Təranə Məmməd – Sual.

SUAL

(hekayə)

Əslində, həyat elə sual cavabdan ibarətdir. Müxtəlif suallar və onlara verilən cavablar deyilmi həyatın özü? Sual vermək də,suala cavab verə bilmək də insandan xüsusi məharət tələb edir.
Yaşı 60-ı keçmiş Nadir kişi səhər tezdən çarpayısında gözünü açıb başının üstündə duran qara libaslı adamın onun qapısı bağlı mənzilinə necə daxil olduğunu məhz sual verməklə aydınladırmağa çalışırdı.
“Bu kimdir? Mənzilə necə girib?” – deyə düşünüb gözlərini ovuşdurdu və:
-Siz kimsiniz? Bura necə gəlmisiniz?- deyə soruşdu.
Adam Nadirə cavab verməsəydi daha yaxşı olardı, çünki onun cavabı kişini çox qorxutdu.

  • Mən ölüməm!- deyə cavab verən adam yaxınlaşıb Nadirə əl uzatdı.
    Nadiri bu cavab qane etmədiyindən uzanan ələ əlini verməyib bir də sual verdi:
    -Sən kimsən?
  • Ölüməm.
  • Ay qardaş, ölüm nədir? Əzrailsən?
  • Yox. Ölüm. Əzrailin işi çox ağırdir. Gələsiii,səni aparasııı…O qaldı keçmişdə. İndi hər şey texniki vəsaitlərlə həll olunur. Tez və keyfiyyətlə. Qəfil ölümlər indi daha çox dəbdədir. Məsələn, mən birazdan hopacam sənin canına, vəssalam.
    Nadir gözlərini bir də ovuşdurdu, yorğanı üstünə möhkəm çəkib carpayının bir küncünə çəkildi və:
    -Yox! Etmə! Eləmə! Hər şey cəhənnəm, qoy təqaüdümü alım heç olmasa.
  • Vaxtın çatıb. Mən sənin yanında olmalıyam.
  • Mən öləcəmsə necə ala bilərəm təqaüdü? Hələ beş il var.
  • Niyə işləmirsən? Bəs necə yaşayırsan? Əlbəttə, bu mənim işim deyil. Mən yaşayışı yox ölümü idarə edirəm, amma maraqlıdır.
    Nadir kişini son illər ən çox əsəbiləşdirən “niyə işləmirsən?” sualı idi. O, əsəbi halda:
  • Götürmürlər. Hara gedirəm dolanmıram müdirlə. Həqiqət axtarıram. Düzgünlük axtarıram. Kül mənim başıma! Hamı kimi ola bilmirəm! Müdirin də üzünə deyirəm düz etmədiklərini. Son dəfə də belə oldu. Onlar da dedilər ki, get, öl acından! Evdəkilər də danlayırlar məni hər gün. Neyləyim ? Xasiyyətim budur. İndi də sən!- deyə cavab verdi.
    Sonra özünü ələ alıb:
  • Amma, bir yana baxanda lap xoş gəlmisən, səfa gətirmisən. Gəl! Gəl, al canımı, bitsin bu cəhənnəm!-deyə Nadir üstündəki yorğanı atıb carpayıdan durdu.
  • Geyin!- deyə özünü ölüm adlandıran kəs əmr etdi.
  • Niyə geyinim e, onsuz da mürdəşir soyunduracaq da. Amma heç bilmirəm necə olacaq? Bu məclisi necə yola verəcəklər evdəkilər. Xeyli xərcdir də.
  • Görürəm, yaxşı adamsan. Deməli belə. Mən sənin icində olacam. Sən bu gündən ölmüş hesab ediləcəkdən.İndi yuxarılara xəbər verəcəm ki , sən ölmüsən. Ancaq , yaşayacaqsan və hər gecə mənə hesabat verəcəksən.
  • Diriykən ölü? Belə şey olar?
  • Niyə olmur.O qədər diriykən ölü var ki ətrafda.
  • O da düzdür. Yaxşı. Razıyam.
    Nadr kişi durub geyindi. Əl-üzünü yudu , mətbəxə keçdi ki, yemək yesin, amma aclıq hiss etmədiyindən bir qədər su içib evdəkiləri oyatmadan çölə çıxdı.
    Həyətində əkdiyi çiçəklərə baxdı,ancaq onların nə rəngini müəyyənləşdirə bildi nə də qoxusunu hiss etmədi. Sonra Nadir həyətdə oturan təqaüd yaşı hələ çatmayan, lakin onun kimi işləməyən kişilərin yanına getdi.
    Onlar qızqın söhnət edirdilər.
  • Güya təqaüd verəndə nə olacaq?
  • Heç dərmanlara da çatmır.
    Nadir ağzını açıb nəsə demək istədi, lakin, dili tutuldu sanki. Heç nə deyə bilmədi. Həmişə belə mövzularda çox fəal olan Nadir, kişilərə salam verib getdi.
    Bütün günü hiss edirdi ki, həmişəki adam deyil. Daxilində, sanki nəsə baş verirdi. O, ta qaranlıq düşənə qədər parkda gəzişdi. Oturub dənizə baxdı. Ətrafda gəzişən gözəl qadınları həmişə gözdən itənə qədər süzən Nadir , indi onlara çox laqeyid idi. O, dənizi çox sevirdi. Həmişə saatlarla dənizkənarı parkda oturub dənizin qoxusunu sinəsinə çəkər, onun gözəlliyinə valeh olardı. Bu gün dəniz də başqalaşmışdı Nadirin gözündə. Hər şey ləzzətini itirmişdi. Amma o yaşayırdı. Nəfəsi gedib gəlirdi.
    Evə qayıdanda həyat yoldaşı onu qarşılayıb yemək təklif edəndə Nadirin yadına düşdü ki, o, gün ərzində heç nə yeməyib və yemək də istəmir.
    Həyat yoldaşı narahat olmağa başladı.
  • Çörək ye, əşi, də! Nə olub sənə?
  • Yemirəm, istəmirəm.Yuxum var,yatacam,- deyib otağına keçdi Nadir.
    Təzəcə yerinə girmişdi ki, dünən onunla danışan varlıq yenidən gəlib kəsdirdi başının üstünü.
  • Necəsən?
  • Sənsən? Bir təhərəm . Ölü kimi.
    -Əla! Deməli eksperimentim alınıb.
    Sabah gedərsən işə düzəlməyə. Götürəcəklər.
  • Sən nə danışırsan? Bu yaşda məni kimdir işə götürən? Özü də ölü.
  • Gedərsən, görərsən.İndi isə yat.
    Bu sözləri deyib ölüm yoxa çıxdı.Nadir gözlərini yumub yuxuya getdi və ölü kimi yatdı. Ertəsi gün Nadir kişi beynində səhər tezdən fırlanan bir ünvana getdi. Heç özü də bilmədən möhtəşəm bir binanın həyət qapısını döyüb sürücü işləmək arzusunu bildirdi . Onu içəri dəbət edib dedilər ki, gözləsin. Bir müddətdən sonra içəridən orta yaşlı kişi çıxıb
  • Səni bir şərtlə götürürəm. Burda olanları səndən başqa ikinci adam bilməməlidir. Mənə keçmiş rəhmətlik sürücüm kimi ağzı bağlı adam lazımdır,- dedi
    Nadir bu sərt adamı dinləyib bir kəlmə “oldu” deyib qapıdan çıxdı.
    Evə qayıdıb ailəsini, yəni həyat yoldaşı Sənəmi və qızını sevindirmək üçün işə düzəldiyini dedi.Son bir neçə gün ərinin qeyri-adiliyini sezən Sənəm əllərini belinə qoyub kişinin qarşısını kəsib
  • A kişi,dəli olmusan? Nə iş? Kim səni bu yaşda işə götürər?- deyə soruşdu
  • Götürdülər, ay Sənəm, götürdülər!-deyə Nadir kişi arvadına cavab verdi.
    Sonra otağına keçib geyimini, ayaqqabılarını, hətta neçə il qoluna taxmadığı saatı çıxardıb ətrafa düzdü. Sabah hansı kostyumu və hansı ayaqqabını geyinməkdə çətinlik çəkirdi. Kostyumlar artıq dəbdən düşmüş və hamısının üstündə illərin yüngül parıltısı hiss olunurdu. Nadir kişi uzun illər özünə geyim ala bilmədiyinə görə həmişə elə bu kostyumları geyinirdi.
    Bir neçə dəqiqə seçimdən sonra o öz qərarını verdi və bir dəst kostyumla bir cüt ayaqqabını kənara qoyub qalan geyimləri dolaba yığdı.
    Nadir kişini işə qəbul edən Zaman müəllim ona maaşdan əlavə gündəlik pul verir, özünə gələn hədiyyələrdən də pay verirdi. Nadir kişi də dinməz-söyləməz işini görürdü. Bu varlı,dövlətli evdə Nadirdən başqa bir neçə xadimə, bağban və itə baxan da işləyirdi. Zaman müəllimin nə işlə məşğul olması və bu pulları necə qazanması Nadir kişini heç maraqlandırmırdı. Daha doğrusu, faktitki ölü olduğuna görə, maraqlana bilmirdi Nadir heç nə ilə.
    Ərinin xasiyyətinə yaxşı bələd olan Sənəm Nadirin ona verdiyi pulları çox ehtiyatla xərcləyir və hər an onun işdən azad ediləcəyini gözləyirdi.
    Lakin bu dəfə bu müddət xeyli uzandı. Amma Nadir kişinin insanlarla az ünsiyyətdə olması,gün ərzində cəmi bif dəfə yemək yeməyi, evdə çox işə qarışmamağı Sənəmi çox narahat edirdi.
    Nadir kişi də hər gecə Ölümlə söhbət edir, ona gün ərzində olanları danışırdı.
    Ölüm sual verir o isə cavab verirdi. Özünün də sualları çox idi,amma Nadir kişi susurdu.
    Zaman müəllim sərt insan idi, ancaq evində işləyən insanlara münasibəti pis deyildi.
    Bu evdə işləyən qadınlar çox danışmırdılar. Yalnız evin xanımı dediklərini yerinə yetirir, axşam da evlərinə gedirdilər.
    Bir gün Nadir kişi qadınlardan birinin ağladığını görüb ondan ağlamasının səbəbini soruşmaq istədi, lakin, yenə həmişəki kimi danışa bilməyib susdu. Ancaq o axşamdan sonra həmin qadına diqqətini artırdı.
    Bir müddət sonra anladı ki, Zaman müəllim həmin qadının evinə ərzaq yollayır, qadına artıq pul verir. Qadının nədən narazı olduğunu anlamırdı Nadir .
    Bir gün Zaman müəllim Nadiri kənara çəkib bir ünvan verdi və dedi ki,ordan bir qadını götürüb xəstəxanaya aparmaq lazımdır. Nadir adəti üzrə heç nə soruşmadan Zaman müəllimin dediyini etdi. Ünvana yaxınlaşıb zəngi basdıqda qapını ona Zaman müəllimin evində xadimə işləyən həmin ağlayan qadın açdı. Nadir kişi qadının xəstə olduğunu zənn edib onu xəstəxanaya aparmaq üçün gəldiyini dedi. Lakin, qadın ağlaya-ağlaya otaqdan başqa bir qadını, təxminən 17 -18 yaşlı bir qızı çağırıb dedi ki, xəstəxanaya o ,yəni həmin qadının qızı gedəcək.
    Nadir kişi yenə heç nə soruşmadan qızı və anasını xəstəxanaya apardı.
    Bir saat gözlədikdən sonra qadınlar gəlib maşına oturdular.
    Maşında qadın və qız elə ağlayırdılar ki, Nadir kişi qızın ölümcül xəstə olmasına şübhə etmədi.
    Lakin, qadınların maşındakı söhbətini eşitdikdən sonra vəziyyət dəyişdi.
    Qadın qızını qucaqlayıb onu sakit edərək:
  • Eybi yox, qızım. Biz kimik ki, Zamanın uşağının anası,nənəsi olaq? Sən cavansan. Bəlkə hələ həyatını yenidən qura bilərsən,- dedi.
    Qız isə hönkür- hönkür ağlayır və:
  • Ölmək istəyirəm. Kaş öləydim o gün mən! -deyirdi.
    Nadir maşının sürətini artırdı. Zaman müəllimin bu cavan qızla yaşayıb onun hamiləliyini bildikdən sonra körpəni tələf etməyi ona əmr etdiyini anlamışdı.
    O qadınları evə gətirib maşını sürətlə Zaman müəllimin işlədiyi ofisə sürdü. Heç nə demədən sakitcə pilləkənləri qalxdı . Katıbəyə “Zaman müəllim çağırıb” deyib içəri keçdi .
    Zaman təəccübdən ayağa qalxıb:
  • Sənin burda nə işin var?-deyə soruşdu.
    Nadir heç nə danışmırdı. O, bir neçə addım irəliləyib Zamanla üzbəüz dayandı, sağ əlini geriyə aparıb Zamanın üzünə bir yumruq ilişdirdi.
    Gözlənilməyən zərbədən Zaman yerə yıxıldı . Bunu görən Nadir ona iki təpik də vurub bir-iki “xoş” söz deyib otaqdan çıxdı.
    O pılləkənləri düşə-düşə hiss edirdi ki, ayaqları büdrəyir,başı gicəllənir. Bir təhər özünü maşına salıb sükanın arxasına keçdi və maşının qabaq oturaçağında oturan Ölümü gördü. Ölüm sarsılmışdı. O, Nadir kişini bərk-bərk qucaqlayıb:
  • Sən kişi kimi ölürsən. Təqaüdü almasan da o pulu başından aşandan daha qeyrətlisən! Bağışla məni, bütün bunları anlasam da daha səni buraxa bilmərəm. Sən susaraq, dözərək, namussuz yaşaya bilmədin. Allah sənə rəhmət eləsin!

Bir neçə dəqiqədən sonra Nadir kişinin cəsədini evinə yola saldılar.
Onun qəfil ölümü min bir sual doğurdu.
Nədən? Nə üçün? Niyə?
Suallar… yenə suallar…
Bəlkə elə susaraq yaşayaydı Nadir kişi? Nə çox ətrafda diriykən ölü. Yenə sual…

Müəllif: Təranə MƏMMƏD

yazıçı, şair, tərcüməçi. AYB üzvü.

TƏRANƏ MƏMMƏDİN YAZILARI

ZAUR USTACIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru