Şeirlərilə ürəklərə sevgisini və səmimiyyətini paylayan Vaqif İsaqoğlunun yenicə çapdan çıxmış «Təki ürək qocalmasın» (Bakı, 2025) şeirlər toplusunu bir nəfəsə oxudum və şairin hər şeirinin maqnit gücünü hiss elədim. Onu da hiss elədim ki, bir çox şeirlərində qocalıqdan şikayət edən Vaqif, qocalsa da, yenə həminki Vaqifdi. «Təki ürək qocalmasın», – deyən şair haqlı olaraq belə yazır:
Can sökülür-dərd ha deyil, Saç tökülür dərd ha deyil, Bel bükülür- dərd ha deyil, Təki ürək qocalmasın.
Və yaxud bu misralara diqqət yetirək:
Qəm-kədərlə çox görüşüb, Üstünə dağlar sürüşüb. Təki ürək xəstə düşüb, Təki ürək qocalmasın.
Əvvəlki kitabları kimi «Təki ürək qocalmasın» kitabı da ürəkdə xoş duyğular oyadır. Həm də bu kitab bizi yaşadığımız illərə çəkib aparır, atalı-analı günlərimizi gözlərimiz önündə canlandırır, çox-çox uzaqlarda qalan kənd həyatını, uşaqlıq illərini, o qayğısız günləri, mürgülü xatirələri…yaddaşımızda silkələyib oyadır və istər-istəməz yaşanmış illəri təzədən yaşamalı olursan. O illəri təzədən yaşaya-yaşaya kövrəlirik. Kövrəldikcə ölümə getdikcə daha çox yaxınlaşdığımızı hiss edirik:
De, Vaqifdən nə qalacaq? Çürüyüb torpaq olacaq. Məni yada kim salacaq? Qəbrim üstə kim gələcək?
Vətənpərvərlik duyğuları, ana məhəbbəti, yurd sevgisi, yada düşən xatirələr… kitabın əsas leytmotivini təşkil edir. Şairin ana məhəbbəti, anaya olan sonsuz oğul sevgisi ürəyimizi qubarlandırır, ana həsrətilə için-için odlanmaya bilmirik:
Dərd canımı sıxanda, Gözümdən yaş axanda, Hər gün evdən çıxanda, Anamı axtarıram. Və yaxud bu misralara diqqət yetirək:
Ölüm mələyinin əlindən tutub Anamı görməyə getməliyəm mən. Kitabda sevgi şeirləri ürəkləri daha çox ovsunlayır. Bu da səbəbsiz deyil. Axı qəlbimizi sızıldadan eşqin özü də bir yaradıcılıqdır. Və söz yox ki, Vaqif yaradıcılığında sevgi, məhəbbət önəmli yerlərdən birini tutur. Düşünürəm ki, eşq olmadan əsl sənət əsərləri yaratmaq mümkün deyil. Bu mənada Vaqif İsaqoğlu əsl sənət nümunələri yarada bilib. Şübhəsiz ki, Vaqifin sevgi şeirləri öz ruhuyla adamı başqa bir aləmə çəkib aparır və biz bu sirli-sehirli aləmdə eşq bizə həyatı yenidən kəşf etmək gücü verir. Bu gücü ürəyimizdə hiss edirik. Hiss edirik ki, eşq böyük qüvvədir. Bu gücü, qüvvəni Vaqifin sevgi şeirlərində bir daha görürük: Çıx sinəm üstünə sən doyunca gəz, Ağrıyan ürəyim şikayət etməz. Bu qəmli gözlərim yalan söyləməz, Mənim ürəyimin dərmanı sənsən. Eşq nəcib bir hissdir. Bu hissi şeirlərinə hopduran Vaqif isaqoğlunun hər şeirində əsl şair obrazı boy göstərir. «Mənim ürəyimin dərmanı sənsən», «İydə ağacları çiçəkləmişdi», «Ən gözəl qadını sənsən dünyanın», «A kənqd gözəli» və s. şeirlərdə lirik qəhrəmanın yaşam fəlsəfəsi açılıb-göstərilir.
Günəş şəfəq saçır, sən varsan deyə, Daş da çiçək açır, sən varsan deyə. Mənim can dərmanım olarsan deyə- Sənin tək qadını necə sevməyim?
Şeirlərilə oxucu qəlbinin ən incə tellərini titrədən, insanları mənəvi təmizləyə çağıran, sevib-sevilməyə səsləyən ,həyatın reallığını olduğu kimi açıb-göstərən Vaqif İsaqoğlunun «Təki ürək qocalmasın» şeirlər kitabı deyərdim ki, nurlu bir işıqdır. Oxucuları bu işığa çağırıram. Bu işıqda Vaqif dünyası ilə daha yaxından tanış olacaq, onun dünyasının adamlarını yaxından tanımaq imkanı əldə edəcəksiniz. İnanıram ki, «Təki ürək qocalmasın» – deyən şairin özü yavaş-yavaş qocalsa da, ürəyi son nəfəsinə kimi qocalmayacaq, o, hələ illər sonra da ürəyindən qopub gələn səsləri şeirə çevirəcək və Vaqifsevərlərə göndərəcək. «Təki ürək qocalmasın» kitabı şeirimizə, ədəbiyyatımıza, poeziyasevərlərə həqiqətən dəyərli bir hədiyyədir. Bu söz hədiyyəsinə görə «qələm dostuma «Sağ ol» deyir, yeni-yeni kitablarıyla görüşümüzə gəlməyini arzulayıram.
Hüseyn İSAOĞLU, AYB-nin və AJB-nin üzvü, yazıçı- publisist
Quzunu qurda tapşırdılar, Körpə nəfəsi soyuq küləkdə itdi. Bilmədi ki, dünya bu qədər zalım olar, Onu qoynuna almadı, Onu qucaqlamadı heç kim.
Quzunun naləsi göyə ucaldı, Göy üzü aha büründü. Bir damla yağış, bir ah, Sanki ulduzlar da ağladı. Yarpaqlara toxundu o nalə, Buludların pəncəsinə ilişdi.
Yarasına məlhəm olan olmadı, Qanayan balaca ürəyi Səssizcə çırpındı, Hər baxışda bir sual Heç kəsin qulağı eşitmədi O susqun fəryadı.
Yuvasından ayırdılar, Yuvası da olmadı, Soyuq torpağın qoynuna Tənha bir sükut çökdü Sığal çəkmədi heç kim, Bir damla sevgi olmadı.
O mahnıda dediyi kimi Yaxın gəl, quzum, gecələr uzun… Bir təsəlli səsi, Bir ümid pıçıltısı, Sanki quzu yuxuda Soyuq tərə büründü… Sanki üşüdü arzuları… Gecələr uzundur axı…
Bax, belə itir ömür… Bir quzu səsini yandırar Səssiz gecələrdə… Quzunu qurda tapşırdılar, Bir zaman işıq olan İndi qaranlıq oldu əbədi.
877 İLDƏN SONRA BİR-BİRİNƏ QOVUŞAN YEZNƏ-QAYIN (hekayə) –Fikir vermişəm ki, biz Şirvanlılarda dövlətçilik ənənəsinə sadiqlik instinkti güclü olduğu halda, Qubalılarda peyğəmbər əleyhissəlamın sənətinə – tacirliyə məhəbbət istedadı daha yüksək səviyəyə çatıb. BDU-nun geoloji şöbəsində oxuyurdum. İkinci kursu bitirib, hazırlaşırdım ki, çıxıb gedim Şamaxıya – evimizə, bir də gördüm tələbə yoldaşım Qubalı Valeh sevinə-sevinə girdi qapıdan: –Nə tapmısan, ay Valeh, belə sevinirsən?! –İş yeri tapmışam… –İş yeri var indi bəyəm?! –Özümüzə uyğun… hə! –Hardadı?! –Balakən-Zaqatala filiz rayonuna geoloji təcrübəyə gedə bilərik. 3 ay evdə oturub neyləyəcəyik, tətili orda keçirtsək nəyimiz ziyana gedəcək?! Yeyib-içməyimiz bir yana, heç olmasa beş-on manat da qabağa düşərik. –Düz deyirsən, vallah, evdən pul istəməyə adamın üzü gəlmir day. İnan ki, köynək-köynək ət tökürəm əliboş rayona qayıdanda. Ata-ana yazıq nə qazanır ki?! Beləcə 2 nəfər biz, 2 nəfər də yuxarı kursdan rus, Balakənə getmək uçün təyyarəyə bilet aldıq. Hava şəraiti imkan vermədiyindən 2 dəfə bileti dəyişsək də, işimiz düz gətirmədi. Axırda gördük, vaxt itirməyə dəyməz, avtobusa minib, kürəyimizi dayadıq söykənəcəyə. Balakənə elə bir vaxtda çatdıq ki, nə dükan-bazar, heç yeməkxanalar da açıq deyildi. Ümidsizliyə qapılmağın faydası nəydi ki?! Düşdüyümüz şəraitlə də barışmalıydıq. Barışmaq, yəni ac qarına yatıb, bir də səhər gözlərimizi açmalıydıq. Elə yerimizə girməyə hazırlaşırdıq otğımızın qapısı, deyərdim ki, ərklə döyüldü. Bir-birimizin üzünə baxdıq: –Kimdi tanıyan Balakəndə bizi, görəsən?! –Valeh, Qubada ləzgilər çoxdu, – ona söz atdım, – bəlkə ləzgi dostlarının qohumları sənin Balakənə səfərindən xəbər tutub, dalınca gəlib, qonaq aparmaq istəyirlər?! –Birincisi, hardaydı məndə o bəxt, ikincisi də Balakəndə az qala ləzgilər yaşamır, Azərbaycan türkləriylə yanaşı avarlar daha çoxdu burda. –Valeh gedib qapını açdı. Bir nəfər uca boy adam girdi içəri. Verdiyi “salam”dan, qalın kərpicvari bığından gürcüyə oxşayırdı. Danışmağa başlayanda gördük ki, yanılmamışıq: –Xoş gəlmisiniz! – Deyə, keçib oturdu stolun baş ucunda. – Aşağıda qapıçıdan soruşdum ki, qonaq-qaradan gəlib-eləyən yoxdu ki, var, dedi, 4 tələbə gəlib Bakıdan. Deyə bilərsiniz nəyimə lazımdı gəlib-gedən?! Biz gürcülər ünsiyyətə öyrənmişik, tək qalanda darıxırıq. Neçə aydı ki, buradayam, ürəyim tutan bir adam tapa bilmirəm ki, həmsöhbət olum. Özüm də memaram, Balakənin baş planını hazırlayıram. Bəs siz kimsiniz? –Biz də gələcəyin geoloqlarıyıq. –Əla! Həm yaxşı peşəyə yiyələnirsiniz, həm də sizin işinizdə pomantika var. Sevirəm belə peşəni! Valeh köndələn bir sual verdi: –Nəyi yaxşıdı geoloqluğun?! Gürcü sualı sualla qarşıladı: –Nəyi yaxşı deyil ki?! Bax, sizin geoloqlar vaxtilə nefti kəşf eləyib, verib xalqın öhdəsinə. –Neft özü özünü kəşf eləyib bizdə. Azərbaycan torpağının nefti tarixi-qədimdən üzdə olub. – Dedim. Gürcü təslim olmaq fikrində deyildi: –Bəs dəmirə, qızıla, misə nə deyirsiniz, bəs Neft daşlarını kim tapıb çıxardıb üzə? Etiraz eləməyin yeri yox idi: –Doğrudu… – xorla cavab verdik. –Nə olsun ki, neftdi, qızıldı, dəmirdi, misdi… Moskvaya axıb gedir faydası, amma iş yerləri ki, özünüzdə qalır. On minlərlə neftçiniz var… Özümüz ac, əsnəmək də əsnəmək dalıyca… başımızda yeməkdən və yatmaqdan başqa ayrı fikir yox idi. Gürcü də yəqin yaxşı yeyib, çaxırını da vurub, indi də söhbət eləməyə adam tapmışdı. Başladı yer-yurdumuzla maraqlanmağa. Sanki bizimlə bir rayondan çıxacağına əmin imiş. Əvvəlcə ruslara üzünü tutdu: –Hardansınız? –Bakılıyıq! Tez də bizə tərəf çevriləndə, Valeh qabağa düşdü: –Mən də Qubalıyam. –Bəs siz? – Gürcü mənə baxdı. –Şamaxılıyam, – dedim. Hiss elədim ki, qonağımız oturduğu yerdə bir qədər dikəldi: –Haralı, dediniz, yaxşı eşitmədim?! –Şamaxılı! –Axx… Şamaxı… Şamaxı… –Adınız nədi? –Pasportda adım Ağamahmuddu, qısa olsun deyə, Mahmud deyirlər mənə. – Mahmud, ey əziz insan! – Cəld yerindən durub, gəlib dayandı mənim qarşımda. Mən də tez ayağa qalxdım. – İcazə verin, əlinizi sıxım! – İkiəlli əlimi əlinin içənə alıb, gözünü zillədi gözümə, – qohum olduğumuzu bilirsinizmi, Mahmud?! Nə deyəcəyini başa düşmədiyimdən mat-mat üzünə baxdım. –Yox, belə olmaz, bu “siz” məni dar paltar kimi ya¬man sıxır. Qohum qohumla rəsmi dillə danışmaz. Mən “sən” deyəcəm sənə, Mahmud. Razılıq əlaməti olaraq gülümsədim. –Mən “qohum” deyəndə sən niyə şübhəylə yanaşdın sözümə?! –Axı mən Azərbaycan türküyəm, siz gürcü?! –Baxmayaraq ki, memaram, amma xalqımın tarixini öyrənmişəm. İcazə ver, səndən soruşum, Birinci Axsitan kim olub? –Şirvanşah. –Onun işini-əməlini də bilməmiş olmazsan yəqin?! –Heyf ki, tarixçi deyiləm. –Mahmud, atalar məsəli var, qarı düşmən dost olmaz! Dostumuzun, düşmənimizin kim olduğunu biz yalnız tarixdən öyrənə bilərik. Mütləq onları tanımalıyıq! Min il əvvəlin dostu yenə də dostumuzdu, düşməni də düşmənimiz. Axsitan kimdi, dedin? –Şirvanşah Birinci Axsitan Şirvanşah Üçüncü Məniçöhrün oğlu… –Əhsən! Bəs onların ailələri haqqında nə bilirsən? –Əslində heç nə. –Belə olmaz, qohum, belə olmaz, bilməlisən.– Gürcü tez əllərimi buraxıb, çevrilib, otaqdan çıxdı. –Ay Mahmud, işə saldın da bizi, – Valeh məzəmmətlə mənə baxdı, – deyə bilmirdin Bakıdanam, gərək Şamaxı-lıyam deyəydin?! İndi bu memar bizi qoysa yatmağa, adımı dəyişərəm. Gürcü 10 dəqiqədən sonra yekə bir kitabla içəri girdi. Baxdım ki, “Gürcüstan tarixi”di. –Mahmud, dalımca gəl, qoy yoldaşların bu kitabla tanış olsunlar. –Çək cəzandı, – Valeh dedi, – get o biri kitabları da vur qoltuğuna, gətir tök qabağımıza, gürcü bizə tarix dərsi keçsin. Tələbə yoldaşlarımın yanından çıxıb, gedik gürcünün otağına. 2 qutunu mənə nişan verdi: –Mahmud, adımı demədim sənə bayaq, Vaxtanqdı adım. Bu qutunu sən götür, düş qabağa, bunu da mən. Bizi qucağı dolu görən yoldaşlarım dik atıldı. Cəld başladılar stolun üstünü səliqəyə salmağa. –Qohum, qutuların içindəkiləri yığ süfrəyə. Bir qutunun ağzını açmağımı gördüm. Bir qazança soyutma ət, doktor kolbasası, 2 təndir çörəyi, duz-istiot, pendir, göy-göyərti, 2 şüşə də çaxır… –Əyləşin, əziz qonaqlar. Bir-iki tikə siz yeyin, bir-iki dəqiqə də mən danışım, Mahmudla qohumluğumuzun sir-rini açmaiıyam axı. –Buyurun, buyurun… – yer-yerdən bağırışdıq. –Mən bu nemətləri ona görə gətirdim ki, qohumluğumuzun şərəfinə badə qaldıraq. Əvvəlcə bu qohumluğun üzə çıxmasında bizə yardımçı olan “Bakı-Balakən avtobusu”nun sağlığına içmək istəyirəm. Gülüşdük. –Dostlar, sözüm sizə gülməli gəlməsin, əgər bu avtobus vaxtında gəlib çatsaydı mənzil başına, güman ki, siz də vax¬tında şam eləyib, indi gəzirdiniz Balakən küçələrində. Gözləriniz də qalmışdı türk gözəllərinə oxşayan sarı saç, gözü göy avar qızlarında. Sabah səhər isə mən də, hər şeydən xəbərsiz, olacaqdım Laqadoxidə, yəni Vətən torpağında. Nə Mahmudu görəcəkdim, nə qohumluğumuzu yad eləyəcəkdik. Odur ki, içək “Bakı-Balakən avtobusu”nun sağlığına! –Yaşasın “Bakı-Balakən avtobusu”! Urra… – badələri başımıza çəkib, yeməyə davam elədik. –Mahmud, mənə baxmayın, mən bəs deyincə yemişəm,. – Vaxtanq canıyananlıqla bizi yeməyə həvəsləndirdi. – Amma mən tarixi keçmişimizi vərəqləmək istəyirəm. –Buyurun, buyurun… –xorla cavab verdik. –Bayaq Mahmuddan nahaq yerə soruşmadım Şirvanşahlar haqqında. Gürcüstanı vahid dövlət halına salan Qurucu David uzaqgörən olub. O, siyasi məqsədlər üçün qıpçaq hakimi Ətrəkin qızı Quranduxtla evlənib, 1118–1120-ci illərdə 45 minlik süvari orduyla birgə 200 min qıpçağı Şimali Qafqazdan Şərqi Gürcüstana köçürtmərlə onların təcavüzündən xilas eləyib ölkəmizi. Həmçinin bizim Qurucu atamız David, səlcuqlara qarşı mübarizədə Şirvanşahlarla eyni mövqedə olduqlarını görüb, qızı Tamarı verib Şirvanşah Əfridunun oğlu Məniçöhrə. Deyim ki, Şirvan şahlığının da bu qohumluğa ehtiyacı vardı. İki qonşu dövlət xarici müdaxiləyə qarşı birgə duruş gətirə bilərdilər. Şahbanu Tamar qadınlıq həyatını əyləncələrlə keçirtməyib, Şirvan dövlətinə 3 igid, bir mələk bəxş eləyib. Məniçöhrlə Tamarın böyük oğlu ki, Birinci Axsitan idi, ona da Gürcü çarı Üçüncü Georginin bacısı qızı İsmət ət-Dini alıblar. Mahmud, bildin da qohumluğumuzun tarixçəsini?! Burdan da, yəni 1111-ci ildən – Məniçöhrlə Tamarın evləndiyi tarixdən səninlə mən olmuşuq yeznə-qayın, ey gözəl insan! –Çox sağ olun bu məlumatlara görə, əziz Vaxtanq! –Mahmud, uşaqlara de əl saxlasın, çaxırı qoymayaq istilənməyə. Dostlar, bu badələri də içək Şirvanşalardan və Qurucu Daviddən yadigar qalan qohumluğun və 877 ildən sonra bir-birini tapan yeznə-qayın Mahmudla Vaxtanqın sağlığına! Biz gülüşüb, badələri çaqqıldatdıq: –Var olsunlar! Var olsunlar!– Çığırıb-bağırıb, çaxırı başımıza çəkdik. –Böyük şairləriniz Xaqani Şirvani və Fələki Şirvaninin əsərlərində Məniçöhr və Axsitan haqqında dəyərli fi-kirlər var. Xaqaninin Təbrizdə tapılan bir məktubunda deyilir ki, Gürcü çarı III Georginin başının üstünü qara buludlar alanda, Axsitan Şirvanın cəsur döyüşçüləriylə Şəkinin cənubundan Abxaza yollandı. Burada üsyan eləyən dəstələri güclü zərbə ilə məğlubiyyətə uğradıb, ölkəmizi, sevimli Gürcüstanımızı fəlakətdən xilas elədi… Siz bir dostluğun, qohumluğun gücünə baxın, Axsitan istəsəydi Gürcüstanı işğal eləyərdi, amma bir müttəfiq kimi belə yanlış fikirlər onun heç ağlının ucundan da keçməmişdi. Biz maraqla gürcü memarın söhbətinə qulaq asırdıq. –Allaha şükür, biz gürcülərlə siz Azərbaycan türkləri dostumuzu-düşmənimizi yaxşı tanıyırıq, Mahmud! – Vaxtanq dedi, – bu badələri də qaldıraq – yeznələrimiz Şirvanşah Məniçöhrlə Şahbanu Tamarın, Şirvanşah Axsitanla İsmətin müqəddəs ruhlarının şərəfinə! Şad olsun ruhları! – Şad olsun! Şad olsun!– Biz də onun səsinə səs verdik. –Belə olmaz, dostlar, belə olmaz, – Vaxtanq bizi məzəmmət elədi, – müsəlmançılıq yeri deyil, o boyda şəxsiyyətlərin şərəfinə ayağa qalxmaq lazımdı! Tez atılıb durduq yerimizdən. Badələri başımıza çəkən kimi də oturub, yenidən əl uzatdıq yeməyə. Vaxtanq hərdən bir-iki tikə götürüb, bizim həvəslə yeməyimizə tamaşa eləyirdi. Bir azdan axır ki, doyub, süfrədən əl çəkdik. Rus tələbələrdən biri gözləmədiyimiz halda danışmağa başladı: –Tarixlə maraqlanan biri kimi bu həqiqətləri eşitmək ləzzət elədi mənə. Doğrusu mən tarix fakültəsinə girməyə hazırlaşırdım. Odur ki, Azərbaycanın orta əsrlər tarixiylə maraqlanırdım. İş elə gətirdi balım çatmadı, konkursa düşdüm. Növbəti ili geoloji fakültəyə üz tutdum. Bir sualım var, yoldaş Vaxtanq, sizə? –Buyurun. –Doğrudan da Şirvanşahla Gürcü çarları belə yaxın qohum idilərsə niyə Qurucu David 3 dəfə Şirvana hücum eləyib. Onun ölümündən sonra 1139-cu ildə Gəncədə baş verən zəlzələ böyük dağıntılara səbəb olanda, belə ağır vaxtda şəhəri qarət eləməyə gələn gürcülər məşhur Gəncə qapılarını götürüb aparıb Gürcüstana. İndi də bir tayı Gelati monastrında saxlanılır. Vaxtanq sualı eşidən kimi əvvəlcə mənə baxdı, sonra da üzünü tutdu rusa: –Adın nədir sənin? –İqor. –Millətin nədi bəs? –Rus. –Rusdillisən, yoxsa rus?! –Xalis rusam. –Bərəkallah, deməli xalis russan?! Unutma ki, qardaşın da qardaşla arası dəyir hərdən, hətta əlbəyaxa da olurlar. Bu o demək deyil ki, onlar düşmən olaraq qalır. Axırda barışırlar. Ona görə ki, yad deyillər, doğmadırlar. – Gürcü yenidən üz tutdu mənə. – Mahmud, vallah, biz XIX əsrə qədər Qafqazda çox mehriban yaşayırdıq. Elə ki, aramıza yad millət gəlib girdi, bizi öyrədib, saldırdı bir-birimizin üstünə – rahatlığımız pozuldu. Bu gün də onun əzabını çəkirik, qohum! 24-31.05.2025
Seni gördüğümde her an sevgilim, Kalbimden deli bir kıvılcım kopar. Diyordum kimseyi sevemem ama, Bu aşkın alevi ruhumu yakar.
Suskundu, sessizdi yorgun yüreğim, Senden sonra sığmaz artik göğsüme, Çırpınır denizin dalgalarında Çılğın çocuk gibi koşar üstüme.
Farketmedim ne oldu, nasıl oldu, Gecə ve gündüz gelirsin aklıma, Bu deli aşkı hep hayal ederdim Hoş geldin sevgilim sen hayatıma.
Sevmeyi bilmezdim ben sana kadar, Bu aşkı bana ,sen öğrettin sen. Bende bu sevgiyi yaratan adam, Sevgime sebepsin, sebebisin sen. Bu sevgi günahsa, günahkarsın sen.
ÖZLEMEK NEDİR
Ben iyi biliyorum özlemek nedir, Özleyen kalbin hasreti çoktur. Kalbimi sevdana verdiğim günden- Sanki göğsümde yüreğim yoktur.
Sen nerden bilesin özlemek nedir, Su olub arkamca hiç akmadın ki, Çırpınıb sahilde dalgalar gibi, Benim için kalbini hiç yakmadınki.
Ben iyi biliyorum özlemek nedir, Özlemek kedere dalmak demekdir. Toplansa başına tüm kainat, Özlemek tek- tenha kalmak demektir.
Ben iyi biliyorum özlemek nedir, Özleyen bir insan kışa benzermiş. Küçük kafesdeki çırpınan kalbi, Kanadı kırılmış kuşa benzermiş.
Ben iyi biliyorum özlemek nedir, Özlemek uykunu unutmak demek. Geceler uykusuz sabaha kadar, Allahdan ebedi uyku dilemek…
Ben iyi biliyorum özlemek nedir, Kadere, kısmete acı eklemek. Ben iyi biliyorum özlemek nedir, Çaresiz umudu her an beklemek…
Bu gecə qəribsədim qürbət evimdə… Ay batana qədər ay işığında,Günəş doğandan sonra gün işığında gözümü qırpmadan kölgəmi izlədim. Kölgəm də nədənsə mənə yad, qərib gəldi, sonra yenə gözlərimin yağışı başladı, yenə səngiməyən narahatçılıq… Beynimdə sanki saat əqrəbi dövr edir, hər dövrəsində qılınc kimi biçir zamanı.. ümid küləyinin uğultusu qulağımdakı ümidsiz sözlərin səsini batırsa da ,cəsur qorxular heç çəkinmədən ürəyimə şığıyır.. Fikirlər sinəmdə tonqal qalayıb, duyğularım, düşüncələrim alovlanır o tonqalda. Tək bir cümlə bağırır ürəyim. . Bir möcüzə fırtınası olsa…. Mən o fırtınanı gözləyirəm.. Çünki , mənim dünyamın harayına çata biləcək tək şey o möcüzə fırtınasıdır.
Haqsızlıq içrə sən ey, lal olub susan qadın, Qərib tənhalığında öfkəsin qucan qadın, Səbri dar ağac edib, özünü asan qadın, Üzün pak, gözün gülür, hər an təbəssümlüsən, And ola o Allaha, sən yalandan gülursən!
Günah mənimdir deyib, özünü qinayırsan, Yaşadığın hər günü qara günün sayırsan, Susqun durub, bəlkə də, hər kəsi sınayırsan, Gecələr yatır, ölür, sübh səhər dirilirsən, And ola o Allaha, sən yalandan gülürsən.
Yuvasinda bir qərib qaranquşa bənzədin, Baharin ortasinda soyuq qışa bənzədin, Sərtləsdi əl-ayağın qaya, daşa bənzədin, Kipriyin kölgəsində sığınıb, gizlənmisən, And ola o Allaha sən yalandan gülürsən.
O nakam arzuları yada salırsan hərdən, Qırılan ümidlərə düyün vurursan hərdən, Ucurub xəyalları, gah da qurursan hərdən, Sən cənnətin qızısan, buluddan süzülmüsən And ola o Allaha sən yalandan gülursən!!!….
AĞLAYAN XATİRƏLƏR
Qəlbim göylər kimi aydın olsa da, Gecələr gecətək qaralmağım var. Hər bahar ruhumda güllər açsa da, Payızda yarpaqtək saralmağım var. Dağların qarıtək soyuyub sinəm, Donmuşam bir daha çətin isinəm . Elə bil bulud da ,yağış da mənəm, Çayların suyutək durulmağım var.
Həyatım küləyə,yelə bənzəyir, Dağlardan kükrəyən selə bənzəyir, Qönçəsi çatlamış gülə bənzəyir, Taleyə, qədərə qırılmağım var. Eşqim uca idi hər şeydən uca, Sevgimi qorudum ömür boyunca. Sarıla bilmədim ona doyunca, Təkcə xatirəyə sarılmağım var.
Bilmirəm həyatda yoxam ya varam , Baxdıqca geriyə sızlayır yaram. Özümü heç bir vaxt bağışlamaram , Ən çox da özümə daralmağım var.
ÇALIŞ
Hər işin bəhrəsini əğər görmək istəsən, Öncə o işini sən, gərək içdən sevəsən. Əziyyətin əlində qalmayacaq o zaman, Arzuya gec -tez çatar çalışan hər bir insan. Gələcək planını kimsəyə açıb tökmə, Hər insanı özüntək saf ürəkli zənn etmə. Qısqananlar olacaq, həyatında hər zaman, Pis niyyətli insandan, hər zaman uzaq dayan. Yaxın sanma heç kimi, yaraların göstərmə, Kimsədən mədət umma, heç bir şey də gözləmə, Hərənin öz dərdi var, öz dərdini gizlin çək, Heç nə əbədi deyil, dərd də, qəm də bitəcək. Dost kimi görünənlər guya sənin yanında, İlan kimi sancarlar,ən sevincli anında, Nankörə yaxşılıq et, gör sənə nələr edər. Etdiyin yaxşılığı bir anda alt-üst edər. Məsafə saxla hər dəm yaxın ,uzaq fərq etməz “İnsandan” qorx həmişə heyvanlar zərər verməz. Qırmızı xəttlərini keçənlərə söz vermə. Yaxşısı budur ki sən, arsıza heç üz vermə!
SƏN QATACAĞAM (bu şeirə mahnı bəstələnib) Mus: Farahim Sadiq Xalq artisti Nazpəri Dostəliyeva və Rövşən Məmmədov ifa edib
Sənsiz heç bir şeyin dadı qalmadı, Sənsizliyi silib mən atacağam. Udduğum havaya, içdiyim suya, Bir az da özümə “sən” qatacağam.
Yaşıl yamaclarda şehin səthinə Çiçəyin ətrinə, gülün ətrinə, Mənə yaşatdığın sevgi xətrinə, Sazıma, sözümə “sən ” qatacağam.
Son ümid, son arzu, son istəyimə, Bu günə,sabaha, gələcəyimə, Sənsiz mən ağlayıb güləcəyimə, Bir az da gözümə “sən “qatacağam. Ruhumun özünə “sən “qatacağam.
DÜNYADA ƏDALƏT HAQQ QURAN ELİM (mahnı bəstələnib) Mus: Sevinc Tofiq qızı Xalq artisti Sevinc İbrahimova ifa edib
Sən qədim yurdumsan, Azərbaycanım!!! Poladlar qanıyla tarixlər yazır. Mübariz qeyrətli iğid oğullar Vətəni yolunda ölümə hazır.
Başını uca tut Qarabağ ,Şuşam, Hər Vətən övladın, sənə min əsgər. Sənin dayağındır Türkün ulusu, Bir yanın Dərbənddir,bir yanın Kəngər!!!
Zəfərdən- zəfərə adlayan,keçən, Dayanma, dayanma, irəli ordum!!! Zirvəyə daşıdıq məşəlimizi, Zülməti nur ilə boyadıq, yurdum!!!
Günbatan ,gündoğan oylağın olmuş!!! Birləşib yumruq ol, ey Turan elim… İlhamla Ərdoğan bayrağın olmuş, Dünyada ədalət ,haqq quran elim!!
SORUŞURSUZ NECƏYƏM!?
Soruşursuz, necəyəm?… İndi nə cavab verim. Mən susum saatlarla, Cavab versin şeirim.
Yarım köçəndən bəri, Qurumuş çay olmuşam. Nə gündüzəm, nə gecə Yatmayan Ay olmuşam.
Otağım da darıxır Bomboş görünür hər yan. Bu dörd ayda olanlar, Ağlımdan çıxmır bir an.
Pəncərəmizin gözü Gözüm kimi nəmlənib. Əşyaları hər yerdə Evim yasa bələnib.
Bişirdiyim yeməkdə Yoxdur əvvəlki tam, dad. Heç nəyə həvəs yoxdur, Ev-eşik gözümdə yad.
Elə göynəyir sinəm Yarama duz basıram. Dərdimin dəryasında Hər gün bir az batıram.
Gah xatirə odunda diri-diri yanıram. Gah da yayın ortası tir-tir əsib donuram.
Elə çox darıxıram Əlim çatmır yarıma. Dualarla ovunub, Sığınmışam Tanrıma.
Necəsən deyənlərə Cavab verə bilmirəm. Qəhəri uda-uda Səssizcə kövrəlirəm.
HƏSRƏTİN PIÇILTISI
Bir sükut bürüyüb gündüz-gecəmi, Susan duyğularda alışıram mən, Eləbil biçilib həsrət boyuma, Hansı yalnızlıqdan danışıram mən?…
Ümid adlı dostum günün sonunda, Mürgü vurur ayın ışıltısında. O an qulağıma ilişir səsin, Gecənin yalnızlıq pıçıltısında.
Yanımda elə çox yerin görünür Gözümdə kövrəlir arzular yenə. Elə çox göynəyir, burnumun ucu Sadəcə gəlirsən yuxumda mənə.
Özümü tanıya bilmirəm daha, Nəsə pıçıldayır dilim, dodağım, Yaxşı ki, zamanın ayaqları var. İllərcə amansız oldu sınağım.
Kaş həsrətin ömrü qısa olaydı. Yaşanmadı sənsiz keçən bu günlər. Çarəsiz olmağım yorsa da məni, Səbrimi qoruyur görünməz güclər.
Əllərin dəyməyən saçı neynirəm
Süslərdim saçımı çiçək tacıyla, Sən yoxsan yanımda, tacı neynirəm. Kəsdim saçlarımı,sənin yolunda Əllərin dəyməyən saçı neynirəm.
ÖMÜR KİTABIM
Gündəlik yazmışam ömür yolundan, Hərdən vərəqlərə nəzər salıram. Hər vərəq xatirə,hər vərəq yaddaş, Hər vərəq sonunda donub qalıram.
İlk vərəq ömrümün gənclik çağından, Bircə o vərəği boş saxlamışam. Olmayan bir şeydən nə yazım axı? Gözümdən bir damla yaş saxlamışam.
Ömür kitabımın hər, vərəğində, Sevinclə kədəri qoşa yazmışam. İçimdə boğulub qalan kəlmələr, Onu suya deyib, daşa yazmışam.
Beləcə ağacdan düşən yarpaqtək, Hər vərəq bir yarpaq olub, saralmış. Asılıb qalmışam xatirələrdən, Xatirə qəlbimdə əcəb yer almış.
GÖZƏL DEYİLMİŞ
Uşaqkən, böyümək istədim hər gün, Qəlbimdə min arzu, min dilək, ana. Böyüdüm dərdim də böyüdü mənlə, Heç gözəl deyilmiş böyümək ana.
Hər gün gözləyirdim doğum günümü, Olmazdı kədərim, olmazdı qəmim. Hopardı zehnimə o gözəl anlar, Kiçik oyuncağı dünya bilərdim.
Kaş yenə oynayıb uşaq oynumu, Dərdin atəşindən uzaq olaydım. Qaçıb gizlənərdim qanlı fələkdən, Dünyadan doyunca ləzzət alaydım.
Gülərüz qız idim,dərdsizdim, ana. Bilməzdim xoşbextlik çox az sürəcək. Vüsal dəryasında üzdüyüm zaman, Mən hardan biləydim hicran gələcək.
Elə bilirdim ki,böyümək gözəl, Bilməzdim nə imiş qəlb sarsıntısı. Sanmışdım hər zaman sevinəcəyəm, Nə qədər ağırmış dərd sıxıntısı.
Uşaqkən yaralar tez sağalardı, Yeməzdi içindən yara heç kəsi. Yaranın bircəcik məlhəmi vardı, O da ana eşqi, ana sevgisi.
Üşaqkən böyümək istədim elə, Qəlbimdə min arzu, min dilək ana. Böyüdüm dərdim də böyüdü mənlə, Heç gözəl deyilmiş böyümək ana.
Azərbaycanda və Türkiyədə kifayət qədər yaxşı tanınmış, Azərbaycan Yazıçılar Birliyinin üzvü şair Səadət QƏRİBin “YANIQLI BİR BAYATIYAM” adlı yeni şeirlər kitabı bu yaxınlarda İranda çap olunub. Onu qeyd edək ki, bu sayca şairin işıq üzü görmüş üçüncü kitabdır. Kitabın redaktoru Hüseyin Soytürkdür. Müəllifin eyni adlı şeirini təqdim edirik:
Yanıqlı bir bayatıyam
Gecə yumub gözlərini ulduzları sürükləyir. Yuxum da bir himə bəndmiş, o da məni silkələyir.
Ayrılığın vahiməsi ləpələnir düşüncəmdə. Ümidlərim çox titrəyib, buz bağlayıb hər gecəmdə.
Təpikləyir addımbaşı xatirələr yaddaşımı. Sükut səsimə səs verir İtirəndə mən başımı.
Qürurun qol-qanadını bəzən qırmaq istəmişəm. Vicdansız olan fələyin saçın yolmaq istəmişəm.
Bəlkələrin tüstüsüylə həsrət qoxubdur otağım. Sənsiz qalan günlərimdə şeir olur dərd ortağım.
İndi qərib ürəyimin İçində qərib dünyayam. Saz ruhunda zilə qalxan yanıqlı bir bayatıyam.