“Türk” etnonimi və törələri- YUNUS OĞUZ yazır

“Türk” etnonimi və törələri

(On üçüncü yazı)

Əvvəli burada: “Türk” etnonimi və törələri

Tapınaqlar və inanclar haqqında

İnsan yarandığı gündən özünü axtarmağa başlamış, nə üçün və necə yaşamağı özündən soruşmuş, buna uyğun simvollar qəbul etmişdir. Həyat axarının çıxışını tapmayanda isə miflər, əfsanələr yaratmışdır. Bəlkə də bu miflər, əfsanələr həqiqətən mövcud olmuş və zaman keçdikcə unudulmuşdur. İnsan hər şeyi bəsit həyatdan başlayanda ağızdan-ağıza keçənlərə inanmamış və danışılanları mif hesab etmişdir. Heç şübhə etmirik ki, 40-50 min il bundan əvvəl bir danışıq dili, protodil olmuşdur. Sonradan, 5-6 min il bundan öncə protodil öz yerini yeni yaranmış dillərə verəndə, boylar, oymaqlar, tayfalar bir-birindən min kilometrlərlə uzaq düşəndə, onların öz dilləri yaranmağa başladı və boy, yaxud soy mifləri, əfsanələri özlərinə uyğun özününküləşdirib, protodildə qalanları unutmağa başladılar. Heç şübhəsiz ki, protodilin dövründə yaşayanların uzayla (kosmosla) əlaqələri vardı və onlar bundan istifadə edib özlərinin inkişaf mərhələsini keçirdilər. Təsadüfi deyil ki, şumerlər və mayalılar (Amerika) mükəmməl ulduz və günəş sistemlərini bir-birindən xəbərsiz yaratmışdılar. Platon öz əsərlərində “əfsanəvi” Atlantida haqqında məlumat verir. Leonardo da Vinçi gələcəyin uçaqlarının eskizlərini çəkir və günümüzə bunlar gəlib çıxır. Homerin “İlliada” əsərində Turoba (Troya) şəhərini on doqquzuncu əsrin sonlarına qədər “əfsanə” hesab etsələr də, Şliman bu şəhəri tapır.

Kimin nə deməsindən asılı olmayaraq insan nəslinin kosmosla bağ əlaqəsi movcuddur və bu özünü zaman-zaman göstərir.

Min illər dövlətlərin nə işğal planları dəyişdi, nə də silahları. Min illər qılınc, qalxan, ox-yay, əmud, nizə, balta, qalxan silahları, döyüş geyimləri dəyişmədi. Ancaq son yüz ildə hər şey dəyişdi, xüsusən də son qırx ildə “sürətli dəyişmələr”in qarşısında duruş gətirə bilmirik.

Yerdəki insanlara texnologiyanı inkişaf etdirmək üçün informasiyalar ötürülür.

Bunu qədim misirlilərin bizə miras qoyduğu “uçan boşqab” təsvirləri də göstərir.

Təsəvvür edin ki, yer kürəsi üç ölçülü zamanda deyil, dörd-beş ölçülü zamanda yaşayır.

Biz hal-hazırda üç ölçülü zamandan dörd ölçülü zamana keçid dövrünü yaşayırıq və təbiidir ki, bunun insanlığa xeyri olduğu kimi fəsadları da göz qabağındadır. Güclü ilə gücsüzün müharibəsi, “virus”ların savaşı, iqlim dəyişikliyi, hibrid savaşı və bir azdan kosmik müharibələr adi hala çevriləcək. Gənc nəsil bir neçə ildən sonra su qıtlığının və bunun uğrunda gedən müharibələrin şahidi olacaq.

Bir də təsəvvür edin ki, Yer kürəsində harasa bir “uçan boşqab” enir  və oradan skafandrada “qumanoid” düşür. Yeri gəlmişkən, ötən əsrin doxsanıncı illərinə qədər belə hadisələri rəsmi orqanlar insan təxəyyülünün məhsulu sayırdılar və buna “uydurma”, yəni mif deyirdilər.

On üçüncü əsrdə o qumanoidi yerdə görən insan fikirləşərdi ki, onun yanına “Allah” gəlib. “Allah”ı “görən” insan qorxusundan səsini çıxarmırdı. Yaxud bilirdi ki, ona heç kim inanmayacaq, ya da küfr danışdığına görə dini konfessiya tərəfindən təqib olunacaq. Söz yox ki, yüksək və ali dərəcədə inkişaf etmiş qumanoid gəldiyi kimi də yoxa çıxacaqdı.

Amma, beş-altı min il əvvəl insan özünün mifoloji dünyabaxışını yaratmış və bu dünya baxışında türk insanları təktanrını başqa xalqlardan fərqli olaraq ortaya çıxarmışdır. Bu həm də qədim türklərə imkan vermişdir ki, sosial həyatda yaşamlarını inam kimi törə biçiminə uyğunlaşdırsınlar. Sonradan törə inamları, yaşam tərzi mifologiyadan dinə keçid alanda gerçəkləşdirdi.

Bu baxımdan qədim türklərin mifologiya dünyagörüşü çox zəngindir. Belə ki, “Zaman-Məkan”, “Yaranış”, “Ölüb-dirilmə”, “Yaşam ağacı və Yaşam suyu (dirilik suyu)”, mifləri, eyni zamanda rəqəmlər (say), rəng, simvollar haqqında miflər günümüzə qədər gəlib çıxmışdır.

Qədim türklərdə yaranışından,  sosial yaşamda yaranmış törələrlə yanaşı kosmik düzənə aid Göy, Yer-sub, Dağ, Ağac kultları da mövcud olub. Bu, türklərin ilkin inanc yeri, tapınaqları olub. “Dədə Qorqud” dastanında, elə indinin özündə də ilkin inanclara uyğun olaraq “Göy haqqı”, “Yer haqqı”, “Su haqqı”, “Dağ haqqı”, “Ağac haqqı” kimi andiçmələr var. Bu ondan irəli gəlir ki, ta yaranışından əski türklər özlərini Göy və Yerlə vəhdət hesab ediblər, onların bir parçası olublar. Elə indinin özündə də müxtəlif bölgələrdə bəzi ağacları türklər müqəddəs hesab ediblər, ziyarətə gediblər və gedirlər, ağaca müxtəlif rəngli parça kəsikləri bağlayıb arzu edər, əhd tutarlarmış. Elə indinin özündə də Naxçıvana “Əshabi-Kəhf” ziyarətinə gedəndə əhd edib bəlli bir yerdə dayanılır. Əgər qayadan su damcısı onun başına düşərdisə, deməli ürəyində tutduğu arzu həyata keçəcək. Belə misalları çox çəkmək olar, hətta bu kimi hadisələr xristianlarda, yəhudilərdə və digər dinlərə tapınan xalqlarda da var. Bu onların inancıdır və bu inancları islam və digər dinlər də əllərindən ala bilməyib, qılınc, zor kömək etməyib. Türklər təkcə Tanrıya bağlı deyildir, həm də onun yerdə yaratdığına, təbiətə bağlı idilər. Qədim türklər təbiətin onlara Tanrı tərəfindən verildiyinə inanır və onu kulta çevirirdi. Onlar ildırımı Tanrının silahı hesab etmişlər. İldırım vuran ağacı tapınaq kimi qəbul etmiş və ziyarətə gəlmişlər.

Türklərdə müqəddəs (qutsal) ata məzarlıqları da vardır, indi də mövcuddur. Hətta islam dini də türklərin qədim inanclarını əllərindən ala bilməyib. İslam dini yenigün (novruz) bayramını qəbul və qeyd də etmir. Amma yeni gün birinci günündə insanlar məzarlığa axışır, ölənlərilə bayramlaşırlar. Əski türklər, elə indinin özündə də inanırlar ki, ölənlərin ruhları bu dünya ilə o dünya arasında bağ yaradır, əlaqə qurur.

Herodot yazır ki, Dara iskitlərə (skiflərə) hücum edəndə onlar döyüşmürdülər, sadəcə olaraq ucu-bucağı görünməyən bozqırlarda (çöllərdə) yoxa çıxırdılar. Dara onlara xəbər göndərir ki, mənimlə niyə döyüşmürsünüz, yoxsa məndən qorxursunuz?

Ona belə cavab verirlər ki, biz heç kimdən qorxmuruq, bozqırlarda bizdən güclüsü də yoxdur. Əgər sən bizimlə döyüşmək istəyirsənsə, o zaman bizim qutsal (müqəddəs) məzarlığımızı dağıt, onda bizim necə döyüşçü olmağımızı öz gözlərinlə görərsən. Elə də olur. Bir sözlə, əcdad kultuna bu gün də sayğı ilə yanaşılır, nəsildən-nəsilə ötürülür.

Kosmoqonik miflər bəzən real nəticələrini də verir, gün, ay, il saylarını və fəsili, gecə-gündüzü, günortanı, ölçünü sistemləşdirməyə imkan verirdi. Bunlar burada da özünü göstərirdi. Çünki türk xalqlarının mifologiyasında, etnoqrafiyasında, folklorunda, inam və inanclarında, kultların yaranmasında göy cisimlərinin (Gün, Ay, Ulduz) önəmli rolu və ağırlığı vardır. Təsadüfi deyil ki, əcdadımız olan Oğuz xanın altı oğlundan üçünün adı Gün, Ay və Ulduz qədim kosmoloji baxışlara və biliklərə bağlıdır.

Prototürklərdən gələn və günümüzə qədər bəzi türk boylarında istifadə olunan Göy və Yer-su kultudur.

Eyni mifologiya həm qədim türklərdə, həm də şumerlərdə mövcuddur, yəni əvvəl bir olan Göy və Yer, sonradan ayrılmış, aralarına hava doldurulmuş, su və od isə insana təkcə həyat mənbəyi olmamış, həm də yaşam mənbəyi və dünya baxışı vermişdir. Yenigünün də (Novruzun) başlanması bu mifoloji sistemlə bağlı olsa da, sonradan reallıqda bunu bayram kimi qeyd etmişlər və indi də edirlər.

Qədim türklər Tanrını göydə yerləşdirir və hər hərəkətlərində, elə hesab edirdilər ki, onunla özləri arasında bağlılıq var. Əgər törələrə əməl edilməzsə, bu bağlılıq yoxa çıxa bilər. Tanrı və Göy türklərdə qutsal (müqəddəs) hesab edilirdi və belə düşünülürdü ki, xaqana hakimiyyət Göydən gəlir və o Tanrı və Göy tərəfindən seçilmişlərdəndir. Əgər xaqan seçilmişlərdəndirsə, deməli onun soyu, boyu da seçilmişlərdəndir. F.Ağasıoğlu yuxarıda adını çəkdiyimiz kitabda yazır: “Prototürk ata yurduna gəlib 5-6 min il öncə buradakı türklərdən “Tanrı” sözünü alan sumerlər kimi, çinlilər də həmin sözü buradan 3-4 min il öncə doğuya köçən türklərdən almışlar. Çin qaynaqlarını araşdıran uyğur türkü A.İnayət yazır ki, çin dilində Tanrı və Göy sözləri türk dilindən alınmadır. Türk dillərində bu iki polisemantik söz mifoloji qavramdan süzülüb gəldiyi üçün metaforik deyimlərdə hər ikisi “qutsal” anlamla görünür: “Gök tenri, Tanrıxan, Göktürk, Gökböri. Elam yazısında da Kuk (Göy) Tanrı adı keçir.”

Qədim türklərdə Göy “ata” kimi, Yer isə “ana” kimi qəbul edilirdi. Bu baxımdan torpağa, vətənə indinin özündə də “Ana torpaq”, “Ana vətən” deyirik.

Yer də öz növbəsində iki yerə bölünürdü: yerüstü və yeraltı. Prototürklərin mifoloji dünya baxışlarına görə həm yer üstündə, həm də yeraltı dünyada həyat mövcuddur və onlar bir-birlərinin işlərinə qarışmırlar. Bəzi rəvayətlərə görə, yer öküzün, tısbağanın, balinanın üstündə duruş gətirir. Göylə Yer arasında göyü saxlayıb üstümüzə tökülməyə qoymayan dirəklərdir, yəni dağlardır. “Sumer mifində Yerlə Göy arasındakı dirəyə “duranki” deyirdilər.”

Yenə sumer mifologiyasında yerüstü sahibin adı “Enki”, yeraltı dünyanı idarə edən “Yereşkiqal” adlanır.

Qədim yunan mifologiyasında da buna bənzər rəvayətlər mövcuddur. Belə ki, yunanlar belə hesab edirdilər ki, yer altında gözü qanla örtülmüş, heç bir qayda-qanun tanımayan “tartar”lar yaşayırlar. Çingiz xanın dövründə monqol-tatarlar Avropaya ayaq basanda din xadimləri belə hesab etdilər ki, Allahın qəzəbinə gəliblər və yeraltı dünyanın qapısı açılaraq “tartarlar”, yəni “tatarlar” yerin üstünə çıxıblar.

Bundan əlavə əski türklərdə “Dağ-daş”, “Yada daş”, “Ağac”, “Od və Ocaq”, “Qılınc”, “Təbiət”, “At”, “Təkə, qoç-qoyun və maral”, “İlan, əjdaha və bağa”, “Bozqurd” kultları mövcud olmuş və hər kulta onlar qutsal olaraq baxmışlar.

Ardı burada: “TÜRK” etnonimi və törələr

MÜƏLLİF: YUNUS OĞUZ

Yunus Oğuzun bloqu

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Soyuq şimala bir parça cənub istisi

Soyuq şimala bir parça cənub istisi

Norveç, Telemark mahalı, Mərkəzi-Telemark bələdiyyəsinin Bö uşaq məktəbində həftənin axırıncı dərsi.

Dərsin bitməsinə az qalmış, müəllim uşaqlara xatırlatdı ki, bu günkü dərsin sonunda tibb bacısı sizinlə danışacaq.

Norveç məktəblərində çalışan tibb bacıları Norveç Uşaq Rifahı Xidməti ilə sıx əməkdaşlıq edirlər. Onlar daima uşaqlara onların hüquq və azadlıqlarını izah edirlər. Həm də şagirdlərlə ayrı-ayrılıqda söhbətlər edir, məktəb və ev həyatları ilə maraqlanırlar.

Dərsin sonunda tibb bacısı Astrid sinfə girdi. O, xoş təbəssümlə gülümsəyib şagirdləri salamlayıb soruşdu:

– Uşaqlar, çox yorulmamısız ki?

Uşaqlardan “Yox” cavabı gəldi. Astrid söhbətinə davam elədi:

– Bir az vaxtınızı alacağam, – dedi. – Bilirsiz ki, biz azad ölkədə yaşayırıq və bizim hər birimizin hüququmuz qanunla qorunur. Siz də artıq balaca deyilsiniz. Yeni dərs ilinə qədəm qoymuşuq və indi artıq altıncı həftədir ki, siz dördüncü sinfə gedirsiz. Yəqin ki, unutmamısız, biz sizə həmişə cinslər və cinsi münasibətlər haqqında danışmışıq. Sizə hələ uşaq bağçasında da başa salıblar ki, sizin bədəniniz ancaq sizə məxsusdur və icazəniz olmadan heç kəs, hətta ata-analarınız belə, bədəninizə toxuna bilməz.

Bəli, siz də artıq böyük uşaqlarsınız, amma o qədər də böyük deyilsiniz ki, hər şey haqqında indi danışaq. Bizim gələcəkdə çoxlu görüşlərimiz olacaq və sizi bu mövzu haqqında daha ətraflı məlumatlandıracağıq. Eyni zamanda, sizinlə fərdi və məxfi söhbətlərimiz də olacaq.

Uşaqlar, biz tez-tez görüşürük və müəllimləriniz də sizi məlumatlandırır ki, siz azad ölkənin azad vətəndaşlarısınız. Siz insansınız, siz heç kimin malı deyilsiniz, siz özünüzə məxsusunuz. Ata-analarınız belə sizin sahibləriniz deyil. Məktəbdə, ailədə, hər zaman, hər yerdə hüquqlarınızı bilməlisiniz.

Astrid azca partaların arası ilə gəzəndən sonra danışığına ara verib, lövhə qarşısına keçdi. Sonra diqqətlə uşaqları nəzərdən keçirərək, onlara belə bir sual verdi:

– Uşaqlar mən sizinlə səmimi olacağam, xahiş edirəm, siz də mənimlə səmimi olasız. Mənə deyin görüm, həyatınızda sizə kobudluq edən və ya sizə təzyiq, zorakılıq edən bir kimsə varmı? Həmin adam hətta valideyn və ya yaxın qohum, ya müəllim olsa belə, sizi incitməyə, üstünüzə səsini qaldırmağa, sizi təhqir etməyə heç kəsin ixtiyarı yoxdur. Ölkəmizdə hamı qanun qarşısında bərabərdir. Norveçdə yaşayan hər kəs, vətəndaşlığından, dinindən, dilindən, irqindən, cinsindən, varlı və ya kasıb olmasından asılı olmayaraq, hamı qanun qarşısında eynidir. Uşaq olsa da, cavan olsa da, hətta yüz yaşlı qoca olsa da, fərq etmir – hamı azad insandır. Əsas odur ki, heç kəs, heç kəsin rahat yaşamağına mane olmasın. Norveç hökuməti hər bir vətəndaşını sevir, onu hər yerdə, hər zaman qoruyur. Ona görə bütün məktəblərdə tibb bacıları çalışır ki, uşaqları və onların hüquqlarını qorusun. Bu gün mən – Astrid niyə burdayam? Burdayam ki, Sizi və Sizin hüquqlarınızı qoruyum. Ona görə məktəbdəki uşaqların hamısı tibb bacılarını özlərinə dost bilməlidirlər. Onlarla dost olmalıdırlar. Mən əminəm ki, mən də hamınızla dost olacağam.

Astrid hamını birdən qucaqlamaq istəyirmiş kimi qollarını geniş açıb soruşdu:

– Dost olaq?

– Olaq! – Uşaqlar bir səslə dedilər.

Tibb bacısı sevincək əl çalıb ilk əvvəl sol sırada birinci partada oturan şagirdə yaxınlaşdı. Bir az ona tərəf əyilərək, mehribanlıqla soruşdu:

– Gəl, sıra ilə səndən başlayaq, – Astrid əlini şagirdə uzadıb dedi:

– Mən Astridəm, bəs sənin adın nədir?

– Mən Mariannayam.

– Çox gözəl adın var. Səninlə tanış olmaq çox xoş oldu. Mənimlə hanısa mövzuda danışmaq istəyərdin?

– Yox, düşünürəm deyəcəyim elə bir sözüm yoxdur. Tez evə gedib idmanıma hazırlaşmalıyam.

Beləliklə, tibb bacısı uşaqlara eyni qaydada yaxınlaşaraq, bir-bir onlarla tanış oldu. Adlarını yadda saxlamağa çalışdı.

– Bəs sənin adın nədir?

– Səlim!

– Mən Astridəm. Sən də məni sadəcə «Astrid» deyə çağıra bilərsən. Səlim, sənin necə, problemin, mənimlə bölüşəcək sözün yoxdur ki?

– Xeyr, yoxdur, hər şey qaydasındadır – deyib, Səlim ayağa qalxıb cavab verdi. Oturmaq istəyirdi, qonşu partadakı Silya həyəcanla dedi:

– Astrid, Səlim dünən avtoparkda ağladı. Deyəsən, atası ona hirsləndi.

Səlim bunu gözləmirdi deyə, diksindi, qızardı. Tibb bacısı tez öz ağzını əli ilə tutaraq, Silyaya dedi:

– Bəzən elə şeylər var ki, onları hamının yanında demək olmaz.

Sonra üzünü Səlimə tutub dedi:

– Səlim, olarmı ki, burda mən işimi bitirdikdən sonra səninlə gedək tibb otağına, sən hər şeyi orda bir dost kimi mənə danışasan.

Tanış olma qurtarandan sonra Səlim incik halda Silyaya baxıb, ayağa qalxdı, ağır addımlarla sinifdən çıxdı. Sinifdə sakitlik pozuldu. Uşaqların çoxu Səlimə yaxınlaşıb “Səninlə hər şey yaxşıdırmı?” deyə nigaran-nigaran sual verdilər. Səlim, «narahat olmayın», deyib, Astridlə birlikdə sinifdən çıxdı. Uşaqların çoxu Silyaya dedi:

– Sən düz elədin bunu Astridə xəbər verdin.

Astrid Səlimlə tibb otağında səmimi söhbət elədi.

– Nə olmuşdu, kim səni incitmişdi?

– Heç kim, inanın mənə.

– Onda atan niyə sənə hirslənmişdi?

– O mənə hirslənməmişdi…

– Mən hamınızın dostuyam və mənim məqsədim və işim sizə kömək etməkdir. Sənə nəsə kömək lazımdır? Əgər evdə problemin varsa, məndən heç nəyi gizlətmə. Atan səninlə niyə kobud rəftar edir?

– Yox. Elə deməyin. Mənim atam bəlkə də dünyanın ən yaxşı atasıdır.

– Bəs avtoparkda nə baş vermişdi? Silya düşünür ki, atan səni hirsləndirib. Bu düzdür?

– Yox. Atam mənə çox yaxşı xəbər dedi. Ona görə kövrəldim. Arxayın olun, problemim yoxdur, hər şey yaxşıdır. Baxın, bütün uşaqlarda olduğu kimi, mənim də telefonumda polisin nömrəsi var.

Səlim belə deyəndə telefonunu açıb Astridə göstərdi və yenə sözünə davam elədi:

– Narahat olmayın. Mən öz hüquqlarımı yaxşı bilirəm. Onu da bilirəm ki, kim məni hirsləndirsə, mənə zor göstərmək istəsə həmin an polisin nömrəsinə zəng edə bilərəm.

– Onda necə arxayın ola bilərəm ki, sənin evində hər şey yaxşıdır?

– İstədiyiniz vaxt qonaq gəlin, görəcəksiniz hər şey qaydasındadır və bizim xoşbəxt ailəmiz var.

– Mən sənə inanıram. Elə isə dünən niyə ağlamağının səbəbini mənə deyə bilərsən?

Səlim dərsdən sonra yorğun olsa da, dünən avtoparkda nə baş verdiyini təfsilatı ilə Astridə danışdı. Astrid axıra qədər Səlimi dinlədi. Amma arada Səlimin danışdıqları onu elə kövrəltdi ki, doluxsundui, göz yaşlarını saxlaya bilmədi. Axırda Səlimə «Sağ ol, sən böyük ürə sahibisən», «Əhsən», deyib Səlimin başını tumarladı.

Səlimdən ayrılandan sonra Astrid Səlimin əlaqələndirici müəllimi İngunn yanına gedib məsələni ona danışdı. İngunn də baş verənlərə diqqətlə qulaq asandan sonra kövrəlib dedi:

– Səlimin gördüyü iş çox yüksək insani keyfiyyətə layiq bir hərəkətdir. Belə bir hərəkət başqalarına da nümunə olmalıdır.

– Bəs necə edək ki, bunu bütün sinif uşaqları bilsin.

– Məncə nəinki sinif uşaqları, bütün məktəb uşaqları bilsə daha yaxşı olar.

– Onda əvvəl Səlimdən icazə almalıyıq. O istər ki, başqaları bunu bilsin. Bəlkə istəmir heç kəs bilsin. Bu onun hüququdur, Səlimin hüququnu poza bilmərik.

– Əlbəttə, Səlim azyaşlı olduğuna görə hətta valideynlərindən də razılıq almalıyıq.

Bir gün Səlim müəllimi İngunnun xahişi ilə avtoparkda ağlamağının səbəbini sinif yoldaşlarının qarşısında da danışdı. O, qəhərlənsə də, özünü toparladı:

“Babamgil Azərbaycanda, ucqar dağ rayonu Lerikdə yaşayırlar. Bir gün eşitdim babam xəstələnib. Atam ilə anamın bikef olduqlarından başa düşdüm ki, babam ağır xəstədir. O, təcili əməliyyat olunmalıdır.

O vaxt Azərbaycanda icbari-tibbi sığorta yox idi. Babama lazım olan əməliyyatı isə ancaq özəl klinikada etmək olardı. Onu da eşitdim ki, əməliyyat üçün lazımi qədər pul yoxdur. Bu vaxta qədər valideyinlərimi heç belə kədərli görməmişdim. Söhbətlərindən başa düşdüm ki, onların əməliyyata pulu çatmır. Biz onda 3-4 il idi ki, Norveçdə yaşayırdıq. Ata-anam müqavilə ilə işlədiklərindən məvacibləri vacib xərclərə ancaq çatırdı. Üstəlik, kirayədə qalırdıq.

Bir gün məktəb elanında gördüm ki, uşaqlar üçün Satış yarmarkası təşkil olunacaq, sevindim.

Həmin yarmarkada neçə dəfə olmuşdum. Uşaqlar istədikləri hər şeyi – öz əl işlərini, ya təzə, ya köhnə oyuncaqlarını və hətta onlara gərək olmayan paltarlarını da yarmarkada sata da bilirlər, dəyişdirə də bilirlər.

Yarmarkaya hələ vaxt qalmışdı. Babamın əməliyyatına pul toplamalı idim. Mən böyük ümidlə yarmarkaya hazırlaşmağa başladım. Babama kömək etmək üçün yollar axtardığım vaxt belə bir yarmarkanın keçiriləcəyi məni sevindirdi. Düşündüm bir neçə mənzərə rəsmi çəkərəm. Mənzərə rəsmi qəşəng alınsa, mütləq satılacaq. Norveçlilər mənzərə rəsmi xoşlayır. Rəssamlıq kursuna getdiyimə görə özümə əmin idim. Gündəlik mənə verilən cib xərcliyimə qənaət edib kağız, boya aldım. Rəsmlər çəkməyə başladım. Helloin bayramına da az qalmışdı deyə, bayrama uyğun rəsmlər çəkdim. Qorxulu maskalar düzəltdim. Daha sonra yarmarkada satmaq üçün bir quş damı tikdim. Üstünə rəngli cizgi filmi rəsmlərini çəkdim. Maraqlı alındı.

Evdə artıq istifadə edilməyən oyuncaqları bir qutuya yığdım. Özümə artıq yaramayan, velosipedim var idi. Onu xeyli sürsəm də, yaxşı saxladığımdan təzəyə oxşayırdı. Mənim üçün balaca idi, kiçik qardaşım üçün isə hələ böyük idi. Onu da satmağa qərar verdim. Daha sonra ata və anamdan məni yarmarkada qeydiyyata salmalarını xahiş etdim.

Nəhayət, həmin gün gəldi. Bazara aparmaq üçün hər şeyi qablaşdırdım. Babamın bağda üzüm dərdiyi yerdə rəsmini çəkmişdim. Rəsm çox gözəl alınmışdı. Hamının xoşuna gəlirdi. Xeyli şəklə baxdım. Heç istəmirdim onu satım. Babamı çox istəyirdim. Yay tətilində ona aparacaqdım. “Bağışla, baba”, deyib şəkli öpdüm. Onu da satmağa götürdüm. Rəsmi əlimdə tutdum ki, əzilməsin. Yol boyu rəsmə baxdım.

Tərslikdən yarmarkada elə birinci rəsmi aldılar. Baxa-baxa qaldım. Əlacım yox idi. Babamın sağalmasına kömək eləməliydim. Rəsmi yarmarkaya aparsam da, satılması heç ürəyimdən olmadı.

Yarmarkadan sevinclə qayıtdım. Demək olar ki, apardığım hər şeyi satmışdım. Bütün satdıqlarıma sevinirdim, bircə Babamın rəsmindən başqa. Yarmarkadan Norveç pulu ilə təxminən 6000 kron pul qazandım. Bu mənim ilk qazancım idi. Pulu Azərbaycan manatına çevirəndə təxminən 900 AZN edirdi. Topladığım pulu bang ilə Bakıya göndərsəydim, pul bir az azalacaqdı. İstəmirdim azalsın. Xoşbəxtlikdən həmin gün Oslodakı Azərbaycan Məktəbinin koordinatoru Günay xanım bizə gəlmişdi. O,bizim evə tez-tez gəlir, yaşayışımızla maraqlanırdı. Özü də Nizami Gəncəvi adına Olso Azərbaycan diili məktəbinin müəllimi idi. Dili unutmamağımız üçün hər həftəsonu həmin məktəbə mən də gedirdim. Həmdə Azərbaycan dilini yaxşı bilməyə çalışırdım.

Gunay xanım, söhbət zamanı dedi, bu günlərdə Bakıya gedəcək, nəsə göndərmək, ya gətirmək lazım olsa deyərsiz. Pulu Günay xanımla Bakıya göndərdim. Əlbəttə, pulun qədəri çox olmasa da, babamın əməliyyatına az da olsa, kömək idi. Həmin gün mən avtomobil parkında ağlamağımın səbəbi də o olmuşdu. O gün atam məktəb həyətində məni gözləyirdi. O, çox sevincək idi. Dedi, baban əməliyyat olub, vəziyyəti də yaxşıdır. Səni soruşurdu, telefonu gətirdim səninlə görüntülü danışsın.

Sevindim, “nə yaxşı”, desəm də, babamla danışa bilmədim, onu oturmuş yerdə, danışan görəndə elə kövrəldim, dilim söz tutmadı. Son dəfə onu uzanmış, gözüyumulu, güclə danışan görmüşdüm. İndi sevindiyimdən məni ağlamaq tutdu. Atam da məni qucaqlamışdı, məni sadəcə sakitləşdirirdi. Həmin gün məktəb həyətində ağlamağımın səbəbi budur.

Səlim danışıb bitirəndən sonra uşaqlar sakit-sakit qalxıb onu qucaqladılar. Kiminin gözü nəmli idi, kiminin gözlərində yaş vardə.

O gündən Səlimin hekayəsi sinif-sinif gəzdi. Məktəbdə demək olar ki, hamı Səlimi tanıdı. Onsuz da çox olan dostlarının sayı qat-qat artdı.

Bir müddət keçəndən sonra Vilayət mərkəzində ailə məsələrinə dair böyük bir konfrans təşkil edilmişdi. Yeniyetmə Səlim də çıxış etmək üçün konfransa dəvət edilmişdi.

Təəssüf ki, dünyanın ən azad, varlı ölkəsi olan Norveçdə əksər babalar və nənələr qocalar evində yaşayır. Övladları, nəvələri bəzən onları heç axtarmır. Bəli, onların pul, müalicə və başqa problemləri yoxdur. Sadəcə, ailə, övlad, nəvə sevgisinə ehtiyacları var və bu səbəbdən ölkədə “Doğmalarımızı sevək, onlara bir təbəssüm verək ” mövzusunda konfrans keçirilirdi.

Səlim konfransda çıxış elədi. Konfransda Səlimə «Qayğıkeş övlad” diplomu ilə birgə gözəl bir hədiyyə də verdilər. Səlim hədiyyəni görəndə çaşıb qaldı. Bu onun babasının üzüm dərdiyi yerdəki rəsmi idi. Səlimin babasına sevgisi, fədakarlığı dildən-dilə elə dolaşmışdı ki, onu alan da bu haqda eşitmiş, rəsmi tapıb sahibinə qaytarmağı özünə borc bilmişdi.

Konfransdan çıxanların əksəriyyətinin gözü nəmli idi. Bu soyuq şimal ölkəsinə isti cənubdan gətirilmiş bir parça isti idi.

Müəlliflər: Gülzar İbrahimova ,

Səlim Abbaszadə (Norveç)

GÜLZAR İBRAHİMOVANIN YAZILARI

SƏLİM ABBASZADƏNİN YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru