ÖVLADIYAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam! 13.11.2020. Bakı.
SƏMİMİ SƏTİRLƏR ÇƏLƏNGİ (Atlaz Rzayinin nəşr olunmuş yeni kitabının təqidmatı) Son zamanlar Odlar Yurdu Azərbaycanın poeziya paytaxtı olan doğma Cəlilabadın ədəbi mühitinin xanım nümayəndəsi, Turan Yazarlar Birliyinin üzvü, “Həməşəra” və “Nizami Gəncəvi” Fəxri Diplomları, “Ziyadar” Mükafatı, TYB-nin xüsusi Ödülü, “Tomris” və “Turan Ödülü” laureatı, bədii qiraətçi, yazıçı-şair Atlaz xanım Rzayinin sayca ikinci kitabı işıq üzü görmüşdür. Burada həmin kitabla yaxından tanış oluruq…
Ümumi məlumatlar: Kitabın adı: “Səmimi sətirlər çələngi” (“Səmimi sətirlər çələngi” layihəsi çərçivəsində qələm sahibləri və ziyalıların yazıçı-publisist İlqar İsmayılzadə barədə düşüncələri) Müəllif: Atlaz Rzayi Redaktor: İlqar İsmayılzadə Naşir: “Həməşəra” mətbu orqanı, Cəlilabad Çap: “Qazi” Çap Mərkəzi Nəşr olunduğu il: 2026 Çap növbəsi: Birinci Kağız formatı: 60×90 1/16 Səhifə sayı: 94 səhifə.
Kitab barədə: Məlum olduğu kimi, yazıçı-şair Atlaz xanım Rzayi tərəfindən bu ilin iyul-avqust aylarında olduqca maraqlı bir ədəbi-ictimai layihə həyata keçirilmişdir. Əsasən müsahibə formasında gerçəkləşmiş və “Səmimi sətirlər çələngi” adlanan həmin ədəbi-ictimai layihəyə təxminən 50 nəfər ədib, tanınmış ziyalı və dəyərli insanlar cəlb edilmişdir. Məlum kitab isə həmin layihənin nəticəsi olaraq bir yerə toplanaraq kitab formasında çap edilmişdir. Kitab redaktoru olduğuma görə, yazdığım ön sözlə başlamış, daha sonra müəllif Atlaz xanımın yazdığı giriş yazısı ilə davam etmişdir. Ardınca isə Cəlilabad rayonu və digər bölgə, şəhər və rayonlardan olan 46 nəfərin barəmdə söylədikləri səmimi fikirlər yer almışdır. Hər bir şəxsin baxışı ayrıca təqdimatı və fotoşəkili ilə verilmişdir. Qeyd etmək lazımdır ki, həmin 46 nəfərdən 26-sı Cəlilabad ədəbi mühitinin tanınmış dəyərli və səmimi nümayəndələrindən ibarətdir. Bir neçə gün öncə müxtəlif portallarda yayımlanmış “Səmimi sətirlər çələngi layihəsi barədə düşüncələrim” adlı məqaləmdə qeyd etdiyim kimi, Atlaz xanımın həyata keçiridiyi bu layihənin mövzusu mənim şəxsim olsa da, əslində bu layihə daha yüksək və ali hədəflərə xidmət göstərmişdir. Onları qısaca aşağıdakı kimi sadalamaq olar:
Cəmiyyət arasında “dəyərləndirmə mədəniyyəti”nin təbliğ edilməsi və bir müsbət hərəkət olaraq təqdimatı;
Ədəbi mühitin nümayəndələri arasında səfa-səmimiyyət tellərinin möhkəmlənməsi;
Görülən yaxşı işlərə qarşı biganəlik yanaşmasının dolayısı ilə rədd edilməsi… Bu baxımdan, həmin layihənin kitab formasında hazırlanıb nəşr edilməsi əslində bu dəyərli hədəflərin əbədiləşdirilməsinə bir-başa xidmət göstərmişdir. Buna görə də, Atlaz xanım Rzayinin məlum kitabı onun öncə həyata keçiridiyi ədəbi-ictimai lalyihə qədər dəyərli və təqdirəlayiqdir. Məlumat üçün bunu da qeyd etmək lazımdır ki, ədəbi mühitimizin bir neçə tanınmış dəyərli nümayəndəsinin dəstəyi ilə nəşr edilmiş məlum kitab Atlaz xanım Rzayinin indiyədək işıq üzü görmüş sayca ikinci kitabıdır.
Təşəkkür və diləklər: Fürsətdən istifadə edib, həyata keçirdiyi “Səmimi sətirlər çələngi” adlı ədəbi-ictimai layihəsi ilə şəxsimə göstərdiyi iltifat və lütfkarlığa, əslində isə ədəbi mühitimizin nümayəndələri arasında qarşılıqlı sayğı və səfa-səmimiyyət tellərinin möhkəmlənməsi üçün göstərdiyi səmimi səy və təlaşa görə dəyərlimiz yazıçı-şair Atlaz xanım Rzayiyə öz minnətdarlığımı bildirir, nəşr edilmiş sayca ikinci kitabına görə təbriklərimi çatdırır, həmçinin, Ulu Tanrıdan ona uzun, sağlam, uğurlu və mənalı-məsud ömür diləyirəm!
06.09.2026
İlqar İsmayılzadə fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, AJB, AYB və TYB-nin üzvü, Turan Xalq yazarı, “Ziyadar” Mükafatı, “Qızıl Qələm” və “Zəfər” Media Mükafatları laureatı, teoloq, araşdırmaçı, tərcüməçi, yazıçı-publisist