
Rəssam: Sehran Allahverdi
ALIN YAZISI
(povest)
ikinci hissəs
əvvəli burada: Sehran Allahverdi – Alın yazısı
Nəhayət, qadın bütün çaşqınlığını bir kənara qoyub özünü toparladı və ayağa qalxdı. Bu, son illərdə onun üçün möcüzə idi. Çünki adətən çarpayıdan qalxmaq üçün əl ağacına möhkəm söykənmədən, kimsənin köməyi olmadan addım atmaq mümkün deyildi. İndi isə qadın sanki bütün ağrılarını unudaraq, görünməz bir qüvvənin təsiri ilə rahatlıqla yerindən qalxmışdı.
Əslində, ayağa qalxmasına səbəb yalnız ağrısızlıq deyildi. Onun içini yandıran başqa bir güc, başqa bir maraq vardı. Bu maraq — qarşısında dayanan sirli adamın kimliyini bilmək istəyindən doğmuşdu. Ona görə də bütün ehtiyatını bir anlıq unutdu, pəncərəyə tərəf addımladı.
Çöldən içəri boylanan adam get-gedə aydınlaşırdı. İndi qadın onun gənc bir zabit olduğunu seçə bilirdi. Hərbi geyimi bədəninə yaraşırdı, mərd duruşu, sifətindəki izlər onun müharibə həyatını açıq-aydın göstərirdi. Cüssəli, yaraşıqlı bir zabit idi. Qadının ürəyi daha da sürətlə döyünməyə başladı.
Artıq o, ikinci mərtəbənin pəncərəsindən 0boylanan bu nəhəng adam ilə üz-üzə dayanmışdı. Gözlərini yumub-açdı, amma gördükləri dəyişmədi. Normal boylu adamlardan iki dəfə hündür olan bu adam sanki dumanın içindən çıxaraq bir addımlığında dayanmışdı. Qadın çaşqınlıq içində baxışlarını ondan çəkə bilmirdi. Dərin, qara gözlər ona tanış görünürdü. Son illərdə yaddaşında qarışıqlıq olsa da, yaxınlarının üzlərini gec tanısa da, bu baxışları bir anın içində seçdi.
Əlləri titrəyirdi. O titrək əlləri ilə pəncərənin kənarına toxundu, sonra adamın küləyə qoşulub
içəri keçmiş hərbi paltarının ətəyini burnuna yaxınlaşdırdı. İllərin xəstə vərdişi ilə bunu edərkən gözləri doldu. Elə bil ki, paltarın qoxusundan illərin arxasından boylanan əziz bir nəfəs, doğma bir nəfərin hənirtisi gəldi.
Qadının boğazı düyünləndi. Dodaqları titrəyə-titrəyə pıçıltı ilə, amma bütün ruhunun həyəcanını yığaraq güclə soruşdu:
— Teymursan?..
Bu kəlmə sanki onun dilindən deyil ruhundan qopdu. Ona elə gəldi ki, heç Teymuru doğanda bu qədər ağrı çəkməmişdi. İndi Teymur adlı bu ağrı ildırım kimi çaxıb Bakının göydələn binalarının arasında əks-səda veriərək susmaq bilmirdi.
ardı burada:
Müəllif: Sehran Allahverdi