Etiket arxivi: Yazarlar 72

ARZU LİMANINDAN YOLA SALIRAM

ARZU LİMANINDAN YOLA SALIRAM

Sənsizlik ruhumu, cismimi yorub,
Fikrinlə gecələr xəyallar qurub,
Vida naməsinin möhrünü vurub,
Arzu limanından yola salıram.

Mənim ürəyimdə min arzu yatıb,
Həsrətə göz yumdum, qaşımı çatıb,
Dərdimi, qəmimi başımdan atıb,
Arzu limanından yola salıram.

Bəlkə də gələrsən, ümidlər edib,
Yoluna baxıram gözümü dikib,
Kağızdan bir dənə gəmi düzəldib,
Arzu limanından yola salıram…

Gözümü qorxutmaz şaxtanın qarı,
Rəhm eylə, gəlginən Sönməzə barı,
Qoyub ürəyimi bax sənə sarı,
Arzu limanından yola salıram…

BİZ NİYƏ BİZ OLA BİLƏMDİK AXI

Enişdən yoxuşdan aralı düşdük,
Rast gələ bilmətik vaxtları ötduk
Qismətdən incidik,taleden küsduk
Biz niyə biz ola bilmədik axı.

Çəkdik intizarı həsrəti qəlbdə
Qınağa çevrildik ağızda dildə,
San başqa ocaqda,mən başqa evdə
Biz niyə biz ola bilmədik axı..

İllərin keçmişi ömrümüzdə ox
Səhf etdik,geriyə dönüşümüz yox
O qədər sual var urəyimdə çox
Biz niyə biz ola bilmədik axı..

Nə peyman nədəki əhd edə bildik,
Uzağdan uzağa istədik sevdik
Yubana yubana elə gecikdik
Biz niyə biz ola bilmədik axi

Ümüdlər çağladı,xəyallar coşdu,
Nə bilə biləydik duyğular boşdu,
İndi hər ikimiz,müqəssir suşdu
Biz niyə biz ola bilmədik axı

MƏN NECƏ YADIMDAN ÇIXARIM SƏNİ

​Gündüzlər başımı qatıb birtəhər,
Gecələr bilmirəm edim nə təhər?
Vallah, hər dəqiqəm kədərli, qəhər-
Mən necə yadımdan çıxarım səni?

​Özüm özlüyümdə deyib-dinirəm,
Dəli tək oyana gedib-gəlirəm.
Şəklinə baxaraq sual verirəm-
Mən necə yadımdan çıxarım səni?

​Bircə an buraxmır məni xəyalın,
Gözümün önünə gəlir camalın.
Çatmır harayıma, haya, vüsalın-
Mən necə yadımdan çıxarım səni?

​Gözündə tapmışam özümü görcək,
Demə: “Bircə anda gəl unut, əl çək!”
Sən mənim qəlbimdə solmayan çiçək-
Mən necə yadımdan çıxarım səni?

İTDİM GÖZLƏRİNİN SEHRİNDƏ SƏNİN

Göydən yerə düşən qarmı, dolumu?
Baxışın kəsibdir gedən yolumu.
Tapa bilmədim ki sağım-solumu,
İtdim gözlərinin sehrində sənin.

Gecikən mələksən, hurisən, nəsən?
Nə olar, danışıb bir kəlmə desən?
Bilmərəm nə deyim, nə söyləyim mən,
İtdim gözlərinin sehrində sənin.

Çox şeyi gətirə bilmirəm dilə,
Bənzərin varındı solmayan gülə.
Vallah, Allah haqqı bircə an belə
İtdim gözlərinin sehrində sənin.

Sevgi baxmaz sözə, nə də söhbətə,
Məəttəl qalmışam səndə hikmətə.
Hamıdan gizlədib yazdım xəlvətə,
İtdim gözlərinin sehrində sənin.

HAVANIN BAŞINA HAVA GƏLİBDİR

Yenə guruldayıb səs-küy qoparır,
Buludlar gah dolur, gah da boşalır.
Adam başdan-başa çaş-baş qalır,
Havanın başına hava gəlibdir.

​Üfüqdə qaynayır qara dumanlar,
Mat qalıb baxışır bu ili anlar.
Qəribə hal alıb bütün zamanlar,
Havanın başına hava gəlibdir.

​Günəş naz eyləyir, ay da fors atır,
Ulduz da gizlənir, çıxmayır, yatır.
Sanki təbiət də öz yolun azır,
Havanın başına hava gəlibdir.

​Seymur, qeyd elə kağız-dəftərə:
Niyə təəccüblə baxdın göylərə?
Elə yaza-yaza düşdün dillərə,
Havanın başına hava gəlibdir.

PAYIZA BƏNZƏYƏN ABU HAVAN VAR

​Ötən xatirəni yadına salım,
Görəndə bir başqa olur əhvalım.
Yaman dəyişmisən, qadasın alım,
Payıza bənzəyən abu havan var.

​Dolub tutuluram hərdən, deyim ki,
Səni hecalara necə bölüm ki?
Kimə söyləyim ki, kimə deyim ki,
Məni baxışıyla məndən alan var.

​Üzünü görəndə çaşıram hətta,
Bir başqa oluram başqa həyatda.
Heç dərdə düşməzdim qoca dünyada,
Məni məndən alıb oda salan var.

​Qorxutmaz gözümü nə duman, nə çən,
Bəlkə mənim üçün yaranmısan sən?
Ay qız, gözlərinin aşiqiyəm mən,
Düşünmə sözümdə nəsə yalan var.

Yanağın bənzəyir laləyə gülə,
Seymur,çox sözünü deməyir hələ,
Özün uzaqlarda olsan da belə,
Səni uzaqlardan duyub anan var ..

İSTƏSƏYDİ

Adını qəlbimdə əzizləyərdim,
Ən yaxşı arzunu tutub, dilərdim.
Mən ona canımı qurban verərdim
O, məndən bir kərə can istəsəydi.

Boş yerə inciyib,boş yerə küsmüş,
Nə bilə biləydim dodağın büzmüş
Niyyəti nə bilim şöhrətdə imiş,
Bilsəydim verərdim şan istəsəydi.

Etiraz etməzdim dönsəmdə külə,
Yolunda dönərdim çeşməyə selə
Xəstə yatağımda olsamda belə,
Qanımı verərdim qan istəsəydi..

Tukəndi qərarım,səbirim bitdi
Həyatda güvəncim qırıldı itdi,
Mən ona verərdim,amma ki getdi,
Möhlət istəsəydi,an istəsəydi.

SƏNİ SEVDİYİNİ BİLMƏSİN KİMSƏ

Üz-üzə gələndə xəlvətcə baxaq,
Gözdən iraq olsun, qulaqdan uzaq,
Dinib-danışmayaq, eləcə yazaq,
Səni sevdiyimi bilməsin kimsə.

Çağlasın eşq ilə çoşan ürəklər,
Daima yaşasın gizli ümidlər,
Bilənlər söz edər, qeybət edərlər,
Səni sevdiyimi bilməsin kimsə.

İntizar olmasın, həsrət olmasın,
Sevgimizin rəngi, ruhu solmasın,
Duyanlar da duyub heç inanmasın,
Səni sevdiyimi bilməsin kimsə.

Yetənə açmayaq biz qəlbimizi,
Nə açaq, nə bükək məhəbbətimizi,
Gəl pünhan saxlayaq bu sirrimizi,
Səni sevdiyimi bilməsin kimsə…!

Ürkək baxışından könlüm açıldı,
Baxışından ömrümə bir nur saçıldı,
Ürəkdə köz oldun, dildə pıçıltı,
Səni sevdiyimi bilməsin kimsə.

Müəllif: Seymur SÖNMƏZ

SEYMUR SÖNMƏZİN YAZILARI

Daha çox məlumat burada

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

LAĞLAĞIÇILAR

LAĞLAĞIÇILAR

(hekayə)

     Allahın yaratdığı canlı varlıqlar arasında, gözlə görmədiyimiz mikro orqanizmilərdən tutmuş okeanlardakı balinalarla, qurudakı fillərlə müqayisədə insan qədər çətinliklə böyüyüb öz ayaqları üstə sərbəst hərəkət edən ikinci bir canlı varmı? Böyüyüb, ahıllıq çağını yaşamaq şərəfinə nail olmuş heç kəs deyə bilməz ki, doğmalarının qayğısı, cəmiyyətin dəstıyi olmasaydı, olduqları mərhələrdə qərar tutmazdılar. Heyvanlar təbiət qoynunda tək-tənha sərbəst yaşaya bilərlər. İnsanların isə cəmiyyətdən təcrid olub tənha yaşaması mumkün deyil. İbtidai icma quruluşunda insanlar qəbilələr halında birləşərək, yırtıcı heyvanlardan qorunublar. Birlikləri sayəsində onlara qənim kəsilən nəhəng dinozaurların kökünü kəsiblər. Yırtıcılardan gözlənilən təhlükə səngidikdən sonra  mövcud olan qəbilələr arasında baş verən münaqişələrdə də birləşərək müdafiə olnublar. Ölkələr arasında baş verən qanlı müharibələrdə də xalqlar sıx birliyi nəticəsində mövcudluğunu qoruyub, saxlayıblar. 

  Bəşərin heç bir dönəmində insanoğlunun tənha yaşaması mümkünsüz olub. Zamanın sakit dövründə də, hər kəs istəyib ki, asudə vaxtını səmərəli keçirməsi üçün öz dövrəsi olsun.

  Fərhad müəllim orta məktəbi bitirdiyi il ali məktəbə qəbul olub. İnstitutu bitirib təqaüdə çıxana qədər Bakıda qalıb, işləyib. İldə bir dəfə verilən məzuniyyət vaxtını Qara dəniz sahillərində keçirdiyinə görə doğma rayonuna ancaq, xeyir-şərdə gələrdi. Çalışdığı zavodda məsul vəzifədə çalışdığına görə, asudə vaxtın nə olduğunu bilmirdi. Onun üçün məhdud iş saatı yox idi. Axşamlar evə on-on bir radələrində gələrdi. Çox vaxt şənbə, bazar günlərində də iş yerində olurdu. Yaxşı münasibətdə olduğu iş yoldaşları vardı. Bir – birinin adgünlərində, xeyir-şərində fəal iştirak edərdilər. İşdən kənar sıx münasibətdə olduğu dost-tanışı yox idi.

  Eyni vaxtda işə başladıqlarına görə, eyni vaxtda da təqaüdə çıxdılar. Dünyaya gətirdikləri qızı ilə, oğlu ali təhsil alıb, ixtisaslarına uyğun işlə təmin olunmuşdular. Onların yardımına ehtiyacları yox idi. Aldıqları təqaüd normal yayışları üçün kifayət edirdi. Digər iş yoldaşları kimi əlavə qazanc gətirən obyektləri yox idi. Ona iş ortaqlığı təkliv edən iş yoldaşlarından birinə demişdi: – dövlətdən aldığım məvacibim dolanışığıma yetir. Görməmiş deyiləm. Olanıma şükür edirəm.

  İşlədiyi müddətdə gərgin keçən günlərin axşamlarında düşünərdi: təqaüdə çıxsaydım, başım dincələrdi.

  Təqaüdə çıxdı. Başı düncəlmədi. İşlədiyi müddətdə hiss eləmədiyi günlərin uzunluğu onu bezdirdi.

  Bir gün o şəhəri gəzib-dolaşıb bazarlıq edib, yorğun halda evə gələndə gördü ki, həyat yoldaşı-Solmaz nahar hazırlığı görüb onu gözləyir.

  Solmaz xanım ərinin aldığı meyvəni, göyərtini, ərzağı yerbə-yer edib, divanda oturub yorğunluğunu alan, taqətdən düşmüş ərinə baxıb gülümsədi.

  – Noldu Fərhad müəllim, bunları bazardan alıb daşımaq çoxmu asandır? – dedi.

  – Şəxsi həyətimiz olsaydı, özümüz əkib-becərsəydik daha rahat olardı. – deyib Fərhad nüəllim köks ötürdü.

  – Sənin şəxsi həyətin yoxdurmu? Atanın sənin adına vəsiyyətnamə yazıb imzaladığı yurd-yuva ev qarışıq yolumuzu gözləmirmi? Bizim burda qalıb yaşamağımız oğlumuza yükdən başqa bir şey deyil. Köçək rayona. Əkək-becərək. Bazardan aldığımız kim biıir neçə əldən çıxan göy-göyərtiyə, mer-meyvəyə xərclədiyimiz qalar cibimizdə.

  Bu gün bazarlıq edib qayıdarkən yol boyu bu barədə güşünmüşdü Fərhad müəllim. Yoldaşının da bu fikirdə olması ürəyincə oldu.

  – Elə mən də səninlə bu haqda danışacaqdım. Açığını deyim ki, belə asanlıqla razılıq verəcəyini gözləmirdim.

  – Sənin də mənə güvənməyəcəyini gözləmirdim. Yaşadığımız müddətdə hər hansı bir fikrinə qarşı çıxmışammı?

  – Nə bilim. Düşündüm ki, ömrünün çox hissəsini şəhərdə yaşadığın üşün kəndi bəyənməzsən.

  – Ömrümün ən gözəl çağı – uşaqlığım kənddə keşibsə, nəyə görə kəndi bəyənməməliyəm? Şəhərdə yaşamaqla, şəhərmi görürdüm? Evdən çıxanda işə, işdən çıxanda evə tələsirdim. İşə gedəndə də marşurutlarda sıxlıq olurdu, qayıdanda da. Nadir hallarda ayna tərəfdə oturub şəhəri seyredirdim. Məndən olsa malqara da saxlayardıq. Təsəvvür edirsənmi? Səhərlər tezdən oyanırsan. İnəyin yelini təmiz su ilə yuyursan. Dəsmalla qurulayırsan. Ağzı tənziflə bağlanmış vedrəyə sağırsan. Təzə südü qaynadıb içirsən. Hələ bunun qaymağı, kərə yağı, qatığı, pendiri, süzməsi, şoru, ayranı var.

  Oğlu-Rəşadla, gəlini-Məhbubə işdən gələndə Fərhad müəllim yoldaşı ilə verdikləri qərarı onlara danışdı.

  Gözləmədiyi qərardan pərt olan Məhbybənin ilk ağlına gələn bu oldu ki, yəqin onların incikliyinə səbəb olacaq yalışlığa yol verib.

  – Ay papa, ay mama, əgər sizə qarşı hörmətsizlik etmişəmsə, üsür istəməyə hazıram.

  – Qızım, verdiyimiz qərarın səninlə heç bir əlaqəsi yoxdur. – dedi Fərhad müəllim.

  Solmz xanım da, ərinin dediyini təsdiqlədi:

    – Qızım, səndən heç bir narazılığımız yoxdur. Bu gün qaynatan ömründə ilk dəfə bazara gedib. Torba dolmayan meyvəyə, göyərtiyə xərclədiyi pulun dəyəri ürəyinə od salıb, gözünü açıb. Qərara gəlib ki, atasından miras qalan qıfılı paslanmış yurduna sahib çıxsın. Doğrusu, təqaüdə çıxdığımız gündən özüm də bu haqda fikirləşirdim. Yaxşı ki, …

  Ürəyi dolu Fərhad müəllim yoldaşının sözünü kəsdi.

  – Bazarı dolaşdım. Gördüm ki, tərif yağdıra-yağdıra satılan meyvələrin qat-qat yaxşısı yurdumuzdakı ağacların dibində çürüyüb itib-batır. Orda yaşasaq tərkibi nitratsız, zərərsiz meyvəmizlə, göyərtimizlə qidalanarıq.  Onların rayona köçməsinin qəti əleyhinə olan Məhbubə baldızlarına zəng  edib xahiş elədi ki, ata-analarını fikirlərindən döndərsinlər. Gözlənilməz xəbər baldızların böyük sevincinə səbəb olması ona: özünüz bilərsiniz. Amma mən belə olmasını istəməzdim. – deməkdən başqa çarə qalmadı.

                                                                              ***

  Onların kəndə köçməsi bir həftə olardı. Fərhad müəllimin qardaş-bacıları, əksər qohum-əqrabası onun ata yurduna köçməsini toy-bayram kimi qəbul elədilər. Evin səliqə-sahmana salınmasında, canla-başla köməklik etdilər. Onları bir an belə darıxmağa qoymadılar. Solmaz xanım heç xaxt üzünü görmədiyi kəndin sakinlərinindən də bu cür isti münasibət görəcəyini gözləmirdi. 

  Fərhad müəllimin kənd sakinləri ilə sıx əlaqəsi olmasa da, çoxunun dalana dirənmiş işlərini təmanna güdmədən, telefon zəngi ilə həll eləmişdi. Onda, nə vaxtsa kəndə köçəcəyi ağlından da keşməzdi. İndi o elədiklərinin bəhrəsini görürdü. İş-gücündən ayrılıb köməyinə çatanlara təşəkkür edəndə, ürəyində deyərdi: bu dünyada qanana edilən yaxşılıq itmirmiş.

                                                                             ***

   Sənbə günü idi. Fərhad müəllim qohumları arasında onunla ən sıx əlaqədə olan, özündən on yaş kiçik əmisi oğlu-Salmanın opel markalı maşını ilə rayon mərkəzinə gəlmişdilər. Salman maşınını təmirə verib əvvəlcə bazarı, sonra da ticarət mərkəzlərini dolaşdılar. Usta təmirin uzun çəkəcəyini bildirmişdi. Salman vaxtlarını keçirmək üçün əmisi oğlunu çayxanaya dəvət elədi.

  Çayxananın geniş zalına daxil olanda, səhərdən göy üzünü örtən, boşalmağa məqam gözləyən buludlar sanki, onların çayxanaya daxil olmalarını gözləyirmiş. Bidən-birə yağış elə yağmağa başladı ki, az da ləngisəydilər bir-neçə saniyə ərzində tam islanardılar.

  Çayxananın yuxarı başında stolları birləşdirib söhbət edən orta yaşlı kişilərdən biri ayağa qalxıb onlara tərəf əlini uzadıb səsləndi:

  – Salman, bura gəlin.

  Onlara yaxınlaşanda içlərindən biri də ayağa qalxdı.

  – Fərhad müəllim! Nə xoş təsadüf! Əəə, mən səni sonuncu dəfə gördüyüm tarixi unutmuşam – deyib ona tərəf gəldi. Qucaqlaşıb görüşdülər.

  O, Faiq adlı bu adamla orta məktəbi birlikdə bitirmişdilər. Tələbəlik illərində ayrı-ayrı institutlarda oxusalar da, tez-tez görüşərdilər. Şəhəri, hava sakir olanda, bulvarı gəzib-dolaçardılar. Bir dəfə axşam vaxtında, təzə bazarın yaxınlığında kirayədə qalan kəndçilərinə qanaq getmişdilər.  Bazarın qabağındakı qazlı su aparatından siroplu su içmək istədilər. Ciblərində nə qədər üç qəpiklər varsa saldıqları aparat xəsislik elədi, onlara su vermədi.

  – Bu şəhərdə mənə atanlar az idimi ki, aparat da son qəpiyimi uddu, haramzadalıq elədi.- deyə gileyləndi.

  Fərhad cibindən son iyirmi qəpiyini çıxardıb gileyləndi:

  – Bədxərclik elədik, cibimdə bu qaldı.

  Faiq əllərində olan-qalan iyirmi qəpiyi dostundan götürüb, aparata üzünü çevirib qəpiyi pul salınan deşiyə dirəyib şikayətləndi:

  – Ay insanı əvəz edən atançik! Cibimizi silıb-süpürdün, bir udumluq da su vermədin. Sən insanın ancaq bir işini görə bilərsən. Heç vaxt insanı əvəz edə bilməzsən. İnsan olsaydın pulumuzu udub suyumuzu kəsməzdin. İndi səni necə qandırım ki, al bu iyirmi qəpiyi altı qəpik çıx, bizə iki stəkan su ver!

  Bu vaxt əlindəki qəpik sürüşüb aparata daxil oldu. Stəkana şarıltıyla su süzüldü.

  – Əəə, nə eylədin? Yataqxanaya necə gedəcəyik? – deyib Fərhad üstünə cumanda, Faiq qaçıb canını qurtardı. Görəndə ki, dalından çatmayacaq qayıdıb dolu stəkanı başına çəkdi. Bir müddətdən Faiq geri döndü. Yaxınlaşıb dedi:

  – Fərhad, bircə sualıma cavab ver, sonra sal təpiyinin altına iti kimi döy. Cavab qaytaran kişi deyil. De görüm, iyirmi qəpiklik su çoxmu dadlı idi?

  O, yenə nəsə demək istəyirdi ki, gülməkdən özünü saxlaya bilməyib qarnını tutub diz çökdü.

  Fərhadın artıq hirsi soyumuşdu. Hadisəni gözünün önnünə gətirəndə, özü də özünü gülməkdən saxlaya bilmədi. Həmin gecə uzaq məsafəni piyada getməli olsalar da, maraqlı hadisə kimi hələ də yaddaşlarından silinməmişdi. Hər dəfə rastlaşanda o gecəni xatırlayırdılar. Bütun dost-tanışlarına bu hadısəni danışıb, gülüşmüşdülər.

  Faiqin cayxor dostları da ayağa qalxıb Fərhad müəllim ilə Salmanla əl verib görüşdülər. Fərhad müəllimə Faiqin, Salmana da tanışı-Mirinin yanında yer elədilər.

  – Fərhad, səni görən kimi bilirsənmi nəyi xatırladım? –deyə Faiq əlini onun çiyninə qoydu.

  – Bunu bilməyə nə var ki? O, gecə təzə bazarın yanında başımıza açdığın hoqqanı hələ unutmamısanmı?

  – Unudulası kimi hərəkət eləmişdinmi ki? Bakıya gedəndə təzə bazarın yanından keçərkən, indi orda izi-tozu qalmayan su aparatları öz yerini tutur. Həmin səhnə gözümün qabağında canlanır. Sən də mənə qəzəblə baxa-baxa bir stəkanı – iyirmi qəpiklik suyu içirsən.

  Faiq yanındakıların bir-neçəsinə bu hadisəni danışmışdı. Eşitməyənlərin maraqla ona baxdığını görəndə üzünü köhnə dostuna tutub dedi:

  – Nə deyirsən, danışımmı?

  – İstəyirsənsə danış. Mən də bunu çox yerdə danışmışam. Burda utanacaq nə var ki? O yaşlarda belə şeylər hamının başına gələ bilər.

  Faiq danışdıqca qarşı-qarşıya oturan iki nəfər bir-birinə him-cim edə-edə, onun ağzından çıxan hər ifadəni məsqərə edirdilər. “İyirmi qəpiklik syun çoxmu şirin olduğunu” soruşduğu yerə çatanda, şaqqanaq çəkib gülməyə başladılar. Faiq söhbətini tamamlayan kimi, onlardan biri – Hidayət dedi:

  – Fərhad müəllim, görürəm sizin də dost sarıdan bəxtiniz gətirməyib. Bunun bəxti gətirib ki, o gecə yerinizdə mən olmamışam. Bilirsinizmi mən nə edərdim? Eşşəyi kimi minib, sürərdim onu yataqxanaya qədər. Yanındakı ona zuy tutan alçaq boylu, dolu bədən quruluşlu – Qafar dostunun şit məsqərəsinə əlavə elədi:

  – Yanında olsaydım mən də arxanda oturardım.

  Ətrafdakıların kinayəli baxışlarına məhəl qoymadan onlar şit zarafatlarına ara vermədilər. Ucaboy, enli kürək, özündən razı Hidayət sanki Faiqi gözdən salmaq üşün qəsdən sərhədi aşırdı. Gözünü ondan çəkmədən, ağına-bozuna baxmadan, ağzından nə çıxdı alqışlayan, zuy tytanına göz basıb sayaqlamasına davam elədi.

  – Fərhad müəllim, bu dostunuzun əvvəlindən xəbərim yoxdur. Qonşumuzun evini alıb köçəndə arvadlı-uşaqlı yekə kişi idi. Təbii haldır ki, hər kəs təzə qonşunun kim, nəçi olması ilə maraqlanır. Qonşulardan ilk qapısını açan mən oldum. Təbrik etdim. Təzə mənzilində san sağlığı ilə yaşamasını dilədim. Özüm, qonşularımızın hər biri haqda məlumatlandırdım. Öyrənəndə ki, alı təhsilli iqtisadiyyatçıdır çox sevindim. Düşündüm ki, ali təhsilli adamdır, özü də cavandır, vəzifə tutar, böyük adam olar, işimizə yarıyar. Pensiyaya çıxdı. Nə boyu böyüdü, nə vəzifəsi, nə də özü. İşlədiyi idarədə baş buxalter (mühasib) də olmadı, bir işə yaramadı.

  Hidayətin yanında oturan, onunla həmyaşıd olan Bəhramın səbri tükəndi.

  – Hidayət! Həddini aşma! Burda oturanların hamısı Faiqi də yaxşı tanıyır, səni də. Fərhad müəllim, bunun bu cür sayaqlamasının səbəbi var. İki gün qabaq Faiq Bakıdan gələn tələbə yoldaşının şərəfinə verdiyi ziyafətə bunu, ağzı xarabdır deyə dəvət eləməmişdi. Biz toplaşanda Faiq bizdən soruşanda ki, bunu dəvət eləsinmi? Toplaşanların çoxu etiraz elədi. Hətta biri dedi ki, o gələcəksə, mən gedəcəyəm.

  – Mən toplaşdıqlarınızın hansından əskikəm? – deyə, Hidayət qızışdı.

  – İnsanın əyər-əskikliyi – görünüşü, boy-buxunu, çəkisiylə yox, ağzından çıxan cözlə ölçülür.

  Hidayətin yersiz çıxışının təsirindən hiddətlənən Miri ona səsləndi:

  – Hidayət! Biz bura bir-birimizin kimliyini müzakirə etmək üşün yığılmamışıq. Vaxtımızı asudə keşirmək üçün bir araya gəlmişik. Haq-nesab çayxanada yox, meydanda çürüdülər. Sən nə qədər coşub-daşsan da, lağa qoysan da, Faiq müəllimi bizim gözümüzdə dəyərdən sala bilməzsən. Fərhad müəllim, biz işsiz-gücsüz adamlarıq. Hər gün bu vaxtlarda  bura toplaşırıq. Bu, başabəla, dili xarab dostumuzun gop da olsa maraqlı söhbətindən həzz alırdıq. Bu gün cildinin dəyişilməsinin səbəbi bəlli oldu. Bəhram nəyə görə onun dəvət edilmədiyinə aydınlıq gətirdi. Mənə təəccüblü gələn budur ki, niyə bəzi adamlar öz günahını özgəyə bələyirlər. Özündə olmayanı özgədə arayırlar.

  Hidayət ona qarşı yönələn iradları qəbul eləmirdi. İlk dəfə onlara qoşulan Fərhad müəllimin sıradan biri olmadığını dərk elədiyindən, haqqında danışılanlara reaksiya vermədi. Gücü çatdığı qədər dözdü. Birdən səbri tükəndi. Barıt çəlləyinə dönüb partladı.

  – Əəə! Nə hərəniz bir tərəfdən düşübsünüz üstümə. Heç kimin mənə ağıl dərsi keçməyə haqqı yoxdur. Müəllim, -deyib üzünü Fərhad müəllimə tutub sözünə davam elədi.- siz bunları tanımırsınız. Hamısından ağıllıyam, hər sahədə də üstünəm. Mərdəm. Sözü üzə deyənəm. Buna görə də məni gözləri götürmür. Siz ağıllı adama oxşayırsınız. Kimin kim olduğunu anlamamış olmazsınız.

  Fərhad müəllim ətrafındakıları bir-bir nəzərdən keçirib, başını aşağı salıb gülümsündü. O, artıq kimin kim olduğunu təxmin eləmişdi. Hidayət isə özünün necə biri olduğunu tam çılpaqlığı ilə üzə çıxartmışdı.

   Bu qəlibdən olan tiplərlə çox üzləşmişdi Fərhad müəllim. Amma bu cür açıq şəkildə lovğalananına rast gəlməmişdi. Öz rayonunda beləsini mövcudluğuna təəssüfləndi.

  Faiqin qonşusunun qeyri normal davranış – lağ etməsinə baş qoşmamasının bir-neçə səbəbi vardı: Birincisi – onun sözünə söz qaytarmaq, arı pətəyinə çubuq soxmaq kimi bir şeydir. İkincisi – onun özündən fərqli olaraq çox gözəl xasiyyətə malik həyat yoldaşının öz həyat yoldaşı ilə rəfiqə olması. Üçüncüsü – uşaqlarının dostluğu. Dördüncüsü – bir-neçə gündən sonra, heç nə olmamış kimi üzünə hırıldayıb, əl uzadıb görüşəcəyi.

  Qonşusu tərəfindən nahaqdan lağ edilməsini veşinə almayan Faiq heç keyfini də pozmadı. Coxdan görüşmədiyi köhnə dostu ilə rastlaşmasının sevincinin yanında, qonşusunun lağlağısı – ağcaqanad vızıltısı kimi bir şeydir onun üçün. Əlini  dostunun çiynunə qoyub üzünə diqqətlə baxdı.

  – O, Fərhaddan bu Fərhadın fərqi – alnındakı qırışlar və ortası seyrəlmiş ağarmış saçlarındır. Maşallah! Yaxşı qalmısan. Neçə günlüyə gəlmisən?

  – Sualındakı yanlışlığa düzəliş ver. Soruşmalıydın: neçə illiyə gəlmisən? Sən kənd həyatını bəyənməyib, şəhərə köçmüşdün. Mən isə bir dəfəlik o böyüklükdəki şəhərdən ata yurduma dönmüşəm.

  – Lap əcəb eləmisən! Bu oldu mənim üçün son yüz ilin ən şad xəbəri. – deyib Faiq ayaya qalxıb, əlavə elədi. – Belə xəbər çayla qeyid ediləsi deyil. Getdik!

  Hidayətlə Qafardan başqa hamı ayağa qalxdı. Mirinin: – hara? Sualına Faiq:- seçim sizindir. – deyə cavab verdi. Sonra da çayçıya yaxınlaşıb, içdikləri çayın haqqını ödədi.

  Artıq yağış kəsmişdi. Buludlar isə səmadan çəkilməmişdi. Bu günki havaya Hidayət kimilər kimi güvənmək olmaz. Hər an qəfildən yağa bilər. Vaxt itirmədən yaxınlıqdakı kafelərdən birinə özlərini yetirməlidirlər ki, yağış onları yaxalamasın.

Faiq oturduqları yerdən tərpənməyib altdan-altdan onlara tərəf baxıb öz aralarında nəyisə müzakirə edən Hidayətlə Qafara baxdı. Yaxınlaşıb onları da dəvət eləmək keçdi ürəyindən. Bunu hiss edən Bəhram ürəyində onun bu cəhdini dəyərləndirdi. Xoşməramlı addımının nəticəsinin xoşa gəlməz sonluqla toqquşa biləcəyindən şübhələnib, onu durdurdu. Özü onlara yaxınlaşdı.

  – Sizə xüsusi dəvətmi gərəkdir? – deyə soruşdu.

  Hidayət susdu. Qafar ağır iş görüb yorulub, haldan düşən adamlar kimi taqəqətsiz halda başını qaldırıb cavab verdi:

  – Bizim vacib görüşümüz var. İndilərdə gəlməlidirlər.

  Bəhram yaxşı bilirdi ki, indilərdə kimlərsə gəlib onlarla çay içəcək. Ancaq dedikləri kimi vacib görüş təyin etdikləri önəmli şəxslər olmayacaq. Heç nə demədən onlardan aralandı. Opel markalı maşınına əyləşdi. Qabaqda oturan Fərhad müəllimə dedi:

  – Bağışlayın, bir az qanqaraçılıq oldu. Hidayətdir də, necə olsa da yola verməliyik. Özü belə olsa da çox gözəl ailəsi var. Uşaqlarının heç biri ona bənzəməyib. Hamısı analarına çəkib.

   Fərhad müəllim rastlaşdığı lağlağıçılarla Hidayəti müqayisə elədi. Bir bezin qırağı olsalar da, bundan betərinə rast gəlməmişdi. Onun bir iş yoldaşı da vardı. O da başqalarının danışığını yozar, lağa qoyardı. Bu xasiyyətinə görə ona “prikolçik Həsən” ləqəbi qoymuşdular. Hidayətdən fərqli olaraq onun lağlağısında təhqirə yol verilmirdi. Həm də mənəmliyini qabardıb lovğalanmırdı. Heç kəs də ondan incimirdi. İlk görüşdə onda xoş təəssürat yaradan Bəhrama baxdı. Bir az öncə çay içdiyi digər – ilk dəfə üz-üzə gəldiyi şəxsləri də gözünün önnünə gətirdi. On nəfərin içində iki anormaldan başqa səkgizinə artıq qanı qaynamışdı. O, işdən ayrılmışdı. Həyatdan isə ayrılacağı vaxtdan xəbərsizdi. Taleyinin proqnozlaşdırdığı ömür payını cəmiyyətdən təcrid olunmuş halda yaşaya bilməzdi. Çünki o, arxada qoyduğu ömürünün gümrah, fəal dövrünü fasiləsiz ictimaiyyət arasında keşirmişdi. İndi onun öz çevrəsi olmalıdır. İstəməzdı ki, bu çevrədə Hidayət, Qafar kimi lağlağıçılar yer alsın. Cünki bu cür tiplər – xoş ovqatın qara kabuslarıdırlar.

28.07.2024.

Müəllif: Sədulla ŞİRİNOV

SƏDULLA ŞİRİNOVUN YAZILARI

SƏDULLA ŞİRİNOVUN KİTABLARI

Sədulla Şirinovun yaradıcılığı

DAHA ÇOX YENİ MƏLUMAT

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

ZAUR USTAC – YAXŞI MÜƏLLİM

YAXŞI MÜƏLLİM
(doqquzuncu yazı)
     Salam olsun, çox dəyərli oxucum! İnsan həyatında elə peşələr var ki, onların dəyərini yalnız qazanc, vəzifə, ad-san və cəmiyyətdə tutulan mövqe ilə ölçmək mümkün deyil. Bu peşələrin əsas meyarı insan yetişdirmək, şəxsiyyət formalaşdırmaq, biliyi mənəvi dəyərlə birləşdirmək və gələcək nəsillərin yoluna işıq salmaqdır. Müəllimlik də məhz belə peşələrdəndir. Əsl müəllim şagirdə yalnız dərs keçmir; ona düşünməyi, fərqləndirməyi, haqqı nahaqdan ayırmağı, insanlara münasibətdə ədalətli olmağı öyrədir. Bəzən müəllimin bir sözü, bir davranışı, hətta vaxtında göstərdiyi mərhəmət insanın bütün həyat istiqamətini dəyişə bilir.
      Tanınmış yazıçı Sədulla Şirinovun “Yaxşı müəllim” əsəri bu həqiqətləri bədii düşüncənin imkanları ilə oxucuya çatdıran, müəllim şəxsiyyətini insan taleyi, mənəvi məsuliyyət və ədalət anlayışları ilə əlaqələndirən əsər kimi diqqəti cəlb edir. Burada müəllimlik sadəcə bir əmək fəaliyyəti deyil, insanın öz ömrünə verdiyi məna, cəmiyyət qarşısında daşıdığı məsuliyyət və gələcək nəsillərə ötürdüyü mənəvi mirasdır.
      Əsərin mərkəzində dayanan Zəfər obrazının həyat yolu vasitəsilə müəllif oxucunu bir sıra mühüm suallar üzərində düşünməyə dəvət edir: Yaxşı insan olmaq nə deməkdir? Ədalət hissi necə formalaşır? Uşaqlıqda yaşanan haqsızlıqlar insanın xarakterinə necə təsir göstərir? Müəllimin əsl böyüklüyü nədədir? Və nəhayət, insan ömrünün mənalı keçdiyini hansı meyarlarla müəyyənləşdirmək olar?
       Sədulla Şirinov bu suallara yalnız nəzəri mülahizələrlə cavab vermir. O, qəhrəmanının uşaqlığına, ailə mühitinə, məktəb həyatına, müəllimləri ilə münasibətlərinə və sonrakı peşə seçiminə müraciət edərək oxucuya canlı insan taleyi təqdim edir. Bu talenin arxasında isə bütöv bir dövrün çətinlikləri, kənd həyatının özünəməxsus xüsusiyyətləri, ailə məsuliyyəti və insanı insan edən mənəvi keyfiyyətlər dayanır.
      “Yaxşı müəllim”in girişindəki düşüncələr əsərin ideya istiqamətini müəyyənləşdirir. Müəllif insanın qədim tarixindən, cəmiyyətin formalaşmasından, haqq və haqsızlıq anlayışlarının meydana çıxmasından söz açaraq oxucunu daha geniş mənəvi müstəviyə aparır. Bu yanaşma təsadüfi deyil. Çünki insanın ədalət axtarışı yalnız bir dövrün və ya bir şəxsin problemi deyil; bəşər tarixinin bütün mərhələlərində müxtəlif formalarda üzə çıxan məsələdir.
       Əsərin başlanğıcında Bəxtiyar Vahabzadənin Allah və həqiqət mövzusuna toxunan fikrinə müraciət edilməsi də bu düşüncə xəttini gücləndirir. Burada əsas məsələ yalnız dini və fəlsəfi mülahizə yürütmək deyil, insanın öz davranışına, vicdanına və məsuliyyətinə münasibətini müəyyənləşdirməkdir. Ədalət haqqında danışmaq asandır, lakin ədalətli olmaq hər zaman asan deyil. Həqiqəti müdafiə etməkdən söz açmaq mümkündür, amma həqiqətin tələb etdiyi məsuliyyəti üzərinə götürmək insanın xarakterindən asılıdır.
Sədulla Şirinovun əsərində bu fəlsəfi başlanğıc sonrakı hadisələrdən ayrı qalmır. Zəfərin uşaqlıqda rastlaşdığı haqsızlıqlar, məktəbdə üzləşdiyi münasibətlər, müəllimlərinin davranışları və sonrakı həyatında qarşılaşdığı insan taleləri həmin sualların bədii davamına çevrilir. Beləliklə, girişdə irəli sürülən ümumi mülahizələr qəhrəmanın konkret həyat təcrübəsində sınaqdan keçirilir.
       Əsərin əsas üstünlüklərindən biri də budur: müəllif oxucunu hazır nəticə ilə kifayətlənməyə çağırmır. O, hadisələri və münasibətləri göstərir, insan davranışlarının səbəbləri barədə düşünmək imkanı yaradır. Oxucu da bu prosesdə yalnız müşahidəçi deyil, mənəvi mühakimə aparan tərəfə çevrilir.
      Zəfərin uşaqlıq illəri İkinci Dünya müharibəsinin ağır günlərinə təsadüf edir. Hələ yeddi yaşında olduğu vaxt ailənin dörd əmisi cəbhəyə yollanır. Bu hadisə onun uşaqlıq dünyasına müharibənin ilk kölgəsini salır. Müharibə onun üçün uzaq cəbhələrdə baş verən hadisələrdən ibarət deyil; ailədən ayrılan insanlar, evdəki narahatlıq, zəhmətin artması və gündəlik həyatın çətinləşməsi deməkdir.
       Əsərdə ailənin məişət qayğıları, kənd həyatının ağırlığı və uşaqların erkən yaşlarından əməyə alışması diqqətə çatdırılır. Zəfər məktəbdən sonra anasına kömək edir, ailənin iş-gücündə iştirak edir. Onun uşaqlığı yalnız oyun və əyləncə ilə keçmir. O, həyatın çətinliklərini yaşına uyğun olmayan bir erkənliklə dərk etməyə başlayır.
       Qardaşı Mahirin müharibənin səbəbləri və insanların bir-birini niyə öldürməsi barədə sualları əsərin düşündürücü məqamlarındandır. Bu suallar uşağın sadəlövh marağından daha geniş məna daşıyır. İnsan dünyaya gəlir, böyüyür, ailə qurur, zəhmət çəkir, həyatını qurmağa çalışır. Bəs bütün bunları dağıdan müharibələr niyə baş verir? İnsan niyə başqa insanın həyatına qəsd edir? Bu suallara asan cavab vermək mümkün deyil. Ancaq onların uşağın düşüncəsində yaranması gələcəkdə onun dünyagörüşünün hansı istiqamətdə formalaşacağını anlamağa kömək edir.
        Zəfərin ailə mühitində gördüyü zəhmət, böyüklərin qayğıları və müharibənin doğurduğu narahatlıqlar onda məsuliyyət hissini gücləndirir. O, həyatın yalnız şəxsi istəklərdən ibarət olmadığını, insanın ailəsinə, yaxınlarına və ətrafındakılara qarşı borcunun olduğunu erkən yaşlarından öyrənir.
       Müəllif bu uşaqlığı idealizə etmir. Çətinliklər qəhrəmanın həyatında real ağırlıq kimi görünür. Lakin həmin çətinliklər onun xarakterinin formalaşdığı mühitə çevrilir. Zəfərin sonrakı davranışlarını, ədalət duyğusunu və insanlara münasibətini anlamaq üçün məhz bu başlanğıcı nəzərə almaq vacibdir.
       Zəfərin xarakterində diqqət çəkən cəhətlərdən biri başqalarının dərdinə biganə qala bilməməsidir. O, gördüyü hadisələrə yalnız öz maraqları baxımından yanaşmır. Ətrafında baş verənlər onun düşüncəsində suallar yaradır, haqsızlıq gördükdə münasibət bildirmək ehtiyacı hiss edir.
        Əsərdə onun məktəb yoldaşları Davud və Əli ilə münasibətləri bu xüsusiyyəti üzə çıxarır. Zəfərin davranışları ətrafındakıların hamısı tərəfindən dərhal düzgün başa düşülmür. Bəzən onun mövqeyi mübahisəyə səbəb olur, bəzən də böyüklər hadisənin mahiyyətini araşdırmadan hökm verməyə meyil göstərirlər. Bu vəziyyət uşağın ədalət hissini sınağa çəkir.
       Zəfər obrazını maraqlı edən onun bütün hallarda qüsursuz təqdim olunması deyil. Əksinə, o, həyatın içində böyüyən, münasibətlərin mürəkkəbliyini tədricən anlayan bir insandır. Onun şəxsiyyətinin əsasını təşkil edən mənəvi keyfiyyətlər hadisələr və münasibətlər vasitəsilə üzə çıxır.
        Zəfərin davranışlarında ailədən aldığı tərbiyənin, xüsusilə babası Rüstəmin təsirini də görmək mümkündür. Böyüklərin həyat təcrübəsi, münasibətləri və verdikləri məsləhətlər uşağın düşüncə dünyasında iz buraxır. İnsanın tərbiyəsi yalnız ona deyilən sözlərlə formalaşmır; o, böyüklərin necə davrandığını, çətin vəziyyətlərdə hansı qərarlar verdiyini də müşahidə edir. Zəfərin həyatında bu mənəvi təsir mühüm yer tutur.
        Əsərin bu xətti oxucuya bir həqiqəti xatırladır: yaxşı müəllim yetişmədən əvvəl insan kimi formalaşmalıdır. Başqalarına ədaləti öyrədəcək şəxsin özü ədalətin nə olduğunu hiss etməli, başqasının ağrısını anlamağı bacarmalıdır. Zəfərin uşaqlıq təcrübələri gələcək müəllim şəxsiyyətinin mənəvi bünövrəsi kimi mənalandırılır.
       Əsərin mühüm epizodlarından biri Zəfərin məktəbdə qarşılaşdığı anlaşılmazlıq və haqsız münasibətlə bağlıdır. O, məktəb yoldaşının ailəsinə və müharibə şəraitində yaşayan insanlara münasibətdə hörmətin qorunmasını istəyir. Lakin hadisənin mahiyyəti dərhal aydınlaşmır. Davud və Əli ilə yaranan münaqişə nəticəsində Zəfərin mövqeyi böyüklər tərəfindən düzgün qiymətləndirilməyə bilər.
       Məktəbin müəllimlərindən Cəlal müəllim və direktor Vaqif müəllimin münasibəti bu baxımdan diqqətəlayiqdir. Əvvəlcə hadisəyə bir tərəfdən baxılması və Zəfərin davranışının tam anlaşılmaması müəllim nüfuzunun özü-özlüyündə səhvsiz qərar demək olmadığını göstərir. Müəllim də insandır; o da müəyyən anda tələsik nəticəyə gələ, hadisənin görünən tərəfinə aldanaraq yanlış mühakimə yürüdə bilər.
       Lakin əsərin mənəvi məğzi məhz burada üzə çıxır: səhvi dərk etmək və münasibəti yenidən qiymətləndirmək mümkündür. Vaqif müəllimin sonradan məsələyə başqa cür yanaşması, baş verənlərin mahiyyətini anlamağa çalışması müəllimin böyüklüyünün yalnız hökm verməkdə deyil, öz hökmünü yenidən nəzərdən keçirə bilməkdə olduğunu göstərir.
        Bu epizod məktəb mühitində ədalətli münasibətin nə qədər vacib olduğunu xatırladır. Uşaq üçün müəllimin sözü və qərarı böyük məna daşıyır. Ədalətsiz münasibət onun qəlbində dərin iz qoya, özünə inamını sarsıda bilər. Əksinə, səhvin etirafı və ədalətin bərpası uşağın insanlara inamını qoruyur.
       Zəfərin davranışına görə onu dərhal mühakimə etmək əvəzinə hadisənin səbəblərini öyrənmək, hər iki tərəfi dinləmək və nəticəyə tələsməmək müəllim üçün vacib keyfiyyətlərdir. Müəllifin bu hadisəyə diqqət yetirməsi təsadüfi deyil. Çünki yaxşı müəllim olmaq ilk növbədə şagirdi anlamaqdan başlayır.
       Xatın xalanın Zəfərin yaxşı xüsusiyyətlərini qiymətləndirməsi də qəhrəmanın xarakterinin yalnız məktəb mühitində deyil, gündəlik insan münasibətlərində də görünən tərəflərini tamamlayır. İnsan haqqında fikir formalaşdırarkən bir hadisəyə deyil, onun ümumi davranışına, başqalarına münasibətinə və mənəvi mövqeyinə diqqət yetirmək lazımdır.
        “Yaxşı müəllim”də insan münasibətlərinin qaranlıq tərəfləri də təsvir olunur. Müəllif “mərdimazarlar” anlayışı ətrafında formalaşan hadisələr vasitəsilə başqasına mane olmağa, onun yaxşı niyyətini yanlış təqdim etməyə və münasibətlərdən öz xeyrinə istifadə etməyə meyilli insanların yaratdığı problemlərə diqqət çəkir.
        Bu məqamlar əsərin ümumi ideyasına xidmət edir. Çünki insanın xarakteri yalnız rahat şəraitdə deyil, anlaşılmazlıq, təzyiq və haqsızlıq qarşısında daha aydın görünür. Belə məqamlarda bir insan qisas almağa, digəri susmağa, başqası isə həqiqəti müdafiə etməyə üstünlük verə bilər. Seçilən yol insanın daxili dünyasını üzə çıxarır.
Zəfərin həyatında rast gəlinən münasibətlər onun insanları daha dərindən tanımasına imkan yaradır. O, hər kəsin zahiri görünüşünə və sözlərinə əsasən hökm verməyin düzgün olmadığını öyrənir. İnsan haqqında həqiqi təsəvvür onun davranışları, başqalarının haqqına münasibəti və çətin anlarda göstərdiyi mövqe əsasında yaranır.
       Müəllifin diqqətə çatdırdığı digər vacib məsələ bağışlamaq, ailə sevgisi və insanın öz davranışlarına cavabdeh olmasıdır. Əsərdə alkoqol, ailədaxili münasibətlər və bağışlama mövzularına toxunan dialoqlar da bu baxımdan əhəmiyyətlidir. İnsan səhv edə bilər, lakin səhvin nəticələrini anlamaq və münasibətlərini düzəltməyə çalışmaq da onun məsuliyyətidir. Bağışlamaq isə hər şeyi unutmaq və ya yanlış davranışı normal qəbul etmək demək deyil; bu, insan münasibətlərinin mənəvi tərəfini dərk etməkdir.
       Beləliklə, əsərdə yaxşılıq sadəlövh güzəşt, ədalət isə sərt hökm kimi təqdim edilmir. İnsan həm mərhəmətli, həm də prinsipial ola bilər. Əsas məsələ başqasının haqqını qorumaqla insanlıqdan uzaqlaşmamaq, həqiqəti müdafiə etməklə vicdanı itirməməkdir.
       Vaqif müəllimin obrazı əsərin müəllimlik mövzusunu açan mühüm istiqamətlərdən biridir. Onun Zəfərlə bağlı hadisəyə münasibətinin dəyişməsi müəllim nüfuzunun mahiyyəti barədə düşünməyə əsas verir.
      Müəllim olmaq yalnız bilik vermək və sinifdə intizam yaratmaq deyil. Müəllim hər bir şagirdin fərdi xüsusiyyətlərini, ailə vəziyyətini və davranışının arxasında dayanan səbəbləri anlamağa çalışmalıdır. Şagirdin hərəkətini qiymətləndirərkən təkcə zahiri nəticəni deyil, həmin hərəkətə gətirən şəraiti də nəzərə almaq vacibdir.
      Bu mənada Vaqif müəllimin hadisəyə yenidən baxması onun şəxsiyyətində müsbət dəyişimin göstəricisi kimi dəyərləndirilə bilər. İnsan öz səhvini qəbul etdikdə nüfuzunu mütləq itirmir; əksinə, ədalətə sadiqliyini nümayiş etdirir. Xüsusilə uşaqlar qarşısında bunu bacarmaq böyük mənəvi məsuliyyət tələb edir.
     Əsərin oxucuya ünvanladığı mesaj aydındır: müəllimin sözü şagirdin yaddaşında uzun müddət yaşaya bilər. Buna görə müəllim danışarkən də, qərar verərkən də, şagirdə münasibət bildirərkən də diqqətli olmalıdır. Bir uşağı dinləmək, onu başa düşməyə çalışmaq, tələsik hökm verməmək pedaqoji fəaliyyətin ayrılmaz hissəsidir.
      Zəfərin həyatında yaşanan hadisələr onun gələcəkdə hansı müəllim olacağını da müəyyənləşdirən təcrübəyə çevrilir. O, bir zamanlar özü anlaşılmaq ehtiyacı duyan uşaq olub. Bu təcrübə sonradan şagirdlərinə münasibətində həssaslıq və anlayış göstərməsinə mənəvi zəmin yaradır.
       Zəfərdən Zəfər müəllimə: seçilmiş həyat yolu
Əsərin əsas xətti Zəfərin uşaqlıqdan yetkinliyə doğru inkişafı ilə tamamlanır. Zaman keçir, həyat təcrübəsi artır və o, Zəfər müəllim kimi tanınır. 1953-cü ildə öz doğma kəndində tarix müəllimi kimi fəaliyyətə başlaması onun həyat yolunda mühüm mərhələdir.
      Bu seçim sadəcə iş yeri müəyyənləşdirmək məsələsi deyil. Zəfər müəllim üçün kəndə qayıtmaq, tanıdığı insanların arasında yaşamaq və uşaqlara dərs demək həyatın mənasına dair şəxsi qərardır. Universitetdə qalmaq, elmi fəaliyyətlə məşğul olmaq, aspiranturaya qəbul olunmaq, gələcəkdə elmlər doktoru və professor olmaq imkanları onun qarşısında mövcud olan alternativlər kimi təqdim edilir. Lakin ailəyə bağlılıq və mərhəmət hissi onun kəndə qayıtmasında mühüm rol oynayır.
      Bu məqamda müəllif uğur anlayışına fərqli baxış təqdim edir. Cəmiyyətdə bəzən insanın uğuru onun vəzifəsi, elmi adı, qazancı və tanınması ilə ölçülür. Halbuki hər bir insanın həyat məqsədi eyni deyil. Kimsə elmdə, kimsə istehsalatda, kimsə ictimai fəaliyyətdə, başqası isə müəllimlikdə özünü reallaşdıra bilər. Əsas məsələ seçilən yolun insanın daxili istəklərinə, mənəvi dəyərlərinə və məsuliyyət hissinə uyğun olmasıdır.
       Zəfər müəllimin Arzu müəllimə ilə söhbəti bu baxımdan əsərin ideya yükünü aydınlaşdırır. Universitetdə qalıb alim olmaq imkanından danışılarkən o, yaxşı müəllim olmaq istəyinin öz həyatında əsas yer tutduğunu bildirir. Onun üçün kəndə qayıtmaq uğursuzluq və ya böyük imkanlardan imtina deyil. Əksinə, bu seçim özünü tanımaq, nə istədiyini bilmək və həmin məqsədə sadiq qalmaq nümunəsidir.
     Zəfər müəllimin ömrünün mənasız keçmədiyini düşünməsi əsərin ən mühüm mənəvi nəticələrindən biridir. O, peşələrin ən şərəflilərindən saydığı müəllimliklə məşğul olmağı həyatının əsas qazancı kimi dəyərləndirir. Bu mövqe insanın öz həyatını başqalarının meyarları ilə deyil, gördüyü işin mənası ilə ölçməsinin vacibliyini göstərir.
       Əsərdə onun Universitetə yalnız kimdənsə geri qalmamaq, vəzifə tutmaq və ya “böyük adam” olmaq məqsədilə qəbul edilmədiyinin vurğulanması da təsadüfi deyil. Zəfər müəllimin seçimində şöhrət həvəsindən çox, şəxsi məsuliyyət və insanlara faydalı olmaq istəyi dayanır. O, özünü başqalarından üstün göstərmək üçün deyil, bildiklərini başqalarına çatdırmaq üçün müəllimlik yolunu seçir.
      Zəfər müəllimin həyat yolu əsərdə müəllimlik peşəsinin daha geniş mənasını açır. Müəllim tarixdən, ədəbiyyatdan və ya başqa fəndən dərs deyə bilər, lakin onun təsiri dərs saatı ilə məhdudlaşmır. Şagird müəllimin danışıq tərzindən, insanlara münasibətindən, ədalət hissindən, verdiyi qərarlardan və davranışlarından da öyrənir.
        Əsərdə Arifin Trabzonda yaşaması və müəllimin dərs vaxtı sinifdəki mühitə cavabdeh olması barədə xatırlatması bu mövzunu başqa tərəfdən tamamlayır. Dərs prosesi yalnız məlumatın ötürülməsi deyil, həm də diqqət, intizam və qarşılıqlı hörmət üzərində qurulan bir mühitdir. Müəllim həmin mühitin qorunmasına məsuliyyət daşıyır. Şagirdlərin öyrənmək imkanını müdafiə etmək, sinifdəki münasibətləri sağlam istiqamətdə saxlamaq müəllimin gündəlik vəzifələrinin tərkib hissəsidir.
       Burada intizamla sərtliyi, nüfuzla qorxunu qarışdırmamaq da vacibdir. Şagird müəllimə yalnız cəzadan çəkindiyi üçün deyil, onun ədalətinə və biliyinə inandığı üçün hörmət etməlidir. Belə münasibət bir gündə yaranmır. Müəllim bunu ardıcıl davranışı, sözlə əməl arasındakı uyğunluğu və hər bir şagirdə insani münasibəti ilə qazanır.
        Zəfər müəllimin obrazı göstərir ki, yaxşı müəllimin əsas xüsusiyyətlərindən biri öz peşəsini mənəvi missiya kimi qəbul etməsidir. O, şagirdin uğurunu yalnız qiymətlərlə ölçmür; insanın yetişməsinə, düşüncə qabiliyyətinin inkişafına və cəmiyyətə faydalı şəxsiyyət kimi formalaşmasına əhəmiyyət verir.
      Zəfər müəllimin tarix fənnini tədris etməsi əsərdə xüsusi məna daşıyır. Tarix yalnız keçmişdə baş vermiş hadisələrin ardıcıllığı deyil. O, insanların seçimlərini, cəmiyyətlərin inkişafını, müharibələrin nəticələrini, ədalət və haqsızlıq nümunələrini anlamaq vasitəsidir.
       Uşaqlığı müharibə illərinə düşən bir insanın sonradan tarix müəllimi olması obrazın həyat xəttinə əlavə məna verir. Zəfər müharibənin ailələrə və gündəlik həyata təsirini uşaqlıqda müşahidə edib. İnsanların ayrılığı, zəhmətin ağırlaşması və gələcəklə bağlı narahatlıqlar onun şəxsi yaddaşında yer alıb. Belə təcrübələr keçmişi yalnız tarix kitabının səhifələri kimi deyil, insan taleləri ilə bağlı hadisələr kimi dərk etməyə imkan verir.
       Tarix müəlliminin işi şagirdə faktları öyrətməklə bitmir. O, keçmişin təcrübəsindən nəticə çıxarmağı, hadisələrin səbəb və nəticələrini araşdırmağı, insanın tarixi proseslərdəki rolunu anlamağı da öyrətməlidir. Bu baxımdan Zəfər müəllimin peşəsi əsərin başlanğıcındakı müharibə, insanlıq və ədalət mövzuları ilə üzvi şəkildə əlaqələnir.
       Əsərdə müəllimin kəndinə qayıtması da bu mənəvi məsuliyyətin bir hissəsi kimi oxuna bilər. O, özünü tanıdığı mühitdə, gələcək nəslin formalaşmasında iştirak edəcəyi yerdə görür. Onun üçün doğma kənd yalnız yaşayış məkanı deyil, əməyini və biliyini sərf edə biləcəyi insanlarla bağlı mənəvi çevrədir.
      “Yaxşı müəllim”in ideya dairəsi məktəb və müəllimlik mövzusu ilə məhdudlaşmır. Əsərdə zəhmətkeş insanın haqqının tapdalanması, pensiya məsələsində düzgün münasibət göstərilməməsi və təsərrüfat rəhbərinin haqsız davranışı ilə bağlı hadisə də diqqət çəkir. Bu süjet xətti oxucunu sosial ədalət və insan ləyaqəti barədə düşünməyə yönəldir.
      İnsan ömrünün böyük hissəsini zəhmətə sərf edir. Onun əməyinin qarşılığını almaq, yaşlılıq dövründə hüquqlarının qorunması və ləyaqətli münasibətlə qarşılaşması cəmiyyətin mənəvi səviyyəsini göstərən meyarlardandır. Əgər insanın uzun illər çəkdiyi zəhmətin haqqı verilmirsə, burada yalnız maddi problem deyil, həm də vicdan və məsuliyyət məsələsi meydana çıxır.
       Bu hadisənin əsərdə yer alması müəllifin ədalət anlayışına geniş yanaşdığını göstərir. Ədalət yalnız uşağın məktəbdə düzgün qiymətləndirilməsi və ya müəllimin şagirdə münasibəti ilə məhdudlaşmır. O, ailədə, iş yerində, idarəçilikdə və cəmiyyətin bütün sahələrində qorunmalıdır.
      Zəfər müəllimin düşüncə dünyasında insanın haqqını müdafiə etmək ideyasının mühüm yer tutması onun həyat təcrübəsi ilə bağlıdır. O, uşaqlıqdan etibarən haqsızlığın insan qəlbində necə iz buraxa bildiyini görüb. Yetkinlik dövründə bu təcrübə ona hadisələri daha geniş mənəvi müstəvidə qiymətləndirmək imkanı verir.
      Beləliklə, müəllif oxucuya xatırladır ki, yaxşı insan və yaxşı müəllim olmaq yalnız xoş sözlər söyləməklə mümkün deyil. İnsanın haqqına münasibət, zəhmətin qiymətləndirilməsi və başqasının ləyaqətinə hörmət də mənəvi keyfiyyətlərin əsas göstəriciləridir.
      Sədulla Şirinovun “Yaxşı müəllim” əsərində fəlsəfi mülahizələrlə gündəlik həyat hadisələri bir-birini tamamlayır. Müəllif ümumi fikirləri konkret insan münasibətləri vasitəsilə açmağa çalışır. Ailə qayğıları, kənd zəhməti, məktəb mühiti, müəllim-şagird münasibətləri və müxtəlif yaş dövrlərinə aid söhbətlər əsərin bədii materialını təşkil edir. Peşə seçimi və həyatın mənası barədə  birbaşa ifadə olunan fikirlər gənc nəslin tərbiyəsində mühüm rol oynayır. Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm, çox dəyərli oxucum! Hələlik!
10.10.2026. Bakı.

Müəllif: Zaur USTAC

AVMVİB, AJB və AYB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir, naşir

SƏYYAD ƏHMƏDLİ (GÖYÇƏLİ)NİN YAZILARI

Zaur Ustacın “Buta”sı

İki əsrin tək nasiri

Sədulla Şirinoun yazıları

SƏDULLA ŞİRİNOVUN KİTABLARI

Sədulla Şirinovun yaradıcılığı

GÜNAY ƏLİYEVA – “NƏRGİZ”

Zaur Ustacın “Buta”sı barədə

GÜNAY XANIMIN YAZILARI

DAHA ÇOX YENİ MƏLUMAT

ZAUR USTACIN YAZILARI

QƏNDABIN DİGƏR YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

“YAYLIM” SÖZÜNÜN İZAHI

“YAYLIM” SÖZÜNÜN İZAHI
(qədim Oğuzların söz yaradıcılığı)
“YAYLIM” sözü yaymaq, səpələmək semantikasındandır.
Atəşi səpələmək.Bir silahdan deyil, bir neçə silahdan atəş açmaq.Yəni gülləni səpələmək, yağdırmaq.
O ki qaldı “yaylım atəşinə”, bu söz qədim sözyaradıcılığıdır.(sosial psixolinqvistika)
Qədim Oğuzların “yay-ox” silahından yaranan sözdür.
“Yay” sözünün kökü ” qayın” sözündəndir.( “q-y” əvəzlənməsi)
Qədim Oğuzlar yayı ağcaqayın ağacından hazırlamışlar.Onun qara növünün kiçik kolunun budaqlarını müxtəlif formalara salmaq mümkündür. Qədim Oğuzlar bu kolun oduncağından bəzək fiqurları da düzəltmişlər.
Hazırda bu ağacdan mebel, musiqi alətləri və s. hazırlanır.(Oğuzların “ağca-kiçik” sözü də buradandır )
Latınca bu ağcaqayın koluna flora lüğətində ” Acer Tataricum” deyilir.
Onlar bu ağacdan Qədim Oğuzların yay silahı düzəltdiyini bildikləri üçün sonralar Oğuzlara verilən ” tatar” ifadəsini işlətmişlər.
Məhz latınca “Oxatan bürcü” bu səbəbdən ” Acer- arçer) adlanmışdır.
Türklər də ” oxatan bürcünə” “Yay bürcü” deyirlər.( müəllif H.Ə.)
P S Hər bir qədim sözü psixolinqvistika yolu ilə açmaq mümkündür.Məntiq və müqayisəli təhlil Tətbiqi Dilçiliyin qısa yoludur.
Ən əsası fonetik səslərin tətbiqi ilə.
Mənbəsiz mənbələr…


DİLÇİLİKDƏN ETÜDLƏR

Müəllif: Həsən ƏLİYEV

SÖZ YARADICILIĞI

ALTERNATİV DÜŞÜNCƏ

>>>> DAHA ÇOX MƏLUMAT

HƏSƏN ƏLİYEVİN YAZILARI

Xəlil Mirzə yazır

Türk oğlu türk- NİCAT ƏRTÜRK

(Nicat Ərtürk dünyasına qısa səyahət)

Yalan danısmaq istəmirəm, onunla tanışlığımızın tarixi bir ildən artıq olmaz. FB səhifəsində bir şeirinə rast gəlmişdim. Oxudum, xoşuma gəldi və… və həm də onun təxəllüsü məndə maraq yaratdı. İnanırsınız, (inansanız yaxşı olar, çox şad olaram) məndə qəribə hisslər yarandı. Bir anlığa ulu türk dünyasının qədim tarixi (oxuyub, eşidib, bildiyim səviyyədə) xəyalımda vərəqlənməyə başladı. İlk olaraq bir neçə il öncə Türkiyənin, Azərbaycanın, eləcə də bir çox MDB ölkələrinin telekanallarında çox uğurla nümayiş etdirilən “Möhtəşəm Yüzil”, “Diriliş Ərtoğrul”, “Quruluş Osman” v s. tarixi filmlər gözlərim önündə canlandı. Anladım ki, bu cavan oğlan “Ərtürk” təxəllüsünü heç də təsadüfən seçməyib. Və… sonrakı daha yaxından tanışlığımız da düşündüklərimi bir daha təsdiq etdi; Nicat bütün varlığı ilə türk dünyasına bağlı, təpədən dırnağa kimi mübariz TURANÇI olan istedadlı bir yazardır.

“Ər” sözü (sözönü də deyə bilərik) öz-özlüyündə çox qaranlıq məqamlara aydınlıq gətirir. Ulu babalarımız bu sözü həmişə müqəddəs sayıb, məskunlaşdıqları yer adlarının, igid, döyüşkən oğullarının adlarının önündə bu sözdən qürurla istifadə ediblər. Hamımız gözəl bilirik ki, bu gün şərəfsiz qaraçı-hayların özlərinə “millət adı” kimi seçdikləri “erməni” sözünün kökü də məhz bizim qədim torpaqların- Ərməniyyə diyarının adı ilə bağlıdır. İzahı da çox sadədir: Ər mənəm, yəni, bu ərazi ər oğlu ərlərə məxsusdur. Onlar həyasızlıqla çığır-bağır salaraq “Arsak” deyə, dünya ictimaiyyətində çaşqınlıq yaratmağa səy göstərirlər və bəzən də buna nail olurlar. Heç kim onlardan bunun izahını tələb etmir (necə ki, “Qarabağ” sözünün də izahını tələb edən yoxdur). Hərçənd  açılışı çox sadədir: “Ər-sak”. Yəni, qədim türk tayfası olan sakların məskunlaşdığı ərazi. Bu gün (və əsrlər boyu) bizim yaşadığımız torpaqlardan orta əsrlərdə Türkiyə ərazisinə miqrasiya etmiş qai tayfasının başçısı, tarixi şəxsiyyət, yenilməz sərkərdə Süleyman şah sevimli oğlu Ərtoğrula bu adı verəndə də məhz yuxarıda izah etməyə çalışdığım tarixi məqamlardan bəhrələnmişdir. Biz hər kişiyə “ər kişi” demirik. Bu adı qanı, canı, vicdanı, dəyanəti, ləyaqəti, mübarizliyi, müdrikliyi ilə qazananlara deyirik. Biz TÜRK xalqı olaraq çox qədim, çox böyük xalqıq. Biz sözün bütün mənalarında böyükük. Biz bütün dünyaya sülh, əmin-amanlıq, səadət diləyirik. Biz bunu tarix boyu sübut etmişik. Bizim bayrağımız altında yaşayan, bizə pənah gətirən, bizə sığınan bütün xalqlara xoşbətlik bəxş etmişik, onların sivil həyat tərzinin inkişafına təkan vermişik. Dünən də belə olub, bu gün də belədir, sabah da belə olacaq. Biz dünyanı ədalətlə idarə edə biləcək yeganə və möhtəşəm XALQIQ. Turançılıq ideyası da məhz bu səbəbdən yaranmışdır və günü-gündən vüsət almaqda, genişlənməkdə, möhkəmlənməkdə, varlığını sübut etməkdədir. Nicat Ərtürk də bu ideyanın daşıyıcılarından və fəal təbliğatçılarından biridir.

Yeri gəlmişkən, bəzən bizim ziyalılar arasında guya bizim altaylardan gəldiyimiz ideyasına inananların olduğuna rast gəlirəm. Əzizlərim, biz altaylardan gəlməmişik. Biz tarix boyu bu ərazilərdə yaşamışıq, altaylarda da varıq, Asiyanın, Avropanın bir çox ərazilərində də. Əhali sayına görə dünyanın ən nəhəng ölkələri sayılan Hindistanda da, Çində də varıq. Ərazicə dünyanın ən nəhəng ölkəsi olan Rusiya torpaqlarının da böyük hissəsi bizə məxsusdur. Bizim əsas dini inancımız İslama bağlı olsa da, xalqlarımız arasında xristian dininə də, digər dinlərə də sitayiş edənlər var və biz buna çox normal yanaşırıq. Dini inanc hər kəs üçün azaddır. Mənim Nicat Ərtürk şəxsiyyətinə hörmətimin mayasında, qayəsində yer tutan əsas səbəblərdən biri də məhz yuxarıda sadaladığım dərin köklü məsələlərdir.

Qeyd etməyi özümə borc bildiyim daha mühim bir məqam da var: Nicat Ərtürk yaradıcılığı genişdir, çoxşaxəlidir. Vətən sevgisi, türk dünyasına bağlılıq, turançılıq onun yaradıcılığının əsasını təşkil etsə də, ana sevgisi bu yaradıcılığın mayasıdır. Və bu sadəcə parallellik deyil, uğurlu bir vəhdətdir. Bu vəhdəti onun bu yaxınlarda işıq üzü görmüş “Ana həsrəti” adlı kitabı (Bakı: “Elm və təhsil”, 2026, 200 səh.) ilə tanış olarkən daha aydın şəkildə görürük. Bu mövzuda müxtəlif mətbuat və internet resurslarında çox deyilib, çox yazılıb, tanınmış elm adamlarının, filoloq və ədəbiyyatşünasların ədəbi-elmi-publisistik yazıları dərc olunub. Nicat Ərtürk yaradıcılığınin bir çox məqamları geniş təhlil olunub, Hüseyn Cavid, Məmməd Araz kimi dahilərin yaradıcılığı ilə parallellik təşkil edən məqamlar araşdırılıb. Çox gözəl! Sələflərimizdən öyrənmək, onların yolunu layiqincə davam etdirmək bizim mənəvi borcumuzdur və bu bizə yalnız şərəf gətirə bilər. Azərbaycanın xalq şairi, bütün türk dünyasının sevilən dahilərindən olan Bəxtiyar Vahabzadə bu barədə belə deyib: “Sələflərə dərin hörmət.- Bizim emblemimiz, rəmzimiz, şərəfimiz; Qoy olsun sələf,- dedik”. 

Yaxın günlərin söhbətidir. Yaradıcı dostlarla bir araya gəlib çay süfrəsi arxasında müzakirə aparır, müasir ədəbi mühitdə gedən proseslərə fikir bildirirdik- həmişə olduğu kimi. Söhbət turançılıqdan düşəndə dostlardan biri bu ideyanın yanlış cəhətlərini qabartmağa səy göstərdi. Yəni, o, düşündüklərini söyləyirdi, səmimi idi və suallarını Nicata ünvanlamışdı. Çünki Nicat bu ideya ətrafında gələcək planlarından danışırdı. Cavabı da çox tutarlı, inandırıcı oldu (ən azından mən belə düşünürəm). Nicat bu ideyanı siyasi hakimiyyət davası səviyyəsinə endirməyin düzgün olmadığını izah elədi. “Bu ideyanın təbliği bir ölkə daxilində baş verən hadisə deyil, daha böyükdür, daha vacibdir. Bu, bütövlüdə bütün türk xalqlarının eyni amal uğrunda birgə mübarizəsi deməkdir, eyni düşüncə tərzinə malik olmaları deməkdir.”- dedi Nicat.

Yuxarıda yazdıqlarımı izah etmək məqsədilə Nicatın “Salam olsun” şeirinə müraciət etməklə, onun poeziya dünyasına qısa səyahətin vaxtı çatdığını düşünürəm:

Salam olsun, türk adıyla

Bu torpaqda gəzənlərə.

Salam olsun, yurdumdakı

O qəhrəman ərənlərə.

Salam olsun başqırdlara,

Yakutlara, çuvaşlara,

Vətənində zülüm görən

Aciz, məzlum uyğurlara.

Aydın, səlis, dürüst, hamımızın rahatlıqla anlaya biləcəyimiz sadə dillə yazılmış bu misralarda təkcə “bu torpaqlarda gəzən” türk xalqları tərənnüm olunmur, şair dərhal, fürsəti bada vermədən həm də əsrlər boyu öz vətənlərində əzilən, işgəncələrə məruz qalan, hələ də əsarət altında yaşayan uyğur qardaş və bacılarımıza da öz salamını yetirir. Və bununla o, “biz sizinləyik” deyir, “sizin taleyiniz elə bizim taleyimizdir” deyir, öz narahatlığını, həyəcanını və etirazını bildirərək hayqırır. O, bilərəkdən, məqsədli şəkildə bu misraları şeirin ikinci bəndində yerləşdirib. İlk bənddə (“türk adıyla bu torpaqda gəzənlərə”) ümumi bir salam göndərir, ikinci bənddə isə dərhal əsas mətləbə keçir. Sonrakı misralarda şair tatarlara, qumuqlara, “Turan üçün ümidini sabaha bağlayanlara”, “Vətən yolu, eşq yolunu gedənlərə”, “Zəngəzurun, İrəvanın həsrətini çəkənlərə” salam göndərir. Sonda isə:

Salam olsun Ərdəbilə,

Həmədana, Təbrizimə,

Zəncanıma, Urmiyama,

Mosuluma, Mərəndimə.

Salam olsun Borçalıma,

Dəmir qapı Dərbəndimə.

Qardaş türklər ölkəsinə,

Böyük Turan birliyinə,-

deyərək böyük türk dünyasının ümumi mənzərəsini yaradır və işıqlı “Turan Birlyli”nin yol xəritəsini çəkir.

            Təbii ki, kiçik həcmli bir məqalədə Nicat Ərtürk kimi məhsuldar yaradıcılıqla diqqəti cəlb edən cavan bir şairin poeziya dünyasına dərindən baş vurmaq mümkünsüzdür. Həm də mən axı Nicatın təkcə poeziya dünyasına yox, bütövlükdə onun öz dünyasına qısaca səyahət etmək qərarında israrlıyam. Çünki onun iç dünyasına azdan-çoxdan bələdəm və onun şəxsində “Turançı- təfəkkür”ün formalaşdığına əminəm. Şəxsiyyət isə ana bətnindən formalaşmağa başlayır. İlk öncə ana sevgisi, sonra ailə, ətraf mühit, təbiət, yurd, el-oba sevgiləri yaranır. Və bütün bunlar daha geniş mənada duyulur: Vətən, millət, xalq sevgiləri yaranır, dünyavi hisslər şüura təzahür edir.

            Nicat Ərtürkün ana mövzusunda yazdığı şeirlər çox səmimi və duyğusaldır.   

Yenə yağış yağır, yenə bu yağış

Tanrının təbiət naxışlarımı?

Yoxsa ki, anamın gözlərindəki

Sonuncu, kədərli göz yaşlarımı?

Hər düşən yağışın damcılarını

ana duasına bənzədirəm mən.

Bütün arzuları qəlbində sönən

Ana duasının həsrətindəyəm,-

deyən gənc şair anasının vaxtsız itkisini heç cür həzm edə bilmir, zaman-zaman ürək sızıltısı, qəlb yanğısı ilə yazdığı misralar damla-damla göz yaşları tökür. Bu təbii haldır, çox təbii. Ana sevgisini qəlbində yaşadan hər bir övladın keçirdiyi hisslərin təbii təzahürü, şair təfəkkürünün ağ vərəq üzərində əksini tapan poetik ifadə tərzidir. “Yağış” şeirindən götürülmüş bu nümunələrdə şair yağış damlalarını ananın sonuncu göz yaşlarına bənzətməklə yanaşı, onları həm də Tanrının öz fırçası ilə cızdığı təbiət naxışları ilə eyniləşdirir, şeirin poetik dəyərini daha da samballı edir. Sonrakı misralarda şair bu damcıları anasının duasına bənzətməklə onlara harmonik bir bəstə də əlavə edir. Və nəhayət: “Bütün arzuları qəlbində sönən ana duasının həsrətindəyəm”- deyərək, o duanın nə qədər faydalı, nə qədər müqəddəs olduğunu önə çıxarır.

Dolunun vurduğu meyvələr kimi,

Qəlbimə qəm vurur, qəm izi salır.

Yaman darıxıram yenə bu axşam,

Yorğun xatirələr qoynuna alır…

“Dolunun vurduğu meyvələr kimi” ifadəsində sətiraltı məqamlara diqqət edək. Dolu təbiət hadisəsidir…Gəldisə, tumurcuq, çiçək, yetişməkdə olan və ya yetişmiş meyvələrə fərq qoymadan qarşısına çıxanı, gücü çatanı məhv edir və qəlblərə silinməz izlər salır. Ancaq, erməni qaniçənləri də zaman-zaman həmin vəhşilikləri törətməyiblərmi?!.. Yuxarıda qeyd etdiyim sətiraltı məqamlar məhz bunlardır. Yəni, müəllif əsrlər boyu xalqımızın xatirirində silinməz izlər buraxmış hadisələri təbiət hadisələrinin vurduğu ağrı şəklində təsvir edir. Və… şair yenə darıxır, artıq yorulmuş xatirələrin ağuşuna düşür.

Nicat Ərtürk ata dəyərini, ata böyüklüyünü, ata müqəddəsliyini də layiqincə dəyərləndirə bilən şairdir. O, “Ata” şeirində aşağıdakı misralarla bunu belə təcəssüm etdirir:

Ata! Sən gözlərimin

Nurusan, ziyasısan.

Mənim arxam, dayağım,

İlahi varlığımsan.

Şair ömrü ilin fəsillərinə bənzəyir. Bahar təravətli günləri də olur, qızmar yay günlərinə bənzər çağları da, qızıllı-xəzanlı payızı da, qarlı-şaxtalı qışı da. Çovğunu da olur, dumanlı-çiskinli yolları da, fəth ediləsi zirvələri də, təbiətin füsunkar bir guşəsində oturub yorğunluğunu çıxartdığı, yeni uğurlar üçün güc toplamağa ehtiyac duyduğu məqamlar da. Şairin nikbin ruhla coşub çuğladığı dövrlər də olur, bədbinliyə qapıldığı küskünlük anları da. Şair ömrü bu təzadların vəhdətindən yoğrulur. Gecə ilə gündüzün, acı ilə şirinin, ağ ilə qaranın vəhdəti kimi. Axı, həyat özü belədir- təzadların vəhdəti. Həmişə hamar yollarla addımlamaq şair xarakterinə yaddır. O, sevinənlə sevinir, gülənlə gülür, xiffət çəkənlə xiffət çəkir. Şair bütün vücudu ilə, şüuru, düşüncəsi, təfəkkürü ilə sevir və bunun qarşılığını görəndə yaşadığını hiss edir. Nicat Ərtük ömrü də belədir.

Qarlı qışda, çovğunda, 

Yayın qızmar günündə,

Mən bir ömür yaşadım,

Həyat keşməkeşində.

Saçlarım bəyazlandı,

Zaman döndü, dolandı,

Mən bir ömür yaşadım,

Ömrüm odlara yandı.

                        “Mən bir ömür yaşadım” şeirindən.   

 Onun Vətən sevgisi də ana sevgisi kimi müqəddəsdir, möhtəşəmdir.

Ey vuran ürəyim, nəfəsim, canım,

Dünənim, bu günüm, ən son ünvanım.

Səni vəsf etdikcə cuşə gəlirəm,

Mənim qürur yerim, Azərbaycanım.

              “Azərbaycanım” şeirindən.

Vətənimizin səmalarında qara buludlar tüğyan eləyəndə isə şair ürək ağrısı ilə bu misraları qəlbinin süzgəcindən keçirmişdi:

Göydən yerə dərd ələndi ,

Qəlbimizə od çiləndi,

Xalqım qüssəyə bələndi,

Başın sağ olsun, Vətən.

             “Başın sağ olsun, Vətən” şeirindən.

Elə həmin şeirdə də etiraz səsini qaldırmaqdan çəkinmir:

Bu, qəza yox cinayətdir,

Bu ilk deyil, xəyanətdir,

Unudulmaz böyük dərddir,

Başın sağ olsun Vətən.

Və yaxud:

Rus,fars, bir də erməni,

Bunlar türkün düşmənləri.

Unutmarıq ötənləri,

Başın sağ olsun, Vətən.

             Yenə “Başın sağ olsun, Vətən” şeirindən.    

Nicat Ərtürk öz yaradıcılığında doğulub boya-başa çatdığı doğma yurdu Sədərək barədə, qədim oğuz yurdu Naxçıvan barədə də kövrək, səmimi məhəbbətlə dolu şeirlər qələmə alıb.

Qoynunda göz açdım mən bu dünyaya,

Mənim damarımda qanım Sədərək. 

Dönmüsən alınmaz böyük qalaya,

Sən mənim şöhrətim, şanım Sədərək. 

                                    “Sədərək” şeirindən.

Yaxud:

Mərd igidlərin oylağı,

Düşmənlərə bir göz dağı.

Girə bilməz ora yağı,

Bu Naxçıvandır, Naxçıvan.

                                                “Naxçıvan” şeirindən.

Nicat Ərtürkün böyük mənada Vətən sevgisini səciyyələndirən cəhətlərdən biri də onun qürbət ellərdə olarkən Vətən üçün darıxmasıdır. Bu hissləri poetik dillə misralara düzən şair “Bir xəbər verin” şeirini aşağıdakı ifadələrlə başlayır:

Gəldik, düşdük qürbət elin yoluna,

Həyat bizi yaman saldı oyuna.

Qayıdaydım,  dolanaydım boynuna,

Mənə Vətənimdən bir xəbər verin.

Yaxud:

Yenə xəyallarım baş alıb gedir,

Yenə o dağların həsrətindəyəm.

Yenə darıxıram kəndimiz üçün,

Sədərək! Mən sənsiz təşnə, xəstəyəm.

Çox ölkə dolaşıb, çox yer gəzmişəm,

Bir çox ellər keçib, yurdlar görmüşəm.

Keçdiyim,  gəzdiyim gözəl elləri

Kəndim Sədərəyə dəyişmərəm mən.

                                    “Dəyişmərəm mən” şeirindən.

            Nicatın məhəbbət mövzusunda qələmə aldığı şeirlər də dilinin sadəliyi, ifadələrinin səmimiliyi ilə səciyyələnir.

            Sehrli dünyamın sirli nəğməsi,

Döyünən qəlbimin o gizli səsi,

Ruhumun qidası, yaşam həvəsi

Sən oldun ay gözəl, sən olacaqsan. 

Göydəki ay kimi nura bənzəyən,

Axan Xan Araza, Kürə bənzəyən,

Qəlbimi sevgiylə,  eşqlə bəzəyən

Sən oldun ay gözəl, sən olacaqsan. 

                                    “Sən olacaqsan” şeirindən.

            Nicat Ərtürk həm də layiqli ailə başçısı, gözəl atadır. Elə bu yerdə qeyd etmək tam yerinə düşər ki, o, bacısının sevimli övladına məhz Türkan adını verib. Beləliklə, bu qısa səyahətimi buradaca başa vurmaq, nəticə olaraq aşağıdakıları söyləmək istəyirəm: O, əsl türkçüdür, turançıdır, vətəndaşdır: Türk oğlu Türk- Nicat Ərtürkdür!

            Əziz həmkarım, yazıb-yaratmaq eşqi ilə coşub çağlayan fədakar dostum Nicat Ərtük! Zehnin işıqlı, yolun aydın olsun! Səbrsizliklə yeni-yeni uğurlarını gözləyirəm.

01 sentyabr 2026-cı il, Bakı şəhəri.

Müəllif: Xəlil Mirzə,

Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Yazarlar” jurnalının redaksiya heyətinin üzvü və Aran bölgəsi üzrə təmsilçisi, “Kür-Araz” qəzetinin poeziya və nəsr bölməsinin rəhbəri, Azərbaycan Respublikasının əmək veteranı

Xəlil Mirzənin digər yazıları

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

D.Mirzə – Yeni şeirlər

GİZLİ DÜNYA

Sevgi bir sınaqdır, hər kəs bilməyir,
Hər yetən bu yolu düzgün gəlməyir.
Kimi nümayişlə ömür bəzəyir,
Kimi sükutunda sevgi bəsləyir.

Güzgü tək qırıldı gizli dünyalar,
Ekrana sığışdı böyük röyalar.
Ruhun ac qalanda bitməz qayğılar,
İradə mülküdür əsl sevdalar.

Kənar baxışlardan qoru qəlbini,
Sözlə yox, hörmətlə bildir rəngini.
Kim tapıb dünyada öz həmdəmini,
O kəs loğman bilər özü-özünü.

Dildə yox, ürəkdə yaşat sirrini,
Kimsəyə bildirmə sevgi rəngini.
Sakitcə qoru sən öz həmdəmini,
Gizli dünyandakı o saf sevgini

GÜNƏŞƏ TOXUN

Şüşə kimi insan qəlbi zərifdir.
Çox doğru və dərin bir bənzətmədir.
Diqqətsizlik edərsən, parçalanar, dağılar,
Yenidən yapışdırsan, silinməz izi qalar.

Qırdığın o saf qəlbin bərpası çətin olar,
Xoş dediyin sözlərin dadı da acı olar.
Bu qırılan qəlbi də qazanmaq çətin olar,
Günəşə toxunsan sən, bəlkə izi yox olar.
Mart 2026

Müəllif: D.Mirzə

D.MİRZƏNİN DİGƏR YAZILARI

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I