Azər Turanın “Qəbulə xanım və I Pyotr” kitabı çapdan çıxıb – Təbrik!

Qardaşım Azər Turanın “Qəbulə xanım və I Pyotr” kitabı çapdan çıxıb.Kitab,dövrünün siyasi həyatına fövqaladə təsir göstərmiş Salyanlı Qəbulə xanım haqqındadır.Salyan naibi Həsən bəyin həyat yoldaşı Qəbulə xanım I Pyotrun müasiri olub.I Pyotr özünün say- secmə generallarından olan Matyuşinə, Qəbulə xanım haqqında “…Salyan hakiməsi Qəbulə xanım asilərin böyüyüdür.Ondan ehtiyatlı olmaq lazımdır ki,bir bədbəxlik üz verməsin” deyə təlimat verirdi.Dünyaya hökm edən I Pyotr Qəbulə xanımdan niyə bu qədər eytiyat edirdi ki?..Tezliklə bu ehtiyatın səbəbi məlum olur.1729-cu ilin sentyabr ayında, “…Bakının rus ordusu tərəfindən işğalından bir neçə ay sonra Qəbulənin əri,Salyan naibi Həsən bəyin zamanında Salyan,rusiya təbəəliyin qəbul etdi…Bir neçə gündən sonra rus ordusunun podpolkovniki Zambulatovun süvarı batalyonu tərəfindən Kür çayının sahilində,naib Həsən bəyin malikanəsinin qənşərində qərərgah qurulur…Bir gün Zambulatov səkkiz nəfər yüksək çinli zabitiylə Həsən bəyin malikanəsindəki ziyafərə qatıldı.Ziyafət zamanı otağa silahli adamlar girdi və Zambulatov da daxil olmaqla,Salyandakı bütün rus zabitləri qətlə yetirildi.Və bu qətl rus tarixçilərinin yazdıqlarına görə xususi amanslzlıqla törədildi”.Rus tarixçilərinin yekdil qənaətlərinə və şahidlərin ifadələrinə görə ” .. bu qanlı hadisənin başında Həsən bəy deyil,onun xanımı Qəbulə xanım dayanırdı”.
Bu qətl hadisəsi hansı səbəbdən baş vermişdi? Dəqiq,etibarlı və təkzibedilməz qaynaqlar əsasında yazılmış “Qəbulə xanım və I Pyotr” kitabında Azər, bu və digər suallara tam aydınlıq gətirir.
Qəbulə xanım heç şübhəsiz ki,təkcə Azərbayçan tarixinin deyil,ümumtürk,hətta dünya tarixinin ən önəmli,qəhrəman simalarındandır…Qəbulə xanım haqqında rus ədəbiyyatının ən məşhur və önəmli isimlərindən olan Aleksandr Sergeyeviç Puşkin də yazıb.Puşkin I Pyotr haqqında yazdığı kitabda Qəbulə xanımı “Knyagina” titulu ilə qiyaslandırıb. I Pyotr zamanında yaşayan tarixçilər də,rus tarixşünaslığının sonrakı görkəmli şəxsləri də Qəbulə xanım haqqında yazıblar.Azər öz kitabında həmin müəlliflərdən də yeri gəkdikcə,öz kitabının əsas qayəsinə xidmət edən sitatlar gətirir.
Azər bu tarixi hadisəni haqlı olaraq “Rus işğalına qarşı ilk böyük qiyam” kimi dəyərləndirir…Kitabdakı faktlar da Azərin yazdıqlarını təsdiq edir.
Azərbaycanda ilk dəfə Qıbulə xanım haqqında məlumatı Abbasqulu ağa Bakıxanov özünün məşhur “Gülüstanı İrəm” əsərində verib.O vaxta qədər isə,elə Pyotrun zamanında Qəbulə xanımın əfsanəvi qəhrəmanlığını unutdurublar.Nəinki qəhrəmanlığını,hətta bu qəhrəman xanımın adını da unutdura biliblər…Hər halda tariximizdə Qəbulə xanımdan sonra Azərbaycanda kimsə öz qız övladına Qəbulə adını verməyib.
Bu cazibədar qəhrəman xanım haqqında Azər ilk dəfə 2012-ci ildı çap etdirdiyi “Darülmömün” kitabında yazıb.Amma bu mövzu daima Azərin diqqət mərkəzində idi.Nəhayət bu ilin 31 yanvarında Azərin “Əbəbiyyat qəzeti”ndə Qəbulə xanım haqqında yeni bir yazısı çap olundu.Yazı çap olunan günü, Azərbaycanın Xalq rəssamı Sakit Məmmədov Azərin həmin yazısını oxuyur.Həmin ərəfələrdə Sakit müəllim “teleqraf informasiya agenliyi”nə verdiyi müsahibədə,jurnalıstin “Əsərlərinizi yuxuda görürsünüzmü?” sualına Sakit müəllim belə cavab verir:
” -Yuxuda gördüyüm əsərlər çox olub.Dostum Azər Turan Qəbulə xanım haqqında bir yazı yazıb.Mən həmin yazını oxudum.Sonra arzu etdim ki,kaş gözümün qarşısına gələydi.Yatdım,yuxuda Qəbulə sarı paltarda gözümün qarşısına gəldi.Qəbulə haqqında rəsm çəkdim…
Azər Turan bu yaxınlarda mənə zəng edib dedi ki,bir alman sıyyahı Qəbulə haqda yazıb ki,”qızıl sapdan toxunmuş paltar geyərdi”. Bu sözü mənə portreti çəkdikdən sonra dedi”.
Həmin ərəfələrdə Azər də,Sakit müəllimin çəkdiyi portret haqqında yazıb:
“-…Qəbulə xanım haqqında məqaləm qəzetdə çap olunandan sonra,yəni ertəsi gün,günorta saatlarında Xalq rəssamı Sakit Məmmədov mənə eskiz halında bir qadın portreti göndərdi, “bu qadın kimdir?”- deyə soruşdu. “Qəbulədir- dedim.Qəbulənin metafizik bir aləmdən baxan obrazıdlr”…Sakit müəllim: “Yazını oxuyandan sonra yatıb bu qadını yuxuda gördüm”-dedi. Qəbulə 300 ildən sonra,bəlkə də ilk dəfə kiminsə yuxusuna gəlmişdi.Yaxşı ki, yuxusuna gəldiyi adam rəssam idi.Özü də yaxşı ki,o rəssam Qəbulənin eloğlusu idi.Həm də yaratdığı gözəl qadın obrazları ilə dünyada məşhur olan bir rəssam”.
Sakit müəllim “Qəbulə xanımın portreti” ni bir aya çəkib tamamlayır. Bu bir ay ərzində Azər də “Qəbulə xanım və I Pyotr” kitabını yazıb bitirir.Azərin və Sakit müəllimin bu duygusal iş birliyi heç şübhəsiz ki,Azərbaycan Təsviri sənətinə və içtimai fikir tariximizə iki möhtəşəm əsər qazandırdı.
Azərin “Qəbulə xanım və I Pyotr” kitabının üz qabıgındakı rəsm Xalq rəssamı Sakit Məmmədovun haqqında söhbət açdığımız “Qəbulə xanımın portreti” əsəridir.
“Qəbulə xanım və I Pyotr” kitabının redaktoru və ön sözün müəllifi filologiya elmləri doktoru,Milli Məçlisin üzvü Elnarə xanım Akimovadır.

Mənbə və müəllif:  Etibar Əbilov

ƏBİL ƏBİLOVUN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Məmməd Məmmədlinin “Yerdələnin birinci mərtəbəsi” kitabı təqdim olundu

Məmməd Məmmədlinin “Yerdələnin birinci mərtəbəsi” kitabı təqdim olundu
Günəş yerini dəyişəndən sonra insanlar yerin altında yaşamağa məhkum edilmiş, gələcəyə bəslədiyi ümidlərini elə Günəşlə birgə üfüqün arxasında itirmişdi. Ancaq insanların itirdiyi tək azadlıq deyildi. Bu cümlələr ilk oxunuşda təsəvvürümüzdə kino fraqmenti kimi canlansa da yazıçı, tərcüməçi Məmməd Məmmədlinin “Yerdələnin birinci mərtəbəsi” kitabından bir hissədir. Diqqət cəlb edən məqam povestin retrospektiv tərzdə yazılması, hadisələrinin sonunun kitabın əvvəlində öz əksini tapmasıdır.
“Yerdələnin birinci mərtəbəsi”nin Azərbaycan Yazıçılar Birliyində keçirilən təqdimat mərasimində Məmməd Məmmədlinin qələm dostları, yazıçılar, mədəniyyət xadimləri iştirak etdilər. Qonaqlar yeni nəşr haqqında fikirlərini bölüşdülər, müəllifin yeni əsərlərinin uğurlu alınmasından, həmçinin mövzu seçimindən və yazı üslubundan söz açdılar. Bildirdilər ki, müəllifin ortaya qoyduğu əsərdə bir az fantasmaqorik, bir az da magik realizmin elementlərindən istifadə olunub.
Təqdimat mərasimində bildirildi ki, kitaba müəllifin retrospektiv tərzdə yazdığı “Axırıncı yol qəhvəxanası” povesti və üç hekayəsi daxil edilib.
Qeyd edək ki, Məmməd Məmmədli “Mən atamı xatırlamıram…”, “Zülmətdən doğan Günəş”, “Ərafın dərin qatlarında” hekayələrinin, həm də “Ay işığı” povest və hekayələr toplusunun ispan dilindən tərcüməsinin müəllifidir. Fotolar:

MƏMMƏD MƏMMƏDLİNİN YAZILARI

Məlumatı hazırladı: Günnur Ağayeva


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Şairlər yurdunun əli fırçalı oğlu –Nəvai METİN

Şairlər yurdunun əli fırçalı oğlu –
Nəvai METİN

Ən azı XX yüzilliyin ikinci yarısından etibarən ədəbiyyatın, özəlliklə poeziyanın paytaxtı, ata ocağı sayılan Qazaxın bir yaradıcı oğlu da var ki, o, şeir yazmır, rəsm çəkir – başqa sözlə, şeiri fırça ilə yazır… Yəni Qazaxlılığını rəngləri danışdıraraq, büruzə verir… Onun adı Nəvaidir – özü kimi qədim, özü kimi millidir və ulu Türküstan ruhludur bu ad. Rəngi də görkəmi, yerişi-duruşu, səsi-sovu kimi türkdür, türkcədir… Sinəsində Qazaxdan uzaqlarda da, hər gün Qazaxdan keçən Ürək döyünür, baxışlarında Azərbaycanın torpağının arzusu – minbir rəngi var, əsərlərində isə bütün Türk dünyasının nəfəsi dolaşır…

Nəvai METİNin sənəti nə yalnız boyadır, nə də sadəcə forma. Onun tabloları bir çağırışdır – ruhumuza, yaddaşımıza, tarixi köklərimizə ünvanlanan vizual bir and yeridir. Yer deyirəm… lap torpaq da deyə bilərik, dağ da. Amma nə qəribədir – onun dəniz mövzulu tablolarında, sanki, dağlardan daha çox doğmalıq var… Bu, bəlkə də, dədə-babalarımızın dağlardan dənizlərə at qoşması ilə ruhi bağlılığın şəkillənmiş halıdır… Bu, ən azı, Qazaxdan keçib Xəzərədək dayanmayan Dəli Kürün arxasınca gəlməyin rəmzləşməsi, təcalla tapmasıdır…

Hər əsərində bir mif var, hər fırça vurusunda bir nəsil nəfəsi… Baxırsan – bir göz yaşı düşür, o biri əsərində gülən adamlar cəm olub, başqa bir küncdə çarpışan qılıncın səsi gəlir, bir yerdə isə ana laylası süzülür… Bu, təsvir deyil, bu – təcəssümdür. Nəvainin yaradıcılığı Azərbaycan təsviri sənətində bir xas istiqamətdir, Türk dünyasına və bütün dünyaya sənət əli uzatmaqdır…

O, Uluslararası Aktivist Sənətçilər Birliyinin Azərbaycan təmsilçisidir – bu, sadəcə təşkilati görəv deyil. Bəli, bu, Türk Dünyasının sənət ruhunu özündə daşımaq, fırça ilə soydaşına qardaşlıq əli uzatmaq sorumluluğudur. O, bu sorumluluğu həm də ruhuna hopdurub. Nəvai Metinin əsərləri sınır tanımır – fiziki sınırları deyil, milli-mənəvi sınırları aşır, aşır, aşır…

Qazaxdan başlayan sənət yolu, İstanbulda, Ankarada, Daşkənddə, Bişkekdə, Almatıda, Astanada öz izini buraxıb. Onun “rəsm dili” bir növ qardaş dillərin ortaq fonundakı sənət dilidir. Bu dilin adı – türk koloritidir.

Dəfələrlə söyləmişik – bu torpağın şairləri gözəlliyi sözə çevirər, amma bəzi oğullar var ki, gözəlliyin özünü rəngə çevirər. Nəvai Metin həmin oğullardandır. Qazaxın əli qələmliləri olduğu kimi, rənglə danışanları da var və Nəvai bu sıranın ön cərgəsind dayanır.

Altmış illik ömür – altmış addımlıq sənət yolu demək deyil. Bu, ruhun zamandan üstün olduğu, fırçanın taleyə çevrildiyi bir yolçuluqdur.

Bu fırça – yad rəngləri yox, türk ruhunun kölgəsini çəkir.
Bu imza – qələmdən yox, könüldən gəlir.
Bu sənət – zamana yox, milli yaddaşa yazılır.

Nəvai Metin – yalnız rəssam deyil. O, türk ulusunun gözlə görünən, könüllə sezilən rəngli sözdür. Bir mədəniyyət elçisidir o.

Sənətkar, fırçan sulu boyalı, yolun açıq olsun!

Əkbər QOŞALI

“TÜRK” etnonimi və törələr- YUNUS OĞUZ yazır

“Türk” etnonimi və törələri

(On dördüncü yazı)

Əvvəli burada: “Türk” etnonimi və törələri

Bozqurd kultu

Ta qədimdən bütün kultlar içində bozqurd (börü, aşina) kultu daha çox fərqlənir. Belə ki, qədim türklərin inancına görə bozqurdlar Marsın yerdəki simvoludur və bozqurd onların əcdadı sayılır. Bəzi kultlar günümüzdə gündəmdən çıxsa da bozqurd kultu bu gün türklər arasında daha da genişlənir.
Bu kult bir çox ölkələrdə simvol (simgə) rolunu oynayır. Etrusk və italyanlarda dişi qurd onların simvoludur. Skandinaviyada əcdadlarına “Börü” deyilir, oğlunun adı isə Tordur. Almanlar badələri bir-birinə toqquşduranda “sum volf” deyirlər, yəni qurdun şərəfinə. 
“Qurd” sözü toponim, etnonim, hidronimlərdə hələ də qalmaqdadır. “Göybörü” anlamının da rənglə heç bir əlaqəsi yoxdur və əski türklər belə hesab edirdilər ki, o ağ işıqla göydən enib və onlara yol göstərib, xilaskar rolunu oynayıb. Təsadüfi deyil ki, islamaqədərki dövrlərdə, müharibə zamanı türklər bayraqlarının (tuğların) uclarına qurd başı taxırdılar. 
Qurdu başqa heyvanlardan fərqləndirən cəhətlərdən biri də onun etnoqrafik xüsusiyyətləridir. Belə ki, dastanlarda, nağıllarda, hətta şeirlərimizdə, deyimlərdə də qurdun adı çəkilir, insan özünü onunla müqayisə edir.
Qurdu söymək və ona qarğış etmək yaxşı əlamət hesab edilmirdi, hətta günah sayılırdı. “Qurd üzün mübarək” deyimi  şanlı anlamına gəlirdi, qorxmaz, cəsur adama “qurd ürəkli” söylənilirdi. Ac adama isə “qurd kimi acımış”, qorxmazlığı ilə seçilən cavanlara “qurd ürəyi yeyib”, ağıllı, tədbirli insanlara “qoca qurd” deyimlərindən indi də istifadə olunur.
“Kitabi Dədə Qorqud” dastanında “əzvay qurd əniyinin erkəyində bir köküm var”, “qara başım qurban olsun qurdum sana”, “…qurd ilə xəbərləşim”, N.Gəncəvidə, “Koroğlu” dastanında, B.Vahabzadənin, M.Arazın, X.Rzanın, R.Behrudinin, M.Yaqubun və başqalarının şeirlərində qurd haqqında bol-bol deyimlərə, söyləmələrə rast gəlmək olar.
Bəs bu xüsusiyyətlər nədən ibarətdir?
1.    Bozqurd özgürdür, azadlıq sevəndir. Tələyə düşəndə pəncəsini çeynəyib qopardır və azad olur.
2.    Bozqurd əhliləşmir.
3.    Bozqurd fəsillərə (çağlara) görə həyat (yaşam) tərzi sürür. Belə ki, törəmə, nəsilartırma zamanı oturaq, köçəri heyvanların və quşların arxasınca ova gedərkən köçəri, dəyişkən həyat tərzi keçirir.   
4.    Bozqurd qorxmur.
5.    Bozqurd pusquda gözləmir.
6.    Yetim qalan qurd balasına sahib çıxır, ona qayğı göstərib bəsləyir.
7.    Bozqurd xəyanəti bağışlamır.
8.    Bozqurdun dişisi ölərsə, ailə qurmur, yalquzaq yaşam tərzinə keçir.
9.    Sürüyə, davara hücum edərkən yalnız birini boğazlayıb aparır. Canavar isə digərlərini ya boğub öldürür, ya da yaralayır.
10.     Bozqurd ovuna yeddi saniyədən çox baxarsa onu ovlayır.
11.     Bozqurddan ovu qorxmasa, özünü döyüşə hazır göstərərsə ona toxunmur, çəkilib gedir.
12.     Bozqurd dalaşarsa, dişi qurd gəlib yanında, boğazının altında (qurdlar boğazdan yapışır) dayanarsa, digər qurd savaşdan əl çəkir.
13.     Bozqurd sürüsündə başda cavanlar, ortada qocalar və xəstələr, sonda isə sürü başçısı dayanır. “Qurd taktikası” döyüşünü türklər qurdlardan götürüb, adına “Turan taktikası” verilib. Belə ki, aypara halında düşməni ortaya salıb, çevrəni sonda qapadırdılar.
14.     Bozqurd məğlub olana qədər deyil, ölənə qədər savaşır.
15.     Bozqurd məğlub ola bilər, amma əyilməz, ovlanar, həbsə düşməz.
16.     Bozqurd heç vaxt təkbaşına hərəkət etməz. Sürü onun üçün kollektiv xarakter daşıyır.         
17.     Yaşadığı əraziyə, ailəsinə, öz növündən digər qurda təcavüz olarsa, qəzəbli qurdun qarşısını heç kim ala bilməz.
18.     Qurdun ulaması birliyə çağırışdır.
Məhz bu xüsusiyyətlərinə görə bozqurdlar türklərə bənzədilir və türklərin simvolu (simgəsi) sayılır.
Göründüyü kimi dünyanın bir çox yerlərində, harada yaşamasından asılı olmayaraq, türk əsilli insanlar, yaxud türk dillərinə bölünən qrupların demək olar ki, hamısının bu və ya digər şəkildə simgələri (simvolları) Bozqurddur.
Beləliklə türk  dilləri  altı  qrupa bölünür:
1.    Oğuz qrupu – Azərbaycan, türk, türkmən, qaqauz və Balkan türklərinin dilləri;
2.    Qıpçaq qrupu – qazax, Qaraqalpaq, qırğız, Altay, Noqay, Krım tatarlarının dilləri; 
3.    Bulqar dil qrupu – Kazan tatar, başqırd, Qaraçay – balkar, kumık və qaraim dilləri; 
4.    Karluq-uyğur qrupu – özbək, yeni uyğur, sarı uyğur və salar dilləri;
5.    Uyğur – oğuz qrupu – Tuva, tafalar (karaqas), xakas, şor, Baraba tatarları və Çulım tatar dilləri;
6.    Çuvaş-yakut qrupuna yalnız iki qrup daxildir – çuvaş və yakut.
Göründüyü kimi türklərin bütün Avrasiya arealına yayılmasına baxmayaraq, Bozqurdu simgə (simvol) seçməsinin iki əsas səbəbi vardır. 
1.    Bozqurdun başqa heç bir canlıda olmayan xüsusiyyətləri, özəllikləri, üstünlükləri, ov tərzləri (taktikası), cəsurluğu və s. 
2.    Bozqurdun yer mənşəli olmaması, yəni göy mənşəli (gökqurd) – qutsal (müqəddəs) olması.
Sonda bütün yazılanları ümumiləşdirərək belə qənaətə gəlmək olar ki, türk inanclarına görə Bozqurd simgəsi (simvolu) özündə, əsasən üç funksiya cəmləşdirir:
1.    Əcdadlarının göydən ağ işıqla enməsi;
2.    Çətin vaxtlarda, savaşlarda, yol göstərən hami, yəni rəhbər; 
3.    Türklərin ruh bağlılığına görə xilaskar. 
Və bunu  araşdırmaçı İmran Verdiyevin “Bozqurd-Azadlığın və cəsarətin simvoludur” məqalənin iqtibası (sitat) ilə bitirirəm: 
“Türk (Oğuz) – qurd münasibətlərinin arxaik semantikasının araşdırıcıları da türklərdə qurd obrazına məxsus mifoloji cizgiləri təsdiqləyirlər. “Kitabi Dədə Qorqud”dakı qurdun Salur Qazan tərəfindən “ər” adlandırılması (“Qarla yağış yağanda ər kimi duran”) faktı Oğuzun funksiyasının qurdun funksiyasından fərqlənmədiyini göstərir. Hər iki obraz “ər” semantemində birləşir. Türklər də qurd kimi hər zaman qorxmaz, azad və sərbəst olmağa, öz dövlətinə, ailəsinə sadiq qalmağa, kollektivin rəyi ilə hesablaşmağa, dar gündə özünü kollektivin bir üzvü kimi görməyə üstünlük vermiş, “Tanrı Milləti” olduqlarını dəfələrlə sübut etmişlər.” 

Türk duası

“Ulu Tanrı!
Hər şeyi yaradan Tanrı!
Yenilməz, yıxılmaz, ölməz, bitməz, yox olmaz Tanrı!
Suyu donduran, buzu əridən, buzdan su yaradan, suyu çaya çevirən, çaydan göl yaradan, göldə balıq gəzdirən Tanrı!
Quru dərələri dolduran, ota, ağaca can verən, otdan, ağacdan çiçək çıxardan, arıya bal verən Tanrı!
Günümüzü aydın edən, gecəmizi ulduzlarla süsləyən Tanrı!
Bizə yeni bir il bəxş edən Tanrı!
Bu il bizə bol ver, bolluq ver!
Otumuzu, otlağımızı bol et!
Atlarımızı, quzularımızı bol et!
Yağımızı, südümüzü, pendirimizi, qımısımızı bol et!
Yağışımızı, suyumuzu bol ver!
Ovlağımızı, ovumuzu bol ver!
Qızımızı, oğlumuzu bol ver!
Anamızı, balamızı, oğlumuzu, qızımızı, gəncimizi, yaşlımızı, bu Yer üzərində qara qüvvələrdən qoru, Uca Tanrı!
Yayımızı hədəfə tuşla, oxumuz hədəfə dəysin, qılıncımızı  kəskin et!
Biləklərimizi gücsüz, ürəklərimizi ümidsiz qoyma!
Yaz keçsin yay gəlsin, yaydan sonra payız gəlsin. Payız xalqıma ağırlıq gətirməsin!
Türk çoxalsın, yaşam tərzimiz bəy kimi olsun!
Ac, çılpaq qalmasın, həmişə dirilik olsun!
Türk dövlətsiz olmasın, Türk xalqı başsız qalmasın, Türk xalqı törəsiz olmasın! Türk xalqını qoru! 

AMİN!”

SON

MÜƏLLİF: YUNUS OĞUZ

Yunus Oğuzun bloqu

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Sona Abbasəliqızının (İsmayılova) dördcildliyi işıq üzü görüb – Təbrik!

QADIN
Müqəddəs sayılır eldə çörəktək,
Hər an qiyəmtini biləsən gərək.
Onun nəfəsilə qızınır ürək,
Ömrə bəzək olan sonadı qadın.
* * *
İllər surətini qəfil boyadı,
Qəm-kədər içində taya-tayadı.
Namusdu, ismətdi, abır-həyadı,
Allaha ucalan nidadı qadın.
* * *
Təbəssüm işığı gözlərə dolar,
Bəzən də gül kimi saralar-solar.
Adı gələn yerdə bərəkət olar,
Əzandı, ələmdi, duadı qadın.
* * *
Büllur məhəbbətdir, tərtəmiz bir ad,
Onun gözlərində qaynayır həyat.
O, övlad gətirir cahana, övlad,
Həyata can verən anadı qadın.

“Həyata can verən anadı qadın!” – deyən Sona ABBASƏLİQIZI “Qadın”ın böyük qüvvə olduğunu öz timsalında yaxşı bilir. Yaradıb, yaradır desək, daha doğru olar. Bu kiçik yazımın böyük qəhrəmanı dünyanın gərdişindən xəbərdardır. Sona ABBASƏLİQIZI elinin mərd qızı, evinin ağayana xanımı, oğlunun cəfakeş anası, nəvəsinin səxavətli nənəsi olmaqla bərabər, eyni zamanda milyonların sevimlisi yaradıcı şəxs – şairdir.

“Sənət, yaradanın ən böyük və ən mükəmməl əsəri olan təbiətin təqlidi olsa da təbiəti təqlid etmək o qədər də asan deyil. Təbiəti təqlid etmək üçün güclü intuisiya lazımdır. Təbiətdəki gözəlliyi görmək, duymaqla yanaşı, onun mahiyyətinə varmağı, onunla danışmağı, pıçıldaşmağı da bacarmalısan. Gecələrimizi aydınladan Ayı, gündüzlərimizi nurlandıran Günəşi, başımızın üstündəki əsrarəngiz buludları, cilvələnən ulduzları, bir sözlə təbiətdəki gözəllikləri görməli, duymalı və duyğularını misralara köçürməyi bacarmalısan. Təbiətin dilindən anlayan, ondakı gözəllikləri görən və poeziyasında əks etdirməyi bacaran şairə Sona xanım Abbasəli qızını bu baxımdan xoşbəxt insanlardan saymaq olar. Misralarına pıçıldadıqları Sona xanımın ruhunun inikasıdır. Təbiət, “Can evi torpaq” olsa da, “işığı Ay”, “sevgisi bulud”, “evi dan” olan şairənin ilham mənbəyidir.” Sözümə qüvvət olaraq gətirdiyim bu sitat filologiya elmləri doktoru Lütviyyə ƏSGƏRZADƏnin Sona xannım haqqında olan yazısındandır. Yaradanın onu tanımaq üçün yaratdıqlarının bəzən yaradıcı rolunda çıxış etməsi Dədə Ələsgər demiş “Sahibi-səltənət” “Xaliqi-ləmyəzəl”in nə dərəcədə xoşuna gələb-gəlməməsi özü mübahisəli məsələ olsa da məncə Sona ABBASƏLİQIZI Böyük Allahın sevimli bəndəsidir.

Sona Abbasəliqızı xoşbəxt qələm adamıdır. Bəli, mən onu tam əminliklə məhz belə adlandırardım. Və söhbətimə də salamsız, kalamsız bax elə belə,  xoşbəxtlik haqqında, daha doğrusu qələm damının xoşbəxtliyi barədə böyük Allahın adı ilə birbaşa mətləbdən başlamaq istəyirəm. Adətən bu qəbildən olan yazıları yazmağa başlayanda ilk olaraq adam fikirləşir ki, İlahi, mən bu adamı haradan tanıyıram? İlk dəfə biz harada görüşmüşük və ya birinci dəfə bu adamın hansı yazısını oxumuşam? Mən axı, haradan tanıyıram bu adamı, kimdir bu şəxs? Əslinə qalanda haqlı suallardı…

Elə ilk   cavabla  qələm adamının xoşbəxtliyi haqqında birinci tezis öz-özündən ortaya çıxır: – Mən bu adamı min illərdir tanıyıram.

Nə qədər dərin düşünsəm də Sona xanımla ilk tanışlığımızı istər sözü ilə, istər özü ilə bir türlü xatırlaya bilmədim. Yəni bu tanışlığı hansısa şeirin bir bəndi və ya hansısa tədbirdə ilk dəfə utana-utana salamlaşmaqla bağlamaq düzgün olmazdı. Çünki, ruhmun ruhu ilə, sözümün sözü ilə min illərdir dost olan silahdaşımı hansısa bir zaman və ya məkan çərçivəsinə salmaq ədalətsizlik olardı. Bu barədə sadəcə onu qeyd edə bilərəm ki, nə vaxtsa, hardasa oxuduğum elə ilk misrasındaca ruhuma yaxınlıq, bir iç-içəlik hiss etmişdim. Necə deyərlər, bir söz var, sanki bir çeşmədən su içiblər, bizim halımız mənim aləmimdə bax bu misala uyğun gəlir. Və inanıram ki, əsl söz adamları, qələmdaşlar da onu bax belə, ruh simsarı kimi qəbul  edirlər. Məncə qələm adamının birinci xoşbəxtliyi bax elə budur. Və bütün bunların üzərinə təbəssümü üzündən əskik olmayan səmimi həmsöhbət, qayğıkeş yol yoldaşı, sadiq dost kimi zəmanəmizdə qıtlığı açıq-aşkar hiss olunan ali insani keyfiyyətləri gəldikdə bu nemət tamamlanır.

İkinci məsələ bu gözəl insan harada dünyaya gəlib? Bu adamın beşiyi, yurdu haradır? Dünyaya göz açdığı məkan haradır? Ruhunun qıdası hardan, kimlərdəndir? Bütün bu suallırın tək bircə cavabı var: – Bu söz adamı elə sözün beşiyində doğulub, böyüyüb boya-başa çatıb. – Bu da söz, qələm adamının xoşbəxtliyi haqqında ikinci tezis olsun.

Sona Abbasəliqızı Aşıq Ələsgəri kimi dühanı dünyaya bəxş edən söz-sənət ocağı Göyçə mahalındandır. “Göyçə mahalındandır”  kəlməsindən sonra nə yazsam, yamaq və artıq olacaq düşüncəsi ilə bu barədə fikrimi burada tamamlamaq istəyirəm.

Atalar üçdən dediyənə görə xoşbəxtliyin üçüncü tezisini də sizlərə çatdırmağı özümə borc bilirəm. Məncə Sona xanım üçün bir qələm adamı olaraq aldığı təhsil də onun həyatında önəmli rol oynamışdır. O ADU (indiki  BDU)-nun Jurnalistika fakültəsinin məzunudur. Necə deyərlər, “çörəyi ver çörəkçiyə, birini də üstəlik” : – O sözün içində yetişib, püxtələşib.

Bütün bu yuxarıda sadaladıqlarım keyfiyyətlərdən sonra sən gəl Sona olma. Mənim düşüncəmə görə bu sadəcə mümkün deyil. Sona xanımın qələmi nəzmə müraciət etdikdə  incə ruhundan, nəsrə üz tutduqda isə həssas qəlbindən qidalanır.

O bir qələm adamı olmaqla yanaşı,  eyni zamanda işinə sonsuz dərəcədə məsuliyyətlə yanaşan, gördüyü işə canını qoyan təşkilatçıdır.

Sona xanım sadiq dost, incə ruhlu qələm adamı, vətənpərvər ziyalı, əsl Azərbaycan xanımıdır! Sonda dəyərli qələm dostuma uzun və sağlıqlı ömür, bütün işlərində müvəffəqiyyətlər arzulayıram! İnşəaAllah tezliklə Göyçəni ziyarət etmək, yurd həsrətinə son qoymaq nəsib olar. Biz buna inanırıq, bizi yaşadan bu ümiddir. Söz mülkünün piri, ocağı – Dədə Ələsgərin yurdu bir gün yenə əbədi olmaq üzrə öz ziyarətçilərinin üzünə açılacaq! O gün elə də uzaqda deyil!

Bəli qəlblərdə belə xoş ovqat yarandığı, yeni ümidlər cücərdiyi bir vaxtda Sona ABBASƏLİQIZI bir daha zamanın gedişatı ilə ayaqlaşdığını, hətta bəzən incə ustalıqla bu gərdişi-dövranı qabaqladığının tez-tez şahidi oluruq. Bu günlərdə Sona xanım öz oxuculuranı yeni kitabı – yenicə işıq üzü görmüş dördcildliyilə sevindirib. “Elm və təhsil” nəşriyyatında nəfis tərtibatla nəşr olunmuş kitabın redaktoru filologiya elmləri doktoru, professor Nadir Məmmədli, məsləhətçi isə Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı Əli Vəliyevdir.

 

“YAZARLAR” cameəsi adından Sona xanımı bu münasibətlə təbrik edir, yeni-yeni nailiyyətlər arzulayırıq. Uğurlarınız bol olsun,  Sona xanım!

Hörmətlə: Zaur USTAC,

“YAZARLAR” jurnalının baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü

ZAUR USTACIN YAZILARI

SONA ABBASƏLİQIZININ YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

ƏLİ TUDƏ

Qərib nənənin qərib nəvəsi – Əli Tudə

Fədailərimizi tanıyaq!
(Bu rubrikanı babam İsmayıl Paydarın timsalında bütün güneylilərimizə həsr edirəm)
14-cü hissə

ƏLİ TUDƏ
(Siyasi mühacir, şair, ictimai xadim)

Qərib nənənin qərib nəvəsi

-Müəllif: Gəl, Əli! De görüm, Təbrizdən nə gətirdin?
-Ə.Tudə: Sizə mehman gələndə hava ayaz idi, azər (dekabr) ayının soyuğu sıcaq ideyalarımızı, istiqlal arzularımızı çarmıxa çəkmişdi.
Müəllif: Bəs dilində söz, əlində qələm-dəftər var idimi?.
Ə.Tudə: Əslində, əlim bomboş idi. Şeirdə yazmağıma baxmayın.Dəftər, qələm nə gəzirdi, Naxçıvandan keçib, quru canımızı götürüb güclə gəlmişdik.Çox idik, hamımız naçar, hamımız yorğun, hamımız əzgin.Çanaxbulaqdan, Savalandan, Ərdəbildən, Təbrizdən doğma qardaşılarımıza güman gətirdik, özü də pünhan gətirdik.
-Müəllif: Yox, əvvəla burada qonaq sayılmzasan, Əli.Bir də ki, əliboş niyə? Yaxşıca xatırla!
Müəllif: Gəl, bir də başlayaq.Adın?
Ə.T: Əli
Müəllif: Soyadın?
Ə.T: Cavadzadə.
Müəllif: Özünlə nə gətirdin?

Mən nə gətirdim?
Mən öz qardaşıma mehman gələndə
Bir qələm, bir dəftər, bir can gətirdim
Dağların döşünü toplar dələndə
Bir ləkə düşməyən vicdan gətirdim.

Mən onu günəşdən təmiz saxladım,
Canımdan, gözümdən əziz saxladım,
Bu kiçik qəlbimdə dəniz saxladım
Bir xilqət görmədi, pünhan gətirdim

Ucuz tutmasınlar bu sovqatımı
Hissimi, duyğumu, ehsasatımı,
Mən öz varlığımı, öz həyatımı
Doğma qardaşıma qurban gətirdim.

Ürək dağ deyildir, bir parça ətdir
Bəs onu yaşadan hansı qüdrətdir?
Bir arzu, bir ümid, bir məhəbbətdir,
Mən o məhəbbətdən nişan gətirdim

Qardaşım, illərlə istədin ki sən
Öz ana yurdumda azad olum mən…
Lakin cəlalımı dağıtdı düşmən,
Tək sənə, tək sənə güman gətirdim

Yenə Azərbaycan qan ağlayır, qan
O azad olmasa, yaşamam, inan!
Gərək mən Təbrizə qayıdan zaman,
Deyəm ki, təzə bir dövran gətirdim.

Hələ təzə dövrana çox vardı, bir az əvvələ qayıdıram.1924 –cü ilə.Bakıda doğulan uşaq var, əslən Ərdəbilli.Adına Əli demişlər.Özündən olsaydı istərdi ki, onu “Vətən” çağırsınlar.Çün Əli bu xitabdan daha məmnun olardı.Görürəm, duyuram.Ehsasatına bələdəm ona görə.Böyüyür Əli, 20-ci, 30 cu illərin təbəddülatlı Bakısında, Sovet Azərbaycanında nənəsi Qəribin umuduna qalır, çünki valideynlərini erkən itirir.Nənə Qəribin ocağında qəriblik demək nə qədər düz olar?! Vətənin o
başı, bu başı olmaz ki, bu səbəbdən Əlinin yaşadığı illərə qərib illər deməyək.
Ata-baba yurdu Savalan ətəyində yerləşən Çanaxbulaq idi.Ələmqulu kişi və Şahbəyim ananın yurdu qədim Ərdəbildən boy verirdi, amma Əlinin dünyaya təşrif buyurduğu şəhərin adına Bakı deyəcəyik.Əli atasını 1, anasını 5 yaşında itirir.Şeirdən öncə könlünü verdiyi sənət rəssamlıq idi.Bir şakəri də varmış balaca Əlinin.Evin divarlarını qəzetlərdən kəsdiyi şəkillərlə doldurarmış.Divardakı şəkillərdən nafilə söz etmirəm, səbəbi var.
-”Ala gözlər” səbəbmi?
-Mən də bilmirəm.

Gecə mənə baxdın bir mələk kimi,
Çaldı gözlərimi ala gözlərin.
Könlümdən şığıyıb bir şimşək kimi
Az qaldı canımı ala gözlərin.

İndi hər birimiz bir diyardadır,
Dalğın baxışların intizardadır,
Deyirsən: görünmür, bəs o hardadır?
Baxır məlul-məlul yola gözlərin.

Təbrizin yolları burma-burmadır,
Yol çəkən gözləri yollar yormadı.
Bəs nədir illəti? Kimsə sormadı
Nə üçün düşüb o hala gözlərin?!

Sanma gözlərimdən elim uzaqdır,
Cananın əlindən əlim uzaqdır,
Həyat aşiqindən ölüm uzaqdır,
Sənin də görməsin bəla gözlərin.

Görsə tanımazmı göz aşiqini,
Bu sənət vurğunu, söz aşiqini
Gözəl qız! İstərəm öz aşiqini
Arabir yadına sala gözlərin.

Əslində, şair Əlinin bütün lirik şeirlərinin qəhrəmanları da sanki Təbrizə, Ərdəbilə bənzəyir.Bu ikiləşmə, bu paralellər bəlkə də ən çox Əli Tudəyə yaraşırdı.Divar şəkillərini unutmadım, yox…Bakıda hələ o illərdə divarlardakı afişaların nadir şəkillərini Əlidən soruşun, o bilir neyləmək lazım olduğunu.Təsəvvür edin ki, bir yabançı filmin afişası ilə qabaq-qənşər dayanıb yeniyetmə Əli.Lap elə olsun romantik bir filmin afişası.Əvvəlcə filmin məzmunundan sizi hali edim, sonra keçək mətləbə.
Gözəl, ipək saçlı, ağ bədənli, büllur buxağlı, qaraqaş, qaragöz, lap Əlinin xətrinə olsun siyah telli Allahın bir bəlası, yəni bir afət.Yanında da bir bığıburma, çərkəzi paltarlı igid.Heybətli, zabitəli, zəhmli birisi.Sıyrılmış xəncəri göyə bülənd olub, yoxsa qızı vurmaqmı istəyir? Bu dəm məhəl qoymayasan o gənc oğlana.Çəngələyəsən o qızcığazın ipək tellərini.Başa düşək ki, sehrli çubuq kimi bir şeydi afişadakı qızın ipək saçları.Biqəfil rəssam olursan, yox rəssamlıq bir tutqudur, şair olursan, yəni Əli Tudə olursan.Hələki bir azca Əli Tudə.

Siz ey yanar gözləri!
Yuxusuz gecələrim!
Qorxulu gecələrim,
Qorxusuz gecələrim!
Siz nə qədər uzunsuz,
Siz nə qədər dərinsiz,
Siz nə qədər acısız,
Siz nə qədər şirinsiz…
Uzunsuz-
görünməyir
Əvvəliniz, sonunuz.
Dərinsiz-
bilinməyir.
Nə rəngdədir donunuz.
Acısız-
həyatımı
Əllərimdən alırsız.
Şirinsiz-
yaratdığım.
Şeirlərdə qalırsız…
Saçımda
nə qədər artsa dən,
Heç təəssüf etmirəm-
Sizə minnətdaram mən!
Axı, Yalnız sizinlə
Sirdaşım!
Heç nəylə yox!
Vətənimin borcunu
Ödəyirəm mən az-çox…
Axı, yalnız sizinlə
Dinir mənim rübabım,
Axı yalnız sizinlə
Yazdığım hər kitabım,
Həm günəşli, həm aylı
Kainatımdır mənim!
Vətənin qarşısında
Hesabatımdır mənim!
Yox! Bu azdır!
Vətənim
Mənə həyat veribdir
Zirvələrə uçmağa
Mənə qanad veribdir!
Düşünürəm…
Nə olar,
Dincliyə həsrətəm mən
Gərək bütün ömrümü
Vətənə həsr edəm mən!

Balaş Azəroğlu, Şıxəli Qurbanov, Teymur Elçin ilə “Ədəbiyyat “ dərnəyinə üzv oldular.”Heydər Rzazadə” ismi ilə şeirləri də çıxırdı adda-budda. Yeri gəlmişkən, “Heydər” adının da maraqlı tarixçəsi var.Şəhadətnaməsini alarkən dünyasını dəyişən əmisinin adını qoya bilməyən atası bərk kövrəlmiş ilk ağlına gələn adı demişdi.Yəni “Heydər” adını.İmam Əlinin ləqəbi Heydər Şahi-mərdana yaraşan kimi, şair Əliyə də xub yaraşdı.
Əli Tudə:
“Mən bunun səbəbini nənəmdən soruşanda dedi ki, atan şəhadətnaməni alanda Mirzəhüseyn yazdırmağa dili gəlməyib, gənc qardaşı bütün məziyyətləri ilə yadına düşüb.Sevinci kədərinə qarışıb, duruxub; anidən Heydər adını yazdırıb.Evdə isə səni Mirzəli, sonra isə Əli çağırıblar”
Çanaxbulaq kəndi onları müdam haylayırmış, doğmalarının yolunu gözləyirmiş.14 yaşında ikən güneylilərimiz sürgün ediləndə Əli və nənəsi də İrana geri qaytarılır.İnqilabi hərəkata hələ bir az vardı.Qağayılara bənzər ağ dalğalar Qərib nənə ilə yeniyetməni Ənzəliyə uğurlayacaqdı.1946-cı ildə yenidən Bakıya dönsün deyə, amma bu dəfə bilmərrə və nənəsiz.

Kəndimizi istəyirəm
Yol üstdəki bulağıyla,
Kəndimizi istəyirəm.
Gəncliyimin dodağıyla
Kəndimizi istəyirəm.
Mənə “şair balam” deyən,
“Şeir-sənət qalam!” deyən,
Durnalardan salam deyən
Kəndimizi istəyirəm.
“Gülqasım”lı yarğanıyla,
“Gükburun” lu bostanıyla,
Günəşiylə, dumanıyla
Kəndimizi istəyirəm.
\Xəyal hicran dumanında,
Könül vüsal gümanında…
“Çanaxbulaq” ünvanında
Kəndimizi istəyirəm

Əvvəlcə Təbrizə deyil, Ənzəliyə gedirlər, sonra Ərdəbildə “Yumruq”, “Cövdət”, Təbrizdə ”Vətən yolunda” , “Azərbaycan” qəzetlərində şeirləri nəşr olunur.İnqilabi hərəkata qoşulanda lap gənc idi Əli, ancaq yaşından böyük idi, sirdaşlarına şeirin incəliklərini öyrədirdi.Əruz vəznində yazmağa özünə adət eləmiş şairləri heca vəznindəki gözəl nümunələri ilə heyrətləndirə bilirdi.Pişəvəri hökumətində Maarif Nazirliyində tədris şöbəsinin müdiri olur. 22 yaşında, hələ bu harası idi! Təbrizdə Dövlət Filarmoniyasının əsasını, özülünü qoyur.1-ci sinifdən 3-cü sinfə kimi olan ana dilindəki kitablarının nəşrini hazırlayır.
Sonra isə məlum hadisələr…Demokratik Firqənin süqutu…Əlinin iztirablı həyatı. Gündüzlər gizlənib gecələr yola düşurlər.Min-bir əzabla Əli Tudə, Aşıq Hüseyn Cavan və tarzən Yaqub dayı ilə bu taya keçirlər.
Quzeydə kimdən sorsan Əli Tudəni hər kəs deyər ki, mərd adamdı, comərd adamdı.Sözü kəsərli idi.Haqqın, dürüstlüyün yanında durmağı, sözü düz deməyi özünə peşə seçmişdi.Orta məktəbdə Həmdulla müəllimin silləsi onun qarsalanmış üzündə iz buraxandan bu yana yaxşını təqdir, pisi tənqid etmişdi.
“Mən yanar ürəyimə bəzən ürək desəm də,
Bir mürəkkəb qabı tək gəzdirmişəm sinəmdə” – deyən Əli Tudənin 40-a yaxın kitabında nəşr oluanan coşqun şeirlərini oxucular istəyirdi.
Əli Tudənin “Cənub nəğmələri” adlanan ilk kitabının çapı 1950-ci ilə təsadüf edir.Sonra “Bakının işıqları”, “Vətən sevgisi”, “Buludlar” kitabları oxucularla görüşür.Şairin də başı üzərindən buludlar çəkilir.Yazır, yaradır.Şəfiqə xanımı ömür-gün yoldaşı seçir.Təranə, Pərvanə, Rəna, Natiq kimi layiqli övladlara ata olur, amma tək onların taleyində yox, mühacir ömrü yaşamış hər kəs də Əli müəllimin atalıq payı var.Bu gün də nəvəsi Əlinin ömründə yaşamaqda davam edir Əli Tudə, hələ qonaq da gəlib bizə.1946-cı ilin gəlişindən daha fərqli, daha amiranə və daha dostanə.
Müəllif: Gəl, bir də başlayaq.Adın?
Ə.T: Əli
Müəllif: Soyadın?
Ə.T: Cavadzadə.
Müəllif: Ləqəbin?
Ə.T: Tudə, yəni xalq.
Müəllif: Özünlə nə gətirdin? Özünlə nə gətirdin?
Əllərin boş görünür.
Ə.T Əllərim boş olsa da, qəlbimdə Təbrizi gətirdim.
Müəllif: Onda bundan sonra Qərib nənənin qərib nəvəsi sayılmazsan!

19 iyun 2025-ci il,
Turan Uğur
AYB-nin üzvü