Əliyev Cəlal Əlirza oğlu 30 iyun 1928-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur.
Naxçıvan Müəllimlər İnstitutunun Təbiətşünaslıq-coğrafiya fakültəsini (1944), Azərbaycan Dövlət Universitetinin Biologiya fakültəsini (1951) fərqlənmə diplomu ilə bitirmişdir. 1955-ci ildə “Bitki fiziologiyası” ixtisasında “Buğdanın inkişafına və məhsuldarlığına mikroelementlərin təsiri” mövzusunda biologiya elmləri üzrə namizədlik, 1971-ci ildə “Bitkilərin fotosintez fəaliyyəti, mineral elementlərlə qidalanması və məhsuldarlığı” mövzusunda biologiya elmləri üzrə doktorluq dissertasiyalarını müdafiə etmiş, professor (1997) elmi adını almışdır. Azərbaycan SSR EA-nın müxbir üzvü (1976), həqiqi üzvü (1980), Rusiya Kənd Təsərrüfatı EA-nın (1995), Ukrayna və Belarus Aqrar EA-larının (1996) xarici üzvü seçilmişdir.
Elmi fəaliyyətinə 1951-ci ildə AR KTN ET Əkinçilik İnstitutunda başlayan C.Əliyev, burada Bitki fiziologiyası və biotexnologiya şöbəsinin müdiri vəzifəsinə qədər yüksəlmişdir. O, eyni zamanda 1971-ci ildə Azərbaycan SSR EA Botanika İnstitutunda elmi tədqiqat qrupu yaratmış, onu böyük kadr potensialı və maddi-texniki bazası olan şöbəyə qədər inkişaf etdirmiş və 1990-cı ildən ömrünün sonunadək Bioloji məhsuldarlığın fundamental problemləri şöbəsinə rəhbərlik etmişdir. 2016-cı ildə bu şöbənin bazasında Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu yaradılmışdır. C.Əliyev 1981-1990-cı illərdə Azərbaycan EA Biologiya Elmləri Bölməsinin akademik-katibi, müxtəlif illərdə AEA-nın Rəyasət Heyətinin üzvü olmuşdur.
C.Əliyev keçən əsrin 70-ci illərində Azərbaycanda biologiya elminin yeni istiqamətlərinin, o cümlədən molekulyar biologiya, molekulyar genetika, gen və hüceyrə biotexnologiyası, riyazi biologiya, kompüter biologiyası və bioinformatikanın bünövrəsini qoymuş, fundamental tədqiqatlarla zəngin elmi məktəb formalaşdırmışdır.
C.Əliyevin elmi fəaliyyəti kənd təsərrüfatı bitkilərinin, əsasən buğdanın fotosintetik məhsuldarlığının fizioloji, biokimyəvi, biofiziki və molekulyar-genetik əsaslarının öyrənilməsinə həsr olunmuş, onun tərəfindən çoxsaylı yüksək məhsuldar buğda sortları yaradılmışdır. Alimin rəhbərliyi altında Azərbaycanda bitki genetik ehtiyatları üzrə Milli Proqram hazırlanmış, Milli bitki Genbankı yaradılmışdır. C.Əliyev Azərbaycanın “Qırmızı kitabı”nın II nəşrinin baş redaktoru olmuşdur (2013). O, 700-dən artıq elmi əsərin, 25 monoqrafiya və kitabın, 25 patentin müəllifi olmuşdur. Alimin elmi rəhbərliyi və məsləhətçiliyi ilə 85 elmlər namizədi və 14 elmlər doktoru hazırlanmışdır. Beynəlxalq Fotosintez Cəmiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə Bakı şəhərində akademik Cəlal Əliyevə həsr olunmuş “Davamlı inkişaf naminə fotosintez tədqiqatları” mövzusunda beynəlxalq konfranslar keçirilmişdir (2011, 2013).
