ƏSGƏR ORDUBADLININ ŞEİRLƏRİ

Əsgər ORDUBADLI – şair, yazar.

KEÇDİ ÖMRÜN İLLƏRİ
Keçdi ömrün illəri
Ən xoş bir xatirətək.
Xatirəyə aldanıb
Ömrü verməzdik gərək.
* * *
Yel qanadlı illəri
Buraxmazdıq boş keçə.
Dünyamı seyrələcək
İnsanlar köçə-köçə?
* * *
Yox onların yerinə
Yeni nəsil gələcək.
Qış gedəndə nə olar
Başqa fəsil gələcək.
* * *
… Mən bir bahar fəsliyəm
Doğulmuşam baharda
Baharda çiçək açıb
Boğulmuşam baharda.
* * *
Əsgər çəkmə bu qəmi
Vaxtsız gələn dərd keçər.
baxma mənə ey gözəl
yoxsa ala gözlərdən
Mənə məhəbbət keçər.
* * *
Bu ən ağır xəstəlik.
Dərmanı yox üstəlik.
Dərmansız dərd mən bilən
Tez keçsə də sərt keçər…

ÜRƏYİMİN LÖVHƏSİNDƏ
Ürəyimin lövhəsində
Adın böyük hərflərlə.
Yazılmışdır sənə sevgim
Formullarla təriflərlə.
Mən təbiət şairiyəm
Nə işim var zəriflərlə?
İstəmirəm mələk, pəri.
Yox o gözlərin bənzəri…
* * *
Sən gözəlsən, dəyərlisən
Mənə ən xoş xatirətək.
Yaşadığım xatirələr
Eşqin ilə olub gerçək.
* * *
De sevgilər ilahəsi
Afroditin qızı sənsən?
Yaradanın taleyimə
bəxş etdiyi yazı sənsən?
* * *
Sən idinmi illər boyu
xəyalımda gəzən qadın?
Neçə zərif ürəkləri
tapdalayıb, əzən qadın?
Görüşünə gələmmədim
bəlkə məni yollar yorub.
Xəyalına gələcəyəm bir gün durub….

GEDİR
Yox, mən bu dünyaya bel bağlamaram.
Görürsən həyası, arı da gedir.
Payızın yağışı əbədi deyil
Yaz gəlir dağların qarı da gedir.
* * *
Zərrəcə qalmayıb düzlük, etibar.
Bəzən sənin olmur səni sevən yar.
Bu gün əllərindən bərk-bərk tutanlar
Sabah səni qoyur yarıda gedir.
* * *
Əsgər var – dövlətə aldanma, qəti.
Gördüm sahibi yox neçə şirkəti.
Sonunda ağ kəfən olur qisməti
Dövləti də gedir, varı da gedir.

MƏNİM BƏXTİM GƏTİRMƏDİ SEVGİDƏ
Əzab imiş bu həyatın hər yanı.
Məcnun olub hey axtardım Leylanı.
Min yol oldum o gözlərin qurbanı
Mənim bəxtim gətirmədi sevgidə.
* * *
Sevgi verdim, əvəzində nə gördüm?
Öz dərdimi misralara keçirdim.
Şeir oldu, vərəqlərə köçürdüm
Mənim bəxtim gətirmədi sevgidə.
* * *
Hey əl açdım əllərinə çatmadı.
Əl açdığım əllərimdən tutmadı.
Sevən könlüm xoşbəxtliyi dadmadı
Mənim bəxtim gətirmədi sevgidə.
* * *
Doğma idi, özgələşdi yad oldu.
Yad ürəkdən ona sevgi doğuldu.
Arzularım gözlərimdə boğuldu.
Mənim bəxtim gətirmədi sevgidə.
* * *
Əsgər bəlkə sevdi deyə suç etdi.
“Ömrüm” deyən həyatımı puç etdi.
Özgəsinin əlin tutdu, quc etdi.
Mənim bəxtim gətirmədi sevgidə.

AYDAN DƏRS OXUYUR
Aydan qayıdıb evə
Dərslərin sevə-sevə
Açıb kitab-dəftəri
Hazırlayır dərsləri.
Mətni oxuyub bir-bir
Çalışmanı həll edir.
* * *
Şeirə var həvəsi
Gör nə gözəldir səsi.
Bilir bir xeyli şeir
Necə həvəslə deyir.
* * *
Gah oxuyur, gah yazır
Dərsinə olsun hazır.
* * *
Bəzən də rəsm çəkir,
Ağacları, daşları.
Ona kömək eləyir
Rəngli karandaşları.
* * *
Bax çəkdiyi şəkilə
Gör nə qədər rəng qatıb.
Sanki rəssam əliylə
Bir təbiət yaradıb.
* * *
Səhər durub yuxudan
Dərsi yadına salır.
Odur ki dərslərindən
Əla qiymətlər alır.

Müəllif:Əsgər ORDUBADLI

ƏSGƏR ORDUBADLININ YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir