O, həmişə insanların rifahını düşünür

O, həmişə insanların rifahını düşünür

Deyir ki:- “Mənəviyyatla bağlı olan hər şey gözəldir, dəyərlidir. Əsrlərin yadigarı olan memarlıq abidəsi, gözəl bir rəsm əsəri, milli ornamentli qədim bir tikili, yaxşı bir kitab və s.. İnsana zövq verirsə çox dəyərlidir. Biz hər zaman böyüklüyümüzdən, nəcibliyimizdən ağızdolusu danışırıq. Amma bəzi naqis cəhətlərimizin üstündən də səssizcə ötürük. Birinin uğurunu qısqanırıq, o birinin təmiz, xeyirxah əməllərinə kölgə salırıq. Elə ədəbiyyat aləmində dedi-qodu səviyyəsində olan sualları müsahibə mətninə çevirməklə müsahibi “dolaşdırmağa”, “vurmağa” cəhdimiz də heç bir ədəbi ölçüyə sığmır. Belə məqamlarda düşünmürük ki, əxlaqımıza, mədəniyyətimizə sayğısızlıq göstəririk.”

Emosional və sakit təbiətlidir. Onda şəfqət hissi çox güclüdür. Qəlbi sanki bir sığınacaqdır. Bu sığınacaqda insanlığa sevgi, mərhəmət və bir sıra mənəvi dəyərlər hələ də qorunub saxlanmaqdadır. O, həmişə insanların rifahını düşünür. Buna görə də sevilir, həmişə hörmətlə qarşılanır…

“Hər bir insanın həyatda bağlandığı, çox sevdiyi nələrsə var. O nələrsə səni sevdiyinə doğru uzanan keşməkeşli yolu inadkarcasına qət etməyə ruhlandırır. Məncə bunlardan ən ucası, alisi yurd segisi, vətən təəssübkeşliyidir. Yetər ki, istədiyini “dəlicəsinə” sevəsən. Doğrudan da, insan bir şeyə dəlicəsinə vurulanda Allah onu istəyinə çatdırır. Biz bu gün belə amalla yaşayan neçə ziyalının, ədəbi şəxsiyyətin adını çəkə bilərik? Bir də kimdi ədəbiyyat adamı? Gecə-gündüz təkcə öz əsərlərinin, nəşrlərinin qayğısını çəkən, ard-arası kəsilməyən təbliğatını qurandımı ədəbiyyat adamı? Bu gün hansısa fəxri kürsüyə, əhəmiyyətli posta sahiblənib ancaq özünü yetişdirəndimi ziyalı?”- söyləyir.

Bəli, bu dəfəki söhbətimin qəhrəmanı Şəfəq Nasirdir. O, 25 iyun 1954-cü ildə Beyləqan rayonunda dünyaya gəlib. 1971-ci ildə orta məktəbi, 1976-cı ildə isə indiki Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Əmək fəaliyyətinə uzun illər respublikada uşaqlar, yeniyetmə və gənclər üçün kitablar nəşr edən “Gənclik” nəşriyyatında başlayıb. O, burada redaktor, şöbə müdiri və- zifələrində çalışıb. 1992-1994-cü illərdə “Təhsil” nəşriyyatında baş redaktor vəzifəsində işləyib. 1995-2015-ci illərdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Katibliyində baş məsləhətçi, sənədlərlə iş və protokol şöbəsinin müdiri, Media və ictimai əlaqələr şöbəsində böyük məsləhətçi, “Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının xəbərləri”nin redaksiya qrupunda qrup rəhbəri- redaktor, media və ictimai əlaqələr şöbəsində baş məsləhətçi vəzifələrində çalışıb. 2016-2021-ci illərdə “Respublika” qəzetində məsul katib, humanitar siyasət redaksiyasının müdiri vəzifəsində işləyib. Uzun illərdir Azərbaycan jurnalistikasının bir qolu olan İrəvan mətbuatının tədqiqi sahəsində elmi araşdırmalarla məşğuldur. İrəvanda ilk anadilli mətbuatımız sayılan “Lək- lək” satirik jurnalını və ədəbi, siyasi, tarixi, fənni aspektdən fəaliyyət göstərmiş “Bür- hani-həqiqət” dərgisini tədqiq edərək, bu mövzuda vaxtaşırı qələmə aldığı məqalələrini ədəbi ictimaiyyətə təqdim edib. Hər iki jurnalı transfoneliterasiya edərək, ön söz, lüğətlə kitab şəklində nəşr etdirib. Eləcə də İrəvanın maarifpərvər ziyalılarının hayat və yaradıcılığına, ictimai taleyinə, dini-mədəni abidələrinə sözün qüdrəti ilə ədəbi ömür qazandıran elmi-tədqiqat xarakterli məqalələri işıq üzü görüb. Müxtəlif vaxtlarda “Yeni səslər”, “Vətən səsi”, “Şahidlər” kimi almanaxlarda hekayələri, ictimai məzmunlu publisistik məqalələri nəşr olunub. 10-dan çox kitabın, o cümlədən, “Gecə yağışı”, “Beyləqanın güllü yazı”, “Ciddi söhbət”, “Bir ömrün üçbucağı”, “Könül- lərə şəfəq payı”, “Sözümdən ocaq çatdım” kimi bədii, publisistik əsərlərin, “Məmmədəli Nasir”, “Bürhani-həqiqət”, “Lək-lək” kimi elmi tədqiqat əsərlərinin müəllifidir. Bunlardan əlavə, onun bir çox xarici ölkələrin dərgilərində elmi, publisistik məqalələri nəşr olunub. Filologiya üzrə fəlsəfə doktorudur…

Şair-publisist Şahnaz Şahin onu belə xarakterizə edir: “İxtisasca jurnalist olsa da, yaradıcılığa bədii yazılarla başlayıb. Başqa sözlə, ədəbi mühitə yazıçı kimi gəlib. Elə mən də onu əvvəlcə yazdığı hekayələr və povestlərindən, publisistik əsərlərindən tanımışam. Diqqətimi çəkdiyindən mətbuatdakı çıxışlarını hər zaman izləmişəm. Onun jurnalistika sahəsində qələmə aldığı resenziya, rəy və çoxçeşidli publisistik məqalələrində də bədii təsvir elementləri açıq-aydın nəzərə çarpır. Kitablarından birinə yazdığı “Ömür zaman işığında” Ön sözündə belə deyir: “Uşaqlıq çağlarından göy üzü kimi təmiz sözə aşiq olmuşam. İllər uzunu işığını, cığırını tutub üzü yoxuşlara yol almışam. Bir də baxmışam ki, hər şeydən uca, dəyərli olan sözlə sirdaşam…” Bu aşiqlik, sirdaşlıq həyatı boyu onu yaradıcılığa sövq edib. Və bir gözəl cəhəti də odur ki, Şəfəqin şəxsiyyət olaraq əqidəsi bütövdür, o, Sözlə bağladığı əhdi-peymanına sadiqdir. Şəfəq uşaqlıq çağlarından həyatı müşahidə etməyi sevib. Gördüyü, dərk etdiyi nə varsa, yaddaşına hopub. Sonra yaşadıqlarını ədəbiyyata gətirməyə ehtiyac hiss edib. Hələ orta məktəb illərində yazdığı şeirləri, miniatür və kiçik məqalələri rayonda çıxan “Yüksəliş” qəzetində dərc olunub. İmzası geniş oxucu auditoriyasına “Ulduz” jurnalından, “Ədəbiyyat və İncəsənət qəzeti”ndən tanış olan Şəfəq ədəbiyyata ilk nəsr əsəri olan “Qonşular” hekayəsi və “Müəllifin ilk kitabı” seriyasından “Gecə yağışı” hekayələr toplusu ilə gəlib. Hər birinin mövzusu həyatdan alınmış bədii nəsri ədəbi mühitdə maraqla qarşılanmışdır. “Gecə yağışı” kitabındakı hekayələrində müəllif özünün qeyd etdiyi kimi, insana qayğı, övlad-valideyn və doğmalar arasında yaranan yad münasibətlərdən söhbət açır.”

O, emosional olaraq olduqca həssas və kövrək bir təbiətə malikdir. İntuisiyası çox güclüdür. Buna görə də əsasən intuisiyasını dinləyərək hərəkət edir və adətən də hərəkətlərində səhvə yol vermir. Mərhəmətli olduğu üçün ətrafdakı insanlardan da eyni münasibət və yanaşma gözləyir. Niyyəti saf, istəkləri ülvidir. Həm maddi, həm də mənəvi cəhətdən çox səxavətli insandır. O, heç vaxt özü haqqında deyil, başqaları haqqında düşünmək üçün kodlaşdırılıb. Sadiq, qoruyucu, intuitiv və mehribandır. Təfərrüatları xoşlayır və qarşı tərəfin də onun qədər detallara diqqət yetirməsini istəyir. Amma dərin düşünmə bacarığı ona xasdır, bunu hər kəs bacara bilməz. İncə mentaliteti var…

İyunun 25-i filologiya üzrə fəlsəfə doktoru, şair-publisist, jurnalist Şəfəq Nasir növbəti ad gününü qeyd edəcək. Onu təbrik edir, möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayıram…

Hörmətlə, Elman Eldaroğlu

Şəfəq Nasirin yazıları

QULU AĞSƏSİN YAZILARI

Elman Eldaroğlu təbrik edir

ZAUR USTACIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“YAZMAQ HƏM DƏ DAXILI DIALOQDUR” – Byeong Cheol Kang

“YAZMAQ HƏM DƏ DAXILI DIALOQDUR”

 
Müsahibimiz, tanınmış koreyalı şair, yazıçı, tərcüməçi və jurnalist, bir çox beynəlxalq ədəbi mükafatların laureatı, Koreya Sülh və Əməkdaşlıq İnstitutunun vitse-prezidenti və siyasi elmlər üzrə fəlsəfə doktoru (PhD) Byeong Cheol Kangdır.
 
Söhbətimizi Koreya ədəbiyyatı ilə başlayaq… Sizin fikrinizcə, Koreya ədəbiyyatının unikal xüsusiyyətləri hansılardır?
 
Koreya ədəbiyyatının ruhu tarix, emosiyalar və kollektiv təcrübə ilə dərin şəkildə bağlıdır.  Əsas anlayışlardan biri “han”dır — Koreyalılara xas olan kədər və dözüm hissi, millətin mübarizələrini və ümidlərini əks etdirir.  
Bu emosional dərinlik Koreya ədəbiyyatına güclü bir rezonans verir. 
Ümumi ədəbi ənənələrdən təsirlənsə də, Koreya ədəbiyyatı xüsusilə tarixi travmalar — Yapon işğalı, Koreya müharibəsi və milli bölünmə kimi hadisələrin əks olunması ilə fərqlənir və tez-tez fərdlərin daha böyük tarixi qüvvələrin təsiri altında necə təsirləndiyini təsvir edir.  Ənənə və yeniliyin qarışığı onun əsas güclərindən biridir.  
Klassik formalardan tutmuş bir sətirlik şeirlər kimi müasir eksperimentlərə qədər, Koreya ədəbiyyatı dəyişiklikləri qəbul edir, eyni zamanda köklərinə hörmət edir.  
Müasir Koreya yazıçıları getdikcə daha çox gender, sinif və şəxsiyyət məsələlərinə toxunur, müxtəlif və şəxsi səslərin yaranmasına səbəb olur.  İnternetin köməyi ilə Koreya ədəbiyyatı indi qlobal auditoriyaya daha sürətlə çatır, təsirini və mədəni mübadiləni genişləndirir. 

 
 — Hansı ədəbi janrlarla daha çox əlaqə hiss edirsiniz, bu janrlara sizi xüsusilə cəlb edən nədir?
 
Ən çox əlaqə hiss etdiyim ədəbi janrlar poeziya və qısa hekayələrdir.  
Poeziya məni, emosional gücü və lirik gözəlliyi ilə cəlb edir.  
Bir sətirlik bir şeir bütöv bir emosiyalar, xatirələr və mənalar dünyasını əhatə edə bilər.  
Qısa hekayələr də məni güclü şəkildə cəlb edir.  Xüsusilə bir fərdin həyatının gözlənilməz yollarla necə şərh oluna biləcəyini göstərən dönüşlər və dəyişikliklərdən zövq alıram.  Bu kəşf və anlayış hissi məni davamlı olaraq ədəbiyyat dünyasına daha dərindən cəlb edir. 
 
— Sizcə, bir yazıçının öz həqiqi “mən”ini kəşf etməsi və ifadə etməsi vacibdirmi, kimlik axtarışı sizin əsərlərinizdə necə əks olunur?
 
— Bəli, düşünürəm ki, bir yazıçının öz həqiqi “mən”ini kəşf etməsi və ifadə etməsi çox vacibdir.  Yazmaq sadəcə gözəl cümlələr qurmaq deyil: dürüstlük, orijinallıq və daxili dialoqdur.  Yazıçı xatirələri, emosiyaları, dəyərləri və bəzən ziddiyyətləri ilə səmimi şəkildə üzləşdikdə, əsərləri dərinlik, aydınlıq və güclü rezonans qazanır. Oxucular səmimi bir səsi təbii olaraq hiss edirlər. 
Mənim əsərlərimdə kimlik axtarışı təkrarlanan bir mövzudur.  
İstər poeziya, istərsə də nəsr yazımda, daim bu suallara cəlb olunuram: —İnsan hansı növ kimliyə malikdir?  Mənim fərdi kimliyim insanlığın ümumi kimliyi ilə necə əlaqəlidir?  Mən dilə və başqalarına necə bağlıyam?  Bəzən bu sualları şəxsi refleksiya ilə araşdırıram,  bəzən isə aidiyyət, dəyişiklik və yaddaşın qarışıqlığı ilə mübarizə aparan personajlar vasitəsilə.  Xüsusilə Koreya ədəbiyyatında, kollektiv tarix və şəxsi təcrübə dərindən birləşdiyi üçün, özünü kəşf etmək ənənə və müasirlik, şəxsi və siyasi arasında bir səyahətdir.
 Mənim üçün yazmaq özünü tanıma və yenidən tərif etmə prosesidir və inanıram ki, bu səyahət ədəbiyyata davamlı əhəmiyyət verir. 
 
— Yazıçı olaraq, hansı fəlsəfi dünya görüşünə sahibsiniz, bu dünya görüşü ədəbi yaradıcılığınıza necə təsir edir?
 
— Şair və yazıçı olaraq, insanın mürəkkəbliyini, Buddizmin keçicilik və qarşılıqlı əlaqəlilik anlayışlarını əhatə edən fəlsəfi bir dünya görüşünə cəlb olunuram.  
Həyatı sabit absolyutlar silsiləsi kimi deyil, ziddiyyətlərin bir arada mövcud olduğu, daim dəyişən bir axın kimi görürəm:  —Sevinc və kədər, əminlik və şübhə, fərdilik və cəmiyyət. Sadə cavablar axtarmaqdansa, bu perspektiv məni mövzuları və personajları incəlik və empati ilə araşdırmağa təşviq edir.
Bu dünya görüşü ədəbi işimə dərin təsir göstərir.  
Tez-tez kimliyin axıcılığına və insanların tarix, yaddaş və münasibətlər arasında necə naviqasiya etdiklərinə diqqət yetirirəm.  
Xüsusilə, insanlar qeyri-müəyyənlik və dəyişiklik arasında necə mənalar tapırlar və şəxsi hekayələr daha geniş sosial və tarixi qüvvələrlə necə kəsişir?  
Ayrıca, tam əminliklə hərəkət edən insanların kütləvi vəhşiliklər törətdiklərini müşahidə edirəm.  Onların şəxsiyyətlərinə baxdıqda, çoxlu pis insanları cəzalandırmaq inancıyla mütləq yaxşılığa can atma meyli var. 
 Yazılarım, aydın həllərdən çox ,bu mürəkkəbliyi təbəqələnmiş hekayələri poetik dil və açıq suallar vasitəsilə əks etdirməyə çalışır. Nəticədə inanıram ki, ədəbiyyatın rolu insan təcrübəsinin zənginliyini əks etdirməkdir. Həm gözəlliyini, həm də qeyri-müəyyənliyini əhatə edərək, oxucuları varlıq haqqında dərin bir dialoqa dəvət etməkdir. 
 
—Yazıçı olaraq azadlıq və məsuliyyət arasında necə tarazlıq saxlayırsınız?
 
—Məncə, yazıçı üçün azadlıq və məsuliyyət arasında tarazlıq saxlamaq olduqca önəmlidir. Yazıçılıq yaradıcı azadlıq tələb edir: —Fikirləri, hissləri və formalı sərbəst şəkildə ifadə etmək bacarığını. Lakin bu ifadə azadlığı eyni zamanda məsuliyyət də gətirir: —Gerçəyə qarşı, təsvir olunan mövzulardan tutmuş oxucular qarşısında olan məsuliyyəti. Xüsusilə, həssas mövzulara və ya real təcrübələrə toxunduqda, sözlərimin etik təsirini dərindən düşünür və diqqətlə yanaşıram.
 

Yaradıcı prosesə başlamazdan əvvəl hansı zehni və emosional hazırlıq görürsünüz, yazı prosesi sizə hansı duyğuları yaşadır?
 

Yaradıcı prosesə başlamazdan əvvəl zehni sakitlik və emosional hazır vəziyyət əldə etməyə çalışıram. Adətən səssiz meditasiya və ya daxili düşüncələr vasitəsilə zehnimi arındırır, özümü ilham üçün açıq hala gətirirəm. 
Qəlbimi məşğul edən hissləri, xatirələri və ya sualları yazı vasitəsilə araşdırmağa yönəlirəm. Bəzən şəxsi təcrübələr üzərində düşünür, bəzən isə əsərimin mövzusuna uyğun mühitə qərq oluram. Səyahətlər zamanı seyr etdiyim mənzərələrdə keçirdiyim hissləri qeyd etmək və yadda saxlamaq da mənim yaradıcılığımı gücləndirir.

 
Bir şairin daxilindəki ağrını ifadə etməsi nə dərəcədə vacibdir?
 
Daxili ağrını ifadə etmək bir şair üçün çox önəmlidir. Şeir elə bir vasitədir ki, insani hissləri, xüsusən də dərdləri incə sənətə çevirə bilir. İçəridə yığılan ağrı insanı narahat və bədbəxt edir. Səmimi ifadə olunan şeirlər vasitəsilə şair bu ağrını gözəlliyə çevirir, oxucularla güclü empatiya və bağ qurur. Bu proses həm şairin özünə şəfa verir, həm də oxucuların öz yaralarına təsəlli tapmasına kömək edir. Şeir vasitəsilə daxili ağrı insanın kövrəkliyi, davamlılığı və ümid haqqında ümumbəşəri həqiqətləri üzə çıxara bilər.
 
Yaradıcılıqla məşğul olan biri kimi hansı çətinliklərlə qarşılaşırsınız?
 
Yaradıcılıqla məşğul olan biri kimi, qarşılaşdığım ən böyük çətinliklərdən biri ilhamla davamlı zəhmət arasındakı tarazlığı qorumaqdır. İlham gözlənilmədən gəlir, lakin ilham olmadıqda belə mütəmadi oxumaq və yazmaqla məşğul oluram. Digər bir çətinlik isə iqtisadi ehtiyaclar ilə yaradıcılıq arasında balans yaratmaqdır. Gündəlik qazanc üçün işləməli olduğum zaman yazmaq daha çətin və məhdud olur. Həyatın qayğılarından qurtulmaq, daxilimdəki səsi qorumaq və ona inanmaq ciddi sınaqdır.
 Vaxt məhdudiyyəti, maddi sıxıntılar və oxucu gözləntiləri də yaradıcılıq prosesinə mənəvi yük salır.

 
Ədəbiyyat və siyasət arasında qarşılıqlı əlaqəyə münasibətiniz necədir, onlar bir-birini necə təsir edir?
 
Ədəbiyyat və siyasət bir-biri ilə dərin və mürəkkəb əlaqələr içindədir. 
Ədəbiyyat çox zaman cəmiyyətin aynası olur, siyasi reallıqları, ictimai çarpışmaları və ideoloji mübarizələri əks etdirir. Romanlar, şeirlər və esse yazıları vasitəsilə yazıçılar güc strukturlarını tənqid edə, kənarda qalanların səsini çatdıra və alternativ gələcəklər təsəvvür edə bilərlər. Beləliklə, ədəbiyyat siyasi müdaxilə və müqavimətin forması olur. 
Avtoritar rejimlər çox vaxt tənqidi fikirlər söyləyən yazıçıları susdurmağa çalışırlar. Siyasət də ədəbiyyatın yaranma və qəbul edilmə şəraitini formalaşdırır. 
Siyasi sistemlər, senzura və ictimai siyasətlər nəyin sərbəst ifadə ediləcəyini, nəyin isə basdırılacağını müəyyən edir. Tarixi hadisələr və siyasi mühitlər də ədəbi əsərlərin mövzularına, üslubuna və təciliyyətinə təsir edir. Məsələn, zülm və ya ixtilal dövrlərində çox güclü ədəbi hərəkatlar yaranır ki, bunlar hakimiyyətə meydan oxuyur və dəyişiklik çağırışı edir. Koreyada da bir zamanlar ifadə azadlığı məhdud olsa da, bu gün geniş şəkildə qorunur və tətbiq olunur.
Nəticə etibarilə, ədəbiyyat və siyasət daim dialoq içindədir. Onların qarşılıqlı təsiri kimliyimiz, ədalət, azadlıq və cəmiyyət haqqında anlayışımızı dərinləşdirir. Bu dinamik əlaqə hər iki sahəni zənginləşdirir və dünyanı daha geniş mənada qavramağımıza yardım edir.

 
Koreya ədəbiyyatının gələcəyi haqqında fikirləriniz necədir, müasir yazıçılar gələcəyə necə töhfə verə bilər?
 
Məncə, Koreya ədəbiyyatının gələcəyi böyük imkanlar və ümidlərlə doludur.
 Koreya cəmiyyəti qloballaşdıqca və daha çoxçeşidli hala gəldikcə, ədəbiyyat da inkişaf edir: –mövzular, üslublar və səslər baxımından daha geniş və zəngin olur. 
Koreya ədəbiyyatının tarixi köklərindəki emosional dərinlik və mədəni zənginlik bu gün də öz təsirini saxlayır və artıq daha müasir və müxtəlif formalarda ifadə olunur. Koreya ədəbiyyatı dünyaya açıqdır və başqa mədəniyyətlərlə qarşılıqlı əlaqəyə hazırdır. Ən önəmlisi isə, yazıçılar fərdiliklərini və orijinallıqlarını qoruyaraq, açıq dialoqlarda fəal iştirak etməlidirlər. 
Şəxsi təcrübənin həqiqəti ədəbiyyat vasitəsilə dünyaya çatdırıldıqda, bu empatiya, anlayış və mədəni mübadilənin güclü bir vasitəsinə çevrilir. 
Müasir yazıçılar həm milli, həm də bədii sərhədləri aşaraq dünyagörüşlərini genişləndirdikcə, Koreya ədəbiyyatının gələcəyi daha canlı, əhatəli və qlobal dəyərli bir məcraya yönələcəkdir.
Koreyada baş vermiş mühüm tarixi və siyasi hadisələr mənə həm dərin emosional, həm də intellektual ilham verib. Yaponiya işğalı, Koreya müharibəsi, Koreya yarımadasının bölünməsi və demokratikləşmə hərəkatları kimi hadisələr yalnız koreyalı xalqın kollektif yaddaşında iz buraxmaqla qalmayıb, həm də mənim yazıçı kimliyimi və həyatdakı məqsədimi formalaşdırmaqda mühüm rol oynayıb. Mən bu dövrlərdə koreyalıların yaşadıqlarını digər dünya vətəndaşlarının hissləri ilə müqayisə edərək empatiya nöqtələri axtarmağa çalışıram. Bu tarixdən doğan ümumi emosiyalar əsərlərimdə zaman-zaman görünür: -Bəzən birbaşa olaraq həmin dövrlərdə yaşamış qəhrəmanların hekayələri vasitəsilə, bəzən də simvolik olaraq, köç, həsrət və ümid kimi ümumbəşəri duyğularla. Mən xüsusilə tarixin axınına səssizcə qapılan insanların həyatına diqqət yetirirəm. Unudulmuş səslər, danışılmamış hekayələr və zülm və dəyişikliklər fonunda yaranan mənəvi suallar məni heyran edir. Şeirlərimdə və bədii əsərlərimdə göstərməyə çalışıram ki, tarix sadəcə bir arxa fon deyil, o, bu gün də hisslərimizi, münasibətlərimizi və seçimlərimizi formalaşdırmağa davam edən canlı qüvvədir. Ədəbiyyat vasitəsilə yaddaşı yaşatmağa, şəfa və dialoq üçün məkan yaratmağa və insanın həm tarixin içində yaşadığını, həm də onu aşma gücünə malik olduğunu dərk etməyə çalışıram. Məsələn, bir dəfə Polşadakı gözəl bir ağcaqayın meşəsində gəzərkən heyranlıq içində donub qaldım. Həmin an doğma vətənimin günəşini necə darıxdığımı hiss etdim. O an başa düşdüm ki, dünyanın müxtəlif ölkələrində yaşayan mühacirlər də öz doğma yurdlarını necə dərin həsrətlə xatırlayırlar. Təhlükəsiz və gözəl ölkələrdə yaşayan insanların da qəlbində müharibə və ya yoxsulluq içindəki vətənlərinə qarşı sonsuz bir həsrət var. Qaçqınların bu acı həyatı yalnız bu günün qlobal vətəndaşlarına deyil, həm də bizim öz əcdadlarımızın həyatlarına da güzgü tutur.

 
Koreya mədəni irsinin hansı aspektlərini araşdırmağa çalışırsınız, bu araşdırma yaradıcılığınıza necə təsir edib?
 

Koreya mədəni irsinin araşdırmağa çalışdığım cəhətləri arasında ənənəvi dəyərlər, tarixi yaddaş, xalq nağılları, dil və xüsusilə də yalnız koreya xalqına xas olan dərin “han” duyğusu var. Mən həmçinin nəsillərarası hekayə ötürülməsi, Konfutsi dəyərləri ilə müasir fərdiyyətçilik arasındakı gərginlik, rituallar və ailə quruluşları, həmçinin şifahi ənənələrin şəxsiyyətin formalaşmasına təsiri ilə də maraqlanıram. Lakin mənim ən böyük diqqət mərkəzim buddist mədəni irsinin təsiridir. Buddist mədəni elementlərin araşdırılması mənim yaradıcılığıma dərindən təsir göstərmişdir. Zaman və məkan anlayışını aşan buddist dünyagörüşü, insan təbiətinin əsas, varoluşsal suallarını izah etmək və anlamaqda böyük kömək edir. Bu araşdırmalar nəticəsində mən anladım ki, yerli kimliklə qlobal empatiya arasında ziddiyyət yoxdur.
Əksinə, mədəni dərinliyə endikcə, dinlərdən və sərhədlərdən asılı olmayaraq, insanları birləşdirən ortaq təcrübələr daha aydın şəkildə üzə çıxır. Bu düşüncə mənim yazıçı səsimi gücləndirir və həm milli kimliyə, həm də ümumbəşəri duyğulara toxunan əsərlər yaratmağıma imkan verir.
Fotolar:

Söhbətləşdi: Cahangir NAMAZOV,
Azərbaycan Jurnalistlər Birliyinin və 
Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü

RİFAT İSMAİLİ – YER – HAMININ VƏTƏNIDIR!

RİFAT İSMAİLİ – ALBANİYA – İTALİYA

BİOQRAFİYA

Şair, nasir və esseist Rifat İsmaili 1968-ci il martın 24-də Albaniyanın Dıraç şəhərində anadan olub. 1991-ci ildən etibarən İtaliyada yaşayır, hazırda isə Savona şəhərində məskunlaşıb. İncəsənətə və ədəbiyyata dərin marağı olan müəllif hələ məktəb illərindən yazmağa və rəsm çəkməyə başlamışdır. 1986-cı ildən başlayaraq, dövrünün qəzet və jurnallarında dərc olunmuş, bu günə qədər də fəal şəkildə yazı həyatını davam etdirir. Müəlliflik fəaliyyəti ilə yanaşı, o həm də tərcüməçiliklə məşğul olmuş, Bukovski, Antonio Skarmeta və digər məşhur yazıçıların əsərlərini səsləndirmişdir.
Onun əsərləri italyan, ingilis, ərəb, ispan, rus, türk, özbək, çin və digər dillərə tərcümə edilmiş, həmin ölkələrin bir sıra nüfuzlu ədəbi orqanlarında çap olunmuşdur.
Müxtəlif nəşrlərdə redaktor və ya resenzent kimi dəfələrlə iştirak etmişdir ki, bu da onun ədəbi fəaliyyətinin əhatə dairəsini daha da genişləndirir.
Rifat İsmaili həm böyüklər, həm də uşaqlar üçün nəzərdə tutulmuş müxtəlif ədəbi janrlarda bir çox kitabların müəllifidir.
O, həm yerli, həm də xarici müəllifləri əhatə edən “Gjurmë Penash” antologiya jurnalının nəşriyyatçısıdır.
Bundan əlavə, beynəlxalq ədəbiyyat və incəsənət jurnalı olan Kryefjala-nı da dövri şəkildə nəşr etdirir.
Uşaqlar üçün nəzərdə tutulmuş Pena Balerina adlı ədəbi jurnalın da təsisçisi və nəşriyyatçısıdır
.

YER – HAMININ VƏTƏNIDIR!

Ağıllı, dözümlü, başqalarının mövcudluğunu anlayıb qəbul edən insanlar üçün bu Yer – hamının Vətənidir! Bu gün – parçalanmaların və müharibələrin həyatı təhdid etdiyi, Şərin bütün dünyaya kök saldığı kritik bir məqamda, insanlar qeyri-müəyyən gələcəyin fərqində olmalı, həyəcan siqnalı verməli və Şərə qarşı birləşməlidirlər.
Bu mübarizədə yazıçılar və sənətçilər əsas rol oynamalıdırlar ki, qələmləri və bilikləri ilə insanlığın oyanış prosesini sürətləndirsinlər. Danışdığımız bu məsələyə nə qədər çox önəm və həssaslıq göstərsək, yaxın gələcəkdə Yer kürəsinin sağlamlığı, insan həyatının – bizim və övladlarımızın – təminatı üçün bir o qədər vacib olacaq. Əks təqdirdə isə, çox gec olacaq və fəlakət qaçınılmazdır.
Sual budur: İnsanlar həyatın əvəzolunmaz dəyərlərinin daha çox fərqində ola biləcəklərmi? Anlaya biləcəyikmi ki, həyat bizim idarəmizdədir, biz onu gözəlləşdirən və ya firavan edən məhz özümüzük – davranışlarımızla, əməllərimizlə, fədakarlığımız, həmrəyliyimiz, hörmət və başqalarına – xüsusilə də bu dünyanı bizimlə paylaşan zəif canlılara – qarşı mərhəmətimizlə? Heç düşünmüsünüzmü, hər səhər günəş doğmadan oyanmaq, onu bir nəhəng buludun udduğunu görmək nə qədər kədərli olar? Lakin ondan da dəhşətlisi nüvə silahıdır – çünki o, təkcə günəşi yox etmir, həm də partlayışdan əvvəl, partlayış zamanı və sonra olan hər şeyi məhv edir; yüzlərlə kvadrat kilometr əraziyi Ölüm və xaosun imperiyasına təslim edir.
Dünya nə qədər kədərli olar əgər bir səhər oyansaq və qonşularımızı, onların uşaqlarının səslərini, gülümsəyərək verilən “sabahın xeyir” sözünü və sülh içində yaşamaq dəvətini tapa bilməsək…
Eyni dərəcədə qorxunc və üzücü olar əgər göy quşların qanadları ilə artıq kəsişməsə, ağaclar qurusa, çayların suyu sonsuz dənizə olan axınını dayandırsa…
İllər öncə yazdığım və bu gün də aktuallığını qoruyan bir esse vardı:
“Biz heç vaxt səhvlərimizdən və uğursuzluqlarımızdan öyrənə bilmirikmi? Nə üçün daha şüurlu, daha mərhəmətli ola bilmirik – nə başqalarına, nə də özümüzə?”
Bu, yarım bir dünyanın yarımçıq üzüdür. Qalan hissə – həqiqət – suyun altında qalmış aysberq kimidir – qaranlığa bürünmüşdür. Bu, uzun müddət sağalmağa ehtiyacı olan xəstə bir dünyadır.
Dünya vahiməli hala gəlib – ya sonsuz meşədə vəhşi heyvanlar arasında olsan, ya da insan meşəsinin ortasında – nəhəng şəhərlərin, yolların, göydələnlərin, fabriklərin, reklamların və milyonlarla işığın arasında…
Mən hələ də hava olan, təbii qalan bir dünya axtarıram – lakin tapa bilmirəm.
İnsan alçaldılmadığı, özünü zəif və önəmsiz hiss etmədiyi bir dünya arzulayıram – orada xaos və çaşqınlıq insanı udmur. Maşınlar insanın yerinə iş görmür və insan da robota və kalkulyatora çevrilmir. Sevgi sadəcə lüğətdə uydurulmuş bir söz deyil – gerçək olur. Həyat isə bir qəfəsə çevrilmir, hər yerdə divarlarla toqquşduğun bir zindan olmur – əksinə, azad qaçdığın bir işıqlı düzən olur, daşıdığın enerjilər heç kəsə zərər vermir, yalnız gərəkli olanla yaşamağı öyrənirsən və xəstə, müvəqqəti eqonu doyurmaq üçün dünyanın tarazlığını pozmağa, zərər verməyə ehtiyac duymursan.
Gəlin, həyatın gözlərinin içinə baxaq – bu, olmalı olduğu kimi deyil!
Qəzəbli uşaqları deyil, bombaların qətl etdiyi minlərlə körpənin taleyini görməli və duymalıyıq – çox vaxt pul və güc sahibi olan dəli hökmdarların kaprizləri naminə. O anaları görməliyik – gündəlik çörəyi özünə və övladlarına təmin edə bilməyənləri – və onlara yardım etməliyik. Qadınlara, yaşlılara və günahsız insanlara qarşı zorakılığı görməliyik – və lazımi anda əlimizi uzadaraq sülh və ümid bəxş etməliyik.
Biz bu dünyanın bütün bəlalarını ruh gözümüzlə görməli və onları səsimizin və qələmimizin gücü, ağlın və tərəqqinin qüvvəsi ilə, yaxşılıq və həyatın davamı naminə önləməliyik.

Müəllif: RİFAT İSMAİLİ

Tərcümə: Cahangir NAMAZOV,
Azərbaycan Jurnalistlər Birliyinin və 
Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü