ZEYNƏB CƏMALƏDDİNİN ŞEİRLƏRİ

QARDƏLƏN EŞQİ

Ulduzlar
sevinc qığılcımlarıdır,
səni görüncə
gözlərimdə yaranan.
Göylərə səpilib
ulduz-ulduz yanan.

Ay – ürəyimdəki yumru kədər.
Gümüşü telləri –
həsrət yolları.
Sən olmayınca
uzanar, uzanar
yerdən göyə qədər.

Bir də qəlbimdən
dilimə gələn
“sevirəm” sözü var.
Dodaqlarım qapandıqca
gözlərimdə bulaqlanar.
Çiçəklərin
səhər yelinin öpdüyü
zərif ləçəklərində
damla-damla şeh olar…

Üşüyən ümidlərim
qarın altından
həyata tutunan,
günəşə sarılan
qardələn –
Yaşamaqdan və sevməkdən
heç vaz keçməyən…
Heç vaz keçməyən…
01.03.2025

DAŞDI, DAŞ

Qəlbimdəki çalpaşığı qoyduğum,
Sandıq deyil, otaq deyil, başdı, baş.
Ürək yansa, gözdən içib doyduğum,
Dağdan axan nəhir deyil, yaşdı, yaş.

Ya çox əziz, çox sevilən fərdiyəm,
Ya da onun baş bəlası, dərdiyəm.
Mən dünyanın göz qırpmayan mərdiyəm,
Bu ürəyim oxlarına tuşdu, tuş.

Çay görürəm, gah öndədir, daldadır,
İlğım olub, gözlərimi aldadır,
Anlamıram zəhər dadır, bal dadır,
Duyğularım çaş-baş olub, çaşdı, caş.

Can evimdə yellər əsir, bulaşma,
Ocaq sönüb, heç üfürmə, alışmaz.
Nahaq yerə yer etməyə çalışma,
Şaxta vurub, soyuq kəsib, qışdı, qış.

Zeynəb deyir, bu sim, bu nar¹, yol qısa,
Həkim baba, sudan gətir bir kasa.
Tilsimlərə salıbdır Göygöz Kosa,
Sinəmdəki ürək deyil, daşdı, daş.
08.04.2024

¹ sim, nar, Həkim baba, Göygöz Kosa — “Bir qalanın sirri” film-nağılından simvollar və personajlar

GİZLİ QALAM

Hər zaman danışmaq olmayır əlbət,
Dilini bağlayan haqqı-salamdır.
Nifrəti bilmirəm, amma məhəbbət,
İlahi nur yayan haqqı-salamdır.

Saraylar ucaldar usta məhəbbət,
Yaranı sağaldar asta, məhəbbət.
Övlada məhəbbət, dosta məhəbbət,
Arı hikmətiylə süzən balımdır.

Laqeydin əsəri – dunya yıxılan,
Can evi, ocaqsiz yanıb yaxılan.
Duygular ulduzdu, donub sıxılan –
Ürəkdə çəkisi ağır xalımdır1.

Hər cür üzsüzlüyün, üzün gördüyüm,
Fikrimdə ağ yuyub, qara sərdiyim,
Xətirlər xətrinə yola verdiyim,
Elə bil xətirli əziz xalamdır2.

Çıxar qaşığına aşa tökdüyün,
Hər kəs payız biçər bahar əkdiyin.
Qəlbim – gözlərimin keşik çəkdiyi
Yadlara qapalı, gizli qalamdır.

Çəkisi, sanbalı qızıldan ağır,
Nə zalım qaldırar, nə də ki fağır.
Soruşsan şükürlü qəlbə nə axır,
Hikmətə bürünmüş sirli kəlamdır.

Sevgi – abi kövsər, içib dadmışam,
Həsrətin acısın həb tək udmuşam.
Zeynəbəm, xətrini əziz tutmuşam,
Hər kim ki, sevgiyə, eşqə qulamdır.
27.01.2024

1 donan ulduzun ölçüsü kiçik, ağırlığı böyük olur
2 “xala xətrin qalmasın” xalq deyiminə əsasən

ÜRƏYIM QARALIB SÖNƏN BIR OCAQ

Bilirəm, ayrılıb getmək gərəkdir,
Mən səndən ayrılıb gedə bilmirəm.
Həsrətdən ürəyim titrəyəcəkdir,
Köksümdə böyüyüb, dağ olacaq qəm.

Ayrılmaq, ayrılmaq, ayrılmaq gərək,
Gündə milyon dəfə çıxan qərardı.
Bu səssiz, utancaq bənövşə sevda
Günahsız günahkar bəyaz xəyaldı.

Məni sənə çəkib didən nə hissdi,
Məni səndən alıb gedən nə hissdi,
Məni məndən alan bu sevda ki, var,
Bilmirəm mələkmi, ya iblismidir?

Əlimi uzatsam, sənə çatacaq,
Ancaq əl uzatmaq belə asanmı?
Ürəyim qaralıb sönən bir ocaq,
Qorxuram alışıb, bir də yanmasın.

Yağar ömrümüzə bir dəli həsrət,
Düşər saçımıza izi, qocaldar.
Sızıb ruhumuza, sızıb həqiqət,
Soyuq əlləriylə bizi qocaldar.
2001

ÜRƏK DAHA BUZDU

Dərindi dərdin kimi, anladınmı göy nədən?
Qəlbimdən vurulmağa tapmadım heç bir nədən.
Sızım-sızım sızladan, göyüm-göyüm göynədən,
Səpdiyin o duzdu ki…

Qəlb arası körpülər sərt kanat deyildi ki,
Nizamı haqdan gələn kainat deyildi ki.
Səbrim dəmir əsanın ucutək yeyildi ki…
Yolda kəsək azdı ki?

Daha ürək qalmayıb, bir ah çəkə, hönkürə,
Eşqimizin aynasın çiliklədin min kərə.
Parçaların düşdüyü yüz uçurum, yüz dərə –
Toplamaq olmazdı ki…

Bir bədəli olurmuş hər işlənən xətanın,
Daş düşərmiş başına daşı göyə atanın.
Ahı tutar adamı, ahı ucuz tutanın,
Bir belə olmazdı ki…

Nə fərqinə varmadın, nə neməti görmədin,
Türlü nağıllar dolu sükunəti görmədin.
Ta təpədən dırnağa məhəbbəti görmədin,
Parlayan almazdı ki…

Qəlbimdə söyləmişdim mən son dəfə, əlvida,
Küllərimdən doğulan – ayrı nəfəs, yad səda,
Geriyə dönməz qatar, son sözümdü, son nida,
Ürək daha buzdu ki…
25.02.2025

İYNƏ QƏDƏRMİŞ

Süzülüb qəlbinə şeytan, cin kimi,
Kimsənin ömrünə namərd gəlməsin.
Yarımçıq qoyulmuş əlfəçin kimi
Könül kitabını yarı bölməsin.

Bəzən yol biləndir, bəzən çarəsiz,
Gah da bir çöp kimi sovrulur insan.
Bəzən gördüyünü görməzdən gəlib,
İçinin odunda qovrulur insan.

Özünə inamla biçarəliyin
Sərhəddi çox deyil, iynə qədərmiş.
Torpağa sarılan kiçik dən kimi
Bir ümid qırığı ona yetərmiş.

Dalanlar içindən alıb insanı,
İynənin gözündən keçirdər Allah.
Ümidlə yaşardar soluxmuş canı,
Dirilik suyunu içirdər Allah.
16.12.2025

YOXDU Kİ

Nədən belə ətalətə düşmüşəm –
Arzularım, xəyallarım yoxdu ki.
Arzuların qanadında uçurdum,
Qanadlanan o hallarım yoxdu ki.

Bürünurdüm duman açan şallara,
Tamsınırdım arı çəkən ballara.
Kəpənəyin qanadında xallara –
O ballarım, o xallarım yoxdu ki.

Doğma idim torpaq qoxan dərəyə,
Hər söyüdü çətirlənən bir dəyə.
Yollar məni götürürdü zirvəyə,
Dağa qalxan o yollarım yoxdu ki.

Hədəflərim mənim xəyal ortağım,
Səsləşirdi dünənimlə bu çağım.
Hafizəmin rəflərinə yığdığım
Xurcunlarım, xarallarım yoxdu ki.

Nağıllanmır kəlmələrim dinəndə,
Dəfinəmi basdırmışam dünəndə.
Qarlı-buzlu enişlərdən enəndə
Xizək çəkən marallarım yoxdu ki.

Yaş gətirir ətaləti, ayıl sən,
Vaxtı saldın heç etməyə meyil sən.
Zeynəb, artıq bu sən o sən deyilsən,
Sənin bəlli kuralların1 yoxdu ki…
25.01.2024

1 Kural – (türk) qayda, şərt

SÜVEYDA

Çaldığı havaya uymadın deyə,
“Haqqı car edənlər” söyür az qala.
Müqəddəs, münəvvər saymadın deyə,
Həcxanım gözüylə döyür az qala.

Əliylə yaranıb sanır dağ-təpə,
Şeytana daş atıb “yenib” gələnlər.
Hər kəsdən üstünmüş neçə mərtəbə,
“Kəramət” əxz edib, dönüb gələnlər.

İstinad etdiyi dayaq-sütunda
Nəfsini bəslədi, “kökəldi”, gəldi.
Özgənin haqqını alar satın da,
Şeytanı bir az da yekəldi, gəldi.

İxlası, tovhidi doğru olan çox,
Sidqi düz, əhdi düz olan az deyil.
Səcdəyə bərabər xoş əməl də çox,
Nə ixlas, nə iman quru söz deyil.

Təkəbbür satmamaq, nəfsi devirmək,
Bir yetim doyurmaq min həcc deyilmi?
Daş olan qorxunu nura çevirmək,
Ərzin varlığına güvənc deyilmi?

Ən qatı zülmətdə işıq gizlidir,
İşığa gəbədir hər dili-şeyda.
Allahın Kəbəsi orda gizlidir,
Ordadır – ürəkdə, adı süveyda.
06.06.2025

Süveyda – təsəvvüfdə fəlsəfi anlayış

SAXLAR, A SAXLAR

Gəzdiyi məkanda varmı sağ-solu?
Gün Yeri, Yer Ayı yoxlar, a yoxlar.
Ağır qoşunuyla keçər Süd Yolu,
Qoşunun özünə bağlar, a bağlar.

Həm gündüz, həm gecə hikmətin kanı,
Ehtiva eyləmiş sirlə hər yanı.
Bir cüt qanad kimi sarıb dünyanı
Tanrıdan əmanət saxlar, a saxlar.

Əjdaha od saçır odun külündə,
Saxlayır yüyənin güclü əlində.
Yeraltı ayğırın durub belində
Göstərir dəyanət dağlar, a dağlar.

İnsanın cismi də sanki Yer kimi,
Torpağı eynidir, suyu bir kimi.
Gah həzin, dalğalı, gah da kür¹ kimi
Hayqırar, kükrəyər, çağlar, a çağlar.

Taylının taylısı, bablının babı
Olmasa, a Zeynəb, yetişməz tabı.
Nə çoxdu dünyada ömür kitabı,
Hər kəs öz ömrünə ağlar, ay ağlar.
27.02.2025

1 kür – dəlisov

Müəllif: Zeynəb Cəmaləddin

ZEYNƏB CƏMALƏDDİNİN YAZILARI

Mustafa Müseyiboğlunun irsi

CAHANGİR MƏMMƏDLİ – 85

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir