Zaur Ustacın “Şahzadə” kitabına ön söz

Türkanın öz dünyası, söz dünyası
(Zaur Ustacın “Şahzadə” kitabına ön söz)
Uşaqlıq dünyası rənglərin ən səmimi, ən saf danışdığı məkandır. Bu dünyada hər xətt bir hissin izidir, hər rəng bir duyğunun səsi. Gənc rəssam Türkan Alpturan (Hüseynli) də məhz belə bir daxili aləmin daşıyıcısı kimi öz yaradıcılığı ilə diqqəti cəlb edir. Onun “Sarı ördək fiquru”, “Quş yuvası”, “Yaz günü” və “Pinqvin balası” əsərləri təkcə uşaq təxəyyülünün məhsulu deyil, həm də həyatın ilkin estetik qavrayışının canlı təzahürüdür. Bu əsərlər bir həqiqəti aydın şəkildə göstərir: Türkanın öz dünyası var – saf, rəngarəng və səmimi bir dünya.
“Sarı ördək fiquru” əsərində sadəlik xüsusi bir məna qazanır. Sarı rəngin dominantlığı yalnız bir fiqurun təsviri deyil, eyni zamanda sevincin, istiliyin və uşaqlıq enerjisinin rəmzidir. Ördəyin sadələşdirilmiş forması bizə göstərir ki, Türkan üçün əsas olan detalların çoxluğu deyil, hisslərin dürüstlüyüdür. Bu rəsmdəki sakit fon və mərkəzləşdirilmiş fiqur, uşağın diqqətini bir nöqtəyə toplamaq bacarığını və daxili harmoniyasını əks etdirir.
“Quş yuvası” əsəri isə artıq bir qədər fərqli – daha kompleks və mənalı yanaşmanı nümayiş etdirir. Burada ev anlayışı, təhlükəsizlik hissi və təbiətlə bağlılıq ön plana çıxır. Rəssamın çəkdiyi quş yuvası yalnız fiziki bir məkan deyil, həm də sevgi və qayğının simvoludur. Ətrafdakı çiçəklər və rənglərin harmoniyası göstərir ki, Türkan üçün dünya gözəlliklərlə doludur və bu gözəlliklər insanın daxili aləmi ilə sıx bağlıdır. Bu əsərdə o, artıq yalnız müşahidə etmir, həm də hiss etdiyini qurur və ifadə edir.
“Yaz günü” əsərində isə həyatın oyanışı, təbiətin yenilənməsi və ümid hissi öz əksini tapır. Burada rənglər daha canlı, kompozisiya isə daha hərəkətlidir. Quşun budaq üzərində təsviri, ətrafdakı incə detallar və rəng keçidləri Türkanın müşahidə qabiliyyətinin inkişaf etdiyini göstərir. Yazın gətirdiyi dirçəliş bu rəsmdə yalnız təbiətdə deyil, həm də gənc rəssamın yaradıcılığında hiss olunur.
“Pinqvin balası” əsəri isə tamam başqa bir emosional çalar təqdim edir. Burada sadə, lakin çox təsirli bir obraz yaradılıb. Pinqvinin qırmızı papağı və şərfi soyuq mühitdə istilik və qorunma hissini simvolizə edir. Bu rəsmdə Türkanın empatiya qabiliyyəti özünü göstərir – o, sadəcə bir heyvan təsvir etmir, ona xarakter və duyğu verir. Bu isə artıq yaradıcı təfəkkürün daha dərin mərhələsinə keçidin göstəricisidir.
Bu dörd əsəri bir araya gətirdikdə aydın olur ki, Türkanın yaradıcılığı təsadüfi deyil. O, öz daxili dünyasını ardıcıl şəkildə qurur və ifadə edir. Onun rəsmlərindəki ümumi cəhət – səmimiyyət, rənglərin təmizliyi və obrazların sadəliyi – uşaq dünyasının ən qiymətli xüsusiyyətlərindəndir. Bu dünyada süni heç nə yoxdur; hər şey olduğu kimidir.
“Türkanın öz dünyası var” demək yalnız poetik bir ifadə deyil, həm də bir reallığın təsdiqidir. Bu dünya rənglərlə danışır, xətlər ilə hiss edir və hər baxan insana uşaqlığın unudulmuş duyğularını xatırladır. Əgər bu yaradıcılıq eyni istiqamətdə davam edərsə, gələcəkdə bu saf dünyanın daha da zəngin və dərin formalarını görmək mümkün olacaq. Onun təkcə bu kitabda təqdim olunan 9 rəsm əsərindən 4-nün mövzusu quşlarla, hekayəsinin isə hər ikisinin də təbiətlə, canlılarla bağlı olması onun nə qədər həyatsevər, azad-sərbəst bir ruha sahib olduğunu göstərir.
Türkanın rəsmləri bizə bir şeyi xatırladır: incəsənət yaşdan asılı deyil, hissdən asılıdır. Və bu hiss onun dünyasında artıq formalaşmağa başlayıb.
Zaur Ustacın “Rənglərin Şahzadəsi” adlandırdığı gənc rəssam Türkan Alpturan (Hüseynli) təkcə rəngkarlıqla kifayətlənməyib, musiqi ilə maraqlanır, hekayələr yazır, yaradıcı böyüklərlə dostluq edir. Onun Zaur Ustac və Yunus Demirağ kimi sənət dostları var.
Sənə gələcək həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayıram, Türkan! Yolun daim açıq və günəşli olsun! Zaur Ustaca isə uşaq və gənclərə dəstək olmaq kimi vacib və nəcib işində uğurlar arzulayıram! Allah Sizi qorusun, Zaur müəllim! Var olun! Nə yaxşı ki, varsınız!

Müəllif: Günnur AĞAYEVA,

müstəqil ədəbiyyatşünas-tənqidçi

GÜNNUR AĞAYEVANIN YAZILARI

ZAUR USTACIN DİGƏR YAZILARI

Zaur Ustac – Sonuncu döyüş

Türkan Alpturan (Hüseynli)nin hekayələri

Türkan Alpturan (Hüseynli) haqqında

ZAUR USTACIN YAZILARI

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Roman kimi şeirlər – Pərvanə Bayramqızı

Roman kimi şeirlər

Süleymana qalmayan dünyada “Süleymana qalmayan şeir”lər də var, bunu bildiyi halda Süleyman Abdulla yenə şeir yazır. Yazır ki, oxucu çeynənmiş qafiyələrdən, təkrarlanan fikirlərdən ayrılsın. Bəzən adama elə gəlir, onun yazdıqları şeir deyil, çünki bu yükdə, bu ağırlıqda poeziya olmur. S.Abdullanın şeirləri özündən roman yaradan şeirlərdir. Ona görə həmişə soruşuram: indi roman oxumağa vaxt, hövsələ yoxdur deyirlər, bəs Süleyman Abdullanın şeirləri niyə oxunur? Bəs bu roman kimi şeirləri kim gözlərinə təpir?

Şeir quş deyil ki oxuyan kimi uçub getsin. Misralar ilan torpaqda süründüyü kimi ürəklərdə sürünməsə, ruha dolanmasa, cismi çalmasa ondan heç nə qalmaz. S.Abdulla fiziki hadisələri poeziyaya gətirir. Oxuyanda görürsən ki, günəş boylanır, qəfil tufan qopur və birdən-birə sakitlik çökür. Şeirə nəyi qatsa, gözəl və sanballı olur. Bir şeirə bir dünya məna yükləyir. Bütöv yaradıcılığına nəzər salanda orda həyatın təkcə eniş-yoxuşunu yox, sevincini, nəşəsini, qalibiyyətini də görmək olur. Döyüşçü şairin poeziyasının hərb meydanını xatırlatması başadüşüləndir. Müharibənin ilk günlərində şair nisbətən sakit təsiri bağışlayır:

Bərk xəstələnmişdim döyüşlər başlayanda,

sayıqlama kimi anlayırdım cəbhə xəbərlərini.

Gözlərimin qabağından uçuşan

işıldaböcəklər kimiydi yaylım atəşləri.

Bədənim od içində olduğundan

hiss etməmişdim hərarətini atəşfəşanlığın.

Bir müddət sonra artıq cəbhə xəttində dərk etdiklərini, duyduqlarını söyləyir:

Torpaq qoxuyan hərbi geyimdir

geyimlərin ən ruhanisi…

Peyğəmbər hirqəsi kimidir

dizləri otlardan göyərmiş komuflyaj,

ətəyi öpüləsi xaki buşlat…

bir qəhrəmanın soyunduğu

çəkmələrin kəskin iyi…

Necə çatlayır adamın bağrı səadətdən…

S.Abdulla adı çəkiləndə adamın dilinə balasını hərbi gödəkcədə böyüdən şair ifadəsi gəlir. İfadənin yaranmasına səbəb olan şeiri oxuyaq:

O vaxt çox gərəkdi Vətənə əsgər,

Sevindim,

igidim dünyaya gəlmiş!

O gün havalar da xeyli soyuqdu,

Göydən narın-narın tökülürdü nəm.

Yolu yüyrək idi doğum evinin,

Barıt qoxuyurdu hərbi gödəkçəm.

Yorğun gözlərimdən sevinc yağırdı,

İlahi, boz çiskə çevrildi qara.

Qollarım yollandı dümağ qundağa,

Ciblərim yol oldu muştuluqlara.

Bakıya dönürdü səadət köçüm,

Qardan qorğanırdı özünü hamı.

Nə pulum qalmışdı,nə maşın vardı,

Hərbi gödəkcəmə bükdüm balamı.

Piyada yürüdük vağzala qədər,

Hərbi iş dediyin belə işdi dəə…

Təlaşla qundağı açıb yoxladıq,

Körpə puçur-puçur tərləmişdi də…

…Sonra illər keçdi o qarlı gündən,

O körpə böyüdü bir ərən oldu.

Böyüdü, boy atdı elə o ruhda,

Hərbi gödəkcəmlə boyu tən oldu.

Məncə, heç bir interpretasiyaya ehtiyac yoxdur. Şeir özü səhnədir, hər şeyi göstərir.

Ordudan geri döndüyü gündən qələbə çalınanadək poeziyasında hər şeyin adı torpaq, vətən, ordu oldu. Hərbçi sərtliyi göstərmədiyi, “irəli” deyib bağırmadığı, hədə-qorxu gəlmədiyi halda şeirlərində düşməni məğlub etməyə yetəcək qədər qüvvə – dərin məna hiss olunur. Hərb dünyasını müdrikcəsinə anladır.

İllər ötdü, şair də yaşıdları da yaşa doldu, yerlərini gənc Azərbaycan oğulları aldı. Qismətimizə bir-birimizə yurdun işğaldan azad edilməsi münasibətilə gözaydınlığı vermək yazıldı. Qələbə çaldıqdan sonra şairdə bütün azərbaycanlılartək qürur hissi daha da gücləndi, sanki əlimizi vətənin çiyninə qoyub: – Səni xilas etdik. – deyib öyündük. Döyüşün ilk günlərində:

Az qaldı təbrik etməyə,

Lap çoxdan ağrıyan yolu.

Öpüb göz üstə qoymağa,

Gözlərini qıyan yolu. – ümidində olan şair:

Kəsdik canımıza atəşdən həkət,

Ayırmaq mümkünmü ocağı daşdan?

Gözün aydın olsun alov məmləkət,

Hər evə bir çınqı düşdü savaşdan. – deyərək nəticəni yazmağın sevincini də yaşadı. Öz təbirincə desək, “ağır tonnajlı şeirlər”in vaxtı çatdığından qələm də zirehləndi.

Orda

indi şeir yox,

dastan yazılır, əfəndim,

elə bir dastan ki,

bütün əlifbalar sirena səsinə sığmaz,

bütün qrafikalar həyəcan siqnallarına…

Qəhramanlıq salnaməsi!…

cümlənin mübtədası avtomat səsləri ilə başlayır,

feli qurtarır raket atəşləri ilə…

Vətənin hər halı gözəldir. Şair onu dərd-bəlası ilə birgə sevir.

Azarı da gözəldir Vətənin,

ağrısı da,

şəhadəti də!

O hər şeyə hazır olduğu üçün hərb həyatını seçib. Bilir ki, ölüm də ola bilər, qələbə də.

Belədir bu işlər, cənablar,

heç nə hazır olmur sudan-havadan…

Vətən istəyirsənsə

hazır olmalısan hər cür itkilərə.

Torpaq dediyin döyüşlərdən başlar,

döyüşün döyüşçüləri olmalı,

döyüşçülərin şəhidi…

Qəhrəmanlıq bər-bəzəkli söz deyil,

canı-qanı bahasına

həyata keçən əməldir şücaəti olanlara…

Əsl gerçəyi sonda göstərir:

Bütün saf sevgilərin nəticəsi eynidir:

QƏLƏBƏ!

bütün qələbələrin səbəbi:

İSTƏK!

Milyonlarla ürək eyni ritmdə döyünürsə,

milyonlarla nəbz eyni ahənglə vurursa,

başqa yolu yoxdur əks tərəfin,

ağ bayraq qaldırmalı.

Ədalət milyonların – yurdunu sevənlərin, onun əsl sahiblərinin tərəfində olduğundan düşmən məğlub oldu.

Ömrü səngərlərdən keçən şairin, eyni zamanda, ədəbiyyatın poeziya hanasına sevgidən, xoş duyğulardan ilmələr tökməsi sevindiricidir. Demək, ruh silaha qalib gəlir. S.Abdullanın vətən adlı, torpaq qoxulu poeziyası təkcə od-alovlu müharibəni andırmır. Onun gözəl sevgi şeirləri də var. “Süleymana qalmayan şeir” ifadəsinin açıqlamasının vaxtı öz-özünə yetişdi. Profilini izləyirəm, duyğulu şeirlərini paylaşan kimi götürüb düz oxucuların yanına aparıram. Qarşılarına qoyuram: sərt görünən şairin yumşaq ürəyi var deyirəm. Görün sevgidən necə gözəl yazıb:

Uşaq oyunu kimidir sevgi,

Ya da uşaq oyuncağı kimi…

Əyləncədir bir üzü,

göz yaşları və səadət – o bir üzü.

Yersiz küsüb-barışmağı,

göysüz cığallığı var.

Qaşınmamış yerdən qan çıxarmağı bir başqa,

Nahaqdan qarşı çıxar haqqa da arada.

Olur ki, darı dələr qulağı,

Olur ki, adam eşitməz, söz anlamaz.

Bəzən qıyya çəkməyi, bəzən lallığı var.

Amma nə olur-olsun,

Qar kimi təmizliyi,

su kimi saflığı,

çörək kimi halallığı var.

Sevənlərin uzaqlıq həsrəti də olur. Ömür boyunca gözləri yollardan yığılmır. Şair həmin uzaqları bu cür təsvir edir:

Uzaqlardan qorxur adam,

amma ürəyi də uçunur yaxınlaşmağa.

Bizim başqa nəyimiz var

görüş üçün səbirdən başqa daşmağa.

Ötdü “bağ dövrü, bostan çağı”,

qalan ömrümü keçirirəm uralarda…

Bəlkə belə yaxşıdır –

sən uzaqlarda, mən buralarda…

Yox,

əsəbləşmirəm daha

səma dolub yağış yağanda…

Üstümə ayrılığın buludları

qoşun-qoşun axanda…

Ölmürəm dərdindən gün işığının,

kədərlənmirəm bozluğundan havanın.

Çox gec anlamışam

xeyri yoxmuş cəngin, davanın.

Baxışların

damar-damar kif atıbsa, nə olsun?

Köksün altında

usanmış bir ürək yatıbsa, nə olsun?

Həsrətdən, intizardan usananda şair ürəyinə istirahət də verir, əgər istirahət demək mümkünsə…

İstirahət günüdür sənsizliyin,

Adamın ağlı işləmir fikirdən.

Yandirsəyi vurub qayğılar

beynimin tən ortasında…

Kədər belədən belə şellənir vücudumda,

nisgil elədən elə…

Sıxıntılar kölgələnir sinəmdəki səhrada.

Ürəyimdə dincəlir ağrılar,

Gözlərimdə üzür qəm

Uyumaq istəyir kirpiklərin yol həsrəti…

Bütün yoxluqlara rəğmən

yatmaq istəyirəm sinəmə sıxıb ürəyimi…

Bir gün dincəlmək haqqı var hər kəsin,

Canı çıxsın yorğunluğun…

Bu gün istirahət günüdür,

Ərkim də çatmır ürəyimə ki, deyim yat…

Oxudunuzsa soruşum: – Kim ürəyinə bu cür istirahət verir?

“Tez çıxarır yol adamı yolundan…”

Yolların bu tərəfi də varmış, yoxsa şair suçunu boynuna atmağa nəsnə tapıb?

Adam unutmaq istəməyəndə bəhanə tapıb sevir, ona görə:

Nə olsun ki veyil-veyil gəzirəm

Məndə səni unutmağa vaxt hanı? – deyir.

Şair ayrılığın ağır günlərini bədii estetikaya zidd ifadə ilə təsvir etsə də, vəziyyətin çətinliyini göstərə bilib:

daha gəlmərəm siz tərəflərə,

sən ki yoxsan

orda nə itim azıb?

Lap gəlim,

itirib-axtaran hanı…

Kim məni tanıyır, bilə kim azıb.

Yox!

Daha gəlmərəm siz tərəflərə,

Bir səbəbmi qalıb baş çəkəm, dəyəm?

Küçə itləri də hürməz,

çünki mən

sənsiz qalan gündən it günündəyəm…

“Sinənin sən yeri və küt ağrı…” şairin həkimliyi də olur, onun diaqnozuna şübhə ola bilməz:

Bir küt ağrı var,

Sinəmin sən yerində.

Ürəkmi adın?

İztirablarla ötən günlərin ürəkdə buraxdığı izlər görünməz, alın isə yaşananları açıb-ağardır. Dağların sinəsində salınmış cığırları yalnız o xatırladır.

Ömrün payızını yaxşı-pis nəsə,

Səni unutmağa həsr etdim, sağ ol.

Qalan ömür qısa, gedən yol kəsə,

Nə vaxtı saxladım, nə getdim, sağ ol.

Ev-eşik başıma gəlir dar, nədir,

Ya mən böyümüşəm, ya kiçilib dam.

Niyə düşünürsən sənə görədir,

Buludlu havada darıxır adam.

Sevənlər olurlar dişqarı dindən,

Amma ayrılığın olmaz savabı.

Vurur ürəyinin sınıq yerindən,

Əsəbi “vargəl”in “yoxget” cavabı.

Əzab vermək imiş qərəzi, qəsdi,

Hərənin bir sevgi qəzası olur.

Başqa da baxırsan dünya məhbəsdi,

Sevənin ömürlük cəzası olur.

Öhd olmaz çuxası qara yatmışa,

Ağaran gözümdə çaşdı haqq yolu.

Ömrün payızını dövr etdim qışa,

Səni unutmağın yoxmuş “sağol”u.

Sevənə təşəkkür edilmirsə, unudana da sağ ol deyilməz. Hər ikisi adamın özünə verdiyi zülmdür.

Bütün olanlardan sonra şair Hamletsayaq sual verir:

Hansı çox əzizdir: yaramı, yarmı?

Nədir suya dönən: ağılmı, qarmı?

Cavab vermək əvəzinə mən də özümdən soruşdum:

– Hansı çox əzizdir: yaramı, yarmı?

Deyəsən, tapdım… yarın vurduğu yara da əzizdir, axı hər yara şeirə çevrilə bilmir…

Ağlın suya dönmə halı sevməkdir. Məncə, ağıllı adamlar sevə bilmirlər. (Bacaranlar etiraz edə bilərlər.) Şair yazdı getdi, indi gəl sən bütün bunları saf-çürük elə.

Gördünüz, Süleyman Abdullanın şeirlərindən özünə heç nə qalmadı…

Müəllif: PƏRVANƏ BAYRAMQIZI

PƏRVANƏ BAYRAMQIZININ YAZILARI

Pərvanə Bayramqızı digər mənbələrdə

SÜLEYMAN ABDULLANIN YAZILARI

DAHA ÇOX XƏBƏR – ŞEİR BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Məhəmməd Əli Cinnah və Bəgüm Zəfər Əli Qızılbaş

Fotoda: Məhəmməd Əli Cinnah və Bəgüm Zəfər Əli Qızılbaş (sağda)

Kəşmir Qızılbaşları – bir fotonun tarixçəsi: Pakistanın qurucusu Qaidi-əzəm Məhəmməd Əli Cinnahın Azərbaycan əsilli Kəşmirli Ağa Qızılbaş ailəsini ziyarəti. Şrinaqar, Cammu və Kəşmir 1944-cü il

Cammu və Kəşmirli Ağa Qızılbaş ailəsinə mənsub olan hüquqşünas Ağa Faysal Əli Qızılbaşla söhbətimiz zamanı Məhəmməd Əli Cinnahın onların ailəsinə etdiyi tarixi ziyarət və həmin səfərlə bağlı foto haqqında az bilinən, ancaq son dərəcə maraqlı faktlar öyrəndim. Bu məlumatları sizlərlə də paylaşmaq istəyirəm.

İlk növbədə bu dəyərli tarixi məlumatları mənimlə bölüşdüyü üçün Ağa Qızılbaş ailəsinə, xüsusilə əziz dostum Ağa Faysal Əli Qızılbaşa təşəkkür edirəm. Eləcə də, fotonun orijinal nüsxəsini təqdim etdiyi üçün Pakistanın qədim və məşhur “Bhattis Photography” şirkətinə minnətdarlığımı bildirirəm. Sözügedən foto, bu tanınmış fotoşirkətin təsisçisi mərhum Buxş Bhatti tərəfindən çəkilmişdir. Fotonun orijinal nüsxəsi “Bhattis Photography&Cinematography” şirkəti, xüsusilə Şahrux Bhatti və Şahzeb Bhatti Cənabları tərəfindən əldə edilmişdir. Hər birinə xüsusi təşəkkürlərimi bildirirəm.

Əvvəlcə fotodakı şəxslərin kim olduqlarını qeyd edim; onların kim olduqları rəqəmlərlə göstərilib;

  1. Xan Bahadur Ağa Seyid Hüseyn Takur – o, Kəşmirin daxili işlər və hüquq naziri olmuşdur. Ana babası Ağa Məhəmməd Baqir Qızılbaş Cammu və Kəşmir Maharacasının Baş həkimi olub. Xan Bahadur, Seyid Ağa Əhməd və Bəgüm Zəfər Əlinin atası olmuşdur.
  2. Ağa Əşrəf Əli Qızılbaş – fəlsəfə elmləri doktoru, Cammu və Kəşmirin təhsil komissarı olmuş, həmçinin bir sıra nüfuzlu vəzifələrdə çalışmışdır. O, Kəşmirdə təhsil inkişafında öncül şəxslərdən sayılır. Hindistanın ilk müsəlman prezidenti Zakir Hüseyn öncə Ağa Əşrəf Əli Qızılbaşın müəllimi, sonra isə dostu olmuşdur. Zakir Hüseynin dəstəyi ilə Ağa Əşrəf Əli Qızılbaş Hindistanın Camiəyi-Milləyi-İslamiyyə Universitetində müəllim kimi fəaliyyət göstərməyə başlamışdır.
  3. Seyid Ağa Əhməd – Hindistanın böyük dövlət xadimidir. BMT-də Hindistanın daimi nümayəndəliyinin üzvlərindən biri olmuşdur. Qızılbaş ailəsinin kürəkəni olmuş, həmçinin qızı da Qızılbaş ailəsinin gəlini idi. Özü də, yarı Qızılbaş mənşəli idi.
  4. Ağa Şövkət Əli Qızılbaş – Pakistanın böyük dövlət xadimi, Cammu və Kəşmir Konfransının Baş Katibi (1946-1948), Pakistan Mərkəzi Dövlət Xidməti və prezidentin informasiya katibi kimi məsul vəzifələrdə çalışmışdır. O, Məhəmməd Əli Cinnahın yaxın dostu və ən önəmli siyasi tərəfdarı idi. Əli Cinnah Kəşmir bölgəsində Pakistan ideologiyasını yaymaq və təşkilatlanma işlərini ona həvalə etmişdi. O, Kəşmirdə Cinnah siyasətinin təbliğində mühüm rol oynamışdır.
    Britaniya Hindistanının bölünməsindən sonra Ağa Şövkət Əli Qızılbaş Cammu və Kəşmirin hindli hakimi tərəfindən həbs edildi. 1947-ci ildə onun azadlığa çıxmasına BMT vasitəçilik etdi. O, Hindistan və Pakistan arasında baş tutan siyasi məhbus mübadiləsinin bir hissəsi olaraq sərbəst buraxıldı. Ağa Şövkət Əli Qızılbaş Gilgitdə Pakistan müsəlman qüvvələri tərəfindən əsir götürülmüş hindli qubernator, Briqada-generalı Gansara Sinq ilə dəyişdirildi. 27 yaşlı bir gənc və Cinnahın dostu Ağa Şövkət Əli Qızılbaş, bir ordu generalı ilə bərabər tutulurdu. Bu mübadilə təkcə diplomatik deyil, həm də simvolik bir hadisə idi, bir tərəfdə işğalçı rejimin siması olan bir general, digər tərəfdə isə yeni dövrün simvoluna çevrilən, milli azadlıq və əzmkarlıq rəmzi olan Ağa Şövkət Əli Qızılbaş adlı bir gənc.
    Bu hadisə, gənc Qızılbaşın sadəcə bir məhbus olmadığını, həm də siyasi və ideoloji savaşın mərkəzində duran bir şəxsiyyət olduğunu göstərdi. Məhəmməd Əli Cinnahın vəfatından sonra Ağa Şövkət Əli Qızılbaş Pakistan Mərkəzi Dövlət Xidmətinə qoşuldu və müxtəlif diplomatik missiyalarda, o cümlədən Londonda diplomatik vəzifələrdə çalışmışdır. O, həmçinin “Sovet Orta Asiyasının Müasirləşdirilməsi, 1964” əsərinin müəllifi idi. Bu əsər beynəlxalq səviyyədə tanınmış və regional məsələlərin dərin təhlili ilə fərqlənmişdir. 1979-cu ildə Çin rejiminin dünyaya açılmağa başlaması, yəni “Qırmızı Pərdənin qaldırılması” hadisəsi qlobal siyasətdə mühüm dönüş nöqtəsi kimi qiymətləndirilir. Bu tarixi mərhələdə Çin bir sıra nüfuzlu beynəlxalq mütəxəssisləri dəvət edərək qarşıda duran siyasi və iqtisadi dəyişikliklərin mümkün nəticələrini öyrənmək istəyirdi. Bu dəvəti alanlardan biri də pakistanlı diplomat Ağa Şövkət Əli Qızılbaş idi. Çin məhz onu Pekinə dəvət edərək ölkənin gələcək inkişaf kursu barədə fikirlərini dinlədi. Ağa Şövkət Əlinin bu prosesdə iştirakı onu sadəcə bir diplomat deyil, həm də tarix boyu böyük dəyişikliklərin arxasında dayanan fikir adamlarından birinə çevirdi.
    O, təqaüdə çıxdıqdan sonra da Pakistan dövlət başçıları arasında böyük hörmətə sahib idi, hətta məşhur prezident General Pərviz Müşərrəf Kəşmir məsələləri ilə bağlı Ağa Şövkət Əli Qızılbaşdan məsləhətlər alırdı.
  5. Bəgüm Zəfər Əli Qızılbaş- Ağa Əşrəf Əli Qızılbaş və Ağa Şövkət Əli Qızılbaşın anası idi. Özü də, yarı Qızılbaş mənşəli idi. Bəgüm Cammu və Kəşmirin ilk qadın məktəb müfəttişi olub. O, maarif islahatları və qadınların tədris prosesinə cəlb edilməsi sahəsində qabaqcıl fəaliyyət göstərən, Kəşmirdə müasir qadın təhsili sisteminin əsasını qoyanlardan biridir.
  6. Ağa Firdovs Əli Qızılbaş – təhsildar, yerli inzibati orqanlarda vergi və torpaq işlərinə nəzarət edən məmur olmuşdur.
  7. Məssərət xanım – Lahorun köklü Mian ailəsindən olub Ağa Şövkət Əli Qızılbaşın həyat yoldaşı.
  8. Məhəmməd Əli Cinnah – Pakistanın qurucusu.
  9. Fatimə Cinnah – Əli Cinnahın bacısı və Pakistanın dövlət xadimi.
    Fotodakı digər şəxslər isə Qızılbaş ailəsinin qohumları, Lahorun köklü Mian ailəsinin nümayəndələridir.

İndi isə Məhəmməd Əli Cinnah ilə Ağa Qızılbaş ailəsi arasında keçirilən görüşün xülasəsini təqdim edirəm:
1944-cü ildə Qaidi-Əzam Məhəmməd Əli Cinnah və bacısı Fatimə Cinnahın Ağa Qızılbaş ailəsinə səfəri həm şəxsi, həm də siyasi xarakter daşıyırdı. Bu səfərin məqsədi Ağa Şövkət Əlinin Lahorun Bağbanpura şəhərindən olan köklü Mian ailəsinə mənsub Məssərət xanımla evliliyi münasibətilə Ağa Qızılbaş ailəsini təbrik etmək idi. Beləcə, bu tarixi görüş Hindistan yarımadasında sürətlə dəyişən siyasi şərait fonunda Kəşmirin gələcəyi barədə fərdi müzakirə aparmaq məqsədi daşıyırdı.
Əli Cinnah təbriklərlə çıxış edərək, bu evliliyi “iki tarixi ailə arasında qurulan bir bağ” adlandırdı. Xan Bahadır Ağa Seyid Hüseyn Tahkur, ailənin rəhbəri Sərdar Ağa Şirəli Qızılbaş və digər üzvləri ilə birlikdə Cinnahın şərəfinə qarşılama mərasimi təşkil edərək onun ziyarətindən dolayı minnətdarlıq duyduqlarını ifadə etdilər. Fatimə Cinnah Qızılbaş ailəsinin evində qorunub saxlanılan Kəşmir irsini və zərifliyini təriflədi. Cinnahlara əvvəlcə zəfəranlı Kəşmir qəhvəsi və yerli kəşmiri şirniyyatlar təqdim olundu.
Cinnah söhbəti siyasi mövzuya yönəltdi və Kəşmirin verəcəyi qərarın ümummüsəlman mübarizəsi baxımından əhəmiyyətini vurğuladı. O, açıq şəkildə soruşdu: “Kəşmirli şiələr nə istəyir?”
Keçmiş Cəzaçəkmə müəssisələri rəisi və Kral Komissiyasında şiə icmasını təmsil etmiş üzv olan Ağa Sher Ali Qızılbaş ehtiyatla və təvazökarlıqla cavab verdi ki, Ağa Qızılbaş ailəsi hər nə qədər nüfuz sahibi olsa da, siyasi təmsilçilik iddiasında deyil. Onlar bütün şiə icması adından qərar verə bilməzlər.
Cinnah bu fikirləri anlayışla qarşıladı, lakin hörmətli ailələrin verdiyi müdrik tövsiyələrin əhəmiyyətini önə çəkdi.
Qızılbaş ailəsinin qohumlarından biri və ailə üzvü Xan Bahadır Ağa Seyid Hüseyn Thakur söhbətə qoşularaq qeyd etdi ki: “Yarımada qaynamaqdadır. Britaniyalılar təkcə geri çəkilmirlər, həm də öz miraslarını xaos içində yenidən formalaşdırırlar. Müsəlmanlar sadəcə reaksion mövqe tutmamalıdır; onlar hazırlıqlı, təhsilli və məzhəblərindən asılı olmayaraq birləşmiş olmalıdırlar. Kəşmirlilər, xüsusilə də şiə icması, özlərini təcrid olunmuş halda saxlaya bilməz. Dehlidən və Lahordan əsən küləklər ( siyasi dəyişikliklər), tezliklə Dal gölünün sularını da dalğalandıracaq. Mən bunu bir zadəgan kimi deyil, realist kimi deyirəm. Müsəlman gələcəyi, istər bir konfederasiya daxilində, istərsə də müstəqil bir dövlət şəklində, mənəvi aydınlıq, siyasi birlik və təhsilli liderlik tələb edir. Əks halda, biz başqalarının tarixində sadəcə bir haşiyə xatırlanacağıq.”
Cinnah, Ağa Qızılbaş ailəsini siyasi təmsilçilikdən daha çox, sosial və ictimai rəhbərlik etməyə, xüsusilə şiə müsəlmanlarının qorunması və inkişafı sahəsində fəal olmağa çağırdı.
Bu məqamda Fatimə Cinnah qadınların təhsili və cəmiyyətə qatılması məsələsini qaldırdı:
“Təhsil bu gələcəyin təməli olmalıdır. Xüsusilə qızların təhsili çox vacibdir. Xüsusilə də qızlar üçün. Əgər Müsəlman Liqası bütün müsəlmanlara, bütün təbəqələrdən olanlara xidmət etməlidirsə, onda Kəşmir bölgəsinin, xüsusilə qadınların da səsini eşitdirməlidir.”
Ağa Şövkət Əli Qızılbaşın qaynanası Bəgüm Nizaməddin bu fikirləri təsdiqlədi və qeyd etdi ki;
“Məssərət bu gün gəlin oldu, amma dünən tələbə idi. Biz Kəşmir və Pakistan müsəlman qadınlarının heç vaxt səssiz qalmamasını təmin etməliyik.”
Bu zaman Bəgüm Zəfər Əli Qızılbaş, öz sahəsində öncül olaraq, vacib fikirlərini bildirdi;
“Qadınlar olaraq biz uzun yol keçmişik. Mən təkcə imtahan verib keçən yeganə qız idim. Təhsil mənə güc verdi, xidmət isə mənə ləyaqət qazandırdı. Gələcək Kəşmir qadınlarını unutmamalıdır. Kəşmir qadınları da xidmət etməyə hazırdırlar, yalnız hicab arxasında deyil, həm də məktəblərdə, sinif otaqlarında. Azadlıq itaətsizlik demək deyil, azadlıq töhfə vermək deməkdir.”
Onun sözləri hamını təsirləndirdi və xüsusilə Fatimə Cinnah tərəfindən yüksək qiymətləndirildi. Fatimə Cinnah belə cavab verdi:
“Sözləriniz ilhamvericidir, Bəgüm xanım. Yeni Kəşmirin ruhunu məhz sizin kimi qadınlar formalaşdıracaq.”
Məhəmməd Əli Cinnah görüşü yekunlaşdıraraq qeyd etdi ki;
“Mən Lahorda və Dehlidə sizin qonaqpərvərliyinizdən və müdrikliyinizdən danışacağam. Qoy dünya bilsin ki, Şrinaqarın Qızılbaşları hələ də ləyaqət və zəka yoluna xidmət edirlər.”
Çöldə çoxsaylı jurnalistlər və mətbuat nümayəndələri Qızılbaş malikanəsinin yaxınlığında dayanmış, qapalı qapılar arxasında keçirilən görüşdən xəbər almağı səbirsizliklə gözləyirdilər.
Ertəsi səhər urdu dilində nəşr olunan “Roznama İnqilab” qəzetində başlıq belə idi:
“Cinnah Şrinaqarda Ağa ailəsi ilə görüşdü – Kəşmirin gələcəyi gündəmdə”.

Qızılbaşların Cammu və Kəşmirə ilk köçü Əfqan hökmdarının Qızılbaş rəisi və Qarabağ Cavanşirlərindən olan Əmir Aslan xan Cavanşir Qızılbaşı Kəşmir valisi təyin etməsindən sonra başladı. Bu barədə Hindistanın İngilis Baş Surveyorunun köməkçisi George Passman Tate də qeyd edir ki; Əfqan hökmdarı, Əmir Aslan Xan Cavanşir Qızılbaşı Kəşmir qubernatoru təyin etdi və bu Qızılbaş sərkərdəsi də, əmisi Məhəmməd xanı özünə naib yəni vəkil təyin etdi. Əmir Aslan Cavanşir Qızılbaş Cammu və Kəşmirin paytaxtı Şrinaqarda Amira Kadal körpüsünü, əzəmətli və gözəlliyi ilə seçilən Şirqari sarayını inşa etdirməsi ilə məşhurdur. Xüsusilə ondan böyük hörmətlə bəhs edirlər. Britaniyalı dövlət xadimi George Forster, Əmir Aslan xan haqqında qeyd edir ki; “Elə bir qayıqçı və ya onun xanımı yoxdur ki, bu Xan haqqında heyranlıqla danışmasın və keçmişdəki firavan həyatlarını ona aid etməsin”. Britaniya Hindistanın böyük dövlət xadimi olan Walter Roper Lawrence Kəşmirlə bağlı əsərində, ondan bəhs edərkən qeyd edir ki, “Kəşmirin Əfqan hakimiyyətində dövründə Əmir Aslan xan Cavanşir Qızılbaş bəlkə də, ən yaxşı Əfqan hakimlərindən biri idi, çünki digər Əfqan hakimləri qəddarlıqları ilə xatırlanır.” Müasir dövrdə də, Kəşmir xalqı arasında böyük hörmətlə anılır. Azərbaycanlı səyyah Hacı Zeynalabdin Şirvani də Səyahət Bağları əsərində Əmir Aslan xan Cavanşirdən böyük ehtiramla bəhs edərək, səxavətli bir insan olduğunu qeyd edir. Cammu və Kəşmirli Qızılbaş ailəsinin əcdadı isə Qəndəharlı Qızılbaş başçısı Sərdar Ağa Rəhim Qızılbaş olub və o, 1797-ci ildə Qəndəhardan Kəşmirə gəlmişdir. Kəşmirin naibi yəni vəkili Məhəmməd xan Cavanşir, Sərdar Ağa Rəhim Qızılbaşın bacısı Cahan Banu Bəgümlə evlənmiş və sonrada Sərdar Ağa Rəhim Qızılbaş 1800-ci ildə daimi olaraq Kəşmirə böyük sərvətlə gələrək məskunlaşdı. Şrinaqar şəhərində Xanegah-i-Suxtada (Nava Kadal) Jehlum çayının sahilində üç mərtəbəli nəhəng bir İqamətgah tikdi və bu ev “Qəsri-Qızılbaş” adlandırılırdı.
Sərdar Ağa Rəhim Qızılbaşın atası Nadir Şahın Sipah-saları və Qəndəhar mənsabdarı olmuş Sərdar Bahadur Ağa Əmir Əli Əfşar Qızılbaş idi. Ailənin digər üzvləri Nadir Şahın ölümünə qədər Azərbaycanda hakim vəzifələrdə olublar. Sərdar Ağa Rəhim Qızılbaş isə Əfqan hökmdarı Əhməd şah Dürraninin Şah Qvardiyasında Leytinant idi.
Tarixən ailənin üzvləri həm Əfqanıstanın həm Pakistanın, həm, Hindistanın, həm də Kəşmirin böyük dövlət xadimləri arasında olub, ailənin üzvləri Cammu və Kəşmir knyazlığında böyük nüfuzlu vəzifələr, xüsusilə nazir, dövlət həkimi və təhsil sahəsində yüksək vəzifələr tutaraq yalnız siyasi idarəçilikdə deyil, həm də ictimai rifah, elm və maarifin inkişafında dərin iz buraxıblar.
Bu Qızılbaş ailəsinin tarixi haqqında daha geniş məlumatlar əldə etmək istəyənlər, ailənin rəsmi internet portalı ‘the agha family of srinagar kashmir’ ünvanına daxil olaraq, Kəşmirin, Pakistanın və Hindistanın ictimai-siyasi və elmi həyatında iz qoymuş bu Qızılbaş ailəsinin maraqlı bioqrafiyaları ilə tanış ola bilərlər.
Ailənin üzvü və dostum Ağa Faysal Əli Qızılbaş artıq 5 ilə yaxındır “Asiya Qızılbaşları: Əfqanıstan, Pakistan və Hindistan” adlı kitab üzərində böyük həvəs və zəhmətlə çalışır. Bu əsərin Qızılbaşların tarixi yaddaşına yeni nəfəs verəcəyinə ürəkdən inanıram. Ağa Faysalın əsas məqsədi Nadir Şah Əfşarın ani ölümündən sonra Azərbaycan əsilli Qızılbaş icmalarının siyasi, sosial və mədəni taleyini, önəmli şəxsiyyətlərini və onların imperiyaların süqutundan sonrakı həyatlarını tarixə qazandırmaqdır. Bu kitab yalnız Qızılbaşların tarixi keçmişinə işıq tutmaqla kifayətlənmir, eyni zamanda yeni arxiv materialları və tədqiqat faktları əsasında, müasir Əfqanıstan, Pakistan və Hindistan ictimaiyyətində Qızılbaş kimliyinin mövcudluğunu, bu kimliyin yaşamaq uğrunda mübarizəsini gün işığına çıxarmağa iddialıdır. Müəllif həmçinin Qızılbaşların bu ölkələrdə mədəni, dini və intellektual sahələrdəki təsirini araşdıraraq, onların bugünkü cəmiyyətlərdə necə dirçəlməkdə olduğunu göstərməyi hədəfləyir. Düşünürük ki, bu dəyərli və zəngin məzmunlu əsərin Azərbaycan dilinə tərcüməsi, onu Azərbaycan oxucusuna təqdim etmək, yalnız elmi töhfə deyil, həm də milli-mənəvi borcdur. Bu əsər vasitəsilə vətəndaşlarımız uzaq diyarlarda yaşayan soydaş və etnik qruplarımızın tarix boyu necə mütərəqqi, nüfuzlu və ali mədəniyyət daşıyıcıları olduğunu daha yaxından tanıyacaqlar.
Günümüzdə də, Qızılbaşlar Pakistan və Hindistanın siyasi və ictimai həyatında mühüm rol oynamaqda davam edirlər. Bu nümunələr, Qızılbaşların yalnız keçmişdə deyil, müasir Pakistan və Hindistan cəmiyyətində də dərin iz buraxdıqlarını açıq şəkildə göstərir və həmçinin Azərbaycan-Pakistan dostluğuna yeni nəfəs, ortaq kimlik duyğusu və strateji əməkdaşlıq üçün möhkəm təməl yaradır. Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı sabiq səfiri (hal-hazırda İranda səfir) Əli bəy Əlizadə verdiyi bir müsahibəsində qeyd edirdi ki;
“Pakistan və Azərbaycan xalqını böyük oxşarlıqlar, tellər bağlayır, Bakının mərkəzində Multan karvansarayının olması, Pakistanda Qızılbaşlar, Əfşarlar və Ordubadilər sülaləsinin olması bizim xalqımızın yaxınlığını tarix boyu göstərir.”

Uzaq ellərdə yaşayan Etnik varlığımızı unutmayaq, çünki onlar bizi unutmadılar, əksinə, bəzən bizi bizdən daha yaxşı tanıdılar.

Müəllif: Vahid İbayev

Qızılbaş Qlobal İrsi Təşkilatının əməkdaşı, araşdırmaçı

Vahid İbayevin digər yazıları

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Qulu Ağsəs, Çingiz Abdullayev və Vasif Qurbanzadə – Foto

Qulu Ağsəs, Çingiz AbdullayevVasif Qurbanzadə – Azərbaycan yazarları

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Türkan Alpturan (Hüseynli) – Pambıq

Pambıq

(hekayə)

Meşəyə o qədər çox yağış yağırdı ki, bütün heyvanlar islanmışdılar. Quşların yuvaları yuxarıda olduğuna görə quşlar sevinirdilər. Ağacların budaqlarındakı islaq yarpaqları qoparıb bir-birlərinə ataraq oynayırdılar.
O meşədə Pambıq adlı qəşəng bir siçan var idi. Bu siçan tək qalmışdı, onun atasını vəhşi pişik yemişdi. Anası da Pambığa yemək axtarmağa getmişdi, amma neçə gün idi ki, qayıtmamışdı. Bu incə quyruqlu qəşəng ağ siçan da ac və yuvasız qalmışdı, üst-başı palçıq olmuşdu. Yağış balaca siçanın yuvasına dolmuşdu, o da yuvadan çıxıb, yaxınlıqdakı ağacın altında təkcə ağlayırdı. Həmin ağacdakı yuvada yaşayan xeyirxah bir sincabın Pambığa yazığı gəldi, onun halına çox üzüldü. Sincab öz yuvasından bir hind qozu gətirdi, və onu səliqəli ilə qırdı, sonra hind qozunun suyunu Pambığa içirtdi, qabığından yuva düzəltdi, meyvəsini xırda-xırda qırıb yuvanın küncünə yığdı. Pambığa da tapşırdı ki, anası gələnə kimi yuvadan çıxmasın, acanda da hind qozunun meyvəsindən yesin. Pambıq çox sevindi, sincaba təşəkkür etdi.
O daha yağışdan qorxmurdu, öz yuvasında yeməyini yeyib anasını gözləyirdi.

Redaktə türkoloq, yazar Yusuf Demirağa məxsusdur.

Müəllif: Türkan Alpturan (Hüseynli)

Təqdim etdi: Zaur USTAC

Türkan Alpturan (Hüseynli)nin hekayələri

Türkan Alpturan (Hüseynli) haqqında

ZAUR USTACIN YAZILARI

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Aqillər yurdunun pir övladıyam!

USTACAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!
13.11.2020. Bakı.

Müəllif: Zaur USTAC

Nisə Kərimovanın yazıları

I>>>> Rənglərin Şahzadəsi

Daha çox məlumat burada

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Rəssam Türkan və panda Mimi

Rəssam Türkan və panda Mimi

(hekayə)

Bir gün parkda qırmızı alma şəkli çəkirdim. Başımda qırmızı rəssam beretim var idi. Anamın mənə aldığı üstündə panda şəkli olan çəhrayı önlüyümü ilk dəfə idi ki, geyinmişdim. Birdən səs eşitdim. Səs gələn tərəfə baxanda gördüm ki, orada balaca, şirin bir panda dayanıb mənə baxır və gülür. Mən ona dedim:
-Sən nə qəşəng pandasan. Burada nə edirsən?
Panda mənə dedi:

-Mən Bakıya qonaq gəlmişəm. Sənin nə gözəl önlüyün var, sanki üstündə mənim şəklim var.
Bu tanışlıqdan sonra biz dost olduq. Balaca pandanın adı Mimi idi. Biz bəzən parkda görüşürdük. O mənə Yaponiyadan, oradakı dostlarından danışırdı. Mən də ona Türkiyədə – İstanbulda gördüyüm qağayılardan, Eskişehirdə simit verdiyim göyərçinlərdən danışırdım.
Bir gün Mimi məni öz ad gününə qonaq çağırmışdı. Onun ad gününə çoxlu dostları gəlmişdi. Mimi bizi içində şirin kartof, balqabaq, qarğıdalı olan sendviçə və ballı, limonlu kompota qonaq elədi. Biz yedik, içdik, rəqs elədik. Sonda ad günü tortunu süfrəyə gətirəndə tort Miminin əlindən yerə düşdü və kənarları dağıldı. Yazıq Mimi çox üzüldü və ağlamağa başladı. Mən ona dedim ki, ağlamasın, indi mən tortunu düzəldəcəm. Mimiyə hədiyyə apardığım çəhrayı qızılgüllərin ləçəkləri ilə onun tortunun əzilmiş yerlərini düzəltdim. Sonra Mimi tortun üstünə ad günü şamlarını düzdü və ürəyində arzu tutub şamları üfürdü. Hamımız onu təbrik etdik, ad günü mahnısını oxuduq. Mimi yavaşca mənim qulağıma dedi:
-Bilirsən, nə arzu tutdum?
Mən dedim:
-Yox, bilmirəm.
O dedi:

-Səninlə Yaponiyaya gedib oradakı sakura bağçalarında gəzməyi arzuladım.
Mən buna çox sevindim və Mimini qucaqladım.

Redaktə türkoloq, yazar Yusuf Demirağa məxsusdur.

Müəllif: Türkan Alpturan (Hüseynli)

Təqdim etdi: Zaur USTAC

Türkan Alpturan (Hüseynli)nin hekayələri

Türkan Alpturan (Hüseynli) haqqında

ZAUR USTACIN YAZILARI

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Göz yaşları və zamanın səssizliyi

Bu, mistik-fəlsəfi realizmdir və sufi ədəbiyyatına yaxın üslubdur. Xaqani kimi şairə uyğun atmosferdir

Göz yaşları və zamanın səssizliyi

(hekayə)

Xaqani Şirvani XII əsrin böyük Azərbaycan şairi və filosofudur. O, daha çox qəzəl, qəsidə və fəlsəfi şeirləri ilə tanınır. Onun dövründə roman janrı mövcud olmadığından bu janrda əsəri olmamışdır.
Xaqaninin həyat və yaradıcılığına məftun bir yazıçı kimi əvvəl onun haqqında roman yazdım. Daha sonra poema üzərində düşündüm və dörd ildən sonra həmin poemanı da ərsəyə gətirdim. “Şuşa mənim şah anam” adlı kitabımda dərc olundu. Bu dəfə isə kiçik bir hekayə yazmaq istədim.
İbn Xaqani, gənc şair, Şirvanın geniş düzənliklərində sanki itirilmişdi. Onun qəlbi bir tərəfdən dünya malından və şan-şöhrətdən uzaqlaşmağa çalışırdı, digər tərəfdən isə daxilində bir səsləniş vardı həyatın mənasını, həqiqəti tapmaq arzusu. Qələmi ilə dünyaya meydan oxusa da, öz daxili ziddiyyətləri ilə baş-başa qalmışdı. Zaman keçdikcə özünü dünya ilə dil tapa bilməyən bir yolçu kimi hiss edirdi.
Bu yolun sonunda bir qoca dərviş onun qarşısına çıxdı və soruşdu:
Həyatın səndən istədiyi nədir, gənc şair? Sən bu dünyaya nə verməyə gəldin?
İbn Xaqani susdu. O, bu sualın cavabını axtararkən gözləri günəşin batışını izləyirdi. Zamanın səssiz qapısı günləri bir-birinə calayırdı.
Günlər keçdi. İbn Xaqani Şirvanın qaranlıq və dərin dağ yollarında irəliləyirdi. Onun addımları əvvəlki kimi inamlı deyildi. Qəlbində daşıdığı suallar ağırlaşmışdı. Hər gecə dağların kölgəsində ulduzlara baxıb düşünərdi:
Mən kiməm? Mənim yolum nədir?
Bir axşam böyük bir mağaranın önündə dayandı. Girişdə heç bir işarə yox idi, lakin içəridən qəribə bir sükut axırdı dərin, sakit və sanki əsrlərdir toxunulmamış bir sükut…
İbn Xaqani tərəddüd etmədən içəri daxil oldu. Mağaranın divarlarında qədim rəsmlər və yazılar vardı. Hər biri ona tanış gəlirdi. Bunlar həqiqət axtaran şairlərin simvolları idi.
Mağaranın ortasında qədim bir qapı diqqətini çəkdi. Qapının üzərində yazılmışdı:
“Zamanın sükutu ilə açılan qapı yalnız öz qəlbinə güvənənə açılar.”
İbn Xaqani bir anlıq duruxdu. Zamanın sükutu ilə açılan qapı nə demək idi? Yazını diqqətlə oxuduqca anladı ki, bu qapı keçmişin ağırlıqlarını və dünyanın boyunduruqlarını atmaqla açılacaq. O, öz qəlbinin dərinliklərinə enməli idi.
Dərin bir nəfəs alıb qapıya toxundu. Heç bir səs çıxmadı. Qapı bağlı idi. Lakin o artıq cavabın səssizlikdə olduğuna inanırdı. Diz çökərək ürəyində pıçıldadı:
Ey Zaman, ey dünya, mənə öz həqiqətini aç!
Birdən mağara işıqlandı. Bu işıq günəşdən və ya aydan deyildi. İbn Xaqaninin öz daxili aləmindən gəlirdi. O an anladı ki, həqiqət heç vaxt kənarda olmamışdır həqiqət həmişə onun daxilində gizlənmişdir.
Qapı yavaş-yavaş açıldı.
Arxasında nə dünya zənginlikləri, nə də vədlər vardı. Yalnız böyük bir güzgü…
Güzgüdə özünü gördü lakin fərqli bir şəkildə. Daha yetkin, daha dərin düşüncəli, amma yenə də uşaq məsumiyyəti ilə dolu.
Güzgüdəki surət sanki danışırdı.
Sən bu dünyaya cavablar axtarmaq üçün gəldin, lakin özündə olan cavabları görmədin. İndi öz varlığının həqiqətini görmə zamanıdır. Keçmişin ağrıları və dünyanın yükü səndən alınacaq, əgər sən ondan azad olmağa hazırsansa.
İbn Xaqani başa düşdü ki, dünyanın ziddiyyətləri və mübarizələri həqiqi mənliyə aparan yolun bir hissəsidir. Həyatın məqsədi cavabları tapmaq deyil, o cavabları öz içində yaratmaqdır.
Bir an sonra güzgü yox oldu. O, yenidən dağların arasında tək idi. Amma bu dəfə qəlbində bir yüngüllük və sülh vardı.
İbn Xaqani artıq bilirdi… zamanın səssizliyi ilə insan öz mənliyini tapa bilər.

Müəllif: SONA ABBASƏLİQIZI

SONA ABBASƏLİQIZININ YAZILARI

DAHA ÇOX ŞEİR BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Dost gəlişi bayram oldu – Fotolar

Dost gəlişi bayram oldu

3 aprel 2026-cı il. Dost gəlişi bayram oldu həmin gün. Azərbaycan Yazıçılar Birliyinin Natəvan zalında Özbəkistan, Qırğızstan və Tacikistandan gələn şair və nasirlərlə keçirilən görüş son günlərin ən yaddaqalan tədbirlərindən idi. Görüşdə”Turan ədibləri-3” antologiyası iştirakçılara təqdim olundu. Həmin topluya uğurlama yazmış AYB katibi, tanınmış şair, tərcüməçi, esseist Səlim Babullaoğlu tədbiri açaraq qonaqları salamladı.

O, bu görüşün və ərsəyə gələn antologiyanın türkdilli qardaş ölkələrin ədəbi əlaqələrinin daha da möhkəmlənməsində əhəmiyyətini vurğuladı, yazıçı birliklərinin bu yöndə ardıcıl fəaliyyətini qeyd etdi.
Tədbirin moderatoru, AYB-nin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, ədəbi tənqidçi Əsəd Cahangir Turan ellərindən olan söz adamlarının, həmçinin azərbaycanlı yazarların bu topluda bir araya gəldiyini söyləyərək, antologiyanın işıq üzü görməsində
redaktorlar və tərcüməçilər Mugimcan Nurboyev, Təranə Turan Rəhimli, Namiq Dəlidağlı, Nərgizaxon Ortiqova, Rəhmət Babacan və ümumən yaradıcı heyətin əməyini diqqətə çatdırdı. Qələm dostlarımız çıxış edərək qaşılıqlı ədəbi əlaqələrimiz və birgə layihələr barədə danışdılar.
Hazırda İzmirdə yaşayan və çalışan dəyərli qələm dostumuz, şair, tərcüməçi, filologiya elmləri doktoru, ədəbiyyatşünas Təranə Turan Rəhimli ilə görüşümüz tədbirin yaddaqalan anlarından idi.
Təşəkkürnamələr təqdim olundu. Xatirə şəkilləri dost görüşündən yadigardır:

MÜƏLLİF: ZEMFİRA MƏHƏRRƏMLİ

ZEMFİRA MƏHƏRRƏMLİNİN YAZILARI

>>>> Zemfira Maharramli. The Swallow’s Nest.

Vaqif İsaqoğlunun yazıları

ZAUR USTACIN YAZILARI

DAHA ÇOX ŞEİR BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bu gün “Təzadlar” qəzetinin 33 yaşı tamam olur

Bu gün “Təzadlar” qəzetinin 33 yaşı tamam olur

…Hər bir yaradılan nəyinsə arxasında insan ideyası, eləcə də iradə və inadı dayanır. Məsələn, “Kalaşnikov” avtomatının istehsalında minlərlə adam iştirak etsə də, onun yaradılması rus konstruktoru Mixail Kalaşnikova məxsusdur. “Təzadlar” qəzetinin də öz yaradıcısı var. Bu gün otuz iki yaşını qeyd etdiyimiz “Təzadlar”ın kollektivinə göz aydınlığı versəm də, ən böyük təbrik onun yaradıcısına-təsisçisinə düşür. Odur ki, bu gözəl gündə sizə “Təzadlar” qəzetinin, o cümlədən “Tezadlar. Az” saytının rəhbəri yazıçı, publisist, jurnalist Asif Mərzili haqqında danışmaq istəyirəm…

Deyir ki:- “Səhv etmirəmsə, 2010-cu ildə Milli Mətbuat gününə iki gün qalmış gördük ki, işi-gücü nəşriyyatın koridorlarında söhbət etmək olanlara MŞ və KİVDF-dən dəvətnamələr verilib, bizə zəng edən yoxdur. Süleyman Osmanoğlu, mən və Rövşən Kəbirli danışdıq, zəng etdik MŞ-a, Rəhim Hüseynzadə ilə danışdıq. Dedi ki, bizlik deyil, aparatdan siyahını veriblər və s. Zəng etdik KİVDF-yə, yenə də eyni cavab. Süleyman bəy dedi ki, həmin gün birbaşa gedək “Gülüstan” Sarayına, qoy bizi tədbirə buraxmasınlar. Mən etiraz etdim, dedim, qoy bayram eləsinlər, Allah bu haqsızlığı və vicdansızlığı bağışlamaz… Amma Süleyman bəy təkid etdi, bizlərə olan bu münasibətdən çox pərt idi. 22 iyulda getdik “Gülüstan” sarayına. Gəlib-keçən “jurnalist”lərin kimliklərini seyr etdik, 70 faizini tanımadıq, çünki peşəkar, az-çox yazı-pozusu olanları sifətindən tanıyırdıq. Hətta nazirliklərdən, qohum-əqrabalardan da rastımıza çıxanlar oldu, irəli duran Süleyman bəyi buraxmadılar. Halbuki həmkarımız sayılanlar içəri maneəsiz keçirdilər, amma biri demədi ki, axı bu insanlar mətbuatımızda yetərinncə adı və imzası olanlardır. Nə isə… Dedim, Süleyman bəy, gedək nəşriyyata. O, kənara çəkilib “Gülüstan” Sarayının qarşısındakı daş pilləkanın üstündə oturdu, üzünü tutub bir ağlamaq elədi ki… Bu səhnəni sözlə ifadə etmək çox çətindir…
Səhəri gün Süleyman bəyin sorağı xəstəxanadan gəldi. Ona edilən haqsızlığın xəstəliyini tapmışdı, bir neçə ay sonra dünyasını dəyişdi. Ey milli mətbuatımıza iddialılar, özünü peşəkar sayanlar, yuxarı başda görənlər, biz bunları yaşaya-yaşaya gəlmişik, adını yaza bilməyənlər “Əməkdar jurnalist” oldu, “Tərəqqi” medalı aldı, “Şöhrət”ləndi, mənzil aldı”…

Onu qınamağa dəyməz, bu kəlmələr xidmətinə dəyər verilməyən bir insanın harayını, giley-güzarını özündə ehtiva edir. Axı müqayisə edəndə, indiyədək müxtəlif mükafatlara layiq görülən bir çox jurnalistdən istedadına və xidmətlərinə görə geri qalmır…

Ömrünün böyük bir hissəsi mətbuatla bağlıdır. O vaxtki Nеft Kimya Sənayеsi Nazirliyinin “Böyük kimya uğrunda” çoxtirajlı qəzetinə baş redaktor təyin olunanda cəmi iyirmi doqquz yaşı var idi. Özünəməxsus yazı tərzi, üslubu ilə fərqləndiyinə və istedadlı qələm adamı olduğuna görə, onun 1982-1988-ci illərdə Azərbaycan Dövlət Tеlеviziya və Radiо Vеrilişləri Kоmitəsində ştatdankənar əməkdaş kimi fəaliyyətinə şərait yaradılıb.
1990-cı ildən Azərbaycan Nazirlər Sovetinin orqanı olan “Respublika” qəzetində müxbir kimi çalışsa da, bir il sonra Milli Məclisin indiki “Azərbaycan” qəzeti redaksiyasında parlament müxbiri vəzifəsinə təyin olunub. 1992-ci ildə “Ədalət” qəzetinin baş redaktorunun birinci müavini işləyib, 1993-cü ildən isə “Təzadlar” qəzetinin, həm də qəzetin internet versiyası olan “Tezadlar. Az” saytının baş redaktorudur…

“Mətbuat cəmiyyətin güzgüsü olmalıdır. Güzgü cəmiyyəti ən azı olduğu kimi göstərmirsə, o heç kimə gərək deyil. Azərbaycan mətbuatının bu günkü durumu nəinki pisdir, çox pisdir. Təsəvvür edin, Prezident məmurları tənqid edə bilir, mətbuatımız isə susur. Susmaq razılıq əlamətidir. Tənqid yazan KİV-lər isə susdurulur, əsasən də MŞ tərəfindən. Bu çox pis haldır. Jurnalistikada araşdırma yazılar yoxdur, çünki araşdlrma yazı bəzilərinin gözündə tənqid etməkdir, pisləmək və əleyhinə yazmaqdır”– söyləyir.

“Biz əyilmədik”, “Yеrin görünəcək”, “Mərzili və Mərzililər” (Ənvər Çingizoğlu və Asif Mərzili),”Qalxın, jurnalist gəlir!”, “Təzadlar”, “Əfsanəvi kəşfiyyatçı Orxan Əkbərov” kitablarının, ötən il isə Dövlət Mükafatları siyahısına salınmış “Sonuncu əmr” romanının müəllifidir, 10-a yaxın kitabın isə rеdaktоrudur. Baş redaktoru olduğu qəzеt 2008-ci ilin yеkunlarına görə mərkəzi qərargahı Cеnеvrədə yеrləşən “Cеntury Intеrnatiоnal Quality Еra Award” Bеynəlxalq Təşkilatının “QC-100 İdarəеtmənin Ümumi Kеyfiyyət Mоdеlinin Əsrin Bеynəlxalq İnkişafı üzrə Qızıl ЕRA” mükafatına layiq görülüb…

Bir vaxtlar onun rəhbəri olduğu qəzeti “reket” kimi qələmə verənlər də az olmayıb. Adətən araşdırma, tənqidi yazılar yazan jurnalistlərin əksəriyyətini zəmanəmizdə əsl reket jurnalistlərə qatıb, belə adlandırırlar. Amma qırx ildən çox jurnalistika təcrübəsi olan, ölkənin rəsmi mətbu orqanlarında çalışan bir jurnalist və ya qəzeti belə adlandırmaq, heç də insafdan deyil.
Peşə fəaliyyətinə görə başına nələr gəlməyib ki? Elşad Abdullayevin universitetində baş verən neqativ halları ictimailəşdirdiyinə görə, 2009-cu ildə onu həbs ediblər. Evini, avtomobilini yandırıblar. Heç zaman geri çəkilməyib. Bəlkə də, Azərbaycan jurnalistika tarixində ən çox müqavimətlə üzləşən jurnalistlərdən biri də o, olub…

Ciddi görkəmi, mehriban davranışı, qüruru, cəsarəti onu çoxlarına sevdirə bilib. Əzmkar, işgüzar, azad düşüncəli insandır. Hər zaman cəmiyyətə faydalı olmağa, xeyirxahlıq etməyə tələsir…
1960-cı ildə Ağdamda, Azərbaycanın böyük oğullarından biri, Xudu Məmmədovla eyni kənddə- Mərzilidə dünyaya gəlib. Yurd həsrəti onu heç zaman rahat buraxmayıb. Doğma yurdu haqqında qələmə aldığı yazıları oxuyanda, onun nə böyda ürəyə sahib olduğu aydın görmək olur…

Bəli, hələ əsgəri xidmətdə olarkən, 1979-1981-ci illərdə Pribaltika Hərbi Dairəsinin “Za Rodinu” qəzetinin ştatdankənar müxbiri kimi jurnalist fəaliyyətinə başlayan Asif Mərzili Azərbaycan jurnalistikasının dəyərli nümayəndələrindən biridir. Elə buna görə də, “Təzadlar”ın ad günündə onu təbrik etməyə tələsdim. Axı “Təzadlar” deyəndə Asif Mərzili, Asif Mərzili deyəndə isə “Təzadlar” yada düşür…

Hörmətlə, Elman Eldaroğlu

Elman Eldaroğlunun yazıları

SEYRAN SƏXAVƏİN YAZILARI

CAHANGİR MƏMMƏDLİ – 85

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I