C.Əliyev Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının Biologiya elmləri üzrə problem şurasının sədri və bir sıra elmi və müdafiə şuralarının üzvü, “AMEA-nın Xəbərləri” (biologiya və tibb elmləri) jurnalının baş redaktoru, “AMEA-nın Məruzələri” jurnalının redaksiya heyətinin üzvü və bir sıra beynəlxalq jurnalların redaksiya heyətinin üzvü və fəxri üzvü, UNESCO-nun nəzdində 1999-cu ildə yaradılan “Bioetika, elmi biliklərin və texnologiyaların etikası” Milli Komitəsinin sədri olmuşdur.
Akademik C.Əliyev Əməkdar elm xadimi fəxri adına (1983) layiq görülmüş, “Qırmızı Əmək Bayrağı” ordeni (1972, 1986), Azərbaycan Respublikasının “İstiqlal” (2003) və “Şərəf” (2013) ordenləri, Gürcüstan Respublikasının “Şərəf” ordeni (2003), Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu (2008) ilə təltif olunmuşdur. Akademik İ.Hüseynova ilə birlikdə AMEA-nın “Həsən Bəy Zərdabi” mükafatına layiq görülmüşdür (2014).
Qəbələ şəhərində ehtiyatda olan xüsusi xidmət polkovniki, Qarabağ müharibəsi veteranı, şair publisist Hamlet İsmayılovun Azərbaycan və rus dillərində nəşr olunmuş 3 kitabı “İttiham və siyasi iflas”, “Qarantı qosudarstvennoy bezopacnostu” , və “Xotite verte, xotite net” adlı kitablarının təqdimat mərasimi keçirilmişdir. Mərasimi yazıçı-publisist Akif Cabbarlı açaraq Hamlet İsmayılovun həyat və yaradıcılığı barədə ətraflı məlumat verdikdən sonra tədbiri aparmaq üçün sözü şair- jurnalist Mübariz Süleymanlıya vermişdir. Mübariz Süleymanlı Hamlet müəllimin əsərlərinin mövzu diapazonu, bədii-estetik məziyyətləri, qələmə aldığı mövzulara yanaşma üslubu barədə ətraflı söhbət açmışdır. Bildirib ki,Hamlet İsmayılovun xüsusi xidmət orqanlarında çalışdığı vaxt rastlaşdığı qeyri-məxvi hadisələr barədə bədii sözün qüdrətilə ortaya bir çox şeir və poemalar qoymuşdur. Müəllif Azərbaycan xüsusi xidmət orqanlarının keçdiyi şanlı yola geniş formatda nəzər salmış ,Ulu öndər Heydər Əliyevin siyasi və dövlətçilik barədə mövzulara geniş yer ayırmışdır. Azərbaycan Yazıçılar Birliyinin İsmayıllı ,Qəbələ və Oğuz bölməsinin sədri Vüsal Oğuz, ” Qəbələnin səsi” Yazarlar Birliyinin sədri Şəhla Xəlilqızı, şairlər Mirhəsən Ağayev , Cəlil Xeyirbəy, Simuzər Mustafayeva,”Zim.az” saytının əməkdaşı İlhamə Sabirqızı və digər çıxış edənlər şair Hamlet İsmayılovun şeirlərində zəngin poetik fikirlərin olmasından bəhs etmişlər, vətənpərvərlik mövzusuna daha geniş yer ayırdığından danışmışlar.
Təbdirin sonunda müəllif görüş iştirakçılarına təşəkkürünü bildirmiş və yeni əsərlər üzərində işlədiyini diqqətə çatdırmışdır. Sonda Hamlet İsmayılov görüşə gələnlərə kitablarını təqdim etmişdir.
Söhbətdaşımız – Azərbaycan ədəbiyyatının parlaq simalarından biri, şair, yazıçı, tərcüməçi və jurnalist, “Yazarlar” jurnalının redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, “Qızıl Qələm” mükafatı laureatı Zaur USTAC dır.
1 — 1988-ci ildən ədəbi fəaliyyətə başlamısınız. Həmin dövrün ruhi-siyasi ab-havası və ilham mənbələri Zaur Ustacın qələm ustalığını necə formalaşdırdı? O illərin yükü bugünkü qələm səslənmələrində necə əks olunur? — Doğrudur. “Əməyə məhəbbət” adlı ilk yazım 24 may 1988-ci ildə rəsmi mətbu orqanda dərc olunub. O dövrün mövzuları əsasən əməyi və bayramları tərənnüm etmək idi. Real gündəlik həyatımızı əks etdirən yazılar yazırdıq. Necə deyərlər, – “düzü-düz, əyrini-əyri”. Məncə o illərdən bu günə daşıdığım ən faydalı vərdişlərim elə budur – realist olmaq, hər şeyə açıq gözlə baxmaq, yaxşıları tərənnüm etmək, əhmiyyətli əməllərdən söhbət açmaq, xalqın içində – gündəlik həyatda olmaq. Zəhmətkeş olmaq. Yorulmadan, usanmadan çalışmaq. Bax belə.
2 — Siz tez-tez “qələm saflığı” anlayışını vurğulayırsınız. Bu ifadə sizin üçün şəxsi inancdır, yoxsa ədəbi bir manifest?
—Əvvəlki sualınızın cavabında qeyd etdiyim kimi, biz belə öyrənmişik. Bu bir normadır. Faydalı, əhəmiyyətli uzun illərin sınağından çıxmış ədəbi norma – manifest də deyə bilərsiniz. Kəsədən bu bizim iş qaydamızdır. Məncə xeyir, fayda bu yoldadır. Ümumi işimizin xeyirinədir.
3 — Yazıçılar bu gün xalqın qəlbi və vicdanı olaraq necə bir rol oynamalıdır, sizcə?
—Cahangir qardaş, sualları elə seçmisiniz ki, söhbətimiz tam bir yazı kimi – nəzm kimi axır. Maşallah olsun. Bu sualın cavabı elə bayaq söylədiklərimdir. Yazıçı da, şair də, alim də xalqın içində olmalıdır. Onların nə düşündüyünü, gündə neçə dəfə, nə yeyib, nə içdiyindən xəbərdar olmalıdır. Məsələn götürək elə mənim ilk qələm təcrübələrimin dərc olunduğu vaxtları… Bəxtiyar Vahbzadə, Xəlil Rza, Xudu Məmmədov, Anar, Elçin… Keçənlərə rəhmət, qalanlara can sağlığı. Yaradıcılıq məhsulu, yazar sözü səmimi və içdən olanda həm də faydalı olur. Deyən üçün də, eşidən üçün də. Xalqın vəziyyətindən xəbərdar olmalı, real həyatdan yazmalı, xalq üçün faydalı, gələcək nəsillər üçün tarix yazmalıdırlar. Bu qədər.
4 — Qarabağ müharibəsi həyatınızda və yaradıcılığınızda necə iz buraxdı?
—Bir gündə dünyada mövcud olan maraqların çoxu yoxa çıxdı. Çox məsələlər adilişdi. İnsan olmağın, insanlığın, sağlamlığın, sağ qala bilməyin dəyəri, vacibliyi artdı. Zamanın ən dəyərli nemət olduğunu anladım. Salamat olduğum hər an üçün daha çox şükür etməyə başladım. Daha çox işləməyə və yaxşılıqlar, təmənnasız yaxşılıqlar etməyə başladım. Və biz nə etsək də Böyük Allahın bizə olan lütfünün qarşısında çox cüzi – dəryada bir zərrə misalı – nəsə edə biliriksə, nə xoş halımıza.
5 — “Ustac.az” mərkəzi vasitəsilə siz elm, yaradıcılıq və şəxsi inkişafı bir araya gətirmisiniz. Sizcə, bu mərkəz gələcəkdə hansı istiqamətlərə xidmət etməlidir?
— Bizim fəaliyyətimiz elə bu istiqamətdə də davam edəcək. Yaşından, mənsəbindən, cinsindən asılı olmayaraq bizə ehtiyacı olanların yanında olacağıq. Bu bizim məqsədimiz, məramımız, işimizin qayəsidir.
6 — Həyatın ən ağır dərslərindən biri — itkilərdir. Siz bir yaradıcı şəxs olaraq itkilərdən nələri öyrəndiniz?
—Həyatda olduğum hər an üçün şükr etməyi və əlimdə olana dəyər verməyi öyrəndim. Paylaşmağı və bundan zövq almağı öyrəndim. Sözün əsl mənasında həyat paylaşdıqca daha gözəl olur.Belə ibrətamiz suala görə sizə xüsusi təşəkkürlər.
7 — İnsan üçün iki böyük vətən var: biri doğma torpağı, digəri — qəlbidir. Siz bu iki vətən arasında ədəbiyyat vasitəsilə necə bir körpü qurmusunuz?
—Mən onları birləşdirmişəm. Divin canı şüşədə olan kimi, mənim də qəlbim elə öz torpağımda rahatlıq tapır, asudə döyünür, ritmini bu Yurdun bulaqlarının, şəlalərinin səsinə uyğunlaşdırır. Mən bununla xoşbəxtlik tapıram. Yurdumun çiçəkləndiyin gördükcə fəxarət hissi köksümü qabardır. GƏNCLİYİMİN HƏDƏR GETMƏDİYİNİ ANLAYIRAM. Bu bir başqa hissdir.
8 — Həyatın çətinliklərindən yorulan zaman insanlar ya səssizliyə, ya da dua və ibadətə yönəlir. Siz yorğunluqdan ruhən necə xilas olursunuz — şeir yazaraqmı, təbiətə baxaraqmı, yoxsa dinclik içində susaraqmı?
—Mən bu barədə bir neçə dəfə demişəm. Mənim bu günə kimi heç bir çətinliyim olmayıb. Ürəyimdən nə keçib, Böyük Allahım hamısını mənə nəsib edib. Sadəcə Yurdumu gəzməkdən, şeir yazmaqdan, şeir söyləməkdən zövq alıram. Yazılması vacib bildiyim mətləbləri əsasən gələcək nəsillər üçün qələmə alıram. Bu qədər.
9 — Bu günkü nəslin elmi və intellektual potensialı sizi ruhlandırır, yoxsa narahat edir?
—Bütün hallarda sevinirəm. Ruhlandırır.
10 — Özbəkistan və Azərbaycan xalqları arasında ədəbi-mədəni əlaqələri necə qiymətləndirirsiniz? Bu münasibətləri hansı yeni mərhələyə çıxarmaq olar?
—Bizm xalqlarımız sözün əsl mənasında qardaş xalqlardır. Dilimiz bir, adətlərimiz birdir. Tarix boyu daim bizi ayırmağa, yad kimi təqdim etməyə çalışsalar da, bax bu gün bizim aramızda olan söhbət sübut edir ki, heç kim, heç nəyə nail ola bilməyib. Şübhəsiz ki, gələcək daha gözəl olacaq. Bütün sahələrdə daha da sıx əlaqələr qurulacaq.
11 — Şair daim içində nəyisə itirmiş, axtaran, kövrəlmiş bir haldadır… İtkilər sizdə hansı şeirlərə çevrilib?
—Maraqlı və ibrətamiz sualdır. Ələxsus torpaqlarımızın müdafiəsi və azad olunması uğrunda Həmdəm Ağayev, Vüqar Ağayev, Şükür Həmidov, İlqar Mirzəyev kimi qardaşlarımızı itirməyimiz mənə çox pis təsir etdi. İlqara ithaf etdiyim silsilə şeirlər var. Lap bu yaxında “40 gün – 40 şeir” adlı şəhidlərimizə həsr etdiyim şeir kitabı nəşr olunub.
12 — Zaur Ustac öz qəlbini necə eşidir? Özünüzlə daxili dialoqu necə aparırsınız?
Çox həssas insanam. Bəzən bu mənə əziyyət verir. Əzab çəkirəm. Sakit olduğum qədər də çılğınam. Demək olar ki, bu günə qədər ancaq ürəyimin səsi – diqtəsi ilə yaşamışam. Beynimə ancaq riyazı hesablamalar aparan zaman müraciət edirəm. Ruhumla dialoqum həmişə uğurlu alınır. Özüm özümü yaxşı tanıyıram.
Söhbətləşdi: Cahangir NAMAZOV, Azərbaycan Jurnalistlər Birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü