
Səni unutmaq üçün yox,
xatırlamaq üçün
bir kometənin quyruğuna məktub bağladım.
Ulduzlar səni oxuya bilər,
göy səni tanıyar —
çünki mən yer üzündə
səni deməyə söz tapmıram.
Adın…
beynimdə yanır,
qırmızı işıqlı bir küçə kimi.
Baxışların —
Ağlayan saatmı ki
Hər izlədikdə zaman durur.
Mən bütün dilləri unuduram.
Susqunluğum ana dilimdir.
Səni dənizdə yox,
bükülmüş bir dəhlizdə tapıram.
Qaşların —
bir cüt qaranquş:
elə baxırsan ki,
o baxışda
qovuşmaq var,
ayrılıq yox.
Bütün bənzətmələr utandı səndən,
Heç biri səni yaşada bilmir.
Sən, mənim heç kimə danışmadığım
bənzətməsiz kəlamsan!
1.06.2025.
Müəllif: Firuzə Quliyeva