USTACAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam!
DAĞLAR (Dağlara xitabən üçüncü şeiri) Tarix səhnəsində yetişdi zaman, Başlanmış bu çağın mübarək, dağlar! Hələ nə zəfərlər gözləyir bizi, Qutlanmış novrağın mübarək, dağlar!
* * * Dövranın gərdişi döndü, dəyişdi, Davadan doğulan ərlər yetişdi, Didilmiş yaralar tutdu, bitişdi, Üç rəngli duvağın mübarək, dağlar!
* * * Nə vaxtdır yol-iriz bağlı qalmışdı, Qoynunda yağılar məskən salmışdı, Canımı sağalmaz bir dərd almışdı, Sayalı qonağın mübarək, dağlar!
* * * Qurtuldu yağıdan zənburun, balın, Bir başqa görünür yamacın, yalın, Zirvəndən boylanır şanlı hilalın, Müqəddəs sancağın mübarək, dağlar!
* * * Haqqa nisbət tutub ulu Ələsgər, Andırıb, tanıdıb, bilib pərisgar, Hər səngər məbəddi, pirdi hər əsgər, Şuşa tək ocağın mübarək, dağlar!
* * * Ay Ustac, min şükür arzuna yetdin, “Dədə”n gedən yolu, sən də qət etdin, Dolandın dünyanı yurdunda bitdin, Doqquzu zər tuğun mübarək, dağlar!
ÜÇ QARDAŞ (Azərbaycan, Türkiyə, Pakistan qardaşlığına)
Bir qardaş sağında, biri solunda, Təpəri dizində, gücü qolunda, Qardaşlıq məşəli yanır yolunda, Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan! * * * Xətai amalı bu gün oyaqdır, Nadirin əməli bu gün dayaqdır, İlhamın təməli bu gün mayakdır! Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan! * * * Zamanla yaşadıq xeyli qeylü-qal, Görməsin bir daha bu birlik zaval, Dağlara biryolluq qayıdır Hilal, Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan!
O GÜN (Milli Qəhrəman Polkovnok İlqar Mirzəyevin xatirəsinə) Hər şey belə başladı, Gülə-gülə getmişdin… Döndün üzdə təbəssüm, Çöhrənə həkk etmişdin… * * * Tək getmişdin gedəndə, Yüz min olub qayıtdın… Özün getdin yuxuya, Milyonları oyatdın… * * * Hər şey belə başladı, Bütün xalq həmdəm oldu… Cümlə aləm toplandı, Azərbaycan cəm oldu… * * * Yuxudaykən əbədi, Yatmışlara qalx dedin… Vətənin qara dərdin Al boyayıb, ağ etdin… * * * Girib torpaq altına, Çıxartdın üzə nə var… Bir gedişə mat idi, Taxtada tüm fiqurlar… * * * Başlanan yol qapından, Şuşayadək uzandı… Vətən oğlun itirdi, Torpağını qazandı… * * * Belə şanlı hekayət, Tarixdə bir, ya iki… Lap başqası varsa da, Möcüzədir bizimki … * * * Bu dastanı qanıyla Yazdı ərlər, ərənlər… Bu kitabın qədrini, Bilir yazmaq bilənlər…
ADPU-nun Filologiya fakültəsində professor Mahirə Nağıqızının təşkilatçılığı ilə fakültə nəzdində fəaliyyət göstərən “Meh” ədəbi dərnəyinin üzvlərinin iştirakı ilə 27 Sentyabr Anım gününə həsr edilmiş tədbir keçirilib.
Osloda Anım Günü ilə bağlı foto-sərgi təşkil edilib
Osloda həftəsonu məktəbimiz və NAYO birlikdə 44 günlük II Vətən Müharibəsinin ildönümü ilə bağlı “Qarabağ Azərbaycandır” adlı foto-sərgi təşkil etmişdir. Sərgidə istedadlı və gənc fotoqraf Rüstəm Fərman İsmayılovun müəllifi olduğu Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin bərpadan sonrakı fotoları, Zəfər Günü ilə bağlı fotolar sərgi iştirakçılarına təqdim edilmişdir. Eyni zamanda, sərgidə işğaldan azad edilmiş ərazilərimizlə bağlı kitab sərgisidə nümayiş edilmişdir.Həftəsonu məktəbimizin şagirdləri tərəfindən hazırlanmış Azərbaycan və Türkiyə bayraqlarıda sərgi iştirakçıları tərəfində maraqla qarşılanmışdır. Sərgi şagirdlərin Vətənlə bağlı söylədikləri şeirlər ətrafında davam etmişdir.
Məktəbimizin fəal şagirdi Şanay Şəkari Xarıbülbül rəsmini böyük sevgi və məhəbbətlə xatirə lövhəsi üzərində çəkmişdir.Şagird və valideynlərimiz xatirə lövhəsində 44 günlük Il Vətən Müharibəsi ilə bağlı hiss və təəssüratlarını yazmış və rəsmlər çəkmişdilər.
Sərgi iştirakçılarına xarıbülbül nişanı hədiyyə edilmişdir.
Qarabağ müharibəsinə həsr edilmiş« Ağca və cuppulu» əsərinin müzakirəsi…
Filologiya üzrə fəlsəfə doktoru,Azərbaycan dili dərsliklərinin müəllifi Xanım Qasımovanın təşkilatçılığı ilə uşaq yazıçısı Sevinc Nuruqızı ilə görüş keçirilmişdir.Görüşdə Oslodan həftəsonu məktəbinin şagirdləri və Belçikadan,Azərbaycandan iştirak edən uşaqlar ingilis və Azərbaycan dillərində yazıçının əsərlərindən parçalar səsləndirmişdilər. Görüş S.Nuruqızının müharibəyə həsr etdiyi və Koreyada yüksək mükafata layiq görülən« Ağca və cuppulu» əsərinin müzakirəsi və uşaqların suallları ətrafında davam etmişdir.
Osloda N.Gəncəvi adına həftəsonu məktəbinin kordinatoru Günay Əliyeva şagirdlərin müəllifin yaradıcılığı ilə tanış olduğunu bildirmiş və yazıçının əsərlərinin tədris prosesində istifadə etdiklərini qeyd etmişdir.
Yazıçı müəllifi olduğu «Sürəyyanın izində» nağlından bir parça uşaqlar üçün oxumuşdur.
Osloda həftəsonu məktəbimizin şagirdi Aida xanım Ramberq «Ağca və Cuppulu» nağlının əsas qəhrəmanları olan Ağcanın və Cuppulunun rəsmlərini çəkmişdir.
S.Nuruqızının Selcan Ağayeva tərəfindən çəkilmiş portreti görüşdə yazıçıya təqdim edilmişdir.
Onlar yeni bir tarix yazırlar, özləri gedirlər, bəxş etdikləri gözəlliklər isə qalır.Əzəldən bəri belə olub… Kimi şənlərinə şeir, mahnı, dastan yazır.Kiminin bir ayağı xiyabanda, qəlbi isə ah fəğanda olur…
Oğlunu, dostunu, qardaşını, canını itirib hər şeyə lap əvvəldən başlamaq rahatdırmı?! Toxuna bilmədiyin, görə bilmədiyin, üz-üzə söhbət edə bilmədiyin bir yaxının məzar daşı ilə baxışmaq, danışmaq, bağrına basmaq rahatdırmı?! İnsanın həyatda hər kəsi öz yerində, hər şeyi öz qaydasında olanda, birdən o düzənsizlik pozulanda belə sıxıntı yaşayır.Di gəl ki, dağ boyda, aslan hünərli oğulları torpağa tapşırasan…
Biz o oğullardan yetim qaldıq xəbəriniz varmı sizin?! Bizə görə canını, qanını, gələcəyini qurban edən igidlərdən yetim qaldıq… Hər məzar daşının altında bir igidin həyatı, cismi, arzuları, son dəfə sevdiklərinə deyəcəyi kəlmələr yatır… Görəsən, son saniyələrində kimi görmək istəmişdilər? Kimi düşünmüşdülər? Son istəkləri nə olmuşdu? Adamı nakam ömürlərin ağrısı yandırır.Anaların fəryadı, ataların boynu bükük qalıb, heç kim eşitməsin deyə hıçqıra-hıçqıra gözünün yaşını silməyi yandırır… 27 sentyabr 2020-ci il, nə zillət imişsən sən?! Necə bir il imişsən sən?! O gündən sonra bütün günlər, bütün illər bağrına daş basıb yaşamağa çalışan adamlar çoxaldı, dərdlər artdı.Sevincini yaşaya bilməyən, ruhsuz canlar artdı.Atasız böyüyən övladlar, ata qucağı, ata üzü görməyən körpələr artdı.Dayağı olmadan, tək qadın gücü ilə övladlarına həm ata, həm ana olan qadınlar artdı… Bir evin dərdi, bir böyük məmləkətin dərdinə çevrildi.Oğul evdən getmədi, oğul eldən getdi…
Torpağı qaytaran oğullar, torpağın altında yatır.Xoşbəxtliyə, sevincə, toy-büsata layiq olan oğullar bizdən çox çox uzaqdadırlar… Bu həsrət, bu ağrı bir ömür boyu unudulan deyil. O tarixi biz canlı-canlı yaşamışıqsa, hansısa bir kitabdan deyil, məhz öz gözlərimizin şahidliyi ilə əzbər etmişiksə, o tarixi unutdurmaq, yad etməmək bizə yaraşmaz.Nəsildən-nəsilə, obadan-obaya ötürərək qəhrəmanlarımızı yaşadaq.Yaşadaq ki, bizə təbəssüm etsinlər.Yaşadaq ki, şad olsunlar…
Yaşadığımız hər saniyəni, gəzdiyimiz hər qarış vətən torpağını, azadlığımızı onlara borcluyuq, millət! Ruhları şad, şəhidlik mərtəbələri mübarək olsun…
Cəfər Pənahi, Əli Müsəffa, Haniyə Təvəssoli, Kiyomərs Purəhməd, Əhməd Puri, Məzaher Şəhaməd və digər 120 nəfərə
İranın hörmətli sənət adamları!
Sizin İİR mətbuatında, müxtəlif qəzet və saytlarda yer almış “sülh məktubu”nuzun məzmunu ilə tanışlığımız noyabr ayının 8- nə, Azərbaycanın göz bəbəyi olan gözəl Şuşa şəhərinin işğaldan azad olunmasının elan olunduğu vaxta təsadüf elədi. Xatırladıq ki, düz 28 il yarım bundan əvvəl, may ayında, Azərbaycanın o vaxtkı hakimiyyət nümayəndələrinin Ermənistan rəhbərliyi ilə Tehranda sülh sazişi imzaladığı bir zamanda, hətta o saatlarda Şuşa şəhəri işğal olunmuşdu, onda da ayın 8-i idi. Mayı ayının. Və indi bu səkkizlərin əlaqəsi haqqında uzun danışmadan ilk demək istədiyimiz şey budur: sizin məktubunuz acı təəssüf hissi doğurdu. Niyə? Çünki 28 il yarım ərzində bircə dəfə də olsun belə bir tərkibdə iranlı və fars sənət adamlarının (biz imza atmış və ehtimal ki, müraciətinizin mətnini hazırlamış uzun siyahıdakı təşəbbüskar erməni əsilliləri nəzərdə tutmuruq) sülhü, ədaləti, beynəlxalq hüququ, gərəkdirsə islami dəyərləri dəstəkləyən, 1000 000 nəfər Azərbaycanlı qaçqın və məcburi köçkünün haqqlarını müdafiə edən bir bəyanatını görmədik. Bu heç. İndi isə sizin sözügedən müraciətinizin bəzi konkret məqamlarına toxunmaq istərdik:
– Əvvəla, Azərbaycanla Ermənistan Qarabağ uğrunda savaşır demənizdə bir həqiqət varsa da başqa bir həqiqət gözardı edilir. Savaş Azərbaycan torpaqlarında – Azərbaycanın dünya ölkələri, o cümlədən vətəndaşı olduğunuz İİR tərəfindən də tanınmış ərazisində gedir ; eləysə niyə özünüzə sual etmirsiz ki, Ermənistan əsgərinin, siyasətçisinin Azərbaycan ərazisində nə işi var? Və biləsiniz, bizi heç kim, heç bir fövqəl güc vuruşdurmur, bu düşüncəniz də yalnışdır. Biz 30 ilə yaxındır səbr edirdik. Bu əsrin üçdə biri deməkdir. Amma görünür bizim səbrimizi sizin kimi səhv yozanlar varmış.
– Bu savaşda Azərbaycan tərəfində bizim öz əsgərimizdən başqa heç kim vuruşmur, nə Suriyadan, nə də başqa yerdən iddia etdiyiniz kimi muzdlu, könüllü, “terrorçu”, “təkfirçi” və ya bir başqası yoxdur. Digər tərəfdən, siz 10 milyonluq Azərbaycan Respublikasının hər baxımdan kiçik Ermənistanla vuruş üçün könüllü gətirməsini necə təsəvvür edirsiniz? Odur ki, eyhamlarınız yersizdir, doğru deyil, həm də nə qədər ziddiyyətli görünsə də, İİR-in bir xeyli məsələlərdə əks cəbhələrdə durduğu, Rusiya, ABŞ, Fransa, digər Qərb ölkələrinin qatı millətçi, qərəzli və xrisitian mərkəzçi mətbuatının, yaradıcı adamlarının dedikləri ilə üst-üstə düşür. Bu necə olur? Əksinə, indiyə qədər bizim işğal olunmuş ərazilərdə çoxlu qanunsuz işlər görülüb, narkotik və silah daşınıb, terrorçular baza yaradıb, Azərbaycanın halalı olan yeraltı və yerüstü sərvətləri talanıb. Əlbəttə, ermənilər bunu tək edə bilməzdilər- biz bunu anlayırıq.
– Hiss olunur ki, guya savaşın İrana da yayılmasından əndişələnirsiniz – bunu qeyd edirsiz… Nəzəri baxımdan hər şey kimi bu da mümkündür ; amma İran dövləti və ya ölkənizdəki hər hansı dairələr ən azı prosesə qarışmasa, tərəfsiz dayansa, heç bir tərəfi qanunsuz silahlandırmada iştirak etməsə, öz ərazisini və hava məkanının bu işlər üçün icazəli görməsə, bu niyə baş versin ki?! Özünüzə sual edin…
– Müraciətinizdə “qafqaz xalqı”, “qafqaz milləti” ifadəsini işlədir, bizi də ermənilərlə bərabər bura aid edirsiniz. Görünür, siz “millət” və “xalq” anlayışlarının təzə tərifini tapmısız. Bu heç. Amma çox yəqin onu da bilirsiz ki, ermənilərin Qafqaza, Azərbaycan dövlətinin ərazisinə gəlişi 200 ildən də az vaxtın hadisəsidir. Rusiya Çar İmperiyasının Qafqaz siyasəti ilə bağlıdır. Ermənilər gəlmədir. Odur ki, türkləri, dominantı türk olan 50 milyonluq qədim Azərbaycan xalqını başqaları ilə nahaq qarışdırırsınız.
– Beynəlxalq təşkilatların hadisələrə dərhal qarışmasını istəyir, çağırır, hadisələrin indiki halında dərhal dondurulmasını istəyrisiz… Siz nə istədiyinizin fərqindəsiz? Yəni deyirsiz ki, yenə Azərbaycan əraziləri işğalda qalsın, bunu istəyirsiz?
– Uşaqların, qocaların, qadınların qırılması fikri ilə niyə masqalanırsınız? Niyə gecə vaxtı Gəncəyə, Bərdəyə Ermənistandan ballistik raketlər atılanda, evlər dağılanda səsiniz çıxmırdı? Xəritəyə baxmısınız heç? Bu və başqa şəhərlərin hərbi əməliyyatlar getdiyi ərazidən nə qədər uzaqda olduğunu bilirsiniz? Bir də axı beynəlxalq qurumlara müraciətdə niyə belə gecikmisiniz? Axı, ən ali beynəlxalq qurumun, BMT-nin Azərbaycan və onun ərazisi olan Qarabağla bağlı 4 məlum qətnaməsi var. Bu gün Azərbaycan ordusu həm də bu qətnamələri icra edir.
İndi isə 40 gündür ki, yenidən alovlanmış savaşla bağlı həqiqi qısa tarixçəni diqqətinizə çatdıraq:
– Sentyabr ayının 27-i səhərdən etibarən Ermənistan Respublikasının silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini, eyni zamanda, hərbi mövqeləri bir neçə istiqamətdən və müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək atəşə tutdu. Nəticədə Azərbaycanın mülki əhalisi və hərbçiləri arasında insan tələfatı, itkilər və yaralananlar oldu. Hal-hazırda əks hücum əməliyyatı keçirən Azərbaycan ordusu düşmənin hərbi mövqelərinə zərbələr endirir, işğal olunmuş Azərbaycan ərazilərini azad edir. Bu dəfə mehriban qonşularını prosesə qarışmasını istəmədən və onların “sülhpərvər rəy”lərini nəzərə almadan.
Ümumiyyətlə, bilin ki, son vaxtlar Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları müntəzəm xarakter almışdı. Bundan 3 ay əvvəl, avqustda Azərbaycan ərazisində Ermənistan silahlı qüvvələrinin diverisya qrupu aşkarlandı və zərərsizləşdirildi. Araşdırma göstərdi ki, bu təxribatçı diversiya qrupu Azərbaycana planlaşdırılmış terror aktlarını törətmək üçün gəlib və Ermənistan dövlətinin Azərbaycana qarşı davamlı təcavüz planlarının tərkib hissəsidir.
4 ay əvvəl, iyulda Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz bölgəsi istiqamətində (Tovuz Azərbaycanın bir rayonudur) yenə də artilleriya hücumu nəticəsində Azərbaycan hərbçiləri və mülki şəxslər həlak oldu.
2017-ci il iyulun 4-də də Ermənistan silahlı qüvvələri hücum təşkil edərək Azərbaycanın Füzuli rayonun Alxanlı kəndini minaatanlardan və qumbaraatanlardan, iriçaplı silahlardan atəşə tutdu. Nəticədə nənə və onun 2 yaşlı nəvəsi Zəhra qətl edildi. Dinc əhali arasında xeyli yaralananlar oldu.
4 il əvvəl, 2016-cı ilin aprelində Ermənistanın növbəti genişmiqyaslı hərbi hücumu baş verdi və Azərbaycan ordusunun əks tədbirləri nəticəsində Ermənistan hərbi birləşmələri darmadağın edildi.
Bu hücum xronologiyasını xeyli dərəcədə böyütmək olar, çünki demək olar ki, hər gün Ermənistan tərəfindən Azərbaycan istiqamətində güllələr, mərmilər atılır, atəş səsləri eşidilir . Bəs, görəsən məsələ nədir? Ermənistan niyə belə edir? Dünya ictimaiyyəti, BMT, müvafiq strukturlar 30 ildən artıqdır ki, bu məsələyə niyə göz yumurlar?
Yerindəcə qısa bir arayış verək. Ötən əsrin 80-ci illərinin sonunda keçmiş Sovetlər İttifaqının süquta yuvarlandığı, mərkəzi Moskva hakimiyyətinin iradəsizlik və səriştəsizlik, eyni zamanda Azərbaycana qarşı böyük qərəz göstərdiyi bir dövrdə separatçı, millətiçi ermənilər, hüquqi olaraq Azərbaycan Sovet Sosialist Respublikasının bir hissəsi olan Dağlıq Qarabağ Muxtar Vilayətini (bu ərazi tarixi Azərbaycan torpağı olan Qarabağın bir hissəsidir) Ermənistana birləşdirmək qərarı verdilər. Eyni vaxtda, o zamankı Ermənistan Sovet Sosialist Respublikasının 8 min kvadrat kilometr hissəsindəki 172 yaşayış məntəqəsindən 250 000 Azərbaycanlı türk , habelə 18 000 kürd və 1000 nəfər rus zorla öz doğma evlərindən, torpaqlarından, daimi yaşayış yerlərindən deportasiyaya edildi, Azərbaycana köcürüldü.
1988-1993-cü illərdə Şuşa, Xankəndi, Xocalı, Əsgəran, Xocavənd, Ağdərə və Hadrut kimi şəhər və rayonların daxil olduğu, Azərbaycanın tərkib hissəsi olan Dağlı Qarabağdan, üstəgəl Laçın, Kəlbəcər, Ağdam, Fizuli, Qubadlı, Zəngilan və Cəbrayıl kimi Dağlıq Qarabağ ətrafındakı 7 rayondan ümumilikdə 785 000 min nəfər insan, Azərbaycanlı qaçqın düşdü. Ermənistandan və Dağlıq Qarabağdan qovulanların ümumi sayı 1000 000 nəfəri aşdı; yəni o dövrdə hər 7 Azərbaycanlıdan 1 nəfəri qaçqına çevrildi. Bu illər ərzində Ermənistanın və onların havadarlarının təcavüzü nəticəsində 30 min nəfərə yaxın Azərbaycanlı həlak oldu, 100 min nəfər yaralandı, 50 min nəfər müxtəlif dərəcəli xəsarət alaraq əlil oldu.
Münaqişə dövründə 4852 nəfər (o cümlədən 54 uşaq, 323 qadın, 410 qoca) Azərbaycanlı itkin düşdü, 1368 nəfər (o cümlədən 169 uşaq, 338 qadın, 286 qoca) əsirlikdən azad edilsə də 783 nəfər (o cümlədən 18 uşaq, 46 qadın, 69 qoca) bu günədək Ermənistanda əsirlikdədir. Beynəlxalq Qızıl Xaç Komitəsi o insanlardan 439 nəfərinin əsirlikdə öldüyünü bildirir.
Bu münaqişə zamanı ermənilər Qarabağın qədim yaşayış məntəqəsi olan Xocalıda soyqırımı törətdi. Fevralın 25-dən 26-a keçən gecə, 1992-ci ildə erməni hərbi birşləşmələri 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakinini xüsusi amansızlıqla qətlə yetirdi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi, 487 nəfər yaralandı, 275 nəfər əsir götürüldü ki, onların 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.
Bu illər ərzində bir çox dövlətlər və beynəlxalq təşkilatlar bu münaqişənin həllinə cəhd etsələr də bir nəticə hasil olmadı. Xüsusən, 1992-ci ildə əsası qoyulan, 1997-ci ildən ABŞ, Rusiya və Fransanın həmsədrliyi ilə fəaliyyət göstərən ATƏT-in Minsk qrupu Azərbaycana, onun işğalda olan tərkib hissəsi Qarabağa, eləcə də Ermənistana çoxsaylı “turistik səfərlər” gerçəkləşdirdi. Yaxşı heç nə vəd etməyən, demək olar hər gün Ermənistan silahlı qüvvələri tərəfindən pozulan kövrək və yalançı sülh qorunmağa çalışıldı, hər dəfə də tərəflərə sülhün vacibliyi ilə bağlı növbətçi tövsiyyələr verildi. Eynən sizin bəyanatda olduğu kimi. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası münaqişə ilə bağlı 822, 853, 874, 884 saylı qətnamələr qəbul elədi ki, hər bir qətnamədə də Ermənistan silahlı qüvvələrinin Azərbaycan topraqlarından dərhal geri çəkilməsi tələb olunurdu. Hərçənd ki, öz böyük havadarlarına arxalanan Ermənistan dövləti bu beynəlxalq hüquqi sənədlərə heç bir əhəmiyyət vermədi, beynəlxaq güclər isə öz qətnaməsinin icrasında tələsmədi, ikili standart nümayiş etdirdi. Və budur, nəticə göz qabağındadır. 30 ildir ki, müvəqqəti sülhü torpaqları öz əlində saxlamaq üçün oyuncaq, vasitə olaraq istifadə edən Ermənistan yeni hərbi əməliyyatlara başlayıb. Biz əks hücuma keçmişik, daha 30 il gözləmək niyyətimiz yoxdur.
Bilin: Azərbaycan xalqı hal-hazırda öz torpaqlarını hərb yolu ilə azad edir, haqq və hüquq onun tərəfindədir.
Unutmayın: Azərbaycan monomilli və monokonfessional Ermənistandan fərqli olaraq bütün din və konfessiyaların, eləcə də çoxsalylı millət və etnik qrup nümayəndələrinin əmin-amanlıq içərisində yaşadığı sülhpərvər, qonaqpərvər bir ölkədir. Amma bizim bu həm uzaq tarixi, həm də otuz illik sülhpərvərliyimiz riyakar və işğalçı Ermənistanın tərs yozumuyla qarışdırılmamalıdır. Özünüzə sual edin: evinizə girən, yaxınlarınızı qətl edən, malınıza, canınıza qəsd edən soyğunçuya nə edərdiniz? Biz otuz ildir ki, (bəlkə də sadəlövhcəsinə) onun əlindəki silahı yerə qoyub gedəcəyinə inanırdıq.
Biz hamımız sənət adamıyıq. Sənət isə sülh hadisəsidir. Amma sizin təklif etdiyiniz “sülh çağırışı” yersizdir, qeyri-səmimidir, əslində Azərbaycan torpaqlarının işğalda qalmasını arzulayır. Bizdən atırqmı sülh istəyəcəksiz? Əgər səmimisizsə, sizin hər birinizi ərazisi işğal olunmuş, günahsiz əhalisi qətl edilmiş, kəndləri yandırılmış, insanları əsir götürülmüş, işğal edilmiş torpaqlarındakı maddi və mənəvi, tarixi isrsi ardıcıl şəkildə yox edilən – məhz əzilən, ədalətsizliklə üzləşən Azərbaycanlıların haqq səsini eşidəcək , həm öz ölkələrinizdə yaşayan erməni həmkarlarınızla bu haqda danışacaq, onların vasitəsi ilə, eyni zamanda təmsil olunduğunuz yaradıcı və media qurumlar vasitəsilə Ermənistanın sayıqlığını itirmiş rəhbərliyinə öz xalqını niyə uçuruma sürüklədiyini sorğulayacaqsınız. Öz ölkənizdəki hansısa dairələrin sepataçı, işğalçı Ermənistan dövlətinin silahlanmasında hər hansı cürə iştirakına bacardığınız qədər yox deyəcəksiniz. Yəni doğrudanmı bilmirsiz ki, sülhün damarlarından ədalətin qanı axmadıqca o sülh olmur.
Sizin müraciətinizə çoxlu iradlar tutmaq olardı. Və həmin iradlar çox ola bilsin ki, mətni hazırlayanların niyyəti ilə bağlıdır və o da ola bilər ki, bir çoxunuz mətni oxumadan imzalamısız. Təəssüf edirik ki, sizin müraciətə imza qoyanların sırasında tanıdığımız, Azərbaycanda da olmuş insanlar var. Axı sizin istiqanlı, dostpərvər, sülhpərvər və qonaqpərvər Azərbaycanlılarla ünsiyyət qurmusunuz. Bəs, müraciətinizdə yazdıqlarınızı özünüzə necə rəva bilirsiniz?
Azərbaycanda çox məşhur və sevilən bir mahnı var. Sözləri XX əsr Azərbaycan poeziyasının tanınmış nümayəndəsi Nəbi Xəzriyə aiddir. Orda bir bənd belədir: