘Cavanşir’ kimi tayfaları birləşdirir. 2006–2021-ci illər arası Əfqanıstan Dövlət Himnində Qızılbaşların adı da çəkilirdi. Araşdırmalara görə, Əfqanıstan əhalisinin təxminən 1%-ni Qızılbaşlar təşkil edir.

© Qızılbaş Qlobal İrsi Təşkilatının sosial media moderatoru Vahid İbayev

Mənbə: Milli Kimlik

ARAZ ŞƏHRİLİNİN YAZILARI

MİLLİ KİMLİK ARAŞDIRMALARI QRUPU

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Vahid İbayev – Rumıniya və Bolqarıstan Qızılbaşları

🇷🇴 Rumıniya və 🇧🇬 Bolqarıstan Qızılbaşları

“Qızılbaşlar Türk olmağı və Türk həyatı yaşamağı müqəddəs şərəf sayırlar.”

«Günümüz Balkan yarımadasında var olan Rumıniya və Bolqarıstan respublikalarında Qızılbaşlar da yaşamaqdadır. Bu Qızılbaşlar Rumıniyanın “Şimali Dobruca” və Bolqarıstanın “Cənubi Dobruca” bölgələrində yaşayırlar.

15-ci və 16-cı əsrdə Osmanlı dövləti Qızılbaşların Səfəvi təriqəti və dövləti ilə əlaqəsini kəsmək üçün “Balkan (Rumeli)” torpaqlarına sürgün etdilər. Xüsusilə Sultan II Bəyazid tərəfindən Balkanlara sürgün edildilər.

Balkan Qızılbaşları sürgünləri haqqında məlumat verərkən, belə söyləyirlər;
“Bizlər, Haymana (Ankara) bölgəsindən Rumeliyə sürgün edilmişik.”

Balkan Qızılbaşları iki hissəyə bölünür;
Babai və Çələbi Qızılbaşları. Bu qızılbaşlar sadəcə bağlı olduqları Təkkə mərkəzlərinə görə iki hissəyə bölünüblər, ibadətlərində isə kiçik fərq var.

Balkan Qızılbaşlarının günümüzə qədər gəlib çatmış “İsimli Risalesi” vardır. Bu Risalədə Qızılbaşların İslami inanc sistemi, ailə təşkilatı, təkkə mərkəzləri və günlük duaları haqqında məlumat verir. Bu Risalə haqqında ətraflı məlumatı Türk tarixçisi Ahmet Taşğın “Romanya Müslümanları Kızılbaşlar, Babalılar, Bektaşiler İsimli Risale Üzerine.” kitabında toplamışdır.

Balkan türkləri və qızılbaşları haqqında geniş məlumatlara xüsusilə Türk Professor Ahmet Taşğın, Polyak türkoloq Tadeusz Kovalski, Bolqar tarixçi Prof. S.S Bobçev, Rus etnoqrafı V.A. Moşkov, D.G. Gadzanow, St.Romansky və A. Popoviçin araşdırmalarında rast gəlmək mümkündür.

Polyak T. Kovalskinin Rumeli və Balkan araşdırmalarının Dobruca bölməsində verdiyi məlumatlar, Dobrucada mövcud olan Qızılbaş, Bəktaşi və Ələvi kəndləri haqqında ilk və ən əhatəli araşdırmalardandır.
D.G. Gadzanow 1911-ci ildə Tozluk, Gerlova və Deliormanda dil və ləhcə tədqiqatlarında “Köse Abdi” kəndinin Bəktaşi, “Akkadınlar” kəndinin isə Qızılbaş olduğunu müəyyən edib, qeydə almışdır.

A. Popoviç “Balkanlarda İslam” əsərində belə qeyd edir;
Şimali Dobruca [🇷🇴 Rumıniya] türklərindən bəhs edərkən, St. Romansky’nin aşağıdakı ifadəsini də əlavə etmək lazımdır;
“Onlara (Qızılbaşlara) Ortaköy, Trastenik, Balabanca və Frecatrei-də daxil olmaqla bəzi şəhərlərdə də rast gəlirik. Bu dörd qəsəbədəki Türklər Ələvi təriqətinə mənsubdur və onlara Qızılbaş deyilir.

St. Romansky Köstəncə ətrafında Babadağ, Tulça, Maçin, İsakça və Babadağdan bəhs edərkən kəndlərə nümunə olaraq Əli (Ələvi) təriqətinə bağlı Qızılbaş kəndlərinin adlarını sadalayır. Araşdırmalarında Qızılbaşların yaşadığı Ortaköy, Trastenik, Balabança və Frekase qəsəbə və kəndlərinin adları qeyd edilib.”

