
AMEA MEK-DƏ “SUVERENLİYİMİZİ TƏMİN EDƏNLƏR” ADLI KİTABIN TƏQDİMATI KEÇİRİLDİ
26 sentyabr 2025-ci ildə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında gənc yazar, 8 kitab müəllifi, AJB və AYB üzvü Sevindik Nəsiboğlunun 19-20 sentyabr 2023-cü ildə keçirilən lokal xarakterli antiterror əməliyyatlarında şəhid olan qəhrəmanlarımıza həsr etdiyi, sayca 8-ci olan “Suverenliyimizi təmin edənlər” adlı kitabının təqdimat mərasimi keçirildi. Tədbirdə elm və mədəniyyət xadimləri, şəhid ailələri və gənc fəallar iştirak etdilər. Tədbirin aparıcısı, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Beynəlxalq Rəsul Rza mükafatı laureatı, Prezident təqaüdçüsü, “Kredo” qəzetinin baş redaktoru Əli Rza Xələfli tədbiri öz giriş sözü ilə açıq elan etdi və sonra Azərbaycanımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Əli Rza müəllim çıxışında 44 günlük Vətən müharibəsində şanlı ordumuzun unudulmaz qələbəsi və 19-20 sentyabr 2023-cü il tarixlərdə aparılmış lokal xarakterli antiterror tədbirlərində 23 saat 43 dəqiqədə qazanılan zəfərin təntənəsindən söz açdı. Həmçinin təqdimatı keçirilən “Suverenliyimizi təmin edənlər” kitabından və kitabın müəllifi, gənc yazar Sevindik Nəsiboğlundan danışan Əli Rza Xələfli çıxışında gənc yazarın timsalında Azərbaycan ədəbiyyatının yeni mərhələsində şanlı qələbəmizin önəmli yeri və ifadəsini də vurğuladı. Filologiya elmləri doktoru, AMEA N.Gəncəvi adına Ədəbiyyat İnstitutu Ədəbi tənqid şöbəsinin müdiri, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Vaqif Yusifli çıxışında Məhəmməd Füzuli kimi Azərbaycan dahilərindən misallar gətirərək vətənimizin qəhrəmanlar ölkəsi olduğundan və xalqımızın, dövlətimizin öz qəhrəmanlarına verdiyi yüksək dəyərdən danışdı. 18-19 yaşında sinəsini güllələrə sipər edən igidlərimizin yaşının kiçik olmasına baxmayaraq, ürəklərinin və vətən sevgilərinin böyüklüyünü vurğuladı. Təqdimatı olan kitabın müəllifi, gənc yazarın əməyini yüksək qiymətləndirərək, “Suverenliyimizi təmin edənlər” kitabının uzunömürlü, illər sonra da aktuallığını itirməyəcək ensiklopedik məlumat bazası olduğunu söylədi. Filologiya elmləri doktoru, professor Asif Rüstəmli 44 günlük Vətən müharibəsindəki və antiterror tədbirlərindəki qələbəmizdən, Azərbaycanımızın ərazi bütövlüyü və suverenliyinin tam təmin olunmasından danışaraq gənc yazar Sevindik Nəsiboğlunun müharibədən əvvəlki və sonrakı dövrdə vətənpərvərlik istiqamətində gördüyü işlər və yaradıcı fəaliyyətindən söz açdı. O da öz növbəsində gənc yazara fəaliyyətində uğurlar arzuladı. AJB və AYB üzvü Nəzakət Kərimova-Əhmədova kitabın müəllifi olan Sevindik Nəsiboğlunun azyaşlı olmasına rəğmən gördüyü işlər və yaradıcılıq fəaliyyətindən söz açdı, onun yaradıcılıqla bərabər təhsilində də qazandığı uğurlardan və Milli Aviasiya Akademiyasının birinci kurs tələbəsi olmasından danışdı. “Günaz.az” saytının redaktoru, Cabir Novruz Mədəniyyət Mərkəzinin əməkdaşı Rəsmiyyə Heybətağaqızı çıxışında şəhidlərimizə Allahdan rəhmət diləyərək gənc yazara uğurlar arzuladı və onun antiterror şəhidi Cavid Cavanşir oğlu Zülfüqarova həsr etdiyi “Qarşıla məni, ana!” şeirini səsləndirdi.
Sonra söz tədbirdə ön sıralarda iştirak edən şəhid ailələrinə verildi. Onlar şəhid övladlarının kitabda yer aldığı səhifəni tədbir iştirakçılarına göstərərək özlərini təqdim etdilər və çıxışlarında Allahdan şəhidlərə rəhmət, gənc yazara və onun timsalında şəhidlərə dəyər verən, onları işıqlandıran vətənpərvərlərə can sağlığı və uğurlar dilədilər. Qəhrəmanlarımızın bir çoxunun Vətən müharibəsindən, eləcə də “Qisas” əməliyyatından alnıaçıq çıxdığı, antiterror tədbirlərində də düşmənə son zərbəni vurub Şəhidlik zirvəsinə ucaldığı vurğulandı. Şəhid polis serjantı Rasim Məmmədovun anası, Bakı şəhəri Xətai rayonu 254 nömrəli tam orta məktəbdə şəhidin adını daşıyan sinifdə dərs deyən Xuraman xanım çıxışında bildirdi ki, şəhidləri tanımaq və tanıtmaq üçün ən yaxşı vəsait kitab, ən yaxşı yer məktəb və kitabxanalardır. Biz cənab Ali Baş Komandanın və şəhidlərimizin sayəsində ərazi bütövlüyümüzü və suverenliyimizi təmin etdik. Xankəndi şəhərində Zəfər Paradı keçirildi. Həmçinin Xuraman xanım öz övladı Rasimin qəhrəmanlığından, polis orqanlarında 14 illik qüsursuz xidmətindən söz açdı. Hər gün övladının adını daşıyan sinifdə dərs keçməsinin onun üçün nə qədər ağır olduğunu söylədi. Gənc yazar Sevindik Nəsiboğlunun şəhidlərin tanınması yolunda gördüyü işi yüksək qiymətləndirərək ona öz dəstəyini və xoş sözlərini çatdırdı. Tədbir zamanı gənc yazarın fəaliyyətinin önəmli hissəsini əhatə edən video-çarx tədbir iştirakçıları tərəfindən maraqla izlənildi. Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbəsi, gənc fəal Əli Xudatzadə çıxışında gənc yazarla olan tanışlığından fəxrlə danışaraq, onun gənc yoldaşlarına bir nümunə olduğunu bildirdi. Şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsinin çox böyük təşəbbüs olduğunu söyləyərək bu yolda gənc yazara uğurlar arzuladı. Gənc yazar, Bakı Dövlət Universitetinin Tarix fakültəsinin tələbəsi Şəhriyar Məmmədzadə müharibə mövzusunun və bu mövzuda yazı yazmağın, fəaliyyət göstərməyin çətin və bir o qədər də şərəfli olduğunu qeyd etdi. Vaxtilə müharibə zonasında yaşayan biri olaraq öz xatirə və təəssüratlarının əsasında bir daha şəhidlərin qəhrəmanlığından danışaraq onların valideynlərinin də qəhrəman olduğunu söylədi. Sevindik Nəsiboğlu ilə olan tanışlığından da söz açaraq onu çoxdan tanıdığını və fəaliyyətini izlədiyini söylədi, gördüyü işləri vurğulayaraq vətənpərvərliyini yüksək dəyərləndirdi və gənc yazar dostuna təhsil və yaradıcılıq yolunda uğurlar arzuladı. Bakı şəhəri 200 nömrəli məktəb-liseyin 7-ci sinif şagirdi Günəş Ramazanova əvvəlcə tədbir iştirakçılarını, o cümlədən şəhid ailələrini salamladı, daha sonra musiqisi Xeyransa Ramazanlıya, sözləri gənc yazar Sevindik Nəsiboğluna məxsus olan “Azərbaycanımızsan” adlı mahnını ifa etdi. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq məsələləri üzrə şöbəsinin böyük məsləhətçisi Təranə Piriyeva çıxışında dövlətimizin şəhidlərimizə, şəhid ailələrinə verdiyi böyük dəyər və qiymətdən söz açdı. Şəhidlərimizdən və onların qanları, canları bahasına əldə etdiyi zəfərimizdən danışdı. Gənc yazar Sevindik Nəsiboğlunun vaxtilə Uşaq Səfirlər Məclisinin Xocavənd rayonu üzrə nümayəndəsi kimi fəaliyyətini xüsusi vurğuladı və onun ictimai fəaliyyətini yüksək qiymətləndirdi.
Sonda kitabın müəllifi Sevindik Nəsiboğlu çıxış edərək kitabın yazılma prosesindən və məzmunundan danışdı, kitab təqdimatında əməyi keçən və tədbirdə iştirak edən hər kəsə, xüsusilə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyliyə, AMEA MEK-in rəhbərliyinə və şəhid ailələrinə təşəkkürünü bildirdi. O, çıxışının sonunda müəllifi olduğu “Var ol, Azərbaycanım!” şeirini söylədi. Elm və mədəniyyət xadimləri olan Asif Rüstəmli və Əli Rza Xələflinin yekun çıxışları ilə kitab təqdimatı sona yetdi. Xatirə fotoşəkilləri çəkildi və gənc yazar oxucularına hədiyyə etdiyi kitablarını imzalayaraq təqdim etdi.
Biz də inanırıq ki, antiterror tədbirlərində şəhid olan qəhrəmanlarımızı tanıtmaq üçün edilən bu böyük təşəbbüs böyük oxucu kütləsi tərəfindən maraqla qarşılanacaq, tədbirdə deyildiyi kimi bundan illər keçsə də “Suverenliyimizi təmin edənlər” kitabı bədii-publisistik, eləcə də bioqrafik və ensiklopedik mənbə kimi istifadə ediləcəkdir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin! Amin!
NƏZAKƏT EMİNQIZI
Yazar-publisist, AYB, AJB və PEN Klubun üzvü
27.09.2025