Elm günündə bir yazımı paylaşmaq istəyirəm dəyirli alimlərimiz üçün…
BİR ALİMİ VURMAQ
Onu 27 yaşında vurdular. Çanaqqalada, Gelibolu yarımadasında, Türkiyədə. Osmanlı ordusunun snayperi karabinin optik nişangahında vuracağı gəncin necə böyük bir zəka sahibi olduğunu bilmirdi. Bilsəydi, tətiyi çəkərdimi? Heç şübhəsiz ki, çəkərdi. Çünki cəng gedirdi, tərəddüd belə etməzdi.
1915-ci ilin isti yay günü idi. Birinci Dünya savaşı davam edirdi… Henri Mozli (1887-1915) görkəmli ingilis fizikidir, rentgen spektroskoplasının əsasını qoyub, 25 yaşında fizikanın bir qanununa onun adı verilib.
Əfsanəvi İton Kollecini bitirib, daha sonra Mançester və Oksford universitetlərində təhsil alıb. Dahi ingilis fiziki E.Rezerfordun tələbəsi olan Mozli bəzi kimyəvi elementlərin yaydığı rentgen şüaları dalğalarının uzunluğu ilə elementlərin atom nömrələri arasındakı əlaqəni kəşf edib, elementlərin xüsusiyyətlərinin atom ağırlıqlarına deyil, atom nömrələrinə görə bağlı olduğunu göstərib. Mendeleyevin 1869-cu ildə natamam olaraq təklif etdiyi elementlərin cədvəli onun tərəfindən elmi zəminə oturdulub (bu səbəbdən də rus kontentində Mozli haqda çox az məlumat var). H.Mozlinin kəşfi kimyəvi elementlər cədvəlinin bünövrəsini təşkil etdi.
Birinci Dünya müharibəsinin başlaması ilə Mozli könüllü olaraq ingilis Kral ordusuna yazılır. Rabitəçi olaraq kapitan rütbəsində cəbhəyə gedir. Müttəfiq dövlətlər 18 mart 1915-ci il tarixində Çanaqqala savaşında türk birlikləri ilə savaşda ağır məğlubiyyətə uğrayırlar, ingilislər qalan qüvvələri ilə sonuncu hərbi avantüraya baş vurur. Mozlinin olduğu hərbi birləşmə Sarıbayır hərəkatında Anafartalar qrup komandanı albay Mustafa Kamal (gələcəyin Atatürkü) və onun əsgərləri ilə qarşı-qarşıya gəlir…
Henri Mozli 10 avqust 1915-də vurulur. Məzarı da vurulduğu yerdə – Çanaqqaladadır.
Elm tarixçilərinə görə, Mozli savaşda həlak olmasaydı, atom və nüvə fizikalarının inkişafında misilsiz işlər görəcəkdi. Ayzek Azimov (İsaak Asimov) onun ölümü haqqında belə yazıb:
“Mozli ölməsəydi, daha hansı kəşflər edə biləcəyi baxımından… onun ölümü bəşəriyyət üçün müharibədəki ən böyük yeganə itki idi”.
Hələ roman və povest nədir bilmirdim, heç düzəməlli nağıl da oxumamışdım; nə sonralar dəli kimi ucdantutma əsərlərini oxuyacağım Heminqueyin adını eşitmişdim, nə də Borxesin; Knut Qamsun, İvan Bunin, Stefan Svayq, Alber Kamyunu tələbəlik illərində kəşf edəcək; antik və orta əsrlər ədəbiyyatını isə daha da gec tanıyacaqdım.
Uşaq idim, heç məktəbə də başlamamışdım, amma İsmayıl Şıxlının adını eşidirdim evdə. Evimizdə bir İsmayıl Şıxlı kultu var idi…
Akademik Azad Mirzəcanzadə atamın da müəllimi və elmi rəhbəri olmuşdu. Atam tez-tez əziz müəllimimizin “Kitabı dəyərli qılan onun rəfdə hansı kitabın yanında durmasıdır həm də” kəlamını təkrarlayardı. Gənc yaşlarımda tez-tez başımı qaldırıb kiçik evimizin böyük kitabxanasına baxar, atamın İsmayıl Şıxlı ilə Səməd Vurğunun rəflərdəki kitablarının yanına hansı əsərləri düzdüyünə baxardım. Mənim üçün həm də bir başlanğıc nöqtəsi, tramplin idi bu nəhəng ədiblər. Oxuduğum bütün digər kitablar onların yanındakılardan başlayıb uzaqlara qədər uzanırdı sanki. Sanki İsmayıl Şıxlı, Səməd Vurğun, Hüseyn Cavid olmasaydı mən bu qədər oxumaz, məsələn Fukididdən başlayıb gedib, məsələn, Yukio Misimaya qədər çıxmazdım.
Qırx yaşımı keçəndə artıq ata evindən çıxmışdım. Atamın böyük kitabxanası anam və qardaşıma əmanət idi. Türkiyədən Bakıya hər gələndə ata evimə girər-girməz özümü ilk əvvəl o otağa atardım. Atam dünyasını dəyişəndən sonra anam bütün özəl əşyalarını toplayıb o otağa keçmişdi. Kitabxana anamın otağı olmuşdu. Orada kitabların arasında yatır, xəstələnib yatağa düşəndə isə bütün gününü orada keçirirdi. “Otaqda bir kitablar vardı, bir də atamın ruhu”, – anam belə deyirdi…
Anamın son ayları idi. Bakıya gəldim Yeni il ərəfəsində. Otağına girəndə yatırdı. Yanında oturub əlini ovcumun içinə alıb öpməyə başladım. Gözlərini açıb təbəssüm etdi, “yaxşıyam mən…ac deyilsən ki” dedi, cavabımı eşitmədən yenidən yatdı. Əllərini buraxmadım, başımı qaldırıb ətrafa, divara asdığı şəkillərə, rəflərdəki saysız-hesabsız kitablara baxmağa başladım.
“Ortadakı rəf”də, “başlanğıc nöqtə” adlandırdığım yerdə “Dodaqdan qəlbə” kitabı durmuşdu. Gözlərimə inanmadım, axı atam Reşat Nuri Güntekinin kitabını heç vaxt bu rəfə qoymazdı…
Anamın əlini buraxıb yavaşca kitabı götürdüm. Açan kimi xatırladım, atam bu kitabı anamla nişanlı ikən ona hədiyyə etmişdi. Anam illər sonra, ömrünün son dəmində onun üçün çox dəyərli kitabı götürüb ən dəyərli yazarların əsərlərinin yanına qoymuşdu…
Əlli yaşımı keçəndə “orta rəf”dəki kitabların yazarlarına başqa gözlə baxmağa başladım. Məsələn, akademik Mirzəcanzadəni təkcə bir alim kimi yox, dönməzliyin, dissidentliyin; Hüseyin Cavidi romantizmin və Türkçülüyün; Səməd Vurğunu Vətənə və Ana dilimizə vurğunluğun, İsmayıl Şıxlını kişiliyin simvolları kimi görürdüm artıq.
Ağabəyim Məmməd Musayevin təbiri ilə desək İsmayıl Şıxlı həm də Qazağın Konstitusiyasının müəllifidir. O Konstitusiya nə vaxt yazılıb, necə yazılıb, onu görən varmı – bilən yoxdur. Amma onu sanki biz hamımız oxumuşuq. Və ona bəzilərimiz hələ də riayət eləməyə çalışırıq…
Atalı-analı illərimdə, özümü bildim biləli Novruz Bayramını əsil Axır Çərşənbədə ehtişamlı qeyd edərdik. Onlar bu bayramı belə bilirdilər, çünki doğulduqları torpaqlarda əsl şadyanalıq, baca-bacalar, xurcun atmalar məhz dördüncü çərşənbədə olurdu. Oxumaq üçün gəldikləri Bakıda da o ənənəyə sadiq qalmış, evləndikdən sonra da bayramı uşaqlıqda gördükləri kimi keçirərdilər.
İndi, aradan çox illər keçdikdən sonra Axır Çərşənbə üçün istifadə etdiyim “ehtişam” kəliməsinin altında yatan zəngin masalar, paxlava, kömbə, fəsəlilər deyil, bütün ailənin sadə bir bayram süfrəsi arxasına şad-xürrəm oturmasıdır. Bütün ailə fərdlərinin bir arada olma mutluluğu…
İllər sonra Azərbaycandan xaricə köçəndən sonra mənim ailəm də bu ənənəni əvvəlcə Ankarada, daha sonra isə İstanbulda davam etdirdi – Axır Çərşənbə uşaqlarla evdə bayramlaşır, çox da təfərrüatlı olmayan bayram plovu yeyirdik. Ancaq Vətəndən kənarda bayramın abu-havası fərqlidir, bir məqaləmdə yazdığım kimi “Qürbətdə Novruz Bayramı başlamadan bitir”.
Novruz bütün Türk coğrafiyasında ən zəif Türkiyədə qeyd olunur. Uzaq uyğurların, qıpçaqların və digər bütün Türk xalqları və boylarının bayram etdikləri Novruz nə üçün Türkiyədə belə sönük idrak edilir? Səbəbini Osmanlıda axtarmaq lazımdır. İmperatorluqda elliklə ancaq və ancaq dini bayramlar – Qurban və Ramazan bayramları zikr edilirdi. Xıdır Əlləzlər, Çərşənbələr isə lokal olaraq bölgə-bölgə qeyd edilirmiş…
Biz tərəfdə Axır Çərşənbə Bayram axşamından daha əfsəldir. Doğrudur, Bayram axşamı da qeyd edilir, amma Novruzun o “Dəli Kür”- dəki məşəlli, toplu-tüfəngli toy-büsatı məhz Axır Çərşənbədədir. Yəqin ki, oxuyub razılaşmayanlar da olacaq. Olsun, razılaşmasınlar, ancaq enerjilərini məni appelyasiya etməyə deyil, bu gözəl bayramı inkar edib, onu gətirib İslamla qarşı-qarşıya qoyanlara sərf etsinlər…
Orta məktəbdə mükəmməl bir riyaziyyat müəllimim olub. Bütün müəllimlərimizdən seçilirdi Valeh müəllim. Məktəbi doğulduğu Borçalıda oxumuş, ali təhsilini isə Bakıda almışdı. Bizə dərs dediyi vaxt həm də dissertant idi, namizədlik dissertasiyası üzərində çalışırdı.
Çox səliqəli idi, zövqlə geyinirdi, italyan aktyorlarına bənzəyirdi. Dərs başlayanda sinfə özündən əvvəl odekolonunun qoxusu “girirdi”. Hər şeyi fərqli idi Valeh Hacıyevin – danışığı, çantasından çıxardığı özəl qələmləri, təbaşiri tutması, muncuq kimi xətti…
Dərs demirdi o, öyrədirdi. Buna görə də Valeh müəllim türklərin sözü olmasın əsl “öyrətmən” idi. “Öyrətmən” kimi də qəribə idi. Məsələn, riyaziyyata həvəsi olanları seçir, onların suallarını daha ətraflı cavablandırır, diqqətini ancaq o uşaqlara verirdi. Digərlərinə isə…elə-belə… Riyaziyyatı sevməyənlərin, zəif olanların adlarını yadında saxlamırdı… Sevdiyi uşaqlara sevgi ilə baxırdı, əsirgəmirdi yaxşı münasibətini. O gözəl Borçalı ləhcəsi ilə arada bir-iki misra şeir də deyirdi. Səməd Vurğun heyranı idi.
Mənə riyaziyyatı atam sevdirsə də, Valeh müəllim də həyatımda böyük rol oynayıb. Əgər onlar olmasaydı, həyatım çox maraqsız və sönük olardı…
Məzun olduqdan çox-çox sonra hardasa oxumuşdum ki, ən yaxşı riyaziyyat müəllimləri təbaşirlə yazı taxtasında düzgün çevrə çəkənlərdir. Valeh müəllim də gözəl çəkirdi, o dərəcədə ideal və qüsursuz idilər ki, sanki pərgarla çəkirdi.
Üçüncü ayın on dördündə Valeh müəllim düşdü yadıma. Mart ayının on dördündə sinif otağımız canlandı gözümdə…
Valeh müəllim yazı taxtasına inanılmaz gözəllikdə bir çevrə çəkir. Uşaqlardan kimsə yerindən “nə qəşəng dairədir” deyir. Üzünü sinifə çevirmədən narazı şəkildə “sən hələ də dairə ilə çevrənin fərqini bilmirsən” deyir. Sonra çevrənin diametrini çəkir. Ardınca da mənə hələ də sehirli görünən gözəldən gözəl bir hərf yazır – π… Məktəbdə Pi ədədini öyrənəndə martın 14-ü hələ “Beynəlxalq Pi günü” elan edilməmişdi;
Mən o zaman nə amerikalı astronom Karl Saqanın adını eşitmiş, nə də onun “Əlaqə” romanını oxumuşdum. Və təbii olaraq əsərdəki elm adamlarının π ədədinin vergüldən sonrakı rəqəmlərini müəyyən edərək Yaradanın gizli mesajlarını üzə çıxardıqlarını bilmirdim;
Valeh müəllim yazı taxtasında “π = 3,1415926535…” yazanda Darren Aronofski özünün “Pi” filmini (1997) hələ çəkməmişdi və mən filmin qəhrəmanı, istedadlı riyaziyyatçı Maks Koenin bütün birjaların qiymətlərinin dəyişdiyi universal rəqəmsal kodunu tapmaq və deşifrə etmə təşəbbüslərindən bixəbərdim; Mən Pi-yə məftun olanda “Ulduz yolu” (Star Trek) serialı çoxdan çəkilmişdi, ancaq sovet tamaşaçısı serial nədir bilmirdi və təbii ki, Spokun kompyuterə mane olub xaos yaratmaq istəyindən də anlayışım yox idi, Spokun “Pi ədədinin sonuncu rəqəmini tap” deyənə kompyuterin partlamasını eşitməmişdim…
O vaxtı məktəblinin bildiyi tək bir şey var idi – bir çevrənin uzunluğunun onun diametrinə olan nisbəti π ədədinə bərabərdir və o, bir riyazi sabitdir. Valeh müəllimin yazı taxtasında çəkdiyi çevrə ilə diametr, eləcə də Kiril əlifbasındakı hərfin başına qoyulan “dalğalı papaq” işarəsi məni heyran etməsindən başqa bir şey yox idi. Bütün bildiklərimi sonra – Tətbiqi riyaziyyat kafedrasında oxuyanda və bir də aspirant illərimdə öyrənmişdim. *** Riyazi simvol kimi π-nin ilk qeyd edilmiş istifadəsi Uelsli riyaziyyatçı Uilyam Consun 1706-cı ildə yazdığı “Synopsis Palmariorum Matheseos” adlı əsərində olmuşdur. Cons yunan dilindəki περιφέρεια (periferiya) sözününü baş hərfini – π-ni götürmüşdür.
O, belə yazmışdı: “3,14159 və s. = π”. Bununla belə, π-nin yayılması onu 1737-ci ildə mənimsəyən başqa bir riyaziyyatçı – Leonard Eyler tərəfindən populyarlaşdırdıqdan sonra başlamışdır. Eyler Elm tarixinin ən nüfuzlu və ən məhsuldar riyaziyyatçılarından biri idi və o, π-dən özünün hesab, ədədlər nəzəriyyəsi, həndəsə və fizika sahəsindəki işlərində istifadə edirdi. Dahi riyaziyyatçı belə yazırdı:
“Qoy π simvolu çevrənin uzunluğunun diametrinə nisbəti göstərsin”. O vaxtdan bəri π universal bir simvol kimi dünyada ən tanınan və ən məşhur riyazi sabitlərdən birinə çevrildi… *** Öyrətmən, yəni öyrədən müəllim. Hər müəllim öyrədəndirmi?.. Valeh Hacıyev öyrədən müəllim idi…
Albert Einstein və onun dilini çıxardığı məşhur fotosu. Bu şəkli görməyən, bilməyən çox az adam var. Ancaq onun tarixçəsini bilən azdır… 14 Mart dahi alimin doğum günüdür. 1951-ci ildə görkəmli fizik ad günü axşamı restorandan çıxarkən onu bezdirən mətbuat nümayəndələrindən qaçaraq arvadı və dostu ilə özünü avtomobilin içinə atır. Foto-müxbirlərin zəli kimi qır-saqqız olmalarına “That’s enough” (Yetər artıq) deyərək dilini var gücü ilə eşiyə çıxarır. Və Arthur Sasse adlı bir foto-müxbir o anı ölümsüzləşdirir. Bu kadr Arthura dünya şöhrəti gətirir…
Babalarımın yatdığı torpaqlarda dörd Çərşənbənin üçüncüsündə Qara Bayram qeyd edilir. Bəzi bölgələrdə Axır Çərşənbədən əvvəlki cümə axşamıdır Qara Bayram. Qazaxda isə Axır Çərşənbədən əvvəlki Çərşənbədə, yəni sayca 3-cü Çərşənbədə orta və yaşlı nəsil qəbristanlığa gedir, Baharı görməyib, bu Novruzda bizimlə olmayacaq yaxınlarını ziyarət edirlər.
Uşaq vaxtı nənəmlə Qazaxdakı qəbristanlığa getmişdik Qara Bayramda. O vaxt mənə, Bakıdan gəlmiş şəhər uşağına hər şey qəribə gəlmişdi. Sinə daşlarının üstünə düzülən xonça və səmənilər hələ də hafizəmdədir–Nə Bayram kimi bir abu-hava vardı, nə də yas kimi yas. Qadınlar hüzünlü və kədərli görünsələr də dil deyib ölülərini ağlamırdılar.
Çocuq ağlı ilə ölmüş bir insanın məzarına nə üçün fəsəli və paxlava aparıldığını anlamır, böyüklərdən bunu izah etmələrini istəyirdim. Nə cavab verdiklərini xatırlamıram, yəqin ki, heç məntiqli bir şey də söyləməmişdillər. Ağlabatan bir şey söyləmiş olsalardı yaddaşımın küncünə qazınardı yəqin.
İndi, illər sonra Qara Bayramın necə də dərin anlama malik bir ritual olduğunu anlayır, bu el adətinə böyük məna və önəm yükləyə bilirəm. Təəssüf ki, bu gün bir çox dini cərəyanlar Novruz Bayramı ilə bərabər Qara Bayramı da inkar edir, fikirlərini onların İslamla əlaqəsi olmaması ilə apellyasiya edirlər. Necə də gülməli və qərəzlidirlər. Novruz İslamın yarandığı 7-ci əsrdən çox-çox yüzilliklər əvvəl yaranıb bu torpaqlarda…
Bu Novruzda bizi yalnız, biçarə, yetim buraxıb, boynumuzu bükən bütün yaxınlarımıza Allahdan rəhmət diləyirəm.
Baharın təravətini hiss etməsəniz, qoxusunu almasınız da yenə də bizimləsiniz, Yaradılışın bu sirli gerçəyinə–ölümə rəğmən bizimləsiniz, ürəyimizdəsiniz….
3500 illik Qılqamış dastanından:
“Kimsə görməz ölümü öncədən, Kimsə görməz ölümün üzünü, Kimsə eşitməz ölümün səsini, Amma yenə də zalım ölüm biçər insan soyunu”
21 fevral Beynəlxalq Ana Dili Günüdür. Hər hadisəyə fikir bildirən bizim şanlı “Hərşeyşünaslar” bu günü necə qeyd etdilər, nə yazdılar, nə pozdular, ürəkləri sızlayaraq kədərləndilərmi, dərindən bir ah çəkib haray saldılarmı?… Ritorik suallara cavab vermək yerinə sosial şəbəkələrdə mənim ən çox paylaşılan, ən çox təqdir alıb, ən çox da təhqir edilən yazımı ürək ağrısı ilə paylaşıram. Sizdən xahişim fikirlərimlə razısınızsa yazını paylaşın ki, oxumayan qalmasın, oxuyanlar isə bir də oxuyub düşünsünlər…
“Balalarını rusca oxudanlar, çox peşman olacaqsınız” deyə bir status yazdım. Təbii ki, rezonansa səbəb oldu. Statusu xeyli bəyənən oldu, çox şərh yazıldı, yüzlərlə paylaşım edildi. Paylaşanlar içində rusdilli bir qrup da vardı. Ancaq onlar təhqirə keçdilər…
Məşhur rus pedaqoqu Konstantin Uşinskinin öz sözləri ilə başlayım bu yazıya:
“Ana dilində təhsil almayan bir uşaq böyüdükdən sonra üzünə nə qədər vətənpərvərlik maskası taxsa da, aid olduğu millətə deyil, dilində təlim-tərbiyə gördüyü millətə xidmət edəcəkdir”.
Hər şey buxar mühərrikinin, dəmir yolunun, radionun, Kimyəvi Elementlərin Periodik Cədvəli və onlarla, yüzlərlə, hətta minlərlə kəşfin qonşularımız tərəfindən öz adlarına çıxarmaları ilə başlayır yəqin. Televizoru açırsız “Периодическая Система Химических Элементов Менделеева” görür, qəzeti açırsan “Радио Попова” oxuyur, radiodan isə Çerepanov qardaşları haqda “əfsanələr” eşidirsiz.
Bunların təsiri böyükdür. Rusiyanı elmin, tərəqqinin, mədəniyyətin beşiyi kimi təqdim edirlər. Və bu təbliğatın, ki onun yaşı 200-ə çatır, təsiri altına düşüb, vurulursuz bu möhtəşəm tarixə.
Halbuki böyük mədəniyyətlər Şərqdə, Balkanlarda yaranmışdır. Rusiyanın yazılı tarixindən çox-çox əvvəl – “Слово o Полку Игореве” eposundan minlərlə il əvvəl yaranmışdır bu böyük mədəniyyətlər. Qonşularımız millət kimi formalaşana qədər Dünyada çox mədəniyyətlər yaranıb süqut etmiş, yeniləri yaranmışdı.
Bəşəroğlu elmin, tərəqqinin arxasınca gedəndə artıq nə elədiyinin fərqində idi. Platon, Sokrat, Aristotel insanlığa töhvələr verib, düşüncəyə, məfkurələrə təsir edəndə “Çaadayev, Solovyov, Tolstoy və Dostoyevskilər” yox idilər. Qədim dövrlər ədəbiyyatı, orta əsrlər ədəbiyyatı kimi zəngin bir keçmişə gəlin baş vurmayaq. Opponentlərimi çətinə salmayım çox. Hər biri üzərində tək-tək durmağa vaxtım yoxdur, bəlkə də heç ehtiyac da görülmür buna, sadəcə bəzi “dəmir kimi sərt” gerçəkləri paylaşım deyə düşünürəm.
Haşıyədən kənara çıxmaq kimi baxmayın. Seçim üçün, tarixdəki rolu üçün “Ölkələr və İxtiralar”a bir nəzər salaq:
Buxar mühərriki – İngiltərə Dəmir yolu – İngiltərə Poçt markası – İngiltərə Televiziya – Almaniya Motorsiklet – Almaniya Avtomobil – Almaniya Helikopter – Fransa Multiplikasiya – Fransa Kino – Fransa Piano – İtaliya Radio – İtaliya Kaset – Hollandiya Dinamit – İsveç Teleqraf – ABŞ Yol işıqları(svetofor) – ABŞ Kassa aparatı – ABŞ Fotokopiya aparatı – ABŞ Traktor – ABŞ Atom bombası – ABŞ Aeroplan – ABŞ Kondisioner – ABŞ Elektrik plitəsi – ABŞ İnternet – ABŞ
Diqqət edin, burada 18-ci əsr də var, 21-ci əsr də. Burada Bəşəriyyətə verilən töhvələr, sənaye inqilablarını təşviq edən möcüzələr var.
“Şərqdə poeziyanın dili farsca, Qərbdə isə almancadır” yazmışdım bir məqaləmdə. Bir dostum sormuşdu ki, bəs ingilis dili nəyin dilidir. Düşünmədən cavab verdim:
“İngilicsə 21-ci əsrin, IT texnologiyalarının, Süni İntellektin, bu günün və sabahın dilidir”.
“Balalarını rusca oxudanlar, çox peşman olacaqsınız” statusuma sərt müxalifət edən bir nəfər də soruşmadı ki, niyə və ya nədən peşman olacaqsınız. Cavab verim özüm verdiyim suala…
11 il sonra ancaq rusca danışa biləcək uşaqlarınız. Əmin olun buna. Riyaziyyat, fizika, kimya, kodlaşdırma bilməyəcəklər. Bilirsiz niyə? Çox sadə səbəbi var. Çoooox sadə. Çünki ölkədə onları tədris edən müəllim qalmayacaq. Bəli, rus məktəblərində müəllim qıtlığı artıq indidən hiss olunur.
Ey dili-qafillər, yoxdur, müəllim yoxdur, bilin artıq bunu. Bax buna görə üsyan edirəm.
Hansı gənc indiki dövrdə sənədlərini Pedaqoji universitetin məs., riyaziyyat fakultəsinin rus bölümünə verər? Haradan alacaqlar bəs sizin artan rus sektorlarınıza riyaziyyat, fizika, kimya, kodlaşdırma müəllimlərini? Tapa bilməyəcəklər, il-ildən sayları da azalalacq bu müəllimlərin.
Bəs nə olacaq bu durumda?
Heç nə olmayacaq, 70-80 il əvvəlki kimi idman müəllimi fizika, əmək müəllimi kimya tədris edəcək. Kodlaşdırmanı filanı isə unudun, o sahədə zatən müəllim yoxdur, qalmışdı rus dilində kod yazmağı bilənlər…
11 illik rus məktəbində təhsilə “11 illik rus dili kursları” deyirlər. Ağlamalı deyilmi – uşağını 11 il oxut ki, rusca danışsın!…
Buna necə razı olursuz? Bunu övladlarınıza necə rəva bilirsiz? Yoxsa siz Molokan bağı ətrafındakı kafelərin, mağazaların üzərindəki iş elanlarına görəmi hərəkət edir, övladınıza gələcək qurursuz:
“Rus dilini bilən ofisiant və satıcı lazımdır”.
Əminəm ki, aranızda övladları 21-ci əsr peşələrinə yiyələnmək istəyənlər də var. Məsələn, kosmik biologiya, mühəndis-genetik, yaşıl şəhərlər memarlığı, bio-etika, dijital linqvistika, data jurnalistikası və s.
Bütün bunlar Rusiya universitetlərində tədris olunmur. Çoxları heç adlarını belə eşitməyiblər.
Bu söylədiklərimi bəzi rəsmi statistik datalarla da göstərməyə çalışəm…
Süni İntellekt (AI) sahəsində patent müraciətlərinə baxın. Bu şirkətlər içərisində şimal qonşumuzun bir dənə də şirkəti varmı? Nə qədər geridə olduqlarını bu statistikasız da bilirsiz axı.
1 IBM 2 Microsoft 3 Toshiba 4 Samsung 5 NEC 6 Fujitsu 7 Hitachi 8 Panasonic 9 Canon 10 Alphabet 11 Siemens 12 Sony 13 Toyota 14 NTT 15 SGCC
Bütün dünya “Əşyaların İnterneti” (Internet of Things) haqda danışır. İnkişaf mərhələlərinə nəzər salaq:
İnternet öncəsi – İnsandan insana
Kontent İnterneti – WWW
Xidmətlər İnterneti – WEB 2.0
İnsanların İnterneti – Sosial Media
Hər Şeyin İnterneti – Cihazdan cihaza
Qərb Dünyası addım-addım, səbrlə, hər mərhələni “həzm edərək”, zənginləşdirərək bir sonrasına keçib. Ancaq qonşu ölkə 4-cü dən o yana keçə bilmir – resurslar tükənib, təhsil sistemi tənəzzül içindədir, demoqrafik və sosial problemlərlə boğuşur. İqtidarları hakimiyyətini sərhədlərdən o yana münaqişə zonaları yaratmaq, oralara müdaxilə etmək və “derjavaçılıq” nərələri ilə saxlamağa çalışırlar. Ancaq hara qədər?
İki qonşunu sadə misalla qarşılaşdıraq:
Dövlət xərcləri (1 ildə)
Yaponiya: Əhalisi: 127 milyon Səhiyyə: $473 milyard Təhsil: $162 milyard Ordu: $48 milyard Yollar: $37 milyard
Rusiya: Əhalisi: 146 milyon Səhiyyə: $45 milyard Təhsil: $50 milyard Ordu: $61 milyard Yollar: $9 milyard
Bu rəqəmləri ətraflı şərh etməyək. Sadəcə təhsilə ayrılan pullara baxsaq bu bizə xeyli informasiya vermiş olacaq…
ABŞ və Çin arasındakı rəqabət:
– Çin 2016-da növbəti “Beşillik İnkişaf Planı”nı hazırlamışdı; – Bu planın “Stratejik Məsələ” bölümündə əsas yeri Kvant (Quantum) Kompüterlər tutur. Bəşəriyyətə yeni çağ açacaq bu nəhəng maşın üçün Çin ABŞ-dan 2 dəfə daha çox patent alıb. – Quracaqları “Kvant Milli Data Servisləri Laboratoriyası “üçün çinlilər 10 milyard dollar xərcləyirlər.
Google ve NASA Kvant kompüterlərində üstünlüyü ələ alıblar. Ancaq Çin ABŞ-ın çox da gerisində deyil, hətta amerikalılar onun nəfəsini ənsələrində hiss edirlər.
2020-2030 arasında dünyada ölkələr arasındakı texnolojik fərq uçurum təşkil edəcək. Təbii ki, sadəcə bircə laboratoriya üçün 10 milyardlar xərcləyən millətlər istiqbal əldə edəcəklər. Betona pul qoyma dövrü çoxdan keçmişdə qalıb. Pulu beyinlərə xərcləyən ölkələrdə o beyinlər elmi-texniki tərəqqinin memarlarına çevrilirlər…
Gəlin aşağıda “Tədris hansı dildə olmalıdır?” sualına cavab axtaraq bir yerdə. Amma bu boş bir məşğələ olacaq, çünki artıq dil deyəndə “kod” başa düşülür. Uğur qazanan ölkələr balalarına “xəyal qurmağı öyrədən” ölkələr olacaqlar. Xəyal isə Ana dildə qurulur, Ana dili isə laylalar, nağıl və əfsanələr, Məlikməmməd, Dədə Qorqud və Koroğlulardır.
Dünyada mübarizələrin, hətta müharibələrin nə uğrunda və necə gedəcəyinə baxanda nə görürsüz? Bir az da bunlar haqda düşünək:
Silahlanma yarışı kimi Süni İntellekt uğrunda yarış başlayıb;
Yetərli datanız varsa bir ölkəni əsgərlə kontrol etməyə gərək qalmayacaq;
Süni İntellekt inqilabı siniflər və ölkələr arasında görülməmiş bir bərabərsizliyə yol açacaq (19-cu əsrdə ilk sənayeləşən İngiltərə və Yaponiyanın dünyanın bir çox bölgəsini kontrol etməsi kimi);
Süni İntellekt yarışında ABŞ və Çin böyük bir fərqlə önə keçərək digər ölkələri geridə qoyublar;
Süni İntellektin gücünü, yaratdığı faydaları insanlar arasında adil şəkildə paylaşmasaq Süni İntellekt bəzi mərkəzlər üçün görülməmiş sərvət və güc mənbəyinə yol açacaq. Digər ölkələr isə çökərək, “data koloniyalarına” çevriləcəklər.
Çox uzaqlara sürükləməyim sizi, hərdən Yuval N. Harariyi vərəqləyin bir az ya da Frensis Fukuyamanı. Hətta kitabları uşaqlarınıza da oxuyun. Çalışın oxutdurun…
Bu arada deyim ki, mütləq İlon Maskı da oxumalıdır uşaqlarımız. O İlon Maskı ki, Rusiya rəsmi təbliğatı gecə gündüz onu “fırıldaqçı”, “əfsanə satan”, “uğursuz mühəndis”, “pulgir və yalançı kosmos heyranı” adlandırırlar.
Halbuki onları “yandıran” özəl bir şirkətin (SpaceX) dövlətin “Roskosmos” kimi bir nəhəngini “böyrüüstə” qoymasıdır. 50 yaşlı bir adam 10 il ərzində kosmos ənənələri olan bir ölkəni tarixin uzaq küncünə sıxışdırdı.
Mən 3 il əvvəl İlon Maskı Ana dilimizə gənc nəsli düşünərək tərcümə etmişdim. İstəyirdim ki, bizdən sonra gələnlər Elmə inansınlar, Elmi sevsinlər, gecələr yatanda beyinlərdə möhtəşəm layihələr, fantaziyalar, xəyallar qursunlar, xəstə nənə və babalarına çarə üçün Allahdan açıq zehin, oturma qabiliyyəti və çalışma şövqü istəsinlər. Və xəyalları da Ana dilində olsun, duaları da…
Xəyal dünyasından gerçəklərə baxaq. Məsələn, Süni İntellekt üçün xərclənənlərə:
–Süni İntellekt texnoloji təşəbbüslərinə dəstək fondlarının 81 %-i ABŞ və Çin şirkətlərinə xərclənir; –Patent üçün 2018-də müraciət edən 20 qlobal şirkətin 12-si Yaponiya, 3-ü ABŞ, 2-si Çindəndir…
Rusiyanın adını axtarmayın, burada da onlar yoxdurlar. Ola da bilməzlər. Alman Huqo Şmayser birdən birə Kalaşnikov olanda başlamışdı proseslər. Üstündə durmayaq, bu haqda da çox yazmışam. Ancaq dillərə görə Web kontent üzərində bir az dayanaq. Zatən dillər deyilmi mövzumuz.
2018-ci il rəqəmlərinə görə İnternet kontentinə bir fikir verin. Bu rəqəmlər “Biz dünyaya Rus dili üzərindən açılacağıq” deyənlər üçün son dərəcə maraqlı olmalıdır:
Əziz valideynlər, statistikanı daha dar çərçivədə verirəm indi. Üç böyük ölkəni götürdüm, onların Elmi potensialını, Texnoloji Qüdrətini, Beynəlxalq Arenadakı nüfuzunu oxuyacaqsız bu çılpaq rəqəmlərdən. FB statuslarımda bunlara “Çox Şey Deyən Rəqəmlər” deyirəm:
Yüksək texnologiyaların ixracı:
ÇİN: 496 milyard $ ABŞ: 153 milyard $ RUSİYA: 7 milyard $
Dərc olunmuş Elmi məqalə sayı:
ÇİN: 426 min 165 ABŞ: 408 min 985 RUSİYA: 59 min 134
Beynəlxalq patentlər:
ABŞ: 56 min 624 ÇİN: 48 min 882 RUSİYA: 1 min 097
Sadə bir həqiqəti unuduruq (ya da işimizə gəlmədiyi üçün qəbul etmək istəmirik):
“Uşaq Ana dilində tədris almalı, dilləri sonradan öyrənməlidir”.
Bu, o qədər təbii bir yanaşmadır ki… Onun gözəlliyi, zərifliyi ondadır ki, bu sadə qayda bütün ölkələr tərəfindən qəbul edilmiş bir həqiqətdir. Tərsi müzakirə belə olunmur, çünki nonsensdir əksi, absurddur.
Ən ağlasığmaz olanı budur ki, bizim düşdüyümüz vəziyyətin dünyada bənzəri yoxdur. Dünyanın nə inkişaf etmiş, nə də geridə qalmış ölkələrində (bir neçə Afrika ölkəsini çıxmaq şərtilə) belə bir şey yoxdur. Cinayətdir bu həm də. Bu, ölkənin suverenliyini təhlükəyə atan, onun gələcəyini baltalayan, bütün tariximizi, milli-mədəni irsimizi silib atmaq deməkdir.
Və sonda çıxış yolları haqda mənim təvazökar düşüncələrim. Nə velosiped ixtira edirəm, nə də Amerikanı kəşf etməyə çırmalayıram qollarımı. Bütün dünyada görülən praktikanı götürüb tətbiq etməyi təklif edirəm. Heç uzağa da getməyə ehtiyac yoxdur.
Beləliklə,
Azərbaycanda təhsilin 3 hissədən ibarət olmasını düşünək:
İbtidai təhsil – 4 il
Orta təhsil – 4 il
Lisey – 3 il
Daha sadə şəkildə 2 hissə kimi də görmək olar:
İbtidai və orta – 8 il
Lisey – 3 il
– İbtidai və orta təhsil ancaq və ancaq Ana dilində olsun; – 8 ildən sonra isə valideynlər uşaqlarını istədikləri dildə – ingilis, rus, fransız, ərəb və b. dillərdə oxuda bilərlər; – Xarici dillərdə təhsil rus dili də daxil pullu təhsil olmalıdır.
Xarici dillərdən birinə imtiyazlar verilib, digərlərini bundan məhrum etmək, zənnimcə doğru deyil. Nə üçün rus dilində təhsil pulsuz, ancaq ingilis dilində pullu olmalıdır?
Bir çox Avropa ölkəsində də belədir. Uzağa getməyək, Türkiyədə də təhsil sisteminin əsasını Ana dili təşkil edir. Belə ki,
– Uşaqlar 8-ci sinfi bitirəndən sonra LGS (Liseye Geçiş Sınavı) imtahanı verirlər. Olduqca çətin imtahandır; – İmtahanlardan uğurla çıxanlar Türkiyənin əfsanəvi Robert Kollec, Galatasaray Liseyi, Avstriya liseyi, Notre-Dame de Sion Fransız Liseyi, Üsküdar Amerikan Liseyi, Qalileo Qaliley İtalyan Liseyi kimi məktəblərinə qəbul olunurlar; – Bu məktəblər pulludurlar, təhsil haqqı isə çox yüksəkdir. Ancaq xüsusi istedadlı və yüksək bal (hardasa 100-dən 100) toplayan gənclər təqaüd alaraq pulsuz oxuyurlar; – Bu gənclərin çoxu məzun olduqdan sonra dünyanın ən əlçatmaz əfsanəvi universitetlərinə qəbul olunurlar.
Zənnimcə, çox önəmli bir məsələ daha var. “İki dövlət, bir millət” fəlsəfəsi və onun 2-ci Qarabağ müharibəsindəki böyük rolu, xalqımıza verdiyi güc, Ordumuza verdiyi böyük mənəvi dəstək. Biz Türkiyəyə Ana dilimiz üzərindən bağlıyıq, eyni dili danışmasaq bu qədər böyük birlik və yardımlaşma mümkün ola bilərdimi? Ancaq gəl gör ki, bu total rus dilində təhsil “modası” bizim uşaqlarımızı Türkiyədən ayıracaq. Axı onlar türklərlə nəinki ünsiyyət qura biləcək, onlarla ortaq gələcəkdən məhrum olacaqlar. Bu cümlələri də düşünməniz üçün yazdım. Çünki bunlar başqa bir fəlakətin xəbərçiləridir.
Artıq Türkiyəyə gələn bizim rusdillilər tələb edirlər ki, burada rus məktəbləri açılsın. İnanmayanlar olacaq buna, ancaq belədir bu. Restoranlarda rusca anlamayan ofisiantları “çuşka” adlandırdıqlarına şahid olmuşam…
Türkiyə ilə bağları qoparmaq olmaz. İndiki həssas dövrdə, şimaldan cənubdan təhdidlərin artdığı bir zamanda bunun nələrə gətirib çıxaracağı isə mövzumuz deyil bu gün.
Mənim həyəcan təbili çalmağım Ölkəmin gələcəyinə yeni insanlar yetişdirmək eşqindən, yanğısından gəlir. Yoxsa Ana dilim kimi bildiyim Rus dilinə, ədəbiyyatına qarşı deyiləm. Tanıyanlar mənim mütaliəmi də bilirlər, dünya görüşümü də, kimlərin tələbəsi olmuşam, elmi rəhbərim kim olub, namizədlik dissertasiyamı harada və hansı mövzuda etdiyimdən də xəbərdardırlar. Bu səbəbdən də yazdıqlarım haqda istənilən hər kəslə açıq debata, polemikaya hazıram – Bu şeytan, bu meydan. Yoxsa ki, sosial şəbəkələrdən təhqiramiz ifadələr işlədib, komplekslərini bəlli edən, kin, nifrət, aqressiya nümayiş etdirməklə uzağa getmək olmaz.
FB-da gənc bir xanım yazdığı kommentdə məktəbli qızının 4 dildə danışdığını, rus sektorunda oxuduğunu yazır və rişxəndlə mənə “Bizim üçün narahat olmayın” deyir. Ona belə cavab verdim:
“Sizin üçün əsla narahat olmaram. Siz qızınızın gələcəyini düşünərkən, biz millətimizin gələcəyini düşünürük”.
Başqa bir izləyicim isə mənim səviyyəmi ölçməyə təşəbbüs etmişdi. O da yuxarıdakı xanımdan geri qalmır, özünün və oğlunun rus ədəbiyyatının tamamını mütaliə etdiyini (şəxsən tanıdığım üçün bunun belə olmadığını bilirəm), Tolstoy və Dostoyevskidən dəm vurdu.
Sürəkli Tolstoy və Dostoyevskini – Dünya Ədəbiyyatının mübaliğəsiz 2 nəhəng isminin adını çəkir, onları orjinaldan oxumaq kimi mənasız arqument gətirirlər.
Birincisi, balalarını rus dilində məktəbə göndərən qadınların əksəriyyəti nəinki rusca bilmir, heç Tolstoyla Dostoyevskini bir-birindən ayıra da bilmirlər. Onlar rusca danışanların “yüksək təbəqəyə” aid olacaqları kimi gülünc bir gözlənti içindədirlər.
İkincisi, gürcülər və ermənilər rus məktəblərini bağlayıblar və rus ədəbiyyatını orjinaldan oxumurlar deyə bizdən gerimi qalırlar?
Üçüncüsü, bu sarsaq məntiqlə fransızlar, almanlar, ərəblər dəmi uşaqlarını rus məktəblərinə qoymalıdırlar? Qoymalıdılar ki, rusların 18-19-cu əsr ədəbiyyatının qəhrəmanlarını – bədbəxt rus qadını obrazlarınımı öyrənsinlər?…
Yuxarıda 21-ci əsrdə ədəbiyyatdan daha vacib şeylər olduğunu, zəmanənin başqa tələblər ortaya qoyduğunu, İnsanın planetlərarası səyahətə hazırlaşdığını ön plana çəkmişdim. Mənim mənsub olduğum yaş qrupu və bizim atalarımız insanlıq tarixinin ən çox mütaliə edən nəsillərinə məxsusdurlar. Ancaq…
Ancaq bizdən sonrakılar belə deyillər. X, Y nəslindən sonra gələn Z “jenerasyonu” (2000-ci illərdə doğulanlar) başqadırlar, axı heç olmasa bunları görün, analiz edin. Siz onların smart telefonlarını, iPad-lərini əlindən alıb Dostoyevskinin ağır psixoloji romanlarınımı oxudacaqsınız? Bunu edə biləcəyinizə ciddi şübhəm var…
Rus elmi pedaqoqikasının banisi K.D.Uşinski ilə başlamışdım. Yazımı başqa bir rus pedaqoq – akademik, professor Gennadiy Volkovun sözləri ilə bitirirəm. Onun bu sözləri də bütün “Rus dili sevdalıları” ilə Stokholm sindromuna yoluxanlara getsin:
“Milləti ən təmiz şəkildə uşaqlar təmsil edir. Uşaqlarda millilik öləndə millətin ölümü başlayır”.
Gələcək Çox Tez Gələcək! Gələcək Elmlə Gələcək! Gələcək Ana Dilimizlə Gələcək!
Aktual mövzular barədə burada: >>>> https://t.me/ibrahim_nebioglu