Rumıniyanın “Silistre” sancağında Qızılbaş kəndlərinin adları aşağıdakılardır;

“Debbağlar, Karalar, Akkadınlar, Söğütcük, Baltacı Yeniköy, Kolebina, Yeniceköy, Denizler, Meşe Mahalle, Mesim Mahalle, Hacı Fakih.”
Professor Ahmet Taşğın bu kəndlər haqqında belə bəhs edir; “bu kəndlərin sakinləri təmiz Qızılbaşlardır. Yəni onların arasında qarışıq “sünni” ailəsi yoxdur.”

Ahmet Taşğın Rumıniya-Bolqarıstan sərhədindəki Qızılbaş qəsəbə və kəndləri haqqında belə qeyd edir;

“Bolqarıstanda “Caferler, Kazcılar, Kumluca” kəndləri vardır. Bu kəndlər Bolqarıstanın “Rusçuk” (Ruse) rayonunda yerləşir. Bolqarıstandakı bu kəndlər təmiz Qızılbaşlardır. Bunların (Qızılbaşların) bir qismi Babai və bir qismi isə Çələbidir.
Razgrad şəhərində “Sinanköy ve “Adalar” kəndləri,
Osman Pazarı şəhərində isə “Alvanlar, Küçükler, Veledler” kəndləri Çələbi Qızılbaşlarıdır.

Bundan başqa Varna şəhərində “Kumluca” kəndi Babai Qızılbaşlarıdır.
Həmçinin Bolqarıstan dövləti 1992-ci ildə əhalinin siyahıyaalması zamanı ölkədə 85.773 Şiə və Qızılbaşların yaşadığını qeydə almışdır.

Balkan Qızılbaşları Türkcə danışır və ibadətlərini də, Türkcə edirlər. Həmçinin bu Qızılbaşlar Türk adlarına da sahib çıxır və övladlarına Türk və Əhli-beyt mənsubu adları qoyurlar. Bir sözlə Türk irsini günümüzə qədər qoruyublar.

İbadətlərini əsasən Şeyx Səfi, Otman Baba, Hürufi şairi Mühyiddin Abdal, Şah Xətainin və bir sıra qızılbaş-ələvi şəxsiyyətlərinin kitablarından İlahi zikrlər və dualar söyləməklə edirlər. 600 ilə yaxın müddət keçib, ancaq bu Qızılbaşlar Türk dilini, irsini unutmayıb, qoruyurlar.

Professor Ahmet Taşğın Balkan Qızılbaşlarının Türk irsinə bağlılığını belə təsvir edir;

“Hürriyyətpərvər olmaqla milliyətpərvərdirlər. Qızılbaşlar Türk olmağı və Türk həyatı yaşamağı müqəddəs şərəf sayırlar.”»

Mənbələr;

  1. Professor Ahmet Taşğın -“Romanya Müslümanları Kızılbaşlar, Babalılar, Bektaşiler İsimli Risale Üzerine. sayfa 31, 32, 33, 34, 90, 99, 137, 157.”
  2. Aleksandre Popoviç – “Balkanlarda İslam. sayfa 165 və 174” (1995-ci il)

Müəllif: Vahid İbayev

Qızılbaş Qlobal İrsi Təşkilatının sosial media moderatoru

Şah İsmayılla qohumluq bağı olan, Pakistanın Azərbaycan əsilli Generalı – Əli Rza Qızılbaş

Şah İsmayılla qohumluq bağı olan, Pakistanın Azərbaycan əsilli Generalı – Əli Rza Qızılbaş

Pakistan və Azərbaycan xalqını böyük tarixi tellər bağlayır. Bakının mərkəzində XIV əsr Multan karvansarayının olması, Pakistanda Qızılbaş ailələrinin varlığı hər iki xalqın yaxınlığını və qardaşlığını tarix boyu göstərir.

Hər iki dövlət beynəlxalq forumlarda eyni maraqlardan çıxış edərək öz fəaliyyətlərini koordinasiya edir, bir-birini qeyd-şərtsiz dəstəkləyirlər.
Azərbaycan icması olan Qızılbaşlar Pakistana bir çox ziyalı siyasətçilər, hərbiçilər, mühəndislər, hətta prezident bəxş etmişdir.

Qızılbaşların Pakistana bəxş etdiyi ziyalı hərbçilərdən biri də, Cənab General Əli Rza Qızılbaşdır. O, Pakistan hökumətində Briqada-Generalı və digər nüfuzlu vəzifələrdə çalışıb.

Cənab General Əli Rza Qızılbaşın bioqrafiyası və Pakistan dövlətinə xidmətləri haqqında qısa, lakin dəyərli məlumatları sizinlə bölüşürük.

General Əli Rza Qızılbaş 1954-cü il sentyabrın 27-də Lahorda anadan olub. O, Qızılbaş türklərinin Şamlı tayfasındandır. Şamlı tayfası, Səfəvi dövlətinin qurulmasında və idarə edilməsində ən önəmli rol oynayan Qızılbaş tayfalarından biri idi. Onun soy-kökü və əcdadları arasında, Səfəvilərin Herat hakimi və Qızılbaş sərkərdəsi olan Durmuş xan Şamlı da yer alır.

Həmçinin qeyd edək ki, Durmuş xan Şamlı, Səfəvi hökmdarı Şah İsmayılın bacısının oğlu idi. Səfəvi dövlət xadimi Oruc bəy Bayat, Şamlu tayfası ilə bağlı əsərində qeyd edir ki;
“Şamlu tayfasının üzvləri Səfəvi sarayının başçılarıdır və sarayın idarəsi xüsusilə bu tayfanın əlindədir.”

Cənab General Əli Rza Qızılbaşın əcdadları 1739-cu ildə Nadir Şah Əfşar ilə birgə Hindistanı fəth edərək, orada hakim vəzifələrə təyin olunublar.

Cənab Əli Rza Qızılbaşın mənsub olduğu ailə Hərbçi ailəsidir.
Atası Ağa Cavad Rza Qızılbaş Britaniya ordusunda Mayor rütbəsində xidmət edib və İkinci Dünya Müharibəsində Burma (Myanmar) cəbhəsində artilleriya zabiti olub. Oğlu isə hal-hazırda Polkovnik-leytenant rütbəsi ilə Pakistan Silahlı Qüvvələrində xidmət edir. Ailənin bir sıra üzvləri də, orduda və dövlətin nüfuzlu orqanlarında xidmət etməkdədir.

General Əli Rza Qızılbaş Pakistan Silahlı Qüvvələrinin təhlükəsizlik planlarının hazırlanması və tətbiqində mütəxəssis olmuşdur. 1998-ci ilin mayında Pakistanın Nüvə sınaqlarının uğurla həyata keçirilməsi üçün 5000-dən çox əsgəri maddi-texniki cəhətdən dəstəkləmiş və idarə etmişdir.

O, 1996-1999-cu illərdə Sahə birliyinin Əməliyyat Qərargahı Rəisi (1-ci dərəcəli) vəzifəsində çalışmış və bu müddət ərzində bütün Piyada Diviziyasının əməliyyat və maddi-texniki hazırlığına nəzarət etmişdir.

Bəlucistan əyalətində daxili təhlükəsizlik, terrorla və narkotiklərlə mübarizə əməliyyatlarında silahlı qüvvələrin komandanlığına və maddi-texniki təminatına rəhbərlik edən Baş Sərhəd Korpusunun Müfəttişi olmuşdur.

2001-ci ildə Pakistan prezidenti tərəfindən Briqada-Generalı rütbəsi ilə təltif edilmişdir.
Həmçinin Cənab General Əli Rza Qızılbaş böyük hərbi fəaliyyətlərinə və xalqa xidmətlərinə görə 2009-cu ildə Pakistanın 3-cü ən böyük ordeni olan “Sitara-e İmtiaz [Hərbi]” ordeni ilə təltif edilmişdir.

Cənab General hal-hazırda təqaüddədir və NUST Sülh və Münaqişə Araşdırmaları İnstitutunda (NIPCONS) çalışmaqdadır.

O, illərini Pakistan dövlətinə və xalqına xidmətə həsr edib. Onu tanıyan biri olaraq deyə bilərəm ki, Cənab Əli Rza Qızılbaş yüksək mənəvi dəyərlərə malik təvazökar və alicənab bir insandır. Qızılbaş adının layiqli nümayəndəsidir. Biz onunla fəxr edirik!
Uca Allah onu və ailəsini qorusun və ucaltsın!

© Qızılbaş Qlobal İrsi Təşkilatının sosial media moderatoru Vahid İbayev

Mənbə: Milli Kimlik

ARAZ ŞƏHRİLİNİN YAZILARI

MİLLİ KİMLİK ARAŞDIRMALARI QRUPU

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru