I Türk Dünyası Uşaq Festivalı

I Türk Dünyası Uşaq Festivalı

Bildiyiniz kimi, Bakıda Beynəlxalq Türk Müəllifləri Birliyinin təşkilatçılığı ilə IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi. Festival 24-31 may tarixində Elmlər Akademiyası parkında təşkil edilmişdi.
Bu il ilk dəfə ölkəmizdə Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 1 iyun tarixində I Türk Dünyası Uşaq Festivalı da keçirildi.
Səhər saatlarından başlayan festivalda Tofiq İsmayılov adına 6 nömrəli liseyin şagirdlərinin ifasında tanınmış uşaq yazıçısı Sevinc Nuruqızının əsəri əsasında səhnələşdirilən “Melisa” tamaşası nümayiş etdirildi. Qeyd edək ki, yazıçının “Melisa” əsəri Azərbaycan, türk, ingilis, rus, fars və alman dillərində nəşr olunub.
Sonra festival uşaq ədəbiyyatı ilə bağlı müxtəlif panel müzakirələrlə davam etdi. Tədbirdə filologiya üzrə fəlsəfə doktoru Aytən Qurbanova, yazıçı Narıngül Nadir, Sevinc Nuruqızı, Mina Rəşid uşaqların bayramını təbrik edərək, bütün dünyaya sülh arzuladılar. Sevinc Nuruqızının söylədiyi “Vətəndən uca”, “Ağ xoruzun hekayəsi” adlı şeirləri istər uşaq, istərsə də, yaşlı tamaşaçıların böyük marağına səbəb oldu.
Mina Rəşid ədəbiyyatımızda Qarabağ mövzusundan danışdı, o qeyd etdi ki, yazdığı şeirlər onun həm də həyatı ilə bağlıdır. O, Ağdamda doğulub, Birinci Qarabağ müharibəsində atası gözləri önündə şəhid olub, iki qardaşı qazidir. O, bu gün Şanlı Zəfərimizi, dogma torpaqlarımıza möhtəşəm qayıdışımızı böyük həvəslə vəsv etməkdən qürur duyur. “Vətən səsi” nin əməkdaşı olan Mina Rəşidin “Füzuli”, “Laçın”, “Ağdərə”, “Xarıbülbül” və digər mənəvi dəyərlərimizə həsr edilmiş şeirləri maraqla qarşılandı.
Bundan sonra uşaq ədəbiyyatının tanınmış nümayəndələri Rafiq Yusifoğlu və Qəşəm İsabəyli “Klassik uşaq ədəbiyyatına müasir baxış” mövzusunda çıxış etdilər. Rafiq Yusifoğlu ədəbiyyatın gücündən danışdı. O, buna şahid olduğunu söylədi.
Festival çərçivəsində məktəblilər şeir nümunələri səsləndirdi və musiqili və bədii kompozisiyalarla çıxış etdilər.

Qeyd edək ki, I Türk Dünyası Uşaq Festivalı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, İLESAM, Dünya Gənc Türk Yazarlar Birliyi, “İnam Mühafizə” şirkəti, Mədəniyyət kanalı və Bizim.Media informasiya portalının təşkilati dəstəyi ilə həyata keçirilib.

Günel Quliyeva

Haçansa kefimin gülən vaxtında

Haçansa kefimin gülən vaxtında,
Dindirib ağzımdan söz almışdılar.
İllərdir üzümə gülən adamlar,
Arxamca gör nələr danışmışdılar…

Özləri bir dərdə dərman olmayıb,
Yalandan dost olub yol almışdılar.
Qəlbimdə min sevgi cücərdən zaman
Eşq dolu bağçamı talamışdılar…

İndi içimdəki uşaq böyüyüb,
Dünyanın hər üzü ona görünüb.
Bu dövran təzəcə ağ günü görüb,
Onu da qapqara boyamışdılar…

Müəllif: Şəlalə CAMAL

KƏLBƏCƏR HAQQINDA

ŞƏLALƏ CAMALIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“Gültəkin xaqan” romanı haqqında notlar

“Gültəkin xaqan” romanı haqqında notlar
Elçin Hüseynbəylinin “Gültəkin xaqan” romanı çağdaş Azərbaycan ədəbiyyatında milli kimlik və tarixi yaddaş mövzusunu mərkəzə çəkən mühüm əsərlərdən biridir. Romanda müəllif keçmişin bədii rekonstruksiyası ilə bugünkü milli və mənəvi problemlər arasında körpü qurmağa çalışır. Göytürk xaqanlığı kimi qədim türklərin tarixi bir mərhələsinə müraciət etməklə yazıçı, oxucunu həm tarixi tanımağa, həm də öz kimliyini anlamağa səsləyir. Bu, yalnız keçmişə maraq deyil, həm də milli özünüdərkin dirçəlişi üçün çağırışdır.
“Gültəkin xaqan” romanı türk xalqlarının tarixində mühüm yer tutan Göytürk imperiyası və onun liderləri vasitəsilə oxucuya milli kimlik, yaddaş və mənəvi dirçəliş ideyalarını çatdırır. Əsər həm tarixi faktlara əsaslanır, həm də mifoloji elementlər və simvolik strukturlarla zənginləşdirilərək bədii gücünü artırır. Müəllifin məqsədi yalnız keçmişi canlandırmaq deyil, həm də bugünkü milli özünüdərk problemlərinə işıq salmaqdır.
Gültəkin xaqan obrazı, əfsanəvi liderlər silsiləsinə daxil edilə biləcək səviyyədə ucaldılmışdır. Lakin bu idealizasiya onu oxucudan uzaqlaşdırmır. Əksinə, müəllifin ustalıqla yaratdığı daxili monoloqlar, psixoloji keçidlər və strateji qərarların arxa planı onu həm də realist bir lider kimi təqdim edir. Xaqan güc və hikmətin simvolu olmaqla yanaşı, insan təbiətinin çətinlikləri və sualları ilə də üz-üzə qalır. O, həm siyasi liderdir, həm də filosof. Onun daxili dilemması yalnız düşmənə qarşı deyil, xalqın içindəki inamsızlığa və tarix qarşısında məsuliyyətə qarşı yönəlmişdir.
Gültəkin xaqan obrazı yalnız qəhrəmanlıq və liderliklə deyil, həm də daxili təlatümləri və düşüncələri ilə oxucuya çatdırılır. O, yalnız savaş meydanında deyil, həm də mənəvi cəbhədə döyüşən bir liderdir. Xaqan, xalqının taleyini dəyişmək istəyən, tarixə yön verən və zamanla mübarizə aparan obrazdır. Onun liderliyi gücə yox, zəkaya və mənəviyyata əsaslanır.
Romanın güclü tərəflərindən biri də tarixi reallıqla bədii təxəyyülün ahəngdar vəhdətidir. Göytürk dövrünün reallıqları – dövlət quruculuğu, qəbilə münasibətləri, xaqanlıq mübarizələri – bədii təsvirlərlə və simvolik səhnələrlə dərinləşdirilir. Elçin Hüseynbəyli tarixə yalnız faktlar silsiləsi kimi deyil, həm də mənəvi və mifik məkan kimi baxır. Bu yanaşma oxucunu yalnız informativ deyil, həm də emosional və intellektual səviyyədə əsərə bağlayır.
Əsərdə real tarix və mifoloji təxəyyül ustalıqla birləşdirilir. Göytürk imperiyası, Orxon-Yenisey abidələri, və xaqanlıq sistemləri müəllifin bədii təxəyyülü ilə qovuşaraq canlı bir bədii dünya yaradır. Bozqurd, qutsal dağ, ana obrazı və digər simvollar türk mifologiyasının əsas elementlərini daşıyır və oxucuda kollektiv yaddaşı oyadır.
Əsərdə simvollar çoxqatlı məna daşıyır. Bozqurd – türk kimliyinin təməl simvoludur və əsərdə o, xalqın yönünü, dirənişini və azadlıq istəyini təmsil edir. Dağlar – əbədilik, güc və müqəddəslikdir. Qadın obrazları – ana, həyat yoldaşı, torpaq və mədəniyyətin təcəssümüdür. Xüsusilə ana obrazı əsərdə torpaqla eyniləşdirilir: qoruyur, bəsləyir, amma həm də qurban verilir. Bu simvolik struktur, romanın fəlsəfi təbəqəsini genişləndirir və oxucunun dərin düşünməsinə zəmin yaradır.
Elçin Hüseynbəyli öz dil üslubunda həm klassik dastan ənənələrindən, həm də müasir roman texnikasından istifadə edir. Əsərin dili çoxqatlıdır: sadə təsvirlərlə yanaşı, fəlsəfi fikirlərlə yüklü cümlələr, poetik təsvirlər, arxaik sözlər və ritmik struktur da bu sintezin bir hissəsidir. Beləliklə, roman yalnız məzmun baxımından deyil, dil baxımından da milli ədəbiyyatın bədii imkanlarını nümayiş etdirir.
Roman simvolizm baxımından olduqca zəngindir. Bozqurd – azadlıq və yolgöstərici; ana obrazı – torpaq, millət və müqəddəslik; xəyanətkar fiqurlar – daxili parçalanmanın simvoludur. Bu simvollar oxucuya sadəcə vizual obrazlar kimi deyil, həm də dərin mənəvi və fəlsəfi təhlil vasitəsi kimi təqdim olunur. Məsələn, Bozqurdun peyda olması xalqın oyanışını və xaqanın ruhən yenilənməsini bildirir.
Romanda zaman yalnız keçmiş olaraq qalmır, həm də gələcəyə işarədir. Müəllifin əsas qayəsi, keçmişi öyrənərək gələcəyi formalaşdırmaqdır. Gültəkin xaqanın apardığı mübarizə bu gün də aktualdır – milli birlik, mənəvi oyanış və tarixi məsuliyyət hissi. Roman bugünkü oxucuya ‘Sən kimsən?’ sualını ünvanlayır və cavabı keçmişdən almağa çağırır.
“Gültəkin xaqan” romanı həm bədii, həm də ideoloji baxımdan dəyərli əsərdir. O, tarixi dərketməyi, milli kimliyə sahib çıxmağı və mənəvi oyanışı təbliğ edir. Bu baxımdan, əsər yalnız bir roman deyil, bir çağırış, bir xəbərdarlıq və eyni zamanda bir ümiddir. O, həm ədəbiyyatsevərlər, həm tarix meraklıları, həm də milli düşüncə daşıyıcıları üçün əvəzsiz bir qaynaqdır. Elçin Hüseynbəylinin “Gültəkin xaqan” romanı türk xalqlarının tarixində mühüm yer tutan Göytürk imperiyası və onun liderləri vasitəsilə oxucuya milli kimlik, yaddaş və mənəvi dirçəliş ideyalarını çatdırır. Əsər həm tarixi faktlara əsaslanır, həm də mifoloji elementlər və simvolik strukturlarla zənginləşdirilərək bədii gücünü artırır. Müəllifin məqsədi yalnız keçmişi canlandırmaq deyil, həm də bugünkü milli özünüdərk problemlərinə işıq salmaqdır.
Əsər yalnız keçmişi deyil, bu günü də ehtiva edir. Müəllifin məqsədi tarixi öyrətmək deyil, bu tarixi anlayaraq bugünkü milli kimlik problemini anlamağa yönəltməkdir. ‘Gültəkin xaqan’ obrazı XXI əsrin oxucusuna da çağırışdır: öz köklərini unutma, tarixini bil və mənəviyyatını itirmə. Əsər eyni zamanda klassik Azərbaycan ədəbiyyatındakı millilik ideyasını davam etdirərək yeni bir mərhələ açır.
“Gültəkin xaqan” romanı təkcə bir tarixi dövrün bədii inikası deyil, həm də xalqın mənəvi dirçəliş çağırışıdır. Əsər oxucunu yalnız tarixi öyrənməyə deyil, həm də onu yaşamağa və gələcəyə daşımağa dəvət edir. Bu baxımdan roman milli ədəbiyyatımızın dəyərli nümunələrindən biri olaraq gələcək nəsillərə milli kimlik və şüur mirası buraxır.
Sonda dustumu təbrik edərək, üğürlar arzülayıram.

Müəllif: Elyar POLAD – إلیار پۏلاد

ELYAR POLADIN YAZILARI – إلیار پۏلاد


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ELOĞLUM FƏXRİMİZDİ

ELOĞLUM FƏXRİMİZDİ

Keçmişi dilə gətirən yeganə vasitə xatirələrdi. Xatirələri dilə gətirmək, qələmə almaq, başqaları ilə bölüşmək o qədər də asan məsələ deyil.

Yaxın günlərdə eloğlum Azərbaycan ETN-nin Coğrafiya İnstitutunun şöbə müdiri Nəriman Əziz oğlu Paşayevin 65 illik yubileyi olacaq. Eloglumu yubileyi münasibəti ilə ürəyimdən gələn səsləri qələmə almalı oldum. Neyləyim, mənim də hədiyyəm sözdü. Və bir də sözdən qiymətli dünyada nə var?
Belə ki, ürəyə yazılan və heç vaxt unudulmayan, qəbr evinə kimi səninlə yoldaşlıq edən acılı – şirinli günlər, yaşanan duyğular… insan ömrünə vurulan naxışlardı. Pozulması mümkün olmayan bu naxışlar insan yaşa dolduqca daha aydın görünməyə başlayır. Bu mənada hər birimiz öz içimizdə yaddaşımızın yükünü gəzdiririk. Vaxt sürətlə gəlib keçir.İyirmi yaşından Hacılar kəndindən Bakıya gələn Nəriman Paşayevin indi 65 yaşına gəlib çatıb. İllər necə gəlib – keçdiyindən xəbərim olmayıb. Bir də baxıb gördüm ki,65 yaşım əlini ” sıxmağa hazırlaşıram”
Nəriman müəllim mənalı, şərəfli ömür sürür. Halal elm sahibidir. Halal süfrəsinə haram tikə qoymayıb. Təmiz qəlbi,saf vicdanı var. Əsl insan ömrü yaşayır. Müdriklər demişkən,xalq üçün,Vətən üçün yaşanan ömür əsl insan ömrüdür. Ömürdən keçən hər günün,hər anın öz yeri var. Hərdən həyatda elə şeylər olur ki,olub – keçən günləri yada salanda kövrəlirsən, istəyirsən ki, o illəri təzədən yaşayasan. Təəssüf ki, yaşanan bir anı da geri qaytarmaq mümkün deyil.
Nəriman müəllim ömrünün bu gününü də havayı keçirməyib. Bu illər ərzində o həm şairlik, həm vətəndaşlıq, həm atalıq,həm oğurluq borcunu ləyaqətlə yerinə yetirməyə çalışıb. Heç kimin yanında gözü kölgəli olmayıb.
… İnsanın hər zaman qayğıya, xoş sözə ehtiyacı var. Nəriman Paşayev coğrafiya elmində qazandığı uğurlardan keçdiyi şərəfli ömür yoluna bir işıq salmaq istəyirəm. İstəyirəm ki,bu işıqda Azərbaycanın böyük şəxsiyyətini hamı görsün və tanısın. Hamı bilsin ki, ölkəmizdə onun kimi dünya miqyasında tanınan,elmilə vətənə, millətə xidmət edən, ürəyi Vətən və millət sevgisilə döyünən bir insan, bir alim var. İnsanlığı yaşadan, haqqın yanında dayanan bir insan. Elə bir insan ki,ona həmişə güvənmək, ümüd qapısını inamla döymək olar. Axı o, adilərdən fərqli ziyalıdır,ən başlıcası isə şəxsiyyətdir. Elələrinə bu gün millətin çox ehtiyacı var.
Əbəs yerə demirlər ki, dünya ləyaqətlə, şərəflə yaşayanların,haqqa doğru gedənlərin, başqalarının haqqına görməyənlərin, haram tikə yeməyənlərin,yalana əl çalmayanların, yaltaqlıq etməyənlərin,elmi ilə,səxavəti və halallığı ilə xalqın gözündə ucalanların çiyinlərindədir. Belələri olmasaydı,kimə güvənərək,kimə ümid edirdik, qaranlıqdan işığa necə çıxa bilərik. Bəli Nəriman müəllim özü bir işıqdı, işıq Adamdı, işıqlı Adamdı.
Bütün varlığı ilə Azərbaycana bağlı olan, ürəyi Vətən eşqiylə,yurd sevgisilə döyünən, yüksək mədəniyyəti, təvazökarlığı və səmimiliyi ilə başqalarından fərqlənən Nəriman müəllimin danışığında, davranışında, ən adi hərəkətlərində belə bir ziyalılıq var, könül toxluğu var, ucalır var. Bu ucalıq, ürəyi xalqa, doğma insanlarla, dostlarla birgə döyünənlər üçündür.
Otuz səkkiz ildən çoxdur ki, xalqımıza xidmət edən, coğrafiya elmini daha da inkişaf etdirən, elmi əsərlərilə, coğrafiya sahəsindəki uğurları ilə alimlərin diqqətini çəkən Nəriman Paşayevin tələbələri də bu gün ölkəmizdə eləcə də xarici ölkələrdə öz töhfəsini verirlər. Fəxrlə demək olar ki,o,bu gün yalnız ETN-nın miqyasında deyil, bütövlükdə respublikada coğrafiya elminin inkişafında, yeni kadrların hazırlanmasında əhəmiyyətli rol oynayır.
Nəriman müəllim ömrünün 65- ci baharını yaşayır, öz mənəvi dünyası, möhkəm iradəsilə həm işlədiyi kollektiv də,həm də ictimaiyyət arasında hörmət qazanıb.
Nəriman müəllim haqqında, elmi haqqında çox şeylər yazmaq olar. Onun haqqında bir xoş söz eşidəndə fəxr edirsən, sevinirsən ki, nə yaxşı Nəriman müəllim kimi qürur yerimiz, işıqlı ziyalımız var.
Bəli, o, əsl ziyalıdır, alım adına şərəf gətirən, alım adını ucaldan insandır.
Nəriman müəllim Coğrafiya İnstitutunda uzunmüddətli məhsuldar elmi və elmi-ictimai fəaliyyətinə görə Fəxri Fərmanla təltif edilib, bir sıra beynəlxalq elmi və elmi-praktik konfranslarda müvəffəqiyyətlə çıxış edib, Maliyyətlərə imza atmışdır.
Nəriman müəllimin yüzdən çox elmi məqalələri, altı monoqrafiyası, beş Ali məktəblər üçün dərsliyi, qırxdan çox elmi – publisistik məqalələri çap olunub.
İlhamə İsabalayeva yazır ki, Ermənistan qoşulduğu BMT – nin Transsərhəd çayları ilə bağlı razılaşmanı ciddi şəkildə pozur.
“Bu sözləri Azərbaycan ETN-nin Coğrafiya İnstitutunun Azərbaycanın iqtisadi və siyasi coğrafiyası şöbəsinin müdiri, coğrafiya elmləri doktoru Nəriman Paşayev deyib. Onun sözlərinə görə, Ermənistanın mədən tullantılarını Araz çayına axitması beynəlxalq tələblərə ziddir.” Ermənistandan axan çayların əksəriyyəti Kür çayına, bir hissəsi isə Araz çayına qovuşur.
… Ermənistandan axıdılan tullantıları həm Kür,həm də Araz çayını çox çirkləndirir.”
İlhamə xanım başqa bir məqaləsində yazır ki,son dövrlərdə Gədəbəy rayonunun 30- a yaxın kəndlərdən sürüşmə fəallaşıb. Həmin kəndlərdən 25- ə yaxını Azərbaycanın Ermənistanla təmas xəttində yerləşir. Hacılar,Əyridərə, Sonalar, Qaravəllər,Göyəlli, İsalı, Zamanlı, Arabaçı və s. kəndlərdə sürüşmələr fəallaşıb. Sürüşmələr bu kəndlər üçün problemlər yaradır.
Nəriman müəllim həm də gözəl jurnalistdir. Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Ona görə qeyd edirəm ki,o, şair, yazıçı və publisist kimi də fəaliyyət göstərir. Bir – birindən mənalı şerləri, düşündürücü məqalələri, publisistik yazıları böyük rəğbətlə qarşılanıb, oxucuların marağını səbəb olub.
Onun şəxsiyyəti əsl ziyalı və yaxşı insan olması, vətənpərvər, dostcanlı, qohum canlı, yurd canlı olması hər kəsə qayğıyla yanaşması hamının diqqətini çəkib və yenədə çəkməkdədir. Bu yerdə atalar bir məsəlini deməyə bilmərəm. ” Ağsaqqallıq yaşla ölçülmür, ağılla ölçülür”. Altmış beş ildə Nəriman ömrünün səhifələrinə , ancaq yaxşı əməllər yazdıra bilib. Onun sağ çiyninə qonan xeyirxahlıq mələyi onun xeyirxah işlərini , xoş əməllərini, ürəyə xoş gələn işlərini almış beş ildir ki, yazıya köçürür. Onun sol çiyninə qonan mələk isə mürgü vurub. Çünki, Nəriman müəllimin pis əməlləri olmur ki, sol çiyninə qonan mələk də qələmini işə sala bilsin. Bu Nəriman müəllimin xoşbəxtliyidir.
Nəriman müəllimi ağlım kəsəndən, yəni 57 ildən çoxdur ki, tanıyıram. Hər ikimiz eyni kənddənik,eyni məktəbdə oxumuşuq, ancaq o,bir sinif məndən qabaq oxuyurdu. Uşaqlıq illerimiz bir yerdə keçib. Mənə elə gəlir ki, onunla bir sinifdən oxumuşam, hərbi xidmətdə bir yerdə olmuşuq, universitetdə tələbəlik illərini yola salmışıq… Bunun özü də bir – birinizə olan səmimiyyətdən, imamımızdan, əqidə və qələm dostluğumuzdan xəbər verir.
Nəriman müəllim ADU-nun (hazırkı BDU-nun) coğrafiya fakültəsinin məzunudur, mən isə APİ- nin filologiya fakültəsinin məzunuyam.
Artıq, Nəriman müəllim ömrünün 65- ci baharını arxada qoyub, İllər ötsə də Nəriman müəllim gənclik eşqilə yazıb-yaradır.
Bu yazını mən hər tərəfli biliyə, yüksək intellektə malik alimin fikirimdə yaranan obrazını ümumiləşdirməyə çalışdım. Onun millətini, vətənini, təhsili, elmi, yüksək mədəniyyəti, ailəsini, bunlardan daha çox Azərbaycan dövlətini, azadlığı necə sevdiyinin şahidi oldum. O, Azərbaycanın poeziyasını, musiqisinin bütün janrlarını ürəkdən sevir. Ancaq oda mənim kimi aşıq musiqisinin aşiqidir. ” Baş sarıtel”i Gədəbəymizin himni sayır.
65 yaşın təntənəsini yaşayan o dəyərli insanın sadəliyi, səmimiyyəti, təvazökarlığı, böyüklüyü qarşısında yazdığım bu yazı ilə işıqlı Adama 100 yaşa demək istəyirəm. Və ürəyimin səsiylə, hökmüylə yazdığım bu yazıya o özəl insanın, alimin 65 yaşını təbrik edirəm. Sağ olun ki, varsınız. Sizin kimi ziyalılar, xeyirxah adamlar vətənə, xalqla gərəkdir.
Siz bir ucalıq simvolu,bir insanlıq zirvəsisiniz!


Hüseyn İsaoğlu,
AYB-nin və AJB-nin üzvü, yazıçı-publisist.

“Ulduz”lu görüşlər” davam edir

Ulduz”lu görüşlər” davam edir

Əziz dostlar! Sizi, “Ulduz” dərgisinin oxucularla silsilə şəkli alan görüşləri çərçivəsində, çərşənbə günü, 4 iyun saat 12:00-da AYB-nin Natəvan klubunda yazıçı, jurnalist, millət vəkili Aqil Abbasla tələbələrin görüşünə dəvət edirik.
1976-cı ildən ədəbi fəaliyyətə başlayan Aqli Abbasın hekayə, povest və romanları müxtəlif illərdə “Ədəbiyyat” qəzetində, “Elm və həyat”, “Ulduz”, “Azərbaycan” jurnallarında müntəzəm olaraq nəşr edilib. İlk povesti “Evləri köndələn yar” 1983-cü ildə kitab kimi nəşr olunub. Ayrı-ayrı dövrlərdə onun “Evləri köndələn yar”, “Günah”,
“Batmanqılınc”, “Ən xoşbəxt adam”, “Çadırda Üzeyir Hacıbəyov doğula bilməz”, “Qiyamət günü”, “Qar üstündə qan çiçəyi”, “Qapqara uzun saçlar”, “Ölülər”, “Allahı qatil edənlər”, “Saçın ucun hörməzlər”, “Ən uzun dərdli hekayə”, “Dolu”, “Çay qırağında bitib susuz qalan ağacların sağlığına” kimi kitabları işıq üzü görüb.
Gəlin, romantikadan müharibəyə qədər həyatın hər üzünü qəlbindən və qələmindən keçirən Aqil Abbasın zəngin təcrübəsindən faydalanaq.

“Ulduz” aylıq ədəbiyyat dərgisi

Südabə Məmmədova – “Debüt” kitabı

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Səni unutmaq üçün

Səni unutmaq üçün yox,
xatırlamaq üçün
bir kometənin quyruğuna məktub bağladım.
Ulduzlar səni oxuya bilər,
göy səni tanıyar —
çünki mən yer üzündə
səni deməyə söz tapmıram.
Adın…
beynimdə yanır,
qırmızı işıqlı bir küçə kimi.
Baxışların —
Ağlayan saatmı ki
Hər izlədikdə zaman durur.
Mən bütün dilləri unuduram.
Susqunluğum ana dilimdir.
Səni dənizdə yox,
bükülmüş bir dəhlizdə tapıram.
Qaşların —
bir cüt qaranquş:
elə baxırsan ki,
o baxışda
qovuşmaq var,
ayrılıq yox.
Bütün bənzətmələr utandı səndən,
Heç biri səni yaşada bilmir.
Sən, mənim heç kimə danışmadığım
bənzətməsiz kəlamsan!
1.06.2025.

Müəllif: Firuzə Quliyeva

Firuzə Quliyevanın yazıları

Mingəçevir şəhərində kitab sərgisi

Mingəçevir şəhərində kitab sərgisi

31 may-1 iyun Azərbaycan Nəşriyyat Assosasiyssı, Mingəçevir şəhər İH-nin, Mingəçevir şəhər Bələdiyyəsi ilə birlikdə Mingəçevir şəhərində Kür çayının sahilindəki parkda 1-ci Kitab Sərgisi keçirildi.
Burada 30-dan çox nəşriyyat təmsil olunurdu. Buna “Xan”, “Mayaq” və başqalarını göstərə bilərəm. İki gün ərzində burada iştirak edən nəşriyyatlar həm məhsulların sərgilədilər, həm də satış həyata keçirdilər.
Mingəçevir əhalisi bu sərgi-festifalı çox ruh yüksəkliyi ilə qarşıldılar. Mingəçevirdəki bütün məktəb kollektivləri, idarə və təşkilatlar burada həm iştirak, həm də istirahət etdilər.
Mingəçevir İH-nin başçısı cənab İlham İsmayılov öz kollektivi ilə sərgini ziyarət etdilər. Sərgi çox gözəl təşkil olunmuşdu. Burada səhnə və tamaşaçılar üçün oturacaqlar düzülmüşdü. Burada təmsil olunanlara masalar düzülmüş, çətirlər qoyulmuş, yaxşı şərait yaradılmışdı. Musiqi kollektivləri çıxışları, rəqsləri ilə sərgiyə gələnləri əyləndirdilər. Mingəçevir Daxili işlər şöbəsinin əməkdaşları sərgiyə gələnlərin əsayişinin qorunmasına, təhlükəsizliyə nəzarət edirdilər. Mingəçevir əhalisi istəyir ki, şəhərimizdə belə sərgilər iki dəfə keçirilə.
Bu nəşriyyatlarla, kitab-təftər satışı ilə məşğul olanlarla əhali arasında yaxşı ünsiyyət yaradır. Şəhər əhalisi də, burada iştirak edənlər nəşriyyatlar da Mingəçevir şəhərində keçirilən bu sərgidən razı qaldılar. Bu sərgini keçirən Mingəçevir şəhər İH-nə ( başçı İlham İsmayılov), Mingəçevir şəhər Bələdiyyəsinə ( sədr Anar İsmayılov, müavin Ədalət Quliyeva) gələcək işlərində uğurlar olsun! Fotolar:

Məmməd Mərzili
AJB-nin üzvü