“SERGEY YESENİN RUS ƏDƏBİYYATININ QIZIL PAYIZIDIR ” – Turan Novruzlu

“SERGEY YESENİN RUS ƏDƏBİYYATININ QIZIL PAYIZIDIR ” – Turan Novruzlu təqdim edir

Sergey Yesenin rus ədəbiyyatının ən gözəl lirik şairlərindəndir. 1924-1925-ci illərdə Bakıda yaşayan şairin yaradıcılığında Bakı xatirələri də mühüm rol oynamışdır.
Qızıl payız ruhlu şairin yaradıcılığını çox sevirəm və şeirlərindən bir neçəsini Azərbaycan dilinə tərcümə etmişəm.

Sənin yatağına sərdim

Sənin yatağına sərdim
Son nəfəsdə olan gülləri
Yorğun xəyallarımla birlikdə
Öldü solğun ləçəkləri…

Maygüllərimə pıçıldadım
Sönən sevgim haqqında
Daha məni çağırma,
Nə işim var qəm otağında.

Yaşaya bilməsək də darıxırıq,
Bizimçün gözəllikdir hər anımız…
Odlu öpüşlərlə də əriyən deyil
Buz tutmuş dodaqlarımız.

Qoy xəyallarımda oxuyum
“Vecinə də deyil, sevmədin.”
Amma mənə yaxşı tanışdır
Sənin sevgi dolu kədərin…

Ay üzümü gölməçədə paklayır

Ay üzümü gölməçədə paklayır,
Səmadan yasəmən atlaz parlayır,
Burada dayanmışam, sərxoş və gərəksizəm
Tək- tənhayam, sənsizəm.

Bu həyatda yaxşılar çox doğulmur,
Ağrılar lənət olmuş şərabda da boğulmur.
Mənlə görüşəndə hətta sevdiyim
Çöhrəsində yoxa çıxır təbəssüm.

Bəs nədir səbəbi? Çünki içirəm,
Axı niyə buna görə tənbeh eşidirəm?
Yazıq anam bu sərxoş Yer kürəsində
Məni pay gətirib bu dünyaya əslində.

Burada dayanmışam, sərxoş və gərəksizəm,
Tək-tənhayam, sənsizəm
Ay üzümü gölməçədə paklayır,
Səmadan yasəmən atlaz parlayır…

Axşamın Səssizliyində Ağladın

Axşamın səssizliyində ağladın
Acı göz yaşların yerə yuvarlandı
Mənə çox ağır idi, yenə içim qan ağladı
Amma nə mən səni başa düşdüm,
Nə sən məni anladın…
Sən uzaq ellərə qaçdın
Bütün xəyallarım rəngini itirdi
Ayrılığa qapı açdın
Tənhalıq məni yedi, bitirdi,
Ruhum sevgisiz, salam-kəlamsız dərd çəkir
Tez-tez axşamları sevdiyim görüş yerimizə gedirəm,
Xəyallarıma sarılıb sevimli əksini görürəm sənsizliyimdə
Kədərli hıçqırıqlarını eşidirəm, qürub çağının səssizliyində.

Cavanlıq

Mən ki, röyaları, göz yaşlarımı,
Çiçəkləri və xəyallarımı
Səninlə paylaşıram

Həzin sığallarından,
Zərif nağıllardan
Başdan ayağa yanıram

O qədər iztirab
Günahsız səslər
Məni incidir, sızlayıram

Parçalanmış gücümlə
Hər kəsi cəhənnəmə
göndərirəm
Yanıma gəl, darıxıram

Yadımdadır, Sevgilim

Yadımdadır, sevgilim
Saçlarının parıltısı
Ayrılıq asan deyildi
Köksümə çöküb acısı

Yadımdadır payız gecələri
Ağcaqayın kölgəsinin xışıltısı
Günlər qısa olsa da
Sübhədək bitməzdi Ayın işartısı

Yadımdadır, deyərdin ki:
“Əzizim, mavi illər keçəcək,
Bir başqasıyla məni
Unudacaqsan sonsuzadək.”

Müəllif: Sergey Yesenin
Tərcümə: Turan Novruzlu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir