Çöküncə səssizlik Çöküncə səssizlik evin içində, Qəlbində səs-küylər qoparar qadın. Dolan kədərini boşaldar qadın. * * * Üzər öz-özünü,qınar özünü, Boğar dilindəcə bütün sözünü, İlləri gətirər gözü önünə, Tökər leysan kimi yaşını qadın, Yolar saçlarını,başını qadın. * * * İçində ovular,içində yanar, Özü öz dərdinə tək həmdəm olar. Səssizlik ən böyük kabusu olar, İllərini tək keçirən qadının. * * * Zillənər baxışı soyoq divara, Deyinər gözləri,çırpınar qəlbi. Bir cavab arayar,bircə təsəlli, Baxışı naümid süzülər yerə…
Əsgər Vətənimin mərd oğlu, igid oğlu. Sənə necə yaraşır bu əsgər libası. Uca tut sən andını. Var-gücünlə qoru sən torpağını. Sən haqq savaşçısısan. Torpağının, vətəninin keşikçisisən. Qoru torpağını gözün kimi. Torpağına göz dikəni Parçala aslan kimi. Sən türksoylu azərisən, Sənin Mustafa Kamal kimi, Heydər Əliyev kimi Soyun var, nümunən var. Qarşında heç bir düşmən Tab gətirə bilməz! Var gücünlə savaşıb, Çökdürərək düşməni Göstər ona yerini!
Şəhid Ey mənim düşmənə qan udduran şəhidim! Yat,sən rahat yat! Üçrəngli bayrağımızı Zirvələrə qaldırdın. İlrdir yol gözləyən Həsrətli könüllərin Gözlərini güldürdün. Bütün dünya tanıdı Cəsur türk igidini! Sən qəhrəman ananın Dünyaya gətirdiyi Qəhrəman,mərd oğlusan. Rahat yat şəhidim, Rahat uyu sən. Əməlin səs saldı Bütün cahana, Sən Azərbaycan adlı Bir məmləkətin Ər oğullarının nümunəsisən! Otuzillik həsrətə son qoyan qəhrəmansan! Sancarkən üçrəngli bayrağımı Yurdumun hər tərəfinə, Min fərəh gətirdin Xalqımın ürəyinə Sən əfsanə oldun, Sən dastan oldun, Şanlı tarix yazan Qəhrəman oldun! Rahat yat,çünki sən Qalib ölkənin şəhidisən.
Qarabağ Bağlarında olmamışam, Torpağında gəzməmişəm Mən sadəcə eşitmişəm Eşidərək sevmişəm. Qarabağ -gözəl diyar! Sən cənnətə bənzəyirsən, Musiqinin özəyisən, Vətənimin bəzəyisən. Sən igidlər diyarısan, Qəhrəmanlar məskənisən Mən bələd olmasam da Torpağına, daşına, Yaxşı bələdəm tarixi savaşına Doğma yurdum, nələr gəlib başına?! Əl qoyubdur düşmən sənə, Göz qoyubdur düşmən sənə. Sənin azadlığa qovuşmağınçün İgid oğulların canından keçir. Şəkillərdən gördük səni, Şeirlərdən sevdik səni. Artıq zəfər anıdır, Canlı görmək zamanıdır!
Aparır xatirələr Soyuq qış gecəsi sızladır qəlbimi, Bürüyüb xatirələrə xəyallar aparır məni. Dünənimlə, bu günümlə Çarpışıram xəyalımda. * * * Bu bir sonmu,başlanğıcmı? Bu, hesabmı? Bu, qınaqmı? Bilmirəm… Xəyalımda uzun-uzun yol gedirəm. * * * Gah qovur külək məni Ömrün gənclik çağından, Gah yorur bu yol məni, Dayanmaq istəyirəm. Dayanmır ki, saatın bu qəddar əqrəbləri, -gəncliyimdə qalım mən. Dayan! Dayan, zaman! Axı doymadım gəncliyimdən. * * * Yenə küləklər əsir yaddaşımda, Xatirələr aparır məni O çətin illərimə, Harda ki acılar möhürləndi ömrümə. Gəlir yaddaşıma o zülmlü illər. * * * O günlər ki hədiyyə etdi mənə ağ dənləri, Gəlir xatirimə qırışan alnımın səbəbləri, İtirdiyim sağlamlığımın nədənləri, Bir külək kimi uçub keçən gəncliyim… * * * Sonra bir sükut çökür, Kimsə içəri girir, Elə bu andaca məni tərk edir xatirələr…
Gecələr möcüzədir Kim deyir ki, gecələr Yatmaq üçün yaranıb? Mənim üçün gecələr Yazmaqdır, yaratmaqdır. * * * Mənim üçün gecələr Xəyalən olsa belə Həsrətin çəkdiklərimə Qovuşa bilməkdir. * * * Mənim üçün gecələr Keçmişə səyahətdir. Gecələr mənim üçün Tanrımla tək qalmaqdır. * * * Pəncərədən boylansan, Tək-tük işıqlar yanır. Hər yanda səssizlik var, Hər yer sükut içində. * * * Göy üzündə ulduzlar Yanıb-sönür arabir. Mənim üçün gecələr Başqa bir möcüzədir. Müəllif: Gülnarə NAĞIYEVA
Azərbaycan təkcə şimali Azərbaycandan ibarət deyil. Bir Güney Azərbaycan var.
Dekabr ayı Türk dünyası və Azərbaycan tarixində önəmli hadisələrlə zəngindir. Bunların ən önəmliləri isə 1945-46-cı illərdə yaşanan 21 Azər Hərəkatı, 12 dekabr Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin xatirə günü və 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günüdür.
21 Azər Hərəkatının 73-cü ildönümü 2018-ci il dekabrın 12-də tamam olur.
İkinci Dünya Müharibəsinin sonunda dünyanın bir çox yerində yeni-yeni dövlətlərin qurulması gedişatında İranda Azərbaycanın tarixi ərazilərinin böyük bir hissəsində Azərbaycan Firqəsi – muxtar respublika yarandı.
Azərbaycan Milli Hökuməti və ya 21 Azər Hərəkatı -1945-ci il dekabrın 12-dən 1946-cı ilin dekabrınadək İran Azərbaycanında fəaliyyət göstərən muxtar sosialist hökümət oldu. Paytaxtı Təbriz şəhəri olan hökumətə Seyid Cəfər Pişəvəri rəhbərlik edirdi.
Azərbaycan Milli Höküməti xalqın dəstəyi ilə dövlətin bir sıra mühüm işlər həyata keçirdi: Azərbaycan türkcəsinin dövlət dili olaraq qəbul edilməsi, ana dilində kitabların çapı, Təbriz Dövlət Universiteti və çox sayda orta məktəblərin açılması, milli teatr və mili filarmoniyanın qurulması, milli kitabxanaların istifadəyə verilməsi, yolların çəkilməsi, torpaq islahatı, iri bankların milliləşdirilməsi, səyyar xəstəxana və sağlıq klinikaları, sosial proqramlar, Güney Azərbaycan Milli Ordusunun yaradılması, qadınlara kişilərlə yanaşı bərabər hüquqların verilməsi, bütün xalqların nümayəndələrinin eyni hüquqlara malik olması və s.
Məlumdur ki, 1925-ci ildən bəri (Rza şah Pəhləvi) Azərbaycan türkcəsi rəsmi olaraq (hətta türk ailələrində belə) işlədilməsi qadağan idi.
Sosial-iqtisadi islahatların surətli bir şəkildə həyata keçirildiyi bir dövrdə Milli Hökümət Tehran rejiminin əli ilə 12 dekabr 1946-cı ildə süquta uğradı.
Sovetlər Birliyinin dəstəyi ilə müstəqilliyini elan edən Güney Azərbaycan cəmi bir il yaşadı. ABŞ-lə SSRİ-nin bazarlığı nəticəsində Rusiya köməyini geri çəkdi, İran-fars xanədanlığı ABŞ-ın təyyarə və ordu dəstəyilə Cənubi Azərbaycanı işgal etdi, inanılmaz qırğınlar və qətliamlar törətdi.
21 Azər (12 dekabr) 1945-ci ildə qurulan, paytaxtı Təbriz olan Azərbaycan Firqəsi düz 1 il sonra – 21 Azər 1946-cı ildə işgal edildi.
Azərbaycan Milli hökümətinin qurucuları Seyid Cəfər Pişəvəri başda olmaqla böyük işgəncələrə məruz qaldı. S.C.Pişəvəri 1947-ci ilin iyul ayının 11-də Azərbaycan Respublikasının Yevlax şəhəri (Bakıdan 295 kilometr qərbdə) yaxınlığında müəmmalı şəkildə maşın qəzasında həlak oldu. Hökümətin baş prokuroru Firudin İbrahimi Təbrizdə edam edildi, maarif naziri Məhəmməd Biriya sovet siyasi rejimi tərəfindən 22 ildən artıq həbsdə saxlanıldı. Milli Hökümətin digər qurucuları da həbs və sürgünlərə göndərildi, ağır mühacirət həyatı yaşamağa məcbur oldu.
21 Azər Hərəkatının faciəli sonluğundan sonra qırğından canlarını qurtara bilən Güney Azərbaycanlılar o zaman hələ sərhədləri açıq olan Azərbaycan Sovet Respublikasına keçdilər. Paytaxt Bakı və ökənin ayrı-ayrı regionlarında məskunlaşan güneylilər Azərbaycanın quruculuq işlərində, təsərrüfatın bütün sahələrində fədakarcasına çalışdılar. Onların əmin-amanlıq şəraitində fəaliyyətləri üçün hər cür şərit yaradıldı. Kənd təsərrüfatı, sənaye, ədəbiyyat və incəsənət, elm sahəsində yüzlərlə firqə üzvü yüksək nailiyyətlərə qovuşdu. Təkcə elm sahəsində 200-dən çox alim yetişdi. Beləliklə, 2018-ci ilin 12 dekabrı Güney Azərbaycan muxtariyyətinin 73, işğalının isə 72-ci ilidir. Yəni 21 Azər (12 dekabr) Güney Azərbaycanın həm azadlıq, həm də işğal günüdür.
Heydər Əliyev ömrü Öz həyat salnaməsi üstə qərar tutdu O, Gəlişilə məmləkət dirçəlməyə başladı. Ədavəti fikrindən daim kənar tutdu O, İnsanda insanlığa məhəbbət aşıladı. * * * Heydər Əliyev ömrü Azərbaycan deməkdir, Vəhdətə sədaqəti azadlığın rəhnidir. Böyük həqiqət üçün əngəllər keçən bir-bir, Günəş kimi parlayan zəkasıdır, zehnidir. * * * Keçmişin bilicisi, gələcəyin hamisi, İslahatdan başlandı milli qurtuluş yolu. Müstəqil Azərbaycan dövlətinin banisi, Qurucu qayəsilə çoxuna örnək oldu. * * * Yada salın o dövrü! Qayıdışı ölkədə Hərc-mərcliyə son qoydu, yatırdı iğtişaşı. Əkinçiyə payladı torpağı hər bölgədə, Bir mərkəzdə topladı neçə cür ixtisası. * * * Çox kitablar yazıldı ömür yoluna dair, Kitablara sığmadı amma könül dünyası. Sanki aramızdadır, bizimlə gəlib-gedir, Uğurlara zəmanət verir xeyir-duası. * * * Göz yolda, qulaq səsdə, əvvəl, ya son nəfəsdə Anılacaq bir ad var – adların ən ucası! Qələmindən süzüldü tarixə yeni səsdə – “Azərbaycan!” şeirinin qafiyəsi, hecası. * * * Açdığı cığırlarla sabahlara gedirik, Tövsiyyəsi, öyüdü işimizə köməkdir. “Həmişə fəxr etmişik, bu gün də fəxr edirik”– Heydər Əliyev ömrü Azərbaycan deməkdir! 12 dekabr, 2015.
Ümummilli lider Heydər Əliyev dövlətimizə başçılıq etdiyi illərdə Azərbaycan təhsilinin inkişaf etməsi, dünya təhsil sisteminə özünə layiqli yer tutması üçün bir sıra sərəncam və fərmanlar imzalamış, öz məruzə və çıxışlarında təhsilin önəmli məsələlərini, eyni zamanda çatışmayan cəhətlərini diqqət mərkəzinə gətirmiş, təhsil sisteminin təkmilləşdirilməsi ilə bağlı qiymətli fikirlərini irəli sürmüşdür. Azərbaycan müəllimlərinin XII qurultayının iştirakçılarına müraciətlə söylədiyi aşağıdakı fikirlər Ulu öndərin təhsilə qayğısının bariz nümunəsi sayıla bilər: “Azərbaycan Respublikasının prezidenti kimi, sizi əmin etmək istəyirəm ki, təhsil sahəsi, təhsil islahatları hər zaman mənim diqqət və qayğım altındadır”.
Təbii ki, Ulu öndər təhsildə aparıcı mövqeyə malik, cəmiyyətdə şərəfli yer tutan müəllim amilini də xüsusi qeyd edir, müəllim şəxsiyyətini, onun şəxsi və peşə keyfiyyətlərini təhsilin, təlim və tərbiyə prosesinin səmərəli qurulmasında vacib hesab edirdi.
Ümummilli lider Heydər Əliyev belə bir qənaətə gəlir ki, hər bir xalq, millət, insan yaratdıqları ilə vətən torpağına şərəf gətirir, onun adını uca edir. Ulu öndər tərəfindən gərəkli və məsuliyyətli müəllim əməyi belə dəyərli insanlar arasında yüksək dəyərləndirilirdi.
Ümummilli lider şəxsiyyətin, təhsilalanların formalaşmasında müəllimin roluna yüksək qiymət verməklə yanaşı, onlardan öz peşələrinə həmişə hörmətlə yanaşmağı, öz elmi-nəzəri və metodik hazırlıqlarını, pedaqoji ustalıqlarını müntəzəm şəkildə artırmağı tələb edirdi. Bu xüsusda deyirdi: “Müəllimlərə müraciət edirəm ki, onlar nəinki bu gün üçün, gələcək üçün də öz vəzifələrini, məsuliyyətlərini həmişə düşünsünlər”.
Müəllimin şəxsiyyətini yüksək dəyərləndirən Ulu öndər cəmiyyətimizə, ölkə vətəndaşlarına xitabən deyirdi: “Hər bir vicdanlı adam, Vətəninə, xalqına bağlı olan hər bir adam, qədirbilən adam müəllimini həmişə qəlbində saxlayır, onu daim hörmətlə yad edir. Müəllim adı şərəfli addır, müəllim adı yüksək addır. İndi biz nə qədər çətin bir dövrdə yaşasaq da, müəllim adını daha yüksəklərə qaldırmalıyıq”.
Ümummilli liderimiz məruzə və çıxışlarında, nitqlərində hər dəfə “müəllim” kəlməsini iftixar hissi ilə səsləndirirdi. Deyirdi ki, “Müəllim” sözü o qədər güclü, müəllim adı o qədər yüksək, sözün əsl mənasında o dərəcədə müqəddəsdir ki, müəllimlər gərək bu çətinliklərə dözsünlər, gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olsunlar”.
Ümummilli lider özü müəllimlərin hörmətini saxlamaqla, onlara ehtiramını gözləməklə bərabər başqalarının da öz müəllimlərinə, o cümlədən hörmət bəsləməyi, cəmiyyətin həyatında müəllimin oynadığı rolu daim qiymətləndirməyi tövsiyə edirdi. Ulu öndərə görə, sənə dərs deyən, uşaq vaxtlarından, gənclik çağlarından səni tərbiyə edən müəllimləri unutmaq olmaz. Ümummilli lider də hər zaman onları xatırlamış, minnətdarlıqla yad etmişdi. Bunun səbəbini həm də belə bir cəhətlə izah edərdi: “Mən bunu həm cəmiyyətdə müəllimlərə hörməti daha da artırmaq üçün, həm də böyük bir həyat yolu keçmiş insan kimi, müəllimin cəmiyyətdə nə qədər mühüm rol oynadığını qeyd etmək üçün deyirəm. Müəllim olmasa, heç birimiz cəmiyyətdə indi tutduğumuz yeri tuta bilməzdik və bugünkü kimi fəaliyyət göstərə bilməzdik. …1990-cı ildə çox böyük təzyiq altında idim. Vaxtilə mənimlə çiyin-çiyinə işləmiş adamlardan bir çoxu da mənimlə görüşməkdən çəkinirdi. Lakin sevib hörmət bəslədiyim müəllimlər mənə olan ehtiramlarını saxlamışdılar”.
Ulu öndər məktəb işini, müəllimlik sənətini özü üçün ən doğma iş hesab edərdi (“Cəmiyyət haradan olursa-olsun, nədən olursa-olsun kəsib təhsilə xərcləməli, gənc nəslin təhsilinə, müəllimə kömək etməlidir. Bu, mənim prinsipial mövqeyimdir”)..
Ulu öndər təhsildən, təhsil sisteminin səmərəli təşkili, təhsildə yüksək nəticələrə nail olmağın vacibliyindən söz açarkən müəllimlərin üzərlərinə düşən vəzifələrə diqqəti yönəldirdi. Bildirirdi ki, müəllimin birinci dərəcəli vəzifəsi təhsilalanları biliklər sisteminə, dünyagörüşünə, biliklərə yiyələndirmək, onlara həyati bacarıqlar aşılamaqdırsa, həm də, bu vəzifədən heç də az əhəmiyyət daşımayan, onları tərbiyələndirməkdir. Bu işlə ardıcıl məşğul olmaq lazımdır.
Məlum olduğu kimi, ötən əsrin 90-cı illərində – ikinci dəfə müstəqilliyimizə qovuşduğumuz ilk illərdə ölkəmizdə bir ara qeyri-sabitlik mövcud idi. Ölkəmizdə bir tərəfdən, milli azadlıq, müstəqillik, suverenlik uğrunda mübarizə gedirdi, digər tərəfdən, erməni qəsbkarları havadarlarının dəstəyi ilə ərazi bütövlüyümüzə qəsd etmişdilər, başqa bir tərəfdən, daxildə müəyyən qüvvələr, hakimiyyət iddiasında olan bəzi şəxslər sabitliyi pozmağa çalışırdılar. Ulu öndərin qətiyyəti, iradəsi və böyük uzaqgörənliyi nəticəsində Azərbaycanda sabitlik yarandı. Lakin bu sabitliyin pozulmamasına, ölkəmizin əbədi müstəqilliyinə nail olmaq üçün hər bir ölkə vətəndaşından öz qüvvə və bacarığını sərf etmək lazım idi. Təhsil işçiləri, müəllimlərlə görüşlərində Ümummilli liderimiz bu məsələyə toxunur, müəllimlərdən, məktəblərdən təhsilalanlar arasında bu istiqamətdə də işlərin aparılmasını onlara məsləhət görürdü. Ulu öndərin fikirlərinə diqqət yetirək: “Ziyalılarımızın, ümumtəhsil məktəblərində çalışan müəllimlərimizin vəzifəsi gəncləri vətənpərvərlik ruhunda tərbiyə etməklə bərabər, respublikada ictimai-siyasi vəziyyətin sabitliyinə çalışmaqdan ibarətdir. Çünki daxildə sabitliyin pozulması həmişə cəbhədə böyük gərginliyə gətirib çıxarmışdır. Təlim-tərbiyə işləri ilə məşğul olarkən bir məsələni də diqqət mərkəzində saxlamalısınız”.
Cəmiyyətdə sağlam mənəvi-psixoloji iqlimin hökm sürməsi – ölkənin möhkəm dayaqlar üzərində inkişaf etməsi deməkdir. Ona görə də Ümummilli liderimiz Heydər Əliyev böyüyən nəsildə vətənpərvərlik hisslərinin inkişaf etdirilməsini, onları milli-mənəvi dəyərlərə yiyələndirməyi müəllimlərə tövsiyə edərdi. Ulu öndər istəyirdi ki, gənclərimizdə fəal vətəndaşlıq mövqeyi formalaşdırılsın: “Ali məktəblərdə, ümumiyyətlə, təhsil ocaqlarında gənclərimizi xalqımızın mənəvi dəyərləri əsasında tərbiyələndirmək, mənəvi cəhətdən sağlam və saf insanlar tərbiyə etmək məsələsi mühüm yer tutmalıdır. Mən bütün müəllimlərimizdən rica edirəm ki, bu prinsipi özlərinin fəaliyyətində, öz həyatında da əsas tutsunlar, gənclərimizi də yüksək mənəvi ruhda tərbiyələndirməyə, hazırlamağa çalışsınlar. Çünki cəmiyyətimiz həm zəngin bilikli, ali təhsilli mütəxəssislərə, həm də yüksək mənəviyyata malik insanlara ehtiyac duyur”.
Ulu öndər milli adət-ənənələrimizə və milli dəyərlərə xor baxan, milli əxlaqımıza ləkə gətirən şəxslərə qarşı idi. Qudurğan, harınlaşmış insanların cəmiyyətimizə, insanlığa zidd hərəkət və əməllərinin qarşısının qətiyyətlə alınacağını diqqət mərkəzinə gətirirdi. Ulu öndərin bəyanatında həmin məsləyə aşağıdakı kimi münasibət bildirirdi: “Bir qütbdə həddindən artıq zənginləşmiş, bəzi hallarda qanunsuz zənginləşmiş, harınlaşmış insanlar və onların övladları eyş-işrət içərisindədir, o biri tərəfdən, çadırlarda yaşayan insanlar inildəyirlər, nə qədər əziyyətlər çəkirlər… Azərbaycanın milli mentalitetinə qarşı yönəldilmiş hərəkətlərin hamısının qarşısı alınacaqdır və qanun çərçivəsində lazımı ölçülər götürüləcəkdir”.
Ümummilli liderimiz cəmiyyətimizdə saf mənəviyyatı bərqərar və inkişaf etdirmək, hər hansı mənfi hallara, cinayətkarlığa, o cümlədən gənclər arasında cinayətkarlıq hallarına qarşı mübarizəni gücləndirməyi mühüm vəzifə kimi irəli sürürdü. Bu xüsusda deyirdi: “Biz çalışmalıyıq ki, cəmiyyətimizdə bu mənfi halların kökü kəsilsin. Təəssüf ki, bəzi gənclər özləri də bilmədən hərdən pis yollara gedir, cinayət törədir, yaxud da bələd olmadıqları ayrı-ayrı qruplara qoşulur və cəmiyyətimizdəki sabitliyi pozmağa cəhd göstərirlər. Bütün bunlar milli mənafeyimizə zidd hallardır” .
Ulu öndər mənfi halların aradan qaldırılmasında, gənclərin yenidəntərbiyəsində məktəbin, müəllimlərin, valideynlərin rolunu qeyd edərək deyirdi: “Gənclərimiz arasında mənfi meyllərin qarşısı alınmalı, belə meyllərə qarşı ciddi tədbirlər görülməlidir. Ən əsas vəzifə isə təhsil ocaqlarımızın, valideynlərin gəncləri elə tərbiyə etməsindən ibarətdir ki, belə mənfi meyllər ümumiyyətlə, meydana çıxmasın”.
Ümummilli liderimiz həmin sahədə gənclərin üzərinə də mühüm vəzifələr düşdüyünü qeyd edir, bu kimi mənfi hallardan uzaq durmağı, cəmiyyətdə mövcud olan etik qaydalar çərçivəsində öz davranışlarını qurmağı onlara məsləhət görürdü. Diqqət yetirək: “Ümidvaram ki, ali məktəblərə daxil olan gənclərin hamısı öz gələcək həyatlarını xalqımızın əsrlərdən-əsrlərə ötürülən milli-mənəvi dəyərləri əsasında quracaq və özlərini Azərbaycanın gələcəyi naminə layiqincə hazırlayacaqlar”.
Hər birimizin müəllimi olmuşdur. Bu gün yaşayan adamlar – yaşlı nəsil, orta nəsil, gənc nəsil – heç kəs müəllimsiz bu səviyyəyə gəlib çatmayıb.
Ümummilli liderimizin ibrətamiz fikirləri, tələbləri, öyüd-nəsihətləri, məsləhətləri Azərbaycan vətəndaşları tərəfindən yüksək qiymətləndirilir və nəzərə alınır.
Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzində(DAMM)tanınmış ziyalılar,xarıcı ölkələrdə yaşayan həmkarlarımız,yazıçı,şair,elm və incəsənət adamları ilə keçirilən hər bir görüş yaddaqalandır.Belə ki bu yaxınlarda Fransada yaşayan türk əsilli yazıçı-şairə,sülh carçıısı Karolina Levent Turunc və onun yaxın rəfiqəsi,İstanbulda yaşayan məşhur türk kino aktrisası Səbahat Adalar ilə möhtəşəm tədbirlərimiz oldu.Onlarla Mərkəzimizdə təşkil etdiyimiz görüşdə “Yazarlar” jurnalının təsisçisi və redaktoru Zaur Ustac,’Müharibə Veteranı Qadınlarına Sosial Yardım İB -nin sədri Rada Abbas,”Təzadlar”qəzetinin redaktoru Asif Mərzili,həmin qəzetin nəzdində fəaliyyət göstərən tele-studiyanın aparıcısı Yasəmən Məmmədli və digər ictimaiyyət nümayəndələri də iştirak edirdilər. Qonaqlar respublikamızda keçirilən Beynəlxalq konfransdakı çıxışlarından,paytaxtımızın gözəlliyindən,insanlarımızın qonaqpərvərliyindən agız dolusu fəxrlə danışdılar.. Fransalı yazıçı şairə Karolin Turunca ədəbi yaradıcılıgındakı ugurlarına və fəal iştirakına görə DAMM- nin Fəxri Diplomunu təqdim etdik.Yeri gəlmişkən onu da qeyd etmək yerinə düşərdi ki, Karolina xanım Uluslararası Engrellər,Yaşlılar ,Kimsəsizlər, Fedarasyonu UTEF Paris başqanıdır ..O,bir-birindən maraqlı “”Şərqlə Şimal arası”,”Çöl zanbagı”və s.kitabların müəllifi ,İstanbulda dərc olunan “Özgür İfadə”qəzetinin yazarıdır.Təsadüfən həmin gün onun ad günü olduguna görə hər bir kəs onu təbrik etməklə yanaşı hədiyyələr-“Xarıbülbül “döş nişanları ,Rada Abbasın “Zəngəzur:Sabaha hesablanmış işgal” video diski də bagışlandı. Türkiyənin məşhur kino aktrisası Səbahat Adalara da müxtəlif hədiyyələr-onun xoşladıgı.müxtəlif kitablar,döş nişanı bagışlandı .Sonra aparıcı Yasəmən xanım onları studiyaya dəvət edərək maraqlı yaddaqalan bir veriliş təşkil etdi. Ardınca onları AYB -nə apardıq.Burada AYB-nin katibi ,hörmətli yazıçımız Elçin Hüseynbəyli xarıcı qonaqlarımızla ədəbi yaradıcılıq sahəsində aparılan işlərdən ,əməli fəaliyyətlərindən maraqlı məlumatllar verdi. Elçin müəllim kino aktrisaya mono tamaşa üçun özünün yazdıgı kitabı hədiyyə verdi.Eyni zamanda Karolin xanıma da öz yaradıcılıgıyla baglı kitab hədiyyə etdi.Qonaq xanımların onları maraqlandıran suallarına ətraflı cavab verən Elçin müəllim onlara fəaliyyətlərində ugurlar arzuladı.Xatirə şəkilləri çəkildi. Şəhərimizdə qonaq olan xarici turistləri ilk növbədə tarixi abidələrimiz ,mədəniyyət mərkəzləri, Qız Qalası,İçəri şəhər ,qədim memarlıq nümunələri maraqlandırır. Bunları nəzərə alaraq həmin gün İçərişəhərdə “NUR Art House”qalareyasının dəstəyi ilə “Azərbaycan xalçaçıları”İB- nin üzvü, istedadlı xalçaçı-rəssam Natiq Nəcəfzadənin “Zəfər:qədim və müasir naxışlarda” adlı xalça eskizləri sərgisinin baglanışında iştiraklarını da təmin etdik. Xovsuz və xovlu xalça eskizləri xalqımızın milli kimliyini və Zəfərə aparan keşməkeşini özünəməxsus bədii ifadəsi ilə həm rəng,həm də sözlə təsvir edərək sülh ,sabitlik,firavanlıq və qəhrəmanlıq keyfiyyətlərimizin təcəssümüdür.Xalça bizim yaşam tərzimizin,Vətənə məhəbbətimizin,iqtisadi durumumuzun,adət-ənənələrimizin canlı obrazıdır.Qonaqlarımız xalçaları seyr etmiş və çıxışlarında gördüklərindən məmnun olduqlarını bildirmişlər.Onu da deyim ki, Karolin x.Turunc Fransaya qayıdan kimi Bakı təəəssüratlarını həm radiodakı çıxışında ,həm də fransada çıxan qəzetdə dərc etdirmişdir.Hal hazıra kimi hər iki xanım bizimlə sıx əlaqə saxlayır,yaradıcı ədəbi ugurlarının sevinclərini bizimlə bölüşürlər.Belə ki ,Karolin xanım Çındə,Misirdə və digər ölkələrdə keçirilən konfranslarda,tədbirlərdə etdiyi hər bir çıxışı haqqında maraqlı məlumatlar verir…..
FOTOLAR :
Bu günlərdə Sankt Peterburqdan DAMM -nə dəvətimizi qəbul edib gəlmiş Petroqrad rayonunun Sankt Peterburq üzrə deputatı ,oradakı Azərbaycan İcmasının sədri Məsimov Sabirlə keçirdiyimiz görüş də yaddaqalan oldu.Sabir bəy Bakıya sinif yoldaşları.ilə birlikdə.60 illik yubileylərini. birgə keçirmək məqsədilə gəlmişdir…Biz də fürsətdən istifadə edərək onu təşkilatımıza qonaq dəvət etdik.Sabir müəllim ona verilən hər bir sualın dolgun cavabını da verməklə gördüyü işlərdən danışdı…Sonra onun bu sahədə gördüyü işlərlə maraqlananları da məlumatlandırdı. Belə ki,o,yaşadıgı şəhərdə böyük nüfuz sahibi olmaqla Rusiyanın müxtəlif təltiflərinə layiq görülmüşdür.O,Böyük Vətən Müharibəsində Leninqradın müdafiəsində qəhrəmanlıq göstərən cəsur pilotlların şərəfinə xatirə adidəsinin açılışına nail olmuşdur..Mərmər lövhə üzərindəki ilk ad Sovet İttifaqı Qəhrəmanı Hüseynbala Əliyevin adıdır.,hansı ki,o həmin yerdə dəfn edilmişdur… Kompleksin açılışında şəhərin meriyası,tanınmış ziyalılar məktəblilər və ictimaiyyət nümayəndəlləri fəal iştirak etmişlər. 22 il ard -ardınca Sankt Peterburq üzrə deputat seçılən Sabir bəy Azərbaycan İcmasına da sədrlik edir.Ətraflnda “Xanqızı Natəvan”İctimai Birliyinin sədri Könül xanım kimi bacarıqlı,işgüzar ,yeri gələndə sözünü deyə bilən cəsarətli xanım var…Xanqızi Natəvan”Birliyinin təmsilçiləri müxtəlif ölkələrdə oldugu kimi Azərbaycanda da fəaliyyət göstərir. Bakıda bu birliyin sədri Yasəmən Möhübbətqızıdır..Onu da qeyd edək ki,bu birliyə özünün seçdiyi sahədə ugurları ilə fərqlənən ,tanınmış ziyalılar üzv ola bilərlər. Sabir bəyin xahişini nəzərə alaraq dünyaşöhrətli yazıçı,MM -in deputatı,hörmətli Çingiz Abdullayevlə görüşünü təşkil etdik.Sabir bəy çapına nail oldugu”İçərişəhər” kitabını Çingiz müəllimə hədiyyə etdi,Çingiz müəlllim də ona və bizə yenicə çapdan çıxmış kitablarını hədiyyə verdi. Rusiyadakı əməli fəaliyyətinə, orada yaşayan azərbaycanlı soydaşlarımızla yaxın əlaqə saxlayaraq səmərəli fədakarlıgına görə DAMM- nin Fəxri Diplomunu ona Mədəniyyət Mərkəzinin l Vitse-Prezidenti Ruhiyyə xanım Poladova təqdim edərək gələcək işlərində ugurlar arzuladı. Eyni zamanda Sabir bəylə “Təzadlar”qəzetinin nəzdində olan televiziyanın səriştəli aparıcısı Yasəmən Məmmədli onunla müsahibə apardı və həmin veriliş yutub kanalında nümayiş olunur…. Sonda xatirə şəkilləri çəkildi..
FOTOLAR:
Ümummilli liderimiz H.Əliyevin anım .günləri hər yerdə keçirilir. Belə bir tədbir də C.Cabbarlının ev muzeyində keçirildi.Təbdirin təşkilatçısı görkəmli şairin nəvəsi Qəmər Seyfəddinqızidır.. Tədbirə müxtəlif muzeylərin rəhbərləri,tanınmış şairlər,elm adamları ictimaiyyət. nümayəndələri ,universitet tələbələri və b.dəvət olunmuşdu.Giriş sözüylə çıxış edən Qəmər xanım H.Əliyevin və Şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etməklə işə başladı..Respublikamızın himni səsləndirildi. Sonra Qəmər xanım H Əliyevin C.Cabbarlıya olan diqqətindən ,video -roliki nümayiş etdirməklə hamının nəzərinə çatdırdı.
FOTOLAR:
-Tələbələrin söylədikləri ,bir birindən maraqlı səslənən şeirləri,C.Novruz fondunun əməkdaşı,”Gün az.az saytının redaktoru Rəsmiyyə Heybətagaqızının özünə məxsus ahəngiylə söylədiyi şeirlər və digər çıxışlar ulu öndərə olan sonsuz məhəbbətdən xəbər verirdi….Qəmər xanım tədbir iştirakçılarına bu ocaga gəldiklərinə görə təşəkkür etdi…
… və nəhayət 11 dekab tarixində DAMM olaraq “N” saylı hərbi hissədə Müzəffər Ordumuzun mənsubları ilə birlikdə Ulu Öndərin anım tədbirlərinə qatıldıq. Bir vaxt görkəmli Azərbaycan oğullarına dünyanın dörd bir yanında heykəllər ucaldan dahi Azərbaycan oğlu, böyük siyasətçi Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzdük. Ruhu şad olsun! Var olsun Ümummilli Liderimizin şah əsəri Azərbaycan!!!
AJB-nin üzvü, DAMM-nın Ekspertlər Şurasının sədri,“Qürur” Bədii Yaradıcılıq Mərkəzi Nəzdindəki” Xaribülbül” Ədəbi Məclisinin sədri, ”Yazarlar”jurnalının əməkdaşı, SİM İB -in Fəxri üzvü.
Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur.
Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir.
Azərbaycana rəhbərliyinin birinci dövründə Heydər Əliyev özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olmuşdur. Tariximizin gedişatının və həyatımızın ahənginin köklü surətdə dəyişdiyi, azadlıq və müstəqillik duyğularının milli düşüncəmizdə üstünlük təşkil etməyə başladığı bu illər Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifələridir. Ulu Öndərin xalqın yaradıcılıq enerjisini bir məqsədə yönəltməklə tarixi yaddaşın bərpası istiqamətindә atdığı qətiyyətli addımlar o dövrdə milli ruhun canlanmasına xidmət göstərmiş, özünüdərki və soy-kökə qayıdışı təmin etmiş, müstəqil dövlət quruculuğuna aparan yolun təməl daşına çevrilmişdir.
Böyük siyasi iradəyə, sarsılmaz əqidəyə malik olan Heydər Əliyevin tükənməz dövlət idarəçiliyi istedadı onun SSRİ-nin rəhbərlərindən biri kimi çalışdığı və irimiqyaslı layihələr həyata keçirdiyi illərdə özünü bir daha parlaq surətdə təzahür etdirmişdir. Heydər Əliyev bütün varlığı ilə sevdiyi və canından əziz bildiyi doğma xalqının mənafelərini daim önə çəkmiş və respublikamızın inkişafı üçün malik olduğu bütün imkanlardan istifadə etmişdir.
Zamanın hökmü ilə ötən əsrin 90-cı illərində dövlət müstəqilliyini bərpa edən Azərbaycan Ermənistanın təcavüzü, xarici təzyiqlər və daxili çəkişmələr üzündən dünyanın siyasi xəritəsindən silinmək və dövlətçiliyini itirmək təhlükəsi ilə qarşılaşmışdır. Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirmiş, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtarmış, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını almış, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etmişdir. Heydər Əliyevin ölkəmizə rəhbərliyi illəri xalqımızın nadir tarixi imkandan faydalanaraq, böyük əziyyətlər bahasına öz müstəqilliyini əbədi və dönməz etdiyi taleyüklü mərhələdir.
Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlamış, öz xalqına sıx bağlılığın, milli dövlәtçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü olmuşdur. Geniş bilik və dərin təfəkkür sahibi olan Heydər Əliyev düşünülmüş və cəsarətli qərarları ilə təkcə müstəqillik dövründə deyil, bütün dövrlərdə Azərbaycan ictimaiyyətini ən ciddi şəkildə düşündürən məsələləri uğurla həll etmişdir. Ulu Öndər cəmiyyət həyatının müxtəlif sahələri arasında üzvi bağlılığı aydın görərək, müəllifi olduğu milli inkişaf strategiyasında ictimai, siyasi, sosial, iqtisadi, mədəni və digər sahələrdə qarşıda duran vəzifələri düzgün müəyyənləşdirmiş və məharətlə həyata keçirmişdir. Heydər Əliyevin milli neft strategiyasının uğurla reallaşdırılması nəticəsində xalqımız öz təbii sərvətlərinin tam sahibinə çevrilmiş və qısa müddətdə ölkəmizin inkişafına güclü təkan verən resurslar əldə edilmişdir. Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunması və bütün sferaları əhatə edən köklü islahatların həyata keçirilməsi, demokratik, hüquqi dövlət quruculuğu, nizami ordunun yaradılması Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətləridir. Xalqımızı vahid amal ətrafında birləşdirən azərbaycançılıq ideologiyasının formalaşdırılması, ana dilinin dövlət qayğısı ilə əhatə olunması, ictimai-siyasi, elmi və mədəni fikir tariximizin əlamətdar hadisələrinin müntəzəm qeyd edilməsi ənənəsinin yaradılması, Azərbaycanın çoxəsrlik mənəvi-mədəni irsə sahib qədim diyar və sivilizasiyaların qovşağında yerləşən tolerantlıq məkanı kimi geniş şöhrət qazanması Heydər Əliyevin mükəmməl quruculuq proqramının tərkib hissələri olmuşdur.
Dövrünün ən nüfuzlu siyasətçiləri ilə bir sırada duran Heydər Əliyev Azərbaycanın müasir simasının, xalqımızın zəngin dəyərlərinin tanıdılması və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynamışdır. Ermənistan–Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli Ulu Öndərin qarşıya qoyduğu başlıca vəzifə olmuş, ölkəmizin bütün resursları, xalqımızın potensialı tarixi ədalətin bərpası üçün səfərbər edilmişdir. Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirmişdir.
Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Xalqımız onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır, yenidən hakimiyyətə gəldiyi günü Azərbaycan Respublikasının dövlət bayramı – Milli Qurtuluş Günü kimi qeyd edir.
Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasını təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasında 2023-cü il “Heydər Əliyev İli” elan edilsin.
2. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı tədbirlər planına dair təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.