www.bitik.az tərəfindən yazılmış bütün yazılar

Xalq yazıçısı Yusif Səmədoğlunun xatirələrindən

Xalq yazıçısı Yusif Səmədoğlunun xatirələrindən:
“Bizim evdə bir otaq var. Əvvəllər bu otağın axşam səkkizdən yanan işığı bəzən səhərə qədər sönmürdü. İndi isə artıq bir ilə yaxındır ki, o otağın pəncərələrindən işıq gəlmir. Bu otaq – atamın kabinetidir. Burada hər şey, – uzun və enli yazı stolu, stolun üstündəki qələm və kağızlar; divarlar boyu qoyulmuş şkafların rəflərindəki kitablar, hər şey, hər şey bizə son dərəcə əzizdir.
Atamın kitabxanası çox zəngindir: Marks, Lenin, Nizami, Puşkin, Sabir, Petefi, Vaqif, Bayron, Tolstoy, Axundov, Çexov, Molla Nəsrəddin, Turgenyev və s. və s. Onlarla müəlliflər, onlarla cildlər… Bu cildlərin hər birini atam dəfələrlə varaqlamış, hər birində atamın qeydləri var. Budur, Aleksandr Puşkinin 1907-ci ildə Sankt – Peterburqda nəşr edilmiş on iki cildliyi. “Yevgeni Onegin” çap olunmuş cildi rəfdən götürüb varaqlayıram. Səhifələr atamın qeydləri ilə doludur. Poemanın qurtaracağında, səhifənin təmiz hissəsində isə atam bu sözləri yazmışdır: “Eşq olsun belə sənətkara”. …Yaxud başqa bir kitab: Sabirin “Hophopnamə”si. Kitabın sonuna atam bu sözləri yazmışdır: “Sənə min rəhmət!” …Bu misalların sayını istənilən qədər artırmaq mümkündür…
Atam çox oxuyurdu. Əlbəttə ki onun ən çox sevdiyi şeir kitabları idi. O özü son vaxtlar tez-tez etiraf edirdi ki, onun yaradıcılığının kamilləşməsində kitabların, məhz bədii ədəbiyyatın olduqca böyük rolu olmuşdur.
Yaxşı yadımdadır. Mən Moskvada tələbə ikən atam Moskvaya gəlmişdi. Mənim yaşadığım otaqda oturub çay içirdik. Birdən o məndən soruşdu:

-Son vaxtlar bədii ədəbiyyatdan təzə nə oxumusan? Mən cavab verdim ki, başım imtahanlara yaman qarışıb, təzə əsərləri oxumağa vaxtım yoxdur. Atam nəlbəkini stolun üstünə qoydu, külqabıdan sönmüş papirosunu götürüb yandırdı, dərindən bir neçə dəfə sümürdü. O, gözlərini qıydı. Mən başa düşdüm ki, atam əsəbiləşmişdir. Çünki o həmişə əsəbiləşəndə gözlərini qıyırdı. Atam başını buladı.

-İyirmi yaşında bir cavan deyəndə ki, təzə əsərləri oxumağa vaxtım yoxdur, tüklərim ürpəşir, – dedi. – A bala, necə yanı vaxtım yoxdur? İnsanda arzu olsa, həmişə vaxt tapa bilər. Mən sənin yaşında olanda, əlimə nə keçirdisə oxuyurdum. Bəzən səhərə qədər yuxusuz qalırdım…Qəribə sözdür, vaxtım yoxdur…

-Mən üzr istəyib söz verdim ki, bir də belə sözləri deməyəcəm. Sonralar atam hər dəfə Moskvaya gələndə mən ona, necə deyərlər, oxuduğum əsərlər haqqında hesabat verirdim…
Bir dəfə yenə də Moskvada mehmanxanada ədəbiyyatdan, kitablardan söhbət edirdik. Atam söhbətin sonunda dedi:

-Eh, deyirəm, adamın imkanı ola, ucqar bir yerə çəkilib səhərdən axşama qədər oxuya. Ömür keçir, amma cild-cild kitablardan insanın xəbəri olmur…
İndi mən hər dəfə atamın kabinetinə ayaq basanda onun kitablar və bədii ədəbiyyat haqqında dediyi sözləri qulaqlarımda səslənir: “Oxu, bacardıqca oxu, oxumaqdan hələ heç kəs zərər çəkməyib…”, “Mən dünya ədəbiyyatını varaqlamışam, amma yadıma düşəndə ki, bir kitab var, onu oxuya bilməmişəm, min dəfə heyfsilənirəm…”. “Bu kitablar olmasaydı, mən indiyətən yazdıqlarımın heç yarısını da yaza bilməzdim…”.
Bir hadisə ömrüm boyu yadımdan çıxmayacaqdır. Bakıya yay tətillərinə gəlmişdim. Axşam saat on bir radələrində, bilmirəm nə iş üçünsə atamın yanına – kabinetinə girdim. Mənim ayaq səslərimi eşidib o, başını qaldırdı. Mən onun yaşarmış gözlərini gördüm. Sözün düzü, özümü itirdim. Hələ indiyə kimi heç vaxt atamı gözüyaşlı görməmişdim. O məni yanına çağırıb əlində tutduğu “Hophopnamə”ni stolun üstünə qoydu və kövrəlmiş bir səslə dedi:

-Deyirəm görəsən Sabir yüz il yaşasaydı, dünyanın beli qırılardı? Eh, namərd dünya!.. Sən Sabiri oxumusanmı? Cavab verdim ki, oxumuşam.

-Oxu, həmişə oxu. Yoldaşlarına da de ki oxusunlar, – deyə atam bir an susdu, sonra əlilə kitab şkaflarını göstərdi.

-Bax, mən dünyanı tutub durmayacağam…Bu kitabların hamısı sənin olacaq. Əgər bir gün sən bu otağa girib kitablardan birini varaqlamasan, onu bil ki, mən qəbirdə də bundan xəbər tutacağam…

12 may 1957-ci il.

İxtiraçı mühəndis şair olanda

Əli Ələmi- 77

77 ildir ki, yol gedir. Ağır günləri də olub, xoş keçənləri də. Xoş günlərində sevincini dostlarla bölüşsə də, ağır günlərində əlinə qələm götürüb, kədərini kağızlara köçürüb. Bir də görüb ki, kədərləri şeirlərə çevrilib, şeirləşib. Deyir ki;

“Keyfin yaxşı ola, cibin də dolu,
Qəşş edib, ürəkdən gülməyə nə var?
Çətinmi bölüşmək kimsəylə pulu,
Sevinc bəsimizdir, bölməyə nə var?

Ey gözəl, sən gəl ey daha, hardasan?
Bircə bildiyim bu, uzaqlardasan…
Səninçün, əzizim, asandan asan,
Arabir yuxuma gəlməyə nə var?

Yağdırma mənimçün yağışlarını,
Gizlətmə zümrüdü baxışlarını,
Yanımda olaydın, göz yaşlarını
Şirin busələrlə silməyə nə var?

De, kimçün yazılır bu şirin sözlər,
Məndən bu sözləri kim var ki, gözlər?
Sıxıram köksümə, titrəyir dizlər,
Nədəndir? Eh, bunu bilməyə nə var?

Məhəbbət dəryadır, dərindən dərin,
Ələmi, bihuşsan, axır gözlərin,
Səninçün ölərəm, deyən dilbərin
Köksünə baş qoyub ölməyə nə var?”

Haqqında söhbət açdığım Əli Əmirov 1948-ci ildə Hacıqabul rayonunda anadan olub. 1970-ci ildə Azərbaycan Neft və Kimya institutunu bitirib, ixtisasca “avtomatika və telemexanika” üzrə mühəndisdir.

Əmək fəaliyyətinə 1970-ci ildə Sumqayıt şəhərində, tanınmış elm ocağı olan “Neftkimyaavtomat” ETLİ-də (indiki “Neftqazavtomat” EİM) başlayıb. 1983-cü ildə Ukrayna EA “Elektrodinamika” institutunda dissertasiya işini müdafiə edərək texnika üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə yiyələnib.

Bir müddət “Neftqazavtomat” EİB-in tabeliyində olan Əli-Bayramlı “Cihazlar” zavodunda direktor vəzifəsində işləyib. Sonra isə 25 il “Neftqazavtomat” EİM-ə rəhbərlik edib. 2020-ci ildən Azərbaycan Milli Aerokosmik Agentliyində şöbə rəisi və eyni zamanda, Azərbaycan Texniki Universitetində dossent vəzifələrində çalışır…

Gəncliyindən texniki sahədə, məsul vəzifələrdə işləsə də, şairlik istedadı da var. O, ədəbi aləmdə şair-qəzəlxan kimi Ələmi təxəllüsü ilə tanınır. Əli Ələminin yaratdığı poeziya nüminələrindən bir neçəsi əlimə düşüb, istəyirəm ki, onları sizinlə də bölüşüm:

“Gizlin gəl, oxu şe’rimi, neynək, görürəm mən,
Mənlə sevişən tellərinə söz hörürəm mən.

Misra sənə doğru, necə gör, can atır, ey gül!
Can vermədəyəm, yarə bu cür can verirəm mən.

Səssiz oxuyan, yaş axıdan gözlərə qurban,
Göz yaşımı, yazdıqca da həm əndərirəm mən.

Bəlkə oxusan sözlərimi, rəhmə gələrsən,
Söz baxçasın, ey gül, gəzirəm, söz dərirəm mən.

Qibləm daha sənsən, yazıram mən üzü qarə,
Qarə üzümü sən tərəfə döndərirəm mən.

Hey yalvarıram badi-səbaya, səni görsün,
Bilməm, sənə yetmişmi, salam göndərirəm mən.

Gəlsən, de, pəyandazın olar bax bu vərəqlər!
Yaz, ver, Ələmi, şe’ri yol üstə sərirəm mən.”

Onun rəhbərliyi altında neft, qaz, neftkimya və energetika sənaye sahələri üçün çox sayda avtomatlaşdırılmış nəzarət və idarəetmə sistemləri, cihaz və qurğuları yaradılaraq, respublikamızda və xaricdə geniş surətdə tətbiq edilib. Eyni zamanda, onun rəhbərliyilə müdafiə sənayesi sahəsində bir sıra xüsusi təyinatlı məmulatlar yaradılıb və seriyalı istehsala buraxılaraq silahlı qüvvələrimizin istifadəsinə verilib. O, həm də ölkədə ixtiraçı-alim kimi də tanınır, bir sıra ixtiraların müəllifidir. Əli Əmirov bu xidətlərinə görə “Əməkdar mühəndis” fəxri adına və “Tərəqqi” medalına layiq görülüb.

Yüzlərlə qəzəlin, o cümlədən, şeirlər kitabının müəllifidir. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

“Ömür bitir, xəbər gəldi axır ki,
Dönüb baxdım geriyə mən bir anlıq,
Gördüm, elə əyri-əyri baxır ki,
Baş götürüb qaçır məndən cavanlıq.

O gəncliklə indi məndən qaçanlar,
Hər sözümlə qanad çalıb uçanlar,
Nə desəm də gecdi, məni gec anlar,
Vəfasıza qalar, dedim, yamanlıq.

Yol öndədir bir addım da geri yox,
Canım, nolub, kimin dərdi-səri yox?
Vallah, əsib-coşmağın da yeri yox,
Quru sözdə qalıbdı pəhlivanlıq.

O xırman ta bitib getdi, yox ardı,
Dolanışıq o xırmandan çıxardı,
Ələk, xəlbir unu, dəni apardı,
Mənə qalan oldu, gördüm, samanlıq.

Dümdüz yolda adam necə aşarmış,
Yaddaş itər, özün tapmaz, çaşarmış.
Gözüm görmür, bir az həmi yaşarmış,
Ətrafımda hökm eyləyir dumanlıq.

Ətrin gözəl, ey güldodaq, gül incə,-
Deyəcək hey yazıq şair ölüncə.
Ta nə deyim Ələmitək gülüncə,
Arzulayaq yalnız əminamanlıq!”

Adətən şairlər yaşa dolduqca onların təbi də qocalır. Bu şeirdə o, gəncliyinin tez ötüb keçdiyindən gileylənsə də, hələ də ruhunun cavan qaldığı hiss olunur. Onun yaradıcılığına yaxından bələd olduqca, bunun təsdiqini tapmaq olar. Sanki o, ikinci gəncliyini yaşayır…

Əzizlərim, bu söhbətimdə məqsədim Ələminin yaradıcılığını təhlil etmək yox, onu bu gün- martın 12-də qeyd etdiyi ad günü münasibətilə təbrik etməkdir. Odur ki, yaradıcılığına səthi toxunub, təhlil etməyi sizin ixtiyarınıza buraxıram…

Hörmətli, Əli Əmirov, ömrünüzün elə bir dövrüdür ki, sizə var-dövlət yox, sağlamlıq daha vacibdir. Mən də sizə can sağlığı, ağrı-acısız günlər arzulayıram.

Yeni yaşınız mübarək!

Hörmətlə, Elman Eldaroğlu

Elman Eldaroğlu təbrik edir

ZAUR USTACIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Qazax rayonunun İkinci Şıxlı kəndi ərazisində Xunan yaşayış məskənin və Xunan qalası

Kəndimizin ərazisindəki qədim alban şəhəri

                XUNAN 

XX əsrin sonlarında Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən Qazax rayonunun İkinci Şıxlı kəndi ərazisində Xunan yaşayış məskənin və Xunan qalasının yerinin dəqiqləşdirilməsi məqsədi ilə ilkin tədqiqat işləri aparılmışdır: Qazıntılar zamanı qala divarlarının qalıqlarının bir hissəsi üzə çıxarılmışdır. Ərazidən ilkin orta əsrlər dövrünə aid mövcud olmuş təndir yerləri, ilkin istehsal ocaqlarının çuxurları tapılmışdır. Xeyli maddi mədəniyyət nümunələri aşkar olunmuşdur.
Arxeoloji qazıntılar Xunan şəhərinin III-V əsrlərdə inşa edildiyini göstərir. Sonrakı dövrlərdə də Xunan öz mövqeyini qoruyub saxlamışdır. Buna səbəb qalanın ilk növbədə sərhəd məntəqəsində yerləşməsi idi. Belə iri şəhərlər ilk orta əsrlər dövründə bütün yaşayış məntəqələri kimi hündür təpəliklərin üstündə inşa edilir, eyni zamanda qala funksiyasını yerinə yetirirdi. Şəhərləri sel və daşqınlardan qorumaq, yadelli hücumlar zamanı müdafiəni asanlaşdırmaq, uzaqdan gələn ticarət karvanlarını görmək məqsədi ilə yüksək təpəliklər üzərində tikərdilər.
Belə ki, ilk orta əsrlərdə iri feodal şəhərlərinin 150 kilometrlik məsafədə mərkəz olaraq inşa edildiyini nəzərə alsaq, Xunanın digər Azərbaycan torpaqları olan Borçalı, Başkeçid, Basarkeçər, Şəmşəddil, İrəvan, həmçinin Tiflis şəhəri üçün mərkəz olduğu bəlli olur.
Orta əsr müəlliflərinin məlumatlarında Xunan qalasının Kür və Xram çaylarının kəsişdiyi ərazidə yerləşdiyi qeyd olunmuşdur.
X əsr ərəb coğrafiyaşünası, səyyah Əl-Müqəddəsi əsərlərində Xunanın Arran torpaqlarının tərkibində olduğunu qeyd etmişdir. Digər tərəfdən orta əsr müəlliflərindən Məsud İbn Namidar Xunan qalasını Arran sərhədlərinin dayağı adlandırmışdır.
Əl-İstəxri isə Xunan qalasının Kür və Xram çaylarının kəsişdiyi yerdə yerləşdiyini bildirməklə hündür bir təpəliyin üzərində olduğunu izah edirdi. Xunandan Tiflisə gedən yol Kür çayının sağ sahilindədir. Əl-İstəxrinin Xunanı Qala-At-Turab adlandırması təsadüfi deyil. “Turab” sözü ərəb dilində “torpaq” deməkdir. Görünür, Əl-İstəxri Xunan qalası ilə maraqlanarkən onun Xunandan başqa digər adının – Torpaqqala olduğunu müəyyən etmişdir. Onu ərəb dilində Qala-Ət-Turab (böyük təpə üzərində qala) adlandırmışdır. Albaniyalı tarixçi Musa Kalankatlı “Alban tarixi” əsərində Xunan qalasının adını qeyd edərək yazırdı ki, Arran hökmdarı Araz çayından başlayaraq Xunan qalasınadək uzanan Alban ölkəsinin düzənliklərini və dağlarını miras olaraq almışdır.
Digər tərəfdən Gəncəli Kirokos ( Alban tarixçisi və rahibi) XIII əsrdə gürcülərlə monqollar arasında gedən hərbi əməliyyatların məhz Xunanda aparıldığını qeyd etmişdir. O, öz əsərində yazırdı ki, monqolların Azərbaycana yürüşü zamanı gürcü çarı İvani monqol qoşunlarının indiki Gürcüstan ərazinə keçməsinin qarşısı almaq məqsədilə sərhədi keçdi və Xunan qalasına çatdı. Çar İvaninin Xunan qalasında monqolları qarşılamaqda niyyəti həmin ərazidə monqollarla döyüşüb Gürcüstanı dağıntılardan xilas etmək idi. Amma döyüşlərdə İvaninin ordusu məğlub oldu, monqollar həmin ərazini tutdular və Xunan qalasını tamamilə dağıtdılar.

Mənbə: müxtəlif internet saytları


Qeyd üçün:

İlk dəfə Xunan şəhəri haqqında ibtidai sinifdə oxuduğum illərdə ( təxminən 1984 cü il) rəhmətlik babamdan eşitmişdim. Babam deyirdi ki, əsrlər öncə Xram çayının sahilində , Damğaçı deyilən təpəlikdə qədim alban qalası mövcud olub. Sovet hakimiyyətinin ilk illərinədək kənd sakinləri Xunan şəhərinin xarabalıqlarının şahidi olmuşdular.
Xunan şəhərinin İkinci Şıxlı kəndi ərazisindəki sahəsi təxminən 35-40 hektarı əhatə edirdi.


Sonrakı on illiklərdə arxeoloji qazıntılar nəticəsində şəhər haqqında məlumatlar əldə olundu.
Son araşdırmalar 2011-ci ildə tamamlandı.
Kəndimiz – Qazax rayonunun İkinci Şıxlı kəndi qədim oğuz elidi.
Orta əsrlər dövrü Xram çayının üzərində inşa edilmiş Qırmızı körpü bu günümüzədək tarixi əsər kimi qorunub saxlanılır.
El arasında bu körpünü Sınıq körpü də adlandırırlar.
İkinci Şıxlı kəndi Gürcüstanın Marneuli rayonu ( qədim Borçalı mahalı) və Ermənistanın Noyemberyan rayonu ilə həmsərhəddir.
Qeyd etmək istəyirəm ki, Noyemberyan rayonunun bəzi kəndləri sovet hakimiyyətindən əvvəl Qazax qəzasının tərkibində olub. 1937-ci ilin dekabrın 31-də Ermənistan respublikasının tərkibində Noyemberyan rayonu yaradılır. Bu torpaqların əvvəlki adı Barana, İncəsu idi. Kəndimizlə sərhəd olan Qalaça, Aşağı Körpülü, Yuxarı Körpülü, Ləmbəli kəndləri qədim oğuz yurdu olub.

Noyemberyan rayonunun ərazisindəki Körpülü kəndinin təməlini təxminən 300 il əvvəl İkinci Şıxlı kəndindən köçən sakinlər qoyub.
Qırmızı körpününün ərazisindən köçdüklərinə görə məskən saldıqları yeni yurd yerinin adını Körpülü adlandırıblar.
Körpülü kəndinin təbiəti çox gözəl, səfalı olub. Bizim kənd aran bölgəsi olduğuna görə yay aylarında Körpülü tərəflərə köç edərmişlər.

Məlumat üçün bildirim ki,
Sovet İttfaqı Qəhrəmanı Mehdi Hüseynzadənin komandiri olmuş Cavad Həkimli Ləmbəli kəndində (1914-2006) dünyaya göz açmışdır.

Fotolara görə Eloğlumuz Jamal Shikhlinskiyə təşəkkür edirəm..

Məlumatı hazırladı: Sultan Əhmədova

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bu gün Xalq şairi Cabir Novruzun anım günüdür

Bu gün Xalq şairi Cabir Novruzun anım günüdür

Cabir Novruz 1933-cü il mart ayının 12-də Xızı rayonunun Upa kəndində anadan olub. O, orta məktəbi bitirdikdən sonra Mirzə Ələkbər Sabir adına pedaqoji Texnikumda təhsil almış və 1952-ci ildə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olmuşdur. Bir il sonra Azərbaycan Yazıçılar İttifaqının tövsiyəsi ilə təhsilini davam etdirmək üçün Moskvaya, Maksim Qorki adına Ədəbiyyat İnstitutuna göndərilmiş və 1957-ci ildə oranı bitirmişdir.

1958-ci ildə «Bakı» axşam qəzetinin ədəbiyyat şöbəsində ədəbi işçi kimi əmək fəaliyyətinə başlayan Cabir Novruz 1967-1970-ci illərdə «Azərbaycan» ədəbi-bədii jurnalının, 1991-1993-cü illərdə isə «Ədəbiyyat və incəsənət» qəzetinin baş redaktoru vəzifələrində çalışıb. O, 1970-1997-ci illərdə Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin katibi olub.
Cabir Novruzun poeziyası XX əsr Azərbaycan ədəbiyyatının parlaq səhifələrindən birini təşkil edir. Onun əsərlərində Milli irsimizin zəngin ənənələri müasir ədəbi cərəyanların tələbləri ilə üzvi şəkildə birləşir. Ədəbiyyat aləminə gəldiyi ilk illərdən şair yüksək bəşəri-mənəvi dəyərləri tərənnüm edən şerləri ilə oxucuların dərin məhəbbətini qazanıb. Onun qələmindən çıxan lirik poeziya nümunələri və epik lövhəli əsərlər bədii səviyyəsi, mövzu rəngarəngliyi ilə seçilir. Şairin yüksək mənəviyyata səsləyən yaradıcılığı öz dilinin bədii gözəlliyi və rəvanlığı ilə səciyyələnir. Onun sözlərinə bəstələnmiş çoxsaylı mahnılar musiqisevərlər tərəfindən həmişə böyük rəğbət və sevinclə qarşılanıb.

Cabir Novruz yaradıcılığı vətənpərvərlik və mübarizlik ruhunun aşılanmasına mühüm xidmətlər göstərib. Vətənin taleyi üçün narahatlıq hissinin xas olduğu Cabir Novruz poeziyasının başlıca mövzuları azərbaycançılıq ideyaları ilə sıx bağlı olub. Şairin poetik təfəkkürü onun lirikasının tarixiliyini qüvvətləndirmiş və bu poeziyanı daha həyati etmişdir.
Şairin əsərləri dünyanın müxtəlif xalqlarının dillərinə tərcümə edilərək nəşr olunub. Onun bədii tərcümələri sayəsində isə Azərbaycan oxucusu dünya poeziyasının bir sıra qiymətli nümunələri ilə tanış olmaq imkanı qazanıb.

Cabir Novruzun ictimai fəaliyyəti də zəngin olub. O, həyatının bütün mərhələlərində ölkəmizdə gedən ictimai-siyasi proseslərin həmişə fəal iştirakçısı olmuş, xalqımızın həyatında baş verən təleyüklü hadisələrə düzgün qiymət verməsində əsl vətəndaşlıq mövqeyi nümayiş etdirmişdir.
Şairin ədəbi və ictimai fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, «Əməkdar incəsənət xadimi», «Xalq şairi» fəxri adlarına, dövlət mükafatına, orden və medallara layiq görülüb. Cabir Novruz 1995-ci ildə Azərbaycan Milli Məclisinin deputatı seçilib.

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Əməkdar incəsənət xadimi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Xalq şairi Cabir Mirzəbəy oğlu Novruzov (Cabir Novruz) 2002-ci il dekabrın 12-də, ömrünün 70-ci ilində vəfat edib.

Yazını hazırladı, Aynurə Əliyeva,
ADPU-nun ETM-nin elmi işçisi, Filologiya fakültəsinin müəllimi.

Aida İmanquliyevanın yazıları

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Rafiq Yusifoğlu – Zaman

ZAMANIN GERİYƏ
YOLU YOXDU

İndi ata-ana olan övladlarımın
uşaqlıq şəkillərinə baxıram…
O ötən xoşbəxt günlər üçün
burnumun ucu göynəyir;
o uşaqlar üçün
yamanca darıxıram…
Zaman –
Tanrının yayından
qopan yel qanadlı oxdu,
Zamanın üzü gələcəyədi,
zamanın geriyə yolu yoxdu…
Üzü günəşə gedirəm
Məni geriyə səsləsə də
xatirələr ölkəsi.
Üzümdə gələcəyin işığı,
Arxamda
keçmişin kölgəsi…
04.08.2020

12 mart Milli Qəhrəmanımız Natiq Qasımovun anım günüdür

Qəhrəmanımızı tanıyaq və tanıdaq

12 mart Milli Qəhrəmanımız Natiq Qasımovun anım günüdür.

Natiq Səlim oğlu Qasımov 2 yanvar 1971-ci ildə Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində anadan olub. 1975-ci ildə ailəsi ilə birlikdə Mingəçevir şəhərinə köçüb. Orta təhsilini başa vurduqdan sonra peşə məktəbində qaynaqçı ixtisası üzrə təhsil alıb. 1989-1991-ci illərdə Rusiyanın Krasnoyarsk vilayətində Daxili Qoşunlarda hərbi xidmət keçib.
1991-ci ildə Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarına hücumları zamanı könüllü olaraq Ağdamda təşkil edilmiş “Qaradağ şahinləri” taboruna qoşulub və Vətənin müdafiəsində iştirak edib. 12 mart 1992-ci ildə Xocalı rayonunun Pirlər (Xramort) kəndi yaxınlığında yerləşən Alban kilsəsi uğrunda gedən döyüşdə erməni hərbçiləri tərəfindən əsir götürülüb. Beş gün ac-susuz mühasirədə qalsa da, təslim olmayıb və Azərbaycan bayrağını əlindən düşürməyib.
Natiq Qasımovun əsir götürülməsi faktı rusiyalı jurnalist Konstantin Smirnov və italiyalı fotojurnalist Enriko Sarzinin şahidliyi ilə sənədləşdirilib. Onun əsir götürülməsi “Oqonyok” jurnalının 1992-ci il 14 və 15-ci nömrələrində “Strax” adlı məqalədə təsvir edilib.
2024-cü il iyunun 25-də Prezident İlham Əliyevin Sərəncamı ilə Natiq Qasımov ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülüb.
Hər il 2 yanvar tarixində Natiq Qasımovun doğum günü münasibətilə anım mərasimləri keçirilir. 2025-ci ilin yanvar ayında Mingəçevir şəhərində onun xatirəsinə ucaldılmış abidənin açılış mərasimi təşkil edilib.
Bu gün, 12 mart 2025-ci il, Natiq Qasımovun əsir götürülməsinin və itkin düşməsinin 33-cü ildönümüdür. Onun xatirəsi Azərbaycan xalqı tərəfindən daim ehtiramla yad edilir.

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

QARA BAYRAM

QARA BAYRAM

Babalarımın yatdığı torpaqlarda dörd Çərşənbənin üçüncüsündə Qara Bayram qeyd edilir. Bəzi bölgələrdə Axır Çərşənbədən əvvəlki cümə axşamıdır Qara Bayram. Qazaxda isə Axır Çərşənbədən əvvəlki Çərşənbədə, yəni sayca 3-cü Çərşənbədə orta və yaşlı nəsil qəbristanlığa gedir, Baharı görməyib, bu Novruzda bizimlə olmayacaq yaxınlarını ziyarət edirlər.

Uşaq vaxtı nənəmlə Qazaxdakı qəbristanlığa getmişdik Qara Bayramda. O vaxt mənə, Bakıdan gəlmiş şəhər uşağına hər şey qəribə gəlmişdi. Sinə daşlarının üstünə düzülən xonça və səmənilər hələ də hafizəmdədir–Nə Bayram kimi bir abu-hava vardı, nə də yas kimi yas. Qadınlar hüzünlü və kədərli görünsələr də dil deyib ölülərini ağlamırdılar.

Çocuq ağlı ilə ölmüş bir insanın məzarına nə üçün fəsəli və paxlava aparıldığını anlamır, böyüklərdən bunu izah etmələrini istəyirdim. Nə cavab verdiklərini xatırlamıram, yəqin ki, heç məntiqli bir şey də söyləməmişdillər. Ağlabatan bir şey söyləmiş olsalardı yaddaşımın küncünə qazınardı yəqin.

İndi, illər sonra Qara Bayramın necə də dərin anlama malik bir ritual olduğunu anlayır, bu el adətinə böyük məna və önəm yükləyə bilirəm. Təəssüf ki, bu gün bir çox dini cərəyanlar Novruz Bayramı ilə bərabər Qara Bayramı da inkar edir, fikirlərini onların İslamla əlaqəsi olmaması ilə apellyasiya edirlər. Necə də gülməli və qərəzlidirlər. Novruz İslamın yarandığı 7-ci əsrdən çox-çox yüzilliklər əvvəl yaranıb bu torpaqlarda…

Bu Novruzda bizi yalnız, biçarə, yetim buraxıb, boynumuzu bükən bütün yaxınlarımıza Allahdan rəhmət diləyirəm.

Baharın təravətini hiss etməsəniz, qoxusunu almasınız da yenə də bizimləsiniz, Yaradılışın bu sirli gerçəyinə–ölümə rəğmən bizimləsiniz, ürəyimizdəsiniz….

3500 illik Qılqamış dastanından:

“Kimsə görməz ölümü öncədən,
Kimsə görməz ölümün üzünü,
Kimsə eşitməz ölümün səsini,
Amma yenə də zalım ölüm biçər insan soyunu”

Mənbə və müəllif: İbrahim Nəbioğlu

İBRAHİM NƏBİOĞLUNUN YAZILARI

https://t.me/ibrahim_nebioglu

Бийбимәрьям – ЖАЗДЫ КҮТИП

ЖАЗДЫ КҮТИП

Бәҳәр инәм етип бахытлы таңын,
Кийдирмек болады гүл шеңбер тажын.
Муҳаббат ишкизип паллы шарабын,
Ғул – ғула салады тек жазды күтип…

Көклем нәпесине тойынып кеўлим,
Ышқы дарғасындай салады зәўлим.
Себеби шығарда сырлы қараўдың,
Талпынып турыппан мен жазды күтип…

Жаздың шырайына боларман шайда,
Көк – көмбек гилемдей болмаса қайда.
Тәбият инәми кирсем сарайға,
Сағынып жасайман мен жазды күтип…

Тәбият көксинде қолымнан услап,
Жүрсең жалынлатып сезимиң таслап.
Сол ўақта кеткендей кеўил ҳалласлап,
Негедур күтемен сағынып күтемен жазды…

Жаз сийнеси жанландырып жәҳәнди,
Сүйемен ҳәр күнги атқан ҳәр таңды.
Қос гүбелек ойын қурған мәҳәлди,
Ышқый қәлбим менен жазды күтемен…

YAZAR: BİBİMƏRYƏM

BİBİMƏRYƏMİN DİGƏR YAZILARI

ЖАНСАЯ (БИЙБИМӘРЬЯМ) УТАМБЕТОВА

TÜRK DÜNYASI YAZARLARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Cöşkun Qarabulutla söhbət

Salam, əziz oxucuları!
Budəfəki söhbətdaşımız tanınmış türk şairi, jurnalist və tərcüməçi Cöşkun Qarabulut. Söhbətimiz ədəbiyyat, şeir, şəxsi baxışlar və bu günkü gündə şair və yazıçıların cəmiyyətdəki yeri haqqında oldu.

—Şeir yazma prosesində ilham və zehni vəziyyət arasında necə bir əlaqə görürsünüz?
—Şeir yazma prosesində ilhamın, bir kəlmə belə olsa qulağa pıçıldanması mənim fikrimcə, şeirin varoluşunun əsasını təşkil edir. İlham, şeirə Tanrısal bir toxunuş kimidir.
Şeirin ruhu da məhz bu ilhamda gizlidir.
Təcrübə və bilik yığımı ilə də şeir yazanlar var, əlbəttə.
Amma məncə, bu cür şeirlər ruhsuz olur.
Şeir, insan kimi, həm ruhu, həm də bədəni olmalıdır.
İlham, ruhun dərinliklərindən gələn bir səsi eşitməkdir, o səsin varlığı şeirin mənasını təşkil edir.
Şeir, bir ürəyin izində var olmalıdır, yalnız ağıl ilə deyil, ürəyinin səsi ilə.

—Yaradıcı prosesinizdə ən çox qarşılaşdığınız maneələr nələrdir?
— Yazma prosesində heç bir maneə mənə əngəl ola bilməz. Yeter ki, düşünmə qabiliyyətim, ağlım və ürəyim sağlam olsun. Lakin kitab hazırlama prosesi tamamilə fərqli bir hekayədir. Kitab çap etmək həqiqətən çox bahalı bir işdir. Bir də oxuyanların sayı çox azdır, xüsusən şeir və düşüncə yazıları kimi janrlara maraq daha da azdır.
Populyar kitablar çox satılır, amma şeir, dərin düşüncələr və ya insanın ruhuna toxunan mətnlər çox az maraq doğurur.
Yenə də, bu prosesin çətinliklərinə baxmayaraq, yazmağa davam etmək, içimdəki həqiqəti xaricə çıxarmağın bir yoludur.
Yazmaq, bəzən yalnız özünü tapmaq üçün də edilir.

—Şair olaraq insanlıq və əxlaq anlayışlarını necə təyin edərdiniz? Bunları şeirlərinizə necə daxil edirsiniz?
—Mənim ən böyük prinsipim əvvəlcə insan olmaqdır.
Erdemli olmaq, vicdanla və doğru ilə yaşamaq, sonra şair, yazıçı, rəssam və ya başqa bir peşə sahibi olmaq nə olursa olsun. İnsan, ilk növbədə insan olmalıdır.
Əgər bir şair yazdıqlarına inanmır və həyatını buna uyğun şəkildə yaşamırsa, o zaman yazdıqlarının heç bir əhəmiyyəti yoxdur. Bir şairin sözləri, ruhunun əks-sədasıdır; əgər o ruh həqiqi və səmimi deyilsə, oxucusu da bunu hiss edər. Bir insanın səmimiyyəti, onun yazılarında ən çox önə çıxmalı olan xüsusiyyətdir. Yazmaq, yalnız sözlərin rəqsi deyil, bir ruhun ifadəsidir.
—Özünüz üçün ən yüksək insani fəzilət nədir və bunu necə qorumağa çalışırsınız?
—Səmimiyyət, mənim üçün ən vacib şeydir.
Yazılarımda, düşüncələrimdə və ya həyatımda heç vaxt heç kimi istifadə etmək, çıxar üçün hərəkət etmək istəmirəm. Səmimi olmaq, içdənliklə və dürüstlük ilə bir şeylər ifadə etmək çox önəmlidir.
Həqiqi səmimiyyət, maddiyyatın və ya çıxarın kölgəsindən uzaq bir həyat sürməyi tələb edir.
Yalnızca həqiqi şəxsiyyətimi əks etdirərək, həm insan olaraq, həm də bir sənətkar olaraq doğru yolu izlədiyimi düşünürəm.
Səmimiyyət, mənim üçün yazının ən vacib xüsusiyyətidir.

—Yaradıcı ruh halına müsbət təsir edən amilləri necə təyin edərdiniz? Bir yaradıcı olaraq dostlar və ailənin rolu nə dərəcədə əhəmiyyətlidir?
—Yaradıcı ruh halını təsir edən əsas amillərdən biri, insanın öz daxili harmoniyasını tapmasıdır. Fiziki mühitin rahat olması, düşüncələrin sərbəst axmasını təmin edir.
Yaradıcı şəxs üçün ailə və dostların rolu böyükdür; onlar yalnız dəstək verməkdə deyil, həm də ilham mənbəyi olurlar.
Ailə mühiti, yaradıcı insanın özünü ifadə etməsi və daxili sükunətini tapması üçün vacibdir.
Huzurlu bir ailə, yaradıcı ruhu qidalandıran ilk mənbədir . Beləliklə, yaradıcı düşüncənin inkişafı, yalnız xarici mühitlə deyil, ətrafınızdakı insanlarla da sıx bağlıdır.

—Şairin daxili dünyası və ruh halı şeirlərinə necə əks olunur?
Belə ruh hallar şeirlərinizi necə formalaşdırır?
—Şair ruh halini yoluna qoymadan yazmamalıdır, çünki şair əvvəlcə özü nümunə olacaq bir ruh halına sahib olmalıdır.
Fani və keçici olanın içindən əbədi və daimi olana, mütləq olana, sonsuza necə gediləcəyini özündə həll etmiş olmalıdır ki, əsərlərinə yansıtabilsin və yol göstərən ola bilsin. Əks halda, şairin param-parça ruh halı ilə məşğul olmağa heç kəsin vaxtı yoxdur.

—Sizi ən çox ilhamlandıran Türk ədəbiyyatı təmsilçiləri kimlərdir?
Onların əsərləri sizin yaradıcı prosesinizə necə təsir etdi?
—Əskilərdən Yunus Əmrə, Əli Şir Nəvai və Ahmət Yəsəvi, həyatın müvəqqəti deyil, əbədi gözəlliklərini və həqiqətini kəşf etməyimdə mənə ilham verib. Onların hikmət dolu sözləri, insan ruhunun dərinliklərinə toxunur. Yenilərə gəldikdə isə, Nəzəm Hikmətin sosial şeirləri, Özdemir Asafın insanın iç dünyasına işarələri, Məlix Cevdət Andayın müasir dünyanın çətinliklərinə dair düşüncələri və Sunay Akının təbəssüm yaratmaqla həyatın mənasını axtarışları mənim şeir tərzimi formalaşdırıb. Bu şairlər, həm dil, həm də məna baxımından mənə böyük təsir göstərib.

—Ədəbiyyatda şəxsi fikirlərinizi ifadə edərkən sizin üçün ən vacib şey nədir?
—Şeir, həyatın gizli qatlarını ortaya çıxarmağa çalışan bir işıq arayışıdır. Görünənin arxasında gizlənən həqiqətləri tapmaq, zamanın sonsuzluğunda bir iz qoymaq istəyidir.
Şair, yalnız öz iç dünyasında deyil, oxucunun ruhunda da bu işığı yandırmaq istəyir.
Sözlər, qanadlarını bərpa edib uçmaq üçün hazırlanmış birer arzusudur; hər biri bir yola, bir gerçəkliliyə açılan pəncərədir. Həyatın dərinliklərini sevmək, o dərinliklərə göz açmaq və onları insanlara göstərmək, bir növ varoluşun özüdür.

— Qarşılaşdığınız ən böyük sınaqlar və çətinliklər nələrdi?
Bu təcrübələr yaradıcı prosesinizə necə təsir etdi?

— Həyatımda qarşılaşdığım ən böyük problem, dünyanın keçici olduğunu ən yaxşı bilməli olan din adamlarının belə, bu dünyada əbədi qalacaqlarını düşünərək mal-dövlət toplama həyəcanıdır.
Halbuki, hər şeyin bir sonu var.
Bu dünyadakı varlıq bir nağıl kimi qısa, bir anlıqdır.
Əsl zənginlik, əbədi olanı bu fani dünyada tapmaqdadır.
Şairin ən böyük vəzifəsi, fani bədənlə sonsuzluğa gedən yolu axtarmaq və öz oxucularını da bu yola dəvət etməkdir.
Həyat keçicidir, amma bu keçici dünyada hər anın içində ölümsüzlük gizlidir.
Şair, oxucularına bir məna tapmağa çağırır:
“Fani olanı dərk edərək, əbədi olanı hiss etmək.”
Ona görə də hər şair, öz varlığını yalnız keçici dünyada deyil, zamanın ötesindəki həqiqətləri tapmaq üçün qoyur.
Hər bir kəlmə, bir addım, bir qanad, sonsuzluğa gedən yolda atılan bir addımdır.

Söhbətləşdi:
Cahangir NAMAZOV,
“Butov Azərbaycan” qəzetinin, “YAZARLAR” jurnalının redaksiya heyətinin üzvü, Özbəkistan üzrə təmsilçisi.
Azerbaycan Jurnalistlar birliyinin üzvü.

“Kitab Evi” İctimai Birliyi elan edir

ELAN

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Kitab Evi” İctimai Birliyi “Qarabağ Zəfəri və Türk Dövlətləri Təşkilatının tarixi inkişafı – turançılıq ideyaları müasir ədəbiyyatda” adlı layihənin icrasına başlayır. Bu məqsədlə Türk dünyasının mədəniyyət paytaxtı Şuşada baş tutan Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Dövlət Başçılarının Qeyri-rəsmi Zirvə Toplantısından irəli gələn ədəbi-bədii düşüncələrın ədəbiyyatdakı yeri və rolunu müəyyən edən, xüsusilə Qarabağ Zəfəri və turançılıq ideyalarını əks etdirən əsərlər (nəsr və nəzm olmaqla) toplanır.
Toplanan materialların “Qarabağ Zəfərindən Turana doğru” adlı kitab (2 kitab) şəklində nəşri; kitabların təqdimatlarının keçirilməsi, həmçinin kitabxanalara paylanması nəzərdə tutulur.
Şair, yazıçı və publisistlərdən şeir, hekayə, povest (həcmi böyük olmayan) və publisistik məqalələrin aşağıdakı e-mail ünvanına göndərilməsi xahiş olunur.
☑️Hər müəllif bir (1) nəsr, və ya iki (2) şeir təqdim edə bilər.
☑️ Materiallar İdarə Heyəti tərəfindən oxunacaq və zəif əsərlər qəbul edilməyəcək.
☑️Materialların göndərilməsi üçün son tarix: 20 aprel 2025-ci il
☑️Antologiyanın nəşri və təqdimatı may-iyun aylarına nəzərdə tutulur.

adile1970@mail.ru

“Kitab Evi” İctimai Birliyi