
Tarix boyu bir çox xalqlar öz kimliyini hakimiyyət, torpaq, ya da dil üzərində qurub. Amma türklük fərqli bir mahiyyət daşıyır: o, bir irq və ya millət anlayışı deyil mənəvi sistemdir, vicdan fəlsəfəsidir, dünyaya baxış tərzidir. Türklük nə qisas hissidir, nə üstünlük arzusu, nə də iqtidar davası. O, ənənə və dəyərlərlə dirilən insanlığın mübarizəsidir. Türklük insanın varlıq məqsədini dərk etməsindən doğur. Türk düşüncəsində insan yalnız özünü deyil, bütün aləmi nizama salmaq üçün yaradılıb. Bu baxımdan türklük Platonun ədalət ideyasına, Fərabinin fəzilətli şəhərinə, Konfutsinin harmoniya anlayışına bənzəyir amma onlardan daha praktikdir. Türk fəlsəfəsində “hakim olmaq” deyil, “haqqı bərpa etmək” əsasdır.
Göytürk kitabələrində Bilgə Kağan yazırdı: “Türk xalqı üçün gecə yatmadım, gündüz oturmadım.” Bu iqtidar davası deyil xidmət fəlsəfəsidir. Türklükdə dövlət qurmaq, bir millətə hökm etmək deyil, insanlığın şərəfini qorumaq deməkdir. Türklük nizam və ədalət üzərində qurulmuş ruhdur. Bu səbəbdən türk imperiyaları silahla deyil, mənəvi sistemlə möhkəmlənib. Hər türk dövləti bir “ideya imperiyası” olub: Göytürklər azadlıq ideyasının, Səlcuqlar elm və ədalətin, Osmanlı mənəviyyat və bəşəri nizamın daşıyıcısı. Psixoloji səviyyədə türklük eqo ilə vicdanın mübarizəsindən doğan dəyərlər sistemidir. Türk ruhu heç vaxt “mən” deməyib “biz” deyib. Bu bir kollektiv şüurdur. Türklük fərdi mənfəət deyil, ümumi məsuliyyət hissidir. Bir türk üçün qəhrəmanlıq düşməni öldürmək deyil, öz içindəki qorxunu, tənbəlliyi, mənəvi zəifliyi məğlub etməkdir.
Buna görə türk psixologiyasında “düşmən” anlayışı belə mənəvi bir xarakter daşıyır: düşmən, insanın içindəki zəiflikdir, acgözlükdür, yalançılıqdır. Türklük insanın daxilində bir mənəvi sabitlik sistemi yaradır. Bu kimlik insana mənəvi dayaq, psixoloji balans verir. Çünki türklük insana xatırladır ki, o, tək bir insan deyil bir tarix, bir yaddaş, bir ruhun daşıyıcısıdır.
Tarixə nəzər salsaq görərik ki: Türklər min illər boyu Asiyadan Avropaya, Afrikaya qədər doqquz sivilizasiya dövrü yaratmış xalqlardan biridir. Heç bir imperiya türklər qədər uzunömürlü və çoxmədəniyyətli olmamışdır. Bunun sirri nə idi Ədalət. Əgər Roma nizamı güc üzərində, Çin imperiyası tabeçilik üzərində qurulmuşdusa, Türk imperiyaları vicdan üzərində qurulmuşdu. Məsələn: Orxon kitabələrində “Türk xalqı üçün gecə yatmadım” ifadəsi xidmət və fədakarlığın dövlət ideologiyasına çevrildiyini göstərir. Səlcuq hökmdarı Alp Arslan döyüşdə əsir aldığı düşmənlə ədalətli davrandı və dedi: “Sən mənim qılıncımla yox, Allahın ədaləti ilə üzləşdin.” Osmanlı sultanları yeni torpaq fəth edəndə ilk iş məscid və məktəb tikdirirdi, çünki türk dünyagörüşündə bilik və iman torpaqdan daha dəyərlidir. Tarix göstərir ki, türklük heç vaxt yıxıcı güc olmayıb yaradıcı nizam olub. Harada türklər addımlayıbsa, orada körpülər, karvansaralar, su yolları, mədəniyyətlərarası dialoq yaranıb. Bu türklüyün gizli fəlsəfəsidir: qılıncla gəl, amma kitabla qal.
Türklük nə bir millətin qüruru, nə də bir tarixin hekayəsidir. O, bəşər ruhunun oyanış formasıdır.
Türklük o zaman yaşayır ki, bir insan öz içində ədaləti, mərhəməti, vəfanı dirildir. Bu ruh yaşadıqca türk kimliyi millət sərhədlərini aşır və insanlığın ümumi mənəvi dəyərlərinə çevrilir. Əgər bir gün türklük yenidən öz mahiyyətində dirilərsə, dünya ədaləti də, insanlıq mənəviyyatı da yenidən doğular. Çünki türklük nə qisasdır, nə iqtidar. Türklük vicdanın, mədəniyyətin, insanlığın diriliş fəlsəfəsidir.
Mənbə və müəllif: Həsən Nağıyev