Evin qapısı cırıltı ilə açıldı. Astanada 60-65 yaşlı, saçı-saqqalı dümağ qoca kişi ilə təxminən eyni yaşda qadın göründü. Hər ikisinin bənizi solğun və dərin qırışlarla örtülmüşdü. Bulud kimi dolmuş gözlərində isə qəribə, çox qəribə bir sevinc işarırdı. Qoca üç pilləni asta-asta endi. Əlində bağ qayçısı, həyətdəki gül kollarına yaxınlaşdı. Yaşıl kolların üstündəki ağ, çəhrayı, qırmızı, sarı güllərə xeyli baxdı. Hiss olunurdu ki, təzəcə qönçə tutmuş gülləri dərməyə əli gəlmir. Qoca fikrindən keçənləri astaca pıçıldamağa başladı: – Necə qıyım sizə, necə dərim sizi qönçə-qönçə. Bu kolların qəlbini necə incidim, necə sındırım?- Ay kişi, cəld ol, gecikirik axı!?Qadının gözlərindəki bayaqkı o qəribə sevinc indi üzündə, dodaqlarında, elə səsində də görünməyə başlamışdı.Səsə fikirdən ayrılan kişi əlindəki bağ qayçısını yerə atıb, güllərin yanında torpağa bərkidilmiş taxta oturacaqda əyləşdi. Əlləri əsə-əsə siqaret çıxarıb yandırdı. Məlul-məlul qadının üzünə baxdı. Qadın bayaqdan əlləri qoynunda qapıya söykənmişdi, ərinin “gedək!” söyləyəcəyini gözləyirdi. Kişi:- Dünən bazardan aldıqlarını da götürdünmü?Qadın gözlərini, çöhrəsini çulğamış o qəribə sevinclə, o qəribə təbəssümlə izahat verməyə başladı.- Hə… Qırmızı atlas parçanı da, gül dəstəsini də, qırmızı ipək lenti də… hamısını götürdüm.- Gərək süni gül almayaydın, onun nə iyi olacaq?!- Yoox… indi hamı ad gününə süni gül bağlatdırır.- Yaxşı, sən hazırlaş, mən də bu güllərdən yığım, gedək!Qoca siqaretin kötüyünü yerə atıb, ayaqqabısının ucu ilə tapdaladı. Yaşına uyğun olmayan çevikliklə qayçını yerdən götürdü, gözəlliyi ilə göz oxşayan gülləri bir-bir dərib, oturacağın üstünə yığdı. Sonra onların artıq yarpaqlarını təmizləyib, böyük bir dəstə hazırladı. Dəstəni əlində neçə dəfə o tərəf-bu tərəfə çevirdi. İşindən məmnun adamlar kimi üzünü qadına tutub:- Hə, necədi? Yəqin özü bu dəstəni görsə, sinəsinə sıxıb, bəsdi deyincə qoxlayar! – dedi və gülümsündü.- İstəyirsən, qırmızı lent gətirim, bağla, lap gözəl görünsün!- Hə, gətir, gətir!Artıq o qəribə sevinc, qəribə təbəssüm qocaya da keçmiş, üz-gözünü bürümüşdü. Həvəslə həm bazardan aldıqları süni, həm də həyətdən topladıqları təbii gül dəstələrini qırmızı lentlərlə bəzədilər. Qadın hədiyyə olan çantanı, kişi isə gül dəstələrini götürüb, asta addımlarla həyətdən çıxdılar. Dinməz-söyləməz xeyli yol getdilər. Hərə öz aləmınə qapılmışdı. Bəzən öz-özunə gülümsəmələrindən, bəzən də, sadəcə, başlarını bulamalarından biss olunurdu ki, şirin xatirələri, ötən günləri yada düşüb.- Yadına gəlir, bir yaşının tamamında ayaq tutub yeridi.- Heç yadımdan çıxar? İlk addımını da elə mənə sarı atdı.Kişi gülümsündü.- Mənim ağzımcan hamı ona “Kişi bala” deyirdi. Day öz adın unutmuşdu. “Kişi bala” deyəndə dönərdi, baxardı, anlayardı ki, onu çağırırıq.- Həə… – qadın da gülümsündü: -Yadına gəlir, bir dəfə bərk xəstələndim, məni xəstəxanaya qoyduz, müalicə olunmağa. Sən gəldin dedin ki, hər gün sənsiz ağlayır, amma sənin çarpayına qoyan kimi, balışını qoxlayıb yatır.- Onda neçə yaşı vardı?- 4 yaşı… Kişi, saata bax, birdən hamı toplaşar, biz gecikərik!- Yox, əşşi, qohum-əqrəba bu tezliklə yığışmaz.Yenə də susdular. Yenə də hər kəs öz aləminə qapıldı. Yanlarından ötənlərin salamına bəzən cavab verir, bəzən cavab verməkdə gecikir, bəzən salamı heç eşitmirdilər də.- Hələ xeyli yol var! Gərək maşın çağıraydıq.- Yox, belə yaxşıdı, söhbət yolu qısaldır.Bu dəfə qadın həvəslə danışmağa başladı:- Bir dəfə qonaq otağını təmizləyirdim. O da diqqətlə mənə baxırdı. Divanı, çarpayını səliqəyə saldıqca, görürdüm ki, öz-özünə nəsə danışıb, ləzzətlə gülür. Soruşdum: “Ana qurban, nə deyirsən, bərkdən de, mən də gülüm”. Nə cavab versə yaxşıdı? Dedi ki, “Ana, mən arvad alanda o çarpayıda yatacayıq, bəs uşaq olanda o harda yatacaq, divanda?”Hər ikisi ucadan güldülər.- Onda neçə yaşı vardı?- Onda 2-ci sinifdə oxuyurdu. Kiçik toyu olanda qohum-əqrəba o qədər zarafatlaşmışdılar ki, bir bəftəyə-zada böyük toy eləyib, ona arvad alacaqlar. – Yenə güldülər.- Bir gün gördüm ki, maşının başına hərlənir, sağına baxır, soluna baxır. Dedim, a bala, nə axtarırsan? Dili dolaşa-dolaşa qayıtdı ki, ay ata, qoy aparım maşını çaylaqda yuyum, yaman çirklənib. Düzü, maşın elə çirkli deyildi, amma dedim apar. Nə isə, günortadan yuyulmağa gedən maşın, bir də gecəyarı gəldi. Özü də yuyulmamış.- Hara getmişdi ki?- Əsgərlərlə hərbi hissəyə mərmi daşıyırmış! Özü boynuna almadı. Amma hissənin komandiri ilə təsadüfən rastlaşdıq, söhbət əsnasında dedi ki, sursat daşımaq üçün yük maşınımız çatmırdı. Çox sağ olsun, oğlun tez özünü çatdırdı. Sursatın yığılmasına da, daşınmasına da xeyli kömək etdi… Əziyyəti o çəkdi, təşəkkür mənə çatdı.Kişi əlinin içi ilə alnından saçlarına qədər bir sığal çəkdi. Fəxr ilə dönüb arvadının üzünə baxdı və başını dik tutaraq addımlarını bir balaca yeyinlətdi.- Kişi, yadına gəlir, bir dəfə evin böyrünə qoyduğun çəndən 100-150 litr dizel yanacağı yoxa çıxdı? Guya ki, axmışdı, – gülümsündü – səni hirsləndirməkçün elə dedik.- Bəs onda yanacaq necə olmuşdu?- Hə… o vaxt rayonu ermənilər işğal eləyəndə, çaşqınlıqdan əhali hara gedəcəyini, nə edəcəyini bilmirdi. Gəlib bizim kənddə, yolun kənarlarında çadırlar qurmuş, ağacların kölgəsində daldalanmışdılar. Oğlun da sənin o bir heylə yanacağını təmənnasız-fılansız paylamışdı ordakılara! Amma meyvə məsələsini sənə dedi, elədi?- Hə… Allah erməniyə lənət eləsin, hər il bağımızdan, yalan olmasın, tonlarla nar, pırnıx, alma, armud yığıb satardıq. O ili də ağaclar yaman bar gətirmişdi, burun-budağı yerə dəyirdi. Gəldi ki, ay ata, kəndimizdəki hərbi hissəyə, bir də qonşu kənddəki hərbi hospitala bir az meyvə aparmaq istəyirəm. Mən də fikirləşdim ki, hər meyvədən uzaqbaşı 1-2 vedrə aparar (ikisi də gülürlər). Axşam işdən dönəndə nə görsəm yaxşıdı, bağa elə bil süpürgə çəkiblər. Sən demə kəndə nə qədər köçkün ailəsi pənah gətiribsə, onlara da meyvə payı gedib.- Amma öz aramızdı, yaman əsəbiləşmişdin, üzə vurmadın.- Özümü ələ aldım, amma bir az kinayəli soruşdum ki, a bala, meyvə yığdırmağa gətirdiyim 3 fəhlə meyvələri 2-3 günə dərib qurtarır, sən tək bunu bir günə necə qurtara bildin? Dedi: “Ay ata, narahat olma, əziyyət çəkmədim. Şakir, Maarif, Musa, Elşən kimi dostlar sağ olsun. Elə onlar kömək etdilər tez yığdıq, apardıq, bizə o qədər alqış elədilər ki”.- Uşaq gördüyü işdən necə razı qalmışdısa, səsindəki o kinayəni də hiss eləmədi. Bir sevinirdi ki… Həm də inanmırdı ki, sən onun bir sözünü iki edəsən.- Bilirsən mən niyə hirslənmişdim?- Niyə?- Fikrim vardı, meyvələrin puluna 5-6 qoyun alım, buraxım həyətə, qışa qədər kökəlsinlər. Allah qoysa, ya dekabrda, ya da yanvarda həyətimizdə gözəl bir toy vurduraq ona.- Əşşi, sən də… Onda onun 23 yaşı vardı, heç o yaşda da uşaq evləndirərlər?- Bura bax, ay arvad, evləndirməzdilərsə əgər, onda niyə o çamadanda, sandıqda boş yer qoymamışdın, hamısını doldurmuşdun? Gəlinə nə lazımdır alıb yığmışdın. Mən də istəyirdim də nəsə eləyim!- Yaxşı-yaxşı, çoxunu mən yox, bacıları almışdılar. Hərəsi bir qız gözaltı eləmişdi qardaşına. Qardaşın heç fıkrin soruşan yox idi ki, a bəy, bu qızı bəyənirsən, ya yox! Böyük bacı gözaltı elədiyi qıza uyğun, balaca bacı isə öz gözaltı elədiyi qıza uyğun paltarlar, kostyumlar alırdılar (gülürlər).- Heç “bəy” evdə tapılırdı ki, söz də soruşsunlar. Nə vaxt soraqlasaydıq, əsgərlərin yanında, mövqelərdə, səngərlərdə.- Bura bax, bura bax, yadına gəlir, bir dəfə səngərə gedəndə, erməni gülləsi gödəkçəsini deşib keçmişdi? Şükür ki, dəyməmişdi.- Hə, tez gedib bazardan bir qurbanlıq qoyun aldım. Fuğara babanın ocağında kəsmək üçün!- Yadımdadı, səhər durub gördük ki, həmin qoyun ölüb! Qurbanlıq qoyun ölüb! Bu, görünməyən iş idi. Qonşu Gülxara, rəhmətlik bizə gəlmişdi, qurbanlığın öldüyünü bilən kimi “Allah, sən saxla” deyə-deyə, yemək yemədən, çay içmədən çıxıb getdi.- Başımız söhbətə necə qarışıbsa, gəlib çatdığımızdan xəbərimiz olmadı.- Deyəsən bizdən başqa heç kəs gəlməyib.- Belə yaxşıdı. Balamızla ürəkdən qucaqlaşıb-görüşərik, istədiyimiz qədər söhbətləşərik, dərdimizi danışarıq.- Gəl, bəlkə də bizi gözləməkdən yorulub, darıxıb! Anan ad gününə qurban!- Odey, özü də göründü! Qocaların gözündəki o qəribə, qeyri-adi sevinc elə bil bir az da artdı, aydınlaşdı. O aydınlığın içində fərəh, fəxr, həsrət, məyusluq, sevinc, kədər… hər şey, hər şey vardı.Qarşıda isə lal sükuta qərq olmuş qəbiristanlıq görünürdü… Qırmızı lentlərlə, buket və əklillərlə bəzədilmiş hündür, qara mərmərdən həsrətlə yollara baxan çatmaqaşlı, iri ala gözlü bir oğlan boylanırdı…
İki il olardı tez-tez Azərbaycan Tibb Universitetinin auditoriyalarında və tədris korpusunda əlində iş çantası yaraşıqlı, zövqlə geyinmiş, saçlarına dən düşmüş bir kişiyə rast gəlmək olurdu.Tibb elminə verdiyi töhfə, yazdığı çoxlu sayda elmi əsərləri, monoqrafiyaları nəzərə alaraq elmi şura ona professor vəzifəsini vermişdi. Universitetdə Anesteziologiya elmindən mühazirələr oxumaqla yanaşı, yeni tikilmiş cərrahiyyə xəstəxanasında cərrah işləyirdi. Ürək,damar xəstəliklərindən başqa yerdə qalan əməliyyatların öhdəsindən bacarıqla gəlirdi. Kim idi bu professor? Professorun adı Rauf Məmməd oğlu Quluzadə idi. Bu həmin Rauf idi, düz 20 il bundan əvvəl atası ilə dalaşandan sonra təyyarə ilə Moskvaya uçmuşdu. Onu bura Almaniyadan Universitetin yeni rektoru dəvət eləmişdi.
Raufu Domodedovo aeroportunda tələbə yoldaşı və dostu Rəşad həkim qarşıladı. Köhnə dostlar möhkəm qucaqlaşdılar. Hər ikisi ayrılaraq bir-birinə bir dəqiqəlik baxış keçirdilər. Rəşad həkim Raufa:
-Yox, maşallah yaxşı qalmısan. Bu subaylığın əlamətidir. Ailə qayğısı məni qocaldıb.
–Elə demə sən də yaxşısan. Necəsən, uşaqlar, xanımın necədir?
–Heç nə deməyəcəm, indi gedərik görərsən.
–Yox Rəşad uşaqlara əziyyət vermək lazım deyil. Əvvəlcə otellərin birinə gedib mənə yer alaq. Sonra sizə gedərik.
–Rauf sənin başın xarab olub, nədir. Deyəsən, ikimizin də azərbaycanlı olduğumuzu unutmusan.
Onlar gəlib Rəşadın qara rəngli cip Mesedes maşınına oturdular.Aeroportdan şəhərə bir saata,oradan elə Rəşadın evinə də bir saata gəldilər. Rəşad həkim yeni tikilən 30 mərtəbəli yaşayış evlərindən ev almışdı. Həkimlik hər yerdə gözəl sənətdir. Onların qazancı daimidir. Yaxşı həkim olub ad çıxarandan sonra pul öz-özünə axır. Geniş işıqlı otaqlar yaxşı təmir olunmuşdu. Rəşad:
Bunların hamısı bizimkilərin əl işidir.Xəstələrimin çoxu azərbaycandan gəlir. Rauf Rəşadın xanımı, uşaqları ilə görüşdü. Xanımı rus milləti olub, həkim idi. Bir oğlu, bir qızı vardı. Qəribə idi qız atasına,oğlan isə anasına oxşayırdı. Sapsarı yumşaq saçları vardı. Anası kimi onun da qaşları, kipriyi kürəndi. Üzü, boğazı, sinəsi xırda çillərlə doluydu. Elə Rəşad özü də yaraşıqlı kişilərdən deyildi. Balacaboy, arıq, geniş alınlı çox çevik adamdı. Gözlərinə taxdığı qalın şüşəli eynəyin ölçüsü bəlkə də 6 olardı. Rəşad universiteti bitirən kimi bura gəlmişdi. Tez evlənmişdi. Düzdür, Raufdan iki yaş böyük idi, amma heç nə itirməmişdi.
Onlar böyük otaqda ikisi oturmuşdu. Rəşad qədəhini qaldırıb:
-Hə Rauf, bizim evə xoş gəlmisən. Mənim vəziyyətimlə tanış oldun. İndi özündən danış.
Rauf arağını içəndən sonra Rəşadla ayrılan vaxtdan bu günə kimi olanları danışdı. Onu dinləyən Rəşad həkim:
–Rauf, sən düz eləmisən bura gəlmisən. Sənə şəhərin mərkəzində olan özəl, həm də məhşur klinikaların birində iş tapacam. O xasiyyətnamə ilə səni hər yerdə işə götürəcəklər. Burdan ev alarsan. Buralarda o qədər azərbaycanlı var biri ilə qohum olarsan.
-Yox qardaşım sən deyənlərin heç birisi mənlik deyil. Bura gələndə özümə söz vermişəm ki, bundan sonra qalan ömrümü elmə sərf edəcəm. Moskvada o qədər də qalmayacam. Son illər məni cərrahlıqdan çox anestezioligiya elmi daha maraqlandırır. Bu yaxınlarda bizim akademik Mustafa bəy Topçubaşov haqqında yazılmış kitab əlimə keçmişdi. Əşi həkim elə olar.Deyirəm insanda nə qədər enerji olarmış. Onun tibb elminə verdiyi faydalar hələ uzun illər yaşayacaq. Onun hippokrat andı da tamamilə fərqlidir. Hələlik kirayə evdə qalıb, işləyə – işləyə aspiranturanın axşam şöbəsinə daxil olub namizədlik dissertasiyası yazacam. Sonra Almaniyaya gedib orada anesteziologiya elmini öyrənəcəm. Elm və texnologiyaların inkişafı özləri ilə yeni xəstəliklər meydana gətirib. İndi köhnə üsullarla işləmək olmur. O ki, evlənmək məsələsinə bu heç vaxt olmayacaq. Annadan sonra bədənimdə elə bir boşluq əmələ gəlib və boşluğu heç bir qadının sevgisi doldura bilməz.
Kirayə ev məsələsi tez düzəldi. İş məsələsi bir aydan çox çəkdi. Demişdik Rəşad həkim çox çevik adam idi. Moskvadakı Azərbaycan diasporasının və səfirliyinin köməkliyi ilə şəhərin mərkəzində olan məhşur klinikaların birində Raufu işə düzəltdi. Raufun savadı və bacarığı onu tez məhşurlaşdırdı. Yeni dərs ili başlayanda qəzetlərdə verilən elanlara əsasən imtahan verib İvan Mixayloviç Seçenov adına Birinci Moskva Tibb Akademiyasının aspiranturasının axşam şöbəsinə daxil oldu. Elə oxuya – oxuya Akademiyanın elmi şurasına müraciət edib namizədlik dissertiyası üçün mövzu götürdü. Ona mövzu verdilər. Elmi rəhbər təyin elədilər. Rauf qarşısına qoyduğu birinci məqsədinə çatmaq üçün beş il vaxt sərf elədi.
Rauf özünü unutmurdu. Bakıda olduğu kimi burada da yaxşı qazanırdı.İşlədiyi klinika məhşur olduğundan Rusiyanın, habelə MDB ölkələrindən imkanlı adamlar gəlib burada əməliyyat olunurdular. Raufun savadı,bacarığı və habelə əməliyyatın ağırlığından qorxmazlığı onu irəli aparırdı. İş günləri işləsə də şənbə bazar günləri onun özünün idi. Ev işlərinə, xörəklərin bişirilməsinə xidmətçi qadın baxırdı.Həmin günlərdə yeni dostlar, tanışları ilə ən yaxşı restoranlarda axşamlar istirahət edərdi. Rəşad həkimlə dostluğu daha möhkəmlənmişdi və vasitəsi ilə burada yaşayan çox saylı azərbaycanlıların bəziləri ilə tanış olmuşdu. Anna ilə 6 aydan şox davam edən tanışlığı burda daha çox köməyinə gəlirdi. Onun həyatında qadınlar olurdu. Ancaq bu tanışlıq çox uzun çəkmirdi. 5 il ərzində məzuniyyətindən faydalı istifadə etmişdir. Demək olar Avropanın bütün böyük şəhərlərinə səyahət edib oralarla tanış olmuşdu. İlk illərdə Rauf özününkülər üçün çox darıxırdı. Əsasən də anası üçün. Anası sonbeşik olduğu üçün onu çox istəyirdi. Dəfələrlə telofonu əlinə alıb anasına zəng etmək istəmişdi. Ancaq son anda atasının hərəkəti yadına düşürdü və fikrindən daşınırdı.
O darıxmaqla mübarizə apardı və özü öz üzərində qələbə çaldı. Maraqı burasında idi, onunkular da onu axtarmırdı. Yəqin onun harada olduğunu bilmirdilər. Rauf birinci məqsədinə çatmışdı. İndi o Tibb elmləri namizədi alim idi. Onun elmi məqalələri mötəbər tibbi jurnallarda nəşr edilib bütün ölkəyə yayılırdı. Qalırdı ikinci arzusu. Bir dəfə isti yay günlərində Rəşad həkimin ailəsi birlikdə yaxşı bazarlıq edib Moskva ətrafındakı göllərin sahilində istirahət edirdilər. Rəşad həkimin xanımı yaxşı süfrə açmışdı. Onlar da kabab bişirəndən sonra gəlib əyləşdilər. Uşaqlar göldə çimirdilər. İndi böyümüşdülər. Elə burada ikinci arzusunu yenidən dostuna söylədi.
–Mən sənə demişdim axı anesteziologiya məni cox maraqlandırır. İstəyirəm Almaniya gedib bu ixtisasa yiyələnim. Almaniyada bu elm daha yaxşı inkişaf edib. Bu elm haqqında kitab yazmaq istəyirəm. Elə bir kitab ki, bütün dünyanı dolaşsın. Tələbələr, müəllimlər ondan dərslik kimi istifadə etsin. Mən özümə inanıram. Bilirəm bu işin öhdəsindən gələ biləcəm. Rəşad həkim də öz növbəsində dostunun bu fikrini bəyəndi.
–Get qardaş. Əslində mən də səninlə gedərdim. Amma bilirsən də mən ailəliyəm. Uşaqlar burda oxuyur. Sənin isə belə problemin yoxdur. Tək adamsan. Burda yaşadığın kimi orda da asanlıqla yaşaya bilərsən. İngilis dilini öyrənmisən, alman dili ondan qat-qat asandır. İnanıram sən bu işin öhdəsindən gələ biləcəksən.
O gündən sonra iki dost birlikdə bu işlə məşğul oldular. Almaniyaya necə getmək, hansı şəhərdə iş tapmaq, bunun üçün hansı sənədlər lazımdır. Hamısını öyrəndilər və əldə etdilər. Rauf Bakıdan gətirdiyi pullara toxunmamışdı, əksinə bu beş il ərzində həmin pulları artırmışdı.
Moskva şəhəri. Şeremetyovo aeroportu. Düz beş il bundan əvvəl Raufu qarşılayan Rəşad həkim indi onu Almaniyaya yola salırdı. Təyyarə onu Almaniyanın Köln şəhərinə aparacaqdı. Təyyarəyə minik başlamışdı. Dostlar axırıncı dəfə salamlaşıb qucaqlaşıb ayrıldılar. Üç saat yarımdan sonra o əvvəlcədən sifariş verib bron etdiyi mehmanxananın nömrəsində idi.
Köln şəhəri. Almaniyaniyanın əhalisinin sayına görə 4-cü, sahəsinə görə isə 3-cü şəhərdir. Şəhərin tarixi çox qədimlərə bizim eradan əvvəlki illərə gedib çıxır. Artıq milyonluq şəhərdir. Əhalisinin əksəriyyəti alman olsada burada türklər də çoxdur. 6,6 %.Almaniya Federativ Respublikasının keçmiş paytaxtı Bonn şəhərinə yaxın olduğundan inzibati idarələrin binalarını bu şəhərdə yerləşdirmişdilər.
Rauf digər mühacirlər kimi ilk mərhələni keçəndən sonra şəhərin aparıcı klinikalarının birində işə düzəlib burada ömrünün 13 ilini işlədi. Bu on üç ildə Rauf nə yedi, nə içdi, hansı adamlarla, haraları gəzdi ondan danışmayacağıq.
Ali təhsili, elmi dərəcəsi, bir neçə dil bilən Rauf alman dilini tez öyrəndi. Xəstəxananın klinikasının müvafiq şöbəsində daha 5 il tam ştatla işləyərək fəaliyyət göstərdi, bütün anesteziya metodlarına və intensiv terapiya tədbirlərinə səlis yiyələndi. Tələb olunan sayda bütün anesteziya və reanimatoloji tədbirləri, intensiv terapiya metodlarını sərbəst icra edə bilirdi. Sonra mütəxəssisliyə iddiaçı kimi müsbət xasiyyətnamə əsaasında Həkimlər palatasında imtahan vermək üçün qeydiyatdan keçərək imtahanı müvəffəqiyyətlə verib anestizioloq diplomuna layiq görüldü. Bu illər ərzində 2500-dən çox insana anesteziya və reanimatoloji tədbirlər yerinə yetirdi.
Ayrı-ayrı illərdə qonşu ölkələrə Avstriyaya, İngiltərəyə, Amerikaya səfərlər edib bu işin o ölkələrdə necə təşkil edilməsini öyrəndi. Neçə illərdən bəri arzusunda olduğu kitabın yazılmasına başlamışdı. Kitabın adı sadə idi, yalnız bir sözlə ifadə edilirdi. Anesteziologiya. Ayrı-ayrı hissələri haqqında dövri mətbuatda yazıları gedirdi.Nəhayət, Rauf Almaniyaya gəlişinin on illiyində bu kitabı yazıb qurtara bildi. Kitab üç hissədən ibarətdir. Birinci hissədə anesteziologiyanın tarixi, vəzifələri müalicə metodları, dərmanları göstərilmişdi. Kitab çox mükəmməl yazılmışdı və ictimaiyyət arasında yaxşı qarşılandı. Həkimlər palatası ondan dərslik kimi istifadə edilməsinə icazə vermişdi. Tezliklə müxtəlif dillərə tərcümə edilib nəşr edildi. Köln Tibb Universtetinə mühazirələr oxumağa dəvət etdilər. Bu vaxtilə əyalətdən gəlib Bakıda təhsil alan azərbaycanlı balasının qələbəsi idi. Onun sinəsi sevinc hissi ilə dolmuşdu. Sevincini kimlərləsə bölüşmək istəyirdi. Amma o tək idi. Yadına Annası, qohumları düşdü. Kədərləndi. Annanın qaytardığı üzüyü həmişə cibində gəzdirirdi. Hərdən boş vaxtlarında üzüyü cibindən çıxarıb dəqiqələrlə tamaşa edərdi. Daha iki il keçdi. Bir dəfə ona xəbər verdilər. Sizi aşağıda foyedə bir qadın gözləyir. Liftlə aşağı düşdü. Onlar üç nəfər idi. İkisi qadın, biri cavan oğlandı. Qısa tanışlıqdan sonra Azərbaycan televiziyasından gəldiklərini, onunla söhbət etmək istədiklərini və bunun üçün heç olmasa bir – iki saat vaxt ayırmasını xahiş etdilər. Görüşə razılıq verən Rauf onun yerini və vaxtını da özü dedi. Alman dəqiqliyi Raufa sirayət eləmişdi. Deyilən vaxtda qonaqlarını götürüb sifariş verdiyi Reyn çayında üzən gəzinti gəmilərinin birində oturdular. Belə yaxşıdır dedi. Həm söhbət edərik,həm də şəhərə tamaşa edərik. Ancaq söhbət zamanı məlum oldu, gələn qonaqlar AzTV-dən yox, Xəzər televiziyasındadır. Qadın isə Səni axtarıram verilişinin müəllifi və aparicısı Xoşqədəm xanım Hidayətqızıdır. Məsələ belə olmuşdur. Anası, bacı, qardaşları onu həmişə axtarmışlar. Ancaq məsələ hər dəfə ciddiləşəndə Məmməd kişi işə qarışıb icazə vermirmiş.
–Dəymiyin, qoy canı çıxsın. Bilsin tək qalmaq nədir. Harda olsa yenə yanıma qayıdıb gələcək. Atan vəfat edəndən sonra Bakıya gəlib səni axtarmağı məndən xahiş etdilər. Düz bir ildir səni axtarıram. Təsadüfən rastlaşdığım Rəşad həkim mənə kömək elədi.Sənin Almaniyada Köln şəhərində yaşadığını,işlədiyin klinakanın ünvanını verdi. Almaniyadakı səfirliyin işçiləri sağ olsun. Orada Sizi tanıyırlar. Bax bu qız bələdçi, bu oğlan isə sürücüdür. Gəlib sizi tapdıq.
Məmməd kişi səhv eləmişdi.Deyirlər ölümqabağı bir neçə gün xəstə yatır. Evdəkilərə deyir ki, mənim çarpayımı elə qoyun qapı açılanda içəri girəni görüm. O Raufu gəzləyirdi. Rauf da Rauf idi. O qayıdıb gəlmədi. Qarşısına qoyduğu məqsədə çatmaq üçün bütün əziyyətlərə sinə gərdi. Yaşamaq üçün onun hər cürə şəraiti var. Yazdığı kitab neçə dillərə tərcümə edilib. Rauf doğmalarını az da olsa qınadı. İndi bunların əhəmiyyəti yoxdur. O vaxtdan neçə illər keçib. Hər şey yaxşı olsa da mən tək qalmışam. İki saat çəkən gəzinti və nahar başa çatdı. Rauf onları evinə dəvət elədi.Bura ev deyildi, əsl kitabxana idi. Hamısı da elmi kitablar.Amma hər yerdə alman səliqəsi, təmizliyi vardı. Xoşqədəm xanım
–Bəs vətənə qayıtmaq fikriniz yoxdur.
–Mənim burda işim, universitetim, tələbələrim, dostlarım var. Vətəndə bunları haradan tapacam.
-Doğmalarına nə deyərdiniz. Mən anam üçün həmişə darıxmışam. Ancaq ordan birdəfəlik çıxmışam. Gəlib görmək istəyirlərsə gəlsinlər. Gözüm üstə yerləri var.
Xoşqədəm xanım onun haqqında əlavə məlumatlar toplayıb gözəl bir veriliş hazırlamışdı. Raufun qohumlarını studiyaya dəvət eləyib hazırladığı verilişi onlara göstərdi. Bütün veriliş boyu ana, bacılar, qardaş hamısı ağlayırdı.
Amma 1998-ci ildə Bakıdan Moskvaya uçan Rauf 18 il sonra 2016-cı ildə vətənə qayıtdı. Bu belə olmuşdu. Xaricdə yaşayan azərbacanlılarla işlər komitəsi, səfirlik, Almaniyada yaşayan azərbaycan diasporasının üzvləri ilə görüş təşkil eləmişdi. Nümayəndə heyətinin tərkibində olan Tibb Universtetinin rektoru Həsənzadə diasporanın rəhbərinin onlara təqdim elədiyi adamlar haqqında məlumat verəndə Raufun barəsində çoxlu xoş sözlər söylədi. Yazdığı kitab haqqında məlumat verdi. Akademik Həsənzadə də uzun müddət Moskvada işləyəndən sonra vətənə qayıtmışdı.O Rauf müəllimlə yaxından tanış olur, xeyli söhbət edirlər. Rauf alman, ingilis və rus dillərində olan kitablarından bir neçəsini ona hədiyyə edir.
Akademik Həsənzadə Bakıya qayıdandan sonra Raufun kitabını azərbaycan dilinə tərcümə etdirib, lazımi razılıq alandan sonra tibb elminə və xalqımıza şöhrət gətirən Raufu universitetə dəvət edir. İndi Rauf iki ildir burdadır. Əvvəl İşlərini qaydasına qoyandan sonra kəndə gedib bir həftə orada qaldı. Köhnə iş yerinə də baş çəkdi. Tanıdıqlarından lap az adam qalmışdı. Ürəyi əsə-əsə Annanın iş yerinə getdi. Bəlkə rastlaşardılar. Bu arzusu baş tutmadı. Məktub verdiyi qız, Nazik adlandırdıqları həkim orada idi. Onlarla görüşdü. Əvvəlcə qızların hər ikisi onu tanımadı.Tanıyandan sonra məktub verdiyi qız:
–Məktubunuzu Anna xanıma verdim. O da qəbul elədi. Nazik daha çox məlumat verdi.
–Siz gedəndən sonra Annanın bir qızı dünyaya gəldi. Ondan üç il sonra Anna burdan işdən çıxdı. Dedilər ərə gedib və biz bir daha ondan xəbər tuta bilmədik. Qızlar yaman sevinirdi. Nazik:
-Bəs Siz necə, doktor, evlisiniz? Rauf nədənsə burada izahlı cavab verməyi lazım bildi.
Yox evli deyiləm. Annadan sonra heç kimi sevə bilmədim-dedi.
Universitetdə işləri yaxşı gedirdi. Elə şəxsi həyatı da pis deyildi. Yeni tanışları yaranmışdı. Yeni tikilmiş binalardan birində üç otaqlı evi, maşını vardı. Subay olsa da bu ona çətinlik gətirmirdi. 53 yaşı olmasına baxmayaraq əvvəlki kimi yaraşıqlı, sağlam və gümrah idi.
Bir dəfə universitetdən çıxıb evə gedirdi. Giriş qapısının yanındakı köşkdən qəzet alanda yaxınlıqdakı dördkünc reklam lövhəsindəki elan onun nəzərini cəlb elədi. Yaxınlaşıb elana baxdı. Opera balet teatrının elanı idi. Ayın onunda teatrın səhnəsində ayrı –ayrı baletlərdən parçalar olacaqdı. Sonra ifaçıların adı gəlirdi.
–Ölən qu quşu – gənc aktrisa Quluzadə Sabina Raufovna. Rauf gözlərinə inanmadı. Əlləri əsə – əsə barmaqlarını yazının üstünə qoyub yenidən oxudu. Düz oxumuşdu. Bu ad 20 il bundan əvvəl Annaya yazdığı məktubdakı ad idi. Əlini uzadıb qalstukunu, köynəyinin yaxasını genişləndirdi. Ağacların altında qoyulmuş oturacağa yaxınlaşıb oturdu. O illəri yadına saldı. Anna:
–Rauf bizim qızımız olacaq.
–Sən nə bilirsən qızımız olacaq?
-Anam deyir bizim nəsildə həmişə qız uşaqları dünyaya gəlir. Axı o özü də belə yazmışdı. Qızımızın adını ..
Yox bunu aydınlaşdırmaq lazımdır. Mən mütləq o qızla görüşməliyəm. Əlini cibinə salıb nişan üzüyünü çıxardı, bir az baxıb cibinə qoydu. Durub yenidən elana baxdı. Bu gün ayın yeddisidir. Hələ üç gün var. Maşına minib İnqilab küçəsindəki ASAN xidmətdən tamaşaya bilet aldı.
Raufun fikirləşdiyinin əksinə olaraq zalda adam çox idi. Azərbaycan elitasında dəyişikliklər olmuşdu. İmkanlı adamlar ailəsi ilə axşamlar gəlib belə tamaşalara baxırdılar. Rauf səbirsizliklə Sabinanın çıxışını gözləyirdi. Gül mağazasında çox bahalı gül çələngi hazırlatdırıb yanında saxlayırdı. Nəhayət, tamaşa başladı. Sabinanı lap axırda dəvət etdilər. Bu rəqs məşhur balerina Anna Pavlova üçün yazılmışdı. Ona uğur gətirən bu kiçik səhnəciyi Anna Pavlova 4000 dəfə ifa etmişdi. Sonralar həmin ənənəni Maya Plisetskaya, Qalina Ulyanova davam etdirmişdi. İndi Sabinanın ifa edəcəyi səhnəcik cəmi iki dəqiqə yarım çəkir. Tamaşa qurtaranda hamı ayağa qalxıb onu alqışladı. Rauf gül dəstəsini onun otağına göndərə bildi. Otağına qayıdan Sabina gül dəstəsini görəndə çox xoşuna gəldi. Kimdən gəldiyini oxuyanda məəttəl qaldı. –Belə çıxır ki, gülü göndərən mənim atamdır. Axı mənim atam yoxdur. Hər dəfə atamı soruşanda anam deyirdi:
— Sabina sənin atan vəfat edib.
Bir azdan onun otağına iki qadın girdi. Bunlardan biri nənəsi Elvira İvanovna, o birisi anası Anna Andreyevna idi. Sabina onları görəndə
–Ana, nənə görürsən mənə nə gözəl gül dəstəsi göndəriblər.
–Hə qızım doğrudan da gözəl gül dəstəsidir.
–Amma göndərənin qəribə adı, soyadı var. Sonra ad yazılmış açıqcanı ona verdi.
–Gözəl Sabinaya. Professor Rauf Quluzadədən. Anna da Rauf kimi əvvəl gözlərinə inanmadı. Yenidən oxudu. Bir anlığa halı pisləşdi. Tez keçib oturdu. Deməli Rauf sağdır. Özü də Bakıdadır. Gör neçə il keçib. 20 il – deyə öz sualına özü cavab verdi. On dəqiqədən sonra onlar otaqdan çıxdılar. Annanın göstərişi ilə gül dəstəsini də maşına apardılar. Gec də olsa Sabinananın uğurlu çıxışını evdə süfrə başında qeyd etdilər. Sabina otağına keçəndən sonra Anna anasına
–Ana Sabinanın atası Rauf Bakıdadır. Bu gül dəstəsini də o göndərib.
–Kimi deyirsən. Rauf. Sənə deməmişəm onun adını mənim yanımda çəkmə.
–Ana niyə elə deyirsən, Mən də sənə neçə dəfə demişəm Raufun bu işdə günahı yoxdur. Sadəcə mən hövsələsizlik etdim. Gərək üzüyü qaytarmayayadım.
Elvira İvanovna yaxşı qalmışdı. Yaşı 70-dən yuxarı olmasına baxmayaraq yenə əvvəlki işlərini əllərində saxlayırdı. Tamaşaların hazırlanmasında, premyerasında, şagirdlərin məktəbə qəbulunda, eləcə də buraxılş imtahanlarında münsiflər heyətinin üzvü kimi iştirak edirdi. Eldar Qasanoviç artıq həyatda yoxdur. Vəfat edəndə var-dövlətinindən ona da pay verilməsini vəsiyyət etmişdi.
Annanın həyatı isə o qədər də yaxşı alınmamışdı. Raufun yanından çıxanda öz şöbələrində huşunu itirib yıxılandan sonra bir müddət xəstəxanada müalicə olunub işinə qayıtmışdı. İşdə Raufun məktubunu ona vermişdilər. Rauf Annanı bütün qəlbi ilə sevdiyini, işin belə alınmasına görə bu şəhərdən baş götürüb getdiyini və gələcəkdə heç bir qadınla ailə qurmayacağını yazırdı. Axırda xahiş edirdi qızının adını Sabina qoysun. Annanın qızı anadan oldu və o Raufun xahişini yerinə yetirdi. Qızının adını Sabina qoydu. Bəzi rus qadınları kimi etməyib hətta soy adını da Quluzadə yazdırdı. Sabinanın üç yaşı tamam olmuşdu. Bir dəfə onun işlədiyi şöbəyə ağır xəstə gətirdilər. Növbədə Anna idi. Onun adı Çarli familiyası Viliam. O BP şirkətinin işçisi olub dənizdə quraşdırılmış kəşfiyyat qazma qurğusunda imiş. Dəmir pilləkənlərlə hərəkət edən Çarli ehtiyyatsızlıqdan yıxılır və yerdə olan nazik dəmir qırıntısı qarnını deşib arxadan çıxır. Yaxşı ki, böyrəyi zədələnmir. Anna onu əməliyyat edərək xilas edir. Təxminən bir ay xəstəxanafda qalır. Anna ingiliscə yaxşı danışa bildiyindən tez-tez söhbət edirlər.Aralarında yaranan ünsiyyət sonralar da davam edir. İki il Bakıda qalandan sonra İngiltərəyə köçürlər.Ancaq üç ildən sonra Anna qayıdıb gəlir. Səbəb bu olur. Anna:
–Burdan getdiyim bu üç ildə Çarlini cəmi üç dəfə görə bildim. İngiltərədə olanda Çarli BP şirkətinin bütün dünyaya səpələnmiş obyektlərində aylarla, illərlə ezamiyyətdə olurdu. Gələndə də pullar necə olub, nəyə xərcləmisən gərək ona hesabat verəsən. Mənə elə ər lazım deyil – demişdi.
Sabina böyüyürdü. 8 yaşına çatanda onu xereoqrafiya məktəbinə qoydular. Sabina yaxşı şagird oldu və nəticəsini bu gün gördük.
Rauf geri çəkilmirdi. Bir neçə cəhddən sonra Sabina ilə görüşə bildi. Özünü ona təqdim edəndən sonra
–Sabina sizdən bir söz soruşacağam. İcazə verirsiniz.
–Buyurun sizi eşidirəm.
—Sizin ananız adı Annadır.
–Bəli nə olub. Raufun qarşısındakı öz qızı idi. Ancaq atası olduğunu indi ona deyə bilmirdi.
–Heç. Elə belə öyrənmək istəyirdim. Qızım ananızı mən tanıyıram. Çoxdan lap çoxdan bir yerdə işləmişik. Onu necə görə bilərəm?
–Anam indi Mətbuat prospekti tərəfdə yeni tikilən binalardan birinin birinci mərtəbəsində yerləşən özəl klinikaların birində işləyir. Adı deyəsən Evromeddir. Anam orada həkim kardioloq işləyir. İngiltərədə olanda iki il kurslara gedib. Raufa elə bu lazım idi.
–Sağ ol qızım.
Ertəsi gün işdən bir az tez çıxıb axtarıb həmin klinikanı tapdı. Yəqinlik üçün içəri keçib foyedə gəzişdi. Buranı əla düzəltmişdilər. Növbə gözləyən üçün yumşaq divan, kreslolar, qaşısındakı kiçik stolun üzərində qəzet, jurnallar qoyulmuşdu. Xəstələrin qəbula yazılması da yaxşı təşkil edilmişdi. İki qız, bir oğlan onlar üçün düzəldilmiş yerdə əyləşib,azacıq sual – cavabdan sonra hansı həkimə müraciət etmələrini – deyib növbə kağızı verirdilər və xəstələr seçdikləri həkimin qəbuluna gedirdi. Rauf da yaxınlaşıb:
-Bağışlayın Anna Andreyevna Sizdə işləyir?
–Bəli.7-ci otaq.
–İndi burdadır?
–Bəli otağındadır. Raufun ürəyi çırpınırdı. Onun Annası burdadır. Cəmi 20 addımlıqdadır. Keçib kresloda oturdu. –Görəsən otağına gedim. Birdən məni tanımadı. Yox hələ gözləmək lazımdır. İş vaxtı qurtarırdı. Həkimlərdən bəzisi gəlib qızlarla sağollaşıb gedirdilər. Bununla da sanki iş otağında olmadıqlarını bildirirdilər. Rauf içəridə darıxırdı. Binadan çıxıb siqaret yandırdı Və birdən qapıdan çıxan qadını gördü. O Annanı tanıdı. Ötən illər onu o qədər də dəyişməmişdi.Əksinə Anna bir az da xanımlaşaraq gözəlləşmişdi. Üzündə özünəməxsus vüqar vardı. Əynində kip tikilmiş qara don, hündürdaban ayaqqabı, əlindəki kiçik çanta, saçları şabalıdı rəngdə olub ağ sifətinə yaraşan, alın tərəfi səliqə ilə daranmış yanları azca aşağı sallansa da arxada yumrulanıb bağlanmışdı. Tələsik lakin rəvan yerişlə aralıda dayanmış qara rəngli maşına tərəf gedirdi. Elə bu anda Raufun sinəsindən qopan Anna səsi onu saxladı. Dönüb baxdı. Ona tərəf yaraşıqlı lakin bir az yaşlı kişi gəlirdi. Anna da onu tanıdı. Bu Rauf idi. Mən həmişə demişəm və yenə boynuma alıram, insan həyatında elə anlar var ki, o anları təsvir etməyə mənim gücüm çatmır.
O gündən üç ay keçmişdi. Şadlıq evlərinin birində 300-dən yuxarı adamlar yığışıb XXI əsrin bu ən böyük məhəbbətinin şahidi oldular. İndi Anna ilə Rauf birlikdə yaşayırdılar. Sabina isə nənəsi Elvira İvanovna ilə olurdu. Amma az keçmədi Elvira İvanovna tək qaldı. Sabina teatrda onunla tərəfmüqabili olan Samir Orucova ərə getmişdi. Daha bir il keçdi. İndi hər istirahət günü dörd nəfəri burda tapmaq olardı. Onlardan ikisi Elvira İvanovna ilə nəvəsi Sabinadır ki,skamyada oturub söhbət edirlər.Elvira İvanovnanın əlində nazik salafan torba var. İçərisi kiçik uşaqların oynaması üçün səsli oyuncaqlarla doludur. Sabinanın əlində isə südlə dolu ucunda əmzik olan butulka var. Onlardan bir aralıda adamların dəniz kənarı ilə hərəkət etmə zolağında bir kişi yanındakı qadınla söhbət edə – edə əlləri ilə uşaqlar üçün olan kolyaskanı hərəkət etdirirdilər. Bunlar Raufla Anna idi. Kolyaskada olan isə nəvələri Yusif idi. Elvira İvanovnanın söylədiyi ənənə bu dəfə pozulmuşdu və onların ailəsində oğlan uşağı dünyaya gəlmişdi.