
Bu gün görkəmli şərqşünas alim Aida İmanquliyevanın anım günüdür
Bu gün Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın anası, görkəmli şərqşünas alim və tərcüməçi, ilk qadın elmlər doktoru, professor Aida İmanquliyevanın anım günüdür.
Professor Aida İmanquliyeva Azərbaycanda Şərq-Qərb ədəbi əlaqələrini sistemli şəkildə araşdıran, Şərqlə Qərb mədəniyyətlərinin bir-birinə təsirini elmi cəhətdən əsaslandıran ilk azərbaycanlı qadın alimdir.
Sevgi dolu ürəyə, incə və həssas qəlbə malik Aida xanımın xatirəsi bu gün də yaddaşlarda yaşayır, əsərləri müasir dövrümüzdə Azərbaycanla ərəb ölkələri arasında ədəbi-elmi körpü rolunu oynayır. Onun təkrar-təkrar oxunan, təhlil və tədqiq edilən, müxtəlif dillərə tərcümə olunan əsərləri, elmi monoqrafiyaları dövrümüzdə də aktuallığını qoruyub saxlayır.
Aida İmanquliyeva 1992-ci ilin 19 sentyabrında vəfat edib.
Çoxşaxəli yaradıcılıq və ictimai fəaliyyətinə baxmayaraq, Aida xanım Şərq qadınına xas olan incə ruhunu qoruyub saxlayan görkəmli şərqşünas alim, istedadlı pedaqoq olmaqla yanaşı, səmimi, mehriban, nəcib insan, gözəl övlad və həyat yoldaşı, fədakar ana idi. Qısa, lakin mənalı ömründə həm elmin zirvəsini fəth edə bildi, həm də əhatəsində olduğu insanların əbədi sevgisini qazandı.
Bu gün onun həyatını övladları və nəvələri davam etdirir. Xatirəsi isə şəxsiyyətini və elmi irsini yüksək dəyərləndirən insanların qəlbində yaşayır.
Yazını hazırladı, Aynurə Əliyeva,
ADPU-nun ETM-nin elmi işçisi, Filologiya fakültəsinin müəllimi.
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru