ÖVLADIYAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam! 13.11.2020. Bakı.
“AZƏRBAYCAN AŞIQLARI VƏ EL ŞAİRLƏRİ” NAZİR ƏHMƏDLİNİN TƏQDİMATINDA
Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin kitabxanası daha bir dəyərli araşdırma kitabı ilə zənginləşmişdir. Kitabın müəllifi tanınmış tədqiqatçı-alim Nazir Əhmədlidir. Qeyd edək ki, yaxın günlərdə “Elm və təhsil” nəşriyyatında işıq üzü görmüş 480 səhifəlik Azərbaycan aşıqları və el şairləri” kitabı AMEA Folklor İnstitutu Elmi Şurasının qərarı ilə nəşr edilmişdir. Kitab müəllifin 2019-cu ildə hazırlayıb çap etdirdiyi eyniadlı tədqiqat əsərinin təkmilləşdirilmiş yeni nəşridir. Əsərin elmi əhəmiyyətinin əsasını bu vaxtadək çap olunmuş nəşrlərdə ortaya atılmış “faktlar”ı tamamilə kölgədə qoyan daha səhih məlumatlar təşkil edir. Belə ki, müəllifin də yazdığı kimi, ilk nəşrin işıq üzü görməsindən ötən yeddi il müddətində tədqiqatçı-alimin apardığı gərgin axtarışların məntiqi nəticəsi bir çox yeni faktların ortaya çıxmasında özünü göstərir. Azərbaycan, Gürcüstan və Ermənistan arxivlərində saxlanan sənədlər əsasında müəllif, bugünəcən folklorşünaslıq və ümumilikdə ədəbiyyatşünaslıq sahələri üçün qaranlıq qalan sahələrin üzərinə işıq salınmasına nail olub. Kitab, barəsində müfəssəl məlumat və bilgilər verilmiş Azərbaycan aşıqları və el şairlərinin yaşayıb-yaratdıqları xeyli geniş ərazini əhatə edir ki, bu coğrafiyaya Axısqa, Borçalı, Qərbi Azərbaycanın Göyçə, Dərələyəz, Şimali Azərbaycanın Şəki, Şirvan, Qarabağ, Şəmşəddil, Gəncəbasar bölgələri, belə demək mümkünsə, bütövlükdə Cənubi Qafqaz regionu daxildir. Kitabın annotasiyasında da qeyd olunduğu kimi, XVIII əsrin ortaları-XX əsrin birinci yarısında yaşamış Azərbaycan saz-söz sənətinin görkəmli nümayəndələri Qul Qarani. Aşıq Valeh, Xaltanlı Tağı, Axısqalı Xəstə Hasan, Ağ Aşıq(Allahverdi), Şair Məmmədhüseyn, Aşıq Söyün Şəmkirli, Aşıq Alı, Aşıq Ələsgər, Molla Cuma, Dərələyəzli Aşıq Cəlil, Daşkəndli Aşıq Nəcəf, Aşıq Hüseyn Bozalqanlı – ümumilikdə götürdükdə, on doqquz tanınmış aşıq və el şairinin ömür yolu arxiv sənədləri əsasında yenidən araşdırılmış, indiyə qədər yol verilmiş təhriflər aradan qaldırılmış, elmi ictimaiyyətə məlum olmayan Aşıq Məhərrəm, Aşıq Qara, Aşıq Rüstəm, Şair Mustafa kimi yeni adlar üzə çıxarılaraq, barələrində məlumat verilmişdir. Müəllif bu günə kimi bir çox elmi mənbələrdə yol verilmiş yanlışlıqlara aydınlıq gətirmiş, heç bir elmi əsası olmayan məlumatları tutarlı faktlarla təkzib etmişdir. Belə ki, məşhur aşıqların, el sənətkarlarının yaşadıqları dövrlərdə o dövrün hökumət dairələrinin qərarı ilə keçirilən siyahıyaalmaların ortaya qoyduğu faktların daha tutarlı olduğunu nəzərə alaraq, Aşıq Valeh, Ağ Aşıq, Xəstə Hasan, Şair Məmmədhüseyn, Aşıq Alı, Aşıq Ələsgər, Molla Cuma və bir çox başqa sənətkarlara saxtalaşdırılmış doğum və ölüm tarixi düzüb-qoşanların elmi ictimaiyyətə təqdim etdikləri məlumatların kökündən yanlış olduğunu tutarlı faktlarla sübut etmişdir. Kitabın sonunda təqdim edilən siyahıdan da bir daha aydın olur ki, məs: Ağ Aşığın doğum tarixi başqa mənbələrdə göstərildiyi kimi heç də 1754-cü il deyil, 1791-ci ildir. Xəstə Hasan 1766-cı il deyil, 1799-cu il doğumludur. Aşıq Alı əvvəlki tədqiqatçıların kitablarında yazıldığı kimi, 1801-ci ildə deyil, 1835-ci ildə dünyaya göz açıb. Aşıq Ələsgər də eləcə… 1821-ci ildə yox, 1852-ci ildə doğulub. Və sair, və i… Təbii ki, Nazir Əhmədli halal və fədakar tədqiqatçı olaraq, yalnız həqiqəti gün işığına çıxarmağı qarşısına məqsəd qoyub və buğunun özündə də onun keçmişdə araşdırmaçıların yol verdikləri yanlışlıqları təkzib edən faktları ortaya qoyduğuna görə daim haqsız hücumlara məruz qaldığının şahidi oluruq. Lakin inanırıq ki, kitabın elmi redaktoru, ustadımız Əli Şamilin də dediyi kimi, gün gələcək: “Müəllifin böyük zəhmət bahasına hazırladığı kitab 19-cu yüzildə yaşamış aşıqlarımızın ömür yolunu dəqiqləşdirdiyinə görə, ensiklopediyalar üçün məqalələr hazırlayanlar, dərslik yazanlar, almanax tərtib edənlər həmin faktlardan istifadə etməli olacaqlar. Heç də sanmayaq ki, bu iş asanlıqla baş verəcək. Köhnə kitablarda, ensiklopediyalarda yazılmış rəqəmlər bir müddət hələ də təkrarlanacaq, yalnız sonradan yavaş-yavaş yanlışlıqlar aradan qalxacaqdır”. Və əminik ki, bu, həqiqətən baş verəcək! “Azərbaycan aşıqları və el şairləri” kitabının elmi redaktoru Əli Şamil, elmi məsləhətçiləri Məhərrəm Qasımlı və Əziz Ələkbərli, rəyçiləri isə Qiymət Məhərrəmli və Avtandil Ağbabadır.
Sənə nə könlümə yağan yağışdan, Ruhunu, könlünü buz tutan adam. Çəkmə izlərimi, çəkmə yoxuşdan, Şeytanın evinə üz tutan adam.
Mənim ruhum başqa, düşüncəm başqa, Quşun dimdiyində yem sevinciyəm. Könlümə dost olur bəzən qarışqa, Kimdi bu qəribdən küsüb inciyən.
Əbəsdir tənimə yetişmək cəhdin, Məni dağ doğurub, səni dərələr. Sənin savab ilə ötüşmək əhdin, Xülyadı, önünə iman sərələr.
Çək uzağa duasız əllərini, Mən göylərdən duaları dərmişəm. Savab yazsın deyə əməllərimi Əllərimi Tanrıya borc vermişəm.
Vicdan qamçılayıb atını, səndən Çox – çox uzaqlarda dincini alır. İnsaf da, mürvət də dolanır gendən, Boğaza çəkməyə ülgücün qalır.
Gedirəm könlüyalın…
Yenə yollar görünür sən olmayan şəhərə, Əllərinin həsrətin şaxtada dondururam. Gözümdəki buludu yem edirəm qəhərə, Bu sərçə ürəyimi ovcuma qondururam.
Dualar göndərirəm sevginin Allahına, Ayrılığın ömrünü bir az gödək eləsin. Qaranlığa əsirdi hər günüm, vallah, inan, Az qalır ki, öz əlim özümü kötəkləsin.
Aydınlığa çıxaram zülməti pusa bilsəm, Gəncliyinə susayıb qocaltdığım o qız da. Yaşayardım bəlkə də içimdə susa bilsəm, Demədiyim nəsnələr boylanır ağ kağızdan.
Ağ bayraq qaldırmağa ruhumdan ar edirəm, Adıma bürünmüşəm əyilmərəm kədərə. Kif basmış arzuları əlçim-əlçim didirəm, Yeni ümid əyirib don hörürəm qədərə.
Bir qara əl oynayır sevincimin içində
Ayrılıqdan vüsala salınıb bu körpülər, Eh… hələ də uzaqlar yetimlik çəkir orda. Qorxuram bu yolların etibarı qırıla, Həsrət yerin bərkidir, təzə ev tikir burda…
Körpülərin tağları qırıq bəndə söykənib, Bir qara əl oynayır sevincimin içində. Gün təzə boylanırdı duman özün yetirdi, Yenə yollar üşüyür yiyəsizlik biçimdə.
Bir talesiz yurd orda, üstü kədər örtüklü, Bəxt güzgüsü çatlamış gəlin ömrüdü ömrü. Çırağının nefti yox, suyu başdan bulanıb, Ocağı közsüz qalıb, oğurlanıb kömürü.
Şeytan quyruq bulayır tüstüsüz bacasında, Qapısında iblisin nökərləri yallanır. İlahi göydən baxıb nə düşünür görəsən, – O yurdun adamları yenə nəyə aldanır?!!
Yenə savaş oxuyur meşələrdən gələn səs, Səbri daha dar gəlir bu torpağın əyninə. Ağaclar qulağını söykəyib qayalara, Güllələrin səsini həkk eləyir beyninə…
Yıxılmazdı ürəyimdən adamlar
Bircə adam saxlayaydın gözümdə, Kiçiltməzdin ucaltdığım “dağları”. Bircə ümid, bircə inam, tək güvən… Qaraltmazdın dürr bildiyim “ağları”.
O qadın da yalançıymış, İlahi, Aldandım şeytanın mələk üzünə. İblisiymiş, qaranlığın Allahı İşıq kimi görünürmüş gözümə.
O adam da babasıymış günahın, Savab bilib yar seçmişəm özümə. Düz sözəydi apardığım pənahım Güvəndim… aldandım kişi sözünə.
Bircə adam saxlayaydın gözümdə, Bircə ümid, bircə inam, tək güvən…
Yollar qucaqlayıb köhnə izimi
Yoldumu izimi çəkib aparan, Mənəmmi bu yolun inadın qıran? Kimiydi yanımdan ötdü çaparaq, Kimiydi uzaqdan əl edib duran?
Yol məni, mən yolu gedib bitirdik, İndi ayrılırıq bir tin başında. O məndə, mən onda itib gedirdik, Fərqində deyildik yayın, qışın da.
Fəsil tanımadıq, il tanımadıq, Qarı ayaqlayıb, buzu adladıq. Kölgəni yurd seçib daldalanmadıq, Küləyi belindən iki qatladıq.
Keçdik keçilməzi, tərsi ram etdik; Aşdıq olmaz adlı aşırım səddi. Qismətə bölünməz kəsri tam etdik; Hasil ömrümüzdə qoşa ədəddi.
Mənəmmiş yanımdan tələsik keçən, Mən yola düşəndə saçım qaraydı. Dünən zirvədəki qartalı seçən, Göz indi bilmədi hara haraydı.
Belə unudurmuş insan özünü, Belə ötüşürmüş illər xəbərsiz. Yollar qucaqlayıb köhnə izimi, Təzə iz qoymağa ayaq təpərsiz.
Tanrının evində bir ruh dul qalıb
Bu taleyin son qadını mən idim, Ürəyini gözlərinə sığdıran. Mən idim e buludların bətnindən Göz yaşıtək yağışları yağdıran…
Könül köçüm göy üzünə yol alıb, Ulduz-ulduz ilmələnir izlərim. Tanrının evində bir ruh dul qalıb, Ora çəkir, ora çəkir dizlərim…
Yeri varmı bir adamlıq komaya, Ətəyində yuva qurum tanrının. Gör nə qədər göz dikilib səmaya, Gözü hardan məni görsün tanrının?!.
Sən mənim evimsən…
Guya ki, mən sənin evin deyiləm, Bu ocaq, bu yuva bizimki deyil?!. Gözündən asılan alovlu baxış, Ruhuna qovuşan ruh mənim deyil?!. Ovcun əllərimin isti yuvası, əllərin ovcumda ən əziz sakin. Sən məndə var olan ilahi adam, Mən səndə yaşayan bəxtəvər qadın. Bizim yaşamağa evimiz yoxdu… Sən mənim evimsən, Mən sənin evin…
Tanrı, öp dünyanı!
Dünya boğulur… siyasət adlı qatilin gözəgörünməz barmaqları ölüm fırçasıyla rəngləyir dünyanın sinəsini, nəfəsi kəsilir yer üzünün… İlahi, özün gəlmə, bircə mələyini göndər nəfəs üfürsün yerin ciyərlərinə. O nağıl vardı ha, o nağıl – mağarada yatmış gözəl şahzadənin öpüşündən ayılmışdı. Bir təzə nağıl başla, mənfi qəhrəmanın qələbəsinə sevindirmə iblisi. Bu nağılın sonuna üç alma da göndərmə, Tanrı, öp dünyanı!
Mən olsaydım
Güzgüdəki mənəm?!. …yox, mən deyiləm, mən olsaydım – təbəssüm toxuyardı kirpiklərim, duyğu misralanardı gözlərimdə, şeir dillənərdi baxışlarımda… Mən olsaydım – üşüməzdi əllərim, ağlamazdı saçlarım, ağrımazdı qollarım. Mən olsaydım – yıxılmazdım sənsizlik adlı ağrının ayaqlarına, yoxluğuna bürünmüş dünyanın havasızlığından asmazdım nəfəsimi, sükutu qucaqlamazdı qulaqlarım, qaranlığı öpməzdi gözlərim. Mən olsaydım – sevinc oynaşardı dodaqlarımda, kədər çiliklənərdi yanaqlarımda… Güzgüdəki mənəm… çəkildim göylərə.., ruhum çırpınır Tanrının ovcunda kəpənək kimi…
Ruhum leysanlara təslim
Balışıma daşır gözüm, Kürdən qopan qol kimidi. Öyrənib sulara üzüm, Ümmana bir yol kəm idi.
Susuram, içim alışır, Dinirəm sözüm yandırır. Var olan nəyə çalışır, Məni yoxa inandırır?!
Haqq verər göz gördüyünə, Aldadar qulaq adamı. Bəxtim düşüb kor düyünə, Əcəl alacaq “qadamı”.