Vahid İbayev – Rumıniya və Bolqarıstan Qızılbaşları

🇷🇴 Rumıniya və 🇧🇬 Bolqarıstan Qızılbaşları

“Qızılbaşlar Türk olmağı və Türk həyatı yaşamağı müqəddəs şərəf sayırlar.”

«Günümüz Balkan yarımadasında var olan Rumıniya və Bolqarıstan respublikalarında Qızılbaşlar da yaşamaqdadır. Bu Qızılbaşlar Rumıniyanın “Şimali Dobruca” və Bolqarıstanın “Cənubi Dobruca” bölgələrində yaşayırlar.

15-ci və 16-cı əsrdə Osmanlı dövləti Qızılbaşların Səfəvi təriqəti və dövləti ilə əlaqəsini kəsmək üçün “Balkan (Rumeli)” torpaqlarına sürgün etdilər. Xüsusilə Sultan II Bəyazid tərəfindən Balkanlara sürgün edildilər.

Balkan Qızılbaşları sürgünləri haqqında məlumat verərkən, belə söyləyirlər;
“Bizlər, Haymana (Ankara) bölgəsindən Rumeliyə sürgün edilmişik.”

Balkan Qızılbaşları iki hissəyə bölünür;
Babai və Çələbi Qızılbaşları. Bu qızılbaşlar sadəcə bağlı olduqları Təkkə mərkəzlərinə görə iki hissəyə bölünüblər, ibadətlərində isə kiçik fərq var.

Balkan Qızılbaşlarının günümüzə qədər gəlib çatmış “İsimli Risalesi” vardır. Bu Risalədə Qızılbaşların İslami inanc sistemi, ailə təşkilatı, təkkə mərkəzləri və günlük duaları haqqında məlumat verir. Bu Risalə haqqında ətraflı məlumatı Türk tarixçisi Ahmet Taşğın “Romanya Müslümanları Kızılbaşlar, Babalılar, Bektaşiler İsimli Risale Üzerine.” kitabında toplamışdır.

Balkan türkləri və qızılbaşları haqqında geniş məlumatlara xüsusilə Türk Professor Ahmet Taşğın, Polyak türkoloq Tadeusz Kovalski, Bolqar tarixçi Prof. S.S Bobçev, Rus etnoqrafı V.A. Moşkov, D.G. Gadzanow, St.Romansky və A. Popoviçin araşdırmalarında rast gəlmək mümkündür.

Polyak T. Kovalskinin Rumeli və Balkan araşdırmalarının Dobruca bölməsində verdiyi məlumatlar, Dobrucada mövcud olan Qızılbaş, Bəktaşi və Ələvi kəndləri haqqında ilk və ən əhatəli araşdırmalardandır.
D.G. Gadzanow 1911-ci ildə Tozluk, Gerlova və Deliormanda dil və ləhcə tədqiqatlarında “Köse Abdi” kəndinin Bəktaşi, “Akkadınlar” kəndinin isə Qızılbaş olduğunu müəyyən edib, qeydə almışdır.

A. Popoviç “Balkanlarda İslam” əsərində belə qeyd edir;
Şimali Dobruca [🇷🇴 Rumıniya] türklərindən bəhs edərkən, St. Romansky’nin aşağıdakı ifadəsini də əlavə etmək lazımdır;
“Onlara (Qızılbaşlara) Ortaköy, Trastenik, Balabanca və Frecatrei-də daxil olmaqla bəzi şəhərlərdə də rast gəlirik. Bu dörd qəsəbədəki Türklər Ələvi təriqətinə mənsubdur və onlara Qızılbaş deyilir.

St. Romansky Köstəncə ətrafında Babadağ, Tulça, Maçin, İsakça və Babadağdan bəhs edərkən kəndlərə nümunə olaraq Əli (Ələvi) təriqətinə bağlı Qızılbaş kəndlərinin adlarını sadalayır. Araşdırmalarında Qızılbaşların yaşadığı Ortaköy, Trastenik, Balabança və Frekase qəsəbə və kəndlərinin adları qeyd edilib.”

Rumıniyanın “Silistre” sancağında Qızılbaş kəndlərinin adları aşağıdakılardır;

“Debbağlar, Karalar, Akkadınlar, Söğütcük, Baltacı Yeniköy, Kolebina, Yeniceköy, Denizler, Meşe Mahalle, Mesim Mahalle, Hacı Fakih.”
Professor Ahmet Taşğın bu kəndlər haqqında belə bəhs edir; “bu kəndlərin sakinləri təmiz Qızılbaşlardır. Yəni onların arasında qarışıq “sünni” ailəsi yoxdur.”

Ahmet Taşğın Rumıniya-Bolqarıstan sərhədindəki Qızılbaş qəsəbə və kəndləri haqqında belə qeyd edir;

“Bolqarıstanda “Caferler, Kazcılar, Kumluca” kəndləri vardır. Bu kəndlər Bolqarıstanın “Rusçuk” (Ruse) rayonunda yerləşir. Bolqarıstandakı bu kəndlər təmiz Qızılbaşlardır. Bunların (Qızılbaşların) bir qismi Babai və bir qismi isə Çələbidir.
Razgrad şəhərində “Sinanköy ve “Adalar” kəndləri,
Osman Pazarı şəhərində isə “Alvanlar, Küçükler, Veledler” kəndləri Çələbi Qızılbaşlarıdır.

Bundan başqa Varna şəhərində “Kumluca” kəndi Babai Qızılbaşlarıdır.
Həmçinin Bolqarıstan dövləti 1992-ci ildə əhalinin siyahıyaalması zamanı ölkədə 85.773 Şiə və Qızılbaşların yaşadığını qeydə almışdır.

Balkan Qızılbaşları Türkcə danışır və ibadətlərini də, Türkcə edirlər. Həmçinin bu Qızılbaşlar Türk adlarına da sahib çıxır və övladlarına Türk və Əhli-beyt mənsubu adları qoyurlar. Bir sözlə Türk irsini günümüzə qədər qoruyublar.

İbadətlərini əsasən Şeyx Səfi, Otman Baba, Hürufi şairi Mühyiddin Abdal, Şah Xətainin və bir sıra qızılbaş-ələvi şəxsiyyətlərinin kitablarından İlahi zikrlər və dualar söyləməklə edirlər. 600 ilə yaxın müddət keçib, ancaq bu Qızılbaşlar Türk dilini, irsini unutmayıb, qoruyurlar.

Professor Ahmet Taşğın Balkan Qızılbaşlarının Türk irsinə bağlılığını belə təsvir edir;

“Hürriyyətpərvər olmaqla milliyətpərvərdirlər. Qızılbaşlar Türk olmağı və Türk həyatı yaşamağı müqəddəs şərəf sayırlar.”»

Mənbələr;

  1. Professor Ahmet Taşğın -“Romanya Müslümanları Kızılbaşlar, Babalılar, Bektaşiler İsimli Risale Üzerine. sayfa 31, 32, 33, 34, 90, 99, 137, 157.”
  2. Aleksandre Popoviç – “Balkanlarda İslam. sayfa 165 və 174” (1995-ci il)

Müəllif: Vahid İbayev

Qızılbaş Qlobal İrsi Təşkilatının sosial media moderatoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir