
PAYIZ
Biz indi oxşarıq gedilən yolda,
Mən səni hər anla duyuram, payız.
Küləklə, yağışla sən qeylü- qalda,
Mən də “cücələri sayıram “, payız.
Toxdaq olmalıyıq, həm də ki, ötkəm,
Fəsillə, zamanla dəyişir görkəm.
Nəyimiz artıqdı, nəyimizdi kəm,
Daşları yerinə qoyuram, payız.
Siz dörd qardaşların növbəsi bəlli,
Tanrı bəxş eyləmiş ilə təməlli.
Mən isə insanam günü bədəlli,
Sən içsən, mən isə bayıram, payız.
Gəlmisən, gələrsən gələn il yenə,
İşarət olacaq gəldiyin günə.
Hər il baxacaqsan bir daha önə,
Mən isə ömrümə qıyıram, payız.
Dərmandı havanın bircə udumu,
Küləyin sönməyə qoymaz odumu,
Yazıb yaradaram, mən də adımı,
Təsəllim, şeirlə yayaram, payız.
13. 09. 2026
Müəllif: Təvəkkül GORUSLU
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında