
ALLAH HƏR ŞEYİ GÖRÜR
Məni görməməzliyə vuran paxıl,
Uğurlarım niyə səni yandırıb-yaxır?!
Başından niyə qara-qara dumanlar,
tüstülər qalxır?! –
Sən mən ola bilməzsən axı! –
Allah hər şeyi görür!
Vallah, hər şeyi görür!
İnsan yuxarı tullana bilərmi
boyundan?!
Ayrıla bilərmi
əslindən- soyundan?!
Sən udmusanmı dağların
mənim ciyərlərimə dolan
havasından?!
Sən içmisənmi
mən içdiyim
bulaqların suyundan?!
Sən sübhün alatoranında
Quşların nəğməsini dinləmisənmi?!
Sən mənim qədər
sevgi əzabıyla inləmisənmi?!
Sən mən çıxan dağlara
çıxmısanmı,
mən baxan yamaclara
baxmısanmı?!
Sən sıldırım çiçəyinə
könül bağlamısanmı?!
Onun gözündə şeh öpüb,
Xoşbəxtlikdən ağlamısanmı?!
Sənin də ürəyin
zirvələrə can atıbmı?!
Sənin də dizlərini
böyürtkən kolları qanadıbmı?!
Daş-kəsəkli yollar
yalın ayaqlarını qoyanda pis günə,
Sən yoncanın suyunu
sıxmısanmı
yaralarının üstünə?!
Zoğalın yarpağı qollarını,
üzünü dalayıbmı?!
Sübh günəşi üfüqdən
boylananda
İçində od qalayıbmı?!
Zəminin ortasında uzanıb
həsrət əzabıyla inləmisənmi?!
Külək əsəndə
sarı simə bənzəyən sünbüllərin
nəğməsini dinləmisənmi?!
Sən on yaşında
oraqla, kərənti ilə ot biçmisənmi?!
Çayın bu tayından o tayına
üzüb keçmisənmi?!
Sən sıldırıma dırmananda
Yıxılıb dizini çapmısanmı?!
Hələ uşaq vaxtından
yəhərsiz-yüyənsiz ata minib
onu çapmısanmı?!
Ot biçib, odun doğrayıb
taytutanla
ata yükləmisənmi?!
Qaranlıq düşəndə qorxudan
qulaqlarını şəkləmisənmi?!
Sən yuxuna haram qatıb hər səhər
Getmisənmi dənizin görüşünə?!
Sən tamaşa eləmisənmi
dalğaların qəhqəhəsinə,
ləpələrin gülüşünə?!
Üstünə yağış, qar yağa-yağa
ləpədöyəndə gəzmisənmi?!
Ürəyindəki sevginin xətrinə
əzablara, ağrılara dözmüsənmi?!
Görmüsənmi hər səhər
dənizdən boylanan günəşi?!
Üşüyən ürəkləri qızdıra bilibmi
sevdalı qəlbinin atəşi?!
Görmüsənmi hava tutulanda
buludların ağladığı günü?!
Görmüsənmi Xəzərin buzdan
qaymaq bağladığı günü?!
Bircə gecə oyaq qalıb
səhərəcən aya baxmısanmı?!
Onun ziyası altında
çağlayıb axan
çaya baxmısanmı?!
Sən yurd həsrətinin
ağrılarına dözmüsənmi?!
Sən tezdən Xəzərdə,
Axşam Egeydə üzmüsənmi?!
Pamukkalada ayaqyalın
gəzmisənmi?!
Yayın cırhacırında
Qrinlandiyanın
bəmbəyaz örtüyünü görüb,
sevincdən qanad açmısanmı?!
Okeanın bu tayından
o biri tayına uçmusanmı?!
Sakit okeanla Atlantik okeanı
birləşdirən yola
dəyibmi ayağın?!
Ağ dənizdə
ağ yelkən qaldırıbmı
sevgi qayığın?!
Ərəbistan səhrasında,
Hind okeanında,
Sakit okeanda
günəşin batdığını görmüsənmi?!
Tanrının gözəllik tonqalı
çatdığını görmüsənmi?!
Həsrətli şairin necə murada
çatdığını görmüsənmi?!
…Üzlərdəki ilahi
təbəssüm çiçəyini
həmişə əl yox,
baxış, göz dərib!
Çox şükür,
qəlbimi sevdalı
yaradanTanrım
mənə çox gözəllikləri
göstərib!
…Hələ Onun izniylə
gəzib dolanacağam
bu yer üzünü,
neçə ki, nəfəsim var…
Nə sən mən ola bilərsən,
nə mənim sən olmağa
həvəsim var…
Nə yaxşı ki,
yuxumu qaçıran sərmayəm,
tacım-taxtım olmayıb…
Nə yaxşı ki, kiminsə
paxıllığını çəkməyə
vaxtım olmayıb…
Məni görməməzliyə vuran paxıl,
Uğurlarım niyə səni yandırıb-yaxır?!
Başından niyə qara-qara dumanlar,
tüstülər qalxır?! –
Sən mən ola bilməzsən axı! –
Allah hər şeyi görür!
Vallah, hər şeyi görür!
13.05.2017
Müəllif: Rafiq YUSİFOĞLU,
şair, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor.