Akif ABBASOV. ANA DA, BACI DA  GÖZLƏMƏKDƏ İDİ.

ANA DA, BACI DA  GÖZLƏMƏKDƏ İDİ

(hekayə)

         Bazarda yenə də qələbəlik idi. Bazar günü olduğundan çoxları bir həftəlik bazarlıqlarını edib aparıb başlarının altına qoyurdular. Ağız deyəni qulaq eşitmirdi. Hər bir kəs öz malını tərifləyirdi: “Gəl ay müştəri, qızıldandır dişləri! …Soğan deyil, baldır, ey  bal! Kartof deyil, almadır, alma!”

         Sənətkar dükanları da bazarın müxtəlif tərəflərinə səpələnmişdi. Səhərlər işə başlar, axşamüstülər – bazar bağlananda dükanlarının ağzına qıfıl vurub ya evlərinə yolanardılar, ya da “ümumu qazana pul düşüb” ucuz yeməkxanaların birinə yeyib-içməyə, özlərinin dedikləri kimi, “vurmağa” gedərdilər.

         Əlqərəz,  bazar hamıya lazım olan bir yer idi. Kimisi burada çörəyini çıxarırdı, kimisi də  bazarlığını edirdi.

         Həsən 14-15 yaşlarında idi. O da arada bazara gələrdi. Qardaşı Fazil saatsaz idi. Balaca bir dükanı vardı. Gəliri başından aşmasa da, dolanırdı. Fazil onun ögey qardaşı idi, ayrı yaşayırdı, arvad-uşağı vardı. Hərdən Həsəngilə də əl tutardı. İmkan olanda.

         İndi onu bazara Fazil özü çağırmışdı. Həsənin rəssamlıq qabiliyyəti vardı.  Rənglərdən yaxşı baş çıxarırdı.  Arada oxuduğu məktəbin foyesində  onun çəkdiyi mənzərə rəsmlərindən ibarət sərgi də  təşkil olunurdu. Hamı baxır, bəyənirdi. Ona hədiyyələr də verilirdi.

          Fazil çağırmışdı onu ki, gəlib onun dükanına əl gəzdirsin, dükanı abıra salsın. Həsən də boya aldırmışdı, indi zövqlə qapı-pəncərəni, dükanın divarlarını bəzəyirdi. Öz işindən özü də zövq alırdı.

         Həsən tələsmədən, səylə kistanı boyaya batırıb  qapıya yaraşıq verirdi.

         Fazildən başqa Həsənin işinə uzaqdan bir nəfər də göz qoyurdu. Həmin şəxs Qayib kişi idi. Həsənin işini çox bəyənmişdi. Ona yaxınlaşdı:

         -Ay oğul, işin irəli! Gördüyün iş xoşuma  gəldi. Gərək əminin evini də abıra salasan.

         Həsən təəccüblə ona baxdı. Bu rayonda, bazarda gör nə qədər rəngsaz vardı. Həsən heç onların yanından yel olub da  keçə bilməzdi. Bu əmi nə əcəb ona ağız açır?!

         -Oğul, hər adamı evinə apara bilmirsən. Sənətkar olmaqdan başqa həm də gərək namuslu insan olasan. Kəsəsi, səni bəyəndim. Zəhmət haqqı olaraq sənə 150 manat da pul verəcəyəm.

         Həsən qulaqlarına inanmadı:

         -Nə qədər?

         -150 manat.

          Həsən əl saxladı.  Cibində siçanlar oynayırdı. 150 manat nədir, heç 15 qəpiyi də yox idi, gedib su alsın. Susuzluqdan ciyəri yanırdı. Həsənin dayanıb key-key baxdığını görən Qayib kişi onun qolundan tutdu:

         -Hə, nə deyirsən?

         Yüz əlli manat Həsən kimi atasız bir uşaq üçün, onun ailəsi, anası və bacısı üçün böyük pul idi. Çox böyük. Qardaşının yanında nə qədər boynunu büküb durmaq olardı? O da ya azdan-çoxdan pul verər, ya da ağlaşma qurardı ki, “vallah, mən də elə siz gündəyəm” – deyərdi.

         Həsən məktəbli idi. Evdə bir qardaş, bir bacı idilər. Anaları hərbi komissarlıqda xadimə işləyirdi. Bir ayda aldığı pul vur-tut 80 manat idi.

Qayib kişinin isə, bazarın gözəgəlimli yerində iri bit təsərrüfat mağazası vardı. Qaz vurub, qazan doldururdu.  150 manat onuncun qəpik-quruş sayılırdı.

Həsən tez razılaşdı və işə başladı. Hər gün dərsdən sonra gəlir, evin rəngsazlıq işlərini görürdü. Günorta qabağına yemək də qoyurdular. O, ev sahiblərindən, onlar da Həsəndən razı idilər. Həsən başını aşağı salıb öz işini görürdü.

Qayib kişi hər dəfə yaxınlaşanda Həsən hiss edirdi ki, o, həvəslə onun işinə baxır və işdən qazı qalır. Həsən hər dəfə Qayib kişinin əlini cibinə salaraq  boyun olduğu pulun müəyyən qədərini ona verəcəyini  gözləyirdi. Lap 10 manat, iyirmi manat, otuz-qırx manat olsun!

Həsən anasına da, bacısına da aldığı sifariş barədə məluma vermişdi. Evdəkilər buna çox sevinmişdilər.150 manat kasıb ailə üçün böyük pul idi. Evdə işləyən yalnız ana idi.  Birisinin ayaqqabısı, donu, o birinin corabı, jaketi, plaşı, özünün də hər bir geyimi nimdaş idi.

Lakin Həsən hər dəfə baxa-baxa qalır, deyə bilmirdi ki,  Qayib kişi pulun bir hissəsini avans kimi ona versin. Qayib kişinin tərpənmədiyini görəndə isə fikirləşirdi ki, görünür, Qayib kişi işin tamam-kamal qurtarmasını gözləyir. Pulun hamısını onda, lap axırda verəcək.

Beləliklə, Həsən ruhdan düşməyib işini davam etdirirdi.

…Bu gün Həsənin sevimli günü idi. Evdəkilər də xoş xəbər gözləyirdilər.

Həsən öz işini başa çatdırmışdı. İki göz lazım idi ki, tamaşasına dura. Qayib kişi, arvadı Tavat, qızı Şəhla, oğulları Sabirlə Cabir heyran-heyran baxırdılar. Sonra Sabirlə Cabir çıxıb getdilər iş-güclərinin dalınca. Şəhla da otağına çəkildi.  Qaldılar üçü – Həsən, Qayib kişi, bir də Tavat.

Qayib kişi  əlini Həsənin kürəyinə vuraraq:

-Halal olsun, bala,  yaşın az olsa da,  qabiliyyətlisən, əsl sənətkarsan.

Sonra Tavata sarı dönərək:

-Arvad, o dəftəri gətir bura.

Tavat getdi, az sonra dəftər qələmlə qayıtdı. Qayib kişi dəftərdəki qeydlərə baxa-baxa:

-Həsən, deməli, belə. Diqqətin məndə olsun.

Həsən diqqət kəsildi.

-Bir aydır işləyirsən, elədir?

Həsən cəld:

-Elədir, – dedi.

-Hər gün nahara oturmusan. Elədir?

-Elədir, Qayib dayı.

-Günorta yeməyi zamanı  sənin qabağına gah yarpaq dolması, gah döşəmə pilov, bəzən də səbzə pilov, gah küftə bozbaş, cücə ətilə çığırtma, gah kələm dolması qoyublar. Nuş canla yemisən?

-Yemişəm.

-Arada bir neçə dəfə  qonaqlarım gəlib. Kabab çəkmişəm. Sən də yemisən.  Şirə, kompot, göy-göyərti, salat da öz yerində.  Hər gün neçə dəfə limonlu çay içmisən. Bəzən axşamüstülər də mən işdən tez gələndə  səni yanımda oturtmuş, Allahın verdiyindən sənə də  vermişəm. Olub belə şey?

-Olub.

Həsən udqunmaqda idi. Öz-özünə düşünürdü: “Bu nə söz-söhbət idi?! Yeyib içdiklərimi başıma niyə qaxır? Adam adamın çörəyini yeyər. Pulumu ver çıxıb gedim də.  Bizimkilər150 manatın haraya xərclənəcəyini çoxdan müəyyənləşdiriblər”.

Qayib kişi sözünə davam etdi:

-Hə, Həsən bala, deməli, sənə çatacaq 150 manatdan gözünü çək. Bu, bir. İkincisi,  mən hesablamışam. Hələ üstəlik sənin mənə yüz manat borcun var. Onun 50 manatını keçirəm. Qalır 50 manatı…

 Həsən quruyub qalmışdı. Bu nə iş idi düşmüşdü?! Bir aydan çoxdur gəlib-gedib. Əlləşib, boyanın kəskin iyini udub, başı ağrayıb. Bu bir ay ərzində gördüyü işlər bir yana qalsın, sən demə, hələ özünün də bu Qayib kişiyə borcu varmış!!!

Anası ilə, bacısını gözləri önünə gətirdi. Onlar Həsənin gətirəcəyi 150 manatı səbirsizliklə gözləyirdilər.

Bakı şəhəri, 05 may 2023-cü il

Müəllif:   Akif ABBASOV                   

 Azərbaycan Respublikası Təhsil  İnstitutunun

 elmi katibi, pedaqogika   elmləri doktoru, professor, respublikanın Əməkdar müəllimi .

AKİF ABBASOVUN YAZILARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

MƏDƏNİYYƏTİ XALQIN BÖYÜK SƏRVƏTİ  HESAB  EDƏN ULU ÖNDƏR   HEYDƏR ƏLİYEV

MƏDƏNİYYƏTİ XALQIN BÖYÜK SƏRVƏTİ  HESAB  EDƏN

ULU ÖNDƏR   HEYDƏR ƏLİYEV

Azərbaycan  xalqı  tarixin   qədim  və çətin dövrlərindən belə öz zəngin milli-mənəvi irsini, adət-ənənələrini qoruyub saxlamış, nəsildən-nəsilə ötürərək bu günlərə  kimi  gətirməyi  bacarmışdır. İslam dininin  zəngin dəyərlərindən dönməyən,  daxili inamı və  mənəvi saflığı ilə  dini etiqada əsaslanan  xalqımız tarixin ən kəşməkəşli  mərhələlərində belə milli əxlaqi və bəşəri duyğularını təcəssüm etdirərək bu dəyərlərə həmişə  sadiq qalmışlar.

XX əsrdə   xalqımızın  mədəni həyatında yeni bir dövr başlanmışdır. Bu, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan bir dövrdür. Mədəniyyəti xalqın böyük sərvəti  hesab  edən  Ulu öndər   Heydər Əliyev milli  mənəvi dəyərlərlərimizin  mühafizə olunaraq gələcək nəsillərə  çatdırılması, Azərbaycan  mədəniyyətinin  bütün sahələrində sürətli inkişaf  və nəaliyyətlər  əldə edilməsində müstəsna  xidmətləri olmuşdur. “Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir”. Bu müdrik ifadələr   ümummilli   lider  Heydər  Əliyevə məxsusdur.  Onun  xalqımızın tarixi  keçmişinə,  klassik  ədəbi qaynaqlarına,  ana  dilinə, milli-mənəvi sərvətlərinə həssas və qayğıkeş münasibəti bu  sahənin  öyrənilməsi, qorunub yaşadılması işinə güclü təkan vermışdir.  

1969-cu ildə  Azərbaycanda  siyasi  hakimiyyətə  gələn  ümummilli lider Heydər  Əliyev  ilk gündən hər cür ideoloji-siyasi baryerlərə sinə gərərək Azərbaycan xalqının milli özünüdərki üçün  bütün  zəruri tədbirləri həyata keçirməyə başlamış, ictimai şüurdakı qorxunu, ehtiyatlılığı  aradan  qaldırmağı,  cəmiyyəti  bütün   sahələr üzrə   gələcək  mənəvi  yüksəlişlərə  ruhlandırmağı bacarmışdır. Ulu  öndər xalqda milli heysiyyəti gücləndirmək, onu öz şanlı keçmişinə, soykökünə qaytarmaq, habelə zəngin bədii irsini, mədəniyyətini, incəsənətini,  adət-ənənələrini  yaşatmaq, ana  dilini  inkişaf  etdirmək  üçün  bir  sıra  aşkar-gizli  tədbirlər  həyata   keçirmişdir.

Azərbaycan xalqının adət-ənənələrinin, ümumən milli kimliyimizin mühüm komponentlərinin  daha çox  əksini  tapan,    qədim, böyük türk eposu “Kitabi – Dədə  Qorqud”un  xilası və bu eposun təbliği  məqsədilə  bədii  filmin  çəkilişi,  habelə  1300  illiyini  bütün  dünyada  keçirməklə  dastanın həm  Azərbaycan hadisəsi  olduğunu  sübut  etmiş,  həm də Sovet  rejiminin  pərən-pərən  saldığı  dünya  türklərini bu dastan  ətrafında  bir  yerə  toplamaqla  türk birliyi  yaratmağa  nail oldu. Eyni  zamanda ulu öndərin  Nizami, Xaqani,  Nəsimi,  Füzuli, Vaqif,  Üzeyir  Hacıbəyov  və bir çox söz və musiqi  sənəti  ustadlarının  dahiyanə   əsərlərinin,  eləcə də  aşıq poeziyasının   təkrarsız  nümunələrini  sovetlər  məkanında 

Azərbaycan mədəniyyətinin   təbliği  istiqamətində  atılan addımıdır. 1972-ci ildə Azərbaycan   aşıq  sənətinin  görkəmli  nümayəndələrindən  olan Aşıq  Ələsgərin 150 illik  yubileyinin  Bakıda  və  Moskvada ən  yüksək səviyyədə qeyd edilməsi, eləcə də belə möhtəşəm tədbirin həm də aşığın  doğulduğu  Göyçə mahalında keçirilməsində məqsəd el sənətkarını xalqa qaytarmaqla yanaşı, həm də tarixən Azərbaycanın real  sərhədlərinin  hansı coğrafiyanı  əhatə  etdiyini, ulu  babalarımızın Ermənistan  adlanan  ərazidə  əzəldən yaşadığı  fikrini sovet cəmiyyətinə çatdırmaq idi.

Qeyd edək ki,  Azərbaycan  mədəniyyətinin  görkəmli  xadimləri Heydər Əliyev dövründə olduğu qədər heç zaman tanınmırdılar. Heydər Əliyev mədəniyyətimizi yaradan, onu inkişaf etdirən insanların əməyini yüksək qiymətləndirir, onların daim qayğısını çəkirdi. Sovet dövründə   XX əsr Azərbaycanın  böyük  mədəniyyət   xadimləri- Qara Qarayev, Fikrət Əmirov, Niyazi,  Rəşid Behbudov, Tahir Salahov, eləcə də Süleyman  Rəhimov,  Rəsul  Rza, Mirzə İbrahimov, Süleyman  Rüstəmov və s. ədəbiyyat klassikləri  o dövrün ən şərəfli  mükafatı  Sosialist  Əməyi  Qəhrəmanı  kimi  SSRİ-nin yüksək fəxri adları məhz  Heydər  Əliyevin qayğısı nəticəsində  almışlar.    Heydər  Əliyev  bəstəkarların,  kinematoqrafçıların,  teatr  xadimlərinin,  rəssamların   qurultaylarında, konfranslarında iştirak edir, dərin, məzmunlu nitqi iştirakçıların alqışları  ilə qarşılanardı. Onun  hər  çıxışı  mədəniyyətin bir sahəsinin gələcək inkişaf proqramına çevrilirdi. Hansı sahədən danışırdısa, elə hiss edirdin ki, bu sahənin mütəxəssisi,  bilicisidir. Heydər  Əliyev  özü  də  incəsənətə meyilli şəxsiyyət  idi.  Gəncliyində  incəsənətə  gəlmək və  memar  olmaq  istəyən  ulu öndəri  zaman siyasət  memarına çevirdi.

Heydər Əliyevin  Azərbaycana  rəhbərliyi  illərində bütün sahələrdə olduğu  kimi, mədəniyyət sahəsində kadr  çatışmazlığı  böyük  problemə  çevrilmişdi.  Həmin  dövrdə Ulu Öndərin səyi ilə azərbaycanlı gənclərin keçmiş SSRİ-nin müxtəlif ali təhsil müəssisələrində təhsil almağa göndərilməsi və mədəni irs sahəsində milli kadrların yetişdirilməsində mühüm rol oynadı. 1970-1980-ci illərdə  Bakıda  Şirvanşahlar  Sarayı Kompleksi,  Naxçıvanda  Mömünə  Xatun, Yusif   Küseyir  oğlu və  Qarabağlar  türbələri, Mərdəkandakı  Düzbucaqlı  və Dairəvi qəsrlər,  Şəkidə  Xan sarayı,  Bərdə  türbəsi,  Mərəzədə Diri Baba türbəsi həmçinin  Rəşid  Behbudov  adına Mahnı  Teatrının,  Musiqili  Komediya Teatrının binası və s. ölkə əhəmiyyətli  tarixi abidələrin  qorunub  saxlanması  istiqamətində  mühüm   işlər həyata keçirildi.

Azərbaycanın  əvəzsiz mədəni irsi olan İçərişəhərin qorunması və gələcək nəsillərə çatdırılması məqsədilə Heydər Əliyevin xüsusi tapşırığı ilə Azərbaycan SSR Nazirlər Sovetinin 10 avqust 1977-ci il tarixli 280 nömrəli qərarına əsasən İçərişəhərin, eyni zamanda qədim Şuşanın, Naxçıvan Muxtar Respublikasının Ordubad  rayonunun tarixi hissələri tarixi-memarlıq qoruğu elan olundu. 1981-ci ildə isə  İsmayıllı  rayonunun  Lahıc qəsəbəsinin  tarixi hissəsi də qoruq elan edildi.

Ədəbiyyatımız və mədəniyyətimiz dünyanın ən qabaqcıl mədəniyyətləri  sırasına yüksəldi.  Hеydər  Əliyev  hamıdan  yaxşı  bilirdi  ki, türkləri birləşdirmək üçün onları ortaq məxrəcə gətirən ideyanı ortaya qoymaq lazımdır. Məhz onun müdrikliyi, böyük uzaqgörənliyi sayəsində dahi Azərbaycan şairi Məhəmməd  Füzulinin 500  illiyi  bütün  dünyada qeyd olundu.  Heydər Əliyev 2 noyabr 1994-cü ildə 80-dən artıq millətin nümayəndəsi iştirak edən Türkiyə Böyük Millət Məclisində çıxışında demişdir:  “Füzuli keçmişdə də türkləri birləşdirən bir şəxsiyyət olmuşdur. Amma indi türk dünyası XX əsrdə parçalanmış olduğu bir halda, türk  dünyasına  mənsub ölkələrin,  demək  olar ki, tam əksəriyyətinin  onların həyatına, tarixinə, adət-ənənəsinə uyğun olmayan rejimlər içərisində yaşadığı dövrlərdə Füzuli bizi yaşadaraq  bu  günlərə gətirib çıxarmışdır”. Böyük romantik şair və  filosof  Hüseyn Cavidin  nəşinin  uzaq   Sibirdən  gətirib   doğma  Naxçıvanda torpağa  qovuşdurması və  Cavidlər  məqbərəsinin tikilməsi, Bakıda böyük hürufi şair İmadəddin Nəsimiyə, Nəriman Nərimanova, Cəfər Cabbarlıya möhtəşəm heykəllər qoydurması  Hеydər  Əliyevin  Azərbaycan klassik ədəbiyyatına qayğısının  böyük  təzahürüdür.

Ulu Öndər Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə formalaşdırdığı mütərəqqi ənənələri müstəqillik  illərində də inamla  davam  etdirilirdi.  Həmin  illərdə  bir  müddət  mədəniyyətimiz  böyük  çətinliklər  qarşısında qalsa da, Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı Azərbaycan mədəniyyətinin tərəqqisinə yeni təkan verdi. Sosial problemlər ucbatından xarici ölkələrə üz tutan sənət adamları Vətənə  döndülər, onlara  xüsusi  qayğı  göstərilməyə başlandı. Bağlanmış teatrlar, kitabxanalar, muzeylərin  qapıları  yenidən  tamaşaçıların  üzünə  açıldı  və  eyni  zamanda  ölkə ərazisində mövcud olan  abidələrin  qorunması  məsələsi də ön plana çəkildi. Belə ki, tarix və mədəniyyət abidələrinin qorunması, öyrənilməsi və  onlardan  düzgün  istifadənin təmin olunması   məqsədilə qəbul olunmuş – 10 aprel 1998-ci il tarixli “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” və 6 fevral 1998-ci il tarixli “Mədəniyyət haqqında” qanun bu  istiqamətdə mühüm  addım  oldu.  Bunun   ardınca, 2001-ci ildə “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan  Respublikası  Qanununa  müvafiq olaraq vaxtilə dövlət mühafizəsinə götürülmüş 6571 abidənin əhəmiyyət dərəcəsinə görə bölgüsü aparılmış, Azərbaycan  Respublikası  Nazirlər   Kabinetinin 2  avqust 2001-ci il tarixli qərarı ilə 6308 abidə dövlət  tərəfindən  mühafizəyə götürülmüşdür.    

Ulu öndər xalqımızın  mədəniyyətinin,  incəsənətinin, milli-mənəvi dəyərlərinin qorunması istiqamətində gördüyü ölçüyəgəlməz işləri ilə gələcək nəsillərə zəngin mənəvi xəzinə bəxş etmişdir. Sağlığında  millətinə,  dövlətinə ən yüksək dəyəri verən Heydər Əliyev xalqın  yaddaşında  əbədi, silinməz iz qoymuş, onun adı ilə bağlı olan hər şey əziz xatirəyə çevrilmişdir.

Müəllif: LƏTAFƏT BEYBUTOVA ƏLƏSGƏR QIZI

Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”

Elmi Araşdırmalar, Ekspozisiya və Fond şöbəsinin müdiri              

Mob: 055 543 55 28, qubatovaltaft@gmail.com

LƏTAFƏT BEYBUTOVA ƏLƏSGƏR QIZININ YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru