www.bitik.az tərəfindən yazılmış bütün yazılar

KİTAB — RUHİYYƏTİN İNKIŞAFININ ƏSASIDIR

KİTAB — RUHİYYƏTİN İNKIŞAFININ ƏSASIDIR

Kitab toplamaq yalnız ağıl, həm də ruhani inkişafın əsas vasitəsidir. Kitablar, elm və mədəniyyətin ən uca və qiymətsiz sərvətlərindən biri kimi, insan həyatına hədsiz əhəmiyyət qatır. Onlar yalnız məlumat almaq üçün deyil, həm də insanın düşüncə tərzini inkişaf etdirmək, dünyagörüşünü genişləndirmək və cəmiyyətin intellektual səviyyəsini yüksəltmək üçün vacibdir. Kitab – bu aləmi, insanı, onun daxili dünyasını və xarici həyatını daha dərindən anlamaq üçün açılmış bir qapıdır. O yalnız bilik vermir, həm də düşüncəni inkişaf etdirir, ruhaniyyəti zənginləşdirir.
Kitabın tarixi min illər əvvələ gedib çıxır. Qədim Misirdə daş və papirus üzərində yazılmış mənbələr, qədim Çində ipək vərəqlərə yazılmış əsərlər, Avropada isə əl yazma kitablar elm əldə etmək vasitəsi kimi böyük əhəmiyyət kəsb etmişdir. Bu gün kitablara yalnız çap formatında deyil, həm də elektron şəkildə də rast gəlmək mümkündür ki, bu da onu daha geniş auditoriyaya çatdırmaq imkanı verir. Gutenbergin (XV əsr) çap texnologiyasını kəşf etməsi kitabların geniş kütləyə yayılmasına səbəb oldu. Bu kəşf, kitabların daha çox yayılmasına və elm, maarifçilik inkişafına təkan verdi. Cəmiyyətlərdə çap olunmuş kitablarla məlumat əldə etmə imkanları genişlənərək elm inkişaf etdi. Bu günlərdə isə kitablar yalnız bədii deyil, elmi və praktiki əhəmiyyətə malikdir. Kitabların müxtəlif növləri mövcuddur ki, hər kəs istənilən yerdə və istənilən vaxtda oxuyaraq bilik əldə edə bilər. Bu, öz növbəsində, dünyagörüşünü dəyişir və insanın dünyaya dair məlumatlarını genişləndirir.
Kitab insanın düşüncəsini formalaşdıran ən mühüm amillərdən biridir. Onun oxunması, ilk növbədə, insanı şüurlu və ruhani cəhətdən tərbiyə edir. Kitab oxuma prosesində insan yalnız məlumat əldə etmir, həm də onun hissi, ağıl və ruhi dünyası zənginləşir. Kitab oxuyan insan yalnız öz biliklərini artırmır, həm də onun xarici aləmlə münasibətini, əmək, insanlar, ətraf mühitlə əlaqələrini yenidən nəzərdən keçirir. Oxuyan insanlar daha çox səmimi, ardıcıl və tədqiqatçı düşüncəli olurlar. Onların düşünmə qabiliyyəti artır, dünyagörüşləri genişlənir. Kitab oxumaq, xüsusilə gənclər arasında yalnız elmi deyil, həm də əxlaqi tərbiyəverici vasitə kimi mühüm əhəmiyyət kəsb edir. Kitablar müxtəlif dünyagörüşlərini, mədəniyyətləri və fikirləri öyrənmək imkanı verir. Bu proses gənclərdə ədalət, mərhəmət, sevgi və səbrin inkişafına səbəb olur.
Kitab insanı yalnız bilikli deyil, həm də mədəniyyətli və hikmətli edir. Kitab oxumaq insanı yalnız bilikli etmir, həm də onu sosial və ruhani cəhətdən zənginləşdirir. Kitab vasitəsilə insan öz daxili dünyasını kəşf edir, onun hissləri, narahatlıqları, kədər və narahatlıqları ilə üzləşir. Kitab oxumaq vasitəsilə insan öz həyatına olan münasibətini yenidən formalaşdırır. O, hətta ən çətin vəziyyətlərdə də kitablar vasitəsilə sakitlik və qərar tapır. Oxuyan insan heç vaxt tək olmayacaq, çünki onun yanında həmişə hikmətli dostu – kitab var. Kitab oxumaq – bu ağıl və ruhani yüksəlişin qaynağıdır, dünyagörüşünü genişləndirmək və insanı hərtərəfli inkişaf etdirmək üçün xidmət edir.
Kitab oxumaq mədəniyyətini inkişaf etdirmək, xüsusilə bu günlərdə aktual məsələdir. Rəqəmsal texnologiyaların inkişafı ilə kitablara elektron formatda da rast gəlinir, amma bu, ənənəvi kitab oxuma mədəniyyətinə təhdid yaratmamalıdır. Kitab oxuma mədəniyyətini qorumaq üçün kitab yarmarkaları, müzakirələr, yaradıcı gecələr kimi tədbirlər təşkil etmək, gənclər arasında kitab oxuma yarışları təşkil etmək və onları mükafatlarla stimullaşdırmaq vacibdir. Bu şəkildə cəmiyyətdə kitaba olan marağı artırmaq mümkündür. Kitabların əhəmiyyətini təbliğ etmək, kitab oxumağın faydalarını izah etmək və gəncləri oxumağa təşviq etməklə kitab oxuma mədəniyyətini inkişaf etdirmək mümkündür.
Beləliklə, hər birimiz kitab oxumağı həyatımızın ayrılmaz bir hissəsinə çevirməliyik. Kitablar yalnız bir obyekt kimi mövcud deyil, onlar bizi yaşamağı öyrədir, bizə yaxşı insan olmağı təşviq edir. Kitabların əhəmiyyəti heç vaxt azalmamalıdır. Toplamaq və oxumaq – bu insanın özünü və dünyanı anlama yolundakı ən mühüm addımlardır. Kitab – bu ağıl və ruhani inkişafın əlifbasıdır.
Nodira AZIZOVA,
İs’hoqxon İbrat adına Namangan Dövlət Xarici Dillər İnstitutu İnformasiya-Resurs Mərkəzi işçisi

Albert Einstein və onun dilini çıxardığı məşhur fotosu

Albert Einstein və onun dilini çıxardığı məşhur fotosu. Bu şəkli görməyən, bilməyən çox az adam var. Ancaq onun tarixçəsini bilən azdır…
14 Mart dahi alimin doğum günüdür. 1951-ci ildə görkəmli fizik ad günü axşamı restorandan çıxarkən onu bezdirən mətbuat nümayəndələrindən qaçaraq arvadı və dostu ilə özünü avtomobilin içinə atır. Foto-müxbirlərin zəli kimi qır-saqqız olmalarına “That’s enough” (Yetər artıq) deyərək dilini var gücü ilə eşiyə çıxarır.
Və Arthur Sasse adlı bir foto-müxbir o anı ölümsüzləşdirir. Bu kadr Arthura dünya şöhrəti gətirir…

Martın 14-ü Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anarın doğum günüdür

Martın 14-ü Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anarın doğum günüdür.

Anar Rzayev 1938-ci il martın 14-də Bakıda şairlər ailəsində anadan olub.

Anarın atası şair Rəsul Rza, anası şairə Nigar Rəfibəylidir. Anar eyni zamanda Azərbaycanın məşhur ictimai və dövlət xadimi, Azərbaycan Demokratik Respublikasının ilk səhiyyə naziri və Gəncə şəhərinin general-qubernatoru olan Xudadat bəy Rəfibəylinin nəvəsidir.

Anar 1945-ci ildə 10 illik musiqi məktəbinə (indiki Bülbül adına məktəb) daxil olub və 1955-ci ildə həmin məktəbi gümüş medalla bitirib.

1991-ci ilin martında Yazıçıların IX Qurultayında Anar Azərbaycan Yazıçılar Birliyinin sədri seçilib.

1991-ci ildə müstəqil Azərbaycanın Milli Məclisinin ilk iclasını açmaq Anara həvalə olunub.

O, 1995-ci və 2000-ci illərdə Milli Məclisin deputatı olub.

Anar bir sıra dövlət və beynəlxalq mükafatların sahibidir. 1998-ci il martın 14-də Azərbaycan Prezidenti Anarı 60 yaşı münasibətilə ölkəmizin ən yüksək mükafatı, İstiqlal ordeni ilə təltif edib. Azərbaycanın Əməkdar incəsənət xadimi (1976), Dövlət mükafatı laureatı (1980), Azərbaycanın Xalq yazıçısıdır (1998).

Anar yaradıcılıq fəaliyyətinə yeniyetməlik yaşlarından başlayıb. 1960-cı ildə “Azərbaycan” jurnalının dekabr nömrəsində çap olunmuş “Keçən ilin son gecəsi” və “Bayram həsrətində” ilk mətbu hekayələridir.

Onun müxtəlif ölkələrdə nəşr olunan kitablarının ümumi sayı 50-dən artıqdır.

“Ağ liman”, “Beşmərtəbəli evin altıncı mərtəbəsi”, “Əlaqə”, “Dantenin yubileyi”, “Dədə Qorqud” əsərləri müxtəlif dillərdə çap olunub.

Azərbaycanın bütün teatrlarında Anarın pyesləri tamaşaya qoyulub. Rusiyanın “Mosfilm” kinostudiyasında “Mən, sən, o və telefon” hekayəsinin motivləri üzrə “Hər axşam 11-də” bədii filmi çəkilib.

Anar 11 bədii filmin (“Torpaq. Dəniz. Od. Səma”, “Gün keçdi”, “Dədə Qoqud”- ilk iki hissəli Azərbaycan filmi, “Dantenin yubileyi”, “Üzeyir ömrü”, “Ötən ilin son gecəsi”, “Qəm pəncərəsi”, “İmtahan”, “Əlaqə”, “Təhminə”, “Otel otağı”), bir neçə sənədli və televiziya filminin (“Dəniz”, “Qobustan”, “Daş saatın səsi”, “Qədim Gəncə-Yeni Gəncə”, “Bu-Səttar Bəhlulzadədir”, “Bu-Javaddır”, “Dindirir əsr bizi”, “Evləri köndələn yar”) ssenari müəllifidir. “Dantenin yubileyi” filminin habelə iki hissəli “Üzeyir ömrü”, və “Qəm pəncərəsi” filmlərinin quruluşçu rejissoru Anar özüdür.

Anarın şeirlərinə bəstəkarlardan E.Sabitoğlu, X.Mirzəzadə, Cavanşir Quliyev mahnılar bəstələyib.

Şekspirin “Fırtına”, B.Brextin “Qalileo Qaliley” pyeslərini, R.Taqorun “Bağban” mənsur şerlərini, A.Blokun, V.Mayakovskinin, S.Yeseninin, B.Pasternakın şerlərini dilimizə çevirib.

O, 2014-cü ildə Türkiyənin Əskişəhər şəhərində keçirilən VI Türk Dünyası Ədəbiyyat Dərgiləri Konqresinin qərarı ilə Türkdilli Ölkələrin Yazarlar Birliyinin ilk başqanı seçilib.

Qeyd edək ki, yazıçı 26 oktyabr 2022-ci ildə AYB-nin 13-cü Qurultayında yenidən sədr seçilib.

Anar müəllim,

Sizi təbrik edirik. Sizə uzun ömür, cansağlığı və işlərinizdə müvəffəqiyyətlər arzulayırıq!

Azərbaycan Yazıçılar Birliyi

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Əsma Vəkiloğlu doğum gününüz mübarək!

Təbrik edirik!

Azərbaycanın qələbələr dövrünü yaşadığı bir zamanda dünyaya göz açan qızım Əsma doğum günün mübarək! 18 mart Türk dünyası üçün müstəsna hadisə olan Çanaqqala zəfəri günü doğulan Əsma Vəkiloğlu bizə həmişə qələbə sevinci yaşatsın! 2 yaşın mübarək Qızım!

Atan, SƏMƏD VƏKİLOV
“YAZARLAR” jurnalının kollektivi də təbriklərə qoşulur. Səməd müəllimin övladına ən xoş arzularını bildirir. Arzu edir ki, Əsma bala dinc dünyada, əmin-amanlıq şəraitində böyüsün! Açıq səma altında arzularına doğru gülərüzlə boy atsın!

İlkin mənbə:   butov.az

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Həqiqət Şamilli – Qadınlar

QADIN HƏYATDIR

Qadın gözəllikdir,qadın vəfadır,
İnsanın ömrünə qadın şəfadır.
Qadın həyatında olarsa əgər,
Varlığı birlikdə dünyaya dəyər.

Qadın bir həyatdır səni yaşadar,
Ömrü fəda edər, səni ucaldar.
Qadını bir zinət bilsən ömründə,
Onunla xoş keçər ömrün, günün də.

Qadınla yaşlanır, çoxalır yaşın,
Anadır, bacıdır,həyat yoldaşın.
Əgər qızın varsa ev olar cənnət,
Onunla sevinib yaşarsan əlbət.

Qadın istilikdir, qadın məlhəmdir,
O ,sənə ömürlük bil ki, həmdəmdir.
Mənəvi ehtiyac duyarsan ona,
Hörmət et qadına, hər duyğusuna.

Olmasa bir evdə qadının səsi,
Elə biil kəsilər insan nəfəsi.
Qadına ailədə məhəbbət olar,
Qadına qəlblərdə sədaqət olar.

QADIN

(Bayramınız mübarək!)

Qadın bir günəşdir,
Sübh olunca oyanar.
Hər bir tərəf gül qoxar,
Qulluqlarda dayanar.
Yandırarar ocağını,
Ətraf sanki canlanar.
Şah damardır bir qadın,
Hər yerdə yüksək adın.
Müəllimdir , həkimdir,
Mühəndisdir, hakimdir.
Qadın bədəndə candır,
Hər ürəyə dərmandır.
Evdə qadın olmasa ,
Ora artıq zindandır.
Qadın ürək isidər,
Könülləri güldürər.
Evdə qadın olduğu
Hər anında bilinər.
Qadın evdə anadır,
Qadın evdə sonadır.
Hər qadın xanım olsun,
Göz üstündə tutulsun.
Ətraf onu çox sevsin,
Gözəl hörmət qoyulsun.
İldə bir gün demirəm,
Hər gün bayramı olsun.
Bunu bilir hər bir kəs,
Qadın adı müqəddəs.
Hər kəs sevsin qadını,
Uca tutsun adını.

Müəllif: Həqiqət ŞAMİLLİ

HƏQİQƏT ŞAMİLLİNİN YAZILARI

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Əzizova Aysel İlqar qızını təbrik edirik – Təbrik!

Bu günlərdə Azərbaycan Memarlar Universitetinin professoru Adil müəllimlə söhbət edirdik. Söhbətimiz əsnasında Adıl müəllim bildirdi ki, nəvəm Aysel Azərbaycan Slavyan Universitetinin filologiya fakültəsinin ll- ci kurs tələbəsidir. Hərdən şer yazır. Onun şeirlərindən bir neçəsini gətirim baxın. İçindən seçim edib qəzetinizdə dərc etdirin.
Biz razılaşdıq. Növbəti gün Adıl müəllim Ayselin şerlərini mənə təqdim edib bildirdi ki, özünüz seçin hansılar münasibdir qəzetdə verərsiniz. Mən şerləri diqqətlə oxudum. Demək olar ki, Aysel balamızın bütün şerləri bir – birindən gözəl idi.
Aysel balamıza yeni – yeni yaradıcılıq uğurları arzulayıram!

Təqdim edir : Hüseyn İsaoğlu (Məmmədov)

ATAMIN KÖLGƏSİ
Məni atamın kölgəsindən ayırmayın,
O,canımdır,nəfəsimdir.
Onsuz bu dünya,
Bir cəhənnəm,bir zülmətdir.
Qışda günəşim,
Yayda kölgəmdi o,
Onun nəfəsi olmasa,
Boğularam dar günümdə.
O, qolumdur-kəsməyin,sınaram,
O, yolumdur-onsuz getsəm, azaram.
Atam varsa,dünyam gözəl,
Atam yoxsa,hər şey yalan.
Almasın məndən onu Tanrı,
Atasız uşaq yarpaq kimidir,
Xəzan olub çürüyər.
Qoparmayın məni atamdan,
Ondan ayrı yaşamaq çətin.
O, gözlərimdə parlayan işıq,
Ürəyimdə döyünən qəlbdir.
O,aldığım nəfəs,
Məkkəm, Mədinəm,
Bir sözlə, Həccimdir


İLAHİ GÖZƏLLİK
Ey Tanrım, bu necə bir gözəllik,necə bir hal
Baxışlarım çaşar, sanki zaman dayanar
Hər zərrən bir ilahi sənət əsəri,
Hər addımın işlənmiş bir naxış.
Bu nə duruş, bu nə zərif əndam,
Bir baxışınla göylərə yol açdın,
Gözəlliyinə tərif necə də çətin,
Ay da, günəş də sənə bənzəməkdə aciz,
Qaranlıq gecələrdə parlayan bir nursan,
Hər yolunu itirənim açarı sənsən.
Varlığın bir möcüzədir ay, gözəl
Səni görən dünyaya yenidən gələr,
Üzərlik fırlansın başına,
Bu gözəlliyin yayılsın dünyaya .
Hər nəfəsin bir bahar , bir zərif nağıldır,
Səni tərif etməyə yetməz sözlərim,
Tanrım bu gözəllik qarşısında əriyər canım
Sən bu aləmdə bir nağıl ,bir dastansan…


NAZLI,DUZLU YAR
Axtarıram gecə-gündüz,
Həsrətin çəkirəm o nazlı gülün.
Həsrətindən külə dönən mənəm,
Dünya səfasını sürən sənsən.
De neyləsin bu gözüyaşlı yarın?
Ay nazlı,duzlu yarım.
Çıxıb hər səhər dağ döşünə,
Dərirəm gül-nərgizi,
Qoxlayıb sayıqlayıram adını,
De neyləsin bu gözüyaşlı yarın?
Ay nazlı,duzlu yarım.
Dolansın qollarım o incə belinə,
Toxunsun əllərim o ay üzünə,,
Sığal çəkim o nazlı telinə,
De neyləsin bu gözüyaşlı yarın?
Ay nazlı,duzlu yarım.
Düşünüb dəli oluram,
Fikirləşib qərqə batıram,
Qara dənizdə gəmilərim batıbdır,
De neyləsin bu gözüyaşlı yarın?
Ay nazlı, duzlu yarım.
Ağlayımmı yoxsa qapanımmı ayaqlarına,
Dön gəl desəm gələrsənmi?
Yandım töküldüm sevgi atəşindən,
De neyləsin bu gözüyaşlı yarın?
Ay nazlı,duzlu yarım.


HƏYAT
Çox güvənmə aldadarlar,
Çox sevmə ağladarlar.
İnanma heç kimə bu dünyada,
Yoxsa çox incidərlər fani dünyada.
Demə ki,səni sevir.
Sanma ki,səni səndə saxlayır.
Bu varlıq ki, insandır,
Yorar səni,ağladar səni
İnsandır ki ,insan.
Elə bilmə səni anlayır,
Elə bilmə səni sevir.
Güldürür,ətrafında dolanır,
Dünyadır dönən,a bala
Heçdir Mars,Yupiter.
Günəşi göstərər,
Ayı gizlədər,
Yerdə gəzər,
Göydə uçar.
Ulduzları sayıb,
Bəxtini bağlar.
Paxıllıq edər,
Səni gizlədər.
Özünü şah sayıb,
Səni qul edər.
Bir şeyi unutma, ay yazıq
Keçibdir dünən,
Keçibdir quldarlıq.
Yaşar bu günlər,
Yaşar gələcək.
Bir ayaq saxla,
Dinlə bu gənci,
Anla bu cavanı.
Deməki yoxdur yaşı.
Nə anlar həyatı?
Görübdür,anlayıbdır həyatı.
Budur məsləhətim sənə
Hər görməyən deyildir kor,
Hər eşitməyən deyildir kar.
Çoxdur görüb susanlar,
Çoxdur eşidib susanlar.
Aldanma hər yoldan keçənə,
Ay gözəl insan…


SÖYLƏ MƏNƏ,EY İNSAN
Həyata niyə qara baxırsan?
Niyə gülmürsən?
Sevmirsənmi həyatın gözəlliyini,möcüzəsini?
Gözlərin niyə qara görür?
Söylə mənə,ey insan.
Dərdmi götürüb səni?
Söylə mənə ,ey insan.
Gözlərin mavi
Özün həyata baxırsan qara
Niyə sevmirsən həyatı?
Pislikmi edib sənə həyat?
Söylə mənə ,ey insan.
İncidibmi həyat səni?
Söylə mənə, ey insan.


GÜNAHKAR
Gözlərin ağlımda,
Qoxun dodaqlarımda.
Unuda bilmirəm sevdiyimi,
Unuda bilmirəm sevildiyim günləri.
Oturdum düşündüm,
Nifrət etdim sevgimdən
Oturdum düşündüm,
Axan göz yaşlarımdan.
Hanı nə oldu?
Sevməyəcəkdim səni,
Yenə döndü dolaşdı,
Sənə çıxdı bu yollar.
Söylə kimdir , günahkar?
Səni sevən qəlbimmi?
Yoxsa sevməyə məcbur edən qarə gözlərinmi?
Ya ağlımı başımdan alan,
Məni bihuş edən qoxunmu,
Söylə kimdir günahkar?
Göy çəmənlikdəki gül
Bir arzum var ki, gəl görəsən
Gəzirəm hər diyarı,
Bəlkə tapdım dərmanımı
Bəzən deyirəm,
Ey könül , varmı ki, dərmanın?
Gəzərkən bir gün göy çəmənlikdə,
Onu görcək qəlbim çıxdı yerindən.
Dedim:Aman tanrım, bu nə gözəllik?
Baxdım,baxdım,
Hey tamaşa etdim.
“Ey könül, budurmu dəvan?” dedim.
İzlədim,izlədim getmək istədim.
Könlüm dedi:
Dayan, budur dəvam,
Ruhum dedi:
Hara gedirsən , ey aşiq?
Düşündüm haqlıdırlar,
Getmədim bir an,
Günlərlə izlədim, onu uzaqdan
Bir gün oyatdılar məni ,
Şirin yuxumdan
Dedilər yaxınlaşma ona sən,
Zəhərlidir,öldürər,
Dinləmədim getdim,o göy çəmənə
Yaxınlaşmaq istədim.
Dedi:”Yaxınlaşma , ey cavan,
Zəhərlərəm səni mən”.
Dedim:”Ey oğru,
Qəlbimi çalmağın nədir?
Bu sözlərin nədir?
Yaraşdırmadım sənə mən.
Mən onsuz ölmüşəm eşqindən.
O zəhərin şərbətdir mənə,
Ver içim o zəhərindən”.
Yayıldı ürəyinə bu sözlər
Elə o andaca dedi:
“Ey cavan, məndə sənin aşiqin”.
Sən demə, bu gül deyilmiş zəhərli,
O da, axtarırmış məni,
O gündən oldu,
Gündüzümün günəşi, gecəmin ayı.


ŞƏHİDİM
Vətən uğrunda canını fəda edən,
Şəhidim yerin rahatmı?
Bu gün gəldim qəbrinə,
Dinlə məni, şəhidim.
Yadındadırmı?
Hər zaman deyərdim mən,
Sən olmasan atmaz bu ürək.
Sən yoxsan artıq yanımda,
Bilmirəm niyə dayanmaz bu ürək?
Dayan,dayan atma bir daha,
Zülüm vermə mənə.
Bir zənglə yıxıldı dünyam,
Ağlaram dərdimə.
Ağlaram halıma.
Kaş qulaqlarım kar olaydı,
Eşitməzdim şəhid xəbərini.
Səni qucaqlamaq,
Qoxunu içimə çəkmək istədim,
Nəsib olmadı ,şəhidim.
Yalnız qucaqladım tabutunu,
Vurdum başımı tabutuna,
Bəlkə undaram həyatımı.
Qəlbimə vurdum-vurdum,
Bəlkə dayandı ürək,
Xeyri olmadı şəhidim.
Tək qaldım dünyada.
Hələ də unuda bilmirəm ,
O gülüşünü,o səsinə,
Bəzən dönüb baxıram,
Bəlkə səsləyərsən məni,
Boş divar görüb , sönür həyatım.
Ananı Cavidim deyib ağlatdın,
Gözündə sönməyən atəş ucaltdın,
Gözüyaşlı körpəni ağlar qoydun,
Məni də yar deyib ağlar qoydun.
Bu gün sənə söz verirəm,
Əlbət bir gün qovuşacayıq biz,
Gözlə məni, şəhidim.


YANLIŞ İNSAN
Könlümdə coşan,
Damarlarımda axan qanım,
Gözümün ağı,qarası,
Könlümün tək qübarı,
Gəl naz etmə belə,
Dərdimi dağlama belə.
O qara qaşına,
O qara gözünə,
O qara sıx telinə
Sən adlı insana,
Mən aşiq olmuşam.
O əndama,
O duruşa,
O boya, o üzə,
Mən vurulmuşam,
Səni görüb dil açmışam,
Əlimə qələm alıb,
Bitməyən hisslərimi vərəqə yazmışam.
Gəl naz etmə belə,
Qəlbimi dağlama belə.
Sən şirin-şirin danışdın,
Mənə ağ xəyallar qurdurdun,
Gözümdə yanan ümidlər ucaltdın,
Hardan biləydim yarın olduğunu,
Bir gecədə söndürdün işığımı,
Bir gecədə məhv etdin xəyalımı,
İndi deyə bilmirəm,
Gəl naz etmə belə,
Qəlbimi dağlama belə.
Sən demə başqasına aşiq imiş,
Sən demə mənə baxan gözlər yalan imiş,
Sən demə başqasının yarı imiş,
Bağışla əzizim, deyə bilmərəm sənə
Gəl naz etmə belə,
Qəlbimi dağlama belə.
Ax bu baxan gözlərim kor olsun,
Yazan əllərim yox olsun,
Döyünən qəlbim dursun,
Təki unudum səni.
Bağışla məni deyə bilmərəm,
Gəl naz etmə belə,
Qəlbimi dağlama belə.
Ancaq bunu deyə bilərəm,
Axan gözyazşları arasında,
Elə baxma mənə,
Qəlbimi dağlama belə.
Müəllif: Əzizova Aysel İlqar qızı
Bakı Slavyan Universiteti,
filologiya fakültəsinin II-ci kurs
tələbəsi

Əzizova Aysel İlqar qızının yazıları

M. Ə. SABİR YARADICILIĞINDA XƏLQİLİK

M. Ə. SABİR YARADICILIĞINDA XƏLQİLİK

Azərbaycan ədəbiyyatında milli-ideoloji məfkurəmiz hələ Mirzə Ələkbər Sabirə qədər də hər zaman boy vermiş, poeziyamızın simasında ictimai-siyasi xarakter alaraq XX əsrin əvvəllərindən 90-cı illərə qədər uzun bir yol keçmişdir. Nəzərə alsaq ki, XX əsrin əvvəlləri Azərbaycanın ictimai-siyasi mühitində milli-ideoloji yolun rüşeymləri cücərməkdə idi, bu yolun xəlqiliyi satirik və tənqidi realizmin ən görkəmli nümayəndəsi dahi Sabirin şeirlərində boy atmağa başladı. Sabir yaradıcılığını bölmələrə ayırsaq, onu aşağıdakı kimi təsnifatlandıra bilərik;

  1. Cəhalətə qarşı mübarizə,
  2. Ölkəsinin vassal statusunda olması və bundan qurtuluşu elmdə, təhsildə görməsi,
  3. Cənubi Azərbaycan mövzusu,
  4. İctimai gerçəkləri özünü qurban vermək dərəcəsində söyləməsi.
    Sabirin özünü təkbaşına millət edən onun milli, xəlqi görüşləri ilə yanaşı sadə xalqın sosial problemlər içində yaşamasına biganə qala bilməməsi idi. Onun yaradıcılığının ana xəttini cəhalətlə mübarizə təşkil edirdi. Xalqının elmə, təhsilə biganəliyi onun qəlbinə xəncər kimi saplanmışdı:
    …Satmaram öz əqlimi siz kimi laməzhəbə,
    Razıyam оğlum gеdə qəbrə, – nə ki məktəbə!
    Məktəb adın çəkməyin, – məl’əbədir, məl’əbə!..
    Əlhəzər, оndan həzər, оxutmuram, əl çəkin!
    Еyləməyin dəngəsər, оxutmuram, əl çəkin!
    Sanki Sabir qəlbini xalqına məktəb eləmişdi. Şeirləri bu məktəbin dərsləri, özü isə müəllimi idi. Bəli, ustad şair şeirlərində xəlqiliyi belə yaşadırdı.
    M. Ə. Sabirin ruhunu sıxan, ürəyini parçalayan bir məsələ də öz ölkəsinin Rus imperiyasının vassalı olması idi. XIX əsrin sonu XX əsrin əvvəllərində vassal statusunda yaşayan ölkəsinin durumu yaralı bədəndə qan köynəyə çıxan kimi şeirlərinə çıxmışdı.
    Neyliyim, ey vay! Bu urus başdılar,
    Bilməyirəm hardan aşıb-daşdılar?!
    Ölkədə gündən-günə çoxlaşdılar,
    Hər əmələ hər işə çulğaşdılar.

Qoymayın, ay köhnələr, ay yaşdılar!
Heyvərələr hər yerə dırmaşdılar!

Əslində, böyük şair bu şeri ilə müstəmləkəsində olduğumuz Rus İmperiyasına etiraz edirdi.
Rusiyada 1905-1907-ci illər inqilabı və İranda 1905-1911-ci illər Məşrutə hərəkatı böyük Sabirin yaradıcılığında dönüş nöqtəsi olmuşdur. O, 1907-1909-cu illərdə İran şahı olmuş Məhəmmədəli şah Qacarın 1905-1911-ci illər Məşrutə İnqilabına qarşı amansız mübarizəsinə etiraz olaraq öz mövqeyini inqilabi-satirik şeirləri ilə ortaya qoymuşdur:
Mən şahi-qəvişövkətəm, İran özümündür!
İran özümün, Rey, Təbəristan özümündür!
Abad ola, ya qalsa da viran, özümündür!
Qanuni-əsasi nədi, fərman özümündür!
Şövkət özümün, fəxr özümün, şan özümündür!
Sabir yaradıcılığının leytmotivi o zaman xalqının cəhalət içində boğulmasının açıq ifadə tərzi ilə yanaşı, əzilən hüquqlarının da sanki ilahi missiya statusunda müdafiəçi rolunu oynayırdı. Böyük Sabirin sadə xalqın yanında dayanması tək şair kimi yox, eyni zamanda xalqını sevən bir insan, bir şəxsiyyət kimi də onun yüksək mənəvi keyfiyyətlərinin parlaq təzahürü idi:
…Derlər utan, heç kəsə bir söz demə,
-Həq sözü derkən utana bilmirəm!

Neyləməli, göz görür, əqlim kəsir,
Mən günəşi göydə dana bilmirəm!

Şiddəti-seylan ilə baran tökür,
Bir koma yox, daldalana bilmirəm!

Sabir yaradıcılığı elə dərin ictimai məzmun kəsb edir ki, dövrünün bütün eybəcərlikləri onun satirik şeirlərində bir güzgü misalı açıq-aydın görünür. Bu barədə şairin özü belə deyir:
Şairəm, əsrimin ayinəsiyəm,
Məndə hər kəs görür öz qaş-gözünü;
Necə kim, dün “Birisi” baxdı mənə,
Gördü ayinədə ancaq özünü.
Onun cəsarəti mürtəce qüvvələrin ürəyinə bir ox kimi saplanmışdı. O həmin mürtəce qüvvələr tərəfindən hədələnsə də, hətta ölüm təhlükəsi ilə üz-üzə qalsa da, əzilən xalqının dərdlərinə, acılarına böyük qəlbi ilə biganə qala bilmirdi, həqiqəti, ictimai eybəcərlikləri olduğu kimi satira atəşinə tuturdu.
Saxtə bır xəttı-xam ilə mənə kağız yazıb,
Ey məni təhdid edən min dürlü tə’kidat ilə!
Böylə: “Xortdan gəldi, dur, qaç!” sözlərin get tiflə de
Zatını Sabir tanırkən qorxmaz övhamat ilə!

Ta qədim dövrlərdən böyük şəxsiyyətlərə onların tam obrazını ifadə etmək üçün işıqlı əməllərindən dolayı bir çox ləqəblər, adlar verilmişdir. Dövrümüzdə də böyük Sabirə inqilabi-satirik şair, xəlqi şair kimi bir çox adlar verilmişdir. Mən də deyərdim ki, o, bu uca adlarla yanaşı həm də xalq aşiqi idi. Məhz, ona görə də belə deyirdi; “ Mən vücudumda olan ətimi bu xalqın yolunda çürütdüm. Əgər ömür vəfa etsəydi, sümüklərimi də xalqın yolunda qoyardım”. Bu fikrində tək ikiyə bölünmüş bu taylı ölkəsinin dərdləri deyil, o taylı Azərbaycanın da qaysaq götürməyən yaralarını görməmək mümkün deyil.
Bəli, Sabir ömrünü xalqın yolunda çürütdü, lakin Sabir ömrü Azərbaycan xalqının ömrü qədər uzandı. Könüllərə köçdü Sabir, Azərbaycan ədəbiyyatında satirik poeziyamızın zirvəsinə döndü, xalqının ürəyində əbədi yer elədi özünə.

XATİRƏ FƏRƏCLİ
Şair, Azərbaycan Yazıçılar Birliyində
Multikultural məsələlər üzrə məsul şəxs.

Qurban Yaquboğlunun “Mən yoxam” romanının müzakirəsi keçirilib

11 mart 2025-ci ildə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsində “Yeni ədəbiyyatı tanıyaq” layihəsi çərçivəsində Qurban Yaquboğlunun “Mən yoxam” romanının müzakirəsi keçirildi. Müzakirədə şöbə müdiri, AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu; şöbənin əməkdaşları – aparıcı elmi işçi, filologiya üzrə fəlsəfə doktoru Mətanət Vahid; böyük elmi işçi, yazıçı Mənzər Niyarlı; kiçik elmi işçi Hənifə Səlifova; doktorant Mirkamil Ağayev; yazıçılar Əli bəy Azəri, Tarverdi Abbasov, Asiman Eyniyev, filoloqlar Qəndab Əliyeva (moderator), İlahə Səfərzadə, oxucular Toğrul Salmanov, Qüdrət Kərimli və müəllif Qurban Yaquboğlu iştirak edirdilər. Tədbirdən fotolar:

Mənbə: Yeni Ədəbiyyatı Tanıyaq müzakirə səhifəsi

Yeni ədəbiyyatı tanıyaq

Mətanət Vahiin yazıları

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bu gün Xalq şairi Süleyman Rüstəmin anım günüdür

Bu gün Xalq şairi Süleyman Rüstəmin anım günüdür

Şair, dramaturq, tərcüməçi, ictimai xadim, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Sosialist Əməyi Qəhrəmanı (1976), Azərbaycan SSR Xalq şairi (1960), “Stalin” mükafatı (1950), 2 dəfə Azərbaycan SSR Dövlət mükafatı laureatı (1970, 1986) Süleyman Rüstəmin anadan olduğu gündür.

Süleyman Rüstəm 1906-cı il martın 12-də Bakıda kasıb dəmirçi ailəsində dünyaya göz açıb. Kasıb həyat tərzi, çətin uşaqlıq keçirməsinə baxmayaraq, ədəbiyyata, poeziyaya böyük maraq göstərib, fəhlə, kəndli əməyinə, torpağa və zəhmətə qiymət verməyi poeziyasında işıqlandırıb. 83 il ömür sürən şairin həyatının 65 ildən çox müddəti əhatə edən yaradıcılığı yüzlərlə şeir, poema, dram əsərlərindən ibarətdir. 1923-cü ildən 1989-cu ilədək xalqın həyatında baş verən ictimai-siyasi hadisələrdən tutmuş, xalqın mənəvi durumunadək bu poeziyada hər şey öz əksini tapıb.

Süleyman Rüstəm həm də cənub mövzusunda yazmaqla Azərbaycan poeziyasına poetik çələng gətirib. O, cənubda yaşayan soydaşlarımızın ağır həyat tərzini görüb və könlündən keçənləri kağızlara köçürüb. “Təbrizim” adlı şeiri şairin bu səpkili şeirlərindən ən təsiredicisidir. Bundan başqa, şair “Könlümə Təbriz düşdü”, “İşıq”, “Yenə Araz qırağında”, “Yaralarım”, “Görsəm” kimi şeirlərində vətən həsrəti çəkən, əzablı, cəfalı günlər keçirən soydaşlarımızdan danışır.
Ədəbi fəaliyyətə “Çimnaz xanım yuxudadır” birpərdəli komediyası ilə başlayan sənətkarın “Qaçaq Nəbi” məzmun dramı, “Durna” komediyası dramaturgiyamızın incilərindəndir.

“Ələmdən nəşəyə” kitabı ilə kifayət qədər sevilən Süleyman Rüstəm mübariz, optimist, düşmənə qarşı barışmaz bir şair kimi tanınıb, yaddaşlarda həmişə yaşayacaq.
Azərbaycanın elə bir guşəsi yoxdur ki, Süleyman Rüstəm ora şeir qoşmasın. Xəzər dənizi haqqında ən çox şeir yazan da məhz Süleyman Rüstəm olub. “Xəzər və durnalar”, “Xəzər nəyə bənzəyir”, “Xəzərdə gecə”, “Xəzərdə”, “Xəzərin səhəri”, “Xəzərim olsun” və başqa şeirlərdə öz xəyalının qanadlarını Xəzərin dalğaları ilə qovuşduran şair bu mavi gözəli tərənnüm etməkdən doymayıb.
İkinci Dünya müharibəsi Süleyman Rüstəm yaradıcılığından təsirsiz keçməyib. O, bu mövzuda bir-birindən maraqlı və mükəmməl əsərlər yaradıb: “Ana ürəyi”, “Durnalar”, “Ana və poçtalyon”, “Gün o gün olsun ki” kimi kitabları məhz o dövrdə çapdan çıxıb.

Gün o gün olsun ki, qurtarsın dava,
Dağılsın buludlar, açılsın hava.
Alınsın düşməndən ömürlük qisas,
Torpaq nəfəs alıb dincəlsin bir az.
Silinsin ürəkdən, könüldən ağrı,
Bir də tapdanmasın vətənin bağrı.

Bu şeir İkinci Dünya müharibəsi zamanı qələmə alınsa da, bu günün özündə də aktuallığını itirməyib. Müharibə mövzusunda şeir yazan şairlər arasında Süleyman Rüstəmin məhz öz yeri vardı. O, qanlı səngərlərdə və arxa cəbhədə mərdlik nümunəsi göstərən soydaşlarımızın ovqatını poetik portretləşdirib desək, yanılmarıq. Bu qəbildən şairin “Ana və poçtalyon” adlı məşhur əsəri həmişə dillər əzbəri olub. Şair böyük məharət və həssaslıqla cəbhədən – oğlundan məktub gözləyən ananın iztirabını təbii, təsirli qələmə alıb.

Süleyman Rüstəmin böyük məhəbbətlə yaratdığı Ana və poçtalyon obrazları müharibə illərində min bir zillət çəkən Vətən övladlarının unudulmaz surətləridir. Bu surətlərdə çoxunun həyatı var idi. Süleyman Rüstəmin Azərbaycan poeziyasına bəxş etdiyi poetik çələnglərdən ən gözəli və təsirlisi məhz Cənub mövzusunda yazdığı əsərlərdir. Məlumdur ki, İkinci Dünya müharibəsi illərində Süleyman Rüstəm İranda olub, orada yaşamış soydaşlarımızın ağır həyatını gözləri ilə görüb, cənublu şairlərlə görüşüb. Təbii ki, bütün bunlar da sonralar şairin könlündən poetik şəkildə kağızlara naxışlanıb. Süleyman Rüstəm vətən həsrəti ilə dərdi başdan aşan soydaşlarımızın təlaşından, əzablı, cəfalı günlərindən söz açıb. Bir millətin ayrılıq simvoluna çevrilmiş Arazın sularında həsrətin, nisgilin axdığından danışır. Nə vaxtsa bir müjdənin veriləcəyinə – Təbrizlə əbədi görüşəcəyinə ümid bəsləyib. Süleyman Rüstəmin Cənub mövzusunda yazdığı bütün şeirləri gözəl və təsirlidir. Ona görə yox ki, bu şeirlərdə paralanmış torpağımızın harayı eşidilir. Həm də ona görə dəyərlidir ki, şair böyük ustalıqla vətən gözəlliklərinə poetik abidələr yaradıb. Sərabı, Təbrizi, Ərdəbili, Marağanı vəsf edərək vətən torpağı olduğunu misraları ilə, poetik duyumu ilə poeziya tarixinin səhifələrinə möhürləyib.

Ədəbi fəaliyyətə “Çimnaz xanım yuxudadır” adlı bir pərdəli komediyası ilə başlayan Süleyman Rüstəm dramaturq kimi də müəyyən uğurların sahibidir. 1940-cı ildə yazdığı “Qaçaq Nəbi” mənzum dramı, 1948-ci ildə qələmə aldığı “Durna” komediyası teatrlarımızın vaxtilə repertuarından düşməzdi. Bədii yaradıcılıqla, tərcümə ilə müntəzəm məşğul olan Süleyman Rüstəm həm də müxtəlif məsul vəzifələrdə çalışıb. Bir neçə çağırış həm Azərbaycan, həm də keçmiş SSRİ Ali Sovetinin deputatı olub.

Onun xalq, vətən qarşısındakı xidmətləri layiqincə qiymətləndirilib. Əsərləri müxtəlif xarici dillərə tərcümə olunub. Könlünü vətəninə verən, onun uca dağlarını, gur çaylarını, yaşıl zəmilərini, geniş düzlərini, zəhmətkeş, sədaqətli insanlarını məhəbbətlə tərənnüm edən Süleyman Rüstəm yazırdı:
Ey nazlı vətən,
mən sənə öz könlümü verdim,
Qarşında günahkarsa,
Süleymanı bağışla.

Yazını hazırladı, Aynurə Əliyeva,
ADPU-nun ETM-nin elmi işçisi, Filologiya fakültəsinin müəllimi.

Aida İmanquliyevanın yazıları

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

PİLLƏLƏR ŞEİRİ

PİLLƏLƏR

Önündə dayanıb, durduğun anda
Danışır, söyləyir gör nələr sənə…
Hər dəfə yuxarı qalxıb, endikcə
Həyatı öyrədir pillələr sənə.

Atdığın addımı qəbul eləyir,
Sonra da geriyə götürür yenə…
Yüksəldib ən ali mərtəbələrə,
Ünvanı aşağı ötürür yenə…

Sonuncu mənzilə tələsik düşüb,
Pillələr zamanı döndərə bilir.
İrəli adlayıb, keçir əvvəlcə,
Ardınca taleyi göndərə bilir.

Aşkarda göstərir həqiqətləri,
Tutmaz bir qarış da yalan pillələr.
Özün seçməlisən sən ilk pilləni,
Bəxtə hesablanır qalan pillələr…

Tələsmə, hər dəfə düşünməlisən,
Yer səni saxlamaz əl çatmadıqca.
Adam tez yıxılar, adam balası,
Pilləyə addımı düz atmadıqca…