İslam Sadıq – 32 cildlik .

Şair, filologiya elmləri doktoru, Şumerşünas, əziz dostumuz İslam Sadığın 32 cildlik əsərlərinin dörd clidi işıq üzü görüb. Şairi təbrik edir, 70 yaşın mübarəkdi deyirik!!!

“Yazarlar” cameəsi adından


Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Murad Məmmədov: – GÖZÜN AYDIN OLSUN, VƏTƏN!

GÖZÜN AYDIN OLSUN, VƏTƏN!
Gözün aydın olsun, Vətən!
Başından duman çəkildi.
Sinəndə yaralar bitən
Yerində güllər əkildi.
* * *
Gözün aydın olsun, Vətən!
Nəsəyanlar indi yaddı.
Şəhid olan, səndən itən,
On minlərin ruhu şaddı.
* * *
Bu torpağa yad olanlar,
Sənə yamaq, ad olanlar,
Yuxu kimi yox oldular.
Yüz illərlə canımıza,
Zəhər qatan ox oldular.
* * *
Gözün aydın olsun, Vətən!
Dağlarının gözü gülür.
Otuz ildir bu torpağın
Qoxusuna həsrət qalan,
Sorağını gendən alan
İnsanların üzü gülür.
* * *
Sevin, Vətən, pis nəfisdən,
Üz qaraldan pasdan, hisdən,
Təmizləndin, pak oldun sən.
Yaraların sağalacaq,
Ağrıların çəkiləcək,
Yaddaşından silə bilsən.
* * *
Gözün aydın olsun, Vətən!
Göylərin göyə oxşayır.
Çoxdu köməyinə yetən,
Ruh halın bəyə oxşayır.

PAYIZ DUYĞULARIM
Payız vaxtı bu dağ, dərə,
Xəzan olur neçə kərə.
Allah çəkən bu mənzərə,
Göz oxşayır, şəhanədi.
* * *
Yazılanı düz anlamaq,
Dərk eləyib tez anlamaq,
Bir baxışdan söz anlamaq,
Kamilliyə nişanədi.
* * *
Dərd yaranıb çəkmək üçün,
Cana azar əkmək üçün.
Göz yaşını tökmək üçün,
Yəqin dərd də bəhanədi.
* * *
Qismətinə haram qatan,
Ömrü boyu yalan satan,
Tanrısına təpik atan,
Vallah, billah divanədi.
* * *
Dərviş ömrü seçənlərin,
Dərddən paltar biçənlərin,
Acı şərab içənlərin,
Murad, yeri meyhanədi.

QOCALIQ GƏLİR
Gah başın ağrıyar, gah da ki dişin,
Gözlərin doldusa, qocalıq gəlir.
Bu gün görmədiyin yarımçıq işin
Sabaha qaldısa, qocalıq gəlir.
* * *
Otuzdan sonrakı omrü yarı böl,
Bax ordan başlayır ağrı, acı bil.
Yaddaş ki, korşaldı, hərdən çaşdı dil,
Bənizin soldusa, qocalıq gəlir.
* * *
Dərdinə dərman ol, tanışın, yadın,
Çalış çirklənməsin həyatda adın.
Gözündə işığın, canında odun,
Biri azaldısa, qocalıq gəlir.
* * *
Ürəyin tövşüyər, əriyər yağı,
Aşa bilməyəndə dərəni, dağı.
Qurbanı olduğum qaradan ağı,
Saçına saldısa, qocalıq gəlir.
* * *
Ay Murad, rahat ol, qocalma təki,
Seçə bilirsən ki, sən tükdən tükü.
Bir cavan yanaşıb çəkdiyin yükü,
Əlindən aldısa, qocalıq gəlir.

QƏZƏL
Baxıram ki, vərdiş olub canımızda karlığımız,
Yaxşı sözü eşitmərik, yaman yatıb varlığımız.
* * *
Pul ödəyib dərs alarıq, oxumarıq, hey gəzərik,
Bu Vətənə, bu dövlətə sıfırdı yararlığımız.
* * *
Məsləhəti eşitmərik, imkan verməz qürurumuz,
El içində utandırar, xar edər idbarlığımız.
* * *
Hacılıq ki, şərəf olub el içində,ay əzizim,
Yalan üstə qurulubdu inan ki, dindarlığımız.
* * *
Tamah bizi məhv eləyir, gözü doymur insanların,
Yaddan çıxır, unudulur dar qəbirdə darlığımız.
* * *
İnsanları aldadırıq, ay Murad eynək taxırıq,
Özümüzü şax tuturuq, heç bilinməz korluğumuz.

KEÇİR
Niyyətin pak olsa, qəlbin ağrımaz,
Çəkdiyin dərd-azar ürəkdən keçir.
İnsanın qaməti niyə əyilsin?
Çünki əzabların kürəkdən keçir.
* * *
Dolğunluq dövründən öncə dərilən,
Əksər günahları Tanrıdır silən.
Qiyamət günündə sənə verilən,
Nə qədər sual var gərəkdən keçir.
* * *
Murad dinməsə də hər şeyi görür,
Gündəlik özünə hesabat verir.
İnsanlar əyilir min dona girir,
Ən ağır imtahan çörəkdən keçir.

İNCƏYƏ SARI
Artıq yollarımın sonu görünür,
İçimdən yol gedir, İncəyə sarı.
Əhvalım çovğuna, qara bürünür,
İçimdən yol gedir, İncəyə sarı.
* * *
Dünyanın ləzzəti gözümdən düşür,
Niyyətim od olur, içimdə bişir.
Xəyalım hər gecə daş-kəsək eşir,
İçimdən yol gedir, İncəyə sarı.
* * *
Bu gözəl dünyadan uzaqlaşıram,
Gah təpə enirəm, gah dağ aşıram.
Qaranlıq yollarda azıb çaşıram,
İçimdən yol gedir, İncəyə sarı.
* * *
Bir yandan bu isti canımı alır,
Nəfəsim təntiyir, taqətdən salır.
Nə qədər yol gəldim, izlərim qalır,
İçimdən yol gedir, İncəyə sarı.
* * *
Fikir məni boğur, həyanım olmur,
Hay- həşir salıram, duyanım olmur,
Daha günahımı sayanım olmur,
İçimdən yol gedir, İncəyə sarı.
* * *
Dərdi çox yenmişəm, yenə yenəcəm,
Yüz alov yandırıb, sonra sönəcəm.
Harda doğulmuşam, ora dönəcəm,
İçimdən yol gedir, İncəyə sarı.

YETMƏZ
Dərd birdimi əlac edək,
Cana yığdı, hara gedək?!
Arzular çox, ömür gödək,
Ha çabala, zaman yetməz.
* * *
Ləkə düşər bəyaz ağa,
Yüz qoruq qoy, yüz qadağa.
Bu dünyanı qavramağa
Baş sındırma, güman yetməz.
* * *
Şirin dadın çoxdur adı,
Damağından getməz dadı.
Tanrı alışdıran odu,
Söndürməyə ümman yetməz.
* * *
Tələsirsən danlamağa,
Nə uşağam, nə də çağa.
Yarəb, məni anlamağa,
Yaxşı çatmaz, yaman yetməz.
* * *
Bir nəzər sal, bax boyuma,
Yaraşığam öz soyuma.
Ay Murad, mənim hoyuma,
Ürəyimə daman yetməz.

OLMUR
Çəkdiyin dərd saçlarında dən olur,
Alın yazın qismətinlə tən olur.
Payız gəlir, duman olur, çən olur,
Yağış yağır, söykənməyə dağ olmur.
* * *
Gen gəzirsən kələk oğlu kələkdən,
Sınayırsan, keçirirsən ələkdən,
Yanılırsan, dad umursan fələkdən,
Gülənmirsən, kefin hər an çağ olmur.
* * *
Baş açmadım bu müəmma, bu sirdən,
Payın palçıq olur dağılır birdən.
Neyləyəsən, ay sağ olmuş ki, hərdən,
Taleyin kəm olur, bəxtin ağ olmur.
* * *
Kim deyir dərd-azar tək səni seçir,
Ay Murad, insanlar yüz dərdlə köçür.
Nə olsun könlündən oynamaq keçir,
Yaş qoymur, bəzən də canın sağ olmur.

ALLAH BİLƏN MƏSLƏHƏTDİ
(İsmixan Yusubova müraciətlə)
Bu dünya onun işidi,
Gərdiş onun gərdişidi.
Ömrü yazan o kişidi,
Allah bilən məsləhətdi.
* * *
Nəkarəyik özbaşına,
Təpik vuraq yad daşına.
Xəyal qurma boş-boşuna,
Allah bilən məsləhətdi.
* * *
Böyükləri yad eləyək,
Ruhlarını şad eləyək.
Biz kimik ki, ad eləyək,
Allah bilən məsləhətdi.
* * *
O nəsildə bir dənəsən,
Sən alimsən, dürdanəsən.
Taleyinə şükr elə sən,
Allah bilən məsləhətdi.
* * *
Saxlayırsan hörmətini,
Öz sözünü-söhbətini.
Yaşayırsan qismətini,
Allah bilən məsləhətdi.
* * *
Əlimizdən heç nə gəlmir,
Qismətini kimsə bilmir.
Dünən gülən, sabah gülmür,
Allah bilən məsləhətdi.
* * *
Bəd şeyləri dərd eləmə,
Nə istəmə, nə diləmə.
Bir tənliksən sən ölümə,
Allah bilən məsləhətdi.

DÜŞÜNDÜKLƏRİM
Bəzən seyr edirəm, heç nə yazmıram,
Zehnim təzələnsin, durulsun barı.
Ömür yollarında, şükür, azmıram,
Gedirəm yol alıb Tanrıya sarı.
* * *
Nələrdən keçmişəm, nələr görmüşəm,
Yadıma düşdükcə, dondurur məni.
Həyatda sevinc də, qəm də dərmişəm,
Etdiyim günahlar yandırır məni.
* * *
Tövbə son əlacdı, başqa yolum yox,
Bütün günahlarım Ona əyandı.
Yadıma salmağa indi halım yox,
Unutdum, Tanrı da bağışlayandı.
* * *
Günahsız bəndələr mələklər olur,
Oturur çiynində hey günah sayır.
Olur ki, Allah da ağlını alır,
Oğulsan doğrunu yalandan ayır!
* * *
Dünyaya gəlmədim öz istəyimlə,
Doğuldum, kimisə günahkar bilim?!
Mən öz əməyimlə, mən öz səyimlə,
Çalışdım həyatda bir yerə gəlim.
* * *
Nə qədər düzəm mən, bir Allah bilir,
Fikrimi dəyişən insan deyiləm.
İl ötür, yaş ötür, axirət gəlir,
Sanmıram, bu yaşda sınam, əyiləm.

VƏTƏNDİ
Bu torpaq hamıya Vətəndi, qardaş,
Hamı bu torpaqdan qüvvət, güc alır.
Bu ömür nə vaxtsa bitəndi, qardaş,
Bəs niyə kasıblar vaxtsız qocalır?!
* * *
Dünyanın dərd-səri bunamı qalıb?!
İlahi, kasıbın Allahı yoxmu?!
Dərd elə boğub ki gözləri dolub,
Göz yaşı quruyub, damcı yaş axmır.
* * *
Ruzini harına, çörəyi toxa,
Dərdi toxum bilib əkənə verdin.
Nə əkir cücərmir, çıxardır yoxa,
Əzabı göz yaşı tökənə verdin.
* * *
Vətən dara düşür, dərdini çəkir,
Özünə qəsd edir, canına qıyır.
Özüylə bərabər dördünü çəkir,
Nə işdən soyuyur, nə qorxu duyur.
* * *
Bir oğul böyütdü min bir əzabla,
Düşündü nə vaxtsa nəvə görəcək.
Bir oğlu varıydı, oğulsan tabla,
Onu da Vətənə qurban verəcək.
* * *
Ay Allah kasıba az zülüm eylə,
Vətənin dərdini alır kasıblar.
İlahi, bəndənə düzünü söylə,
Nədən üzüyola olur kasıblar?!

DÜŞÜNCƏLƏRİM
Təmənna güdmədim gördüyüm işdən,
Savabdır, bir şey ki əlimdən gəlir.
Əl çəkə bilmədim mən bu vərdişdən,
Neyləyək, düzünü Yaradan bilir.
* * *
İnsanın içini bir kimsə bilməz,
Hər kəsə qapalı, sirli otaqdır.
Həyatda mollalıq əlimdən gəlməz,
Çünki əməllərim çataq-çataqdır.
* * *
Ayıra bildinsə, xeyiri şərdən,
Şükr elə Allaha, səndə nəsə var.
Fikirləş, bir düşün, ağılla hərdən,
Niyə insanlıqdan çıxır adamlar?!
* * *
Günahsız doğulur əvvəl bəndələr,
Sonradan kiminsə çırağı sönür.
Ağıllı insana dünya gen gələr,
Cahilin, fərsizin kələfi dönür.
* * *
Bu dünya fırlanır, ağılla düşün,
Ağlına gəlməyən başına gələr.
Yaxşılıq eləyib gördüyün işin,
Sonu nə olacaq, bir Allah bilər.
* * *
Düz dolan, ey insan, aldatdıqların,
Dolanıb arxanca səni gəzməsin.
Yüz ağrı, işgəncə yaşatdıqların,
Səni izləməsin, səni üzməsin.

DÜNYA
Ay dərd çəkən, bir ayılsan, can gedir,
Qismətdimi?! Tanrı sənə yar olsun!
Dərd çəkməyən nə bilir ki, dərd nədir,
Anlamayan dərdə düşsün, xar olsun!
* * *
Acıdımı, şirindimi, bilmirsən,
Dərddən ayıl, özünə gəl, ayazı.
Söylə, nədən heç danışıb gülmürsən,
Dərdi bölmək yüngüllükdü, ən azı.
* * *
Əlimizdən nə gəlir ki, ay insan,
Bircə təsəlliyə gücümüz çatır.
Artıq dərd-azara öyrəşmiş cansan,
Sənə ağıl vermək ancaq baş qatır.
* * *
Bu dünyanın əvvəli bu, sonu bu,
Hara qaçaq, hara gedək bilmirik.
Altın torpaq, üstün səma, yanın su,
Yağ içində yaşamağa gəlmirik.
* * *
Beş-on illik ömür düşür bizlərə,
Baş açılmır, dərd qoymur ki, güləsən.
İynə batsın xain, yaman gözlərə,
Hardan dəyir, onu necə biləsən?!
* * *
Murad dərdə yaxınıydı, bilərdi,
Yeri, yurdu, xarabası haradı.
Ağ olsaydı bəlkə xoşa gələrdi,
Ay dilbilməz, dərdin rəngi qaradı.

AĞRIN ALIM
Bir başa sal, qoy anlayaq, danış bizə, ağrın alım,
Hardan gəldin şeiriyyata, uydun sözə, ağrın alım.
* * *
Bax dərd olar, seçilməzsən, yazdıqların itər, batar,
Bu yol yaman çətin yoldu, girmə gözə, ağrın alım.
* * *
Çoxdu səni istəməyən, nankor, naqis, kor adamlar,
İnsan hər cür çətinliyə gərək dözə, ağrın alım.
* * *
Yazan gərək aqil ola, gördüyünü dərk eləyə,
Bu dünyanı bir dolanıb, azca gəzə, ağrın alım.
* * *
Əvvəl bir bax, seyr elə sən, doğru olsun dediklərin,
Dediyini quru demə, bir az bəzə, ağrın alım.
* * *
Tanrı bizi bu dünyada dara salır, çox sınayır,
Bəndə gərək nə usana, nə də bezə, ağrın alım.
* * *
Bu SÖZ ki var, çox köhnədi, çox işlənib, sən ayıq ol,
Elə fikir söylə ki sən, olsun təzə, ağrın alım.
* * *
Murad, sən də çox öyünmə, azdı hələ bildiklərin,
Şair odu hər gedişi yaxşı çözə, ağrın alım.

ZAMAN
Zaman ömrün qənimi,
Köhnə sözdü. Yenimi?!
Mən dəyişdim yönümü,
Yol aldım günbatana.
* * *
Ömür gödək, vaxtım dar,
Ağ gün inan baş qatar,
Gör nə qədər borcum var,
Hər dadıma çatana.
* * *
Minnət olar, borc alma,
Məni hörmətdən salma.
Canım, qəti bənd olma,
Şərəfini satana.
* * *
Tamahın cibi dolmur,
Gül açır, gülü solmur,
Tanrı da kömək olmur,
Ömrü boyu yatana.
* * *
Dinmədimsə, hey yandım,
Özümə günah sandım.
Söz deməyə utandım,
Dərdimə dərd qatana.
* * *
Gərək qəlbin düz olsun,
Söz deməyə üz olsun.
Murad niyə boz olsun,
Hörmətini tutana?!

BİLMİRƏM
Bəlkə də, fikrimi düz deyənmirəm,
Safdı, sağlamdımı canı, bilmirəm.
Nə danım, olur ki, mən bəyənmirəm,
Ruhumun bəzəyi hanı, bilmirəm?!
* * *
Hər kəsin fikrinə hörmət edirəm,
İzi bilinməyən yoldu gedirəm.
Sonu nə olacaq, onu güdürəm,
Əvvəli aydındı, sonu, bilmirəm.
* * *
Nə yazdım canına istilik keçmir,
Sanki buz bağlayıb, gözüm su içmir.
Bezdim isitməkdən ruhuna köçmür,
Görən açılarmı donu, bilmirəm?!
* * *
Murad pərvanədi duyan kəslərə,
Ona hörmət edib sayan kəslərə.
Mənim sözlərimi yayan kəslərə,
Borcum nə olacaq, onu bilmirəm?!

BƏIKƏ DƏ…
Sına qismətini, həmişə sına,
Tanrının səbrini yoxlamaq üçün.
Nə bəxtdən gileylən, nə Onu qına,
Nəyə sahibsənsə, onunla keçin.
* * *
Çalış ki, özünü sevindirəsən,
Gördüyün hər işdən ləzzət alasan.
Tər töküb zəhmətlə ömür sürəsən,
Halal davranasan, halal qalasan.
* * *
Dünyanın növrağı gözündən düşə,
Şeytan aldatmaya, ağlın çox ola.
Evində bir qismət qaynaya, bişə,
Gözün axtarmaya, nəfsin tox ola.
* * *
Möhtac olmayasan tanışa, yada,
Nə olsa dərdini özün çəkəsən.
Pislik etməyəsən kimsəyə, ya da
Yaxşılıq toxumu səpib əkəsən.
* * *
Ağlını almaya Allah əlindən,
Bütün sınaqlardan quru keçəsən.
Övlad inciməyə acı dilindən,
Gecənin birində sakit köçəsən.

QƏZƏL
Arif olub söz deyəsən, yanında ustadın ola,
Sözdən xalı toxuyasan, yaddaşlarda adın ola.
* * *
Elə şirin danışasan, hər kəlməndən gül qoxuya,
Sözdən şərbət düzəldəsən, ağızlarda dadın ola.
* * *
Zəhmət çəkib böyüdəsən, arzuların puç olmaya,
Baxıb hər an sevinəsən, ağıllı övladın ola.
* * *
Yeriyəndə şax gəzəsən, qızarmaya heç vaxt üzün,
Gendən baxıb gülməyələr, saf kökün, əcdadın ola.
* * *
Nə papağı yerə düşə, nə də insan pərt olmaya,
Hər kişinin arxasında söz anlayan qadın ola.
* * *
Murad hələ çox cavansan, Yaradana yalvar hər gün
Ağlın səni xar etməyə, pozulmayan yadın ola.
*yad- yaddaş mənasında işlənir.

Müəllif: Murad MƏMMƏDOV

MURAD MƏMMƏDOVUN YAZILARI

MURAD MƏMMƏDOVUN KİTABI



Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru