Qırmızı yarpaqlı ağaclar və adsız qəhrəmanlar… (Yazı şair, publisist Zaur Ustacın hekayələri, xüsusilə “Qırmızı yarpaqlı ağac” əsəri haqqında yazılıb) Kitab oxumağı vərdişə çevirəndə artıq müəlliflərlə “dost” olursan, necə deyərlər, onların çox sirlərini öyrənirsən. Məsələn, bəyəndiyin bir müəllifin bəzən elə əsərinə rast gəlirsən ki, uzun müddət həmin yazıçıya yaxın düşmək istəmirsən. Ona görə ki, yazıçı bir məsələyə, hadisəyə o qədər kobud yanaşır, elə vulqar ifadələr işlədir və həddi aşır ki, əsərlə birgə yazıçı oxucu gözündən düşür… Amma elə yazıçılar da var ki, “qəhrəman”ının ən çətin anında belə o qədər kobudluğa yol vermir. Müəllif oxucuya hörmət edir, onu dünyadan, həyatdan və əsərlərindən (iyrəndirmir) uzaqlaşdırmır. Əksinə, müəyyən mənada onu tərbiyə edir. Son vaxtlar yazılarını, xüsusilə hekayələrini oxuduğum müəllif Zaur Ustac kimi. Düşünürəm ki, bu müəllifi Sizə xususi təqdim etməyə ehtiyac yoxdur. Çünki, yazıları müəllifini yaxşı nişan verir və əlavə bəzək-düzəyə ehtiyac qalmır… Z.Ustacın bir müəllif kimi dili aydın, şirin, nağıl kimi yüyrəkdi və elə ona görə də, əsərləri oxunaqlıdı. Bunları bir oxucu kimi qeyd edirəm. Çünki nə tənqidçi, nə də ədəbiyyat bilicisiyəm. Ancaq bir oxucu kimi oxuduğum əsərlər haqqında qeyd aparmağı, düşünməyi, yazıdan müəyyən hissələri ayrıca qeyd etməyi unutmuram. Birinci onu qeyd edim ki, Z.Ustac bir yazıçı kimi hər bir hekayəsi ilə oxucuya nəsə deyir və sözünün canı olur. Yəni, yazı söz oyunundan, mənasız boş düşüncələrdən, vəsvəsələrdən ibarət olmur. Z.Ustacın yazılarında Qarabağ müharibəsi xüsusilə qırmızı bir xətt kimi keçir. Bu da təbiidir. Çünki müəllif müharibəni, Qarabağı kənardan seyr edib, kitablardan öyrənib bu barədə əsər yazmır. Yazdıqları onun öz həyatı, 30 ilə yaxın didərgin ömrünün güzgüsü, yaralı uşaqlığı, gəncliyi, müharibədə yaxından iştirakı, sonra böyük Zəfərimizdə sözə sığmayan sevinc göz yaşlarıdır… Buna görə də, müəllifin yaşadıqları onun yazılarında bu və ya başqa dərəcədə öz ifadəsini tapır. 44 günlük Zəfər yürüşündə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyilə Azərbaycan Ordusunun qazandığı Zəfərdə Şəhidlərimizin, qazilərimizin tökülən qanları əsl qələm adamlarımızın qələminin mürəkkəbinə çevrildi. Ürəklə yazılan bütün əsərlər haqq işimizi tərənnüm edərək, ona dəstək verdi, unudulmazlıq qazandı. Z.Ustacın “Qırmızı yarpaqlı ağac” hekayəsi də, bu müqəddəs savaşda qazi olan zabitimizin timsalında gözə görünməyən qəhrəmanlarımızdan bəhs edilir. “Sədaqətimiz şərəfimizdir” deyə, and içərək Vətən uğrunda ölümə hazır olan igidlərimizdən biridir həmin qəhrəman… Müəllif çox sevdiyi, ancaq adını unutduğu “adsız ağac”la hələ müharibədə əlil olduğunu təsdiq edən sənədi olmayan Vətən müharibəsi qazisini eyniləşirir. Al-qırmızı yarpaqları ilə qarlı qışın görüşünə hazırlaşan ağac və illərlə torpaqlarımızın azad olunması uğrunda müqəddəs savaşa hazırlaşan zabit sanki eyni amala xidmət edir. Dünya, həyat və Vətən savaşıdır bu… Bəli, Vətəni sevmək imandandır, Şəhidlik ən uca məqam, qazilik, bir qazimizin dediyi kimi, canlı şəhidlikdir… Bütün bunları öz əsərində ustalıqla ifadə edən Z.Ustac oxucu üçün “Qırmızı yarpaqlı ağac” əsərinin müəllifi kimi xüsusilə yadda qalır. Onun qazilərimizə həsr etdiyi “Psixoloqun qəbulunda” adlı əsəri də maraqlıdır. Burada da, odun-alovun içindn çıxan, şəhidlərin qanına bulaşan və öz qanlarına qərq olan Vətən qazilərinin müharibədən sonra keçirdiyi dəhşətli sarsıntılardan, həyatla apardığı mübarizədən bəhs edilir. Bəzən həyat onları anlamır, həqiqət onların simasında təklənir, elə bu əsərdə olduğu kimi, adamlar haqqı görmək istəmirlər. Əvvəllər elə bilirdim qazilər başqa ehtiyacdan intihara əl atırlar, sonra anladım ki, məsələ təkcə maddiyyat deyil, burada o qədər incə nüanslar var ki… Ən dəhşətlisi odur ki, Vətən müharibəsi qazilərini – o fatehləri duymayasan, onlara qarşı yabançı, süni olasan. O Vətən fədailərinin kim və ya necə dəyərli olduqlarını unudasan… Qazi qardaş, səndələmə, mətin ol, Bu torpağın altı, üstü sənindir! Addımını ürəklə at, şax yeri, Bu torpağın altı, üstü sənindir! (“Qırmızı yarpaqlı ağac” hekayəsindən) Zaur Ustacın əsərləri sadə dildə yazılsa da, mahiyyət etibarilə insanı düşündürür, səni bir vətəndaş kimi haqsızlıqlara qarşı mübariz olmağa çağırır. Onun yazıları haqqında çox danışmaq olar, amma bu tənqidçilərin işidir. Bu kiçik yazıda isə mən sadəcə bir oxucu kimi onun əsərləri haqqında az da olsa fikirlərimi paylaşdım. Əslində bu yazı çoxdan yazılmalıydı, ancaq vaxtın darlığı buna imkan vermirdi. Müsabiqə isə bu arzuma sanki təkan verdi və bəlkə yarışmaya qatılan (vaxt darlığından) ən son iştirakçı da mən oldum… Yazını bitirib təqvimə baxdım ki, bu gün Azərbaycan Ordusunun Ağdam rayonunu işğaldan azad etdiyi gün – 20 noyabr günüdür. Bu nə gözəl bir təsadüf, – deyə düşünərək Zaur Ustacı bu gözəl gün, onun Ağdama, doğma Yusifcanlı kəndinə qovuşması münasibətilə ürəkdən təbrik edir, bu vətəncanlı insana, yazıçıya cansağlığı və uğurlar arzulayıram. Sonda bir oxucu kimi onu da demək istəyirəm ki, Z.Ustacın bundan sonra da, daha dəyərli, düşündürən hekayələr, povestlər yazacağına inanıram. Təki Vətən sağ olsun!
Mahir Allahverdi oğlu Cavadlı 27 fevral 1959-cu ildə Zəngilan şəhərində anadan olub. Hazırda Bakı şəhərində yaşayır.
Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
MƏNİM ƏSGƏR BALALARIM
-Anacan, xahiş edirəm! – hündürboylu, hərbi forması əyninə kip oturmuş əsgər bir əli ilə ağzındakı maskanı burnunun üstünə çəkib, o biri əlinin işarəsi ilə ləpədöyəndən asfalt yola aparan narın qumlu cığırı göstərdi. Elə yumşaq tərzdə dedi ki, sanki böyük günah işlədir. Bir şey başa düşməyən nurüzlü ağbirçək heç nə olmamış kimi sıyıq dolu qaşığı uşaq arabasında rahatca uzanan körpənin ağzına apardı.
Uşaq sıyığını iştahla yeyib növbəti qaşıq üçün aşzını geniş açmaq istədi. Sübh çağınıın dəniz havasında, qulaqlarında ləpələrin həzin şırıltısı, mavi səmada dövrə vuran qağayıları seyr edə-edə yeməyinə nəyinsə mane olduğunu üzünə düşən kölgədən hiss elədi. Toppuş əllərini yellətdi, ayaqları ilə üstündəki nazik örtüyü atmağa çalışdı.
Nəhayət, üzünü bu yana çevirdi, gözləri günəş şəfəqlərinin qabağını kəsmiş təvərəmə papağın altından onu maraqla süzən gəncin baxışlarına dikiləndə, sanki nə isə anlamaq üçün hərəkətlərinə fasilə verdi və birdən daha bərk əl-qol atmağa başladı. Ona elə gəldi ki, əvvəllər zorla boğazına dürtülən, son bir neçə gündə, bu qumlu sahildə iştahla yediyi südlü sıyığını və süzgəcdən keçirilmiş şirin bibərini əlindən almaq istəyirlər. Ona bu iştahı bəxş edən mavi səmanın, qaqqıldaşan qağayıların, dan yeri şəfəqlərinin əvəzində qarışıq yaşıl, palıdı, bir az da bozumtul rəngli təvərəmə papağı görüb dodaqlarını büzdü, deyəsən ağlamağa hazırlaşırdı. Baxışlarını döndərib nənəsinin dümağ saçlarında sakitlik tapdı. Nənə ürəyinin dərinliyindən süzən şirin nəvə sevgisi ilə dodaqlarının azca tərpənişinə “can, bala!” ifadəsinə elə nəvaziş qatdı ki, dünyanın ən böyük möcüzələrini kəşf etmiş ən dahi alimlər belə ilk baxışdan adi görünən bu kiçik detalın sirrlərini açmaqda, yəqin ki, aciz qalardılar.
-Noolub, nəyi, niyə xahiş edirsən, ay sənin sərv boyuna, yaraşıqlı formana qurban olum, bala?!
-Çimərlik bağlıdır, ay nənə, dünən elan eliyiblər, dənizə gəlmək qadağandı, – əsgər bu sözləri deyəndə baş barmağının arxası ilə papağının altından alnına süzülən təri sildi, – Nənəcan, bir azdan komandir də gəlməlidi, sən Allah, gəl kömək eliyim, gedin burdan, bir az tez olun.
-Necə yəni dəniz bağlıdr, ay başına dönüm, niyə, suda əjdaha-zad var ki, yoxsa fırtına qopacaq?.
Bu vaxt uzaqdan çiyinlərinin ulduzları par-par parıldayan maskası çənəsindən gözünün altınadək örtmüş hərbçinin amiranə səsi eşidildi.
-Əsgər, nə durub gözünü döyürsən? Sənədlərini də yoxla, – dedi, o biri əsgərlərə də ucadan qışqırdı, – cəld tərpənin, tez zəncirvari düzülün, dəniz qırağında bir nəfər də qalmasın, sənədlərə, qeydiyyata diqqət yetirin. Qanunu pozanı dərhal mənim yanıma gətirin! Tez olun, tez, tez…
Əsgər vəziyyətin gərginləşdiyini hiss elədi. Yeməyi acgözlüklə hövkələyən körpəyə, hələ də nə baş verdiyini anlamayan nənəyə baxdı. Cavabını əvvəlcədən bilsə də soruşmaq xatirinə soruşdu:
-Axşam televizora baxmamısan, nənəcan, axı neçə gündü, deyirlər ki, karantin olacaq.
-Nə televizor, ay bala, indi heç cavanlar televizorda baxmağa bir şey tapmırlar, qaldı mənim kimi əldən-ayaqdan düşmüş, bir ayağı gorda olan qarı! Hə, camaat nəyəsə baxıb elə hey gileylənirdilər. A bala, day mən bu dünyanın işlərinə qarışası halda deyiləm.
Komandirin yaxınlaşdığını görən əsgər bir az ciddi görkəm alıb nənədən sənədlərini soruşdu.
-Sənədi neynirsən, ay qadan ürəyimə? Günün bu çağında, bu dənizin qırağında, bir mən nənədən, bir də bu tifildən sənəd istəmək kimin ağlına gələr belə? Axı, mən sənədi niyə götürməliyəm ki, qoca arvadam, salıb itirrəm, sonra da! Düzdü ye, çox heylə lazımım da olmur, yenə də…
-Nənə, vallah, necə deyim?!.. – Əsgər nəvazişlə – Bu koronavirus pandemiyasına görə yuxarıların qərarıdı. Biz də əmrə tabeyik, neyləyək.
-Nə kəkəliyirsən, əsgər, – yaxınlaşan komandirin səsi əsgərin qulağında cingildədi, qamətli, bir gözələ bəy ola biləcək gənci sanki yumağa döndərdi. Bilmədi ağbirçəyi müdafiə eləsin, yoxsa..
-Komandir…
-Nə komandir, komandir salmısan? Dur bu yana görüm ə!..
Gənc əsgər əmrə tabe olub bir addım geri çəkildi. Komandir əli ilə toqqasını düzəltdi. Qamətini şax tutdu, sağ əlini əsgərin papağından fərqli furajkasına aparıb hərbi salam verdi.
-Leytenant Kazımov! – özünü təqdim etdikdən sonra adəti üzrə “vətəndaş, karantin rejiminin tələblərinə uyğun olaraq….” sözlərini dilinə gətirmək istədi. Ancaq uşağa baxdı, son iki ayda cəmi üç dəfə görə bildiyi iki yaşlı oğlu yadına düşdü. Səsinin tonunu yumşaltdı, sakit tərzdə:
-Sabahın xeyir, ay nənə! – deyə bildi ki, bu da öz yerini komandirinə vermiş əsgərə xüsusi ləzzət və rahatlıq gətirdi.
-Ağibətin xeyir, mənim komandir balam! – deyib yaşarmış gözlərini uzaqlara dikdi. Körpəyə baxıb əlinin arxası ilə yanağından süzülən bir damlanı sildi: – Bir vaxt o bədbəxt də evə gələndə sənin kimi belə şux duruşda anasına raport verərdi, – pıçıldadı.
Zabit dərinə getmədən vəziyyəti izah etməyə çalışdı.
-Nənəcan, bax, səndən sənəd istəmirik, cərimə də eləmirik, vəziyyətlə bağlı karantin rejimidir. Çimərliyi də qadağan ediblər. Yəqin bağınız haradasa buralardadı, gəl bir nəfər verim, sənə kömək eləsin, gedin evinizə, çölə çıxmayın! Yaxşı, nənə, mən də sənin oğlun.
-Çox sağ ol, ay oğul! Bu əsgər balamız dedi, ancaq mən qanammadım. Mənim evim də, bağ-bağatım da, ay boyun qurbanı, o nankor erməniylə üz-üzə dayanan dağın döşündəki kənddədi. Bura da özüm gəlməmişəm. Gətiriblər, bu tifilə görə, kim gətirib heç adını da bilmirəm! Oturmuşdum gül kimi kəndimdə, bu dəqiqə də meyvənin bol vaxtıdı. Düzdür, hərdən o nankorlar topa-tüfəngə tuturlar. Ancaq noolsun ki, o boyda igidimdən artıq deyiləm ha!
-Kim gətirdib, hara gətirib, ay nənə, de çağıraq gəlsin, özü aparsın, ya aparaq onun yanına, ancaq burada vaxt itirməyək, rəhbərlik gələr, atamıza od vurar.
Ağbirçək təmkinlə yemək dolu qaşığı körpənin ağzına apardı, dərindən köks ötürüb ah çəkdi.
-Bala, elə məsələ burasındadır ki, bizi bura gətirəni də tanımıram, bağda bu şəraiti yaradanı da! Tanısaydım alnından öpərdim, doğma balam kimi bağrıma basardım, elə bilərdim ki, birini alan tanrı başqasını yetirib.
Bayaqdan əsgərinə acıqlanan zabitdən əsər-əlamət qalmamışdı. O, artıq veriləcək cəzanı da çəkməyə hazır imiş kimi ağbirçəyin sözünü kəsməyi belə ağlına gətirmirdi. Nənə isə qaşıqla yemək qabının dibini siyirməkdə idi. Qərbədir ki, uşaq da qımıldanmırdı, sakitcə öz işindəydi. Deyəsən, zabitin papağındakı ulduz diqqətini çəkmişdi.
-Hə, bala, bu uşağın atası aprel döyüşlərində şəhid olub. O günləri uşağı aparmışdım rayon xəstəxanasına. Orada da ağzı maskalılar çox idi, ağrın alım. Oradan da məsləhət gördülər ki, apar Bakıya! Hə, birtəhər tifili gətirdim Papanin deyilən yerə, hərbi qospitalı deyirəm, başqa haranı tanıyıram ki?!… Balam birinci dəfə yaralananda oralara çox gəlib-getmişəm. Sağ olsunlar, öz balaları kimi baxdılar. Bir də gördüm məni axtarırlar. Bir həkimin yanına apardılar. Çox mehriban qarşıladı, uşağı oxşadı, bir az kövrəldiyini də hiss elədim. Dedi, ay nənəcan, indi rayonda qarışıqlıqdı, uşağa da dəniz havası lazımdı. Dedim, ay həkim, vallah, ömrümdə dənizdə olmamışam. O da gülüb dedi ki, mən hamısını bilirəm, heç nədən narahat olma, sizə qulluq bizim boynumuzun borcudu. Sonra telefonu zəng çaldı, danışıb, tələsik sağollaşdı, geyinib “indi sizi mənim bağıma apararlar, mən gələnəcən orada qalın”, deyib çıxdı, elə o gedən getdi, bir də üzünü görmədim.
…Körpə qımıldandı, deyəsən, yeməyin arası kəsilmişdi. Nənə “Ay maşallah!” deyib nimçənin dibini sivirdi, dolu qaşığı növbəti payını yeməyə hazırlaşan nəvəsinin ağzına apardı. Deyəsən, qaşığın nimçə dibini sivirməsi uşağın da qulağına çatmışdı, üzünü çevirib, yastıqda başını rahatladı.
Nənə yaş dəsmal ilə nəvəsinin ağzını sildi, qab-qaşığı səliqə ilə büküb uşaq arabasının altındakı torbaya qoydu. Sonra “Ya Allah, özün kömək ol!” deyib ayağa qalxdı. Zabit uşaq arabasını fırladıb narın qumlu cığıra salanda nənə dillənmədən onun yanına düşdü.
-Hə, bala, sonra bir nəfər maşınla bizi bu bağa gətirdi. Yer-yataq göstərdi, yolda bazarlığa da saxlamışdı. İndi üç gündür burdayıq. Şükür Allaha, heç bir korluğumuz yoxdu. Ancaq bunu kim eliyir, niyə eliyir, anlamıram! Buraya gələnnən qoymurlar əlimizi ağa-qaraya vuraq. Adam xəcalət çəkir.
Asfalt yolu keçib üç yol ayrıcına çatdılar. Nənə bilərəkdən addımlarını yavaşıdıb, zabitin irəlidə getməsinə şərait yaratdı. Gənc oğlan yaşıl darvazanın ağzında ayaq saxladı. Sağollaşıb təcili xidmət yerinə qayıtmalıydı. Dünyagörmüş ağbirçək üzünü ona tərəf çevirdi, bir az əvvəl sahildən çıxıb getməyi tələb edən zabitə sual verməkdən çəkinmədi:
-Sağ ol, ay bala! Darvazaya birbaşa gəlməyindən belə anladım ki, bu bağın yolunu yaxşı tanıyırsan, bəlkə yiyəsini də tanıyasan?!…
Zabit xoş təbəssümlə:
-Tanıyıram, nənəcan, tanıyıram, – dedi, – bizim bağımızdır, bizim! Vaxtilə həkimlər mənə də dəniz qumunu məsləhət görüblər. Atam onda alıb. Özü aylarla bura gələ bilmir, o cəbhədən bu cəbhəyə qaçır. Evdə üzünü görəndə şükr eləyirik. Mən də onun kimi!
Sözünə bir qədər ara verdi. Qapını açıb ağbirçəyi içəri dəvət elədi:
-Sən narahat olma, elə bil öz evindəsən, nə lazım olsa, çəkinmədən de. İmkan tapan kimi uşaqları da gətirəcəm, bizim də, üzüm ayağınızın altında bir oğlumuz var, iki qardaş kimi bir yerdə oynayarlar. Mən də arxayın olaram ki, nənəsinin yanındadı.
Nənə taleyin bu qədərini gözləmirdi. Başını şax tutub gülümsəyən bu dünyagörmüş nənənin sual dolu baxışları daha çox mətləblərdən agah olmaq istəyinin ifadəsi idi. Xidmət yerindən nigaran zabitin isə bu mətləbləri açıqlamağa nə vaxtı vardı, nə də…
…Başlasaydı, uzun çəkərdi. Deməliydi ki, hələ mən anadan olmamışdan sənin oğlun mənim atamın əsgəri olub, qanlı-qadalı döyüşlərdən keçiblər. Şəhidlərin ruhuna and içiblər. O vaxtdan ta aprel döyüşlərinədək səngər dostu olaraq qalıblar. Deməliydi ki, oğlun şəhid olan gündən atam da sanki ölü kimidir. Sizin bu nəvəniz dünyaya gələndə nə qədər sevinmişdisə, aprel hadisələrindən sonra onqat, yüzqat artıq kədərlənmişdi döyüşçü atam. Zabit deyə bilmədi və deyə də bilməzdi ki, pandemiya dövründə bu cocuğun xəstəxanaya aparılması da, oradan guya göndərişlə hospitala gətirilməsi də, dəniz havası da atasının düşüncələrinin məhsuludur. Gənc leytenant, döyüşçü komandirin zabit oğlu kimi deməyə borclu olduğunu qısa və konkret, bir-iki cümlə ilə ifadə edə bildi:
-Nənəcan, sənin şəhid oğlun Horadiz döyüşlərində öz komandirini, yəni mənim atamı ölümcül vəziyyətdə səngərdən çıxaranda yaralanmışdı. Sənin o igid oğlun olmasaydı, indi nə mən vardım, nə də biz indi bu bağda idik. Ona görə də bura həm də sizin, bu balamızın bağıdır. Sizə qulluq etmək, vallah boğazdan yuxarı demirəm, bizim borcumuzdur.
O yan otağa keçib əlində bir fotoşəkillə geri qayıtdı. Atasının gənc əsgərlə çərçivəyə salınmış fotosuydu:
-Rəhmətliklə atamın şəklidir. Dünəndən Tovuzda bərk atışma gedir, atam da oradadır, – dedi, – qayıdanda hökmən baş çəkəcək. Eh danışılası o qədər söhbətlər var ki! Ancaq, nənəcan, hələlik bağda oturun, doğrudan da vəziyyət yaxşı deyil, Allah eləməmiş, uşağa bir şey olar.
Zabit nənənin əllərindən öpüb, mışıl-mışıl yatan uşağı təbəssüm dolu baxışlarla süzdü. Sonra adəti üzrə hərbi salam verib həyətdən çıxdı.
…Nənə iki igidin fotosunu sifətinə yaxınlaşdırdı, xəstə xalatından bilinirdi ki, hospitalda çəkilib. Əvvəlcə oğluna diqqətlə baxdı və indi anladı ki, oğlu bu yaşda olanda üzünü əməlli-başlı görə bilməyib. Onu doyunca görmək, oxşamaq istəyi həmişə ürəyində bir nisgil kimi qalıb. Toyundan sonra da cəmi bir həftə evdə qalmışdı. Bu tifil dünyaya gələndə ezamiyyət götürmüşdü, demişdi ki, bir ay qalacam. Onda da aprel hadisələri, Allah mərdumazarın bəlasını versin…
Ana oğlunun şəklini öpüb gözünün üstünə qoydu, “can, bala, yaralarına anan qurban!” – deyib ağladı. Baxışlarını fotodakı hərbi formalı gəncə yönəldəndə ona elə gəldi ki, sahildən bəri onunla söhbət edən zabit ona baxıb gülümsəyir.
…Şəkildəkiləri bir də öpdü, əli ilə tumarlayıb sinəsinə sıxdı, qəlbinin lap dərinliyindən bir pıçıltı dodaqlarına süzüldü: “Mənim əsgər balalarım!”
Həmişə atamın məzarını ziyarət edəndə sağ tərəfindəki boş yer diqqətimi çəkir. Açığı bir az da qorxuram, heç kimə demirəm. Birdən məsələ ciddiləşər. Amma deməsəm də, oğlanlarım və qohumlarımın seçdikləri ən münasib yer ancaq ora ola bilər.
Öləndən sonra mən şair kimi yaşaya biləcəyəmmi? Qəribə də olsa, bu barədə düşünürəm. Ciddi yox, elə -belə. Çünki nə olsa, ölməyi boynuma almıram. Bəzi şeyləri, reallıqları hesablayıram.
Keçək hesablamağa. Tutaq ki, mən öldüm. Onsuz da saytlar belə xəbərdən ötrü pul paylayırlar. Şəkillərim bir günlük saytların bəzəyi olacaq. Gör yadıma nə düşür? Tanınmış bir şair dostum ağır xəstə idi, saytların birinin baş redaktoru mənə zəng elədi ki, o şair ölən kimi tez bizə de, xəbəri ilk dəfə biz verək, yaxşı qonararın da olacaq.
Elə bil damarımda qanım dondu. Mən öləndə imkanım olsaydı, qabaqcadan kasıb bir jurnalistə deyərdim, o da sayta yazardı, babat qonarar alardı.
İndiyə kimi otuz səkkiz kitabım çap olunub. İlk kitabım “Yazıçı” da işıq üzü görüb. O vaxt düzün düz vaxtı o kitabı çap etdirməkdən ötrü düz on il növbə gözləmişəm. İndi evimdə cəmi bir nüsxə qalıb. Bilirəm ki, ölən günü bütün nəvələrim bizə gələcək. Həyat yoldaşım o bir nüsxəni də verəcək ağlayan uşaqların birinin əlinə. Adını da belə qoyacaq: uşaq babasının kitabını oynadan kimi sakitləşir. Bir azdan kitabımın cırılmış vərəqlərini külək qonşu həyətə yuvarlayıb aparacaq. Birinci kitabımın taleyi belə.
O biri kitablarıma gələk. Kiçik oğlum kitab sevən deyil. Onun fikrincə, ədəbiyyat-zad mənasız bir şeydir. Ona görə də ev bölgüsündə kitablarımı böyük oğlum tərəfə itələyəcək. Böyük oğlum yazıçıdır. O da heç vaxt mənim şeirərimi bəyənməyib. Guya mən həmişə Yazıçılar Birliyinin tərəfini saxlamışam. Hətta o mənim qəbrimi, şəkilli başdaşımı görüb heyrətlənməz. Qalır qızım. Bilirəm o mənim bir kitabımı götürəcək. Hey opüb ağlayacaq. Amma heç vaxt kitabımı çap etdirmək üçün imkanı olmayacaq. İstəyəcək, amma ildən – ilə saxlayacaq. Sonra isə tamamilə yaddan çıxacaq. Sonra böyük oğlum kitablarımı qoymağa yer tapmayacaq. Beləcə evdəki kitablarım bir – bir illərin arxivinə düşüb it – bat olacaq. Sonra evdə bir dənə də olsun kitabım qalmayacaq…
Evdən çölə cıxaq. Yaxşı dostlarım var. Onlar bir gün AYB-nin Natəvan klubunda ildönmümü qeyd edəcəklər. Bilirəm, on yeddi adam gələcək. Sonra dostlar da dəyişəcək: ya fikirlərini, ya da dünyalarını. Hər dostla yenidən öləcəm. Sonra ayrı adamlar gələcək ki, onlar da artıq məni tanımırlar.
Hərdən həyat yoldaşıma deyirəm ki, mənim video çəkilişlərimi yaxşı saxla. Bir gün mən həyatda olmayanda səni televiziyaya çağırarlar, səndən istəyərlər, sən də tapmazsan. Pis olarsan. Sənin pis olmağına dözə bilmərəm. Özüm də sağ deyiləm ki, durub yerini sənə göstərim.
Televiziyalar susacaq. Heç sağlığımda televiziyaya çıxa bilmirdim, öləndən sonra necə çıxa bilərəm ki? Heç sağ vaxtımda şeirlərimi dərsliklərə saldıra bilmirdim, mahnı bəstələmirdilər, kitabımı çap etmirdilər, öləndən sonra bunlar necə baş tuta bilər?! Gözlərinin qabağındaydım, məni unudurdular, bəs öləndən sonra necə görə bilərlər?!
Amma böyük oğlumun yubileyimdə kiçik, deyək ki, əlli altı səhifəlik bir kitabımı çap etdirmək ehtimalı var. Olsun. Onun təqdimatı da düşəcək bayram gününə, 5-6 adam gələcək. Bir iki xatirə, rəhmət-zad, filan.
Qeyri-hökümət təşkilatları, bələdiyyələr, hamısı isti yay günləri kimi gəlib gedəcəklər üstümdən. Eləcə istilərin altında baş daşımdakı adım intihar edəcək. Məni tanıyanlar da öləcək. Oğlum da, qızım da, arvadım da.
On beş ildən sonra kənd bələdiyyəsinin kəndin ortasında balaca bir büstümü qoymaq ehtimalı ola bilər. Orası da var ki, məni şair kimi təqdim etməyəcəklər; ya da ola bilsin ki, uşaq şairi kimi xatırlasınlar. Büstümün pyedestalını çox aşağı qoyacaqlar ki, uşaq kimi görünüm. Yəni baxça uşaqları və ya birinci sinif şagirdləri büstümü ziyarətə gələndə onlardan böyük görsənməyim, onlarla bir boyda olum. Guya böyük kimi görünməyə hələ yaşım çatmır.
Oğlumu büstümün açılışına çağıracaqlar, şübhəsiz ki, gəlməyə vaxtı olmayacaq. Qızımın da gəlməyinə həyat yoldaşı icazə verməyəcək. Nəvələrim xaricdə təhsil alırlar deyə artıq məni tanımırlar. Büstümün ətrafında susuzluqdan öləziyən bir– iki qızıl gül kolu ola bilər. Onu da kəndin qoyunları yeyəcək. Heç kəs məni tanımayacaq.
Beş ildən sonra kəndin baytar həkimi büstümü sökdürəcək, yerində baytar apteki tikdirəcək. Məni bir şey yandıracaq; büstümü aparıb qəbrimin üstə qoyan olmayacaq. Büstüm baytar aptekindən bir az aralı başı üstə dərin bir arxa düşüb qalacaq. Heç olmasa büstümü torpağa basdırmaq bir adamın ağlına gəlsəydi… Heç kimi istəmirəm, hamının əvəzinə bircə atam sağ olsaydı, o büstümü aparıb qəbrimin üstə qoya bilərdi, hökmən qoyardı.
Bu günlərdə Azərbaycan poeziyasının bənzərsiz nümayəndələrindən olan görkəmli şair, rəssam Adil Mirseyidin “Son şeir, son vəsiyyət” kitabı nəşr olundu. İçimdən Adil Mirseyidlə həmsöhbət olmaq istəyi keçdi. Beləcə, “Sənət hücrəsi”ndə qara sevdalar şairi ilə bir xeyli dərdləşdik. Ruhlarla həmsöhbət olmaq çətindi, onlar hər çağıranda insanla görüşə gəlmir. Adil Mirseyid isə qədimdən qədim uşaq təbəssümü ilə bu görüşə razılıq verdi. Və dedi: “Dünyanın harasındasa çiçəklənmiş alça ağacına baxıb dost kimi gülümsəyən bir dərviş görsən, ayaq saxla, yan keçmə, o dərvişə salam ver. Və mütləq gülümsə…”.
Bu görüşün məmnunluğu içində gülümsəyirəm…
– Salam, Adil müəllim.
– Əleykümsalam. Gəl gedək “Paradizi” kafesinə, bir az ömür karuselində fırlanaq. Orda “Ay sonatası”nı da dinləyərsən, ruhun dincələr.
Bir kafeyə girdik biz axşam işıqlarıyla
yağmur bayırda qaldı
pəncərə önündə boş masa bulduq
qara qəhvə çox dadlıydı o gecə.
– Adil müəllim, siz həm şair, həm də rəssamsınız. Bənzərsiz üslubunuz sizi həm rəssamlıqda, həm də poeziyada avanqardizmin nümayəndəsi kimi tanıdıb. Nə vaxtsa proza ilə məşğul olmaq, nəsr əsərləri yazmaq istəmisinizmi?
– Sənətkar ömrünün poeziyası ilə yanaşı, prozası da var. Sənətkar ömrünün prozasını özüylə qəbir evinə aparır.
– Deyirlər, şairin taleyi olmalıdır. Sizin üçün şair taleyi hansı anlam kəsb edir?
– Bir qaraçı nəğməsidir bu dünya
dünya ürəyinə yatırmı, Qoyya
gecələr dəli ilham
çarmıxa çəkəndə səni içindən
qupquru gözlərindən
dupduru gözlərindən
göz yaşların görünmədən
içinə axırdımı, Qoyya
barmaqların necə
ürək sözə baxmayanda
barmaqların sözə baxırdımı, Qoyya
bir qaraçı nəğməsidir dedim bu dünya
dünyada bu dünyada
şair ürəyilə yaşamaq ağırdımı
Qoyya, Qoyya
Qoyya, dəli Qoyya
niyə belə gözəldi dünya…
Bu şeiri 1981-ci ildə yazdım. Bu şeiri yazana qədər demək olar ki, yalnız rəsmlərindən (reproduksiyalarından) tanıyırdım Qoyyanı. Şeir 1981-ci ildə “Ulduz” jurnalının 10-cu sayında çap olundu və mən Leon Feyxtvangerin “Qoyya” romanını 1985-ci ildə oxudum. Oxudum, heyrətləndim və təəccübləndim – rəsmlərdən oxuduğum tale rəssamın gerçək taleyilə üst-üstə düşürdü. Həmin axşam, həmin anda bilmirəm nədənsə, birdən-birə qorxutdu məni şair taleyi… Mən taleyə asi bir türk oğlu türkəm. Şair doğulan insan oğlunun könlündən zaman-zaman göy üzünə dönmək arzusu keçir. Şairlərin göy üzünə dönmək amacı nədir, görəsən? Hərdən “Tanrım, məni göy üzünə döndər” deyə dualarımın arasında pıçıldayıram və öz səsimdən diksinirəm. Şair ömrü bir kəpənək ömrüdür. Poeziya adi dilin fövqündə olanı, təbir-caizsə, dillə deyilə bilməyəni bəlağətli şəkildə ifadə edə bilmək möcüzəsidir. Şeirin möcüzəsi şair ürəyidir. Bir şairi öz şeirlərindən ən gözəl nə anlada bilər? Şeir şairin ürək döyüntülərini əks etdirən kardeoqramdır. Mən şeiri hər zaman, həm də bir rəsm olaraq görürəm. Bülbül yuvasıdır şair ürəyi. Şair ürəyinə toxunmaq bülbül yuvasını dağıtmaq kimi bir şeydir. Özünüzü bu günahdan qoruyun. Mən uzun illərdir insanlar arasında ruh kimi yaşayıram.
– Bəs rəssamlıq sevdası?
– Norveçli simvolist rəssam Edvard Munk deyirdi ki, mənim sənətimin kökləri dünya ilə mənim aramda olan anlaşılmazlığı daha aydın izah etməyə gedib çıxır. Rəssamlıq mənim üçün xəstəlikdi, məhbəsdi. Bu xəstəlikdən şəfa tapmaq istəmirəm, bu məhbəs mənim üçün vacibdir. Mən də o məhbəsdə illər uzunu səadət aradım, amma onu da bilirəm ki, səadət nəsib olmur şair doğulanlara. Şair demişkən, “pakoy nam tolko snitsya”. Şair özünü unudanda böyük poeziya yaranır, rəssam aqillə aqil, məcnunla məcnun olanda, predmetlərin içinə girəndə rəssam olur. Əgər bizi əhatə edən aləm sənətkar ürəyində əks-səda doğurursa, artıq o, əlinə fırça alıb öz dünyasını yaradır. Fırça, kağız, kətan, tuş, boya isə təsviri sənətin texniki tərəfinə aiddir, gerçək sənətin toxumları isə insanın qəlbində, ürəyində cücərir. Rəssam hələ əlinə fırça almamışdan qabaq rəsm əsəri özü-özlüyündə rəssamın ürəyində yaranır, yalnız bundan sonra sənətkar gəldiyi abstrakt psixoloji durumda yaradıcılığa qurşanır. Görünən və görünməyən dünya bizim ürəyimizdə buluşur.
– Deyirlər, Adil Mirseyid Parisdən, dünyanın böyük şəhərlərindən elə yazır ki, sanki o yerləri gözüylə görüb. Bunun sirrini aça bilərsiniz?
– Hələ lap uşaqlıq illərindən böyük şəhərləri böyük oğullarıyla – sərkərdələriylə, cəngavərləriylə, ən çox da rəssamları və şairləri ilə tanımışam və sevmişəm. Sevdiyim şairlər, heyran olduğum rəssamlar sevdirib mənə Venetsiyanı, Parisi, Xirosimanı, Münheni, Arl üzümlüklərini, İstanbul minarələrini. Bir zamanlar mənə elə gəlirdi ki, əvvəlki həyatımda Fransada doğulmuşam, xəyallarımın ölkəsi Fransanın cənubunda yaşamışam. Uşaqlıqda Şarl Perronun nağıllarını oxuyurdum, bu əsrarəngiz nağıllar aləmində gündə bir buğda boyu böyüyürdüm. Rəssamlıq məktəbində təhsil alanda özümü əməlli-başlı imperialist hesab edirdim və haçansa mütləq Parisi görəcəyimə, bu şəhərdə yaşayacağıma dəlicəsinə inanırdım. Amma xəyalıyla yaşadığım o böyük şəhərləri görmək mənə nəsib olmadı.
– Dostoyevski deyirdi ki, “gözəllik dünyanı xilas edəcək”. Siz necə düşünürsünüz?
– Dostoyevski ilə mübahisəyə qalxmaq mənim həddim deyil, amma mən heç bir zaman onun kimi ümidvar olmadım. Düzdür, lap gənc çağlarımda mən də fanatik idim, şeirlərimin bu dünyanı dəyişəcəyinə bel bağlayırdım. Bəzən düşünürəm ki, gözəllik yasaq meyvə kimi bir şeydir, onun içində günah gizlənib. Bəlkə də gözəllik, kamillik hardasa bir qədər təhlükəli nəsnədir.
– Ölümdən sonrakı həyata inanırsınız?
– Əsl sənətkar ölümündən sonra ikinci dəfə doğulur. Doğulur və bu dəfə ölüm ondan yan keçir. Mən ölümündən sonra doğulan sənətçiləri sevirəm. Sevirəm demək azdır, diz çöküb onların ruhuna dua edirəm. Dualarımın Tanrı dərgahına çatacağına şübhəm belə yoxdur. Əgər səsimin eşidilməyəcəyinə şübhə etsəydim, əlimə qələm almazdım, ulduzlu göylərin altından bir könül xoşluğu ilə keçməzdim. Bəzən Tanrı üçüncü göz verir insan oğluna. Üçüncü göz ancaq peyğəmbərlərə və şairlərə nəsib olur. Mən alın yazımı yazan adamam. Təəssüf ki, bəzən sənətkarın yaradıcılıq ömürlüyü, bioqrafiyası, alın yazısı yarıda qırılır. Eynən yarımçıq nəğmə kimi, tamamlanmamış tablo sayağı. Mən o adamlardanam ki, Şairin qeyri-adi məxluq olduğuna şübhə etmirəm. Şairin istisnalıq hüququnu müdafiə edirəm. Şair ömrü yaşamaq qaranlıqda qıl körpüsündən keçmək kimi bir şeydi. Bilirsən, əzizim, sənət adamlarının bioqrafiyası sənədlərdə qeyd olunmuş kənddən, şəhərdən, doğulduğu tarixdən deyil, onun yaradıcılıq ömürlüyündən, əsərlərindən – şeirlərindən, rəsmlərindən, musiqisindən başlanır. Və bu, ilahi bir başlanğıcdır. Bütün ilahi başlanğıcların siqlətində bir kədərli dram, bəlkə də faciə aurası mövcuddur. Sənət gün işığı kimi ölməzdir. O, torpağa gömülmür, o, ölümsüzdü. Və əsl sənət həmişə xeyirə tapınır.
– Özünüzlə təkbətək qalanda hansı sualları verirsiniz özünüzə?
– Hərdən öz könlümdən soruşuram ki, mənə məlum olan daha nələr var dünyada? Və bu dünyada bir şair taleyi yaşamaq mənim alnıma yazıldı. Haradasa, kimsə alın yazısına düzəliş etmək arzusunda bulunur. Mənim içimdə belə bir istək olmayıb və olmayacaq. Mən mütləq azadlığın tərəfdarıyam və mən öz ideoloji və estetik dünyagörüşümü müdafiə edirəm. Fransız Klod Simona görə, azadlıq absolyut yaradıcılıq azadlığından önəmli deyil. Bəli, mən də bu həqiqətlə şərikəm. Hərdən də düşünürəm ki, biz hamımız, sən də, mən də, küçədən keçən o yad adamlar da həyat adlı filmin personajlarıyıq.
– Adil müəllim, biz xeyli müddət sizinlə Buzovnadan şəhərə elektrik qatarında eyni yolu gəlmişik. Mən sizə yaxınlaşmağa cürət etməmişəm. Sizin sükutunuza toxunmağa ürək eləməmişəm. Nə görünürdü o qatarın pəncərələrindən? Hansı mənzərələri yaddaşınıza köçürürdünüz?
– Hə, kaş ki, yaxınlaşaydın. (Gülümsəyir). Biz ruh adamlarıyıq, yəqin ki, bir-birimizi anlayacaqdıq. Bilirsən də, bir zamanlar mən şəhərətrafı qəsəbədə yaşayırdım. Çox vaxt şəhərə elektrik qatarı ilə gəlib-gedirdim. Sən də məni kənardan izləyirmişsən. Hələ də bilmirəm ki, nədənsə, həmişə üçüncü vaqona minərdim. Yəqin, sən də həmin vaqonda gedib-gəlmisən. Qatar pəncərəsindən görünən mənzərələr sürətlə bir-birini əvəzləyərdi. Hər gün gördüyüm adi mənzərələr hər dəfə təzə biçimə, hər dəfə fərqli bir koloritə düşərdi. Lap Tarkovski filmlərinin mənzərələri kimi. Yəqin ki, “Səhər qatarı” şeirimi oxumusan.
Səhər qatarı keçir Zuğulba stasionundan
dörd yaşıl vaqon uzaqlaşır səssizcə
üçüncü vaqonda yol gedəydik bu səhər
on yeddi yaşımla mən
bir-birimizə göz vurardıq hərdən
qızıl eynək taxaydım
qatar pəncərəsindən ağaclara,
buludlara baxaydım.
Səhər saat beş, qırx beş, saat altı, altı on
ötüb-keçdi dörd vaqon
qaranquşlar oyandı, qaranquşlar oyandı
dəniz göy üzüylə birləşən yerdə
üfüq pərdə-pərdə qana boyandı
may səhəri, may səhəri
nədən mənim boğazımda yaşıl alça qəhəri.
– Tarkovskinin filmlərini çox sevirsiniz?
– Tarkovski filmlərinin qəribə mənzərələri sirli, müəmmalı insan qəlbinin maddiləşmiş görüntüsü təsiri bağışlayır. Salvador Dalinin, Corce de Krikonun, Rene Maqrittin sürreal tabloları, Nazim Hikmətin, Brayten Braytenbaxın, İnqeborq Baxmanın, Fəyyal Xamisin, Aydın Əfəndinin şeirləri də mənim qəlbimdə belə bir ovqat yaradır. Adlarını sadaladığım insanlar mənim dostlarımdır. Tarkovskiyə gəldikdə isə, mistik dünyaya bələd olmayan, naturanın yalnız zahiri görünüşünə uyan, onun mahiyyətinə varmayan və ya vara bilməyən adam onun filmlərinin kodunu aça bilməz.
– Tarkovskinin filmləri dediyiniz kimi, çətin anlaşılırdı. Siz də avanqard sənət cərəyanını təmsil edirsiniz və sizin şeirlər kütləvi oxucu üçün deyil, müəyyən qədər hazırlıqlı, modern şeiri anlayan oxucular üçündür. Bu, sizi narahat etmir ki?
– Qətiyyən. Bəzən insanların nadanlığı ilə üzləşəndə susmuşam. Susmuşam və məni naşı biliblər, amma mən naşı deyiləm. Mən azad adamam, azad adamın çəkdiyi, çəkə biləcəyi çilələri mən də yaşadım. Mən Stalkerəm.
– Adil müəllim, uşaqlığınızı necə xatırlayırsınız?
– Mənim uşaqlıq adlı aləmimdən yaz fəslində meşə rütubəti qoxusu gəlir. Mənim uşaqlıq adlı aləmimin pəncərəsində yağış yağır. İndi çox uzaqlarda yeddi dəniz, yeddi dağ arxasında qalmış uşaqlıq illərimi xatırlayanda orda dənizlərin dağların arxasında gecələr bədirlənmiş Ayın ovsunlayıb arxasınca daha gözəl bir dünyaya apardığı qanadlı bir çocuq görürəm. O qanadlı çocuğun arxasınca yüyürürəm. Ay gedir, çocuq gedir, mən də onların peşindəyəm. Amma heyhat, birdən-birə o çocuğun ayaqları yerdən üzülür, sonra o, Ay işığına qarışıb gözdən itir. Bu mənzərə nə röyadır, nə də xəyal. Bu mənzərə reallıqla irreallığın qovuşağıdır. Şair doğulan bəndə reallıqla irreallığın qovuşağında yaşayır. Uşaqlıqda pəncərə şüşəsinə çəkdiyim rəsmləri xatırlayıram, gecələr o fantastik rəsmlərə Ay işığı düşərdi. Ay mənim əlimdən tutub pəncərə şüşəsinə rəsmlər çəkərdi. Mən güzgülərlə oynayan uşaq kimiyəm, bir güzgünün içindən çıxıb başqa bir güzgünün içinə girmək mənim ən sevimli məşğuliyyətimdir. Mən güzgüdəki adamam. Ay bədirlənəndə mənim ruhum bədənimdə oynayır, metafizik bir zamansızlıq aləminə düşürəm, yalquzağa dönürəm. Mənə elə gəlir ki, min illərdi bu Yer üzündə ömür sürüb yaşayıram.
– Dahilik Allah vergisidir, yoxsa divanəlik?
– Yapon fəlsəfəsinə görə, şair təbiətlə insanlar arasında mediumdur. Mən şairin medium olduğuna, ruhlarla insanlar arasında vasitəçilik etdiyinə inanıram. Yaradıcılıq psixologiyası nə qədər araşdırılsa da, yenə bir müəmma olaraq qalır. Yaradıcılıq insan qəlbinin xüsusi vəziyyətidir. Müdriklər bu psixoloji vəziyyətin dəliliyə, divanəliyə çox yaxın bağlılığını zaman-zaman, dönə-dönə vurğulayıblar. Mübahisələr hələ də davam edir və sonu görünmür. Araşdırsaq, dahi şəxsiyyətlərin bir qədər anormallığı haqqında ilk dəfə Çezare Lombrozonun “Dahilik və divanəlik” kitabında rast gələrik. Sənin sualın mənə bu kitabı xatırlatdı. Lombrozodan günümüzə qədər bu mövzunun çeşidli versiyaları mövcuddur. Dahilik fenomenini mediumizmlə bağlayanlar nə dərəcədə haqlıdır? Biz bu sualın cavabını bilmirik, bəlkə də bizim intellektimiz hələ çox bəsitdir. Bəlkə bu, hələlik belədir, bəlkə zamanla insan təhtəlşüurunun gizli qatlarına varacaq, hələ bir elm sahəsi kimi etiraf olunmamış mediumizm psixologiyasını çözəcək. Mediumizm, ingilis dilində “çenpelninq”, bədii yaradıcılıq prosesi zamanı insanın öz tənini ötürücü qisimdə başqa aləmlərdən gələn informasiya axınının öhdəsinə buraxması kimi yozula bilər. Bu informasiyalar şeir, nəsr, musiqi, rəsm şəklində transformasiya olunur. Bəzən insan şüurlu şəkildə bu informasiyaları qəbul edir və ötürür. Amma bəzi məqamlarda bu proses insan iradəsinin dışında baş verir. Çox qəliz mətləblərə gedib çıxdıq, deyəsən.
– Öz təcrübənizdə bu hal necə baş verir?
– Mənim poetik təcrübəmə güvənsək, ilk misra qeybdən gəlir, ikinci misranı içimdəki mən yazır. Şairlər var ki, ilham pərisi onların qulağına nəğmələr pıçıldayır, rəssamlar var ki, kimsə onun əlindən alət kimi istifadə edir. Mənim də həyatımda belə məqamlar olub, bəzən rəsm çəkdiyim zaman, sanki kimsə əlimdən tutub, fırça özü rəsm çəkir, kətan və ya kağız üzərində obraz doğulur. Bu məqamda bəlkə susmaq məsləhətdir, mən susuram. Susuram və zikr eləyirəm – “qərib səs qeybdən gəlsə yaxşıdır…”.
– Hansı rəssamların əsərlərini bəyənirsiniz?
– Çağdaş Azərbaycan rəssamları Mircavadın, Kamal Əhmədin, Əbülfəz Fərəcoğlunun, Fikrət İbrahimlinin, Nəvai Mətinin və indi adlarını çəkmədiyim sənətkarların tablolarında gördüyümüz mənzərələr bizi daha gözəl bir dünyaya səsləyir və biz o səsin peşinə düşüb yuxuda gəzən adamlar kimi söz-söz açılan göy üzünə doğru gedirik. Bədirlənmiş Ay yalnız metafora deyil, bədirlənmiş Ay metafizik dünyanın simvoludur. Şairləri də xatırlayaq da. Ay kimi işıq saçan, gün kimi batan şairləri də xatırlayıram. Xəyalımda bir səhnə canlanır – Ay işığı içindən qərib atlılar keçir, – atlılar, ay atlılar, atları qanadlılar…
Mənim suallarım bitir. Şair asta səslə qarsonu səsləyir. Qəhvəmiz təzələnir.
Uzun yolun sonunda
rəssamın son təbəssümü
diksindirdi ölümü.
Hələlik, şair! Görüşənədək! Bizdən ordakılara salam de. Sən Haqq dərgahındasan, biz isə hələ Fəna fasiləsindəyik!
Cəbrayılın Mahmudlu kəndindən başlanan ömrün 61-ci qışı…
Deyilənlərə görə, dünya şöhrətli yazıçı Heminquey gündə mütləq bir səhifə yazırmış. O isə yazmamışdan öncə uzun müddət düşünür və deyir ki,- “mənim üçün birinci cümləni başlamaq çətin olduğundan, keçirəm ikinci cümləyə”…
Heç vaxt yaradıcılığında qrafik tutmur, daha doğrusu yazacaqlarını proqramlaşdırmır. Ona mövzu bir model kimi, hazır gəlir. Hekayə hekayə kimi, roman da roman kimi. Bəli, yazıçı sözdən qorxmamalıdır, yəni sözə yuxarıdan aşağı baxmağı bacarmalıdır. Əslində, o, sözlə məzələnir, oxucunu oyuna salmağa çlışır, gözləmədiyi halda onu dolanbac yollarla aparır və odur ki, hekayələrinin çoxu da novellavari qurtarır…
“Mən modernist yazıçıyam. Heç kim deyə bilməz ki, mənim ortaya qoyduğum romanlar, hekayələr mühafizəkar düşüncənin məhsuludur. Hamı bilir ki, bu əsərlərin müəllifi yetərincə mütaliəli, dünyaya panoram baxan, dünyanı bütün rəngləri ilə qavraya bilən və həmin rəngləri də öz laboratoriyasından keçirib təqdim edən yazıçıdır. Amma bir də var cığallıq eləyəsən. Cığallıq çayxanada ola bilər. Ədəbiyyatda isə cığallıq əsərlə ölçülür. Bilmirəm, yadındadırsa, o vaxt biz “Eqo” yaradıcılıq ordeni təşkil eləmişdik. İdeya müəllifi də mən idim. İstedadlı bildiyim adamları da öz ətrafıma yığmışdım. O vaxtı “Yeni Müsavat” qəzetində qoşa səhifədə çap olunurduq. Həm gündəmə münasibət bildirirdik, həm də maraqlı əsərlər ortaya qoyurduq. Və yaxşı da qonorar alırdıq. Məhz elə bundan sonra ədəbiyyatda canlanma yarandı. “Eqo” bir mərhələ idi…”- söyləyir.
Haqqında söhbət açdığım Elçin Hüseynbəyli (ədəbi təxəllüsü: Qaraçuxa) 1961-ci il dekabr ayının 23-də Cəbrayıl rayonunun Mahmudlu kəndində anadan olub. 1979-cu ildə həmin rayonun Şükürbəyli kənd orta məktəbini əla qiymətlərlə bitirib. 1980-1982-ci illərdə keçmiş Sovet ordusunda hərbi xidmət keçib. Sonra M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsinə qəbul olunub, 1989-cu ildə oranı fərqlənmə diplomu ilə bitirib.
1997-ci ildə Varşavada “İnsan haqları yay məktəbi”nin məzunu olub. 1999-cu ildən müxtəlif KİV-də, o cümlədən “Azadlıq” radiosunda işləyib, radionun Bakı bürosunu yaradıb. Azərbaycanda yeni informasiya modelini ilk təqdim edənlərdəndir. Bir sözlə, uzun müddət “Ulduz” jurnalı, “Ədəbiyyat qəzeti” kimi nüfuzlu mətbu orqanlarına rəhbərlik edib. Sonradan Azərbaycan Yazıçılar Birliyinin sədrinin müşaviri olub. 2021-ci ildən Azərbaycan Yazıçılar Biriyinin katiblərindən biridir. “Rəqs edən oğlan”, “Balıq adam”, “İki nəfər üçün oyun”, “Cənab 21-ci əsr”, “Yovşan qağayılar”, “Tut ağacı boyunca”, “On üçüncü həvari, 141-ci Don Juan”, “Şah Abbas”, “Metro vadisi”, “Yolayrıcında qaçış”, “Azıx”, “Şimallı gəlin”, “Kopelhausda bir axşam”, “Yenə iki Od arasında”, “Gözünə gün düşür”, “Ağ və qara”, “Vida”, “Dənizin nağılları” kitablarının, on bir romanın, yüzdən çox hekayə, esse və bədii məqalənin müəllifidir. Bir sıra mükafatlara layiq görülüb və 2019-cu ildən Əməkdar incəsənət xadimidir…
Deyir ki,- “Çox mütaliə etmişəm. Sartr, Kamyu, Prust, Platonov, Selincer və s.. Xeyli ad çəkə bilərəm, amma Platonov mənim sevdiyim yazıçıdır. Adamların əksəriyyəti heç onların adlarını eşitməyəndə, mən onları oxumuşdum. İnsan ona görə mütaliə etməlidir ki, haradan gəlib, hara getdiyini, nəyin ədəbiyyatda olub-olmadığını bilsin. Buna görə də fərqli nələrisə yaratmağa cəhd etməlisən. Yazıçı fərqli yazan, fərqli düşüncəyə malik olmalıdır. Hadisələrə fərqli rakurslardan yanaşmağı bacarmalıdır. Hamının baxdığı rakursdan baxacaqsansa, bu, bezikdirici olacaq. Fərqli çarpazlardan baxsan, fərqli bir şey edə biləcəksən. Amma etiraf edim ki, bu gün ədəbiyyatımızda maraqlı imzalar var, onlar dayanmamalı, yazmalıdırlar. Təəssüflə deyirəm ki, ədəbiyyat arxa plana keçib. Müsahibələrimdən birində də demişdim ki, dünyada kataklizmlər baş verərsə, ədəbiyyata qayıdış ola bilər. Çünki insanlar humanizm, mərhəmət hislərini itirməyə başlayıblar…”
Xalq yazıçısı Anar onu yeni nəsil ədəbiyyatının layiqli təmsilçisi və sintetik janrlarda yazan qələm adamı kimi dəyərləndirib: “Elçinin timsalında ədəbiyyatımızda çox istedadlı, maraqlı, bənzərsiz, orjinal bir nasir yetişmişdir. Onun əsərlərində sürrealizm, əfsunlu realizm elementləri də var, mifik təfəkkür də, folklora bağlılıq da və bunların sintezi süni deyil, yazıçının daxili dünyasından keçirilmiş bir sintezdir.”
“Əlində qələm olmaq hələ ziyalı olmaq demək deyil. Özümü də o biri qələm adamlarından ayırmıram. Əslində, mühit və şərait imkan vermədi ki, bizim nəsil yazarların ziyalı potensialı ortaya çıxsın. O demək deyil ki, biz az yazdıq. Sadəcə, Anar müəllimgilin taleyinə elə bir zaman, elə bir mühit düşdü, onlar elə bir cəmiyyətdə böyüdülər ki, bir ziyalı kimi təqdim oluna bildilər. Ona görə də bu məsələdə kimisə qınamaq olmaz ki, filan nəslin bəxti gətirmədi, filankəsin bəxti gətirdi və s. Bu, bizim taleyimizdir. Və o taleyi yaşamaq lazımdır. Mənim üçün ziyalı cəmiyyətə böyük mesajlar verən adamdır. Və həm də o adamdır ki, doğrudan da, cəmiyyət onu eşidir və həmin sözü ondan gözləyir. Mən düşünmürəm cəmiyyət Elçin Hüseynbəylidən bir ziyalı kimi nəsə gözləsin. Çünki mən hələ cəmiyyətə o böyüklükdə ziyalı kimi təqdim olunmamışam…”- söyləyir.
Kimin dediyini unutmuşam- aqillər ideyaları, ariflər problemləri, adi adamlar isə adamları müzakirə edirlər. Onunla heç vaxt yoldaşlıq, dostluq etməsəm də, bilirəm ki, bu sırada birincilərdəndir…
Dekabrın 23-ü haqqında söhbət açdığım nasir, yazıçı-dramaturq, publisist Elçin Hüseynbəylinin növbəti ad günüdür, 61 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayıram.