MEK Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar virtual sərgi hazırlayıb
AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günü ilə əlaqədar virtual sərgi (baxın >>>>) hazırlayıb.
Virtual sərgidə ulu Öndər Heydər Əliyevin siyasi irsini özündə əks etdirən nəşrlər təqdim olunub. Həmin nəşrlərin sırasında H.Həmidovun “Heydər Əliyev irsində tərbiyə və təhsil siyasətinin fəlsəfəsi millilik, ümumbəşərilik kontekstində (tarix və müasirlik)”, İ.Həbibbəyli, T.Əlişanoğlu, Ə.Əsgərli, E.Akimova, A.Bağırlı və L.Həsənovanın “Ədəbiyyatda Heydər Əliyev obrazı tarixi gerçəklikdən ideala”, Q.Məmmədovun “Aqrar islahatların Heydər Əliyev modeli”, “Heydər Əliyevin siyasi irsi və azərbaycançılıq” toplusu, “Heydər Əliyev və Çin”, “Heydər Əliyev və Azərbaycanda yeni dövlət quruculuğu: 1993-2003” (türk dilində), M.Həsənovanın “Heydər Əliyev və Azərbaycan dövlətçiliyində qadın məsələsi”, T.Əfəndiyevin “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz”, “Parlament tariximizin Heydər Əliyev dövrü”, “Heydər Əliyev və Azərbaycan dilinin inkişaf konsepsiyası”, “Heydər Əliyev siyasəti: tarix və müasirlik” və digər dəyərli nəşrlər yer alıb.
Nəşrlərdə müdrik siyasətçi, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin siyasi irsi, apardığı uğurlu islahatlar, eləcə də çoxcəhətli mədəniyyət nəzəriyyəsi təhlil olunur. Həmçinin ədəbiyyatşünaslıq elmində indiyədək görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycan ədəbiyyatının inkişaf etdirilməsindəki rolu, yazıçı və şairlərin əsərləri vasitəsilə ölkəmizi tanıtması, yaradıcı simalara qayğı göstərməsi və digər bu kimi məsələlər öz əksini tapıb.
Geniş oxucu kütləsi üçün nəzərdə tutulan nəşrlərin elektron versiyalarını MEK-in elekron kataloquna daxil olub PDF şəklində yükləmək və ya onlayn formada mütaliə etmək mümkündür.
Qeyd edək ki, MEK-də virtual ilə yanaşı, ənənəvi sərgi də təşkil olunub.
Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Heydər Əliyevdir.
Milli qurtuluşdan başlanan yolda əldə edilən uğurların əsas məqamlarını təqdim edirik.
Böyük xilaskarlıq qayıdışı
Heydər Əliyevin adı tariximizə həm də böyük xilaskar kimi düşüb.
XX əsrin sonlarında yenidən müstəqillik qazanmaq kimi tarixi fürsəti əldə edən Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üzləşdi. Ölkədə hakimiyyət böhranı 1993-cü ilin iyununda kulminasiya həddinə çatdı, xaos və anarxiya respublikanı bürüdü. Vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə birbaşa hədəfə aldı. Beləliklə, 1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq, avantürist eksperimentlər dövrü kimi xatırlanır. Bütün bunlar isə həmin dövrdə yeni yaradılmış müstəqil dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslərin rəhbərlik etməsinə görə baş verirdi. Hadisələri düzgün qiymətləndirə bilməyən ovaxtkı iqtidar əhali arasında gündən-günə nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi.
Ümummilli lider Heydər Əliyev müstəqilliyimizin həmin mərhələsini belə xarakterizə edirdi: “Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı”.
Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən davamlı işğalı, getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin gündən-günə ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu şərtləndirirdi. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, müstəqilliyini yenicə bərpa etmiş ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. Əslində, bu, bütün xalqın ürəyinin səsi idi. Xalqımız Heydər Əliyevin ətrafında sıx birləşməklə öz gələcək taleyini özü həll etmək niyyətində idi. Beləliklə, 1993-cü il iyunun 9-da ulu öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı və Azərbaycan Xalq Cümhuriyyətinin taleyindən daha dəhşətli hadisələrin gözlənildiyi ölkəmizi bəlalardan, müsibətlərdən xilas etdi. Həmin gün, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı oldu, böyük qurtuluşa doğru mühüm addım atıldı. Xalqımızı nicata aparan yol bilavasitə həmin gündən başlandı.
Qurtuluşdan inkişafa: müdrik siyasətin uğurlu nəticələri
İyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi və böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü.
“Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”, – deyən Ümummilli Lider problemlərin həlli üçün ölkədə vətəndaş həmrəyliyini, sabitliyi son dərəcə vacib sayırdı: “Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz”. Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu.
Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Həmin il “olum, ya ölüm” ayrıcında qalmış Azərbaycan Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində gələcəyə inamla baxan qüdrətli bir dövlətə çevrildi. 1993-cü il oktyabrın 3-də Ümummilli Lider xalqımızın böyük əksəriyyəti tərəfindən Prezident seçildi.
Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, dünyada Azərbaycanın nüfuzu daha da artır. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynadı. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk oldu və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd edilir.
Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Ulu Öndər Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi.
Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ onu qoruyub inkişaf etdirmək idi. Bu, Ümummilli Liderin iradəsi sayəsində reallığa çevrildi. Heydər Əliyev milli dövlətçiliyimizin konsepsiyasını yaratdı. Bütün maneələrə baxmayaraq ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu. AXC-Müsavat hakimiyyəti isə təbii ki, Heydər Əliyevin uğurlarını qısqanclıqla qarşılayıb ona mane olmağa çalışdı. Vəziyyətdən səbirlə çıxan Prezident Heydər Əliyev televiziya vasitəsilə xalqa müraciət etdi.
İyunun 20-də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə yerli və xarici jurnalistlər üçün brifinq keçirdi.
İyunun 21-də isə bir sıra ölkələrin diplomatları ilə görüşdü. Bu sahədə yürüdülən siyasət respublikanı informasiya blokadasından çıxardı. Dünyada ölkəmizlə bağlı formalaşan fikir müsbət yönümdə dəyişdi. Məhz belə bir mürəkkəb siyasi şəraitdə Heydər Əliyevin böyük potensialı Azərbaycanın müstəqilliyinin qarantına çevrildi. Ümummilli Liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, xarizması, qətiyyəti, uzaqgörənliyi böhrana son qoydu, xalqımız Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında birləşdi. Ümummilli Liderin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Respublikanın qarşısında duran problemlər mərhələlərlə həll olundu, əmin-amanlıq, siyasi sabitlik yarandı. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş başlandı, xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edildi.
Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz sosial-iqtisadi, siyasi və mənəvi tədbirlərin nəticəsi kimi, bir tərəfdən Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir olan nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmağa başlandı, digər tərəfdən, bütün siyasi və diplomatik vasitələrin işə salınması ilə 1994-cü ilin may ayında həyati əhəmiyyət kəsb edən atəşkəs əldə edildi. Atəşkəsin həyati əhəmiyyəti onda idi ki, məhz bu müqavilədən sonra ölkəmizin dünya birliyinə inteqrasiyası sürətləndi, öz iqtisadi potensialından səmərəli istifadə edərək dünya bazarına daxil olmağa şərait yaradan beynəlxalq müqavilələr, razılaşmalar və s. əldə edildi. Ölkə daxilində yaranmış nisbi sabitlikdən, həmçinin beynəlxalq aləmdə Azərbaycana münasibətdə artan inam və maraqdan istifadə edərək 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması və onun gerçəkləşdirilməsi də məhz ulu öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanan və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasının əsasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür. Heydər Əliyevin rəhbərliyi ilə respublikamız qədim İpək Yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz xətlərinin çəkilişi kimi qlobal layihələrin fəal iştirakçısına və təşəbbüskarına çevrildi.
Həyatın bütün sahələrində tərəqqi və dirçəliş baş verdi. Heydər Əliyev dühasının xidmətləri olan bu nailiyyətlər Azərbaycanı məhv olmaqdan qurtardı, müstəqilliyimizi daimi, əbədi, sarsılmaz, dönməz etdi. Bütün bunlar 1993-cü il 15 iyun tarixinin nailiyyətləridir. Heydər Əliyevin xalqımız və tariximiz qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, ölkəmizi parçalanıb yox olmaq təhlükəsindən qurtarmasında idi. Dövlətimizin qorunub saxlanması isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması, qurtuluş deməkdir.
Ulu öndər Heydər Əliyev Azərbaycanı qüdrətli, nüfuzlu, demokratik dövlət kimi görmək istəyirdi, onun hər addım və hərəkətləri məhz buna yönəlmişdi. Məhz Ümummilli Liderin uzaqgörən siyasəti nəticəsində 1995-ci ilin noyabrında demokratik, hüquqi dövlətin təməlini təşkil edən Konstitusiya qəbul olundu. Beləliklə, ölkədə daha genişmiqyaslı islahatlar aparılması üçün normativ-hüquqi bazanın formalaşdırılmasına başlanıldı. Odur ki, Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas günüdür. Qurtuluş günü Azərbaycanın xaosdan, anarxiyadan, hərc-mərclikdən, özbaşınalıqdan, parçalanma təhlükəsindən qurtulduğu, sabitliyə, əmin-amanlığa, demokratiyaya qovuşduğu gündür. Ümummilli Liderin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, inamımızı özümüzə qaytardı. 15 İyun tarixi təkcə dövlətçiliyimizin xilası deyildi. Bu tarix həm də Azərbaycanın bu gününü, sabahını müəyyənləşdirdi.
Heydər Əliyevin görmək istədiyi Azərbaycan
Heydər Əliyevin yenilməz iradəsi, uzaqgörənliyi, fədakarlığı onu bütün dünya azərbaycanlılarının lideri edib, ömür yolu doğma Vətənə xidmət nümunəsinə çevrilib. Bütün şüurlu həyatını canından artıq sevdiyi xalqına, ölkəsinə həsr etmiş bu müdrik siyasi və dövlət xadimi tariximizdə müstəqilliyimizin memarı və qurucusu kimi yer tutub. Heydər Əliyev fenomeninə məxsus iti zəka, müdriklik, uzaqgörənlik və əzmkarlıq ona əvəzsiz ümummilli lider mövqeyi qazandırıb. Çoxşaxəli və zəngin fəaliyyəti, misilsiz insani keyfiyyətləri sayəsində o, zəmanəmizin əbədiyaşar dahisinə çevrilib. Azərbaycan xalqı haqlı olaraq Heydər Əliyev irsini müstəqilliyinin təminatçısı kimi qəbul edir. Qədirbilən xalqımız böyük xilaskarının xidmətlərini unutmur və 15 İyun – Milli Qurtuluş Gününü hər il yüksək əhval-ruhiyyə ilə qeyd edir.
Ötən illər ərzində Azərbaycan böyük inkişaf yolu keçib. Ölkəmizin inkişaf strategiyası məhz ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilib. Azərbaycanda Heydər Əliyev siyasətinin alternativi yoxdur. Bugünkü Azərbaycan Heydər Əliyevin görmək istədiyi Azərbaycandır.
Qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Bu günün fövqündən baxanda Azərbaycanın gələcəyi daha işıqlı və firavan görünür. Çünki müstəqil Azərbaycanın idarəçilik sükanı ulu öndər Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyevin əlindədir.
Prezident İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib, ötən dövr ərzində möhtəşəm iqtisadi uğurlara imza atılıb. Bunu təkcə Azərbaycan vətəndaşları deyil, bütün dünya təsdiq edir. Azərbaycana gələn hər bir şəxs ölkəmizdə gedən inkişafa heyran qalır. Bu gün xalqımız əmindir ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcək.
Macarıstan, Oktyabr, 1956-cı il. Tələbələrin təşəbbüsü ilə başlanan antisovet inqilabına artıq fəhlə və ziyalılar da qoşulur. Macarıstanın paytaxtı Budapeştin əsas meydanına artıq bir neçə gündür 200 min inqilabçıdan ibarət mitinq toplaşmışdı. 24 Oktyabr bir sıra antisovet və antikommunist çıxışlardan sonra kütlənin bir hissəsi dövlət radiosu binasından millətə müraciət etmək üçün hərəkət etdilər, digəri isə SSRİ-nin şəhərdə yerləşən səfirliyinə hücum etdi. Artıq odlu silah və “Molotov kokteylləri” ilə silahlanmış inqilabçılar radio binasını ələ keçirir və döyüşlər zamanı bir neçə ağır texnikanı da zəbt etməyə müvəffəq olurlar.
SSRİ səfirliyinə hücum edənlər hasar və bir sıra obyektləri yandıraraq yaşayış binasını ələ ala bilirlər və Moskvanın Macarıstandakı səfiri, Yuri Andropovun oğlu, 14 yaşlı İqoru oğurlayırlar. Vəziyyət ciddiləşir. İngilabçılar tələb edirlər ki, Sovet ordu hissələri dərhal şəhəri azad etsinlər, əks halda onlar SSRİ səfiri Yuri Andropovun oğlunu edam edəcəklər.
Moskvada Budapeştdəki vəziyyəti müzakirə etmək üçün Siyasi Büronun fövqəladə toplantısı yığışır. Yenicə Macarıstandan qayıdan Siyasi Büronun üzvü Mixail Suslov və SSRİ Baş nazirinin birinci müavini Anastas Mikoyanın hesabatını dinləyən SSRİ Kommunist Partiyasının Baş katibi Nikita Xruşşov Budapeştdən 6 minlik Sovet qoşun kontingentinin müvəqqəti çıxarılmasına əmr verir. Lakin inqilabçılar bununla kifayətlənmirlər – qələbələri ilə ruhlanmış üsyançılar bir sıra dövlət təşkilatlarını ələ keçirir, Stalin və digər SSRİ-nin simvolu olan heykəl, monument və hətta bayraqlarında olan çəkic və oraq hissələrini cıraraq ölkədə sosialist rejiminin ləğvini və Macarıstanın ümumiyyətlə Varşava müqaviləsindən çıxmasını tələb edirlər. Eyni zamanda Yuri Andropovun oğurlanan oğlunu qaytarmır və onun barədə heç bir məlumat vermirlər, əksinə, onun üzərində spekulyasiyaları davam etdirərək İqoru öldürməklə hədələyirlər.
Bu vəziyyətdən çıxış yolu tapmaq üçün Macarıstana az saylı xüsusi təyinatlılar dəstəsi göndərilir. Bu dəstə yüksək peşəkarlıqla hərəkət edərək 8 saata tanımadığı məkanda nəinki Yuri Andropovun oğlu İqorun yerini müəyyən edir, hətta baxmayaraq ki, uşaq ciddi nəzarət və silahlıların mühafizəsi altında yerləşirdi, onu heç bir kəsə xəsarət yetirmədən ələ keçirib birbaşa ölkədən çıxarmağa müvəffəq olurlar. Maraqlı fakt həm də budur ki, bu xüsusi təyinatlıların komandiri 33 yaşlı Heydər Əlirza oğlu Əliyev idi.
Bir neçə gündən sonra Nikita Xruşşovun növbəti sərəncamı əsasında Budapeştə Rumıniyada məskunlaşan 60 minlik Sovet ordusu daxil olur və cəmi 3 min inqilabçının ciddi müqaviməti ilə rastlaşmasına baxmayaraq bir neçə günə Macarıstanda Yanoş Kadorun başçılığı ilə sosialist hakimiyyətini bərpa edir.
Sözsüz ki, Heydər Əliyevin bu şücaəti və peşəkarlığı unudulmur. Son günlərinədək Yuri Andropov ona dərin minnətdarlıq hissi ilə, habelə Heydər Əliyevin fövqəladə savad və mərdlik xüsusiyyətlərini nəzərə alaraq ona dəstək olur. Belə ki, 18 may 1967-ci ildə Andropov SSRİ “KQB”nin rəhbəri vəzifəsinə təyin olunandan iki ay sonra Heydər Əliyev Azərbaycan “KQB”sinin sədri təyin olunur, bundan sonra 1969-cu ildə respublikanın Birinci katibi seçilir. 1982-ci ildə Yuri Andropov SSRİ Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi seçiləndən sonra həmin il Heydər Əliyev Mərkəzi Siyasi Büronun üzvü və SSRİ Nazirlər Sovetinin sədrinin birinci müavini vəzifəsinə təyin olunur.
Bu gün Ulu Öndərimiz Heydər Əliyevin vəfat günüdür, Allah ona rəhmət eləsin. Eyni zamanda, bu ay onun sadiq silahdaşı və onunla 1969-cu ildən 14 il çalışan əmim Arif Mustafayev də rəhmətə gedib, Allah ona da rəhmət eləsin! Yeriniz behiştlik olsun, kişilər!
Sağdan sola: Heydər Əliyev, İlham Əliyev, Arif Mustafayev
Bu məqaləni ANS Press saytında da qxuya bilərsiniz: https://anspress.com/heyd%C9%99r-%C6%8Fliyev-bar%C9%99sind%C9%99-bilm%C9%99diyimiz-maraqli-fakt
SÖNMƏZ GÜNƏŞ Çaylar, göllər, dənizlər yox, Kükrəyirdi okeanlar Azərbaycan yaşayırdı Fırtınada qorxunc anlar. *** Dalğaların uğultusu Yayılmışdı çox ellərə. Okeanın açar-pultu. Verilmişdi yad əllərə. *** Qorxu, hədə harayından Millət yaman bayılmışdı. Tam günahsız bir məmləkət Cinayətkar sayılmışdı. *** Yurdumuza gələn bəla Qəlb ağrıtdı, sinə dəldi. Anaların ağısından Göy ağladı, yer kövrəldi.
ÖLMƏYİB, YAŞAYIR HEYDƏR ƏBƏDİ Qoymadı tökülə millətin qanı, Qorudu, saxladı Azərbaycanı, Gəzdi qitələri, gəzdi dünyanı, Ucalır hər yerdə Heydər məbədi, Ölməyib, yaşayır Heydər əbədi! * * * “Ümid körpüsü”dür gözlərin nuru, Orda qərar tutub Heydər qüruru, Nura qərq elədi qədim Şəruru, Ucalır hər yerdə Heydər məbədi, Ölməyib, yaşayır Heydər əbədi! * * * Hər an qalib çıxdı siyasətində, Milləti qoymadı darda, çətində, Vətəni yaşatdı öz qeyrətində, Ucalır hər yerdə Heydər məbədi, Ölməyib, yaşayır Heydər əbədi! * * * Onun əsəridir Bakı – Ceyhanım, “Qara qızıl” verən Azərbaycanım, Sabaha inamla qaynayır qanım, Ucalır hər yerdə Heydər məbədi, Ölməyib, yaşayır Heydər əbədi! * * * Hər yerdə Heydərin izi görünür, Söhbəti görünür, sözü görünür, Hər kənddə, şəhərdə özü görünür, Ucalır hər yerdə Heydər məbədi, Ölməyib, yaşayır Heydər əbədi! * * * Mən Budaq Təhməzəm, yazan əlim var, Xoşbəxtəm, müstəqil, azad elim var, Üçrəngli bayrağım, ana dilim var, Ucalır hər yerdə Heydər məbədi, Ölməyib, yaşayır Heydər əbədi! 13.10.2004.
SƏN BU XALQIN DAYAĞI (Ulu Öndər Heydər Əliyevə) Sən bu xalqın dayağı, Sən tarix yazan insan. Qəmi taleyimizdən Əbədi pozan insan. * * * Millətə hami oldun, Qorudun dilimizi. Adımızı dünyaya Tanıtdı sənin izin. * * * Sahib çıxdın bu elin Aliminə, elminə. Cavid ruhu sevindi Cavid məqbərəsinə. * * * Duymusan hər şairin Şeirinin qüdrətini. Göstərmisən Müşfiqin, Sabirin hikmətini. * * * Sən bu xalqa qaytardın Türkçülüyün ruhunu, Qüdrətini, əzmini, Azadlıq – göz nurunu. * * * Cənnət oldu bu vətən, Çiçək açdı hər qaya. Şahinin ucalığı Dərd yaşatdı qarğaya. * * * Bayrağımız göründü Bayraqlar sırasında. Sözün dağı da yardı Liderlər masasında. * * * Üç tərəfdə quzğunlar Yandı alovumuzdan. Kimsə ötə bilmədi Yel olub yanımızdan. * * * Biz özgüvən qazandıq, Sənsə Ata adını. Kama çatdırdın xalqın Eşqini, muradını. * * * Dərin siyasətinlə Məhv oldu yad tapdağı. Sənin əsərin oldu Azərbaycan torpağı.
İndi 2023-cü ilin, demək olar ki, son aylarını yaşayırıq. Bizi təzə ildən sadəcə 4 aydan da az bir vaxt ayırır. Bu il hər insan üçün müxtəlif, bəziləri üçün maraqlı, bəziləri üçün gözlənilməz, bəziləri üçün isə sürprizlərlə dolu bir il oldu. Lakin əminliklə deyə bilərəm ki, bu il hamı üçün, ələlxüsus da 50 milyonluq Azərbaycan xalqı üçün ən xüsusi, ən önəmli və ən gözəl illərdən biri oldu. Ona görə ki, bu il Azərbaycanda Ulu Öndərimiz Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə “Heydər Əliyev” ili qeyd edilir. Bu il Ulu Öndərimizin anadan olmasının 100 illiyi olduğu üçün böyük tarixi əhəmiyyət daşıyır və mən inanıram ki, bundan sonrakı yüzilliklər ərzində bu ilin tarixi önəmi daha da qabarıqlaşacaq, daha da artacaq.
Mən də 15 yaşı bu il taman olan 10-cu sinif şagirdi kimi özümdə cəsarət taparaq Ulu Öndərimizin 100 illik yubileyinə onun dühasının ümmanında bir zərrə belə olmayacaq qədər kiçik bir yazını qələmə alaraq Öndərimizin yubileyinə hədiyyə etdim. Sayca 7-ci kitabım olacaq bu kitabımı – “Ulu Öndərin işığında” nı Ulu Öndərimizin işıqlı xatirəsinə və 100 illik yubileyinə həsr etmişəm.
Ümumiyyətlə, yazı yazmağa başladığım və kitablarımı çap etdirdiyim zamanlardan başlayaraq bu günə qədər həmişə Ulu Öndərimiz haqqında kitab yazıb çap etdirmək mənim üçün böyük arzulardan, amallardan biri olub. Elə buna görə də zaman-zaman Ulu Öndərimiz haqqında bir çox şeir və məqalələr qələmə almışam. Bu şeir və məqalələri bu kitabdan oxuya və onlarla daha yaxından tanış ola bilərsiniz. Hətta “Ulu Öndərimiz” adlı şeirimə mahnı da bəstələnmişdir. Gələcəkdə Ulu Öndərimizin xatirəsinə həsr edəcəyim kitabımda yer alması üçün bu şeir və məqalələri toplayır, onları xüsusilə qoruyur və saxlayırdım. Bunlarla işimi yekunlaşdırmır, Heydər Əliyev dühası irsinin daha da dərindən öyrənilməsi yolunda yorulmadan çalışır və özümü Ulu Öndərimizin adına və ucalığına layiq əməllərə daim həsr edirdim. Bunun sübutu kitabda oxuyacağınız şeir və məqalələrin “Hərdən uçmaq istəyirəm”, “Ulu Naxçıvanım” və digər şeir və publisistik səciyyəli kitablarımda çap edilməsidir. Mən hər bir kitabımın Ulu Öndərimizdən, onun irsindən bir hissə daşımasına çalışmışam və buna az da olsa, nail olmuşamsa, özümü xoşbəxtlərin xoşbəxti hiss edirəm.
2023-cü il Azərbaycanımızın və xalqımızın üzünə bir Günəş kimi doğduğu zaman mən öz beynimdə həyəcan təbillərinin çalındığını hiss edirdim. Sanki 2023-cü ilin başladığı o günlərdə özümü zamanla, axıb-gedən həftələrlə, günlərlə, saatlarla, dəqiqələrlə yarışan görürdüm. O vaxtdan Ulu Öndərimizin 100 illiyi münasibətilə daha səmərəli və daha çox işlər görməyi qərarlaşdırdım və artıq zamanla yarışa başladım. Kitabın yazılma prosesi belə başladı.
Dərslərimin və ictimai tədbirlərdə iştirakımın yorğunluğu nəticəsində mən ən çox vaxtı yay aylarında tapa bilmişdim. Ona görə də yay günlərində işimi daha da sürətləndirdim və Ulu Öndərimizin irsinin axtarışına çıxdım. Gənc araşdırmaçı kimi Ulu Öndərimiz və onun gördüyü işlər haqqında, bir sıra insanlara məlum olan təşəbbüsləri haqqında, ailəsi və sevimli ömür-gün yoldaşı Zərifə xanım haqqında araşdırmalar aparmağa başladım. Bu zaman özümə məlum olmayan bir sıra detalları gün üzünə çıxartdım. Ulu Öndərimizin gəncliyindən başlamış hətta sovetlər birliyi dövründə türk xalqlarına olan yüksək diqqəti, xüsusilə də altaylıların dərdini bir qardaş kimi dinləməsi və onlara işlərində kömək etməsi, hətta onlara türk olduqlarını, qardaş olduqlarını xatırlatması və bir sıra bunun kimi təşəbbüslər araşdırmalarım əsasında yenidən oxucuların nəzərinə çatdırdım. Hesab edirəm ki, bu məqalələrin işığında Ulu Öndərimizin türk birliyinə olan sədaqəti və bu yöndə olan təşəbbüsləri bundan sonra da araşdırılacaq və neçə-neçə yeni məqalələr yazılacaqdır.
Ulu Öndərimizin qardaş Türkiyə ilə olan əlaqələri xüsusilə diqqətə və təqdirə layiqdir. Uzaqgörən liderimizin böyük türk siyasətçiləri Rəcəb Tayyib Ərdoğan və Dövlət Baxçalıyla olan görüşləri dünənimizdən bu günümüzə işıq tutur, qəlblərdən-qəlblərə çəkilən Ümid körpüsünü nura boyayır.
Oxucularıma əminliklə deyə bilərəm ki, araşdırmalarımda toxunduğum mövzular və hadisələr tamamilə realdır, Ulu Öndərimizin zaman-zaman çıxışlarında dilə gətirdiyi kəlamlardır və istinadları da tam yerindədir.
Kitabımın Ulu Öndərimizin 100 illik yubileyi və Qarabağda keçirilən lokal antiterror əməliyyatı zamanı Qarabağımızın erməni terrorçularından tamamilə azad olunması, onların təslim olması fonunda da oxucular tərəfindən dəyərləndiriləcəyinə, sevilərək oxunacağına ümid edirəm və bundan əminəm.
Kitabım Ulu Öndərimizin müqəddəs ruhuna, böyük irsinə və göylər qədər əbədi olan ucalığına ərməğan olsun!
Ruhun şad olsun, Ulu Öndərimiz! 50 milyonluq böyük Azərbaycan xalqının və bir ucu Qərbə, bir ucu Şərqə uzanan böyük türk millətinin qəlbində dünya durduqca yaşayacaqsan!
Ulu Öndərimizin hər zaman dayağı, dəstəyi olmuş, həyatda onun üçün ən sadiq insan olmuş ömür-gün yoldaşı, görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyeva haqqında
Azərbaycan-türk qadını, türk anası hər zaman hər sahədə müsbət mənada bütün dünya qadınları arasında öz fərqliliyini, ağırlığını, sanballılığını, ucalığını nümayiş etdirmiş və seçilənlərdən olmağı bacarmışdır. “Qadınlıq” sözü, “analıq” sözü hər zaman Azərbaycan qızlarının, gəlinlərinin. qadınlarının timsalında daha da dəyərə, qiymətə minmiş, daha gözəl və daha qürurlu bir şəkildə səslənmişdir. Azərbaycan qadınları öz xalqını, öz ölkəsini bineyi-qədimdən çox gözəl və layiqli şəkildə təmsil edərək bu qadınlıq, analıq adını zirvələrə qaldırmışlar. Bunun nümunələrini keçmişimizdən görmüşük, indi görürük və gələcəkdə də görəcəyimizə şübhə etmirik. Ataların misalında deyildiyi kimi “ot kökü üstə bitər”. Bizim xanım-xatın qadınlarımız öz ömür-gün yoldaşlarına ömür boyu sadiq qalmış, dəstək olmuş, ən yaxşı anında onunla sevinmiş, ən pis anında onları tərk etməmiş, onların ömür boyu yanında olmuş, səsinə səs vermişdir. Azərbaycan qadını, Azərbaycan anası özünün zinəti olan əxlaqından və imanından heç bir zaman ayrılmamış, bütün ömürünü düzlük içində, haqq-ədalət, ana, qadın isməti, abırı, həyası içərisində yaşamışdır. Dünyanın bir çox yerindən Azərbaycanın tarixini öyrənən tədqiqatçılar haqlı olaraq heyrətlənir və belə bir sual soruşurlar: “Azərbaycan qadınları dünya qadınlığı içərisində necə bu qədər böyük nüfuza, sevgiyə, hörmətə və diqqətə sahib ola biliblər?”. Bu, əslində cavabı elə də çətin olmayan bir sualdır. Bunun cavabını dünya xəlq olandan bu günə qədər öz fəaliyyətlərini davam etdirən xanımlarımızın misalında, ər igidlərinə hər zaman dayaq olan Tomris xatunun, Sara xatunun, Koroğlunun ömür-gün yoldaşı Nigarın, Qaçaq Nəbinin həyat yoldaşı Həcərin və adlarını bildiyimiz və ya bilmədiyimiz neçə-neçə Azərbaycan xanımlarının timsalında, onların həyatı ilə tanış olaraq, öyrənərək tapa bilərlər. Bir də ən əsası bir şəxsiyyətin, fenomenin və böyük insanın xanımı timsalında… Xalqımızın Ulu Öndəri olan Heydər Əliyevin ömür-gün yoldaşı, görkəmli oftalmoloqumuz, akademik Zərifə xanım Əliyevanın timsalında.
İnsanlar sevgi, məhəbbət haqqında fikirləşəndə bu qənaətə gəlirlər ki, əsl sevgi gərək odlardan, alovlardan keçsin, bir çox qət olunması mümkünsüz olan zirvələri fəth etsin, maneələri, sədləri aşsın və sonda sonsuz, əvəzsiz, şirin vüsala yetişsin. Onda həmin sevgi əsl sevgidir və o sevgi nəinki bir ömür boyu, hətta bir dünya boyu yaşayacaq, yaşadılacaqdır. O sevgi dünyanın ən saf, təmiz məfhumudur və heç bir zaman təmizliyini, saflığını itirməyəcəkdir. Belə sevgilər dünyada az-az, demək olar ki, çox nadir hallarda olur, meydana gəlir. Bir fidan kimi qəlblərdə yetişən o sevgi gün gələndə böyük, uca, ən güclü qasırğalara və fırtınalara davamlı olan çinar ağacına çevrilir. O çinarın neçə-neçə budaqları, qolları olur. O budaqlar, o qollar əsl sevgidən yaranmış sədaqət, nəciblik, böyüklük timsallı sevgilərdir. Mən Ulu Öndərimiz Heydər Əliyevlə onun ömür-gün yoldaşı Zərifə xanım Əliyevanın sevgisini şəksiz və şübhəsiz olaraq əsl sevgi adlandırıram. Tam mənasında inanıram ki, bu sözümü təsdiq edən çoxlu təkzibedilməz sübutlar var. Ulu Öndərimizin Zərifə xanımla ömrünü birləşdirmək yolunda keçdiyi çoxlu maneələr, getdiyi yollarda olan burulğanlar, tufanlar, fırtınalar bunun ən böyük misalıdır. XX əsrin 50-ci illərində Azərbaycanın siyasi həyatında baş verən o qanlı-qadalı hadisələrlə dolu günlər buna misaldır. Elə o əsl sevgi fidanını böyüdüb, bəsləyib uca və ulu bir çinar edən də budur. Əsl sevgi ağacı sudan, havadan yox, maneələrdən, tufanlardan, fırtınalardan qidalanır və bu səviyyəyə çataraq aliləşir, müqəddəsləşir. O ulu çinar ağacı sevgidən güc aldığı üçün ən böyük fəlakətlərdə yerindən bir azca da olsa tərpənmir belə. Hətta fırtınaları, tufanları titrədir, yurdları, yerləri viran qoyan sellərin özünün önünə sipər olur, onu dayandırır, səmtini dəyişir, dağıdıcı havasını alır. Bu ali sevgini, məhəbbəti belə vəziyyətə gətirən nədir? Qorxmazlıq, sadiqlik, səbirlilik, dözümlülük, təmkinlilik… Ulu Öndərimizin gələcək sevgilərə bir ilham xarakteri daşıyan sevgisi belə başladı, davam etdi və özünün ən böyük zirvəsinə, kuliminasiya nöqtəsinə belə çatdı.
Zərifə xanım xalqımızın böyük alimi, elm və səhiyyə sahəsində tanınmış xadim, Azərbaycanı bütün Sovet məkanında, o vaxtkı sosialist ölkələrində tanıdan, sevdirən böyük bir şəxsiyyət idi. Ulu Öndərimiz siyasi uzaqgörənlik, idarəçilik qabiliyyəti baxımından, Zərifə xanım isə tibb və elm sahəsində fəaliyyəti baxımından Azərbaycanın nə qədər qüdrətli, əzəmətli və zəngin bir ölkə olduğunu, demək olar ki, bütün dünyaya çatdırmışdı. Görkəmli oftalmoloqumuz Zərifə xanım Tomrisin, Sara xatunun, Nigarın, Həcərin SSRİ dönəmində – o qanlı-qadalı illərdə ən böyük və layiqli davamçısı olaraq fəaliyyət göstərirdi. Azərbaycanın əməkdar elm xadimi kimi ali və şərəfli ada layiq görülmüş Zərifə xanım həm də oftalmologiya sahəsində müəllifi olduğu kitablarla necə təhsilli, təcrübəli və bacarıqlı oftalmoloq olduğunu göstərirdi. SSRİ səviyyəsində qazandığı ali məqam, şöhrət və yüksək dərəcədə olan hörmətin nəticəsi olaraq Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti Rəyasət Heyətinin üzvü seçilmişdi. 1981-ci ildə Sovet məkanında SSRİ Tibb Elmlər Akademiyasının M.İ. Averbax adına Mükafatına layiq görülmüş ilk qadın olması onun nəinki Azərbaycan qadınını, həm də Şərq qadınını layiqincə təmsil etməsindən xəbər verirdi.
Zərifə xanım Ulu Öndərimizə layiq bir xanım və ömür-gün yoldaşı idi. Onunla tanış olduğu ilk gündən vəfat etdiyi günə qədər ona olan sadiqliyi, əbədi və dönməz sevgisi, hörməti, diqqəti ilə bütün xanımlara örnək idi. Zərifə xanım sadiq həyat yoldaşı olduğu kimi mehriban, qayğıkeş, fədakar bir ana idi. O, Ulu Öndərimizə iki layiqli övlad – Sevil xanımı və hörmətli cənab Prezidentimiz İlham Əliyevi böyütmüş, vəfat etdiyi günə qədər onları gözü kimi qorumuş, canından da artıq sevib dəyər vermişdi. Zərifə xanımın Azərbaycan xalqına İlham Əliyev fenomeni kimi əsrin qəhrəmanı sayılacaq dərəcədə ali, müzəffər və böyük bir şəxsiyyət yetişdirməsi, bu xalqa, bu millətə nə dərəcədə böyük fədakarlıqlar etməsi və xeyir işlər görməsi faktı danılmazdır.
Qeyd edilənlərlə bərabər Zərifə xanım Əliyeva həm də hikmətli, şəfqətli və yüksək dünyagörüşlü bir həkim idi. Bunun sübutunu onun müəlliflik etdiyi “Yüksək əqidə” kitabında tapmaq olar, orada deyilir:
“Ölkə, cəmiyyət nə qədər inkişaf etmiş olursa, onun insanları da, mənəvi cəhəti də, humanistliyi də yüksək olur, eyni zamanda həkimin mənəviyyatı da, insanpərvərliyi də diqqəti cəlb edir.
Həkim çox səbirli olmalıdır. O, xəstənin daxili aləminə girib onu başa düşməsi üçün “Şəhrizadın uzun-uzadı nağılı”nı dinləməyi bacarmalıdır. İnsanın və xüsusilə xəstənin daxili aləmi də onun orqanizmi kimi mürəkkəbdir.
Vicdan – bizim əsas hakimimizdir.” və s.
Yuxarıdakı sitatlardan da göründüyü kimi Zərifə xanım vicdanlı, humanist bir həkim, bir insan olaraq təkcə xəstələrinin yox, öz ölkəsinin, cəmiyyətinin, digər ölkə və cəmiyyətlərin, bir sözlə, bütün dünyanın xeyrini istəyir, bunun üçün çalışır və bütün ömrünü, həyatını bunun üçün sərf edirdi. Onun sədaqəti, sevgisi təkcə Ulu Öndərimizə, övladlarına, gözəl ailəsinə deyil, eyni zamanda doğma xalqına, ölkəsinə və elə bütün dünyaya idi.
Zərifə xanımın sevgisində o, vəfat edəndən sonra da ayrılıq baş vermədi. Oxucu haqlı olaraq soruşa bilər ki, axı Zərifə xanım 1985-ci ildə amansız xəstəlikdən dünyasını dəyişdi, bəs onlar ayrılmış olmadılar?! Xeyr, onlar ayrılmış olmadılar. Onlar heç bir zaman ayrılmadılar. Ulu Öndərimiz heç bir zaman onu unutmadı. Məzarını ziyarət edərkən əlini Zərifə xanımın qəbirüstü abidəsinə qoyaraq fikrə getməsi, dəqiqələrcə onun abidəsinə tamaşa etməsi, tədbirdə “Tut ağacı” mahnısını dinləyərkən kövrəlməsi onun Zərifə xanımı nə qədər böyük və sarsılmaz məhəbbətlə sevdiyini göstərirdi. Rejissor Vaqif Mustafayevin çəkdiyi “Əsl məhəbbət haqqında” adlı filmə baxarkən biz Ulu Öndərimizlə Zərifə xanımın böyük sevgisinin bir daha şahidi oluruq. Zərifə xanım vəfat etsə də, bütün varlığı ilə Ulu Öndərimizin və onu sevənlərin qəlbinə köçdü, orada həyatını davam etdirdi və indi də həyatına davam edir. Zərifə xanım ölməyib, o, Ulu Öndərimizə duyduğu sevgi qədər əbədidir, onu sevənlərin qəlbində ölməzliyini qoruyub saxlayır və saxlayacaqdır.
Yazarlar”jurnalının baş redaktoru Zaur USTAC “Heydər Əliyev ili” çərçivəsində səmərəli fəaliyyətinə görə “Heydər Əliyev 100” Fəxri media mükafatı ilə təltif olunub. “Yazarlar” kollektivi adından Zaur müəllimi təbrik edir, yeni-yeni nailiyyətlər arzulayırıq!!!
14 İYUL 1969-CU İL – MÜSTƏQİL VƏ QÜDRƏTLİ AZƏRBAYCAN DÖVLƏTİNİN TƏMƏLİNİN QOYULDUĞU GÜNDÜR.
Ümummilli Lider Ulu Öndər Heydər Əliyevin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul günü xalqımızın tarixi taleyində oynadığı misilsiz rolu ilə daim xatırlanır. Bu tarix Azərbaycanın xilasının birinci mərhələsi, xalqın özünə qayıdış tarixidir. Dünya şöhrətli siyasi xadim öz müdrik fəaliyyəti ilə müasir tariximizin ən şanlı və parlaq salnaməsini yaradıb. Buna görə də Ümummilli Liderimizin xalqa xidmətdə keçmiş parlaq və mənalı ömrünün hər anı siyasi təqvimimizdə özünəməxsus yerə malikdir.
“İRƏVAN” Futbol Klubunun rəhbərliyi, idmançılar və media nümayəndələri bu gün Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət ediblər.
Ziyarətçilər Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri qoydular.
Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edildi.
Daha sonra klubun prezidenti Zahid Niyazəliyev və 1-ci vitse-prezidenti Zülfüqar Kazımov başda olmaqla idarə heyətinin üzvləri Canbaxış Hüseynovu, Alı Alıyevi, Həsən Həsənovu, Namiq Ramazanovu,idman direktoru Vüqar Nuruşov, baş məşqçi Elbrus Məmmədovu və onun köməkçiləri – Adil Məmmədovu və Vidadi Hüseyov, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının baş redaktoru Akif Cabbarlı, “MissiyaTv”-nin əməkdaşı,telejurnalist Leyla Səməndər, “Sportinfo” qəzetinin müxbiri İlkin Sultanlı, “Yazarlar” jurnalının baş redaktoru Zaur Ustacın da daxil olduğu “İRƏVAN” Futbol Klubunun rəhbərliyi, idmançılar və media nümayəndələrindən ibarət ziyarətçilər qrupu Şəhidlər xiyabanını ziyarət edib. Şəhidlər Memorial Kompleksi Abidəsi önünə əklil qoyulub. Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə tər qərənfillər düzülüb, Şəhidlərimizin unudulmaz xatirəsi hörmət və ehtiramla yad edilib.