RƏQƏMLƏRLƏ DANIŞAN ADAM.

RƏQƏMLƏRLƏ DANIŞAN ADAM.

Bu dəfəki qəhrəmanım nə şair deyil, nə yazıçı, nə rəssam , nə musiqiçi.Nə sözü şeirə çevirəndi, nə səsin, nə rənglərin diliylə danışan. Bütün həyatını rəqəmlərin üzərində quran , elmlərin açarı sayılan riyaziyyatın nazını balası kimi çəkən, üstündə əsən , tətbiq və tədris edən elm fədaisidi eləcə. Pafosdan uzaq, tərifdən qaçan, təqdimatı sevməyən elm fədaisidi bir sözlə. Sakitdi. Eqosuz, bərsiz-bəzəksiz danışmağı sevir.Özünüreklamdan uzaqdı. Neynirsə ürəyinin diktəsilə edir. Sadədi, utancaqdı. Fikrini birnəfəsə deyir. İncitməkdən qorxandı. Dinləməyi gözəl bacarır. Sakitliyində bir təlatüm var . Sükutunun səsini duyan lazımdı sadəcə. İncikliyini də, sevincini də səsindən anlarsan. Dilə gətirməz. Vətən , el təəsübkeşidi həm də. Bu dünyanın adam yükünü çəkənlərdəndi eyni zamanda. Maraqlı adamdı, deyilmi? Həm də sirli. Sizi çox intizarda saxlamaq istəmirəm. Söhbət Feyruz Məmmədovdan gedir. Riyaziyyatçı Feyruz Məmmədovdan. Biz sözdən söz yoğururuq, o rəqəmlərlə oynayır. Yaradıcıyıq dolayısı ilə hər ikimiz. Bəlkə bu xüsusiyyətimizdi bizi elm adamlarıyla dost edən, yaxınlaşdıran. Feyruz müəllim ədəbiyyatı da sevir amma. Elə gözəl izahları və fikirləri var ki. Duyur ürəyimizdən keçənləri. Mən elə bilirdim ki, riyaziyyatçılar sərt və rəqəmsal olurlar. Yanılmışam. İnsanlığın heç bir elmlə bağlılığı yoxdu. İnsandı, vəssalam. Feyruz müəllim kimi. Dünənəcən müəllim kimi tanıyırdım onu sadəcə. Vicdanına və savadına söykənən müəllim kimi. Bu günsə 6 riyazi kitabın, testin , elmi araşdırmaların müəllifi kimi . Doğrusu ondan söz almaq da bir o qədər asan deyil.Dedim axı tərifdən qaçan adamdı, təvazökardı. Sakitliyinin özündə qəribə bir səs var. Bu qəribəlik oldu elə mənə bu yazını yazdıran da. Bu yazım da elə belə doğmadı ha. Tanrı göndərdi. Diktəsiz, sifarişsiz, filansız. Elə qəhrəmanım kimi. Axı Tanrıdan doğan yazıların içindəki işıqdan hər kəsə pay düşür. Göz qamaşdırmır, sadəcə nuru var. Mənə elə gəlir ki, hər kəs sözü boyda, əməli boydadı. Yəqin mənimlə razılaşarsız. Əminəm ki, bu çağacan Feyruz müəllimin ürəyinin və ruhunun işığından çox evə , çox ocağa pay düşüb. İnsanlığına, pedaqoqluğuna, peşəsinə hədsiz sevgisinə sığınıb deyirəm bunu. İndi gəlin bir az da yaxından tanıyaq bu sirli qəhrəmanı.
Məmmədov Feyruz Əliqulu oğlu 1953-cü ildə ,avqustun 17-də Salyan rayonunun Qaraçala qəsəbəsində dünyaya göz açıb.
Əslən Şamaxının Dağ Kolanı kəndindəndilər. Yəni tərəkəmədilər. (Soyumuz, kökümüz birdi .Həmişə bununla fəxr etmişəm) Əvvəlcə Salyan rayonunun Yolustü kənd səkkizillik məktəbində, sonra isə Kərimbəyli kənd orta məktəbində təhsil alıb. Orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra 1970 -ci ildə ADU -nun, indiki BDU-nun tətbiqi riyaziyyaz fakültəsinə daxil olub.1975-ci ildə universiteti müvəffəqiyyətlə bitirib və doğma elinə obasına qayıdıb. Müəllim kimi əmək fəaliyyətinə Salyan rayonu Yolüstü kənd orta məktəbindən başlayıb. Pedaqoji fəaliyyətində də el arasında böyük hörmət və nüfuz qazanıb.Şagirdləri respublikanın müxtəlif tədris ocaqlarında təhsillərini davam etdiriblər.Olimpiadaların qalibi olublar. Bir sözlə müəllimlərinin başını uca ediblər hər yerdə. Bu da bir uğurdu. 2002-2005 -ci illərdə Azərbaycan Müəllimlər İnistitutunun Salyan rayonu filialında baş müəllim kimi fəaliyyət göstərib həm də. Feyruz müəllim təkcə tədris və təlimlə kifayətlənməyib bu illərdə. Yazıb yaradıb. Elmə bir -birindən dəyərli töhfələr verib. Onun “Beşinci və altıncı siniflər üçün olimpiada məsələləri ” ,” Riyaziyyatda bəzi məsələlərin müxtəlif üsullarla həlli”, “1453- cü ilin riyaziyyat sərgüzəştləri”, ” Gənc riyaziyyatçı”,” Zəfər ilinin riyazi aləmi”,” Riyaziyyat__251 məsələnin 1170 həlli” adlı kitabların , 10- dan çox elmi məqalələrin müəllifidi. 2009-cu ildə Azərbaycan respublikasının prezidenti İlham Əliyevin tarixi sərəncamı ilə ” Tərəqqi” ordeni ilə təltif olunub.
Feyruz müəllim bu gün də sakit deyil. Elə gənclik şövqüylə axtarır, tapır, yazır, yaradır. Həm də xüsusi zövq və sevgiylə. Amma yenə də hay-küysüz, sakit. Özünü riyaziyyatda çoxdan isbat etsə də bu gün də axtarışdadı.Bu onun daxili təlatümündən irəli gəlir. İşinə, peşəsinə sonsuz sevgisidi onun dincliyini əlindən alan. Nə deyirik. Təki belə əməlisaleh elm fədailərimiz çox olsun. Dünya da bunun acı deyilmi? Elə biz də belə ruhun işığına can atanlardanıq.Bilirəm ki, Feyruz müəllim bu yazını oxuyub sakitcə “Çox sağ olun” -deyəcək. Amma bu sakitliyin içindəki şükranlığı bir mən duyacam, bir də Tanrı. Zehnin və ruhun həmişə açıq olsun, işıq adam!

Müəllif: Təranə DƏMİR

TƏRANƏ DƏMİRİN YAZILARI

GÜNNUR AĞAYEVANIN YAZILARI


>>>SATIŞDA OLAN KİTABLAR


Aşıq Qurban: – Pərdəli gəzməyən

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

WWW.BEYDEMİR.RU

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir