QAX – AZƏRBAYCANIN GÖZƏL GUŞƏSİDİR. Orda yaşamağa, işləməyə, istirahət etməyə dəyər. Bu dəfəki yay tətilini (7-31 avqust, 2023) Qaxda keçirtdim. Sizə də arzulayıram.
QAX – Azərbaycanın Gürcüstanıdır
Qax görkəmli şəhərdir, Azərbaycanın şimal bölgəsində yerləşir, daha çox rayon mərkəzi kimi məşhurdur. Son illər turizm bölgəsi kimi diqqət mərkəzindədir. Turist axını şəhərin səkkiz kilometrliyində yerləşən İlisu və on dörd kilometrliyində olan Ləkit yaşayış məntəqələrinə istiqamət götürsə də şəhər mərkəzi yaranmış hər şəraitdən bəhrələnərək inkişaf götürə bilir. İlisuda Şeyx Şamilin qalası, İlisu şəlaləsi, Ləkitdə isə Mamırlı şəlalə turistlərin marağına səbəb olan görkəmli yerlərdəndir. Qax şəhərinin özündə isə istər müasir, istərsə də qədimliyi ilə seçilən görməli yerlər çoxdur.
Şəhər asfalt örtüyü ilə xüsusi görkəm alıb. Burada asfaltlanmamış bir küçə, döngə, yaxud dalan tapmaq mümkünsüzdür. Palçıq, toz zibillənməsinə rast gəlmək olmur. Mülayim külək az-az təsadüf olunur. Kürmik çay yatağında yerləşən İlisu dərəsi nəzərə alınmazsa dağların əhatəsində yerləşən şəhərin havası sərin meh ilə daimi təravətlənir. Bir növ uca dağlar şəhəri güclü küləklərdən qoruyur. Sıx meşə örtüyü ərazini oksigen bolluğu ilə daha da zənginləşdirir və insanların rahat yaşayışını təmin edir. Şəhərin aşağı hissəsində salınmış və genişlənməkdə olan yeni məhəllələr enli küçələri, yeni dizaynlı yaşayış evləri ilə gözəl görkəm yaradır.
Evlər qırmızı kərpiclərlə bəzədilib, milli arnamentlərə xas naxışlanıb. Həmin naxışlar əsrlər boyu xalça-gəbələrimizi bəzəyən, Azərbaycanı dünyaya tanıdan milli naxışlarımızın eynisidir, oxşarıdır.
Kanalizasiya və su-drenaj sistemi paralel olsa da ayrı-ayrılıqda, yüksək mühəndislik üslubu ilə salınıb. Yağıntılar zamanı yağış sularının yol kənarları ilə çəkilmiş xüsusi beton nov-borularla axıdılması şəhərə verə biləcək hər hansı bir zərərin qarşısını anındaca ala bilir. Bir sözlə, Qax şəhəri yaşamaq, xüsusən də yay aylarında istirahət etmək üçün tam münasib məkandır.
Əhalisi qarışıqdır, yuxarı məhəllələrdə gürcülərə tez-tez rast gəlmək mümkündür. Azərbaycanlılar və gürcülər uzun müddət birgə yaşayışdan qaynayıb-qarışmış, xüsusiyyətləri ilə bir-birinə uyğunlaşmışlar. Hər iki millətin nümayəndələri şəhəri özlərinə doğma bildiklərindən iaşə obyektlərini də birlikdə işlədirlər.
Turist axını ucbatından bazarda qiymətlər yüksəkdir, digər bölgələrə nisbətdə münasib görünmür. Qax kənd təsərrüfatı rayonu hesab olunsa da əhali daha çox turizmdən gələn gəlirlərə üstünlük verir, təsərrüfatla məşğul olmağa meylli görünmür. Bölgə bol meyvəsi ilə də diqqəti çəkir. Sularda yod çatışmazlığı olduğundan fındıqla yanaşı qoz (cəviz) ağaclarının da bolluğu təqdirəlayiqdir.
ƏLİ BƏY AZƏRİ,
07 – 31.08.2023, Qax şəhəri.
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru