Söz verib üstündə dayanmışam mən. Vətəni qanımla qazanmışam mən. Vətən sevdasından yaranmışam mən Bu elə, torpağa bağlı canım var. Mənim Atəm kimi qəhrəmanım var! * * * Düşmənin başına od ələmişəm. Məkirli niyyətin puç eləmişəm. Qanımı bu yurda səpələmişəm. Tarixə sığmayan şöhrət, şanım var. Mənim Atəm kimi qəhrəmanım var! * * * Gülmədim vətənim darda olandan. Hücuma başladım Murov dağından. Vətənin uğrunda keçmişəm candan. Bu torpaq üstünə düşən qanım var. Mənim Atəm kimi qəhrəmanım var! * * * Fəxr edir bu adla qardaşın, bacın. Anam ağlamasın, yolmasın saçın. Azaddır Fizuli, Kəlbəcər, Laçın. Azad Ağdamım var, Zəngilanım var. Mənim Atəm kimi qəhrəmanım var! * * * Daima cəhd etdim bütöv olmağa. Verdim öz eşqimi şanlı bayrağa. Candan əziz olan bax bu torpağa. Qanımla yazdığım bir dastanım var. Mənim Atəm kimi qəhrəmanım var!
Olsun
Yaşa insan kimi yaşa dünyada. Şöhrətin də olsun, varın da olsun. Bir gün bir sənətə sahib olanda, Adıntək namusun, arın da olsun. * * * Allahla başlasan yüksələcəksən. Təkəbbür verməsin hər alqış, əhsən. Əhdinə sadiq bir aşiq ol ki sən, Bir zaman vəfalı yarın da olsun. * * * Ay Əsgər saçına darağı düz vur. Yolma çiçəkləri, alağı düz vur. Sevgi ağacına calağı düz vur. Adına layiqli barın da olsun.
Nəfəsi boyda
Mən bu məhəbbətlə nəfəs almışam Nəfəsim dünyanın nəfəsi boyda. Olmasın həvəsin on beş yaşında Bir qızın sevgiyə həvəsi boyda. * * * Bu dərdi ömrümə sən bağışladın. Gülən gözlərimə nəm bağışladın. Bir qucaq dolusu qəm bağışladın Nə verim mən onun əvəzi boyda? * * * Yandım pərvanətək eşqin şamında. Qalmadın əvvəlki ehtiramında. Cırtdana dönmüşəm dərdin yanında Şələm də Cırtdanın şələsi boyda. Müəllif:Əsgər ORDUBADLI