
Çətirli küçə
(Hekayə)
Ürəyimdə mühakimə edərək əməlli-başlı aaa BM l,,məhkəmə qurduğum anda ondan ismarıc alıram. “Saat 8-də səni çətirli küçədə gözləyəcəm”.
Ağlımda getməməyi qərarlaşdırsam da, ürəyim dərhal “gedəcəksən” deyir. Əlüstü hazırlaşıam. Həm də bu dəfə daha baxımlı olmağa çalışıram. İstəyirəm daha çox xoşuna gəlim. Amma ağlımda tamam başqa şeylər planlaşdırmışdım. Ağıl da ki, nə ağıl…Ağlım olsa, dəli-divanə olub arxasınca sürünmərəm ki…
Demək, bu şəhərdə də çətirli küçə varmış. Səyahət etdiyim yerlərdə rast gəlsəm də, yaşadığım şəhərdə belə küçə olduğunu bulmirdim. Özü də lap yaxınlıqda imiş.
Onun dediyi vaxtdan xeyli əvvəl gəlib çətirli küçəni dolaşıram. Qəribə ruhu varmış bu küçənin. Əhvalım xeyli yüksəlir. Halbuki bura gələndə ürəyimdə xeyli müəmmalar, tərəddüdlər vardı. Tərəddüdlərim də səbəsiz deyil. Son vaxtlar o,mənə qarşı əməlli-başlı soyuq və laqeyd olub. Tez-tez itib- batır. Sonuncu görüşümüzdən sonra isə düz bir aydır, nə zəng edib, nə də bir ismarıc yollayıb.
Küçəni dolaşaraq onun hansı tərəfdən gələcəyini müəyyənləşdirməyə çalışıram. Uzaqdan görüncə ürəyim çırpınır. Hələ canıma xoşbəxtliyə oxşar bir duyğu da yayılr. Düz üstümə gəlir. Həmişə belədir, itib batandan sonra heç nə olmamış kimi xoş əhvalla geri dönür.
Onu görüncə ürəyim döyünür, “hardasan qaçqın?”deməkdən özümü saxlayammıram. Eşitməməzliyə vurur. Deyəsən, heç ciddiyə almır. Mısmırığımı sallayıram. Küçənin başındakı xudmani bir restoran- kafeyə üz tuturuq. Kafenin qapısındakı gözətçi də, sarısaçlı xidmətçi qadın da onu ehtiramla qarşılayır.
Yenə də dilimi dinc qoymuram:
- Deyəsən, kafedəkiləri əməlli- başlı tanıyırsan axı?..
-Dostlarla hərdən gəlib əyləşirik- burnuma çırtmayla vurur.
Kafenin künc tərəfində əyləşirik. Beynimi işə salır, planlar qururam. İstəyirəm birbaşa diqqət mərkəzində olum. Gözlərini məndən çəkməsin. Kompliment, sevgi etirafları, filan gözləyirəm. Gözlərinin içinə baxıb gülümsünürəm. O isə gözlərini uzağa zilləyib. Deyəsən, fikri başqa yerdədir. Amma gözlərinin içi gülür. Belədə içimə qəzəb dolur. Necə deyərlər, mərdi-mərdanə, düzü-düzünə hücuma keçmək istəyirəm. Üzünə baxıram. Açıq-aydın görünür ki, əhvalı yuxarıdır. “Döyüş ruhum” öz-özünə sönür. Əlini atıb saçıma sığal çəkmək istəyir, başımı qaçırıram. Təəccüblə üzümə baxır:
-Çətirli kafe ciddiyəti sevməz…
-Amma mən ciddi münasibətləri sevirəm. Məsələn, bir aydır yoxa çıxmağın heç də ciddi sayılmaz. Ümumiyyətlə, son vaxtlar neçənci dəfədir itib –batırsan. Deyəsən, “İtib –batırsan” sözü heç də yaxşı səslənmədi. Ürəyinə toxunmaq istəmirəm. Bir qədər duruxub söhbəti davam etdirirəm:
–Bir sözlə, mən münasibətlərimizin aydınlaşmasını istəyirəm. Mən istəyirəm ki… Deyəsən artıq nələrsə baş verir.Özüm də özümə mat qalıram.
O, gözləriylə ofisantı axtarır, hiss edirəm ki, mənə qulaq asmır.
Qalib görünmək istəyim yenə də suya düşür. Nümayiş etdirmək istədiyim qətiyyət- filan heç cür alınmır. Daxilən məğlub olduğumu qəbul edir və özümə əməlli-başlı qəzəblənirəm.
Ofisant qadın bizə yaxınlaşır. Əlində tutduğu sinidəki billur qədəhləri və növbənöv yeməkləri masanın üzərinə düzür. O, qədəhlərə qırmızı şərab süzür. Şən səslə qədəhini yuxarı qaldırır. - Öz sağlığımıza! Dedi-qodular, giley-güzarlar bu andan bitdi! Həyat gözəldir!
Qədəhimi yuxarı qaldırıram. Həmişəki kimi dodağıma toxundurub yerə qoyuram. O isə qədəhini başına çəkib dalğa-dalğa süzülən musiqi sədaları altında yerində yırğalanaraq ağappaq nimçələrə yemək çəkir.
Əslində, mən sakit bir yerdə əyləşməyimizi istəyərdim. Adam balası kimi söhbətimi edərdim. Diqqəti də məndə olardı. Ayda-ildə bir dəfə görüşürük. Odur ki, qəsdən dinib danışmıram. Bir qədər də dinib danışmasam mütləq diqqətini çəkəcək. Özümü sıxıram. Amma heç vecinə də deyil! Deyəsən susmaq işə yaramır… Bu dəfə başqa tərəfdən diqqətini çəkmək istəyirəm. Həm də gərgin olmağımın səbəbini sığortalamaq üçün söhbətə tamamilə başqa səmtdən başlayıram: - Bilirsənmi, nə fikirləşirəm? Heç mübariz olmaq da bir şey deyilmiş… Son günlər adamlarla aramda gərginlik yaranıb. Heç cür qəbul edə bilmirəm onları, başa…
Qoluma toxunur.
-Ən yaxşısı budur rəqs edək, kefimiz açılsın.
Ayağa qalxıb ortada rəqs edənlərə qoşuluruq. Rəqs edərkən o, məni özünə tərəf çəkir, nəfəsini üzümdə hiss edirəm. Az qala xoşbəxt olmaq, fərəhlənmək üçün qanadlanıram. Aramızdakı hərarət dalğa-dalğa canıma yayılır, bədənim gizildəyir. Mən xoşbəxtəm!
Az sonra isə içimdəki müəmmalar, şübhələr yenidən baş qaldırır, qollarımdan yapışan bu adamın məndən uzaq olması hissi canıma yayılır.
Evə çatan kimi tuflilərimi çıxarıb hərəsini bir küncə tullayıram. Deyəsən, bu adam məni ciddiyə almır. Görəsən, onun üçün nə qədər əhəmiyyətliyəm? Aramızdakı tarazlıq nə qədər pozulub? Yaxud onun həyatının harasındayam? Guya birdəfəlik soruşacaqdım. Ortada çözüləsi çox şey vardı. Danışmalıydım axır ki…Aydınlaşdırmaq olardı hər şeyi.
Amma bu çətirli küçə nədənsə məni yaman çəkdi…
Düz bir həftə sonra yenidən çətirli küçəyə yollanıram. Küçədə gəzişərək onu düşünürəm.
Küçənin başındakı restoran-kafenin işıqları yanıb sönür. Nədənsə, ürəyimdən içəri daxil olmaq keçir. Dərhal özümə qadağa qoyuram: olmaz! Amma içəri daxil olacam! Ürəyimdən keçdisə qurtardı. Özümü də tanıyıram axı… Bir qədər tərəddüddən sonra qərara alıram ki, əyləşib bir stəkan çay, yaxud bir fincan kofe içməkdə heç bir qəbahət yoxdur. Sadəcə olaraq, qapı tərəfdəki küncdə əyləşmək, diqqətdən uzaq olmaq lazımdır. Masamı gözümlə işarələyib küncdə əyləşirəm. Sarısaçlı ofisant qadın masaya yaxınlaşır, üzünə gülümsünürəm. Kofe sifariş edirəm. Yanaşı masada əyləşən kişi gözlərini üzümə zilləyir, baxışlarımız rastlaşdıqda gülümsünür, diqqətimi çəkməyə çalışır. Əhəmiyyət vermirəm. Restoranın alaqaranlığına gözüm alışandan sonra onunla əyləşdiyimiz masanı axtarıram. Gözümü sıralanmış masalara gəzdirirəm. Birdən-birə sanki elektrik cərəyanına toxunuram. Bədənimdən bir gizilti keçir. Ürəyim sürətlə vurur. O, gənc bir qızla üzü divara sarı əyləşib. Şirin-şirin danışıb gülürlər. Hiss olunur ki, əhvalları gözəldir. Qızın üzü mənə tərəf olduğundan ürəyim döyünə-döyünə əməlli başlı nəzərdən keçirirəm. Etirafımdan xoşlanmasam da, deyim ki, yaraşıqlı qızdır. Dodağını al qırmızı rənglə boyaması nəzərə alınmasa, zövqlə bəzənib. Qız cingiltili səslə gülür. Gülüşü o qədər cingiltilidir ki, hətta masadakı billur qədəhlər bu səsdən çilinglənə bilər. Sonra qırmızı şərabla dolu qədəhləri yuxarı qaldırırlar. O, hündürdən: “sənin sağlığına” deyir. Qız şərab rəngli dodaqlarını qədəhə toxundurur, sonra şərabı başına çəkir.
Yenidən gülüş səsləri eşidilir. Sonra musiqi sədaları altında rəqs edirlər. Eynən keçən həftə bizim rəqs etdiyimiz musiqidr. Hətta aralarındakı hərarəti də hiss edirəm. Bu hərarət alova çevrilib canımı yandırır. Ürəyimə sərhədi bilinməyən qısqanclıq dolur. Mənə elə gəlir ki, dünyada onlardan xoşbəxt cütlük yoxdur. Yox, daha bir dəqiqə də burda dayanmaq olmaz!.. Bir az da burada qalsam ölə bilərəm!
Kofe fincanımı nəlbəkiyə qoyub astaca ayağa qalxıram. Restorandan çıxıram. Demək belə… Özümü məğlub edilmiş döyüşçüyə bənzədirəm. Al qırmızı pomadalı qız məni məğlub edib. Məni döyüşsüz şil-küt ediblər, yerlə-yeksanam. Mən dünyanın ən məğlub insanıyam. Məni öz sevgimdən diksindirdilər. Lap elə bəxbəxtəm də deyə bilərəm. Kafedə səslənən musiqini zümzümə edirəm. Dənizin sahilinə düşürəm, xeyli gəzişirəm. Ürəyimdəki təlatümə baxmayaraq beynim aydın şəkildə düşünür. Bu dəfə açmaq istədiyim kələfi daha soyuq başla didişdirməyə çalışıram. Bəlkə də, heç nə dəyişməyib, o elə əvvəldən belə imiş… Sadəcə olaraq açıqlamaq zamanı indi yetişib. Bəs münasibətimiz? Aha, deyəsən onun da cavabını tapıram. Görünür, nə vaxtsa xoşuna gəlmişəm, İndi marağı azalıb… Vəssəlam özlüyümdə hər şeyi çözürəm. Bəs elədirsə, niyə tamamilə çəkilib getmir…Tez-tez heç nə olmamış kimi geri qayıdıb özünü sevdirə bilir… Müəmma də elə özünü sevdirə bilməsindədir…
Yolboyu fikirlər beynimi döyəcləyir. Yaxşı, bu adamla nə edim? Bir çıxış yolu, bir çözüm olmalıdır axı…
Bəlkə, bundan sonra gələn zənglərinə, ismarıclarna cavab verməyim? Telefonumu söndürüm, itib batım, sakit və səssiz bir-birimizin həyatından yox olaq?.. Onsuz da gec, ya tez bu olmalıdır. Ayrılıq gözəniləndir…Adam hissə-hissə, damla-damla soyuya bilir… Birdən bacarmasam? Ürəyimdən siləmməsəm? Lənət şeytana!
Uzun çək-çevirdən sonra ona ismarıc yazıram: “Artıq aramızda soyuqluq mövcuddur. Ötən hər bir dəqiqə, hər bir saat bizi bir-birimizdən uzaqlaşdırır. Yəqin ki, fərqindəsən.Sənin soyuqluğun və bəzi başqa faktlar çox şeydən xəbər verir. Düşünürəm ki, ayrılmağımız qaçılmazdır. Odur ki, gecikdirməsək yaxşıdır!..” Barmağımla telefonun düyməsinə toxunub mesajı göndərirəm. Vəssəlam! Rahat nəfəs alıram. Çox keçmədən cavab gəlir.
“Sabah işdən çıxarkən məni gözlə! Mütləq gözlə!”
Yenə də məni qərarsızlığa atır, yenə də ümidləndirir.Ürəyimdə saralıb qurumaqda olan ümid toxumları yenidən cücərməyə başlayır. Bəlkə, heç görüşməyim. Demişdim axı güclü olmaq, qətiyyət, filan… Amma onu kafedə başqasıyla gördüyümü açıqlamalıydım. Yəqin özü anlayacaq. Elə şeylər var ki, onlar dillə deyilmir, hiss etdirilir…
Səhər evdən çıxarkən ürəyimdə işdən sonra onu gözləyib gözləməyəcəyimi çək-çevir edirəm. Bir qərara gələ bilmirəm. İçimdəki bir səs isə “gözləyəcəksən!” deyir.
Binamızın tinindən keçərkən hiss edirəm ki, məni izləyən var. Kölgəsindən tanıyıram, hər səhər rastlaşdığım Qaraşın oğlandır. Elə bilir ki, onu görmürəm. Ürəyimdə “mənim Məcnunum” deyərək hər dəfə məzələnirəm onunla. Yenə də həmişəki kimi, bnanın tinində dayanıb baxışlarıyıa məni ötürür. Hər gün dayanacaqdan yola salır, amma yaxınlaşıb bir kəlmə də demir. Bu oğlan hətta bir dəfə az qala məni ölümdən də qurtarıb. Küləkli bir gündə qulaqcığımı külək alıb birbaşa böyük magistral yolun ortasına atmışdı. Anidən özümü yola ataraq qulaqcığı götürmək istəyərkən özünü irəli atıb qolumdan yapışmışdı. Cəld hərəkət etməsəydi, bəlkə də, sürətlə tindən çıxan böyük yük maşınının altına düşəcək, asfalta yapışacaqdım. Deməli, bu adam mənim qəhrəmanımdır. Lap filmlərdəki kimi… Amma heç dəyişmir, qəhrəmanım yenə də əvvəlki kimi sakit və təmkinlidir. İnadla məni izlədiyini hiss etdirməməyə çalışır. Birinci dəfədir ki, düz yaxınlığında dayanıb salamlaşıram. Deyəsən, özünü itirir. İlk dəfə diqqətlə üzünə baxıram və ürəyimdən keçir ki, yaraşıqlıdır. “Onun yaraşığından sənə nə?” dərhal özümü yığışdırıram. Ehmalca salamlaşırıq.
Gözlədiyim marşrut görünmür, bu gün nədənsə xeyli ləngiyir. Narahatlıqla dayanacaqda o tərəf-bu tərəfə var-gəl edirəm.
Və budur, Qaraşın oğlan dillənir. Deyəsən, axır ki, tilsimi qırır:
-Bağışlayın, sizin gözlədiyiniz marşrut öz xəttini dəyişib, yoldakı nasazlıq üzündən, daha bu küçədən keçmir. Odur ki, yolunuzu dəyişməlisiniz.
“Paho! Mənim yolumu dəyişib dəyişməyəcəyimdən sənə nə?” demək istəyirəm. Amma demirəm.
-Barı xəbərdarlıq edərdilər-deyə söylənirəm.
Üzünə baxıram.
-Nədən bildiniz ki, mənim marşrutum hansıdır?
Gülümsünür. Qeyri-ixtiyari mən də gülümsünürəm.
O biri küçəyə keçirəm. Bir söz demədən o da mənim yanıma düşür. Qoşa addımlayırıq. Nədənsə, etiraz edə bilmirəm. O, durmadan danışır, sehrlənmiş kimi dinləyirəm. Mənə elə gəlir, çoxdanın tanışıyıq.
Qaraşın oğlan çox xoşbəxt görünür.
-Açığını deyim, xeyli müddətdir izləyirəm, nə gizlədim çox xoşum gəlir səndən. Səhərlər səni ötürməsəm sanki bütün günüm boş keçir.
O susur. Az qalıram Qaraşın oğlanla davaya çıxım. Nədənsə onun susqunluğu məni qəzəbləndirir. Düz gözlərinin içinə baxıram: “hə nə oldu, danış!”
O isə deyəsən açıq və qısa danışmağı sevir.
-Doğrusu, heç özüm də anlamıram… Hər gün yaxınlaşıb ürəyimi açmaq istəyirdim, amma alınmırdı. Bir də ki… elə şeylər var ki, dillə deyilmir, hiss etdirilir.
Başımı tərpədib razılığımı bildirirəm.
Birdən o, dayanıb üzünü əks səmtə tutur.
-Bəlkə, çətirli küçəylə gedək, qəribə ruhu var o küçənin.
Təəccüblə üzünə baxıram. Az qalıram deyim ki, mən də belə düşünürəm, Qaraşn oğlan! Ruhlarımız çox yaxındır, xəbərin varmı?
Küçənin başındakı meydanı dolanıb çətirli küçəyə çıxırıq. Hardansa canıma qəribə bir rahatlıq axır. Bu rahatlığın içərisində özümün də anlamadığım bir arxayınçılıq, əminlik var. Külək çətirləri astaca yellədir, göyün üzü görünür.
Üzümü göyə tuturam:
-Çətirli küçənin mühafizəsində boşluq var. Göyün üzü görünür.
Gülümsünür.
Mənzil başına çatıb sağollaşmaq üçün üz-üzə dayanırıq. Qaraşın oğlan həyəcanla nələrisə anladır, sanki sözünü kəsəcəyimdən qorxur. Onu çox gözəl anlayıram. Amma mən çox qərarsızam. Qaraşın oğlanla üz-üzə dayansam da, yenə də onu düşünürəm, fikrim axşam ona yazdığım ismarıcın yanına uçur.** *
İşdən çıxıb onu gözləyirəm. Axşam ismarıcda yazmışdı ki, mütləq gözlə! Dediyi vaxtdan xeyli ötsə də, hələ də görünmür. Amma gözləməkdə israrlıyam. Sona qədər gözləyəcəyəm! Bəlkə də, elə bu da sonuncu görüşümüzdür, yəqin ki, yaxşı xatirə buraxmayacaq. Bəlkə də birdəfəlik ürəyimdən siləcəm. Amma yenə də olsun… Necə də olsa görüşəcəyəm!
Birdən- birə göyün üzü tutulur, yağış yağmağa başlayır, getdikcə şiddətlənir. Səhərki havaya baxanda heç deməzdin ki, yağış yağar.
Damlalar bərkiyərək sökülməsi nəzərdə tutulmuş əyri, yapalaq damların qırmızı örtüyünü inadla döyəcləyir. Başlarına çətir tutmuş adamlar ora-bura qaçışır, bir andaca səkidən, küçədən qeyb olurlar. Küçədə təkcə mən qalıram, bir də yaxınlıqda yerləşən maşın dayanacağının qoca gözətçisi. Qocanın dünya vecinə deyil, heç yerə tələsmir. Balaca otağında şəstlə əyləşərək yağışı seyr edir. Qoca birdən başını pəncərədn çıxarır, hökmlü səslə məni məzəmmət edir.
–Bu qədər yağışın altında dayanmaq olar?! Tamam islanmısan! Gəl, heç olmasa içəridə gözlə, yüz faiz xəstələnəcəksən!
Ürəyimdə söylənirəm: “bircə sən çatmırdın axı”.
Gülümsünərək mızldanıram.
– Heç nə olmaz!
-Heç nə olmaz, heç nə olmaz…
Qoca dodaqaltı deyinir, sonra sanki ultimatum verir:
- Barı özünlə çətir götürəydin! Hanı çətirin?!
Bu dəfə məğlub səslə dillənirəm:
– Çətiri heç xoşlamıram. Zəhləm gedir çətirdən.
Qoca inadkarlığından əı çəkmir.
– İstədin, istəmədin dəxli yoxdur! Qadının həmişə çətirə ehtiyacı olur!
Yox bir, çətir! Ürəyimdə qocaya söylənirəm.
Yağışın altında boş küçə ilə gəzişirəm.
Təpədən dırnağadək islanmışam. Onun dediyi vaxtdan artıq iki saat keçib, hələ də yoxdur. Amma yenə də inadla gözləyirəm. Qəzəbdən, inaddan daha çox özümdən mazoxistcəsinə intiqam almağa çalışıram. Düşünürəm ki, nə qədər çox əzab çəksəm, o qədər güclü və qərarlı ola bilərəm. Hiss edirəm ki, dişim-dişimə dəyir, titrəyirəm. Qoca düz deyirmiş, yəqin ki, belə yağışdan sonra xəstələnəcəyəm. Başımı qaldırıb göyə boylanıram. Göyün üzü boz rəngli toz dumana bürüb. Bu an mənə elə gəlir ki, yağış mənə görə yağır və ondan çıxmağa gücüm çatmayacaq. Bəlkə də, elə bu yağışın altında öləcəyəm.
Birdən-birə sanki başımın üstündə günəş doğur. Bu nədir yağış necə kəsdi? İndicə göydən su axırdı axı. Amma indi hər tərəf qupqurudur, yağış kəsib, hava isinib. Hələ göyün rəngi də dəyişib, al- əlvandır. Başımı qaldırıb yuxarı boylanıram. Üzərimdəki göy qurşağını andıran, rəngləri bir- birinə qarışmış yarımşəffaf örtüyün çətir olduğunu anlayıram. Səhər məni ötürən Qaraşın oğlan ərklə çətiri mənə uzadır, sonra qayğıkeşliklə dillənir:
– Götür, əməlli-başlı islanmısan- üzünü göyə tutur -bu yağış deyəsən kəsənə oxşamır.
Bir söz demədən soyuqdan buz kimi donmuş əlimi uzadıb çətiri götürürəm.
Qaraşın oğlan qoluma toxunur:
-Gedək!
Yenə də qoşa addımlayırıq.
Qoca gözətçi pəncərədən başını çıxardıb bizə baxır,məmnunluqla gülümsünür.
Qaraşın oğlanla yanaşı küçənin başındakı meydana tərəf gedirik. İstiqaməti o seçir. Bu an tamamilə onun tabeliyindəyəm. Hansısa sehrli qüvvə məni öz ağuşuna alıb onun ardınca aparır. Meydanın o tərəfi isə çətirli küçədir.
Yağış hələ də kəsməyib. İkimiz də susmuşuq. Yalnız ürəyimizin döyüntüsünü və çətirə çırpılan yağış damlalarının səsini eşidirik. Damlalar sanki məchulluqdan boylanan naməlum bir xoşbəxtliyin qapısını döyür…
Doğrudan da, hər bir qadının başı üzərində bir çətirə ehtiyacı var. Siz də buna inanın!
Bunu mən deyirəm sizə. Yağışın altında kifayət qədər islanmış, soyuq və ehtiraslı damlalara kifayət qədər bələd olan birisi söyləyir…
İnanın!..
Müəllif: Narıngül NADİR
PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ
PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”
PDF>>> ZAUR USTAC “BB” KİTABI
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI
YAZARLAR.AZ
===============================================
<<<<<< WWW.USTAC.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru