olaylar.az xəbər verir ki, tanınmış yazıçı Yunus Oğuzun yeni elmi-publisistik əsəri – “Türk” etnonimi və törələri” kitabı artıq çapdan çıxıb. Əsər “Yazarlar” nəşriyyatı tərəfindən oxuculara təqdim olunub.
Yeni nəşrdə müəllif “türk” adının mənşəyini, tarixi inkişaf yolunu, qədim türk toplumlarının mənəvi-mədəni dəyərlərini və “törə” sistemini geniş araşdırır. Kitab həm akademik yanaşma, həm də oxunaqlı dil üslubu ilə seçilir.
Yunus Oğuz bu əsərində qədim mənbələr, etnoqrafik materiallar və müasir araşdırmalar əsasında türk kimliyinin formalaşmasını fərqli bir aspektdən təqdim edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bir kişi Həccə getməyə hazırlaşır. Ağlınıza indiki Həcc ziyarəti getməsin. İndi nə var ki, oturdun avtobusa, təyyarəyə, tıpp, bir necə gündən, yaxud saatdan sonra ordasan. O zamanlar ziyarətə getmək məşəqqət idi. Bir il əvvəlcədən hazırlıq görülür-at, dəvə, eşşəklə, bəzən də pay-piyada üç-dörd ay yol qət edirdin.
Əlqərəz, hazırlıq öz yerində, bu kişi hər dəfə evdə çörək yeyəndə, bir qismət kəsəndə divarın deşiyindən bir siçan qorxu-hürkü bilmədən gəlib süfrənin qırağında oturur, yeməyin qırıntılarını yeyirdi. Neçə gün idi belə davam edirdi. Qovurdun da getmirdi, doyduqdan sonra çəkilib yuvasına girirdi.
Bu kişi siçanın hərəkətinə mat-məətəl qalmışdı. Hər dəfə öz-özünə sual verirdi: Ya rəbb, bu nə sirri xudadır? Yoxsa, bu siçan tərəfindən Allah mənə hansısa xəbəri göndərir?
Axırda bir bilicini evinə dəvət edib hal-qaziyyəni ona danışır. Bilici bir xeyli fikirləşəndən sonra, ona deyir ki, külüngü əlinə al, o siçan deşiyini qaz. Kişi elə də edir. Siçanın yerini qazır. Görür ki, oradan bir küp qızıl çıxdı. Bilici əlini saqqalına çəkib mənalı-mənalı deyir:
-Hə, indi aydın oldu. Bu siçanı qudurdan üstündə yatdığı qızıl imiş. Bundan sonra sənin süfrənə heç yaxın da durmaz.
Kişi bilicinin pay-püşünü verib yola saldıqdan sonra dərd onu götürür ki, bəs, Həcc ziyarəti yaxınlaşır, bir küp qızılı hara qoysun.
Məhəllənin bir imanlı, mərifətli, sözünü, yerini bilən imamı varmış. Fikirləşir elə yaxşısı budur ki, aparım onun yanına. Qızılı torbaya doldurub gedir imamın yanına. Salam-kəlamdan sonra deyir:
-İmam qardaş, bu yaxınlarda ziyarətə gedəcəm, sənə əmanət kimi bir torba qızıl qoymaq istəyirəm.
İmam “Allah qəbul eləsin” deyəndən sonra ona etiraz edir:
-Yox, belə olmaz. Mən bunu əmanət kimi təkbaşına qəbul edə bilmərəm. Gərək şahidlər də olsun.
O, mürdəşiri, azançını, daha bir neçə nəfəri də çağırıb deyir:
-Qulaq asın, ey möminlər! – Barmağını kişiyə uzadır. – Bu kişi mənə bu torbanı saxlamaq üçün əmanət qoyur. Hamınız şahidsiniz?
Hamısı bir ağızdan “şahidik” deyir.
Nəisə vaxt-vədə tamam olur. Kişi ziyarətini başa vurduqdan sonra, səhəri gün məscidə gedib imamla görüşür. Beş-on beşdən sonra deyir:
-İmam qardaş, gəlmişəm əmanətin dalınca, onu zəhmət olmazsa qaytar. Bu müddətdə səni rahatsız etdim.
İmamın üzü çönür.
-Nə əmanət, sən mənə nə vaxt əmanət verdin ki, mən də onu qaytarım?
Kişi çaş-baş qalır, güclə dillənir:
-Necə yəni, nə əmanət? Həccə gedəndə gəldim bura, yanına bir torba qızılı əmanət kimi qoydum.
İmam yenə dirənir:
-Mən əmanət-zad görməmişəm.
Bu kişi də imamın üzünə bozarır:
-Necə yəni görməmisən? Hələ filankəsləri də şahid kimi çağırdın.
İmam həmin şahidləri yığıb soruşur:
-Ey möminlər, bu kişi deyir ki, sizin şahidliyinizlə, guya mənə əmanət kimi bir torba qızıl verib. Olubmu belə şey?
Şahidlər yenə bir ağızdan deyir:
-Yox, biz görməmişik.
Kişi baxır ki, imam bir torba qızılı mədəsinin dərinliyinə atıb. Ümidsiz halda, əli ətəyindən uzun məscidin qapısından çıxanda imam onu saxlayıb bir torba qızılını qaytarır.
Kişi təəccüblə imama baxıb soruşur:
-İmam qardaş, bu nə məzhəkədir? Bayaqki tamaşa nədir, indi etdiyin hərəkət nə?
İmam gülümsəyib cavab verir:
-Sən incimə, sadəcə olaraq mən sənə göstərmək istəyirdim ki, gör hansı əclaflarla işləyirəm. Hərəsi özləri kimi bir əclafın xahişi ilə burada özlərinə isti yer düzəldiblər. Yaxşı, get…
27.11.25
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bir gün padişah daş-qaşla bəzədilmiş taxtında oturmuşdu, baş vəziri də ayaq üstə ləbbeyk durub onun əmrini gözləyirdi. Bu gün qəbul günü idi. Padişah sarayın qənşərinə üç yonulmuş sal daş qoydurmuşdu. Bir sal daşı şikayətçilər üçün nəzərdə tutulmuşdu. Kim şikayətə gəlsə idi, birinci daşın üstündə otururdu. İkinci daşın üstündə tacirlər əyləşirdi. Üçüncü daş isə elçilik üçün nəzərdə tutulmuşdu. Bu gün birinci daşın günü olduğundan, padişah çox şikayətçi qəbul etmişdi. Nəhayət qəbul qurtardıqdan sonra, o vəzirinə üz tutdu: -Vəzir, xalqsız padişah olmaz, padişahsız xalq. Sarayda bu gün çox şikayətçi qəbul etdik. Hazırlaş, indi də biz çıxaq xalq içinə, görək nə var, nə yox, həm də başımız bir az avazasın, aydınlasın. Baş vəzir: -Yaxşı olardı, qibleyi-aləm, amma qiyafətimizi dəyişəcəyik? Padişah etiraz etdi: -Yox, ehtiyac yoxdur, qoy xalq görsün ki, padişah xalq içində seyrana çıxıb. Onlar çay qırağında gəzə-gəzə bir balıqçının yanında dayandılar. Padişah balıqları hürkütməmək üçün astadan dedi: -Ovun bal olsun, balıqçı! Balıqçı baxdı ki, başının üstündə padişah dayanıb, ayağa durmaq istədikdə, o əlilə işarə edib buna imkan vermədi, əvəzində soruşdu: -Qarmaq vurur, bir şey-zad tutmusan? Balıqçı cavab verdi: -Xeyr, qibleyi-aləm, bu gün hava buludlu olduğundan balıqlar suyun üstünə çox da qalxmırlar. Padişah vəzirinə göz vurub dedi: -Bax, səninlə indi bir şərt kəsəcəm.Tilovuna nə düşsə, onun ağırlığında sənə qızıl verəcəm. Nə deyirsən, razısan? Balıqçı oturduğu yerdə qurcalandı, nə deyə bilərdi? Dilinin ucunda dilləndi: -Nə təhər məsləhətdi, qibleyi-aləm. Bir qədər keçdikdən sonra tilov tərpəndi. Balıqçı tilovu sudan çıxaranda gördü ki, qarmağa bir sümük ilişib. Ürəyində öz-özünə gileyləndi: -” Hamı gedir quş gətirir, Şahqulu bayquş gətirir. Olmazdı bir yekə sazan düşəydi qarmağa, mən də kasıbçılığın daşını ataydım?!” Padişah baxdı ki, balıqçının əhvalı elə buludlu hava kimidi. Özünü o yerə qoymadı. Üzünü vəzirə tutub göstəriş verdi: -Söz sözdür. Apar bu kişini xəzinəyə, – sümüyü göstərdi, – bunun çəkisi nə qədərdisə, o qədər də qızıl ver. Özü isə saraya döndü. Bir qədər keçəndən sonra vəzir başılovlu padişahın yanına qayıtdı:
-Qibleyi-aləm, xəzinədə daha qızıl qalmadı. Padişah heç nə başa düşmədi. Təəccüblə sorusdu: -Vəzir, nə olub? Bir başa sal görüm, xəzinədə niyə qızıl qalmadı?
Vəzir hadisəni danışmağa başladı: -Qibleyi-aləm, verdiyin əmrə görə, balıqçını apardım xəzinəyə. Sümüyü qoydum tərəzinin bir gözünə, bir qızıl sikkə də atdım o biri gözünə. Qızıl tərəfi yüngül gəldi. İkisini, üçünü, beşini, onunu, nə qədər qızıl qoydumsa o gözə, yenə yüngül gəldi. Neyləyək, qibleyi-aləm? Padişah da belə hadisə ilə birinci dəfə rastlaşdığından maraq onu bürüdü. Düşündü ki, burda nəsə bir sirr var. Odur ki, göstəriş verdi: -Sən belə et, vəzir. Təcili bilicini hüzuruma çağır, o sümüyü də bura gətir, balıqçı da qoy gözləsin. Bilici içəri girən kimi padişah sümüyü ona uzadıb, hadisəni danışdı: -Bunun sirrini mənə aç. Bilici sümüyü əlinə aldıqdan sonra, o tərəfə, bu tərəfə çevirib dedi: -Qibleyi-aləm, bu sümük göz sümüyüdür. Bunun sahibi acgöz, tamahkar, gözüdoymayan, hər şeydən qazanc güdən, pula görə xalqını, padişahını, dövlətini satmağa hazır olan, adamın dili də gəlmir adam deyə, adam olub. Bütün xəzinəni də tərəzinin bir gözünə qoysan, yenə yüngül gələcək. Padişah əlacsızlıqdan əllərini yellədi: -Bəs onda neyləyək? Bilici cavab verdi: -Bunun çarəsi torpaqdı, bu sümüyün üstünə bir ovuc torpaq atırsan, hər şey düzələcək. Onun tamahını, acgözlüyünü yalnız torpaq örtə bilər. Balıqçıya da nə verərsiniz verərsiniz… Bilicinin dediyini etməkdən başqa əlac yox idi. Sümüyün üstünə bir ovuc torpaq atdıqdan sonra hər şey düzəldi. Bir sirr də belə açıldı…
17.10.25
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Yalnız məşhur romanları ilə deyil, vaxtaşırı apardığı akademik araşdırmaları, elmi- publisitik yazıları ilə də türk tarixinin qaranlıq, mübahisəli tərəflərinə bu və ya digər dərəcədə aydınlıq gətirməyə çalışan (və geniş ictimai maraq doğuran) Yunus Oğuz oxucuların müzakirəsinə (bundan öncə onun “Qədim Anadolu və Azərbaycan türkləri”, “Türkün tarixinə yeni bir baxış”, “Türkün gizli tarixi”, “Qədim türklər və passionarlıq nəzəriyyəsi L.N.Qumilyovun tədqiqatlarında”) kitabları nəşr edilmişdir. Bunlardan ikisi Elm və Təhsil Nazirliyinin qərarı ilə ali məktəblərdə dərs vəsaiti kimi nəzərdə tutulub) məzmun-mündərəcə etibarilə kifayət qədər siqlətli yeni bir əsər vermişdir ki, burada ən azı üç ciddi problem diqqət mərkəzinə çəkilməkdədir. Onlardan birincisi “türk” sözünün etimologiyasıdır. Bu barədə çox yazılmış, çox deyilmiş, dünyanın bütün görkəmli türkoloqları “türk” sözünə öz interpretasiyalarını izhar etməyə ehtiyac duymuşlar. Və nəticə etibarilə, türk”ün a) “igid”, “hünərli”, “cəsarətli”, b) “gözəl”, “ürəyəyatan”, “könülaçan” və c) “törəli”, “qanun- qayda sevən” və “qanun- qaydaya riayət edən” mənalarını bildirdiyi qənaətləri yayılmışdır. O da məlumdur ki, “türk” sözünün tərkibi “t + r” və “k” hissələrindən ibarətdir: “tar”, “tor”, “tur” “tür” və s. kökü ilə “ıq”, “ik”, “uq”, “ük” şəkilçisi. Sözün kökü məna dəyişikliklərinə həddindən artıq həssas olmuş, şəkilçi isə sadəcə mücərrədlik bildirmişdir.
Yunus Oğuz “türk” etnoniminin həm Mahmud Kaşğarinin “Divan”ındakı, həm də “Qədim türk sözlüyü”ndəki izahlarını xatırlatdıqdan sonra, ən yeni dövr türkoloqlarının mülahizələrini nəzərdən keçirir. Və “türk”ün ən qədim dövrlərdən müxtəlif mənbələrdə əks olunmuş “törəmələr”ini göz önünə gətirir: turuk, tarku, turşa, etrusk, turça, turkha, türkü, tursü, turka, türkilinq,turoba (Troya), turçi, trek, turça, Turan və s. və i.
Mənə məlum olduğu miqyasda ilk dəfədir ki, Yunus Oğuz “türk” etnoniminin daxil olduğu etnoqrafik- mədəni sferanın anlayış- konseptlərini də tədqiqata cəlb edir ki, buraya, ilk növbədə, “el”, “oba”, “bil”, “tağ” və s. aiddir.
Heç şübhə yoxdur ki, həmin istiqamətdəki araşdırmalar “türk” etnoniminin ideya- məzmununun daha aydın təsəvvürünə müəyyən imkanlar açacaqdır.
Müəllifin toxunduğu ikinci problem Avrasiyanın Qərb ucqarlarındakı türk toponimləridir ki, bunlar Strabonun “Coğrafiya”sından, yəni son dərəcə mötəbər bir mənbədən gətirilir: Alp, Apatur, Arvak, Asta, Atamon, Evbey, Bardul, Dondar, Etrusk, Kimmer, Kenoba, Onoba, Salar, Salqan, Arat, Bark, Qarpak, Azan, Temen və s.
Həmin mənbədə türkçülüyün ilk baxışdan “zəmanət verən”, ancaq təbii ki, müfəssəl araşdırma tələb edən bir sıra etnonimləri də var: akuti, albiy, albula, ana, araq, asay, atak, bat, duriy, taq, tavr və s. və i.
Yunus Oğuzun türkşünaslıq araşdırma üslubudur ki, faktları bol- bol sadalamaqla öz fikrini, mövqeyini bu və ya digər “nəzəriyyə”yə ehtiyac duymadan bildirir: deyir ki, türklər hər hansı halda Qərbi Avropada olmuşlar!..
Əsərdə diqqət mərkəzinə çəkilən üçüncü problem türklərin Avrasiya boyu Şərqdən Qərbə, yoxsa Qərbdən Şərqə hərəkətidir ki, burada müəllifin məqsədi, əlbəttə, artıq çoxdan başlamış bir ideyaya (konsepsiyaya!) dəstək verməkdir. Belə ki, türklərin “xalqların böyük köçü”ndən – ilk orta əsrlərdən çox- çox əvvəl Qərbdən Şərqə də axınları olmuşdur… Yunus Oğuz tamamilə haqlıdır ki, bu axınlar Qərbi Avrasiyadan (İspaniyadan) da ola bilərdi, Ön Asiyadan (Şumerdən) də… Burada söhbət, Yunus Oğuzun böyük bir ehtiramla həmişə istinad etdiyi L.Qumilyovun sözləri ilə desək, sosiosferin yox, biosferin verdiyi imkanlardan gedir. Yəni xalqların köç hərəkətlərinə (və hərəkatlarına) cəmiyyətdən daha çox təbiət təkan verir. İqlimin dəyişməsi elə güclü bir amildir ki, xalqların ruhundakı “vətən sevgisi”ni çox çəkmədən xoş bir xatirəyə çevirir.
“Türk” sözünün etimologiyasından başlayıb Avrasiyanın Qərb ucqarlarındakı türk izlərinə gələn, oradan da türklərin Şərqdən Qərbə, Qərbdən Şərqə axınlarından hansının onların tarixi taleyində daha böyük rol oynadığı məsələsini bir daha müzakirə meydanına çıxaran Yunus Oğuzun növbəti əsərindəki strateji məqsəd türklüyün (və türkologiyanın) problemlərinə hansısa “məhəlli” yox, yalnız ciddi elmi- metodoloji səviyyədən yanaşmaq imkanlarını bir daha yada salmaqdan ibarətdir. Və türk tarixşünaslığı yaddaşının bu cür təzələnməsinə ehtiyacın həmişə olmasına mən heç vaxt şübhə etməmişəm. Xüsusilə dostum Yunus Oğuz kimi qüdrətli türkçünün (və istedadlı türkoloqun) nümunəsində…
Yunus Oğuz bu kitabda “türk” etnoniminin sanballı izahı ilə yanaşı ilk dəfə olaraq elmi-publisistik ədəbiyyatda islamaqədərki türk törələrindən də bəhs edir. Elmi ədəbiyyatımızda Bilgə xaqan və uyğur törələrini, Dədə Qorqud buyruqlarını qələmə alır.
Yazıçı “Türk törəsi nədir” sualına belə cavab verir: “…törə anlamı səndən yuxarıda duran, ocaq başında oturan” mənasını verir və yazılmayan, yəni şifahi olaraq ağızdan-ağıza keçən, bəylikləri, eli (dövləti) idarə edən əsas qaydalar toplumudur. Bir sözlə, müasir dildə desək, toplumda siyasi, sosial, dini, iqtisadi və digər məsələləri müəyyənləşdirən, düzən verən, yazılı olmayan hüquq qaydalarına törə deyilir”. Bu çox vacibdir, çünki əgər islamdan sonra cəmiyyəti və dövləti Qurana əsaslanan şərait idarə edirdisə, islamöncəsi dövrdə türk dünyasının həyat tərzini, əsasən törələr müəyyənləşdirirdi.
Bu da çox vacibdir ki, Yunus Oğuz otuz üç türk törəsini sadalamaqla işini bitmiş hesab etmir, eyni zamanda türk törəsinin özəlliklərindən, törə qaydalarından bəhs edir, cəmiyyətdə, yaxud toplumda qadının tutduğu yerdən yazır, başqa xalqlardakı qadınların oynadığı rolla, türk toplumundakı qadınların müqayisəli analizini verir. Türk həyatında müstəsna rol oynayan qadınların (Tomris xan, Sultan Raziyyə bəyim, Türkan xatun, Möminə xatun və başqalarının) həyat tərzini qələmə alır. Eyni zamanda, o türk fəthlərindən söhbət açarkən törələrə uyğun dövlətin və cəmiyyətin idarə olunmasında türk ədalətini xüsusi vurgulayır.
Bundan başqa Yunus Oğuz çoxdan yaddan çıxmış türk dəfn törənlərindən və toy mərasimlərindən geniş yazır. Yazıçı tapınaqlar və inanclar haqqında formalaşmış fikirlərdən də yan keçmir, onların bəzilərinin hələ də toplumda tətbiq olunduğunu göstərir.
Nəhayət Yunus Oğuz bu qiymətli əsərini Bozqurd kultunun özəllikləri və türklərin yaşadığı coğrafı areal ilə bitirir. O yazır: “Göründüyü kimi dünyanın bir çox yerlərində harada yaşamasından asılı olmayaraq türk əsilli insanlar, yaxud türk dillərinə bölünən qrupların demək olar ki, hamısının bu və ya digər şəkildə simgələri (rəmzləri) Bozqurddur.
Bu altı qrup türk dilləri aşağıdakılardır…”
Ən sonda isə o türk duasının tam mətnini verməklə islamöncəsi türk dünyasına işıq salmış olur.
Əminəm ki, bu əsər geniş oxucu kütləsində böyük marağa səbəb olacaq.
Hər bir xalqın tarixində, onun tarixinin öyrənilməsində, keçmişinə nəzər salmaqla yanaşı əcdadları ilə fəxr edilməsində maddi mirasla bərabər qeyri – maddi miras da əvəzsiz rol oynayır.
Maddi mirasın növləri müxtəlif olduğu kimi (məsələn ailə mirası, təbiət mirası, daşınar və daşınmaz miras, qorunması vacib olan təbiətin yaratdığı abidə, tarixi abidələr və sairə miraslar), qeyri- maddi miraslar da müxtəlifdir. Qeyri- maddi irsə, yaxud mirasa isə mədəniyyətin müxtəlif sahələri daxildir. Bu qeyri-maddi irsin ən möhtəşəmi və bədii yaradıcısı epik miraslardır, çunki epik əsərlərin mərkəzində, cox zaman yaradıcı insan durur. Epik əsərləri yaradanlar insanlar olsa da bəzən elə olur ki, şifahi xalq ədəbiyyatında bir neçə əsr boyunca xalq yaradır və onu yaşadır. Hələ ta qədimdən fəlsəfəni bütün elmlərin şahı hesab edirdilər, lakin başqa elmlər inkişaf etdikcə onlar müstəqilləşdilər. Fəlsəfədə elmin ən güclü sahəsi olan məntiq qaldı. Bu sözləri təsadüfən diqqətinizə çatdırmadım. Belə ki, epik əsərlərin ən güclü tərəfi Məntiq və Yaradıcı Sözdür. Məntiqsiz olsaq və sözün böyüklüyünə inanmasaq bir insanın, bir ailənin, bir xalqın sevincini, sarsıntısını, dərdini, gizli görüşlərini, psixoloji yaşantılarını və sairə hallarını ədəbiyyata və mirasa çevirə bilməyəcəyik və bu epik miras kimi də həyata vəsiqə qazanmayacaqdı.
Bəs epik miras, yaxud irs deyəndə nə nəzərdə tutulur? Bu sözün kökü eposdan qəlir və müəyyən hadisəni danışmaq, nəql etmək anlamındadır.
Epik əsərlərdə insanların, tiplərin, personajların psixoloji durumları, xarakterləri ətraflı, baş verən hadisələrin, hətta mühitin təsviri üçün tamamlanmış imkan yaradır. Belə ki, əsəri yaradan müəllif geniş imkanları ilə yanaşı, təxəyyülündən geniş istifadə edir, oxucunun qəlbini tam ram etmək və əsərini sevdirmək üçün bütün yaradıcı üsüllara əl atır. Lakin əsərin böyük və kiçikliyindən asılı olaraq bir neçə süjet ətrafında hadisələr qurulur, sistem daxilində, sözün gücündən istifadə edən müəllif düşünülmüş quruluş verir. Epik əsərin həcmindən(kiçik, orta, böyük) asılı olaraq,ordakı tiplərin sayı nəzərə alınaraq geniş və yığcam verilir. Bəzən epik əsərin qəhrəmanı bir anın (kiçik), bəzən bir dövrün (orta), bəzən isə bir neçə nəsil (böyük) götürülə bilər. Məsələn, “Manas” dastanı bir dövrün, yəni dövlətin yaranması dövrünü əhatə edir. “Dədə Qorqud” dastanı isə müxtəlif əsrləri özündə birləşdirir. “Koroğlu” dastanı bizə sifahi xalq yaradıcılığının ən yüksək məqamını təgdim edir. Homer isə “İlliada” əsərındə yunanlarla troyalıların (turobalıların) bir-birilərinə qarşı apardıqları müharibədən bəhs edir. Amma, adlarını çəkdiyim bütün əsərlərin bütün süjet xətləri mükəmməl verilib. Burada mif və reallıqlar da mövcüddur. Bu barədə bir qədər sonra danışacağıq. Epik miras bir əsər kimi bizə şifahi və yazılı halda gəlib çatır və üç formada ola bilər: nəşr, nəzm və nəsr və nəzm bir yerdə. Epik mirasın şifahi xalq ədəbiyyatında əsas janrları mif, nağıl, dastan, əfsanə və lətifədir. Şifahi xalq ədəbiyyatında ən cox yayılan janrlar isə nağıl, dastan və lətifədir. Nağıl epik janrı və dastanlar minillər məxsus olduğu xalqın həyatını, fərdlərin həyatını formalaşdıran mirasdır, hər xalqın qəhrəmanı bu janrlarda müstəsna rol oynayır və nəticədə ədalət və xeyir şərə qalib gəlir. Amma bir məsələ var ki, bu eposu yaradan xalq, yaxud müəllif öz xalqını, onun epos qəhrəmanının xeyir surətini yaradır, əks qəhrəmanı, yaxud qonşu xalqı şər qüvvə kimi görür və o xalq məğlub edilir. Burada mifik qəhrəman daha çox sevilir. Məsələn Ə.Firdovsinin “Şahnamə” eposu bu qəbildəndir. Əvvəl xeyir və şər allahları yer üzündə mübarizə aparırlar, sonra isə bu mübarizə İran və Turan arasında müharibələrə çevrilir. Sonralar bu dövlətlərin siyasi quruluşu, dünyabaxışı, ideologiyası reallığa dönür. Daha sonra bu mifi yenə həyatda bərpa etmək istəyənlər və bu mif ideyanı yeni nəsillərə ötürənlər tapılır. Adını çəkdiyimiz əsərdə sasani ideologiyasını bərpa etmək istəyənlər, həm də onun imperiyasını qurmaq arzusuna düşürlər və bunun uğrunda mübarizə aparırlar. Elə Turan, Qızıl Alma, aparılan mübarizədə yol göstərən “Boz Qurd” bu qəbildəndir. Qeyd etmək lazımdır ki, bu gün bu obrazlar miniilərdən gələn, qanımıza işləyən bu mifik obrazlar gənclər arasında geniş yayılıb və bunu reallığa çevirmək istəyənlər kifayət qədərdir. Dastanlar isə özlüyündə iki janra ayrılır; qəhrəmanlıq və sevgi. Elə dastanlar var ki, hər iki janrı özündə birləşdirir. Qeyd etmək lazımdır ki, bu epik janrda müsbət obrazlar həm sevgisi,həm də ədalətli cəmiyyətdə yaşamaq uğrunda mübarizə aparırlar. Lətifə epik janrı qısa və lakonikdi. Adətən lətifə qəhrəmanı məntiqi və hazırcavablığı ilə seçilir və nəyisə,ya da hansısa sözü tam dəqiqliklə və sərrast deyir. Lətifə qəhrəmanı qarşısındakını gülüş obyektinə çevirir və hətta sərrast cavabı ilə özü cəmiyyətdə sevilir. Məsələn, lətifə qəhramanlarından “Bəhlul Danəndə”, yaxud “Molla Nəsrəddin” minillərdir xalqın qəhrəmanıdır. Lətifələr bəzən ezop dilində də deyilir. Şifahi bədii yaradıcılığın epik irsində hələ də istifadə olunan “atalar sözləri” də janrdır. Təəssuflər olsun ki, hələ də müasir dövrümüzdə atalar sözlərini epik irsə salmaq istəməyənlər də var. Lakin, bu janr epik irsimizin ən qədimidir. Belə ki, insan yaranışdan söz ucalığından istifadə edib. Bu janr isə çox lakonikliyilə seçilir. Belə ki, insan qarşısındakını incitməmək, təhqir etməmək, yaxud da böyüklər kiciklərin yanında nüfüzlarını itirməmək üçün bu növdən istifadə edirlər. Yazılı ədəbiyyatın isə epik mirasın aşağıdakı janr növləri vardır:
Təmsil
Şeir və ya nəsrlə yazılmış, heyvanların, quşların dilindən deyilən satirik xarakterli tərbiyəvi bədii əsər. Təmsil qısa olur və insanları düşündürür. Əsas isə belə əsərlərdə insanların psixoloji cəhətdən düşdükləri durumlar və xüsusiyyətlər heyvan və ya quşların dilindən oxuculara çatdırılır.
Hekayə
Bədii yaradıcılığın kiçik həcmli, eyni zamanda məntiqli süjetli əsərin bir növüdür.
Yuxarıda qeyd etdiyimiz kimi, burada insan həyatının xüsusiyyəti, yaxud hər hansı bir canlıya yönələn konkret səhnəsini təsvir edir. Bu səhnədə qəhrəmanın həyat anı, onun psixoloji durumu təsvir edilir.
Novella, felyeton, satira
Bu hekayə janrına daxil edilsə də satira yumor, tənqidi, gülməli məzmun daşıyır.
Belə janrda əsasən insanların, dövrün çatışmamazlıqları tənqid olunur, gülüş hədəfinə çevrilir.
Oçerk
Kiçik həcmli olur, insandan, yaxud hər hansı obyektdən bəhs edən bir əsərdir, həm də yığcam şəkildədir. Oçerk əmək və döyüş adamlarının qəhrəmanlığından bəhs edə bilər, yaxud cəmiyyətin hər hansı hissəsindən baş verən hadisələr qələmə alınır.
Povest
Həcmcə hekayədən böyükdür, orta janra aid edilir və hadisələrin bir neçə süjet xətti olur, təsviri isə genişdir. Povest hadisələrin müəyyən bir dövrünü özündə əks etdirir. Psixoloji tiplərin sayı çoxdur, müəyyən hadisələr insanların düşüncələrini aça bilməsinə imkan verir.
Roman
Epik mirasımızın ən gənc janrlarından biri olsa da, ən böyüyüdür. Romanın əsas xüsusiyyətlərindən biri geniş və əhatəli olmasıdır. Burada böyük həcmdə süjetlər və yüzlərlə qəhrəman ola bilər. Bəzən bu janr böyük bir dövrü təsvir edir. Şeirlə yazılan əsər isə mənzum roman adlanır.
Dramaturgiya
Bu janr teatrlaşdırılmış və səhnələşdirilmiş xalq oyunlarını, bayramları və ayinləri özündə kəsb edən ən qədim janrlarından biridir. Elə indinin özündə adət-ənənələrimizə uyğun tamaşalar qurulur. Məsələn, “Yada daşı” ayini yağış yağdırmaq üçün; “Kosa-kosa” oyunu Yeni günün (Novruz) gəlməsilə bağlıdır.Hətta yas mərasimlərinin də keçirilməsi səhnələşdirilir.
Orta əsrlərdən başlayaraq teatrlaşdırılmış və səhnələşdirilmiş bu janr dramaturgiyaya çevrildi və satirik və dramatik növlərə bölündü.
Poema
İri həcmli nəzm əsəridir. Bu janrda müəyyən hadisələr kiçik, yaxud böyük dövrü əhatə edə bilər. Burada hər şey lirik verilir. Qəhrəmanın sevgisi, təbiətin vəsfi və lövhələri geniş təsvir edilir, qəhrəmanın daxili aləminə, psixoloji durumuna geniş nüfuz edilir. Hadisələrin epik təsvirinə geniş yer verildikdə isə epik-lirik adlanır.
Xatirə, yaxud memuar
Müəllifin şəxsən özünün şahidi olduğu hadisələri qələmə aldığı əsərlər xatirə janrına daxildir. Burada müəllif özünün bütöv bir dövrünü, ya da böyük bir dövrdə yaşadığına görə, iştirakçısı olduğu hadisələri qələmə ala bilər. Buna bəzən memuar da deyilir və vahid süjet xəttindən kənarda olur.
Yuxarıda qeyd etdiyimiz kimi maddi miras, yaxud qeyri- maddi miras mövcuddur. Qeyri-maddi mirasın da ən yüksək səviyyəsi epik miras, yaxud irsdir. Təəssüflər olsun ki, əksər müəlliflər bu iki mirası ayrı-ayrılıqda təsvir və təsəvvür edirlər, onların birini, əsasən epik mirasların bəzisini mifə, digərini reallığa bağlayırlar. Amma onların vəhdət təşkil etməsini yaxına belə buraxmaq istəmirlər.
Düşünürük ki, mifdə reallıq, reallıqda mif mövcuddur.
Məsələn, Şliman “İlliada” əsəri əsasında Troya (Turoba) şəhərini tapmasaydı, on doqquzuncu əsrin sonuna qədər hamı elə bilirdi ki, onun yazdığı əsər mifdir və heç bir reallığa uyğun gəlmir. Amma, Şliman bu şəhəri tapmaqla mifi reallığa çevirdi.
Yaxud on doqquzuncu əsrdə Gültəkin abidələri tapılanda Orxon-Yenisey yazıları ortaya çıxmasaydı, bu abidələrin min üç yüz il ərzində mif olduğunu düşünürdülər, hər iki nümunədə bizə qalan təbiətin örtdüyü mirası minillərdən sonra mifi reallığa yönəltdi. Maddi miras mifi də reallığa çevirdi. Təbiətin qoynunda gizlədilən və bizim mif hesab etdiyimiz epik miraslar yerlərini reallığa verdikcə insanların dünya baxışları dəyişir, dövlətinin və millətinin tarixinə yenidən baxmağa məcbur olur. Yaxud, səyyah və etnoqraf Övliya Çələbi Azərbaycanın Dərbənd şəhərində olanda qeyd edirdi ki, yerli əhali Dədə Qorqudun qəbri bu şəhərdədir deyirdi. Halbuki, bütün türklər və dünya onu mifik şəxs hesab edirdi. Lakin “Dədə Qorqud” dastanının əlyazmaları Vatikandan və Drezdendən tapılanda epik miras mifdən reallığa çevrildi.
Heç şübhə etmirəm ki, “Manas” eposunda qırğızların Altay dağlarından Pekinə qədər getməsinin və təbiətin gizlətdiyi mirasının bu gün möhtəşəm epos kimi təqdim edilən faktlar bir gün mifin reallıq olduğunu göstərəcək. Daha bir misal. Türk əfsanələrində, dastanlarında türklərin kosmik bağlılığı çox açıq göstərilir. Lakin bu gün dünya inkişaf etdikcə və fəza biliklərimiz artdıqca göylərlə bağlı yaranan miflərimiz bir gün reallığa çevriləcək.
Çünki mifin içində reallıq, reallığın içində mif var.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Gəncliyimdə bədahətən meyxana deməyim də vardı. Məhəllədə yığışırdıq, iki-üç nəfərə də ipucu verirdik. İpucunun iki sətri hələ də yadımda qalıb. Məncə belə idi:
Athaatdı, gəlib atıb vurdular, Əcəb deyib kəlləmizi qırdılar.
Hə, “at” sözü çoxşaxəlidir, dərin çalarları var. Məsələn, at heyvan cinsi, güllə atmaq, bıçaq atmaq, çoxmaq -selbələmək, yəni onu atmaq, vıyıldatmaq. Bir də var at sözündən yaranan “atmaq”, yəni kəf gələn, atanşik, dolandırıcı, başını və ailəsini dolandıran. Bu barədə yaxşı atalar misallarımız da var. Bu atalar misalları da həmişə ya ikibaşlı, ya da çoxbaşlı olur. Məsələn dovşana qaç deyir, tazıya (it növü) tut. Buradan nə nəticə çıxır? Sözü deyən adam bu yazıq heyvanların hər ikisinə atır. Tazı dovşanı tuta bilməsə sözü deyən adam dovşanın yanında genələcək ki, bəs, gördün, səni itin ağzından necə qurtardım?! Hələ bir itin də üstünə bütün hirsin, pasın tökəcək ki, ə qurumsaq, bir dənə dovşanı da tuta bilmirsənsə, səni niyə yedizdirirəm? İt bu adamın yanında gözükölgəli olacaqdı, sahibini görən kimi quyruğunu qısıb gözdən uzaq bir yer axtaracaq. Yox, əgər tazı dovşanı tutub sahibinin ayaqları altına atanda adam gəriləcək, genələcək, ətrafdakılarına da deyəcək ki, görürsən, vəziyyətdən baş çıxartmaq hər oğulun işi deyil, e… Başqa bir atalar misalı: “Dovşanı araba ilə tutur”. Bu da atmağın bir növü. Burada üçüncü tərəf də var. Arabanı müsadirə etmək üçün arabaçıya deyir ki, get dovşanı araba ilə tut. O da gedib tutur. Hə, əsl həngamə bundan sonra başlayır. Üçüncü şəxs arabaçını çəkir haqqı divana, bəs bizim qanunlara görə dovşanı araba ilə tutmaq olmaz. Bu həm də imzaladığımız beynəlxalq konvensiyaya ziddir. Odur ki, arabanı müsadirə edirik. Arabaçı yalvar-yaxar edir ki, ayə qıvlasız, uşaqlarımı bu araba ilə dolandırıram, nə müsadirə. Üçüncü şəxs baş barmağını yuxarı qaldırıb deyir “sən öl” mənlik deyil, oralıqdır. Atan belə olar..e..e.. Bu müsadirədən o yuxarıların heç xəbəri də olmur, əgər səsi çıxmasa. Görürsən atan belə olar, həm yuxarılara atır, həm də aşağılara.
Dünyada da athaatdır. Putin Ukraynaya atır (bombalayır), Trampa atmaq istəyir. Ukrayna Rusiyanın neft infrastrukturlarına atır (dağıdır). İzrail Qəzzaya, İrana, Suriyaya atır. Tramp da hamıya atır (hədə gəlir). Hə, bu məmləkətdə də atan atanındır, hətta bunun şiddətləndirmə dərəcəsi var, “athaat”. Tuthatut olur, athaat niyə olmasın? O gün biri məndən soruşur: -Mirzə, bu necə olur? Birinin aylıq maaşı dörd yüz manatdır, amma ayda min beş yüz manat xərcləyir. Arvadı da işləmir, iki uşağı da azyaşlıdır. Cavab verdim ki, təkcə sən deyilsən buna təəccüblənən. Bütün dünya məmləkətin belə “savadlı” hərəkətinə mat-heyran qalıb. Hamı o min yüz manatı axtarır ki, bəs bu vəsait nəyin hesabına formalaşır. Hə, indi mən sizə deyim haradan formalaşır. Hamı bir-birinə atır, bir sözlə athaatdı. Süpürgəçidən tutmuş ta “vicdanlı” məmurlara qədər. Deyəcəksən süpürgəçi də atır? Bəs nə bilmişdiniz?! O gün qəzet almağa gedəndə görürəm ki, o nimdaşı çıxmış süpürgə ilə zir-zibili bir mağazanın qapısı ağzına itələyir. Barmağımı dişləyib, dedim ki, aha, mağaza sahibi bunun aylığını verməyib. Uzağı deyəcək ki, küləyin burulğanı bütün bunları sənin qapına yığıb. Yadıma bir əhvalat düşdü. İkimininci illərin əvvəlində ABŞ səfirliyi ərazisini genişləndirmək üçün ətrafdakı binaların mənzillərini şəhər icra hakimiyyəti vasitəsilə satın alırdı. Bir gün redaksiyaya yaşlı bir kişi gəldi ki, bəs Hacıbala müəllim mənzilimin pulunu vermir. Mirzə, bunu yaz, yazdım. Bir aydan sonra gəldi ki, Mirzə, sən yazdın, pulumun bir hissəsini aldım yenə. Baxdım ki, bu kişi məni qazlamaq istəyir. Dedim ki, get ver məhkəməyə, səfirin qəbulunda ol. İndi baxın, o vaxtdan bəri şəhərin müxtəlif hissələrində söküntülər olub, nə qədər adama atıblar. Elə mənim özümə də atıblar. Mirzəağa Əliyevdə evim söküləndə mansardımın pulunu vermədi Hacıbala müəllim. Daş atıb başın tutdu ki, olmaz. Başını daşın altına tuta-tuta mənə atdı. Böyük “atanşik”lərdən biri də toy mərasimidir. Gedib şadlıq evində toyun keçirilməsini müəyyən qiymətə danışırsan. Sarayın sahibi şərt qoyur; toydan sonra saraydan heç bir ərzaq apara bilməzsən. Niyə, a kişi, bu ərzağın pulunu verməmişəm, niyə apara bilmirəm? Sənə nə var bu ərzağı hara göndərəcəm? Bəlkə yetimləri sevindirəcəm bu ərzaqlarla. Yox, adamın üzünə dururlar ki, olmaz. Xoruzun quyruğu burada görünür. Qalan ərzağı növbəti toyun ərzaq siyahısına salır. Hələ mən demirəm, zirzəmilərdə istehsal edilən araqlar, müxtəlif içkiləri xarici mal adı ilə necə sırıyırlar. Hara baxırsan, AQTA? Hara lazımdır, ora da baxır. Ağrımayan başına yaş dəsmal niyə qoysun? Ən böyük “atanşik”lərdən biri də marketlərdir. Market sahibləri üçün Allah ölüb. Nə Allahları var, nə dinləri var, nə də imanları. Baxın, mənim cibimdə on manat pul var. Girirəm marketə on manatlıq ərzaq götürürəm. Bilirəm ki, ƏDV (əlavə dəyər vergisi), yəni on səkkiz faiz bu qiymətin içindədir. Yaxınlaşıram kassaya, kassir deyir ki, on bir manat səksən qəpik. Niyəsini, soruşanda cavab verir ki, on səkkiz faiz ƏDV. Bah atonan, sən demə bunlar alıcıdan ərzağın qiymətinin otuz altı faizini çığırda-çığırda alırlar. Elə ərzaq var ki, topdansatışda iki manata aldığı bir nəsnənin üstünə yüz əlli faiz qiymət artırır, yəni beş manata satır. Odur ki, camaat küçə ticarətinə daha çox üstünlük verir. Çek verməsələr də, bir manatın üstünə ƏDV gəlmirlər. Bu marketlər var ha, adamı göz görə-görə soyurlar. Gedirsən “Ramazan” çörəyi almağa, çəkisi 360-390 qram, qiyməti bir manat on qəpik. Hardasa bir kilosu üç manat otuz qəpik. Tarif Şurası bəs deyirdi ki, çörəyin qiymətini qaldırmaq olmaz. Bu qiymətə beş yarım “zavod” çörəyi almaq olar. Deməli “Ramazan” çörəyinin bir tonu, üç min üç yüz edir. Vay dədə, vay! Qaz vurub, qazan doldurmaq buna deyərlər, e.., cınqırını da çıxarda bilmirsən. Cınqırını çıxartmamaq üçün elə bil marketlərin hamısına “atanşik” duası yazıblar. Qaz demişkən, orada borulara elə hava vururlar ki, sən özündən çıxarsan, hava borudan çıxmır. Dörd saat gözləyirsən ki, sözün əsl mənasında bu zəhrimar qaz boruya nə vaxt dolacaq? Bu MTK-lardan heç danışmağa dəyməz. Pay sahiblərinə elə atırlar ki, əlin üzündə qalır. Elə oyunlardan çıxırlar ki, adam deyir bu nə oyundur düşmüşəm. Nazirlər Kabinetinin təsdiq etdiyi “Mənzil Məcəlləsi” onlar üçün tuneldən keçən qatara bənzəyir. Uzun fit verib tunelə girir. Ordada qaranlıq, zülmət. Paravoz işıqlarını yandırmasa elə bilirsən ki, sonsuzluğun içindəsən. MTK pay sahiblərinə yeriyən pul qabı kimi baxırlar. Nə isə MTK-lar atmaq üzrə rekord qırdıqlarına görə, onlardan ayrıca yazmaq lazımdır. Bu it-pişiyin idarəsi var, hə onu deyirəm. O idarə itlərə, pişiklərə atır. Şəhər doludur küçə itlərilə, pişiklərilə. İt kimisə qapır, pisiklər bit-birəni küçələrə doldurur. Hətta bəzi insanların bu küçə heyvanlarına yazıqları gəldiyi üçün onları yemləyirlər də. Daşdan səs çıxır, bu idarədən səs çıxmır. Onlarda şəffaf heç yoxdur. Bir dəfə mətbuata çıxıb demirlər ki, bu işləri gördük. Daha küçə itləri üstünüzə tullanmayacaq, sizi qapmayacaq. Əvəzində pul silmək üçün sovetlərdən qalan “pripiska”ları köhlən ata mindirib “Cıdır” düzündə cövlan edirlər. Kücələri işıqlandıran idarə küçə işıqlarına atır. Banklar müştərilərinə, müştəri də krediti ödəyə bilmədiyi üçün qaçıb gizlətməklə banka atır. Bulvar İdarəsi dənizə atır, sonra da gedib “Ağ şəhər”də altı-yeddi mənzil alır. Kənd təsərrüfatına su yönəldən idarə sahibkara göz-qaş eləyir ki, cibimi doldurmasan susuz qalacaqsan. Liftlərin tros idarəsi trosa atır. Hansını deyim? Bir sözlə athaatdı. Sən də deyirsən ki, dörd yüz manat maaş alan adam, necə min beş yüz xərcləyir? Hə, di bəsdir. Yazını bitirim, durum görüm mən də kimə atıram.
29.08.25
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Qədim zamanlarda bir ölkə qonşu ölkəni təhdid edir, hədələyirdi, getdikcə müharibə vəziyyəti yaranırdı.Bir gün təhdid olunan ölkənin padişahı vəzirinə deyir ki, gəl bir çıxaq camaatın içinə, görək xalq bu barədə nə fikirləşir? Vəzir cavab verir: -Qurban olduğum, əgər biz bu qiyafətdə xalqın içinə çıxsaq, hər kəs özünü qibleyi-aləmin yanında göstərmək üçün, deyəcək ki, sizin sayənizdə düşməni əzib keçərik. Padişah deyir: -Vəzir, sizə kim dedi ki, biz bu qiyafətdə gedəcəyik? …Nağıl dili yüyürək olar. Padişah və vəzir dərviş paltarı geyinib, gecə vaxtı çıxırlar şəhərə. Bir az getdikdən sonra görürlər ki, bir evdən işıq gəlir, qapını döyürlər. Qapını açan ev sahibi alt paltarda onların qarşısına çıxır və qəzəblə soruşur: -Nə istəyirsiniz? Padişah cavab verir: -Biz qərib dərvişlərik, gecələməyə yer axtarırdıq. Səni bu halətdə görüb daha heç nə istəmirik. Ev sahibi istehza ilə bunlara deyir: -Ayə, siz nə həyasız dərvişlərsiniz.-Onlar yola düşəndə hələ də kişinin səsi gəlirdi. – Gəlib gecə vaxtı insanları rahatsız edirsiniz. Bir az getdikdən sonra yenə işığı yanan bir ev gördülər. Qapını taqqıldatdılar. Bu dəfə qarşılarına döyüş geyimində, təpədən dırnağa qədər silahlanmış ev sahibi çıxdı: -Xoş gəlmişsiniz, ağa dərvişlər, – dedi, – mənə bir qulluğunuz. Padişahın yerinə vəzir dilləndi: -Ağa, biz qərib dərvişik, Allah xatirinə, bizi bir gecəlik qonaq edərsiniz? Ev sahibi güldü. -Nə ağa, məndən ağa çıxar, adi bir dulusçuyam. Allaha da qurban olum, onun qonağına da, keçin içəri. Otağa keçəndə ev sahibi lampanın işığını bir az da artırıb qonaqlara baxıb soruşdu: -Aclığınız varsa, deyim bir şey hazırlasınlar. Bu dəfə padişah cavab verdi: -Narahat olmayın, əxilərin yeməyi quru çörəklə sudur, onu da yemişik, içmişik. Birdən şahın gözləri divardan asılmış, dəridən hazırlanmış xəritəyə sataşır. Bu xəritədə düşmənin və öz ordusunun mövqeləri sərgilənmişdi. Düşmən mövqelərinə qara sap, öz mövqelərinə isə qırmızı sap keçirilimiş iynə sancılmışdı. Padişah əlini xəritəyə uzadıb soruşdu: -Bu nədir? Ev sahibi cavab verdi: -Qurban olduğum ağa dərviş! Allahdan gizlin deyil, sizdən niyə gizli olsun? Şəhərdə söz-söhbət gəzir ki, müharibə olacaq. Mən də bu xəritəni hazırlatdırdım, evə gətirdim. İynələri sancdım xəritənin üstünə. Düşündüm ki, əgər düşmən hücum edərsə, onun hansı cinahı zəif olarsa oradan hücuma keçək. Sonra isə qurd döyüş üsulu ilə onu mühasirəyə alarıq. Padişah baxdı ki, dulusçu müharibə aparmaq üsulunu əməlli-başlı bilir. Daha bir söz demədi, yıxılıb yatdılar. Səhər o başdan durub ev sahibinə təşəkkür edib saraya döndülər. Padişah qırmızı paltar geyinib taxta çıxaraq vəzirinə əmr verdi: -Get,dünən qapılarını döydüyümüz adamları gətir bura. Bir azdan hər ikisi padişahın hüzurunda idi. Dulusçu onu tanısa da məğrur durmağından qalmadı. O biri ev sahibi isə əsim-əsim əsirdi. Padişah ona qəzəbləndi: -Gəda, eşitdim, dünən gecə qapından iki dərvişi qovmusan, hətta arxalarınca istehza da etmisən. Kişinin ürəyi qorxudan ayaqlarının altına düşdü. -Qələt eləmişəm, qurban olduğum. Padişah əmr verdi: -Aparın ona on şallaq vurun. Mühafizəçilər kişini əngir-boyun eləyib sürüyə-sürüyə apardılar. Sonra üzünü dulusçuya tutdu. – A kişi, sən dulusçu ola-ola müharibə haqqında düşünürsən. Get dulusçuluğunu et də. Dulusçu təmkinini pozmadan cavab verdi: -Qibleyi aləm, axmaq olasan ki, bilməyəsən. Müharibə başlasa və məğlub olsaq, təkcə dövlətimizə ziyan dəyməyəcək, həm də mənim ailəmlə yanaşı hər bir ailəyə zərər dəyəcək. Dövləti qorumalısan ki, ailən də sakit və qorxusuz yaşasın. Padişah baxdı ki, dulusçu həm də adamı inandıra bilir. Əmr verdi: -Yaxşı get, səni hələlik tavaçı (əsgər toplayan) təyin edirəm. Dulusçu baş əyib çıxandan sonra vəzir soruşdu: -Qibleyi aləm, çox olmadı? -Yox çox olmadı, – padişah cavab verdi. – Biz birinci evə getdik, adam qabağımıza alt paltarında çıxdı. Deməli, bu adam nəinki dövlətini, heç ailəsini də qorumağa qadir deyil. İkinci ev sahibi isə bizi döyüş geyimində qarşıladı, evində də döyüş xəritəsi, qurd döyüş üsulu. Atalarımız, dədələrimiz buna Turan döyüş üsulu deyirdilər. Sonra padişah iki əlini də göyə qaldırıb dua elədi: -Tanrım, dövlətimizi əbədi yaşatmaq üçün bizi həmişə belə ailələrə möhtac eylə!